Bu gün Azərbaycan qadını cəmiyyətdə haqqı olan yerə sahib çıxmağa, mümkün olan bütün sahələrdə öz sözünü deməyə çalışır. Ki, belə sahələrdən biri də fotoqrafiyadı. Müsahibimiz, fotoqraf Tati Səttar da bu sənətdə öz dəsti-xəttini, üslubunu yaratmış gənc xanımlarımızdan biridi.
Tati, bir az özünüz haqqında məlumat verərdiniz.
Mən Tati Səttaram. 21 yaşım var, Qərb Universitetinin iqtisadiyyat fakultəsini bitirmişəm, amma ixtisasım üzrə fəaliyyət göstərmirəm. Baxmayaraq ki, yaxşı qiymətlərlə oxuyurdum və fəxri məzun olmuşam.
Fotoqrafiya ilə nə vaxtdan məşğul olursunuz?
Uşaqlıqdan maraqlanmağa başlamışam, əslində. Amma ilk mərhələ rəssamlıq olub. Dördüncü sinifdə rəssamlıq kursuna gedirdim. Daha doğrusu, bir il getdim, sonra valideynlərim davam eləməyə icazə vermədilər.
Niyə?
Səbəbini bilmirəm, sadəcə dedilər ki, daha getmə. Balaca idim, etiraz eləyəsi deyildim.
Bəs kursa başlamağa nə əcəb icazə vermişdilər?
Babam təkid eləmişdi. Çünki diqqətimi cəlb eləyən hər şeyin rəsmini çəkirdim. Babam da valideynlərimə dedi ki, bu qızı rəssamlığa qoyun, yaxşı şəkillər çəkir. Onun təkidiylə qoydular, sonra da çıxartdılar.
Ailəniz mühafizəkardı?
Lap mühafizəkar olduqlarını deyə bilmərəm, amma azərbaycanlı ailəsidi, mümkün qədər nəzarətdə saxlamağa çalışırlar. Elə iqtisadiyyat üzrə təhsil də onların təşəbbüsü idi. On birinci sinifə çatanda valideynlərim hansı ixtisası seçdiyimi soruşdular. Mən də dedim ki, III qrupu istəyirəm, orda incəsənətlə bağlı ixtisaslar var. Atam «digər qruplardan nəyi istəsən, seçə bilərsən, amma incəsənət qətiyyən olmaz!» deyib icazə vermədi. Anam da təklif elədi ki, iqtisadiyyat, ya da biznes idarəetməni seçim. Mən də «ok» dedim, daxil oldum və fəxri məzun kimi bitirdim.
Ürəyinizcə olmayan bir yerdə o qədər yaxşı oxuyurdunuz?
Valideynlərim üçün. Pullu fakultə idi, ona görə də, onları daha çox çətinliyə salmaq istəmirdim deyə yaxşı oxumağa çalışırdım.
İncəsənət, fotoqrafiya necə qayıtdı həyatınıza?
Bayaq dediyim kimi, fotolar uşaqlıqdan diqqətimi cəlb eləyirdi, ancaq o vaxtlar hər ailədə fotoaparat olmurdu. Mən də gördüklərimi mütləq harasa köçürmək istəyirdim. Rəssamlığa da buna görə getmişdim. Doqquzuncu sinifdə oxuyanda fotolara keçdim. Əvvəllər telefonla çəkirdim, sonra kirayə fotoaparat götürməyə başladım, ya da dost-tanışın aparatından istifadə eləyirdim. İki il əvvəl valideynlərim qərara aldılar ki, mənə fotoaparat alsınlar. Təzə başlayanda hələ özümü kəşf eləməmişdim, hər şey məni cəlb eləyirdi, ilhamlandırırdı. Kiminsə duruşu, kiminsə oturuşu. Hər şeyi çəkmək istəyirdim. Sonra yavaş-yavaş anladım ki, belə qarışıq olur, bir istiqamət seçməliyəm. Bu, həkimlik kimi bir şeydi – cərrah olan var, terapevt olan var. Mənə ən maraqlı gələn küçə fotoqrafiyası (street-photography) oldu. Küçədə-bayırda insanların müxtəlif anlarını tutmaq, onları əsnəyən yerdə, gülən, əsəbiləşən yerdə, yaxud sadəcə yeriyərkən, nəsə fikirləşərkən çəkmək çox xoşuma gəlirdi.
Sizin fotolar mənə bir az vuayerizm təsiri bağışladı -insanları qapı, pəncərə arxasından çəkirsiniz, elə bil güdürsünüz onları.
Hə, xəbərdarlıqsız çəkməyi xoşlayıram. Məsələn, mama gəlir ki, bəzənmişəm, toya gedəcəyəm, şəklimi çək, o boyda fotoaparatın var. Çəkə bilmirəm. Nədənsə elə məqamlarda özümü rahat hiss eləmirəm. Amma, məsələn, anam mətbəxdə iş görür, özünün xəbəri yoxdu, həmin anda çox gözəl, estetik görünür. Mən də həmin anlarda tez aparatı götürüb onun fotolarını çəkmişəm. Məncə, bu, xəlvəti çəkmək deyil, sadəcə anı tutmaq, əbədiləşdirmək istəyidi. Şəklini çəkdiyim insanın xəbəri də ola bilər həmin vaxt və mən ona “stop, tərpənmə” deyə bilərəm.
Yəni qarşınıza mütləq xəbərsiz çəkmək kimi bir məqsəd qoymamısınız.
Yox, yox, gizli çəkilmiş kimi görünənlər də, əslində, elə deyil. Mən sadəcə o anı dondurmaq istəyirəm. Bilmirəm, Maqnum fotoqraflarından hansının sözüdü, deyir ki, bir şeyi yaxşı yadda saxlamaq istəyirsinizsə, onun ya rəsmini çəkin, ya da fotosunu, çünki həmin fotoda baş verənlərin tarixçəsini, hekayəsini heç kim bilməsə də, siz biləcəksiniz ki, niyə və necə çəkmisiniz, həmin vaxt ətrafda və həyatınızda nə baş verirdi. Elə olur ki, fotolarımı kiməsə göstərəndə hekayəsini danışmağa başlayıram: “bu fotonu çəkəndə burda kimsə qışqırırdı, o tərəfdə kimsə ağlayırdı, ona görə də, bu adamın üzü belə düşüb”. Sirkə, Rəşid Behbudov adına Mahnı Teatrına tədbirləri çəkməyə getmişdim, ordakıların fotoqrafın gələcəyindən xəbərləri yox idi, məni görəndə çox sevindilər. Xırda şeylərdi, amma çox gözəl duyğular bəxş eləyir adama.
Fotolarınıza sonradan effekt verirsiniz?
Bəzi adamlar buna irad bildirirlər, deyirlər ki, çəkirsiniz, sonra da “fotoshop”da, “light-room”da redaktə eləyirsiniz fotoları, bu, düzgün deyil. Mən bu iradla razı deyiləm. İnsan gözü ağ-qara görə bilmir. Amma mənə elə gəlir ki, bəzi fotolar ağ-qara olmalıdı. Sən çəkdiyin şeyləri bir formada görürsən, fotoaparatın isə onu sənin gördüyün kimi göstərmək imkanı yoxdu. Ona görə də, fotoları kompüterdə dəyişirsən, öz gördüyün hala gətirirsən. Bu zaman mən həyatı, anı – heç nəyi dəyişmirəm, sadəcə həmin anda öz gördüyümü göstərməyə çalışıram. Və ağ-qara fotoları çox sevirəm, rəngli çəkirəm, sonra ağ-qara eləyirəm.
Bu, fotolarınızda diqqətimi çəkən məqamlardan biriydi. İşıq-kölgəmi deyim, yoxsa işıqla qaranlığın balansımı deyim- pozulur sizin fotolarda, qaranlıq daha önə çıxır.
Hamı elə deyir. İş ondadı ki, işığın, ağ rəngin siluet kimi görünməsi xoşuma gəlir, mənə daha estetik təsir bağışlayır. Foto çox rəngli olanda bilmirsən, nəyə baxasan, diqqətini nəyə yönəldəsən. Hər şey gözə girir və bu, bir andan sonra yorucu ola bilər. Ağ-qara fotolarda isə başqa heç bir rəng yoxdu. Rəng emosiya deməkdi. Ağ-qara fotolarda emosiyanı tamaşaçı özü qatır şəklə, sərbəst olur. Mən fotolarımı ağ-qara eləyəndə demək istəyirəm ki, qırağa baxmayın, məsələn, fotodakı əlin estetikliyinə diqqət yetirin.
Bu, bir növ, tamaşaçını manipulyasiya eləmək deyil? Siz nəyi istəyirsinizsə, tamaşaçının diqqətini ona yönəldirsiniz, “məhz, buna bax” deyirsiniz.
Hə, bir növ elədi. Məncə, belə daha rahatdı. Bəzən elə tamaşaçılar tapılır ki, müəllifdən “burda nə demək istəmisən” deyə izahat tələb eləyirlər. Mən sözlə izahat vermək istəmədiyimdən demək istədiyimi fotolarımda vurğulayıram. Belə məni daha rahat anlaya bilirlər. Əslində belə suallar verən insanları o qədər də başa düşmürəm. Bu, balıq tutmağa bənzəyir. Balıqçı tilovunu atır, balığı tutub sənə verir. Onu necə bişirəcəyin artıq səndən asılıdı. Mən də o balıqçı kimi fotolarımı çəkib tamaşaçıya verirəm, ona hansı hekayəni yazacağı, hansı emosiyaları artıracağı tamaşaçıdan asılıdı. Yəni, bir az da tamaşaçı özünə əziyyət versin, hər şeyi müəllifdən gözləməsin. Həyatın bir anı artıq fiksasiya edilib. Balığı duzlamaq, ya da istiotunu çox eləmək artıq tamaşaçının öhdəsinə qalıb.
Fotolarınızda diqqətimi çəkən ikinci məqam: qadınlarda daha çox seksuallığı önə çəkirsiniz.
Çünki çəkisindən, boyundan, yaşından asılı olmayaraq, bütün qadınlar həmişə gözəl, estetik və seksualdılar. Birmənalı olaraq. Bunu bəzi qadınlarda görməyən kişilər var. Mən bir qızın fotosunu çəkmişdim. O qızın çəkisinə görə böyük kompleksləri vardı, özünü necəsə sübut eləməyə çalışırdı. Kompleksli qadınlar hərdən özlərini sübut eləmək üçün səhv addımlar atırlar.
Nə mənada səhv addımlar?
Özlərini olmadıqları kimi aparırlar, süni olurlar. Özlərini gizlədib başqa cür görünməyə çalışırlar. Əslində, qadınların seksuallığını vurğulamaqda məqsədim “baxın, mən “nude”, ya da “buduar” çəkdim” demək deyil. Demək istəyirəm ki, görün, bayaq kök dediyiniz qadına indi hansı baxışlarla baxırsınız, onun çox gözəl olduğunu deyirsiniz. Məncə, gözəlliyin tərkib hissələrindən biri də seksuallıqdı, bütün qadınlar gözəl olduqları üçün həm də seksualdılar.
Kişilər görsünlər dediniz. Feministlərin təbirincə desək, bu, bir az qadının seksual obyekt kimi göstərilməsi olmur ki?
Mən feminist də deyiləm, seksist də. Və düşünürəm ki, qadın niyə seksual olmasın, axı? Düzdü, seksual obyekt olmalı deyil, amma niyə seksual olmalı deyil? Digər tətərfdən biz bir qadın olaraq kişilərdən nələrsə tələb eləyirik – boyu hündür olsun, güclü olsun və s. Onlar da etiraz eləsinlər də! Amma heç biri səsini çıxartmır, heç biri demir ki, siz bizə seksual obyekt kimi baxırsınız. Sən qadınsan, boy-buxunun, saçının uzunluğu, gözünün rəngi kişininkindən daha estetikdi, daha gözəldi. Məncə, seksuallıqdan şikayətlənmək yox, bununla fəxr eləmək, “bəli, mən beləyəm!” demək lazımdı.
İranda insanlar onların fotolarını çəkməyinizə etiraz eləmirdilər?
Orda bir hadisə oldu. Mənim aparatım artıq bədənimin bir üzvünə çevrilib, həmişə yanımda olur. İrana gedəndə də həmçinin. Sən demə, İran sərhədini keçəndə mənə nəsə kağız verməliymişlər ki, aparat özümündü, icazəsiz heç nə çəkməyəcəm və s. Mən bunu bilmirdim, üstəlik sərhədçilər də aparatıma fikir vermədilər. Əvəzində qayıdanda problem yaratdılar, aparatımı əlimdən almaq istəyirdilər. Əməlli-başlı hay-küy saldım və sübut elədim ki, mən aparatı gizlətməmişdim, təqsir onlardadı. Müşahidə kameralarını açıb baxdılar və haqlı olduğumu gördülər. Mən İran küçələrində qadınların, qocaların fotolarını çəkmişdim, amma bir biclik eləmişdim. Bir karta təbiət mənzərələri, ikincisinə insanların fotolarını toplamışdım. Sərhəddə problem yarananda tez macal tapıb kartları dəyişdim. Sərhədçilər çəkdiklərimi göstərməyi tələb elədilər, baxdılar ki, ancaq dağ-dərə, meşə şəkilləridi, buraxdılar. İran küçələrində şəkil çəkəndə də problem eləyirdilər, dərhal gəlib soruşurdular ki, niyə çəkirsən. Ancaq turist olduğum üçün çox ilişmirdilər.
Tati, bayaq dediniz ki, effektlərlə işləyirsiniz, fotolarınıza düzəlişlər eləyirsiniz. Demək foto sözün tam anlamında anın dondurulması deyil. Bu baxımdan obyektiv, reallığı dəyişirmi, ya da təhrif eləyirmi?
Yox, foto anın dondurulmasıdı. Sadəcə necə donduracağınız sualdı. Məsələn, mən əvvəllər aparatımdan çox məmnun idim. Vaxt keçdikcə, daha çox və daha yaxşı çəkdikcə başa düşürsən ki, bu, bəs eləmir, başqa bir şey istəyirsən. Mən lentli aparatla da işləmişəm. Onlar daha çox xoşuma gəlir, fotoya nostalgiya ab-havası qatır, fotolar daha incə, dərin görünür. Amma rəqəmsal aparatdan artıq şikayətlənməyə başlamışam, çünki aparat köhnəldikcə görüntünün keyfiyyəti itir, qüsurlar yaranır. O ki qaldı reallığın dəyişib-dəyişmədiyinə, bu, fotoqrafdan asılıdı. Mən bir dəfə maşın yolunu çəkmişdim, sonra “fotoshop”da səmanı götürüb yerinə qalaktika qoymuşdum, maşınlar sanki aya doğru hərəkət eləyirdi. Məncə, belə dəyişikliklər eləmək problem deyil, əksinə, kreativliyi artırır.
İndi texnologiya o qədər inkişaf eləyib ki, az qala, hamı fotoqraf olub. Ancaq bu vəziyyət əksər peşəkar fotoqrafları qane eləmir, “hər əlinə aparat alan özünə fotoqraf deyir” deyə şikayətlənirlər.
Niyə də hamı çəkməsin? Əgər bu sənin ruhunu qidalandırırsa… Bu, ona bənzəyir ki, sən acanda gedib yemək yeyirsən, amma başqa birinin yemək yeməyindən narazısan. Foto çəkmək də kimin üçünsə ehtiyacdı, deməli. Çəkmək istəyəndə çəkir və dincəlir. Sosial şəbəkələrdə paylaşanda aldığı likelar onu rahatlaşdırır. Əgər sən peşəkarsansa, işlərin onunkulardan avtomatik olaraq fərqlənəcək. Amma sənin şikayətlərindən sonra heç kim fotoaparatını, telefonunu atıb “daha çəkmirəm” deməyəcək.
Fotoqrafiyanın sənət olaraq mövcudluğu kino yeni yarandığı dövrdə də belə suallar qarşısında qalmışdı. Onda da deyirdilər ki, an hərəkətə gəlib və artıq onu dondurmağa ehtiyac yoxdu. İndi, hamının fotoqraf olduğu bir dövrdə eyni suallar yenidən aktuallaşıb. Amma indi siz danışanda düşündüm ki, fotoqrafiya artıq sadəcə anı dondurmaq vasitəsi olmaqdan çıxıb və impressionist bir sənət növünə çevrilib.
Məncə, fotoqrafiya hər zaman sadəcə incəsənətin bir növü yox, təməli olub. Daşın üstündə çəkilən təsvirlər də ilk fotolardı, anı həkk eləmək cəhdidi. Məncə, incəsənətin ilk damcısı elə vizualizasiya olub – nəyisə saxlamaq, harasa köçürmək, əbədiləşdirmək istəyi. Foto heç vaxt incəsənətdən kənarda olmayıb, ya da sənət statusunu sonradan almayıb. Hətta deyərdim ki, incəsənətin digər növlərinin yaranmasına təkan verib. Kino nədi? Bir neçə donmuş anın sürətli və ardıcıl hərəkəti.
İlhamlandığınız fotoqraflar varmı?
Var, amma heç biri əcnəbi deyil. Çoxlu azərbaycanlı fotoqraflar var ki, məni son dərəcə ruhlandırırlar. Xalid Zeynalovun fotolarını çox bəyənirəm. Mələk Bayramlı çox gözəl fotolar çəkir. Əli Rza, Rahib Abdulla, Rəşid Nəzirlinin adlarını çəkə bilərəm. Çox uzağa getmirəm, çünki əcnəbi fotoqraflar xaricdə çəkirlər, oralarda geyim fərqlidi, arxitektura fərqlidi, düşüncə fərqlidi. Məsələn, “street” janrı çox çətindi. Çöldə çəkəndə azərbaycanlılar deyə bilər ki, “ey, neynirsən, məni niyə çəkirsən?” Ki, tez-tez belə olur. Fotoaparatı əlimdən alıb sildirməyə çalışanlar olur. Öz fotoqraflarımızla ünsiyyət saxlaya bilirsən, onlardan nəsə soruşa, sual verə bilirsən. Ona görə, özümüzünkülərə üstünlük verirəm. Xaricə getsəm, ordakılarla tanış olub, onlardan öyrənəcəyəm. Hələlik mənə burdakılar maraqlıdı.
Tati, bu sənətdə hədəfləriniz nədi?
Hal-hazırda sərgi keçirmək istəyirəm və xaricdə fotoqrafiya üzrə magistraturaya hazırlaşıram. Düzdü, evdə yenə etirazlar başlayıb, deyirlər, magistraturanı iqtisadiyyat üzrə oxu, fotoqrafiya hobbi kimi qalsın. Amma özüm bilirəm ki, hobbi kimi qalmağını istəmirəm. Gecə yata bilməyəndə eyvana çıxıb qonşuların fotolarını çəkməyə başlayıram. Boş vaxtım olanda Karl Marksı oxumaq yox, foto çəkmək istəyirəm. Bu, necə hobbi ola bilər? Bu, artıq başqa şeydi. Yəqin ki, bu dəfə onlara qulaq asmayacağam, fotoqrafiya üzrə təhsilimi davam etdirəcəyəm.
Söhbətləşdi: Aygün Aslanlı