Hitlerin hakimiyyətə gəlişi ərəfəsində Almaniyada qeyri-adi azadlıq hökm sürürdü. 20-ci illərdə ölkədəki ümumi ab-havanı seksuallığın bütün təzahürlərinə qarşı dözümlülük nümunəsi adlandırmaq olardı. Yoxsul, dekadent Almaniya YİS dövrü Rusiyasını xatırladırdı. Berlində onlarla leqal homoseksual nəşrləri, barları və klubları fəaliyyət göstərirdi. Maqnus Hirşfeldin başçılıq etdiyi Geylərin Hüquq Bərabərliyi uğrunda Hərəkat cəmiyyətin liberallaşmasında əhəmiyyətli rol oynamışdı.
Hirşfeld 1867-ci ildə, əsas hədəfi Prussiya cinayət məcəlləsindəki antihomoseksual 175-ci maddənin ləğvi olan Elmi Humanitar Komitə təsis etmişdi. O zaman sözügedən maddənin ləğvini xahiş edən petisiyanı iki mindən yuxarı dünyaşöhrətli insan imzalamışdı. Ki, onların arasında Albert Eynşteyn, Lev Tolstoy, Emil Zolya, Herman Hesse, Tomas və Henrix Mannlar, Rayner Mariya Rilke və başqaları da vardı.
Lakin 1907-ci ildə kayzer II Vilhelmin ətrafındakı homoseksualların ifşası ilə başlayan qalmaqal Hirşfeld və tərəfdarlarının bütün səylərini yerə vurur. 1919-cu ildə Veymar Respublikasında hökm sürən daha liberal şərtlər Hirşfeldə Seksual Elmlər İnstitutu təşkil etmək imkanı verir və institutun adı altında ilk homoseksual nəşrlər və araşdırmalar dərc olunur. Həmçinin Hirşfeld, Riçard Osvaldın “Başqalarından fərqli” (1919) adlı səssiz filminə prodüserlik edir. Film, öz tələbəsi ilə sevgili olan və buna görə şantaj edilən məşhur musiqiçidən bəhs eləyirdi. Qəhrəman şantajçını məsuliyyətə cəlb etməyə çalışarkən özü həbsə düşür. Həm mənəvi, həm də fiziki olaraq sınmış qəhrəman azad olunandan sonra intihar edir. Sevgilisi onun məzarının başında insanları, homoseksualların diskriminasiyasına son qoymağa, 175-ci maddənin ləğvinə səsləyir.
İlk homoseksual film olan “Başqalarından fərqli”nin nümayişi 1920-ci ildə qadağan olunsa da, film 1927-ci ildə senzura olunmuş şəkildə və “Sevgi qanunları” adı ilə yenidən ekranlara çıxır.
Hirşfeld seksoloq Karl Henrix Ulrixin, öz ilkin cinsi əlamətlərini itirmiş, yaxud onlardan şüurlu şəkildə imtina etmiş insanları, hər şeydən əvvəl homoseksualları və lesbiyanları birləşdirən üçüncü cinslə bağlı nəzəriyyəsinin tərəfdarı idi. O hesab edirdi, homoseksuallığın səbəblərini, homoseksuallarla “normal” insanlar arasındakı fizioloji fərqlərdə axtarmaq lazımdır. Paradoksal olsa da, bu nəzəriyyə nasistlərin, yəhudilər, qaraçılar və digər “aşağı dərəcəli xalqların” əsl arilərdən fərqlərini “üzə çıxaran” antropoloji “kəşfləri”nə yaxın idi. Sonralar üçüncü cins haqqında nəzəriyyə antielmi və diskriminativ elan edildi.
1923-cü ildə Hirşfeldin təşkilatının 130 min üzvü vardı. Bir qrup ardıcılı isə Benedikt Fridlanderin rəhbərliyi altında özlərinin “Özəl Təşkilat” adlı qurumlarını yaratmışdılar. Bu qurumun məqsədi homoseksuallığın tədqiqi və təbliğindən daha çox, onun, milli adətlər, bədən mədəniyyəti, atletizm və nudizmlə, o vaxtlar almanlar arasında populyar olan “təbiətin bətninə qayıdış”, seksuallığın azad edilməsi və s. ideyalarla sintezi idi. Nasistlər “Özəl təşkilat”ın bir çox ideyalarından istifadə etmişdilər.
1933-cü il mayın 6-da – Hitlerin hakimiyyətə gəlişindən iki ay sonra fanatik nasist tələbələrdən ibarət kütlə Berlin kitabxanalarına reyd keçirir. Seksual Araşdırmalar İnstitutunun kitabxanasından başlayan reyddə bütün “antialman” ədəbiyyat toplanıb yandırılır. Hirşfeld və ardıcıllarına qarşı bu qədər aqressiv davranışın əsas səbəblərindən biri də onların əllərində bəzi nasist liderlərin seksual həyatı ilə bağlı materialların olması idi.
Həmin vaxt Parisdə mühazirə oxuyan Hirşfeld, Almaniyaya qayıtmamaq qərarına gəlir. O, 1935-ci ildə – homoseksuallara qarşı repressiyaların, kütləvi həbslərın başlamasına az qalmış ölür.
Nasistlər, homoseksuallarla kommunistlər və yəhudilərlə davrandıqları kimi davranırdılar. Homoseksuallıq degenerasiyanın əlaməti, nəslin cırlaşdırılması elan edilmişdi və siyasi cinayətlərlə eyni pilləyə qoyulmuşdu. Homoseksuallıqda ittiham olunmaq və dərhal həbs edilmək üçün iki kişi və ya qadın arasında bir öpüş, ikimənalı baxış, ya da təmas kifayət eləyirdi.
Hitlerin ətrafındakı ən fanatik homofob SS-in başçısı Henrix Himmler idi. Onun, orduda homoseksuallığın qarşısının alınması məqsədilə verdiyi əmrə əsasən, əsgərlər fahişələrin xidmətindən maneəsiz yararlana bilərdilər.
Nasist həkimlər homoseksuallıq əleyhinə vaksinlər yaratmaq məqsədilə hərbi düşərgələrdə homoseksualların üzərində təcrübələr aparırdılar. Bu təcrübələr uğursuz nəticələnmişdi.
SSRi-də homoseksuallıq əleyhinə kampaniyanın Almaniya ilə eyni dövrdə başlamasına baxmayaraq, Sovet İttifaqında, homoseksuallığın vətəninin, məhz, Almaniya olduğu ilə bağlı stereotip mövcud idi və homoseksuallıq çoxları tərəfindən alman mənşəli xəstəlik kimi qəbul olunurdu. Burdan çıxan nəticə də o idi ki, faşizm – homoseksuallığın törəməsidir. Bu ideya ən parlaq təzahürünü Maksim Qorkinin “Proletar humanizmi” məqaləsində (“Pravda” və “İzvestiya” qəzetləri; 23.05.1934) tapmışdı: “Faşizmin Avropa gəncliyinə dağıdıcı, pozucu təsirindən danışan onlarla yox, yüzlərlə fakt var. Faktları sadalamaq – adamın ürəyini bulandırır, elə yaddaş da burjuaziyanın get-gedə daha səylə, bol-bol hasil etdiyi zibillə yüklənməkdən imtina edir. Lakin deməliyəm ki, proletariatın igidliklə və uğurla hökmranlıq etdiyi ölkədə, gəncliyi pozğunluğa sürükləyən homoseksuallıq sosial cinayət elan edilib və cəzalandırılır. Amma dahi filosofların, alimlərin, musiqiçilərin “mədəni ölkəsində” o, sərbəst və cəzasız fəaliyyət göstərir. Artıq sarkastik deyim də yaranıb: “Homoseksuallığı məhv edin – faşizm yoxa çıxacaq!”.
Rəsmi sovet nağılına əsasən, Hitler alman homoseksuallığının məhsulu idi. Onun hakimiyyətə gəlməsində nasistlərin ən güdrətli və çoxsaylı təşkilatı olan hücumçular dəstəsi – “qəhvəyi köynəklilər”in (“Sturmabteilung”- SA) lideri, fürerin ən yaxın dostu və silahdaşı, partiyanın ikinci adamı kapitan Ernst Remin böyük rol oynaması sovetlərin versiyasını uğurla dəstəkləyirdi. Zira kapitanın homoseksual olması dəfələrlə mətbuatda qalmaqallı ifşa predmeti olmuşdu. Rem, qədim yunanların “Kişi qardaşlığı” ideologiyasını təşviq edirdi. Homoseksuallar SA-nın rəhbərliyində əsas vəzifələri tuturdular.
Digər bir versiyaya görə isə, Hitlerin hakimiyyətə gəlişi almanların 20-ci illərdəki azğın pozğunluğunun, eyş-işrətinin bədəli, günahlarına görə aldıqları amansız cəza idi. Amma bu halda Hitler, pozğunluq və günah içində boğulan Almaniyanın xilaskarı, Məsih kimi görünürdü.
Əgər hər iki ideyanı birləşdirsək, belə çıxar ki, Hitler homoseksuallığın məhsulu idi, amma bu onun, homoseksulları qəddarlıqla cəzalandırmasına mane olmamışdı. Hətta Hitler bu işə şəxsən Rem və onun ətrafından başlamış, onların bəziləri 1934-cü il iyunun 28-də keçirilən, kod adı “Uzun xəncərlər gecəsi” olan əməliyyat zamanı güllələnmişdilər. Yapon klassiki Yukio Misimanın “Dostum Hitler” əsəri, “Uzun xəncərlər gecəsi” ərəfəsində fürerin Remlə olan münasibətinə həsr olunub.
FÜRERİN SEKSUAL OBRAZI
Molotov-Ribbentrop paktına həsr olunmuş məşhur karikaturada Stalin gəlin, Hitler isə bəy obrazında təsvir olunur. Amma Hitler təkcə karikatur Stalin üçün yox, bir çox alman qadınları üçün ən istəkli sevgili və nişanlı idi.
“Ən şirin sevgim, qəlbimin fatehi, mənim yeganəm, əzizim, ən gerçək və ən hərarətli sevgilim…” – bu, “Adolf Hitlerə yazılan sevgi məktubları” kitabına daxil edilmiş məktubdan sitatdır. Amerikalı zabit Uilyam Emker, Hitlerin bunkerində minlərlə belə məktub tapmışdı. Maraqlıdır ki, bu məktublar, amerikalılardan əvvəl bunkeri silib-süpürməyə macal tapmış sovet ştirlislərinin diqqətini cəlb etməmişdi.
Məktubların bəziləri “sevgilim Fürerə”, “Mənim şirin-şəkər Adolfuma”, ya da sadəcə “Əziz Adiyə” cümlələri ilə başlayır. “Mən səni minlərlə, minlərlə dəfə öpə bilərəm, yenə də doymaram! Sənə olan sevgim hüdudsuzdur, o, elə şəfqətli, elə hərarətlidir ki, bütün içimi doldurur..!” – o məktublar o qədər səmimi və açıq yazılıb ki, saysız-hesabsız sitat gətirmək mümkündür.
Görəsən, o məktubların müəllifləri Fürerdən cavab alacaqlarına, duyğularının qarşılıqlı olacağına ümid edirdilərmi? Ən təəccüblüsü də budur – edirdilər! “Sənin üçün bayır qapısının və yataq otağımın açarlarını hazırlayacağam”, – qadınlardan biri yazırdı. “Biz ehtiyatlı olmalıyıq. Ona görə də, erkən gəl, ev sahibəsinə zəng vur və mənim evdə olub-olmadığımı öyrən. Valideynlərim (onlar səninlə qohum ola bilərdilər!) dedilər ki, əgər hər şey yaxşı olsa, sən istədiyin vaxt bizə gələ bilərsən və gecələri birlikdə keçirərik!”
Maraqlıdır, “şirin-şəkər Adi” o şirnikləndirici təkliflərdən yararlanırdımı?
Puşkinin, ən böyük arzularını “mən Çar üçün cəngavər doğardım!” cümləsi ilə ifadə eləyən üç gözəlçə haqqındakı nağılında olduğu kimi, alman qızlarının da əksəriyyəti Yeva Braunun yerinə keçmək və övladı olmayan (bəlkə sonsuz olan?) füreri xoşbəxt etmək arzusuyla yaşayırdılar. Onların hər biri “özünü bütünlüklə” fürerə verməyə, “İsanın nişanlıları” – rahibələr kimi əbədiyyən onun gəlini olmağa hazır idilər.
Və nasist forması geyinən hər kişi Fürerin surəti, modeli, əkizi olduğuna görə, nasistlər hüdudsuz seksual azadlığa iddia eləyirdilər. Nasist Almaniyasının ailəvi və cinsi münasibətləri tənzimləyən qanunlar külliyyatına əsasən, istənilən qız alman əsgərindən – xüsusən də, SS zabitindən hamilə qalmağı özü üçün şərəf hesab etməliydi. Belə əlaqələrdən doğulan uşaqlar “Fürerə hədiyyə” adlandırılır və onlara Hitlerin övladı statusuna bərabər xüsusi status verilirdi.
İstənilən şəxsiyyət kultu Rəhbərin seksual xarizmasına istinad eləyir, bunun sayəsində hətta ölümündən yarım əsr sonra da Hitler – digər qəddar diktatorlar Lenin, Stalin, Mao ilə birlikdə – bəşəriyyət tarixinin ən parlaq pop-idollarından, superulduzlarından, beynəlxalq-folklor, nağıl personajlarından biri olaraq qalır. Bu “əclaf idol”un obrazı artıq hər bir evə soxulub və hər bir müasir insanı anadan olduğu gündən etibarən addım-addım izləyir. Hitlerin şəxsiyyəti bu günə qədər də milyonların diqqətini maqnit kimi özünə cəzb edir. Onun haqqında yüzlərlə kitab yazılıb. Freydçi-marksist Erix Fromm Fürerə “Hitler: klinik nekrofiliya hadisəsi” adlı müfəssəl bir bröşür həsr edib.
İlk rus “hitlerşünası”, “Adolf Hitler: portretə ştrixlər” kitabının müəllifi Valentin Prussakov yazır: “Təbii ki, Almaniyanın idoluna çevrilmiş vyanalı keçmiş səfilin həyatını araşdırmaqla məşğul olan tarixçilər, seksual sferaya toxunmaya bilməzdilər. Onlar nələr yazıblar?! Bəziləri, Hitlerlə Rudolf Hess arasındakı xüsusi yaxınlıqdan danışaraq onu homoseksuallıqda ittiham ediblər; digərləri “dövrümüzün ən qorxunc bədheybətinə” bəslədikləri şəxsi nifrətdən çıxış edərək Hitlerin impotent, mazoxist, patoloji pozğun olduğunu sübut etmək üçün dəridən-qabıqdan çıxıblar…”
Çarli Çaplin “Böyük illüziya” filmində (1940) Hitleri histerik, özündənbədgüman, dahilik maniyasından, sonsuz narsisizmdən əziyyət çəkən və bütün kişilik məziyyətlərindən məhrum balaca adam kimi (həm hərfi, həm də məcazi anlamda) təsvir eləyib. Çaplinin personajı gözəl qadın görəndə nərildəyərək onun üzərinə cumur, ancaq vacib diktatorluq işləri diqqətini yayındırdığı üçün dərhal da hücumdan sarsılmış qurbandan uzaqlaşır. Mussolininin arvadı ilə mazaqlaşmağa çalışır, onu rəqsə dəvət eləyir, amma tərəf müqabilini yönləndirməyi bacarmır və özü rəqsdə “xanım” mövqeyinə düşür. “Dahi diktator” uşaqlara nifrət eləyir. Qucağındakı körpəylə şəkil çəkdirəndə iyrənmiş halda üzünü çevirir, sonra isə nifrətlə əllərini silir.
Çaplinin Hitlerlə öz haqq-hesabı vardı, onu öz məşhur personajının imicini oğurlamaqda ittiham edirdi.
Hitlerin, sanki kabare karnavalından götürülmüş kişi imici əcaib assosiasiyalar yaradır. Kukrıkniksovun müharibə illərinə aid karikaturalarında fürer, tez-tez xala, qoca qarı obrazında təsvir olunurdu. Məlum “Diqqət! Diqqət! Danışır Almaniya! Bu gün körpünün altında Hitleri quyruğu ilə birgə tutublar!” uşaq şeirini analiz eləyəndə belə nəticəyə gəlmək olar ki, körpünün altında tutulmaq faktı (səfillər, dilənçilər körpüaltı həyat keçirirlər) fürer obrazının marginallığının sübutu, quyruq isə – onun fizioloji eybəcərliyinin və seksual patologiyanın əlamətidir.
Hitlerin şəxsiyyəti ətrafındakı mistik haləni, onun sirli şəraitdə ölməsi faktı, bənzərləri haqqında əhvalatlar, onun hələ də sağ olduğu barədə əfsanələr və s. dəstəkləyir. Devid Bredlinin “Onlar Hitlerin beynini qoruyublar. (Mandoras dəliləri)” adlı detektivində (1963) qəhrəmanlardan biri, “Yəni, doğrudan, Hitler sağdır?” sualına çoxmənalı şəkildə “Hitler ölməyib!” deyə cavab verir.
İllər əvvəl Qərbin bulvar qəzetlərində Hitlerin ölümü ilə bağlı sensansiyalı xəbər peyda olmuşdu. Xəbərdəki sensasiya, 45-ci ildə möcüzəvi şəkildə ölümdən xilas olmuş fürerin 100 yaşına qədər yaşamağı, Latın Amerikasının harasındasa öz superməxfi villasında ölməyi deyildi, yox. Sensasiya o idi ki, bütün dünyanın Adolf Hitler adı ilə tanıdığı personaj hər iki cinsin əlamətlərini daşıyırmış – yəni hermafrodit imiş. Buna sübut olaraq da, xəbərə bürüşük döşləri, qadın genitaliyası və… məşhur “çaplinsayağı bığları” olan qarı şəkli əlavə olunmuşdu. Və əslində, həmin bığ onun yeganə kişilik atributu idi. Hətta montaj da olsa, uzunömürlü qarının, Adolf Hitlerlə bənzərliyi ən skeptik oxucunu belə laqeyd qoya bilməzdi.
Sözgüdən xəbərin növbəti dezo, populyar faşist-hitler mövzusunda spekulyasiya, ya da əsl həqiqət olub-olmadığı vacib deyil. Bəlkə Hitler gerçəkdən möcüzəvi şəkildə Ştirlisdən də, Nünrberqdən də qurtulub, qoca yaşında ağır diktator həyatının qayğılarından, əziyyətlərindən dincəlmək qərarına gəlib.
Maraqlı olan odur ki, Fürerin seksual obrazı milyonların beynində ən əcaib və gözlənilməz metamorfozalara məruz qalmağa qadirdir.
Yaroslav Moqutin