Bu günlərdə maraqlı proseslərə şahidlik edirik. İşğal olunmuş torpaqlar, tədricən, azad edilir, məcburi köçkünlərin yurdlarına qayıtmasına şərait yaradılır. Eyni zamanda müvafiq torpaqlara görə müxtəlif imtiyazlar vəd edilmiş və könüllü köçmüş insanlar həmin torpaqlardan çıxırlar.
Müşahidə elədiyimiz proses Azərbaycanda bir neçə dəfə baş verib. Yəni öz torpaqlarından məcburən köçürülmüş insanlar sonradan geri qayıdıblar, amma onların torpaqlarında artıq başqa insanlar yaşayırdılar. Biz də məhz belə hadisələrdən birini təsvir etmək qərarına gəldik.
1891-ci il iyulun əvvəlində Quba şəhərinin yaxınlığında quldurlar Xucbala kəndinin (Dövlət Statistika Komitəsinin buraxdığı İnzibati-Ərazi Təsnifatına görə kəndin adı Xucbaladır, amma istifadə etdiyimiz mənbələrdə Xuçbala yazılıb) varlı bir sakinini öldürmüşdülər. Mərhumun varisləri olmadığı üçün 1891-ci il iyulun 9-da Müşkür polis nahiyyəsinin pristavı Baqraş bəy Xocayev Xucbala kəndinə yola düşdü, bütün formal prosedurları və mülkiyyətin mühafizəsini təmin edərək Quba şəhərinə qayıtdı. Amma yerli qəza rəisi hansısa işləri bitirmək üçün onu təkrar Xucbala kəndinə göndərdi.
Xocayev kəndə 4 nəfərlik dəstəsi ilə gəlirdi. Dəstədə Ömər adlı bir ləzgi də vardı. Onun bu kənddən olan quldurlarla münasibəti çox da yaxşı deyildi. Yerli quldurlardan biri onu öldürməyi vəd etmişdi. Xocayevin dəstəsi növbəti dəfə Xucbala kəndinə qayıdanda pusquya düşdü. Öməri öldürməyə çalışan quldurlar nəticədə pristavı öldürdülər, Ömər isə yaralandı.
Bu hadisədən sonra Bakı qubernatoru Qafqaz Baş Hakimliyinə quldurluğa dəstək olduqları üçün Xucbala və Güdağlı (təəssüf, amma bu kəndi ümumiyyətlə tapa bilmədim. Kiçik bir yer idi, indi də hansısa başqa bir kəndin ərazisidir) kəndlərinin sakinlərinin Quba qəzasından sürgün edilməsi ilə bağlı müraciət etdi. Qafqazın Baş Hakimi S.A. Şeremetev də buna icazə verdi.
Xucbala və Güdağlı kəndləri bundan əvvəl də cinayətkarlıq səviyyəsinə görə ətraf kəndlərdən ciddi olaraq fərqlənirdi. Əgər biz “Qafqaz” qəzetinin 1890-ci ilə aid nömrələrinə baxsaq, iki xəbərdə Güdağlı kəndinin adının çəkildiyini görərik. Onlardan birində kənd sakini Nəsrəddin Nuh bəy oğlu barədə axtarış elan olunduğu xəbər verilir. Başqa nömrədə isə oktyabrın 9-da kənddə məşhur quldur Ahverdi Şahverdi oğlunun öldürülmə əməliyyatı təsvir edilib. Məlumata görə, özü başqa kənddən olmasına baxmayaraq, Ahverdi Şahverdi oğlu tez-tez Güdağlı kəndinə gəlirmiş.
Beləliklə, hökumət iki kəndi köçürməklə quldurluqla mübarizə aparmağa çalışırdı. Haşiyə çıxaraq qeyd edim ki, bundan hadisədən 10 il keçməsinə baxmayaraq, 1905-ci ilin yoxlaması vaxtı quldurluğun elə eyni səviyyədə qaldığı, hətta daha da genişləndiyi müəyyən edilmişdi. Nəticə etibarilə yalnız sıravi insanlara problem yaranmışdı. Cinayətkarlar isə öz fəaliyyətlərini davam etdirirdilər.
Qərara görə, Xucbala kəndində yaşayan 50 və Güdağlı kəndində yaşayan 25 ailə Lənkəran qəzasına köçürülməli idi. Sakinlərin yaşaması üçün 16 kvadrat kilometr ərazi ayrılmışdı. 1893-cü il noyabrın 15-də dövlət onlara ev tikilməsi üçün pulsuz meşə materialı vermişdi. Maraqlıdır ki, köçürmə prosesi artıq 1893-cü ilin sentyabrında başlamışdı. Güdağlı kəndinin sakinləri sentyabrın 30-u, Xucbala sakinləri isə oktyabrın 13 və 19-u köçürülmüşdülər. Yəni inşaat üçün material onlar köçəndən sonra ayrılmışdı. Yeri gəlmişkən, bu nümunədə biz Rusiyada mövcud olan bürokratiyanın səviyyəsini də görə bilərik. Qərarın verilməsindən bir il keçməsinə baxmayaraq, heç bir hazırlıq işləri həyata keçirilməmişdi. Bir ildən sonra məlum oldu ki, köçürülən əhali meşə materialından istifadə etməyib. Məmurlar bunu əhali arasında müxtəlif xəstəliklərin yayılması ilə izah edirdilər. Xəstəliyə görə onların məsafə qət etmək, mərkəzdən meşə materialını götürmək imkanları yox idi. Əhali Lənkəran qəzasına köçən kimi müxtəlif xəstəliklərə düçar olmuşdu. Ki, bu da təəccüblü deyildi, köçdükləri ərazı faktiki olaraq bataqlıq idi.
Qubernatorun müavini bölgəyə səfər edəndə, qadınlar və qocalar ondan qərarın ləğvini xahiş edirdilər, amma heç bir reaksiya gəlmirdi. Vəziyyəti öyrənməyə çalışan quberniya həkimi hesabatında yazırdı ki, 52 ailə kərpicdən tikilmiş kiçik evlərdə, 19 ailə isə qazma evlərdə yaşayır. Sözügedən evlərin qapı-pəncərələri yox idi və insanlar küləkdən qoruna bilmirdilər.
1894-cü ilin sentyabrında quberniya həkimi tərəfindən həyata keçirilmiş yoxlama vaxtı bir il ərzində əraziyə köçürülən 572 nəfərdən 58-nin müxtəlif xəstəliklərdən vəfat etdiyi, daha 81-nin isə ciddi xəstəliklərə yoluxduğu müəyyən olunmuşdu. Sakinlər yenə də hökumət nümayəndələrinə müraciət etmişdilər, amma onların xahişləri cavablandırılmırdı.
1899-cu ildə Lənkəran qəza rəisi xəbər verirdi ki, bu dövr ərzində ora köçürülən 73 ailədən 227 nəfərlik 15 ailə (ailə deyəndə biz “dım” sözünü belə tərcümə edirik. “Dım” – bir-biri ilə sıx qohum münasibətlərinə malik olan ailədir) tam məhv olub, həmin dövrdə anadan olmuş 160 uşaqdan 116-ı ölüb. Daha bir il keçəndən sonra yoxlama vaxtı məlum olmuşdu ki, 7 il ərzində kənddə (yeri gəlmişkən, Lənkəran qəzasında yerləşən yeni kəndə də Xucbala adı verilib) 368 nəfər vəfat edib. Başqa sözlə, əhalinin yarısı məhv olmuşdu.
Buna rəğmən, 1903-cü ilə kimi (yəni 10 il ərzində) Bakı qubernatoru kənd sakinlərinin heç bir xahişini qəbul etmirdi. 1903-cü ilin iyun ayında artıq rəsmi mətbuat yazırdı ki, Bakı qubernatoru müvafiq xahişi Qafqaz Baş Hakimliyinə yönəldib. Bakı qubernatoru öz əlavəsində qeyd edirdi ki, mövcud şərait “xuçbalalılar arasında, tədricən, nəsilkəsilməsinə aparır”. Onun sözlərinə görə, hətta ən qəddar cinayətkarlara qarşı güzəştlər tətbiq edilirdi. Odur ki, dinc əhaliyə qarşı belə cəzanın davam etdirilməsi mənasızdır, ümumiyyətlə, belə cəzanın tətbiqi də heç bir məntiqə sığmırdı.
Bu müraciət barədə məlumat “Qafqaz” qəzetində dərc olunmuşdu. Bəs müraciətin nəticəsi nə oldu?
Bunu artıq 1905-ci ildə Bakı quberniyasına reviziya (yoxlama və təftiş) üçün gəlmiş A.M. Kuzminskinin məruzəsindən öyrənirik. Kuzminskinin reviziya subyekti məhz Baş Hakimliyinin bu müraciətə cavab verməməsi idi. Onu bura 1905-ci ildə Bakıda baş vermiş erməni-müsəlman davasının səbəblərini araşdırmağa göndərmişdilər. O zaman hər iki tərəf millətlərarası qırğının səbəbini dövlət qurumlarında görürdü. Kuzminskinin də məqsədi səbəbləri araşdıraraq, bu şübhəni dövlətin üzərindən başqa subyektə yönəltmək idi. Yeri gəlmişkən, onun reviziyası sübut etdi ki, baş verən hadisələr birbaşa dövlətin təşkilatçılığı ilə baş verməsə də (amma bu məqamı o qədər də yaxşı sübut edə bilmədi), ən azı, onun fəaliyyətsizliyi və dövləti başdan-aşağı bürümüş korrupsiyanın nəticəsində olmuşdu.
Kuzmunski məruzəsində həm müvafiq cəzanı, həm də Baş Hakimliyin müraciətlərə cavab verməməsini problem kimi göstərirdi. Onun məlumatına əsasən, Qafqazın Baş Hakimi müraciəti cavablandırmaq yerinə, xucbalalıların yerləşdikləri məkana xususi komissiya yollamışdı. Komissiyanın məqsədi həm şəraiti araşdırmaq, həm də yerli suyu yoxlamaq idi.
Məlum olmuşdu ki, yerli əhalinin istifadə etdiyi su, əslində, nə içmək, nə də qida hazırlamaq üçün yararlı deyil. Çörəyi belə başqa yerlərdən gətirən əhaliyə faktiki olaraq deyilmişdi ki, onlar suyu da gətirməlidirlər. Yəni əlhalinin sürgün edildikləri yerdə yaşamaları üçün faktiki olaraq heç bir şərait mövcud deyildi. Komissiyanın bu qənaətinə baxmayaraq, yenə də bürokratiya heç bir addım atmadı.
Bu vəziyyət hətta Rusiya imperiyasının sadiq qulluqçusu olan A.M. Kuzminskini də hiddətləndirdi və o öz adından Qafqaz canişininə (1905-ci ildə artıq canişin sistemi bərpa olunmuşdu) ayrıca tələb (daha doğrusu, müraciət) göndərdi. Maraqlıdır ki, A.M. Kuzminski öz reviziyasında xucbalalıların niyə Quba qəzasına qaytarılmadıqlarına toxunmur. Halbuki bunun da öz səbəbi vardı.
1890-ci illərdə Rusiya yenidən köçürülmə siyasətini aktivləşdirməyə qərar vermişdi. Bu siyasət çərçivəsində Rusiyanın müxtəlif quberniyalarından ruslar (və ya ukraynalılar) periferiyada yerləşən quberniyalara köçürülürdü. Xucbala kəndinə isə 1894-cü ilin sentyabrında (yəni Lənkəran qəzasında xucbalalıların vəziyyəti ilə bağlı ilk hesabatın çıxdığı dövrdə) Xarkov əyalətindən, əsasən, ukraynalılardan ibarət olan köçkünlər (aralarında 5 rus ailəsi də vardı) gəldilər. Rus Pravoslav Kilsəsinin protoiereyi A. Yunitski yazırdı ki, ““Yeni yaxşı torpaqlar” arzusu və torpaq qıtlığı onları hökumətin Qafqaza köçmək təklifini böyük coşqunluqla qəbul etməyə vadar etmişdi”.
Beləliklə, ukraynalılar və ruslar daha rahat şəraitə düşdülər. Artıq evlər hazır idi və onlar yalnız kilsə tikməyə başladılar. Amma burada da iqlimə uyğunlaşmaq problemi mövcud idi. Gəlmələr faktiki olaraq düzənlikdən dağ və dağətəyi bölgəyə köçmüşdülər. Lakin onlar yeni şərtlərə uyğunlaşmağa çalışırdılar, üstəlik xucbalalılarla müqayisədə şəraitləri nisbətən rahat idi.
Bəs xucbalalılar necə oldular? 1905-1907-ci illərin hadisələri imperiyada vəziyyəti tam dəyişdirdi. Müvafiq hadisələrdən sonra canişinlik artıq ciddi məhdudiyyətlər qoya bilmirdi. Ona görə, 1907-ci ildə xucbalalıların geri qayıtmalarına icazə verildi. Sadəcə onlar öz kəndlərində yox, kənddən 10-15 kilometrlik məsafədə məskunlaşa bilərdilər. Çünki onların kəndlərində hökumətdən müxtəlif imtiyazlar almış gəlmələr yaşayırdılar.
Buna baxmayaraq, xucbalalılar kəndlərinə qayıtmaq məsələsində inadlı idilər. Yerli əhalinin sözlərinə görə, I Dünya Müharibəsindən əvvəl rusların kəndində yatalaq xəstəliyi yayılır, ölənlərin sayı artır. Eyni zamanda müharibəyə səfərbərlik başlanır, ruslardan silaha sarıla bilənlər orduya cəlb edilirlər. Kənddə kişilərin sayı azaldığından camaat Alekseyevka kəndinə köçməyə qərar verir, evlərini də kəndin keçmiş sakinlərinə satırlar.
I Dünya Müharibəsi başlayanda ruslar bu kənddən tamamilə köçüb getmişdilər. Kəndin müasir sakininin dediyinə görə, onlardan yadigar olaraq düz küçələr, 20-30 ev, bir də kəndin mərkəzində ucalan kilsə qalıb.
I Dünya Müharibəsindən sonra Xucbala kəndi yenə də problemlərlə üzləşmişdi. Belə ki, 1918-ci ildə Amazaspin qoşunu ilə döyüş məhz Xucbala kəndi tərəflərdə baş vermişdi. Bundan əvvəl isə sözügedən dəstə kəndi qarət etmişdi. 1919-cu ildə müvafiq komissiyaya verilən məlumata görə, kəndin 4 sakini öldürülmüşdü. Yerli əhaliyə dəyən ziyan 110,6 min rubla qiymətləndirilirdi.
Beləliklə, yerli əhali sürgün olunmasına və bir çox problemlərlə üzləşsinə baxmayaraq (faktiki olaraq əhalinin yarısı məhv olmuşdu), 21 ildən sonra öz kəndinə qayıda bilmişdi.
İstifadə olunmuş ədəbiyyat
- İmanquliyev B. Bir kəndin tarixçəsi. Azərbaycan.- 2011.-9 oktyabr.- S. 7.
- İmanquliyev B. Bir kəndin tarixçəsi. Azərbaycan.- 2011.-12 oktyabr.- S. 11.
- Багиров Ф. Переселенческая политика царизма в Азербайджане 1830-1914 гг. Москва. 2009. 704с.
- Кавказская жизнь. Газета «Кавказ». №297 от 9 ноября 1890 года.
- Кавказская жизнь. Газета «Кавказ». №186 от 16 июля 1891 года.
- Кавказская хроника. Газета «Кавказ». №171 от 30 июня 1903 года.
- Казенные объявления. Газета «Кавказ». № 210 от 10 августа 1890 года.
- Куба. Апрель-май 1918 года. Мусульманские погромы в документах. Баку. 2010. 552с.
- Кузминский, Александр Михайлович. Всеподданнейший отчет о произведенной в 1905 году, по высочайшему повелению, сенатором Кузминским ревизии города Баку и Бакинской губернии. СПб., 1906. 686 с.
- Некролог Сергея Алексеевича Шереметева. Кавказский календарь на 1897 год. — Тифлис, 1896
- Шахбазов Т.С. К вопросу о переселенческой политики Царской России и этнодемографическая ситуация в Азербайджане в XIX веке. Вестник Актюбинского регионального государственного университета им. К. Жубанова. №3, 2015. С. 86-94.
- Юницкий А. История церквей и приходов Бакинской губернии (1815-1905 гг.). Баку: Бакинское братство законоучителей, 1906