Bu hadisə 2016-cı ildə baş verib. 2 yaşlı Eden Carlson valideynlərindən xəbərsiz ailə hovuzunun içinə düşür. 15 dəqiqə 5 dərəcə temperaturlu suyun altında qalaraq boğulan qızı valideynləri aşkarlayanda, onun ürəyi döyünmürmüş. İki saat davam edən reanimasiya nəticəsində Edenin ürəyi yenidən döyünməyə başlayır. Amma bu müddət ərizində uşağın beyni ciddi zədə görür.
Həyata qayıtsa da Eden iflic olur və tam hərəkətsizləşir. Bədəni heç bir stimula cavab vermir. Maqnit rezonans tomoqrafiyası Eden`in baş beynində ağ və boz maddədə dərin, üzvi dəyişikliklərin baş verdiyini aşkarlayır.
Vəziyyəti tamamilə ümidsiz olan uşağın müalicəsiylə Luiziana Dövlət Universitetinin Yeni Orlean mərkəzi tibb fakultəsinin və Şimali Dakota Universitetinin tibb fakultəsinin alimləri məşğul olur.
Bədbəxt hadisədən 55 gün sonra alimlər qıza gündə iki 45 dəqiqəlik seans olmaqla normal təzyiqli oksigen verməyə başlayırlar. Nəticədə Eden tədricən xarici stimullara cavab verməyə başlayır, iflic getdikcə azalır. O, gülümsəyir və hətta əllərini də hərəkət etdirir.
78 gündən sonra qıza həftədə 5 dəfə 45 dəqiqəlik seanslarla yüksək təzyiqli oksigen ventilyasiyası tətbiq edilir. Cəmi 10 belə seansdan sonra Edenin anası, uşağın hərəkət funksiyalarının demək olar ki, tam bərpa olunduğunu deyir. 39 seansdan sonra isə Carlson sərbəst gəzməyə başlayır, nitqi bərpa olunur və koqnitiv funksiyaları inkişaf edir.
40-cı yüksək təzyiqli oksigen terapiyasından (HBOT) sonra çəkilən MRT, beyin toxumasının demək olar tam bərpa olunduğunu göstərir.
Alimlər düşünür ki, daha asan düzəlmə imkanı olan uşaq beyni, yüksək təzyiqli oksigen qidalandırması nəticəsində neyronların özünübərpa və iltihabəleyhinə funksiyalarını aktivləşdirən genlər ekspressiya edir ki, bu da sinir toxumalarının əvvəllər mümkünlüyü istisna olunan bərpasını təmin edir.