Azlogos
  • Qaydalar
  • Kimlər var

Məhəbbət üçün ürəkbulanma Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Zəngilanın işğalı (1993) – II hissə

Tural Həmid Tural Həmid
., Sərbəst
04 Noyabr 2022

Zəngilanın işğalı ərəfəsində hərbi və siyasi vəziyyət

Qubadlının işğalından sonra atəşkəs imzalansa da Cəbrayıl və Füzulidə gərgin vəziyyət qalmaqda idi. Erməni ordusu Horadiz şəhərinə çox yaxın idi və hücum olacağı təqdirdə ərazinin müdafiəsi praktiki olaraq mümkün görünmürdü. Amerikalı jurnalist Tomas Qoltz yazırdı: “Burada heç bir ordu yox idi, sadəcə silahlı məyus adamlar qrupu idi. Ermənilər istədikləri vaxt min yerdən yolu kəsə bilərdilər. Onların bunu etməmələrinin əsas səbəbi Kəlbəcər və Ağdamda həyata keçirdikləri taktikaya əsaslanırdı. Onlar təzyiq edərək bölgəni dinc əhalidən təmizləmək, beləliklə də növbəti Xocalı tipli qırğından qaçmaq istəyirdilər” (Goltz,2015:404).

Prezident vəzifəsini icra edən Heydər Əliyev ordudakı çaxnaşmanı görürdü və reform həyata keçirməsi üçün sentyabrın 2-də general-leytenant Məmmədrəfi Məmmədovu müdafiə naziri təyin etdi. Yeni müdafiə naziri təyinatdan sonra Azərbaycan Silahlı Qüvvələrində islahatlara başladı və struktur dəyişiklikləri həyata keçirdi. Bununla belə, reformun effektiv olması üçün vaxt lazım idi. Bu əsnada döyüş cəbhəsinin komandanlığında xüsusi dəyişiklik edilmədi. Azərbaycan Ordusundakı vəziyyət hökuməti bəzi radikal qərarlar verməsi ilə nəticələndi. Daxili işlər naziri müavini Rövşən Cavadov Əfqanıstana gizli səfər edərək burada “Hizb-i İslami” fraksiyasının rəhbəri Gülbəddin Hikmətyarla görüşərək mücahidlərin Azərbaycan tərəfində vuruşması üçün sövdələşdi. Avqustun sonunda Azərbaycan Ordusuna 1000-dən çox əfqan mücahid döyüşçüsü cəlb edilmişdi. Əfqan döyüşçülər cəbhənin kritik sektorlarında – Cəbrayılda və Füzulidə mövqeləndilər. Eyni dövr ərzində Ermənistan hərbi komandanlığında da dəyişikliklər baş verdi. Avqustun sonunda müdafiə naziri Vazgen Manukyan tutduğu vəzifədən uzaqlaşdırıldı və onun yerinə Serjik Sarkisyan təyin edildi. Ermənistan hərbi komandanlığı işğal olunmuş ərazilərdə mövqelərini möhkəmləndirməyə və hücum üçün hazırlıqlara başladı (Vəliməmmədov, 2021:532).

Bu vəziyyət xüsusilə Zəngilandakı əhalinin, eləcə də ordunun əhval-ruhiyyəsinə mənfi formada təsir etmişdi. Mətbuatda bəzən ermənilərin Horadiz şəhərini tutması barədə verilən dezinformasiyalar ümumi gərginliyi daha da artırırdı. Bu xəbərlərin yayılmasında ordu rəsmilərinin öz dırnaqarası rolu var idi. Belə ki, atəşkəsin imzalanmasına baxmayaraq, sentyabrın 5-də Azərbaycan MN sözçüsü “The New York Times” qəzeti müxbirinə Horadiz şəhərinin erməni bölmələri tərəfindən ələ keçirildiyini bildirmişdi. Bu məlumatı eyni gün ərzində “The Associated Press” agentliyi də paylaşdı. Çox güman ki, bu xəbər Ermənistana güclü təzyiq edilməsinə hesablanmışdı. Qubadlı və Cəbrayılın işğal olunmuş kəndlərinin əhalisi hələ regiondan evakuasiya ola bilməmişdi. Beynəlxalq Qırmızı Xaç təşkilatının üzvü Andre Piko vəziyyətlə bağlı deyirdi: “Dünya hələ vəziyyətin necə dramatik olduğunu bilmir. Regionda evlərin çox böyük əksəriyyəti yandırılıb. Çoxlu sayda mülki insan girov götürülüb.” (“The Independent” qəzeti, 22.09.93:13).

Horadizin olası işğalı nəticəsində 200 min insanın yeganə xilas yolu Araz çayı üzərindən İrana keçmək ola bilərdi. Bu vəziyyətdə qaçqınlara real köməklik göstərən tək dövlət İran idi. Horadizə müdaxilənin qarşısını alan İran Azərbaycan ərazisində 100 min qaçqın üçün düşərgə tikirdi (“The Independent” qəzeti, 22.09.93:13). Horadiz şəhərinin işğal olunması ilə bağlı xəbəri təkzib edən ilk jurnalist Tomas Qoltz oldu. O, regiona səyahət etdi və ağır vəziyyətə baxmayaraq şəhərə hələ də Azərbaycan bölmələrinin nəzarət etdiyini xəbər verdi (Goltz,2015:401-402).

Sentyabrda Moskvada həyata keçirilən görüşlər və Azərbaycanın MDB-yə daxil olmasından sonra cəbhədə sakitlik hökm sürürdü. Ölkədə siyasi sabitlik isə oktyabrın 3-də baş tutan Prezident seçkilərindən sonra yarandı. Heydər Əliyev seçkilərin nəticəsinə görə 98,8 faiz səslə Azərbaycan Respublikasının Prezidenti seçildi. Oktyabrın 10-dakı andiçmə mərasimindən sonra Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti vəzifəsinin icrasına başladı. Andiçmə mərasimində Əliyev itirilmiş ərazilərin geri qaytarılacağını vəd etdi. O, öz nitqində erməniləri çoxillik müharibə ilə hədələdi. Bu açıqlama Koçaryanla keçirilən ikinci görüşün səhərisi verilmişdi (De Vaal, 2008:261).

Həmin gün Azərbaycan bölmələri hücuma keçərək Cəbrayılın Quycaq kəndinə daxil oldular. Lakin 1 gün sonra ermənilər əks-hücuma keçərək Quycaq və daha 5 kəndi ələ keçirdilər. Döyüşlər tezliklə Rusiyanın vasitəçiliyi ilə dayandırıldı və atəşkəslə bağlı razılıq əldə olundu. Hücumun Heydər Əliyevin andiçmə mərasimi ilə eyni gün başlaması təsadüf deyildi. Bəzi məlumatlara görə, hücumun məqsədi Cəbrayılın azad edilməsi idi, ancaq ordu buna müəssər olmadı (Vəliməmmədov, 2021:533). Oktyabrın ortalarına qədər Cəbrayıl və Qubadlının cənub kəndləri tamamilə boşaldılmışdı. Lakin Zəngilan rayonu əhalisin ərazini tərk etmək fikri yox idi. Bunu həmin dövrdə ABŞ-nin hərbi attaşesi ilə Zəngilana səfər edən Tomas Qoltz belə təsvir edir: “Ermənilərin hücumları zamanı ətraf rayondan olan insanlar qaçsa da Zəngilanın cəsarətli sakinləri buranı tərk etməmişdilər. Mən Zəngilan rayon icra hakimiyyəti binasında Baş nazirin müavini Abbas Abbasovu görəndə çox təəccübləndim.

– Abbas bəy, sənin burada nə işin var?

– Eyni sualı mən də sizə verə bilərəm, Tomas bəy. Bəs sənin yoldaşın kimdir?

– Birləşmiş Ştatlar Ordusunun kapitanı Modi.

– Yaxşı, yaxşı. Heç olmasa, haradasa bu fəlakətin qeydi olacaq.

– Burda olmanıza səbəb nədir?

– Prezident Heydər Əliyev müşavirə zamanı nazirləri yığdı və Zəngilana vəziyyəti qiymətləndirmək üçün könüllünün getməli olduğunu bildirdi. Lakin heç kəs əlini qaldırmadı. Yeni təyin olunmuş dövlət katibi Lalə Hacıyeva bildirdi ki, əgər kişilər çox qorxurlarsa onun özü Zəngilana getməyə hazırdır. Onun bu açıqlaması mənim üçün qəbuledilməz idi, ona görə də mən könüllü oldum. Bura gəldikdən sonra şəhərin dərhal boşaldılması haqqında qərar verdim. Amma heç kim getməzdi. Mən hətta İran sərhədinə qatar gətirməyi bacardım və getmək istəyən hər kəsi çıxmağa dəvət etdim. Onlar mənə dedilər ki, bundan bir ay sonra qaçan hər kəs qaçqın düşərgəsində aclıqdan və xəstəlikdən öləcək və bu, sadəcə olaraq daha alçaldıcı bir ölüm yoludur. Onların hamısı qalmaq qərarına gəldilər, bu o deməkdir ki, mən də burada qalmalıyam.

Hazırda şəhərə ermənilər hücuma keçsələr şəhərdə qalanların hamısı ya Araz çayı ilə qonşu İrana keçməli idi. Lakin şəhər əhalisi israrlı idi, onlar məhvə üstünlük verirdilər, xüsusən də onlar ölümləri ilə dünyanın diqqətini regiona çəkmək niyyətində idilər. Zəngilan rayonunun humanitar məsələlər üzrə müşaviri Zoya Cəbrayılova deyirdi: “ İndi getmək evlərimizi nimçədə ermənilərə verməkdir və bizim bunu etmək niyyətimiz yoxdur. Məgər ermənilər başa düşmürlər ki, bunun sonu yoxdur? Biz qonşu kimi yaşamağa məhkumuq. Bizi öldürənə qədər qalacağıq. Qoy bizi öldürsünlər! Amma sabah, gələn il, on ildən sonra Azərbaycan xalqı mütləq bura qayıdacaq”. Bu balaca xanımın cəsarətli sözləri olsa da bunun faydası olmadı.” (Goltz, 2015:405).

Horadizin işğalı və Zəngilanın evakuasiyası

Oktyabrın ortalarında cəbhədə vəziyyət yenidən gərginləşməyə başladı. Oktyabrın 14-də BMT Təhlükəsizlik Şurası ATƏM-in Minsk Qrupunun 1 oktyabr tarixli məktubuna əsaslanaraq münaqişə ilə bağlı 874 saylı qətnaməni qəbul etdi. Qətnamədə döyüşlər pislənildi və hər iki tərəfi ATƏM-in Minsk Qrupunun “Təcili addımların dəqiqləşdirilmiş cədvəli”ni qəbul etməyə çağırdı. Ermənistan bu təklifi qəbul etsə də Azərbaycan bunu rədd etdi. Qeyd olunan sənəddə erməni qüvvələrinin işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasını və Azərbaycanın Ermənistana tətbiq etdiyi embarqonun ləğvi qeyd edilmişdi (Helsinki Watch,1994:66-67). Sülh planında eyni zamanda Azərbaycandan Qarabağ rəhbərliyinin münaqişə tərəfi kimi tanınması xahiş olunmuşdu. Azərbaycan hökuməti sənədi qaçqın probleminin qeyd olunmaması, Laçın dəhlizi məsələsinə baxılmaması və ermənilərin işğal edilən yerlərdən qeyd-şərtsiz geri çəkilməyə çağırmaması səbəbi ilə qəbul etmədi (Geukjian,2016:202).

Oktyabrın 21-də atəşkəs rejimi pozuldu. Azərbaycan bölmələri Əfqanıstan mücahidləri ilə birlikdə cəbhənin Cəbrayıl-Füzuli sektorunda hərbi əməliyyatlara başladılar. Həmin döyüşləri Ermənistan DTK rəhbəri Kamo Abrahamyan xatırlayır: “Bizə 300 əfqan əsgərdən ibarət bir batalyon hücum etdi. Standart sovet piyada silahları ilə silahlanmış və azərbaycanlılardan qat-qat nizam-intizam və məharətlə döyüşən əfqanlar öz ölülərini döyüş meydanından aparırdılar. İki gün ərzində, oktyabrın 23-də əks hücuma keçərək əfqanları və onların azərbaycanlı müttəfiqlərini sürətlə sıxışdırmağa nail olduq.” Oktyabrın 23-də erməni birləşmələri 12 tankın dəstəyi ilə Horadiz şəhərinə hücuma keçdi və 2 gün sonra ərazini tam ələ keçirdilər. Horadiz sakini Tofiq Əhmədov xatırlayır: “ Oktyabrın 24-də atışma çox şiddətləndi. Mərmilər mənim sərhədə yaxın olan evimin iyirmi beş, otuz metrliyində yerə düşürdülər. Bir-iki dəfə bayıra çıxdım və öldürülənlərin meyitlərini gördüm. Ertəsi gün tanklarla şəhərə daxil oldular. Təxminən 200 metr aralıda bəzi erməni əsgərlərini görə bilirdik. Ailəmə çıxmalı olduğumuzu bildirdim. Polad borular arasında qaçaraq çaya çata bilərdik, lakin ora çatmaq üçün açıq ərazidən keçməli olduq. Açıq yerdən keçərkən atəşə tutulduq. Dörd yaşlı oğlum Vaqif, altı yaşlı oğlum Vidadi, 58 yaşlı atam Məhərrəm gözümün qarşısında həlak oldu.” (Helsinki Watch,1994:74). Bu mühüm nəqliyyat qovşağını zəbt edən ermənilər Zəngilanı, Cəbrayıl və Qubadlı rayonlarının əvvəllər işğal olunmamış hissələrini Azərbaycanın digər əraziləri ilə əlaqəsini kəsdilər (Araslı,1995:26.)

Buranı ələ keçirən ermənilər ilk olaraq dəmiryol stansiyasını və Araz çayı üzərindəki körpünü məhv etdilər (Helsinki Watch,1994:69). Horadizdə erməni qoşunları 4 “Qrad”, 3 T-72 tankı, 4 piyadanın döyüş maşını, onlarla texnika və külli miqdarda sursatı qənimət kimi ələ keçirdi. Oktyabrın 23-də erməni qoşunları Füzulinin Arayatlı, Kərimbəyli, Qazaxlar, Cəbrayılın isə Mehdili və Böyük Mərcanlı kəndlərinə daxil oldular (Vəliməmmədov, 2021:534). Erməni bölmələrinin Horadiz və ətraf kəndləri ələ keçirməsi növbəti humanitar fəlakət yaratdı. İşğal olunmuş kəndlərin 15 min sakini ərazidən qaçaraq Azərbaycan-İran sərhədinin neytral zonasında məskunlaşdı, 5 min nəfər isə İran ərazisinə keçmək məcburiyyətində qaldı (“İzvestiya” qəzeti, 27.10.93:1).

Erməni bölmələrinin oktyabrın 23-dəki hücumu Horadiz stansiyasından iyirmi beş kilometr aralıda Cəbrayıl rayonunun Mahmudlu kəndindən şərqə gedən yolda Rüstəmovlar ailəsini yaxaladı. Rüstəmovlar ailəsi oktyabrın 22-də axşam saatlarında Zəngilanda toy məclisində idi və oktyabrın 23-də səhər saatlarında Bakıya qayıdarkən əsir alınmışdı. Hadisənin şahidi xatırlayır:“Azərbaycan ordusunun zabiti, qardaşım Bahadır Əhmədov bizi Bakıya aparırdı. O, formada idi, lakin mülki avtomobil olan “Jiquli”ni idarə edirdi. Avtomobildə Mürşad Toptuqov adlı əsgər, həyat yoldaşım Kərim və on iki yaşlı qızım Leyla və səkkiz yaşlı oğlum Kamil var idi. Təxminən saat 15:30 idi, bizə atəş açıldı. Hamı yaralandı, qızımda vəziyyət daha ağır idi. Əsgərlər maşınımızı mühasirəyə aldılar. Qardaşımı və digər əsgəri bizdən ayırdıqdan sonra Hadrutdakı xəstəxanaya apardılar, orada Leylanı əməliyyat etdilər. Bundan sonra Stepanakert yaxınlığındakı Kərkicahanda qardaşı azərbaycanlılar tərəfindən girov götürülmüş üçün Rafik Sarkisyanın evində saxladılar. Yalnız 8 dekabrda dəyişdirildi.k” (Helsinki Watch,1994:69-70). Ən dramatik vəziyyət isə Zəngilanda yaşanırdı. Azərbaycan – İran sərhəddinin 40 kilometrlik hissəsini zəbt edən ermənilər Qubadlının cənubu və Zəngilandakı 60 min əhalini dövrəyə aldı. Onlar yalnız Araz çayı vasitəsilə məhv olmaqdan qurtula bilərdi (Geukjian,2016:202).

Oktyabr ayının 25-də Ermənistan Silahlı Qüvvələri Mehri, Qafan, Qubadlı və Cəbrayıl istiqamətindən Zəngilana hücuma keçdilər. Ermənistan istiqamətindən 40-a yaxın hərbi texnika ilə həyata keçirilən hücumu 865-ci alay saxlaya bilmədi və ilk gün cəbhə xətti yarıldı (Araslı,1995:26.) Ermənistandan hücum edən bölmələr Bartaz və Şükürataz yüksəkliklərini ələ keçirərək Zəngilanın daxilinə doğru hərəkətə başladılar. Bartaz sakini Gülçöhrə Süleymanova xatırlayır: “1993-cü ilin oktyabrin 25-i kəndə xəbər gəlir ki, artıq ermənilər Zəngilanın içərisindədir və təcili ərazini tərk etmək lazımdır. Rayondan çıxmağın bir yolu var idi, o, da Araz çayı ilə keçib getmək. Əhalidə ciddi panika yaranmışdı. 65-70 yaşlarında ər və arvad olan Gülpüyaz xala və İbrahim dayı gözümün önündən getmir. Onları kəndin əhalisi Arazın kənarına gətirsələr də yaşlı insanlar yenidən öz evlərinə geri dönərək Zəngilansız qala bilməyəcəklərini demişdi. Arazı keçən zaman su axını bir avtomobili apardı. Bir iranlı özünü suya atıb çayın kənarında olan traktorun trosunu maşına bağlayıb insanları xilas etmişdi.” (Əlili və Tapdıqoğlu, 2016:85-87).

Oktyabrın 26-da Qubadlı istiqamətindəki cəbhə də çökdü və Milli Ordu bölmələri koordinasiya edilmiş formada Araz çayına doğru geri çəkilməyə başladı. Hadisələrin bu cür inkişafı Tehranda ciddi narahatlığa səbəb oldu. Oktyabrın 26-da Bakıya rəsmi səfərə gələn İran Prezidenti Əli Əkbər Haşimi-Rəfsəncani Heydər Əliyevlə danışıqlar aparmağa başladı. Heydər Əliyev İran prezidentini rəsmi İrəvana təzyiq göstərməyə və Ermənistanı enerji resursları ilə təmin etməkdən imtina etməyə inandırmağa çalışdı (“Nezavisimiya qazeta” qəzeti, 27.19.93:1-3). Həmin danışıqlarda Heydər Əliyev humanitar kordon yaratmaq üçün İran qoşunlarının respublikaya daxil olmasına dair gizli saziş imzalamağı təklif etmişdi. Rəsmi Tehran Ermənistanı blokadaya almasa da Türkiyə ilə birlikdə oktyabrın 27-də BMT TŞ-nin təcili iclasının çağırılmasını tələb etdi. (Harutyunyan,1997:235). Həmin gün Zəngilanın şimalında ən son kəndin – Sobunun evakuasiyasına başlandı. Səyavuş Bayramov xatırlayır: “Mənim onda 16 yaşım var idi. 1992-ci ilin oktyabrın sonuna doğru gərginlik artdı və rayonun əhalisi ev-eşiklərini yavaş-yavaş tərk etməli oldular. Həmin gun yağışlı, çiskinli bir gün idi. Rayondan bir tək çıxış yolu Arazla İran tərəfinə keçmək idi. Xəbər gəldi ki, artıq Naxçıvandan Arazın suyu azaldılıb ki, əhaliyə ziyan dəymədən rayondan çıxa bilsinlər. Əhali çayı keçməyə başladı, suyun səviyyəsi azalsa da, çayı keçən insanları su axarı ilə aparırdı. Yaxşı ki, axan insanları xilas edirdilər. Çox acınacaqlı və dəhşətli axşam idi. Biz də ailəmizlə Arazı keçərək İranın İbrahimsəlimli kəndində ilk didərgin gecəmizi keçirdik. Bir həftə İran tərəfində qaldıq, daha sonra oradan Bakıya gəldik və burada da məskunlaşdıq” (Əlili və Tapdıqoğlu, 2016:82). Oktyabrın 28-də səhər saatlarında erməni bölmələri Alıbəyli kəndinə daxil olaraq Həkəri çayının cənubu boyunca hücuma başladılar. (Helsinki Watch,1994:76).

Həmin gün erməni qoşunları Zəngilan şəhərinə daxil oldular (Vəliməmmədov, 2019:148). Milli Ordu bölmələri mülki əhali ilə birlikdə Araz çayına doğru sıxışdırıldı. Əhali ordunun köməyi ilə Bartaz və Mincivan istiqamətindən Araz çayını keçməyə başladı. Oktyabrın 30-da ermənilər Zəngilan rayonunun 95 faizinə nəzarət edirdi. Ermənistandan hücuma keçən qüvvələr həmin gün Mincivan dəmiryolu qovşağına yaxınlaşdı (Hovannisyan,2014:46). 865-ci alayın komandiri, polkovnik Firudin Şabanovun da olduğu az sayıda qüvvə burada qalmışdı. Noyabrın 2-də müdafiə naziri Məmmədrəfi Məmmədov Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin rəisi, polkovnik-leytenant Zeydulla Zeydullayevi yanına çağıraraq polkovnik Firudin Şabanovla əlaqə yaratmaq üçün Zəngilana xüsusi qrup göndərdi. İki Mi-8 və iki Mi-24 vasitəsilə Beyləqandan İran sərhəddi boyunca hərəkət edən qrup Mincivana daxil ola bilirlər. Bu qrup Mincivanda Firudin Şabanovla birlikdə Zəngilan şəhəri ətrafında erməni qüvvələrinə məxsus hədəfləri müəyyən etdikdən sonra ərazini bombaladı. Bu əməliyyat zamanı batalyon komandirinin kəşfiyyat üzrə müavini, baş leytenant Saşa Martirosyan əsir götürüldü. Ərazidəki Milli Orduya məxsus bölmələrin evakuasiyasından sonra xüsusi qrup yenidən İran sərhəddi ilə Beyləqana geri döndü. Beləliklə, noyabrın 2-də Mincivanın süqutu ilə bütün Zəngilan rayonu erməni qüvvələrinin nəzarətinə keçdi (Vəliməmmədov, 2019:208-209).

Zəngilan işğalının siyasi təsiri

İşğal nəticəsində minlərlə insan Araz çayı vasitəsilə İrana sığınmaq məcburiyyətində qaldı. Onların bir qismi bir həftədən sonra Bakıya, əsas hissəsi isə Parsabad vasitəsilə İmişlidəki qaçqın düşərgələrinə gətirildi. Zəngilanın işğalı dünyada Ermənistana beynəlxalq siyasi təzyiqi artırdı. BMT-nin Bakı təmsilçisi Mahmud Səid “The Independent” qəzetinə verdiyi müsahibədə məcburi köçkünlərin sayının 60 minə yüksəldiyini, Araz çayını keçərkən əksəriyyəti uşaqların təşkil etdiyi yüzlərlə insanın boğulması haqqında informasiyanın olduğunu bildirdi. Mahmud Səidin “Los Angeles Times” qəzetində yayımlanan müsahibəsində isə Zəngilanın İranla sərhəddində 20 mil məsafədə bütün evlərin yandırıldığını söylədi (“LA Times, 01.11.93). Evlərin yandırılması və əhalinin bir qisminin Araz çayını keçərkən boğulması erməni meylli Qərb dünyasında da ciddi tənqidlə qarşılandı. ABŞ Dövlət departamentinin işçilərindən biri bu addımları vandalizm adlandırdı. Dövlət departmanetinin müşaviri Pol Qobl çıxışında qeyd edirdi: “Mən ermənilərin Vaşinqtonda nüfuzlarının bu qədər az olduğu dövrü görməmişəm.” ( “Boston Globe” qəzeti, 21.11.93:2). Noyabrın 12-də Azərbaycan dövlətinin xahişi ilə BMT Təhlükəsizlik Şurası Xose Luis Xesusun (Kabo Verde) sədrliyi ilə keçirilən 3313-cü iclasında regiondakı vəziyyəti müzakirə edərək 884 saylı qətnaməni qəbul etdi. Bu qətnamədə Azərbaycan Respublikasının Zəngilan rayonunun və Horadiz şəhərinin işğalı təşvişlə qeyd edilir, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü, həmçinin beynəlxalq sərhədlərin pozulmazlığı və ərazi əldə etmək üçün güc tətbiq edilməsinin yolverilməzliyi bir daha təsdiq olunurdu. Zəngilanın işğalından sonra ATƏM-in Minsk Qrupu toplaşaraq münaqişəyə son qoymaq üçün “təcili tədbirlər”in yeni cədvəlini açıqladı. Ermənistan və Dağlıq Qarabağın qəbul etdiyi plan Azərbaycan tərəfindən rədd edildi. Azərbaycan hökumətinin əsas iradı Dağlıq Qarabağın azərbaycanlı icmasının, eləcə də Qarabağın ermənilərinin Laçın və Şuşadan çıxarılmasınının sənəddə qeyd edilməməsi idi (Helsinki Watch,1994:77).

Zəngilanın işğalı Azərbaycanla Rusiya Federasiyası arasında münasibətlərin kəskin soyumasına səbəb oldu. Bununla bağlı ilk məlumat hələ Zəngilanın işğalı ərəfəsində – 29 oktyabr tarixində “Rossiyskaya qazeta” qəzetində yayımlandı (“Rossiyskaya qazeta”, 29.10.1993:7). Heydər Əliyev 1993-cü ilin noyabrında “İtoqi”yə müsahibəsində açıq şəkildə bildirdi ki, Rusiya ona bəslənilən ümidləri doğrultmadı (Vəliməmmədov, 2021:535).

Prezident iradlarını üstüörtülü olaraq 24 dekabr 1993-cü ildə keçirilən MDB Dövlət Başçıları Şurasında da dilə gətirdi: “Böyük təəssüf hissi ilə qeyd etmək lazım gəlir ki, 1993-cü ilin sentyabrında Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinin tam hüquqlu üzvü olduqdan və Kollektiv Təhlükəsizlik haqqında müqaviləyə qoşulduqdan sonra Ermənistan Respublikası öz təcavüzünü nəinki dayandırmamış, əksinə, hərbi əməliyyatlar daha geniş miqyas almışdır. Bununla da təcavüzkar Azərbaycanın İran İslam Respublikası ilə dövlət sərhədinə çıxaraq MDB-nin cənub hüdudlarında təhlükəli gərginlik ocağı yaratmış, münaqişənin beynəlmiləl xarakter alması qorxusu törətmişdir. 300 mindən çox əhalinin yaşadığı rayonların 1993-cü ilin oktyabrında işğal edilməsini Azərbaycan xalqı həm də ona görə çox ağır qarşılamışdır ki, bu hadisə Azərbaycan MDB-yə daxil olduqdan və Kollektiv Təhlükəsizlik haqqında müqaviləyə qoşulduqdan sonra baş vermişdir. Deməli, Ermənistan Respublikası təkcə Azərbaycan Respublikasına qarşı təcavüz etmir, həm də indi bizim birliyimizi birləşdirən prinsiplərə tam saymazlıq nümayiş etdirir.”

Zəngilan rayonunun işğalının ölkə daxilində təsiri isə daha böyük idi. 1993-cü il noyabrın 2-də Heydər Əliyev milli televiziya və radio ilə xalqa müraciət etdi : “Son həftələr Azərbaycanda, respublikanın Ermənistanla həmsərhəd rayonlarında vəziyyət daha da gərginləşmiş, erməni silahlı qüvvələrinin hücumları nəticəsində Füzuli, Cəbrayıl rayonlarının cənub hissəsində olan yaşayış məntəqələri viran edilmişdir. Daha sonra Zəngilan rayonuna hücumlar olmuşdur. Bu hücumları dayandırmaq və Zəngilan rayonunu müdafiə etmək üçün lazımi tədbirlər görmüşdük. O vaxt İran İslam Cümhuriyyətinin prezidenti ağayi Haşimi Rəfsəncani də burada idi. İran rəhbərliyi də bu işə qoşuldu. Ermənistan rəhbərliyi ilə danışıqlar aparıldı, atəşin kəsilməsi və Zəngilana hücumların dayandırılması haqqında təkliflər verildi. Eyni zamanda Zəngilanın müdafiə olunması üçün lazımi tədbirlər görüldü. Lakin bunlar da nəticə vermədi. Zəngilan rayonundan da həm əhali, həm də ordu çıxdı. Bəli, Azərbaycan indi ağır vəziyyətdədir. Mən bu gün həmin vəziyyətə geniş təhlil vermək fikrində deyiləm. Sadəcə olaraq bəzi məsələlərə toxunub bəzi məsələləri aydınlaşdırmaq istəyirəm. Bu heç də sirr deyildir ki, son hadisələr zamanı Cəbrayıl rayonunun ərazisində, Horadizdə və başqa məntəqələrdə əsgərlərimiz öz mövqelərini vuruşmadan, yerli əhalidən qabaq tərk etmişlər. Zəngilandakı vəziyyətə nəzarət edərək, orada olan silahlı qüvvələrimizin rayonu müdafiə etməsi üçün dəfələrlə tədbirlər görərək müşahidə etdik ki, həmin döyüşçülərin də çox hissəsi müdafiə edəcəyi yerləri döyüşsüz, müqavimətsiz, heç bir atəş açmadan tərk edib geriyə, İran ərazisinə qaçmağa üstünlük vermişdir. Bunların hamısı bizi böyük dərdə salan hallardır. Bunları etiraf etmək bizdən ötrü ağırdır, çətindir. Ancaq nə qədər acı olsa da, bu, həqiqətdir. Ona görə vəziyyətə düzgün qiymət verilməlidir və heç kəs belə düşünməməlidir ki, guya bu vəziyyət ancaq son vaxtlarda yaranmışdır. Dünən biz yaranmış vəziyyəti Müdafiə Şurasında müzakirə etdik, ciddi tədbirlər gördük. Müdafiə nazirinin birinci müavini, sərhəd bölgələrində hərbi hissələrə rəhbərlik edən general-mayor Zadir Rzayev vəzifəsindən kənarlaşdırıldı. Onun general rütbəsindən məhrum edilməsi məsələsi də müzakirə olundu. Ancaq keçmiş xidmətlərini nəzərə alaraq, bu qərarı qəbul etmədik, yalnız onu vəzifəsindən götürdük. Eyni zamanda tapşırıq verdik ki, bu məsələlər daha dərindən təhlil olunsun. General Nəcməddin Sadıqov baş qərargahın rəisi təyin olunmuşdur. Başqa tədbirlər də görülür. Bir sözlə, vəziyyət ağırdır, gərgindir. Ancaq bu o demək deyil ki, biz vəziyyəti çıxılmaz hesab edirik. Xeyr. Yenə də deyirəm, bu gün Azərbaycanın böyük gücü, potensialı, xalqımızın zəngin qəhrəmanlıq ənənələri – bunların hamısı birləşdirilməlidir. Bütün imkanlardan istifadə edərək Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmağa bizim imkanımız var. Sizə bu fikirlərimlə, bu arzularımla müraciət edərək, hamımızı bu yolda fədakar mübarizəyə, Azərbaycanın müdafiəsinə qalxmağa dəvət edirəm və hamınızdan təşəbbüs, əməli fəaliyyət gözləyirəm.”

Əliyev öz nitqlərində ordu komandirlərini və işğal olunmuş rayon başçılarını xəyanətdə günahlandırdı. Füzuli və Cəbrayılın süqutunu parlamentdə bəyan etdikdən sonra, o, qoşun komandirlərinin cəbhəni qorumaq əvəzinə Bakıda oturub, öz bağ evlərinin təmiri ilə məşğul olduqlarına görə ittiham etdi. Dekabrın 11-də itirilmiş rayonların icra başçıları ilə bir neçə saat davam edən və milli televiziya ilə canlı yayımlanan görüşdə Əliyev acıqla hər bir başçını ayrı-ayrılıqda danladı və tələb etdi ki, əhalidən əvvəl qaçmaqlarının səbəbini izah etsinlər. Prezident təəssüflə bildirdi ki, Zəngilan rayonu düşmənə cəmi 27 əsgərin ölümü bahasına təhvil verilib (De Vaal, 2008:259). Hökumətin digər üzvləri də hərbçilərə qarşı çox sərt ifadələr işlətməklə yadda qaldılar. Dövlət katibi Lalə Hacıyeva İmişlidə Zəngilan qaçqınları ilə görüşdə məğlubiyyətin səbəbkarı kimi hərbçiləri gördüyünü bildirdi, hətta İranda olan zaman bəzi hərbçiləri qeyrətsiz adlandırdı. Prezident Zəngilan məğlubiyyətindən sonra dərhal orduda reforma və yenidənqurmaya başladı (“Rossiyskaya qazeta”, 04.11.93:6). Heydər Əliyev Xalq Cəbhəsinə sadiq qalan təxminən 10.000 nəfərdən ibarət otuz üç taburu buraxdı və yeni milli ordu yaratmağa söz verdi. Bu kampaniya gedişində orduya on minlərlə təcrübəsiz yeniyetmə çağırıldı. Hərbi senzura yaradıldı. (De Vaal, 2008:259-260). Qarabağ münaqişəsinin ən qanlı döyüşləri qarşıda idi.

İstifadə edilən ədəbiyyat

Kitablar

De Vaal, T. (2008). Qarabağ: Ermənistan və Azərbaycan sülh və savaş yollarında. İlay MMC.

Əlili, İ. və Tapdıqoğlu, N. (2016) Bir damla göz yaşında torpaq həsrəti. Bakı: Ləman nəşriyyat.

http://anl.az/el/Kitab/2018/05/cd/Azf-291209.pdf

Geukjian, O. (2016). Ethnicity, nationalism and conflict in the South Caucasus: Nagorno-Karabakh and the legacy of Soviet nationalities policy. Routledge

Goltz, T. (2015). Azerbaijan Diary: A Rogue Reporter’s Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic: A Rogue Reporter’s Adventures in an Oil-rich, War-torn, Post-Soviet Republic. Routledge.

Watch, H. (1994). Azerbaijan: Seven Years of Conflict in Nagorno-Karabakh. Human rights watch.

Араслы, Д. (1995). Армяно-азербайджанский конфликт: Военный аспект. Баку-1995, Издательство” Эргюн.

https://www.ebooks.az/view/UxBTh4f2.pdf

Арутюнян, В. Б. (1997). События в Нагорном Карабахе: Хроника:[ пятая часть]. Изд-во Гитутюн.

http://karabakhcenter.com/files/file/sobitiya_v_nagornom_karabakhe_5.pdf

Арцрун, О. (2014). Некоторые аспекты военного искусства в период Арцахской войны 1993-1994 гг. 21-й век, (1 (30)), 33-59.

https://cyberleninka.ru/article/n/nekotorye-aspekty-voennogo-iskusstva-v-period-artsahskoy-voyny-1993-1994gg

Велимамедов М. (2021) Карабахская война 1991-1994. Москва :Эдитус

Велимамедов, М. (2019), Очерки по Карабахской войне. ЛитРес: Самиздат

Qəzetlər

“Boston Globe” qəzeti, 1993-cü il.

“İzvestiya” qəzeti, 1993-cü il.

“Kommersant” qəzeti, 1993-cü il.

“LA Times” (LA tayms) qəzeti, 1993-cü il.

“Nezavisimaya qazeta” qəzeti, 1993-cü il.

“Rossiyskaya qazeta” qəzeti, 1993-cü il.

“The Associated Press” ( Ze Assoşieyted Press) qəzeti, 1993-cü il.

“The Christian Science Monitor” ( Krisçen Sayens Monitor) qəzeti, 1993-cü il.

“The Independent” (Ze İndependent) qəzeti, 1993-cü il.

“The New York Times” (Ze Nyu York Tayms) qəzeti, 1993-cü il.

“The Washington Post” qəzeti, 1993-cü il.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

IMG-20211231-WA0006
.

Məhəbbət üçün ürəkbulanma

03 Mart 2023
426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022

Redaktorun seçimi

Xpertdən “7EDDi”

Ərəblinskini H.Z.Tağıyev öldürtdürüb?

Öldürmək olmaz, amma lazımdır

Bakının graffiti üzü

Müalicə üçün xaricə getməyə ehtiyac yoxdur

Axundovun yaratdığı xalq

Daş deyil, ürəkdir bu

Neon şeytanı

İnsanlığın, demokratiyanın və azadlığın düşməni

Çin, bəşər tarixində ilk dəfə Ayın qaranlıq tərəfinə missiya göndərib

Toksik pozitivlik

Qırmızı və ya hay-küy

Ölməz Bəstəkar

Ssenarilərimiz

Sovet dövründə çəkilmişlər haqqında

Mina Problemi ilə bağlı Ermənistana Çağırış

ABŞ – Vüqar Bəhmənzadənin obyektivində

Mircavad dünyası

ONA.az, DİN və seqreqasiyaya dair

İtil, ey büt!

Koronavirus günlərinin kinosu

Füzuli və Cəbrayılın işğalı (1993)

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

Ölüm çox yaxındır

Kayfizm – azərbaycanlıların gerçək dini

Azərbaycan və İrlandiya

Maraqlı və maraqsız klounlar haqqında bədii-fəlsəfi esse

Humanitar vəziyyət

«Yeni Müsavat» Media Qrupunun rəhbəri Rauf Arifoğlu ilə müsahibə

Əfqanıstan etüdləri

Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel