Ənənə kultu, müasirliyi qəbul etməmək, fikir ayrılığını satqınlıq hesab etmək, pasifizmi düşmən dəyirmanına su tökmək adlandırmaq, ofisioz yəni yenidil, intellektuallara nifrət. Bunlar, italyan yazıçısı Umberto Ekonun hələ 1995-ci ildə müəyyənləşdirdiyi faşizmin on dörd əlamətiir. Hər kəs öz ölkəsini bu siyahı əsasında gözdən keçirib, “zülmət dövrünə” düşüb-düşmədiyini anlaya bilər.
Bu gün “faşizm” məfhumu təhrifə uğrayıb, həm dövlət təşviqatında, həm də aşağılar – xalq səviyyəsində yararsızı etiketləyən ştampa çevrilib. Əgər təbliğat ştamplarını bir kənara qoyub sadəcə tarixə boylansaq, əsl faşizmin əsas əlamətlərini nisbətən asanlıqla görmək mümkündü.
Dahi italyan yazıçısı Umberto Eko 1995-ci ildə bunu eləməyə çalışıb. O, ABŞ-ın Kolumbiya Universitetində italyan və fransız bölmələrinin birgə keçirdiyi simpoziumda faşizmin sxemini təqdim eləyib.
Auditoriya tələbələrdən ibarət olduğuna görə, Eko bilərəkdən sxemi qismən sadələşdirmiş və sadə insanların da qavraması üçün yüngülləşdirmişdi.
Həmin ilin iyununda sözügedən məruzə cüzi redaktə olunaraq «Eternal Fascism» başlığı ilə dərc olunmuşdu.
Hər hansı cəmiyyətdə, siyahıdakı əlamətlərdən altı-yeddisi müşahidə olunursa, həmin cəmiyyət faşizmin başlanğıcına yaxınlaşıb (ondan sonra hər şey qar topası kimi böyüyəcək).
FAŞİZMİN ƏLAMƏTLƏRİ
1) Faşizmin birinci əlaməti ənənə kultudu. Ənənəviçilik faşizmdən də qədimdi. O, Fransa inqilabından sonra dominant, anti-inqilabi katolik ideya kimi önə çıxıb, ancaq ilk rüşeymləri Ellin dövrünün sonlarına yaxın, klassik Yunanıstanın rassionalizminə reaksiya olaraq yaranıb. Bu ideyaya görə, elmi inkişaf etdirməyə səbəb yoxdu. Həqiqət artıq bəyan edilib, özü də əbədi; bizə qalan yalnız onun mürəkkəb sözlərini anlamağa çalışmaqdı. İstənilən faşist mədəniyyətinin “güllə darağına” baxmaq kifayətdi: ora yalnız ənənəviçi mütəfəkkirlər daxildi.
Alman-faşist qnozisi ənənəvi, sinkretik, gizli mənbələrdən (okkultizm) qidalanırdı. Yeni italyan sağının ən vacib nəzəri mənbəsi olan Yulius Evola, Müqəddəs piyaləni “Sion müdriklərinin protokolları”na, əlkimyanı Müqəddəs Roma imperiyasına qarışdırır. Elə italyan sağçılarının öz dünyagörüşlərini artırmaq məqsədilə “darağa” De Mestri, Genon və Qramşini daxil etmələri sinkretizmin parlaq göstəricisidi.
2) Ənənəviçilik labüd şəkildə modernizmdən imtina ilə nəticələnir. İtalyan faşistləri kimi alman nasistləri də guya texnikanı sevirdilər, halbuki ənənəviçi mütəfəkkirlər texniki tərəqqini pisləyir, onda ənənəvi mənəvi dəyərlərin inkarını görürdülər. Əslində isə nasizm öz sənayeləşdirmə siyasətinin sadəcə zahiri aspektlərindən həzz alırdı. Onun ideologiyasının dərinliklərində “Qan və zəmin” nəzəriyyəsi (“Blut und Boden”) birinci yerdə dayanırdı. Müasir dünyanın inkarı kapitalist müasirliyin inkarı işarəsi altında həyata keçirilirdi. Bu, mahiyyətcə elə 1789-cu ilin (təbii ki, həm də 1776-cı ilin) ruhunun -Maarifçilik ruhunun inkarı idi. Onlar rassionalizm əsrinə müasir pozğunluğun başlangıcı kimi yanaşırdılar. Buna görə də, ur-faşizm irrassionalizm də sayıla bilər.
3) İrrassionalizm, fəaliyyət xətrinə fəaliyyət kultu ilə sıx bağlıdı. Fəaliyyət özü-özlüyündə gözəldi və buna görə də, kənardan və refleksiyasız həyata keçirilməsi mümkündü. Düşünmək – igidlik tələb eləmir. Tənqidi münasibətin potensial daşıyıcısı olduğuna görə mədəniyyətə şübhə ilə yanaşılır. Bura hər şey daxildi: Göbbelsin “Mən “mədəniyyət” sözünü eşidəndə tapançamı çıxardıram” cümləsi də, intellektual maymaqlar, yumurtabaş intellegentlər, radikal snobizm və universitetlər- kommunizm virusunun şitilliyi ilə bağlı “gözəl” sözlər də. İntellektual dünyaya şübhəli yanaşma, hər zaman ur-faşizmin mövcudluğu barədə siqnal verir.
Rəsmi faşist mütəfəkkirləri, əsasən, müasir mədəniyyəti və liberal ziyalıları əbədi dəyərlərdən uzaqlaşmaqda ittiham etməklə məşğul idilər.
4) Sinkretizmin heç bir forması tənqidə qarşı dözümlü deyil. Tənqidi yanaşma distinksiyalara əsaslanır, distinksiya isə müasirliyin atributudu. Müasir mədəniyyətdə elm mühiti fikir ayrılığına hörmət edir, onu elmin inkişafına təkan kimi görür. Ur-faşizmin gözündə isə fikir ayrılığı xəyanətdi.
5) Fikir ayrılığı – həm də fərqlilik nişanəsidi. Ur-faşizm böyüdükcə anadangəlmə fərqli olandan qorxmaq hissini istismar edərək konsensuslar axtarır.
Faşistoid hərəkatının ilk şüarları fərqli olanlara, yadlara qarşı yönəlib. Beləcə, ur-faşizm, lap əvvəldən rasizmə meyllidi.
6) Ur-faşizm- individual və ya sosial frustrasiyadan doğulur. Ona görə də, tarixi faşizmlərin hamısı frustrasiya edilmiş, iqtisadi, yaxud siyasi böhrandan zərər görən, qıcıqlanmış aşağılardan özünə qarşı təhlükə hiss eləyən orta sinifə güvənir.
Keçmiş proletarların xırda burjuaziyaya çevrildiyi, lümpenlərin siyasi həyatdan kənarlaşdığı zəmanəmizdə faşizm, indi çoxluq təşkil eləyən bu sinifdə özünə çox gözəl auditoriya tapır.
7) Sosial cəhətdən tamamilə yoxsullaşanlara ur-faşizm deyir ki, onların imtiyazlarının yeganə təminatı müəyyən bir ölkədə doğulmaq faktıdı. Beləcə, milliyyətçilik möhkəmləndirilir. Milləti isə yalnız bir şey birləşdirə bilər – düşmənlər. Ona görə də, ur-faşist psixologiyasının təməlində sui-qəsd ideyasına – imkan daxilində beynəlxalq olsa daha yaxşıdı – aludəçilik dayanır. İnsanlar özlərini mühasirəyə alınmış kimi hiss eləməlidilər. Auditoriyanın diqqətini sui-qəsdə yönəltməyin ən yaxşı üsulu – ksenofobiya yaylarından istifadədi. Daxili sui-qəsd də işə yarayar, yəhudilər bu iş üçün çox münasibdilər, çünki onlar eyni zamanda həm daxildə, həm də xaricdədilər.
8) Düşmənlər öz sərvətlərini nümayiş etdirdiklərinə, gücləri ilə öyündüklərinə görə həmüzvlər özlərini təhqir olunmuş hiss eləməlidilər. Balaca olanda mənə təlqin eləyirdilər ki, ingilislər “gündə beş dəfə qidalanan” millətdi. İngilislər, kasıb, ancaq namuslu italyanlardan daha çox yemək yeyirlər. Bir də yəhudilər varlıdılar. Üstəlik onlar öz soydaşlarına kömək eləyirlər, özlərinin gizli qarşılıqlı yardım şəbəkəsi var. Bu, bir tərəfdən; digər tərəfdən isə həmüzvlər istənilən düşmənin öhdəsindən gələ biləcəklərinə əmindilər. Beləliklə də, ritorik simlərə toxunuşlar sayəsində düşmənlər eyni zamanda həm həddindən artıq güclü, həm də həddindən artıq zəif təsvir olunur. Bu səbəbdən də müharibələrdə faşizmlər hər zaman məğlubiyyətə məhkumdu: onlar düşmənin döyüş bacarığını obyektiv qiymətləndirməyə qadir deyil.
9) Ur-faşizm üçün həyat uğrunda mübarizə yox, mübarizə uğrunda həyat mövcuddu. Bu halda isə pasifizm birmənalı şəkildə düşmənlə əlbirliyə bərabər olur. Pasifizim qəbahətdi, zira həyat əbədi mübarizə deməkdi. Eyni zamanda həm də Qiyamət məhkəməsi kompleksi də var. Bir halda ki, düşmən məhv edilməlidi – və ediləcək də, deməli, son döyüş baş verəcək və nəticədə sözügedən hərəkat dünya üzərində tam nəzarət ixtiyarı qazanacaq. Bu cür “total həll”in fonunda ümumdünya sülh erası – Qızıl əsrin başlanacağı nəzərdə tutulur.
Lakin bu, permanent müharibə haqqında tezisə ziddi və hələ heç bir faşist lider bu ziddiyyəti çözməyə nail olmayıb.
10) Bütün mürtəce ideologiyalara elitarizm xasdı, çünki o, aristokratiya ilə dərindən əlaqəlidi. Tarix boyu bütün aristokratik və militarist elitarizmlər zəifə qarşı nifrət üzərində qurulub. Ur-faşizm populist elitarizmi təbliğ eləyir: sıravi vətəndaşlar dünyanın ən yaxşı xalqının nümayəndələridi. Partiya ən yaxşı sıravi vətəndaşlardan ibarətdi. Sıravi vətəndaş partiyanın üzvü ola bilər (ya da buna məcburdu).
Ancaq patrisilərin mövcudluğu plebeylərsiz qeyri-mümkündü. Hakimiyyəti qanuni yolla yox, güc sayəsində əldə elədiyini bilən rəhbər yaxşı başa düşür ki, onun gücü kütlənin zəiflikləri üzərində qurulub. Və bu kütlə çobana ehtiyac duyacaq qədər zəifdi, odur ki, ona layiq olmalıdı. Buna görə də, ierarxik (militarist model əsasında) təşkil olunmuş belə cəmiyyətlərdə hər bir başçı bir tərəfdən özündən yuxarıdakılara, digər tərəfdən özündən aşağıdakılara nifrət eləyir. Beləcə kütləvi elitarizm möhkəmlənir.
11) Hamı və hər kəs qəhrəman olmağa hazırlaşdılır. Əfsanələrdə qəhrəman nadir, qeyri-adi məxluq olur; ancaq ur-faşizm ideologiyasında qəhrəmanlıq normadı. Qəhrəmanlıq kultu birbaşa ölüm kultu ilə bağlıdı. Təsadüfi deyil ki, falangistlərin şüarı “Viva la muerte!” (“Yaşasın ölüm!”) idi. Normal insanlara deyirlər ki, ölüm kədərli hadisədi, amma onu ləyaqətlə qarşılamaq lazımdı. İnanclı insanlara deyirlər ki, ölüm fövqəl həzzə çatmağın əzablı üsuludu.
Ur-faşizmin qəhrəmanı ölüm həsrəti ilə alışıb-yanır, onu qəhrəmancasına yaşamağının qarşılığında taleyinə yazılmış kompensasiya hesab eləyir. Ur-faşizmin qəhrəmanı səbirsizliklə öləcəyi anı gözləyir. Və “qəhrəman” səbirsizlik ucbatından, tez-tez başqalarının canını almalı olur.
12) Permanent müharibə də, qəhrəmanlıq da son dərəcə mürəkkəb oyunlar olduğuna görə, ur-faşizm hakimiyyəti əldə etmək meylini cinsəl sferaya transfer eləyir. Kişilik kultu bunun üzərində qurulur (yəni qadına yuxarıdan-aşağı baxmaq və bakirəlikdən homoseksuallığa qədər istənilən nonkoformist seksual vərdişlərin yasaqlanması). Cinsəllik də son dərəcə mürəkkəb oyun olduğuna görə, ur-faşizmin qəhrəmanı tapança ilə – yəni fallosun əvəzləyicisi ilə oynamağa başlayır. Mütəmadi hərbi oyunların alt qatında qaçınılmaz şəkildə “invidia penis” (“penisə həsəd”) dayanır.
13) Ur-faşizm keyfiyyətli (kvalitativ) populizm üzərində qurulur. Demokratiya şəraitində vətəndaşlar şəxsiyyət hüquqlarından istifadə edirlər: vətəndaş birliyi yalnız yetərli qədər əsası olduğu halda (kvantitativ) öz siyasi hüquqlarını reallaşdırır – çoxluğun qərarı yerinə yetirilir. Ur-faşizmə görə isə, fərdin, bir şəxsiyyət kimi heç bir hüquqları yoxdu, Xalq isə keyfiyyəti, ümumi iradəni təcəssüm eləyən vahid birlik qismində təqdim olunur. Lakin insanların sayından asılı olmayaraq, çoxluğun ümumi iradəyə malik olması mümkün deyil. Odur ki, başçı onların hamısının adından danışmaq iddiasına düşür. Özünü təmsil eləmək hüququnu itirən sıravi vətəndaşlar hərəkət eləmirlər, onlar sadəcə çağırılırlar – Xalq rolunu oynamaqdan ötrü. Beləcə, Xalq, yalnız və yalnız teatral fenomen kimi mövcud olmağa başlayır. Keyfiyyətli populizmin örnəyi qismində mütləq Nürnberq stadionunu, ya da Mussolininin eyvanının önündəki dolu meydanını misal çəkməyə gərək yoxdu. Yaxın gələcəyimizdə keyfiyyətli populizm perspektivləri – televiziya və elektron internet şəbəkəsidi. Onlar xüsusi seçilmiş bir qrup vətəndaşın emosional reaksiyalarını “xalqın fikri” kimi təqdim etməyə qadirdi. Öz kvalitativ sütunları üzərində əzmlə dayanan ur-faşizm, “çürümüş parlament demokratiyası”na qarşı silahlanır. Mussolininin italyan parlamentindəki nitqində ilk sözü “Çox istəyərdim ki, bu səssiz, boz zalı uşaqlarım üçün idman zalına çevirim” olmuşdu. Təbii ki, o, çox tezliklə öz uşaqları üçün daha yaxşı bir məkan tapmışdı, bununla belə parlamenti yenə də buraxdı. Hər dəfə siyasətçi, guya artıq xalqın fikrini əks etdirmədiyi bəhanəsilə parlamentin legitimliyini şübhə altına alanda açıq-aşkar Əbədi Faşizmin qoxusu gəlməyə başlayır.
14) Ur-Faşizm Yenidildə danışır. Yenidil, Oruell tərəfindən kəşf olunub, “1984” romanında Anqsosun – ingilis sosializminin rəsmi dilidi. Ancaq ur-faşizm elementlərini ən müxtəlif diktaturalarda tapmaq mümkündü. Nasistlərin də, faşistlərin də dərslikləri kasad leksikası və primitiv sintaksisi ilə fərqlənirdi, məqsəd isə mürəkkəb tənqidi düşüncənin alətlərini məktəblilər üçün maksimum dərəcədə məhdudlaşdırmaq idi. Amma biz Yenidilin başqa formalarını da tanımağı bacarmalıyıq, hətta onlar məsum populyar televiziya tok-şousu görkəmində olsalar belə.