Dəvətsiz məsləhətçilər… Süddən çıxmış ağ qaşıqlar… Ya da psixologiya termini ilə desək, “ağ palto” fenomeni… Onların uşaqları həmişə tərtəmiz və çalışqandılar; onların tərəzisi həmişə ideal rəqəmi göstərir; onlar kliniki depressiyanı idmanla, kök ləklərini alaq etməklə sağaldırlar.
Sosial şəbəkələrdə, elə real həyatda da hər birimiz mütəmadi olaraq bu fenomenlə qarşılaşırıq. Bu mem sovet dissidenti, publisist və siyasətçi, “Demokratik ittifaq” partiyasının təsisçisi (1988-ci ildə) Valeriya Novodvorskayanın internetdə yayılmış bir fotosundan sonra geniş istifadə olunmağa başlayıb. Həmin fotoda V.Novodvorskayanın boynundan asdığı plakatda “Siz hamınız axmaqsınız, heç müalicə də olunmursunuz! Bircə mən ağıllıyam, ağ paltomda gözəl-göyçək dayanmışam! («Вы все дураки и не лечитесь! Одна я умная в белом пальто стою красивая!») yazılmışdı. Foto internetə düşəndən sonra plakatda yazılmış cümlə xalq arasında geniş yayılır və özünəməxsus davranış diaqnozuna çevrilir.
Psixologiya elmləri namizədi, psixoloq Natalya Ulyanova sosial şəbəkələrdə və real həyatda tez-tez qarşımıza çıxan bu çağırılmamış Dədə Qorqudlar – “ağ palto”lular və onlarla necə ünsiyyət qurmalı olduğumuz barədə Knife Media-ya danışır.
***

“Ağ palto” memi, insanların tamamilə dəxlisiz vəziyyətlərdə öz üstünlüklərini nümayiş etdirdikləri situasiyaya verilən məzəli addır.
“Ağ palto” nədir? Bu – ətrafdakıların gözündə və ətrafdakıların hesabına özünü yüksəltmək cəhdidir. Çağırılmamış məsləhətçilərin “dostyana tövsiyə” (“Siz də mənim kimi eləyin, onda hər şey yaxşı olacaq”) maskası altında atdıqları replikalar, əslində, klassik viktimbleyminq nümunəsidir (Problemləriniz təqsirkarı özünüzsünüz”).
“Ağ paltolular” kütlələrə işıq, xeyirxahlıq və ədalət bəxş etdiklərinə səmimi-qəlbdən inanırlar. Hərçənd çoxluq, adətən, onların məsləhətlərinə son dərəcə əsəbi reaksiya verir və aqressivləşməyə başlayır, hərdən də sadəcə onları dostluqdan çıxarırlar (təkcə feysbukda yox).
Ətrafdakıların göz önündə olan həqiqəti görmədikləri və özləri özlərinə problem yaratdıqları düşüncəsi çoxlarına xasdır, insanın psixikası belə qurulub. Əgər sizin ağlınızdan heç vaxt “dostum öz quyusunu özü qazıb, odur ki, başına gələnlərdə təəccüblü bit şey yoxdur” fikri keçməyibsə, siz ya müqəddəssiniz, ya da özünüzü aldadırsınız.
Amma əgər sizdə empatiya qurmaq bacarığı və mərifət varsa, özünü həqiqətən pis hiss edən insana fikrinizi deməkdən özünüzü saxlaya bilərsiniz, dahası, “məndə hər şey yaxşıdır” deyə yazmazsınız.
“AĞ PALTO” – koqnitiv təhrif
Özünün qüsursuz olduğuna inanmaq – adi koqnitiv təhrifdir. Bu tip məlumatın mənimsənilməsi və qavranılması zamanı üzə çıxan sistematik səhvlər, demək olar ki, bütün insanlara xasdır. Belə təhriflərin təməlində ətraf aləmin subyektiv dəyərləndirilməsi dayanır: bir qayda olaraq, insanlar hər şeyi “öz arşınları ilə ölçməyə”, özlərinin və başqalarının həyat situasiyaları arasındakı obyektiv fərqlərə saymazyana yanaşmağa meyllidirlər.
Sosial psixologiyada “kauzal atribusiya” (lat. “causa” — səbəb, attributio — aid etmək, “bəhanə uydurmaq” – başqa bir insanın davranışının səbəblərini yozmaq) adlı spesifik bir məfhum var. Bu, faktlar və hadisələr arasında səbəb-nəticə əlaqəsi qurulmasıdır. Kauzal atribusiya mexanizmi çox erkən yaşlarda – uşaq ətrafdakıları sual atəşinə tutmağa başlayanda işə düşür. Böyüklərin cavabları uşaq tərəfindən təhlilsiz mənimsənilir və uşağın dünyaya baxışlarının təməlinə yatır, tədricən, zənginləşir, yeni şeylər əlavə olunur.
Uşaq yaşda mənimsədiyimiz ən vacib bilgi budur: bu dünyada hər şeyin bir səbəbi var. Bu qayda dərketmə prosesinin dərin mahiyyətini əks etdirir: yeni bir şeylə qarşılaşan insan özündən “bu, niyə baş verdi?” deyə soruşur.
Ancaq bizim özümüzə verdiyimiz cavablar, adətən, obyektivlikdən uzaq olur, çünki şüurumuza “kauzal atribusiyanın fundamental xətası” adı ilə tanınan koqnitiv təhrif “quraşdırılıb”.
Adının mürəkkəb olmasına baxmayaraq, onun məğzi son dərəcə sadədir: insan öz yanlışlarını zahiri şərtlərin, başqalarının uğursuzluqlarını isə onların öz şəxsi keyfiyyətlərinin ayağına yazmağa meyllidir. Nailiyyətlərlə vəziyyət tamamilə əksinədir: başqalarının nailiyyətləri, adətən, təsadüf, özününkü isə şüurlu səylərin nəticəsi kimi qəbul olunur.
Təsəvvür eləyin ki, şagird dərsə gecikib. O özünə bəraət qazandırmaq üçün deyir ki, problem qəflətən xarab olmuş zəngli saatdadır: saat vaxtında zəng çalmayıb, şagird yatıb qalıb, var-gücü ilə dərsə vaxtında çatmağa çalışsa da, yenə gecikib. Qəzəblənmiş müəllim isə şagirdi belə danlayır: “Sənin həmişə gah saat xarab olur, gah köpəyin qaçır, gah avtobusun təkəri buraxır! Sən sadəcə vaxtını düzgün bölüşdürə bilmirsən!” – yəni müəllim şagirdin vaxtını təşkil edə bilməməsinin səbəbini onun şəxsi keyfiyyətlərinə aid edir. “Mən dərslərə gecikmirəm, – müəllim davam edir, – çünki üzərimə məsuliyyət götürürəm, saatı yoxlayıram və evdən vaxtında çıxıram!” “Məsuliyyətli” özünü “məsuliyyətsiz” şagirdlə müqayisə etmək – başqa situasiyada “ağ palto”nun özünü büruzə verməsi kimi təsbit olunur.
Müəllimlə şagirdin dialoqundakı özünə istinad bir az zəif örnəkdir və onu tərbiyə prosesinin bir hissəsi hesab etmək mümkündür. Lakin bərabər statuslu həmsöhbətlərin dialoqunda bu üslub sadəcə çaşqınlıq yarada bilər. Niyə real və virtual ünsiyyətdə belə situasiyalarla tez-tez qarşılaşırıq? İş ondadır ki, koqnitiv təhrif tələsi sayəsində “amma mən…” deyən insan, qarşı tərəfə bəlli bir həqiqəti çatdırdığına, gerçəkdən əhəmiyyətli bir məsləhət verdiyinə səmimi-qəlbdən inanır.
Atribusiya xətası – “ağ palto”nun meydana çıxmasına şərait yaradan əsas fenomen olsa da, yeganə deyil. Hər kəsə ağıl vermək istəyi doğuran düşüncənin başqa sistem pozuntuları da mövcuddur, məsələn:
-Danninq-Kryuger effekti: insanın mövcud problemdən başı nə qədər az çıxırsa, öz səriştəliliyini bir o qədər yüksək qiymətləndirir, çünki sahib olduğu bilgilər hətta öz cahilliyini anlamağa belə kifayət eləmir. Məhz buna görə, uşağı olmayan adamlar tərbiyə ilə bağlı ağıl verməyi, divan “idmançıları” isə milli komandaların məşqçilərini tənqid etməyi sevirlər;
-“Sağ qalanın səhvi”: insanlar mövzunun (məsələn, başqasının uğur hekayəsi) təkcə bir cəhətinə diqqət yetirirlər və daha vacib informasiyanı iqnor edirlər (məsələn, başqalarının da eyni uğuru qazana bilməməsinin səbəbləri). “Qızıl gənclik”, “insan istəsə, hər şeyə nail ola bilər” tipli mülahizələr yürütməyi sevir, amma bir şeyi unudur: onların başlanğıc şərtləri əksəriyyətin şərtləri ilə eyni deyil;
-stereotipləşdirmə: adətən, belə hesab olunur ki, eyni kateqoriyaya aid obyektlər eyni xarakteristika və eyni özəllikləri daşımalıdılar. Stereotiplər o qədər güclüdür ki, çoxları üçün, məsələn, iradəli, qətiyyətli bir qadına “kişiyə bənzədiyini” demək daha asan olur, nəinki əslində qadınların fərqli xarakterə sahib ola biləcəklərini düşünmək;
-dixotomik düşüncə (ağ-qara düşüncə): bəzi fərdlərin şüuru (adətən, yeniyetmə yaşlarda; ancaq yetişkinlərdə də rast gəlinir) prinsipial şəkildə yalnız zidd kateqoriyalara meyllənir, istənilən yarımtonların mövcudluğunu gözardı edir. Valideynlər arasında tez-tez rastgəlinən “əgər övladınla ünsiyyətdən yolrulmusansa, deməli, çox pis anasan, yaxşısı budur, onu uşaq evinə ver!” mövqeyinin səbəbi budur;
-nəzarət illüziyası: insanlar, heç bir şəkildə onlardan asılı olmayan hadisələrə təsir güclərini şişirtməyə meyllidirlər. Bu illüziya tez-tez aşağıdakı kimi məsləhətlər doğurur: “Pozitiv düşünmək lazımdır, onda problemləri həyatınıza çəkməyəcəksiniz!” Qüdrətli olduğunu düşünmək – vəziyyət üzərində nəzarəti itirmək qorxusunun astar üzüdür;
-Baader-Maynhoff fenomeni (tezlik illüziyası): bütün diqqətini hansısa məsələyə cəmləmiş insana elə gəlir ki, qarşısına daim sözügedən məsələ ilə bağlı iunformasiyalar çıxır. Peyvənd əleyhdarları vaksindən sonrakı problemlərlə bağlı hər növ məlumatı qeydə alırlar, uşaqları sevməyənlər hər yerdə tərbiyəsiz, qışqıran uşaqlar görürlər. Vaxtında peyvənd olunmamağın yaratdığı daha ağır nəticələr, ya da ictimai yerlərdə özünü sakit aparan uşaqlarla bağlı məlumatlar onların şüur filtrindən keçmir.
Koqnitiv təhriflərdən birdəfəlik qurtulmaq mümkün deyil, onlar şüur üçün vacib rol oynayırlar: düşüncə resurslarına qənaət edirlər və qərar qəbulu müddətini qısaldırlar.
Əgər verdiyimiz hər qərar, həqiqətən, ali və rasional olsaydı, biz yaşamağa macal tapmazdıq – şərtlərin analizinə, qərarlarımızın nəticələrini hesablamağa həddindən çox enerji sərf edərdik. Stereotipləşdirmə sayəsində isə sadəcə bizə keçmiş təcrübəmizdən tanış olan bir seçim edirik.
“AĞ PALTO”, sizi əbəs yerə qıcıqlandırmır
“Mən ağıllıyam, siz hamınız axmaqsınız” tipli cümlələr eyni vaxtda bir neçə etik normanı pozur.
“Ağ palto” – passiv aqressiyadır
“Ağ paltoluların” həmdərdlik maskası altında qarşı tərəfin duyğularına laqeydlik yatır: Onlar “ən ağrılı nöqtələrə” vururlar və bu zaman özləri zahirən sakit, xeyirxah qalırlar. Replikalarının yersiz və xoşagəlməz olduğu ilə bağlı əks reaksiya alanda belə insanlar, yenə eyni şəkildə cavab verirlər: yəni “mən sadəcə öz fikrimi dedim, axı!” anlamında süni təəccüblənirlər və opponentin reaksiyasını “yanlış” kimi işarələyirlər.
“Xətrinə dəydisə, dəysin, bu mənim fikrimdir”, “siz bilərsiniz – istəyirsiniz, özünüzü təhqir olunmuş sayın, istəyirsiniz, dürüstlüyümə görə mənə “sağ ol” deyin”, “sən əməlli-başlı müvazinətsizsən, psixoloqa ehtiyacın var” – bu tip cavablar gizli aqressiyanın parlaq örnəkləridir.
Sərhədləri qorumamaq
Şəxsiyyətin psixoloji sərhədləri – insanın “mən”ini formalaşdıran, onun individuallığını müəyyənləşdirən hisslər, dəyərlər və inanclar müstəvisidir.
Başqalarının sərhədlərinə hörmət etmək o deməkdir ki, hər kəsin öz fikrinə sahib olmaq haqqı var, ancaq başqalarının özəl dairəsinə soxulmayana qədər.
“Mən ağıllıyam, siz isə axmaqsınız” tipli cümlələr başqa insanın (adətən, zəif mövqedə olan) şəxsiyyətini dəyərsizləşdirməyi ehtiva edir, buna görə də, neqativ, hətta ağrılı qəbul olunur. Biz gözlədiyimiz dəstək əvəzinə istəmədiyimiz məsləhət, öz təcrübəmizin, bilgilərimizin xor görülməsini alırıq və təbii ki, tam haqlı şəkildə qıcıqlanırıq.
Əsaslandırılmamış mütəxəssis mövqeyi
“Savaşı kənardan izləyən hər kəs özünü strateq hesab edir”. Başqasının problemini necə çözəcəyini asanlıqla təsvir eləyən insan, əslində, tamamilə səriştəsiz olduğu bir sferaya soxulur. Hətta ən yaxın dostlar belə, yaxşı tanıdıqları insanın problemlərinin həllinə mane olan amillərin hamısını nəzərə ala bilmirlər, o ki qaldı kənar şərhçilər və təsadüfən yoldan keçənlər olsun.
Guya “hər şeyin düzünü bilən” həmsöhbətlər, reallıqda heç vaxt üzləşmədikləri vəziyyətlərin öhdəsindən asanlıqla gəlirlər, çünki istənilən çətinliyi fantaziyalarında qəhrəmancasına həll etmələrinə heç nə mane olmur. Reallığın fantaziyalardan xeyli fərqlənməsi faktı onlar tərəfindən “bəhanə” hesab edilir.
Müzakirənin qeyri-konstruktiv məcraya yönləndirilməsi
“Ağ paltoluların” şərhləri, söhbəti real problemin müzakirəsindən qarşı tərəfin şəxsiyyətinin qiymətləndirilməsinə, onun əqli bacarıqlarına, əxlaqi təməllərə uyğun olub-olmadığına yönəldir. Bu zaman ilkin mövzu diqqətdən kənarda qalır: problemin həllini tapmaq üçün birlikdə səy göstərmək yerinə “ağ palto”, başqasının vaxtını və enerjisini öz xeyirxahlığının mənasız və lazımsız isbatına sərf edir.
Məntiq pozuntusu
Bir qayda olaraq, güclü koqnitiv təhriflər adi məntiqə saymazyana münasibətlə müşayiət olunur: bu yolla adət olunmuş dünyaya baxışın (o baxışın ki, orda hamı axmaqdır və yalnız bir subyekt gözəl-gözəl dayanıb) qorunmasına yönələn psixoloji müdafiə qurulur. Məsələn, rəsmi strukturlar tərəfindən hazırlanmış statistika əhəmiyyətsiz bir şey kimi diqqətə alınmır, çünki kiminsə hansısa tanışında hər şey tamamilə başqa cür olub. Həyati örnəklər və tarixi faktlar yalan elan edilir. Şəxsi fikirlər aksioma, təsadüfi uyğunluqlar səbəb-nəticə əlaqəsi kimi təqdim olunur. Əsas odur ki, reallığın kobud zərbəsi kiminsə ağappaq paltarını çirkləndirməsin.
Empatiya yoxluğu
Empatiya – şəfqət və həmdərdlik mexanizmidir, onun sayəsində biz başqalarının duyğularını, tərəddüd və təlaşlarını paylaşa bilirik. Başı bəlaya düşən insan empatik şəfqətə ehtiyac duyur: sanki bütün dünyanın sənə qarşı olduğunu düşündüyün bir anda sadə “mən səni başa düşürəm” cümləsini eşitmək həyati-vacib bir şeyə çevrilir.
“Ağ paltolular” isə əks mövqe tuturlar: tez-tez öz replikalarını “mən sizin yerinizdə olsaydım…” sözləriylə başlayırlar, halbuki özlərini heç kimin yerinə qoymaq fikirləri yoxdur. “Paltolular” sadəcə sübut etməyə çalışırlar ki, məhz onlar heç vaxt aciz, zəif olmayacaqlar, köməyə ehtiyac duymayacaqlar, çünki qalan hər kəsdən fərqli olaraq, həmişə doğru, qüsursuz düşünürlər, davranırlar və hiss edirlər.
Opponentin onsuz da çox bərbad halda olduğu situasiyalarda bu cür gediş təkcə uğursuz deyil, həm də ələ salmaq təsiri bağışlayır.
Bu tip fikirlərlə sistematik şəkildə qarşılaşmaq psixikaya ziyandır. Hər bir insanın özgüvəni, onun şəxsiyyətinin zahiri dəyərləndirilməsi, başqa insanlarla müqayisə edilməsi ilə sıx bağlıdır: bu bağlılıq özünü ən çox uşaqlıqda büruzə verir, lakin yetkin yaşda da müəyyən qədər qalır. Fərasətli opponentlərin fonunda daima öz “fərsiz”liyini hiss etmək özünəinamsızlığın, aqressivliyin, depressiyanın və s. formalaşmasına gətirib çıxarır. İnsanı öz üzərində işləməyə və təkmilləşməyə ruhlandırmaqdan ötrü mənfi rəylərin yaxşı üsul olduğu ilə bağlı geniş yayılmış ideya öz təsdiqini tapmır. Araşdırmalar göstərir ki, mənfi rəy beynin planlaşdırmaya və diqqətin cəmlənməsinə cavabdeh olan bölgələrindəki impulsları ləngidir və fəaliyyətin effektivliyinin azalmasına səbəb olur.
Təklifsizlik mədəniyyəti – qanmazlıq üçün münbit mühitdir
“Ağ palto” fenomeni havadan yaranmayıb. Təkəbbürlü ünsiyyət forması cəmiyyətin ənənəvi düzənləri dəstəkləyən və iyerarxik münasibətlərə meylli mədəni normalarına “lehimlənib”.
Bu normanın öz adı da var – “paternalizm”. Paternalizm – yuxarıda dayanan şəxsin (valideyn, müəllim, müdir, dövlət məmuru və s.) ondan asılı olan insanların ehtiyaclarını ödədiyi, əvəzində isə onların işlərinə və şəxsi həyatlarına qarışmaq, onlardan qeydsiz-şərtsiz itaət tələb etmək haqqı qazandığını təsdiqləyən yazılmamış “razılaşma”dır. Paternalist düzən, sosial xidmət və müdafiə sferasında hələ də həddindən artıq güclüdür. Pasientin, şagirdin, bəzi müəssisələrdə qəyyumluq altında olan şəxsin özəl sərhədlərinə hörmətlə yanaşmaq hələ də şərtsiz qaydadan çox, nemət hesab olunur.
Hansımız “dəftərini unutmusan? Bəs başını nə əcəb unutmamısan?”, ya da “Ağrıdır? Bir iynə canını ağrıdırsa, bəs doğanda neynəyəcəksən?” tipli sayğısız cümlələr eşitməmişik? Başqasının zəif yerinə basıb incitmək vərdişi nəsildən-nəsilə ötürülür. Gənc nəsil icazəsiz başqalarının işinə qarışmaq xasiyyətini mənimsəyir və paternalist modelin, zəif insanlara təkcə məsləhət yox, həm də real fayda verməkdən ibarət olan hissəsini tamamilə unudur.
Yaşca böyük insanlarda bu vərdiş həm də yaşlılığa xas rigidliklə – fizioloji şərtlər səbəbilə düşüncə çevikliyinin azalması, yeni davranış modellərinin formalaşması ilə bağlı çətinliklər – möhkəmlənir.
Koqnitiv təhriflərin “əyri güzgüsü” ilə sintezdə başqa insanların psixoloji sərhədlərinə qarşı laqeydlik, psixologiyada “zorakılıq” kimi təsbit edilən ünsiyyət tərzi doğurur. Onun başlıca əlamətləri – həmsöhbətin duyğularını nəzərə almamaq, tələblər və qadağalar bəyanı, başqa insanın davranışına və şəxsiyyətinə qiymətləndirici münasibət, öyüd-nəsihətdir.
Əfsus ki, bütün bunlar real münasibətlərdə, kitablarda, filmlərdə, sosial şəbəkələrdə norma kimi təqdim olunur. Odur ki, hər kəsin bu halla üzləşmək şansı çox yüksəkdir.
“AĞ PALTO”nun həmlələrindən necə qorunmalı
Opponentinizin, qeyri-səmimi ünsiyyət üsulundan təsadüfən istifadə etməsi, fikirlərini ölçüb-biçməyə macal tapmaması ehtimalı həmişə var. Bunun belə olub-olmadığını yoxlamaq üçün ona sözlərinin kömək etmədiyini, əksinə, yersiz və alçaldıcı təsir bağışladığını deyə bilərsiniz. Əgər həmsöhbətiniz məqsədi, həqiqətən, sizi incitmək deyilsə, çox güman, üzr istəyəcək və söhbəti konstruktiv məcrada davam etdirməkdən ötrü fikirlərini düzgün ifadə etməyə çalışacaq.
Amma opponent öz qüsursuzluğuna əmin olaraq qalırsa, dahası, birbaşa, ya da dolayı yolla sizin reaksiyanızın yanlış, qeyri-sağlam olduğunu söyləyirsə, qarşınızda klassik “ağ palto” oturub. Ona qarşı aşağıdakı davranış strategiyalarından birini istifadə edə bilərsiniz:
Birinci strategiya: iqnor
İnternetdə sizi bezdirən istifadəçini səssizcə blok edə, ya da yazdıqlarına cavab verməyə, hətta ümumiyyətlə, oxumaya bilərsiniz.
Canlı ünsiyyətdə bunu etmək bir qədər çətindir: fiziki olaraq getmək (otaqdan, çıxmaq, küçədə uzaqlaşmaq) mümkün olsa, yaxşı olardı. Mümkün deyilsə, qeyri-verbal siqnallarla – qulaqlıq taxmaq, üz çevirmək, mövzudan kənar suallara cavab verməmək – söhbəti kəsmək olar.
Bir tərəfdən vaxtınıza və enerjinizə xeyli qənaət edə, onu “ağ palto” ilə mübahisə yerinə, daha produktiv işlərə sərf edə bilərsiniz.
İkinci strategiya: zəhlətökənlik
“Ağ paltolu” həmsöhbətə uzun-uzadı və inadla suallar vermək olar: Öz təcrübəsinin kifayət qədər etibarlı olduğuna əmindirmi? Onu başqa insanlara tətbiq etmək olarmı? Onun xəbəri varmı ki, iki hadisənin ardıcıl baş verməsi hələ onlar arasında səbəb-nəticə əlaqəsi olduğu demək deyil? Vəziyyətə təsir edən bütün real amilləri nəzərə alıbmı və təklif etdiyi həll yolunu təcrübi şərtlərdə təkrarlaya bilərmi?
Böyük ehtimalla, belə uzun çıxışdan sonra opponent, “mən sadəcə öz fikrimi dedim”, ya da “özünüz bilərsiniz”dən o tərəf keçə bilməyəcək.
Bu strategiyanın xeyri ondadır ki, dialoqun iştirakçıları və ya şahidləri “ağ palto”nun arqementlərinin gülünclüyünü, faydasızlığını gözlərilə görürlər, siz isə öz intellektinizdən həzz alırsınız.
Üçüncü strategiya: məzələnmək
Öz sərhədlərini “ağ palto”dan qorumağın ən yaxşı üsullarından biri də onu lağlağı obyektinə çevirməkdir.
Müharibədə olduğu kimi, sarkazmda da bütün vasitələr yaxşıdır: həmsöhbətin məziyyətlərini bilərəkdən şişirtməklə (əşşi, siz bu problemi sol ayağınızın bir barmağı ilə həll edərsiniz) “mən ağıllıyam, sizin kimi deyiləm” mövqeyinin absurdluğunu ona başa salmaq mümkündür, ya da onun mövqeyindəki ziddiyyətli məqamları kəskinləşdirə bilərsiniz (əlbəttə, çoxlarından fərqli olaraq, siz heç vaxt internetdə oturmursunuz, indi feysbukda bu şərhi də fikir gücünüzlə yazırsınız). Yaxud da sadəcə Karlson tərzində yüngül təxribatçı sullar verə bilərsiniz (Siz çox oxuduğunuza görə bu qədər nəzakətlisiniz, yoxsa bu, sizdə anadangəlmədir?)
Əsas məqsəd – yumorun köməyilə rəqibin özgüvən qalasını dağıtmaq və nitqinin gülünclüyünü ona göstərməkdir.
Lakin bu strategiyada kiçik bir nüans var: məzələnməkdən istifadə “söz altında qalmamaq” tipli bir xüsusiyyətə sahib olmağı tələb edir. Yazılı dialoqda cavab verməzdən əvvəl az da olsa, düşünmək imkanı var, amma canlı söhbətdə pauzalarsız cavab vermək lazım gəlir. Əgər siz “fasiləli hazırcavablıqdan” əziyyət çəkirsinizsə, yəni dəqiq və iynəli cavablar sonradan ağlınıza gəlirsə, onda növbəti variantı sınayın.
Dördüncü strategiya: psixoloji aykido
Mixail Litvakın, eyniadlı kitabında təklif etdiyi “psixoloji aykido” texnikası – mübahisə zamanı qarşıdurmanı düşünülmüş şəkildə “dayandırmaq”dan ibarətdir. Qarşıdurma enerjisindən məhrum olan müzakirə, bir qayda olaraq, hücum edən tərəfin arqumentlərini mənasızlaşdırır və mübahisə öz-özünə sönür. Bu texnikanı həyata keçirməkdən ötrü sadəcə bir şey lazımdır – opponentin bütün arqumentləri və hücumları ilə razılaşmaq: “Siz özünüz neqativi cəzb edirsiniz!” – bəli, özüm çağırıram, neynəmək olar; “sizinki depressiya yox, tənbəllikdir!” – hə, məhz tənbəllikdir, bunu hamı bilir; “siz mütləq müalicə olunmalısınız!” – əlbəttə, lazımdır.
Əgər dialoq real həyatda baş verirsə, bu üsuldan ehtiyatla istifadə etməli və öz cavablarınızı emosiyalardan maksimum təmizləməlisiniz: ironiyaya, ya da lağlağıya ən cüzi eyham belə, aqressiya yarada bilər.
Bu texnikanın yaxşı tərəfi odur ki, əks- arqument fikirləşməyə ehtiyac qalmır. Amma opponent mütləq sizdə hansısa emosiyalar oyatmağa çalışacaq və bu zaman asanlıqla təhqirə keçə bilər. Ki, buna hər adam dözə bilmir – onda eleqant aykido əvəzinə adi didişmə alınacaq.
Soruşa bilərsiniz ki, niyə strategiyaların siyahısında hər şeyi aydınlaşdıracaq adi açıq söhbət yoxdur? İş ondadır ki, belə dialoq lap başdan uğursuzluğa məhkumdur, çünki “ağ palto” və onun hücumlarının ünvanı olan kəs fərqli hədəflər güdürlər. “Ağ paltolu” insanın məqsədi yaxınına yardım etmək, mübahisədə həqiqəti tapmaq, hətta öz doğruluğunu sübut etmək deyil: ona, öz xeyrinə apardığı sosial müqayisə yolu ilə öz dəyərini artırmaq lazımdır, bu isə yalnız başqalarını alçaltmaq hesabına mümkündür.
Özünü, başqasının travmatik təkəbbüründən qorumağın yeganə yolu – psixoloji gigiyenaya riayət etməkdir. Bu – toksik həmsöhbətlərlə ünisyyəti məhdudlaşdırmaq, təhlükəsizlik zəmanəti olmayan yerlərdə özəl informasiyalar yerləşdirməmək, xoşagəlməz kontentdən gələn informasiyaları məhdudlaşdırmaq (sosial şəbəkələr, teleproqramlar, filmlər, kitablar) və s. deməkdir.
İş münasibətləri, ya da qohumluq əlaqələri ucbatından sizinlə həmişə yuxarıdan aşağı danışan insanlarla ünsiyyəti birdəfəlik kəsmək mümkün deyilsə, onda, ən azından, müzakirə olunan mövzuların dairəsini mümkün qədər daraltmaq və həmin adamdan dəstək istəməmək lazımdır.
Bəs “AĞ PALTO” sizin əyninizdədirsə?..
Birinci, bu tip ünisyyətin elə sizin özünün üçün də ziyanlı olduğunu etiraf edin.
İkinci, adi özgüvəni (mən bilirəm ki, bu problemin öhdəsindən gələ bilərəm) eqosentrizmdən (mən bu problemin öhdəsindən gələ bilirəmsə, deməli, qalan hər kəs bunu asanlıqla etməlidir) ayırmağa çalışın.
Üçüncü, düşüncənizin hansı koqnitiv təhriflərə məruz qaldığını araşdırın (spoyler: bu təhriflər siz də daxil olmaqla hər kəsə xasdır) və kiminsə şikayətlərinə reaksiya verəndə onları nəzərə almağa çalışın.
Şəxsi təcrübəmizi bölüşmək istəyimizi başqasına hücuma yox, real köməyə necə çevirmək olar? Xoşbəxtlikdən, belə şeylər artıq çoxdan kəşf olunub və bu məsələnin həlli üçün bir sıra sadə üsullar var:
“mən”-in fikri: yalnız və yalnız özünüz haqqında danışın. “Məncə, siz axmaqsınız” demək yaxşı deyil, amma “mən bu barədə fərqli fikirləşirəm” demək kifayət qədər normal təsir bağışlayır.
İmperativlərdən çəkinin: əgər cümlənizin sonuna feilin əmr formasını qoymaq (“gedin”, “su için”, “başlayın” və s), ya da həmsöhbətinizə neynəməli olduğunu demək istəyirsinizsə, dilinizi dişinizlə sıxın (yazılı kommunikasiyada əlinizi qırın) – bunsuz keçinməyə çalışsanız, daha yaxşı olar;
Sərhədi keçməyin: həmsöhbətinizin şəxsiyyətinə toxunmayın, onun intellektini, ya da xasiyyətini qiymətləndirməyə başlamayın, çünki bu andan sonra istənilən müzakirə “sən kimsən, axı?” tərzində boşboğazlıq olur və anlamını itirir;
Haqsız olanda bunu qəbul edin: Yadda saxlayın ki, sizin rəyiniz – yer üzündəki yeganə həqiqət deyil. Hər kəs öz fikrini deyə bilər, amma opponenti dinləmək və öz səhvini anlamaq – nadir və qiymətli bacarıqdır;
Təhrifləri korrektə edin: “Amma mən…” yazmazdan, ya da deməzdən əvvəl (ümumiyyətlə, nəsə yazmazdan və deməzdən əvvəl) fikirləşin, görün, bu, həqiqətən, rasional, məntiqi cəhətdən əsaslandırılmış mövqedir, yoxda adi koqnitiv təhrifdir?
Qədim “əxlaqın qızıl qaydaları”nda deyilir: “Özünə rəva görmədiyini başqalarında da rəva bilmə”. Bu qayda iki min il əvvəl ifadə olunduğuna baxmayaraq, hələ də aktuallığını itirməyib.
Zənnimcə, bu prinsipə daha birini də əlavə etmək olar: insan təkcə başqalarının yox, öz sözlərinə də müəyyən qədər tənqidi yanaşmalıdır – ehtiyatsız deyilmiş bir kəlmə həmsöhbəti dərindən yaralaya bilər.
Effektiv ünsiyyət həmsöhbətlərin bir-birinin hisslərinə, sözlərinə və əməllərinə qarşılıqlı hörməti üzərində qurulur. Əgər hər kəs bu bəsit prinsipə riayət etsə, dünya, həqiqətən, daha yaxşı bir yerə çevrilər.






