Kinotənqidçilərin, ayrı-ayrı kinorejissorların, Kinematoqrafçılar İttifaqının aktiv fəaliyyəti, Hesablama Palatasının araşdırmaları sayəsində kinematoqrafiyanın problemləri davamlı şəkildə gündəmə gəldiyi üçün, belə qənaət yaranır ki, mədəniyyət sahəsində problemlər yalnız kinoda mövcuddur. Bu, belədirmi? Əlbəttə ki, yox.
Bu gün faktiki olaraq, teatr sahəsi və Mədəniyyət Nazirliyinin teatr sektorunun fəaliyyəti ilə bağlı bir araşdırma, bir tənqidi yanaşma belə mediada görünmür. Hazırda Mədəniyyət Nazirliyinin teatr sektorunun müdiri işləyən Könül Cəfərovanın 2018-ci ildə “Kaspi” qəzetində “Teatr tənqidinin tənqidi” adlı bir yazısı yayımlanmışdı. O vaxt sıradan teatrşünas işləyən Könül Cəfərovanın sözügedən yazısında diskurs ondan ibarət idi ki, bu gün teatr tənqidi peşə deyil, çünki teatr tənqidçisi qazandığı məvaciblə dolana bilmir, tənqidçinin məqalələrini dərc etdirməsi üçün heç bir mətbu orqan yoxdur: “Prosesin dəyərləndirilməsi, yönləndirilməsi məsələlərində tənqidçinin fikri və tənqidin mövqeyi nəzərə alınmır. Buna görə də, tənqidin bir peşə kimi tam və səmərəli fəaliyyəti mümkünsüzdür”.
Məqalə, artıq bir neçə ildir ki, nazirliyinin teatr sektorunun müdiri işləyən K.Cəfərovaya müəyyən suallar ünvanlandırmağa vadar edir: məsələn, Könül Cəfərova məmur işlədiyi müddətdə teatr tənqidinin dirçəlməsi, tənqidi mühitin yaranması məqsədilə hansı əhəmiyyətli konsepsiyanı, istiqamətləri təklif edib? Daha çox neytral, tərifə köklənən, hörmətli teatrşünas Aydın Talıbzadənin üslubunu imitasiya edən, poetik-lirik yazılar yayımlayan teatro.az saytını nəzərdə tutmuram…
Görünən odur ki, nazirliyin teatr sektoru tənqidin inkişafında maraqlı deyil. Əksi olsaydı, teatr tənqidinin inkişafı üçün sağlam mühit yaradılardı. Misal üçün, Mehriban Ələkbərzadənin “İsgəndərə yeni namə” tamaşasını tənqid edən müəllif, kimlərdənsə çəkinərək həqiqi ismini pünhan saxlayıb, Kostik Stanislavski adı ilə məqalə yazmazdı. Əksi olsaydı, teatro.az-da elə teatr mühiti, həmçinin teatr sektorunun fəaliyyəti ilə bağlı kəskin tənqidlər yer alardı. Görünür, Könül Cəfərovanın məmur işləyəndən bəri tənqidə dözülməz dözüsmsüzlüyü yaranıb.
Yaxud Könül Cəfərova əlindəki səlahiyyətdən yararlanaraq, teatrın vacib problemlərini gündəmə gətirəcək funksional diskussiyanın, polemikanın təşkilində təşəbbüs göstəribmi? Onun müdir olduğu dövrdə hansı yeni teatr siyasəti formalaşıb və teatr konsepsiyası təqdim olunub? Ümumiyyətlə, hazırda Azərbaycanda teatr siyasətinin məzmunu və görüntüsü nədən ibarətdir?
Bu ilin mayında Hesablama Palatasının sədri Vüqar Gülməmmədov açıqlamasında bildirib ki, ötən illərin təcrübəsi həm kino, həm də teatr sahəsinə dair aydın nəticəli yeni proqrama ehtiyac olduğunu göstərir: ”Eyni zamanda, bu sahələrdə dövlət sifarişinin formalaşması ilə bağlı mexanizm formalaşmalıdır”. Yəni kinoda olduğu kimi, teatr sektorunda da dövlət sifarişli tamaşaların hansı əsaslarla verilməsi mexanizmi mövcud deyil. Üstəlik, dövlət sifarişi ilə hazırlanan tamaşaların smetası açıqlanmır, niyəsə mühüm dövlət sirri kimi gizlədilir. Başqa bir məqam, dövlət sifarişinin niyə 26 teatrdan yalnız bir neçəsinə şamil olunmasıdır ki, bu da aydın deyil.
Bundan başqa, bu ilin sentyabrında Mingəçevir Dram Teatrına nazirlik daxili nəzarət yoxlaması göndərib. Noyabr ayıdır və yoxlamanın nəticəsi ortada yoxdur. Əvəzində, sadəcə teatrın direktoru işdən çıxarılıb və yenisi təyin olunub. Ola bilsin, nazirlikdə “teatr konsepsiyası” köhnə direktorun işdən çıxarılıb yenisinin təyin edilməsi kimi başa düşülür. Başqa bir məsələ, teatrlardakı yoxlamaların nəticələri detallı şəkildə hansı məqsədlə ictimailəşdirilmir? Ümumiyyətlə isə paradoksal bir vəzyyət meydana çıxır. DTX-in yaxınlarda əməliyyat keçirdiyi, yüksək rütbəli məmurların külli miqdarda mənimsəmə maddəsi ilə istintaqa cəlb edildiyi, həbs olunduğu Mədəniyyət Nazirliyinin teatrlarda apardığı yoxlamaları nəzərdə tuturam. Korrupsiya faktları ortaya çıxandan sonra kim təminat verir ki, nazirilik müəssisələrdə obyektiv, şəffaf yoxlama aparır? Bu yoxlamaların nəticələrinə cəmiyyət nə qədər etibar edə bilər?
Yadımdan çıxmamış onu da deyim, bir neçə ildir ki, Mədəniyyət Nazirliyi və teatro.az sənət portalının birgə keçirdiyi “4.4 Qısa Tamaşalar Festivalı”na nə qədər dövlət vəsaitinin xərclənməsi də ictimaiyyətə açlqanmır.
Nazirliyin teatr sektorunun baş məsləhətçisi Emin Əliyevin bu vəzifəyə təyin edilmədən öncə, 2021-ci il mayında AzLoqos saytında “Azərbaycan teatrının fiaskosu – nə baş verir?” adlı məqaləsi yayımlanmışdı. Həmin məqalədə müəllif yazır ki, Prezident 2019-cu ildə ehtiyat fondundan paytaxtdakı teatrların hər birinə 200 min, bölgə teatrlarının hər birinə isə 100 min manat maliyyə ayırmışdı. Emin Əliyevi o məqalədə maliyyənin necə xərcləndiyi çox narahat edirdi. Maraqlıdır, məmur kimi işlə başlayandan sonra onu yenə də bu məsələ narahat edirmi və maliyyənin necə xərclənməsi ilə bağlı araşdırma təşəbbüsü olubmu?
Həmin yazının sonunda Emin Əliyev yazırdı: “Akademik Milli Dram Teatrının şadlıq sarayını xatırladan veb-saytından, Akademik Opera və Balet Teatrının sınıb-sökülən binasından, Akademik Musiqili Teatrın televiziya skeçlərindən də bəsit olan musiqili tamaşalarından bəhs etmək istəmirəm”. Bəs indi necə, teatr sektorunda baş məsləhətçi təyin olunan Emin Əliyevin sadaladığı problemlərdən bəhs etməyə cəsarəti çatırmı? Yoxsa məmur keçəndən sonra Bertoluççinin “Konformist”indəki Marçello kimi konformizmə yuvarlanıb? Və müdiri Könül Cəfərova ilə birlikdə indiyədək, öz təbirincə desək, teatr adına məmləkətdə hansı işləri görüblər?