Mayın 29-da Bakıda, Avropa çempionatının final oyunu – “Arsenal”-“Çelsi” qarşıdurması keçiriləcək. Ancaq Azərbaycanda futbol barədə az danışırlar. Üçüncü ingilis komandasının məşqçisi Yurgen Klopp isə, komandası çempionlar liqasının finalına çıxandan dərhal sonra Azərbaycan paytaxtı haqqında – daha bilmirik, öz fikirləridi, ya başqasının – fikir söyləmək qərarına gəlib: “Məncə, finalı orda keçirmək çox gülməlidi. Bilmirəm, belə qərarları verən adamlar nə yeyib-içirlər… Təsəvvür belə eləmirəm ki, ora necə getmək-çatmaq olar? Dəqiq heç bir məlumat yoxdu. Finallar barədə əsaslandırılmış və məntiqli qərarlar verilməlidi. İndi baş verənlər məsuliyyətsizlikdi. Bilmirəm, onlar belə qərarları necə qəbul eləyirlər”.
Bundan bir qədər sonra isə “Arsenal”la “Çelsi” bəyan eləyib ki, UEFA-nın onlar üçün ayırdığı biletlərin heç yarısını belə, azarkeşlərinə sata bilməyiblər.
Finaldan danışmaq üçün növbəti futboldankənar səbəb isə “Arsenal”ın yarımmüdafiəçisi Henrix Mxitaryanın Bakıya gəlməkdən imtina etməsi olub.
«Спорт День за Днем»-un baş redaktoru İvan Jidkov üç dəfə Bakıda olub, amma Yurgen Klopp kimi o da detallara diqqət yetirməyi unudub. Ona görə də qərara gəlib ki, mövzu ilə bağlı köhnə bakılı tanışı, Rusiya Federasiyası Yeni Kulturologiya İnstitutunun əməkdaşı, Rusiya Kinoşünaslar və Kinotənqidçilər Gildiyasının üzvü, Azərbaycanın tanınmış kinoşünası Ülvi Mehdinin fikirlərini öyrənsin.
– Bakıda Yurgen Kloppun sözləri necə qarşılandı?
– Kloppun reaksiyası mənə bir qədər qəribə təsir bağışladı, çünki o, 2010-cu ildə – Avropa çempionatında “Borussiya” “Qarabağ”la oynayanda Bakıya gəlmişdi. Və o vaxt heç bir kəskin bəyanat olmamışdı, hər şey qəbul olunduğu kimi baş vermişdi: gəldi, məşq etdirdi, uddu, getdi. Və doqquz ildən sonra qəflətən belə bir hadisə olur. Halbuki özü başqa finalda və başqa şəhərdə oynayacaq. Kloppun sözlərində həqiqət payı varmı? Kifayət qədərdi.
Fakt budu ki, Azərbaycanda böyük futbol ənənələri yoxdu. Avropa Liqasının finalı kimi nəhəng tədbirin təşkilatçılığını öz üzərinə götürməyin səbəbi, çox güman ki, dövlətin imicini qaldırmaq və turizmin səviyyəsini yüksəltmək istəyidi. Buna görə, Kloppun sözləri Azərbaycan cəmiyyətində belə həssas reaksiya doğurub. Çünki, bir qayda olaraq, Azərbaycana dəvət olunan ictimai xadimlər, tanınmış media fiqurları və bura əylənmək üçün gələn sadə turistlər çox pozitiv rəylər verirlər! Yerli qonaqpərvərlik barədəki iltifatların fonunda Kloppun “fikir axını” çoxlarının, xüsusən də, “nəcabətli” publikanın xətrinə dəyib. Ən maraqlı münasibəti rusiyalı evdar qadınların, ölümsüz superagent Dronqonun macəralarından tanıdıqları, məşhur belletrist Çingiz Abdullayev sərgiləyib.
O, sosial şəbəkələrdə vətənpərvər əhval-ruhiyyəli izləyiciləri qarşısında öz əxlaqi prinsipləri ilə öyünə-öyünə, keçən əsrin 30-cu illərin kontekstində Kloppa milli mənşəyini xatırladıb. Hərçənd Abdullayev növbəti dəfə Azərbaycan tabloidlərində də görünüb. Bu dəfə o, Azərbaycan Yazıçılar İttifaqının binasında striptiz klubun necə peyda olduğunu izah eləməyə çalışıb (maraqlıdı ki, Abdullayev sözügedən təşkilatda sədr müavinidi). Toples-strinqli kurtizankanı göstərən qalmaqallı video, çox güman ki, xidmətdən narazı qalan hansısa müştəri tərəfindən sosial şəbəkələrdə yayılıb. Dronqo, hələ heç vaxt iflasa bu qədər yaxınlaşmamışdı!
– Doğrudanmı, ingilislər üçün Bakıya gəlmək çətin başa gəlir?
– Bir az çətindi. Bakıya Avropa və Böyük Britaniyadan ucuz aviareyslər gəlmir. Londonun özündən isə həftədə cəmi bir birbaşa reys var, tranzitlə isə, bu məsafə, ən azı, doqquz saatlıq uçuş deməkdi. Bakı yalnız siyasi cəhətdən Avropa hesab olunur, coğrafi baxımdan isə Asiyadı. Ancaq inhisarçı dövlət hava yolları konserni AZAL bildirib ki, məxsusi olaraq ingilis azarkeşlər üçün loukoster “qızı” ““Buta”nın əlavə reysləri hesabına uçuşların sayını artırmağa hazırdı. Google-da yaxın tarixlə bağlı axtarış aparsaq, görərik ki, Britaniya mətbuatı keçən il çempionlar liqasının finalında Kiyevlə bağlı da eyni şəkildə şikayətləmişdi, dünya çempionatına görə də, Rusiyaya “daş atmışdı”.
– “Arsenal”-“Çelsi” matçı Bakıda maraq doğururmu?
– Təbii ki, bütün bu səs-küy və harrasment ucbatından futbol ikinci, hətta üçüncü plana keçib. Futbolla bağlı bütün müzakirələr informasiya müharibəsi məcrasına yönəlib. Ki, bu müharibə artıq 25 il – uzaq-yaxın 1994-cü ildə Dağlıq Qarabağ münaqişəsi zəminində Azərbaycanla Ermənistan atəşkəs rejimi elan eləyəndən bəri gedir.
Avropa Liqasının finalı mövzusu, bir vaxtlar Kultura.аz-ın səhifələrində “dolma müharibəsi” adı verilmiş bu bədnam informasiya müharibəsinin bir parçasına çevrilib. Ola bilsin ki, dünyada güclü nüfuza malik olan erməni diasporu Britaniya KİV-inə təzyiq göstərir. Axı, hələ yarım il əvvəl “Arsenal”ın bu finala düşəcəyi ehtimalı vardı! Bakı, UEFA-ya Mişel Platininin rəhbərlik elədiyi dövrdən bu böyük futbol hadisəsinin təşkilatçılığını üzərinə götürmək üçün fürsət axtarırdı. Klub turniri ilə birlikdə Avro-2020-nin qrup mərhələsini qəbul eləmək haqqını da qazanmışdı. Çox ola bilər ki, futbol aləminin pərdəarxasında Platininin “rüşvətxorluğu” əleyhinə kampaniya davam eləyir. Təəccüblü deyil ki, Britaniya tabloidləri “Arsenal”la “Çelsi”ni finalı boykot eləməyə səsləyir. Bu, Platininin əsəri – geniş coğrafiyanı əhatə eləyən Avro-2020-yə yönəldilmiş zərbənin “məşqidi”.
– Henrix Mxitaryan Bakıda oynaya bilərdi?
– Məhz, Mxitaryanın təhlükəsizliyinə zəmanət verilməsi məsələsinə Azərbaycan dövlət strukturları ən məsuliyyətli şəkildə yanaşıblar. Məsələ ilə Xarici İşlər nazirliyi də, İdman və Gənclər nazirliyi də, təhlükəsizlik xidmətləri və s. son dərəcə ciddi şəkildə məşğul olub. Lakin informasiya müharibəsində düşmən tərəfin əks-hücumları dərhal başlamışdı: niyə təhlükəsizlik zəmanəti ancaq Mxitaryan verilir, erməni soyadlı azarkeşlərə yox? Bununla bağlı son dərəcə ciddi arqument var və onu gözardı eləmək olmaz. Xatırladaq ki, 1994-cü ildə Azərbaycan ərazilərinin işğalı nəticəsində ölkədə yüz minlərlə evindən-eşiyindən məhrum olunmuş məcburi köçkün, həmçinin 1988-ci Ermənistan SSR-dən gəlmiş böyük sayda qaçqınlar yaşayır. Kollektiv mənəvi travmalar hələ sağalmayıb və heç kim onların hər birinin necə reaksiya verəcəyini deyə bilməz. Odur ki, vəziyyət düzələnə qədər ehtiyatlı olmaq daha yaxşıdı. Futbol şərhçisi Nobel Arustamyan kifayət qədər nəzakətli şəkildə etirazını bildirib – guya bakılı olduğu halda öz Bakısına gələ bilmir və s. Mən bilmirəm, şərhçi bununla bağlı RF-dakı Azərbaycan səfirliyinə sorğu göndərib, ya yox, hər halda bu barədə heç bir məlumat yoxdu. Ancaq məşhur hərşeyşünas, elmlər namizədi Utkin bu məsələdə fərqlənib. Ola bilər, bir dəfə də efirində baş verdiyi kimi, yenə dəm olub.
Mxitaryan Bakıya gəlib final matçında iştirak edə bilmədiyinə görə, Utkin, “bu, əclaflıq və sarsaqlıqdı” deyərək Azərbaycanı təhqir eləyib. Yəqin, Utkin Henrixin, demək olar ki, böyük “təmtəraqla” Azərbaycana dəvət olunduğuna dair xəbərləri gözdən qaçırıb. Vasili Bakıda “keveençi” dostlarının qonağı olanda qoyun ətli kabab məclisləri – mən bunu “kababdirovka” adlandırıram – yaman xoşuna gəlirdi. Çox güman ki, indi də Ermənistanda ona maraq göstərməyə başlayıblar. Utkin də donuz ətli “kababdirovka”ları sevir. Etiraf eləmək lazımdı ki, ermənilər bu işin ustasıdılar!
– Mxitaryanın Bakıya gəlməyəcəyi barədə qərarı kim verib?
– Hər-halda Mxitaryan sadəcə futbolçu deyil – ümumdünya erməni diasporu üçün əhəmiyyətli brenddi. Əgər fikir vermisinizsə, Bakıda keçirilən Avropa oyunlarına erməni nümayəndə heyəti, o cümlədən jurnalistlər də gəlmişdilər. Onların təhlükəsizliyinə zəmanət verilmişdi və təmin olunmuşdu, heç bir etiraz yaranmamışdı və xatırladığım qədərilə, hətta idmançılardan bəziləri azərbaycanlıların qonaqpərvərliyini tərifləmişdi. Belə təəssürat yaranır ki, elə-bil Ermənistan rəhbərliyi, idmançılardan ibarət heyətini Pyer de Kubertenin humanizm prinsiplərinə cavab olaraq Azərbaycana göndərməyə razılıq veribmiş. Keçən il Ermənistanda hakimiyyət dəyişib və nədənsə o, həm humanitar, həm də idman layihələrinə qarşı münasibətini sərtləşdirib. Qonşu ölkənin məmurları Bakıda keçirilən bütün idman, elmi və mədəni hadisələrə laqeydlik nümayiş etdirirlər.
– Avropa Liqasının finalı üçün nəzərdə tutulan Bakı “Olimpiya” stadionu necə bir yerdi?
– Mən uzun müddət Peterburqda, Krestovski adasındakı Kirov adına stadionun yaxınlığında yaşamışam və Bakıdakı yeni arena məndə həmin o unudulmuş antifutbol meydanı ilə assosiasiya olunur. Orda futbola uzun səfərlər kapitanının binoklu ilə baxmaq lazım gəlirdi. Odu ki, öz “biomexanizm”imi televiziya ekranının qarşısında oturtmağı seçirəm. Həm rahatdı, həm də oyunun təsviri daha yaxşı görünür. Üstəlik məkan problemi də var. Oyun yerli vaxtla gecə saat ikinin yarısında bitəcək, ən yaxın metro stansiyası bağlı olacaq. Yetmiş min insanın eyni yerdə toplaşması mobil əlaqədə nöqsanlar yaradacaq, taksi çağırmaq mümkün olmayacaq. Həyat əlaməti olan bir yerə çatmaq üçün çöllük sahəylə, ən azı, beş kilometrə yaxın piyada addımlamaq lazım gələcək. Küləklər şəhəri Bakıda, xüsusilə, gecələr elə külək əsə bilər ki, addım ata bilməzsiniz. Gücləndirilmiş təhlükəsizlik tədbirləri şərtlərində maşınlar üçün dayanacaq məsələsinin necə həll olunacağını da heç kim dəqiq bilmir.
– İngilislər az gəlsə, stadionu kim dolduracaq?
– Əgər biletlər də az satılsa, xeyriyyəçilik rejiminə keçmək lazım gələcək. Biletlər idman bölmələri, ali məktəblər arasında paylaşdırılacaq, ya da əsgərləri xoşbəxt eləyəcəklər. Yerli fan-klublar, əsasən, italyan və ispan brendlərinə üstünlük verirlər. İngilis premyer-liqalarının da azarkeşləri var, ancaq onlar marketinq baxımından daha çox təbliğ olunan “Mançester-Yunayted”ə üstünlük verirlər. Mən Bakıda əynində “Arsenal”, ya da “Çelsi” forması olan heç kim görməmişəm. “Aristokratların” forması bircə məndə vardı, amma artıq ölçüsü mənə uyğun gəlmir.
– Avropa Çempionatının finalı Azərbaycanda futbolun inkişafına necə təsir eləyəcək?
– Heç bir təsir eləməyəcək. Ümumiyyətlə, əgər inkişaf olsaydı, iyirmi beş il ərzində mütləq, cüzi də olsa, bir əlamətini görərdik. Azərbaycan dünya futboluna 94-95-ci illərdə Slovakiya, ya da İslandiya ilə eyni pillədən qoşulub. Ancaq indi onlar hardadılar, Azərbaycan hardadı? Əvvəl necə FİFA-nın reytinqlərinin quyruğunda idisə, elə orda da qalıb. Biz bircə Vatikan yığmasından güclüyük!
– Əgər turistlər gəlib Bakıya çıxa bilsələr, burda nələr eləyə bilərlər?
– Yeri gəlmişkən, yaxın istiqamətləri götürsək, Rusiyada Azərbaycan turistik yerlər arasında lider ölkələrdən biri sayılır. “Formula-1”-ə mütəmadi olaraq xeyli rus, ingilis gəlir. Bakıda bir-iki gün necə əylənmək olar? Hər şey çox sadədi! Qastronomik orqiya ilə! Bilmirəm, tox və sərxoş ingilislərə qədim Qobustan mağaralarını görmək maraqlı olarmı? Əmin deyiləm. Bəlkə çimərliklər xoşlarına gələr?
– Bakıda nələrdən qorunmaq lazımdı?
– Təhlükəsizlik baxımından narahatlığa, demək olar ki, səbəb yoxdu: hər ikinci dirəkdə kamera var. Gecələr mərkəzdə rahat gəzib-dolaşmaq mümkündü, bircə Bakı küləyi əngəl yarada bilər. Bir nüans var. Bizdə cəmi bir-iki taksi şirkəti bank kartları ilə işləyir. Bakı taksiləri, əsasən, nəqdə üstünlük verirlər, sürücülər təsəvvür belə eləmirlər ki, kartı pos-terminala necə qoyub, necə götürmək olar. Bununla barışmaq lazımdı, xüsusən də, əgər bir-iki günlük gəlmisinizsə. İctimai nəqliyyatda da problem var, çünki Bakının əhalisi həddindən sıxdı. Tıxaclar çoxdu. Bu vəziyyətdən qismən də olsa, Sovet İttifaqından miras qalan metro xilas eləyir.
– Yurgen Kloppu Bakıda hara aparmaq lazımdı ki, fikrini dəyişsin?
– Yurgen, radikal müsəlman Şərqinə gəldiyindən qorxmasın deyə, şəxsən mən onu donuz ətindən yaxşı kabab hazırlanan bir yerə (Bəli, Bakıda da elə yerlər var və onları zarafatla “donuzxana” adlandırırlar), ya da xəzər krevetləri və hisə verilmiş yerli çapaq balığı verilən pivəxanaya aparardım.