“Rəvayət odur ki, uzun müddət Viktorian həyat tərzinə dözdük və hələ də dözürük. O, məşhur namus dəliliyi, utancaq – lal və ikiüzlü cinsəlliyimizə demək olar ki, öz möhürünü vurdu.” Michel Foucault, Cinsəlliyin tarixi kitabını bu cümlə ilə başlayır.
Bitirdiyimiz həftənin üç gün üç gecəsini, coğrafiya olaraq elliklə WhatsApp-la Telegram-Signal arasındakı ərəfdə keçirdik. İmtahandan xəbər gözləmək kimi bir şey… İmtahana bir də girib IQ səviyyənin yüksəldiyini tamaşaçılara göstərə bilərsən, onlar əl çalar, hesab olar 1-1.
Real dünyadan qaçıb WhatsApp-ın kiçik pəncərəsindən kosmosa ötürdüyümüz “qələt-qülət”lər, təsadüfən kiməsə, kimlərəsə ötürüləndə, əldə bir cümlə qalır. Həyatın məşq salonu yoxdur. Milyardlarla insanın virtual məhəbbət məcarası fərdi olaraq kimə, nəyə lazımdır? Ola bilər kütlənin gizli zövqü, hansısa dünya şirkətinin bazar maraqlarını yönləndirsin, yaxud psixoloq-sosioloqlar üçün araşdırma predimeti olsun. Belə “axmaq” işlərlə bizim nə işimiz, biz öz “ağılsız”lığımızı ört-basdır eləməklə məşğuluq.
Olur ki, bu ölkədə beş-on nəfər Kefli İskəndər həmişə tapılır. Çıxır hündür bir ağacın başına qışqırır “ay camaat, sizin məlumat azadlığınız var; iş, biznes yazışmalarınızın toxunulmazlığı var, tələb edin bunları”. Çifayda. Bizim başımız hələ kütləvi şəkildə bir-birimizin qoltuğunun altından çıxmayıb ki, qaldırıb hüquq, konvensiya, maddə, bənd vərəqləyək.
Cinsəllik bizi addımbaaddım, qarabaqara izləyir. Foucaultun dediyi kimi, cinsəllik polisdir. Hamının hamıya nəzarətidir. Onsuz insanları idarə eləmək çətindir.
Edqar Hoover, FTB-nin 8 müxtəlif perzidentilə işləmiş 48 illik rəhbəri, XX əsr ABŞ və bütün dünya tarixinin gedişini müəyyən edən, özü homoseksual, amma hamıdan əxlaq qaydalarına maksimum tabe olmağı gözləyən qəddar əxlaqçı… Dövrün qəzetlərindən biri, bir dəfə cəsarət edib onu belə təsvir eləmişdi “iybilmə qabiliyyəti yüksək olan detektiv imicinin əksinə, dəbdəbəli geyinir, elianor mavisi qalstukları, cib dəsmalları və corabları ilə ahəngli, ən sevdiyi rəng… Balacaraq, dolu bədənli, yerişi cilvəkarıdr.”
Edgar Hooverin özünün birbaşa bizimlə əlaqəsi yoxdur, formalaşdığı və yaşadığı mühitin, qorxularının, bunun nəticəsi olaraq qorxulara reaksiyasının bizə, onun xırdaca maketlərinə bənzərliyi var.
Marc Dugain Edqarın lənəti kitabında belə cümlə işlədir. “Biz, təməlimizdəki səthi əxlaqçılığın kölgəsi altında paronoyanın, şizofreniyanın, qadın düşmənliyinin, irqçiliyin və antisemitizmin baş-başa getdiyi tarixi dövrümüzü araşdırmaq istəyirik. Villiam Stryonun yazdığı kimi “atalarımızın puritanizmi ilə pornoqrafiyanın hədsiz bolluğu arasıda yellənən körpü” dövrü idi o dövr.” Onlar üçün “idi”. Bəs bizim üçün?
Təkcə Teodor Ruzveltin xanımı Elionora Ruzvelt, xüsusən onun gənc məşuqu ilə münasibəti haqda 800 səhifəlik iş hazırlayan Hooverin özünə və ətrafdakılara verdiyi narahatlıq həddi aşanda o, partniyorunun məsləhəti ilə psixoanalistə müraciət edir. Öz evində və üzərində səsyazan vasitə ilə.
“– Dialoqumuz müsbət alındı. Mənə hər dəfə tam olaraq səmimi cavab vermədiniz, yalanlarınız məni narahat etmədi. Hətta bəzən kömək elədi. Siz məndən problemlərinizi həll etməyimi istəyirsiniz, bu normaldır. Yaxud, heç olmasa mənim sizi, həyatınızın normal davam etməsinə təzyiq göstərən yükdən qurtarmağımı gözləyirsiniz. Bugünkü söhbətə, sizə deyəcəyim şeydən çox, analizlərimi necə qəbul edəcəyinizdən qorxduğum üçün çəkinərək başlayacağımı etiraf edirəm. Birazdan görəcəyimiz iş, cənab Hoover, Froydun təlimi ilə Viktorian dövr əxlaq anlayışının ən irəlidə gələn təmsilçilərindən biri arasındakı ən qeyri-adi və bu günə qədər rast gəlinməyən nadir çəkişmə olacaq.
– Nə demək istəyirsiniz?
– Federal polis rəisi olaraq icra etdiyiniz vəzifələrə görə sizin, bu ölkədəki əxlaq qurumunun əsas qarovulçularından olduğunuzu demək istəyirəm. Və narahatlıqlarınızın, zidd qütblər arasında parçalanmanın gətirdiyi sıxıntılara səbəb olan bir şəxsiyyət bölünməsinin kökündə, sizin gizli itkilərinizlə bu əxlaqi mütləq gücün mübarizəsinin yatdığını ehtiva edirəm.
– Deyəsən yaxşı başa düşmədim, doktor.
– İcazənizlə daha sadə izah etməyə çalışacam. Sivilizasiyamızda qüvvədə olan və kilsədən miras alınan əxlaq, sizin də mənim də bildiyimiz hal və qaydaları buyurmuşdur. Hamımızın, cinsəlliyi monoqam bir ailə içində yaşamaq öhdəliyi var və son hədəf də nəslimizi davam etdirməkdir. Bu mənada beynimizin bir tərəfinə yazılan əxlaq, sivilizasiyamızdakı dəyərlərin qarovulçusu olaraq yüksəlir və sosial qaydalara uyğun gəlməyən hər cür itkiyə qarşı təzyiq vasitəsi kimi işləyir. Bu avtosenzura da kifayət eləməsə, cəmiyyətin yoldan çıxmalarına “ayıb olsun” deməyi öz üzərinə götürməyi hamıdan yaxşı siz bilirsiniz. Yəni iki ayrı səviyyədə olan polis. Birinci öz özümüzə etdiyimiz polislik, ikinci sizin üzərinizə götürdüyünüz polislik.”
Dialoq, psixoanalistin Hooverin homoseksuallığının səbəbini açması ilə bitir. Başqa mövzuya girdiyi üçün o hissəni bu yazıya köçürmədim. Əlavə edim ki, Hoover söhbəti bu cümlə ilə yekunlaşdırır. “Əgər bu danışdıqlarımızı yaymağı ağlınıza gətirsəniz, bilin ki, hamısını səs yazısına almışam. Mənə aid hissələri silə biləcəyimi və sizin işinizin sadəcə üst səviyyədə bir azğını ortaya çıxarmaq olduğunu göstərən hissələri saxlaya biləcəyimi unutmayın.” Fəqət Hoover, başı çox qarışıq olduğuna görə o səs yazılarına müdaxilə eləməyə vaxt tapmır.
Foucaultun “namus dəliliyi” adlandırdığı Viktorian həyat tərzi, Edgar Hooverin iqtidarını qorumaq üçün Viktrorian əxlaq vasitəsi ilə hamını nəzarətdə saxlaması və bizim gizlilik qorxumuz… Nə dəxli?
Mətndən Viktorian və kilsə sözlərini çıxarıb, yerinə dinimizə-dilimizə uyğun doğma termin qoysaq, özümüzü qərb sivilizasiyasının varisi kimi hiss edə bilərik. İkiüzli lal, utancaq cinsəllik; cinsi həyatın monoqam ailə ilə məhdudlaşması; hamımızın əxlaq qaydalarına “ayıb olsun” demək öhdəliyi və.s. Cəmiyyət başqa necə idarə olunmalıdır? Hər il nə qədər dövlətin marağı hansısa birinci-ikinci-üçüncü şəxsin “ayıblı kaset”inə görə ziyan çəkir.
Biz, əlində başqalarını şantaj eləmək imkanı olmayan, “ayıb iş”i gizlində görən, üzdə hamıya əxlaq dərsi keçən xırda Hooverciklər, “Atalarımızın prütanizmi ilə pornoqrafiyanın hədsiz bolluğu arasıda yellənən körpü”sündə yellənirik. Nə puritanizmin, nə də pornoqrafiyanın sahilinə çıxmağa cəsarətimiz çatmır.
Foucault, sözügedən kitabının başqa bir bölməsini də bu abzasla başlayır. “Rəvayət odur ki, XVII əsr, burjua adlanan topluma xas olan və özümüzü bəlkə hələ də qurtara bilmədiyimz dövrün başlanğıcıdır. Çünki, bu tarixdən sonra cinsəlliyin adını ağıza almaq daha da çətin və təhlükəli oldu. Sanki, cinsəlliyə real səviyyədə nəzarət eləmək üçün onu dil səviyyəsinə endirmək, onun nitq içərisindəki sərbəst hərəkərini nəzarətdə saxlamaq, onu danışılan şeylərin arasından çıxarıb qovmaq və onu son dərəcə diqqət mərkəzinə gətirən sözləri “susdurmaq” lazım idi. Müasir başıaşağılıq, dilə gətirməyə ehtiyac hiss etmədən sırf bir-birinə referans edən qadağaların köməkliyi ilə cinsəllik haqqında danışmamağı təmin edir. Özləri susa-susa, səssizliyi zorla qəbul etdirən susqunluqlardır bunlar. Senzura…” Nəticəsi – bizim gözümüz, hələ də “sapioseksual” sözünün ancaq “seksual” hissəsini görürür, qulaqlarımız “seksual” qismini beynimizə ötürür.