Son altı ildə mən çoxsaylı qohumlarımın və əksər dost həmvətənlərimin məndən gözlədikləri kimi yaşamıram. Bir çox azərbaycanlılar kimi onlar da istənilən hakimiyyətə uyğunlaşmağı daha doğru sayırlar. Bu, onlara hörmət eləməyimə mane olur, amma ədalət naminə xatırlatmalıyam ki, indiki Azərbaycan dövlətinin yerləşdiyi ərazi gah Cənubdakı, gah Şərqdəki, gah da Şimaldakı qüdrətli qonşular tərəfindən növbəli şəkildə işğal edilib. Əhali də sağ qalmaqdan ötrü yeni hökmdarların qoyduğu qaydalara tabe olmağa məcbur qalıb. Bu bizim milli xarakterimizdəki bir çox şeyləri izah eləyir, ancaq bəraət qazandırmır.
Bilmirəm, XX əsrdə baş vermiş əhəmiyyətli hadisələrin hamısından kənarda qalmağı bacarmış atam özünü necə aparardı, amma əminəm ki, anam – əgər yaşasaydı – mənim hazırda Azərbaycanda bərqərar olan qaydalardan narazılığımı tərəddüdsüz dəstəkləyərdi.
O, 1977-ci ildə dünyasını dəyişənə qədər 37-ci ildə atasını qətlə yetirmiş sovet rejimi ilə barışmadı, üstəlik öz mövqeyini məndən və qardaşımdan gizlətmirdi.
1945-ci ilin yayında anam bizi Dənizkənarı bulvara aparmışdı. Adətən, anamla gəzməyi çox sevirdik. Ancaq həmin avqust bazarında bizim tutqun əhval-ruhiyyəmiz aydın, günəşli havayla açıq-aşkar ziddiyyət təşkil eləyirdi. Səhər yeməyi zamanı qardaşımla bir-iki dənə “korovka” peçenyesi üstündə dalaşmışdıq – onları heç cür bölə bilmirdik. Mübahisəmiz hətta anam sakitləşməyimizi xahiş eləyəndən sonra da kəsilməmişdi. Onda anam, çox az adamın xəbərdar olduğu “alman” tərbiyə sisteminə uyğun olaraq, peçenyeləri toplayıb zibil yeşiyinə atmışdı. Mənim altı, qardaşımın on yaşı vardı və anamın bu hərəkəti bizi elə sarsıtmışdı ki, bir də heç vaxt yeməyə görə mübahisə eləmədik – anamın “alman” sistemi qüsursuz işləyirdi.
Bulvarda şən bayram ab-havası vardı – müharibə cəmi üç ay idi ki, bitmişdi və insanlar dinc həyatdan həzz alırdılar. Paraşüt qülləsinin altında hər tərəfdən nəfəsli musiqi həvəskarları ilə əhatə olunmuş hərbi orkestr çalırdı. Dənizin üzərində qırmızı hərflərlə “Biz qalib gəldik!” yazılmış böyük ağ dirijabl süzürdü.
Anam bizi ovundurmaqdan ötrü yaşlı ermənidən hərəmizə bir dənə şar aldı. Kişi, şarla yanaşı mürəbbəli yağlı kökələr də satırdı.
– Qaynar kökələr! – o, qulaqbatıran falset səslə bağırırdı, – çox, çox qaynardılar!
Anam yağlı kökələrin keyfiyyətinə böyük şübhəylə yanaşırdı, amma yenə də bir neçəsini aldı. Biz dərhal, həm də mübahisə eləmədən onları yedik, əhvalımız yerinə gəldi və Hökumət Evinin nəhəng binasını tikən əsir almanlara baxmağa getdik.
İnşaat ərazisinə gedən yolda geniş meydançanın ortasına qoyulmuş əcaib daş tikili diqqətimizi çəkdi.
– Bu, tribunadı, – anam izah elədi, – paradlar, nümayişlər zamanı hökumət başçıları orda dayanır.
– Bəs aşağıdakı barmaqlıqlar nə üçündü? – mən soruşdum, hələ o vaxtdan hakimiyyətdə oturanların xarakteri ilə bağlı olan hər şeyə xəstə bir maraq göstərirdim. Anam tribunanın aşağısındakı barmaqlığa alınmış tağa baxdı və istehza ilə gülümsədi.
– Onlar əvvəlcə tribunada dayanırlar, sonra da barmaqlıqlar arxasına düşürlər.
– Bu barmaqlıqların? – mən əl çəkmirdim.
– Məhz, bunun yox. Ölkədə barmaqlıqlar çoxdu.
Anamın dediyi sözlərin mənası mənə “çatmadı”, ancaq nədənsə ehtiyatlandım.
İldən-ilə içimdə anamda yanlış bir şeylər olduğu duyğusu böyüyürdü. Və 1953-cü il martın 6-da, Stalinin öldüyü gün onun barəsində düşündüyüm hər şeyi üzünə vurdum.
Faciəvi xəbər məni və dostlarımı – Cahangir, Akif, Əliağa və Borisi (əfsus ki, indi onların heç biri sağ deyil) həyətdə yaxalamışdı. Mən boğazımı sıxan hönkürtünü güclə saxlayaraq evə qaçmışdım. Anam kartof qızardırdı, atam işdən təzəcə qayıtmışdı və adəti üzrə, əlində hansısa kitab, yapıxmış dəri divanda uzanmışdı. Onların, ölkənin başına gələn bədbəxtlikdən artıq xəbərləri vardı. Odur ki, anamgilin laqeydlik həddindəki sakitliyi məni heyrətə saldı.
Anam tavadakı kartofu qarışdıra-qarışdıra qulaqdan zəif olan atama eşitdirmək üçün ucadan mənim hisslərimi ürəyimin dərinliklərinə qədər təhqir eləyən bir cümlə dedi: “Lopabığ gəbərdi! Kimin ağlına gələrdi!” Onun sözləri azərbaycan dilində daha yumşaq, amma dahi liderə qarşı rusca olduğu qədər hörmətsiz səslənirdi. Mən bunu ona bağışlaya bilməzdim! Odu ki, qəzəbdən titrəyən səslə pioner-komsomolçu ürəyimdə yığılmış hər şeyi dilimə gətirdim.
– Mən çoxdan bilirəm: sən bizi sevmirsən!
Anam qəmgin təbəssümlə mənə baxdı.
– “Sizi”- yəni kimləri, oğlum?
– Hamımızı! Sovet hökumətini!
Bizim baxışlarımız toqquşdu və o, başa düşdü ki, mənimlə mübahisə eləməyin mənası yoxdu. O illərdə Pavlik Morozov sovet uşaqlarının sevimli qəhrəmanı idi. Anam sərbəst olan sol əli ilə məni qucaqladı.
– Biz bu barədə sən böyüyəndən sonra danışacağıq. Sənin çox şeydən xəbərin yoxdu…
– Heç vaxt, – mən kəskin hərəkətlə onun əlini çiynimdən atdım, – mən heç vaxt inanmaram ki, bizim hökumətimiz pisdi!
Atam mətbəxə gəldi.
– Axı, səndən xahiş eləmişdim ki, uşaqların yanında belə şeylər danışmayasan, – atam ona xas olmayan sərtliklə anamı danladı, – hamımızı məhv eləyəcəksən.
O mənim başımı sığalladı və dərindən köks ötürdü.
– Ölüm ölümdü, uşağı başa düşmək olar…
Atamın konspirasiyaya riayət etməsi üçün bütün əsasları vardı: 44-cü ildə evlər idarəsinin müdiri Borzova qorxmuş halda qaçaraq bizə gəlmişdi.
– Sizin Rüstəm uşaqları başına yığıb deyir ki, radio yalan danışır, Hitler o qədər axmaqdısa, Moskvaya qədər necə gedib çıxmışdı?! Fatma Ələkbərovna, mənim sizə böyük hörmətim var, – bir çoxları kimi evlər idarəsinin müdiri də anamı evimizin böyüyü hesab eləyirdi və atama fikir vermədən şikayətini ona ünvanlamışdı, – belə şeyə görə adamı dama basa bilərlər!
Qırx dördüncü ildə mənim beş yaşım vardı və təbii ki, dostlarımla bölüşdüyüm informasiyanı evdə gedən söhbətlərdən almışdım. Borzova da bunu anlayırdı – sısqa bədənli müdirənin sözlərində valideynlərimin ünvanına açıq-aydın hədə-qorxu səslənirdi. Ancaq anam nahaq yerə demirdi ki, Borzova yaxşı insandı – o, atamın verdiyi arağı və məni sərt şəkildə cəzalandırmaq vədini alandan sonra sakitləşmişdi.
Bilmirəm, anamın qonşu həyətdə yaşayan rəfiqəsi Sara Lazarevna gəlməsəydi, Stalinin öldüyü gün anamla aramızda yaranan ideoloji konflikt necə bitərdi. Sara Lazarevna qapını çəkib bağlayan kimi üzündəki matəm ifadəsini sildi və anamı qucaqladı.
– Allah var, Fatiməcan, o, hər şeyi görür!
Mənim yanımda rahat danışmasın deyə atam ona işarə verməyə başladı və dərrakəli Sara Lazarevna dərhal matəm ifadəsini üzünə qaytardı.
– Əlbəttə, əlbəttə, İbrahim Əhmədoviç… Bəyəm mən başa düşmürəm… Yoldaş Stalinin ölümü böyük faciə, əvəzolunmaz itkidi.
-Siz haqlısınız, Sara, – anam onun sözünü kəsdi, – ancaq indi çox şey yaxşılığa doğru dəyişəcək.
Atam, narazılıqla başını yellədi və məni mətbəxdən çıxartdı.
İzaholunmaz demoqrafik qəribəlik nəticəsində həm bizim həyətdə, həm də qonşu həyətlərdə çoxlu yəhudi məskunlaşmışdı. Nadir istisnaları nəzərə almasaq, məhəlləmizin yuxarısında da, aşağısında da azərbaycanlılar yaşayırdılar. Niyə iyirminci illərdə Bakıya köçən yəhudilər yaşamaq üçün, məhz, bizim məhəlləni seçmişdilər, anlamaq çətin idi. Ancaq səbəb nə olur-olsun, mənim böyüdüyüm dövrdə onlar artıq əsl bakılılar kimi qəbul edilirdilər. Mən Vitburqların milliyətcə yəhudi olduqlarını yalnız 49-cu ildə, Sara Lazarevna anamdan Stalinə məktub yazmasını xahiş eləyəndə bilmişdim. Onu məhəlləmizdəki yəhudilər göndərmişdilər – anam hüquqşünas təhsili almasa da, yüksək instansiyalara “düzgün” məktublar yazmağı bacaran adam kimi tanınırdı. Bunda anamın iki il uşaq evinin direktoru işləyəndən sonra, müharibənin axırlarında bir müddət bizim “rayispolkom”da kifayət qədər yüksək vəzifə tutmasının da təsiri vardı. Rayon İcra Hakimiyyətinin birinci katibi anamdan partiyaya yazılmasını tələb eləyəndə o, işdən çıxmışdı.
Sara Lazarevna məktubdan söz açan kimi anam məni otaqdan çıxartmışdı. Amma mən o vaxtlar artıq ürəkdən sevdiyim yoldaş Stalinin adını eşitməyə macal tapmışdım. Ona görə də, otağı tərk eləyəndən sonra xəlvətcə onların söhbətini dinləməyə başlamışdım. Sən demə, Stalin Sovet İttifaqında yaşayan yəhudiləri düşmənlə “əlbir” olmaqda ittiham edibmiş və onları Sibirə sürgünə göndərmək istəyirmiş.
Sara Lazarevnanın dolaşıq söhbətində iki ad bir neçə dəfə təkrarlanmışdı: Golda Meir və Jemçujina; Qəribə də olsa, bu adlar ömürlük yadımda qalıb.
Çox-çox sonralar Pavel Finn və Semyon Aranoviçin “Xalqların böyük konserti və ya Çeyn-Stoksun Nəfəsi” sənədli filminə prodüserlik eləyəndə on yaşımda qapı arxasından eşitdiyim məlumatı təsdiqləyən sənədlərlə tanış olmuşdum: İsrailin SSRİ-dəki səfiri Golda Meir Moskvaya gələndən az sonra xeyli sayda dindar yəhudilərin toplaşdığı sinaqoqa gedib və onlar səfirə yəhudi dövlətinin yaranması münasibətilə sevindiklərini bildiriblər. Bundan bir neçə gün sonra isə rəsmi ziyafətdə Molotovun arvadı Jemçujina səfirə yaxınlaşıb və onunla ingiliscə yox – çünki bu dili bilmirdi, rusca yox – Golda Meir rusca bilmirdi, ivrit dilində danışıb – bu dili hər ikisi bilirdi.
– Mən yəhudi xalqının qızıyam, – Jemçujina qürurla deyib və bu, kifayət eləyib ki, o, tezliklə həbsxanaya düşsün. Eyni vaxtda yəhudi teatrı və nəşriyyatı da bağlanıb. Ondan bir il əvvəl isə Minskdə Mixoels öldürülmüşdü və yəhudi antifaşist komitəsinin üzvləri həbsinə başlanmışdı.
Siyasi cəhətdə bilgili olan anam bir qrup tanınmış mədəniyyət və elm xadiminin, bütün yəhudilərin Krımda məskunlaşmasına icazə verməsi üçün yaxınlarda Stalinə müraciət etdikləri barədə gəzən şayiələri Sara Lazarevna ilə bölüşmüşdü. Sara Lazarevna dəhşətə gəlmişdi. Ona görə də anamın rəhbərə yazdığı məktubda xüsusilə vurğulanırdı ki, “bizim” yəhudilərdən heç biri Krıma köçmək niyyətində deyil, onlar elə doğma Bakıda da rahat yaşayırlar.
Həmin məktubun ünvanına çatıb-çatmadığı məlum deyil, amma hələ bir neçə il bizim küçədə belə bir mif gəzmişdi ki, bakılı yəhudiləri Sibirə sürgündən, məhz, anamın məktubu xilas eləyib. (Hər kəsə məlumdu ki, Stalin, yəhudiləri kütləvi şəkildə Sibirə deportasiya eləmək niyyətinə bir neçə ildən sonra yenidən qayıtmışdı və diqqətlə hazırlanan bu planın reallaşdırılmasına sadəcə onun ölümü mane olmuşdu).
Əlli dördüncü ildə Fuad əmi, atamın doğma qardaşı bəraət alıb Bakıya qayıtdı. O, “kosmopolitizmə görə” məhkum olunduğu on illik cəzanın beş ilini İrkutsk ətrafındakı düşərgələrdə keçirmişdi. Tanınmış psixiatr və psixoloq olan əmim, həbsdən çıxanda kifayər qədər yaşlanmışdı, amma ömrünün qalan illərində Azərbaycanda billinqvizmin psixoloji tərəflərilə bağlı olan elmi cərəyan yaratmışdı. Bu gün ikidilli mühitdə təhsili araşdıran bu cərəyan öz aktuallığını itirir, ancaq o vaxtlar milli respublikaların hamısında yerli əhalinin ana dili ilə yanaşı rus dili də tədris olunurdu və əmimin işləri çox geniş yayılmışdı.
SSRİ dağılandan sonra, axır ki, açılan arxiv materiallarını araşdıran dostum, tarixçi Cəmil Həsənli, Fuad əmimin hələ otuzuncu illərin ortalarından xüsusi idarənin nəzarəti altında olduğuna və bir neçə dəfə həbsin astanasına yaxınlaşdığına dair faktlar tapmışdı. “Günəş kələfi” romanında əmimin başına gəlmiş bir hadisəni danışmışam. İqtibas gətirirəm: “Müharibə illərində Fuad əmi Mağaza küçəsində yerləşən şəhər ruhi xəstəxanasının baş həkimi işləyirdi. Qırx ikinci ildə onun ardınca XDİK-dən (NKVD) maşın gəlir. Gecəyarısı yatağından qaldırılan əmim, onun həmişəlik aparıldığına əmin olan doğmalarıyla vidalaşır. Ancaq onu XDİK yerinə rəhbərlik elədiyi dəlixanaya gətirirlər. Yazıq əmim xəstəxanasının damında ağ bayraq görüb dəhşətə gəlir. “Qaynar izlərlə” araşdırma başlayır və məlum olur ki, almanların Bakı istiqamətində cəbhəni yardıqlarını öyrənən dəlilər tələsik dörd mələfəni birləşdirərək ağ təslim bayrağı tikiblər ki, alman bombarmançıları onu görüb xəstəxanaya bomba atmasınlar.”
Fuad əmi heç vaxt düşərgə həyatından danışmırdı. Buna baxmayaraq, sovet quruluşunun ədalətliliyi ilə bağlı ilk şübhələrim onunla görüşlərim zamanı yaranmışdı. Bu ortayaşlı, son dərəcə ağıllı insan mənimlə böyük adam kimi uzun-uzadı söhbət eləyirdi. Onun, hamı tərəfindən (o cümlədən, mənim tərəfimdən də) vəcdlə qəbul olunan məsələlərə qarşı göstərdiyi təmkinli narazılıq mənə, tədricən, müalicəvi təsir eləyirdi – mən təbliğatın dediklərindən əlavə şeyləri də görməyi öyrənirdim.
İnstituta daxil olmaq vaxtı çatanda mən öz uşaqlıq aldanışlarımdan tamamilə qurtuldum və əksər neofitlər kimi sovet hökumətinin qızğın tənqidçisinə çevrildim. Bu, hər zaman sözlərinə diqqət eləyən atamı çox qorxutdu. İnqilabdan sonrakı hadisələr onun yaddaşında özünə elə yer eləmişdi ki, atam, anamın sözləriylə desək, ömrü boyu “dilinə nəzarət” eləmişdi. Mənə elə gəlir ki, o, uzun illər sürən birgə içki ayinlərində sınaqdan çıxmış kef yoldaşları arasında da açıq söhbətlərdən qaçırdı.
Atamın özünə nisbətən azadlıq verdiyi yeganə yer həyətimiz idi. Yay axşamlarında qonşu həyətdə yaşayan gürcü bərbər Şakro atamın keçəl başında qulaqlarının arxasına doğru uzanan nazik saç çələngini qırxdığı müddətdə Zyama dayıyla (Boris Fridmanın atası) o biri qonşumuz, daima sarı-narıncı zolaqlı pijamada gəzən atvomüfəttiş İbadulla həyəti dövrələmiş açıq eyvanda oturub onu dinləyirdilər, atam da yüksək səslə “Pravda” qəzetinin təzə nömrəsində yazılanlara şərh verirdi.
– Molotovun işləri pisdi, – məsələn, o, qəti əminliklə bəyan eləyirdi və ölkənin əsas qəzetində yazılmayanları oxuya bilmək bacarığı ilə Zyama, Şakro və İbadullanı heyran qoyurdu.
– Siyasi büronun sonuncu iclasında iştirak edənlərin siyahısında Molotovun soyadı Stalinin adından sonra gələn həmişəki yerindən götürülüb və dördüncü yerə keçirilib, – atam izah eləyirdi və qonşular özlərində olan nüsxələri gözlərinə yaxınlaşdırırdılar. Onlar, atamdan fərqli olaraq, kommunist olduqlarına görə hər il bu qəzetə abunə yazılırdılar.
Atam heç vaxt yanılmırdı. O, “Pravda”da dərc olunan rəsmi xəbərləri diqqətlə oxuyur və “yuxarıda” işlərin necə getdiyini gecələr “düşmən” radiostansiyalarını dinləyənlərdən heç də pis bilmirdi. Ancaq öz müşahidələrini qonşularından başqa heç kimlə paylaşmırdı. Yazıq atam bütün ömrünü beləcə, ürəyinin hər titrəyişini buxovlayan ideoloji çanaqda keçirdi. Onunla aramda gerçək bir yaxınlığın olmamasının əsas səbəbi də elə bu idi.
Bir dəfə anamdan soruşdum ki, on doqquz yaşında unversitetdə fəhlə fakultəsini bitirəndən sonra o, niyə özündən on yeddi yaş böyük və elə də yaraşıqlı olmayan bir adama ərə gedib.
– Mənimlə çoxları maraqlanırdı, ancaq onlar, əsasən, Bakıya rayonlardan gəlib, burda qabağa gedənlər idilər. Mən isə istəyirdim ki, uşaqlarımın atası yaxşı ailədən çıxmış intellegent insan olsun. Atanın babası Peterburqda təhsil almış hüquqşünas idi, Şamaxıda vəkillik kontoru vardı. Sənin baban isə şəhər idarəsində işləyirdi və inqilab olmasaydı, idarəyə rəhbərlik etməkdən ötrü bütün imkanlara sahib idi.
Anam atamı fərsiz hesab eləyirdi; bir dəfə onun atamı necə qınadığını eşitmişdim; atamın hansısa replikasının cavabında anam “Bunun nə mənası var? Sənin dostların çoxdan akademik, professor olublar, amma sən ömrün boyu əvəzedici dosent qaldın” demişdi.
Fuad əmigilə qonaq getməyə hazırlaşan atam təmkinlə etiraz eləmişdi:
– Mənim dostlarım çoxdan güllələniblər, həbsə atılıblar, sənin barələrində danışdığın adamlar isə sadəcə iş yoldaşlarıdı.
Atam repressiyaya məruz qalmış dostlarının, qohumlarının adlarını könülsüz çəkirdi. Özü isə yalnız ona görə sağ qalmışdı ki, hamıyla yola getməyə çalışırdı, tutduğu vəzifəni ona iddiası olan hər kəsə güzəştə gedirdi. O, heç qapıdan belə birinci keçmir, hətta uşağı da özündən qabağa buraxırdı.
Axşamlar İbrahimbəyovların yaşlı nəsli poker oynamaq üçün Fuad əminin evinə yığışardı. Atam kart oynamırdı. Böyüyəndən sonra onun yerinə qumarbazların çevrəsinə qardaşım girmişdi və hər dəfə uduzurdu. Bəlkə elə buna görə də, mən qumar oyunlarına heç vaxt maraq duymadım.
Qardaşım mənə çox təsir eləyib. O, on dörd yaşına qədər ana uşağı olub, ona “ağlağan Maks” ləqəbini vermişdilər. Ancaq qəflətən kəskin dəyişdi, boksa getdi və çox tezliklə özünü qorumağı bacaran adam kimi tanındı. Yazıçılığa meyl onda çox erkən üzə çıxmışdı – on üç yaşında on iki vərəqlik dəftərə yerləşən bir “roman” yazmışdı. Biz ailəlikcə qardaşımın kerosin lampasının işığında onu oxumasını dinləmişdik. Eşitdikləri valideynlərimi fərəhləndirmişdi. O “roman”ı mən də bəyənmişdim, dəniz quldurları haqqında idi. Qardaşım şeir də yazırdı, onlar elə də xoşuma gəlmirdi. Amma bütün hallarda dəniz quldurlarından bəhs eləyən “roman”ın qəhrəmanlarının diliylə desək, mən uzun illər “onun kilvateri (“kilvater” – gəmilərin bir-birinin ardınca sıra ilə hərəkəti) ilə hərəkət elədim.”
O, çox gözəl nasir idi. Mənə elə gəlir ki, “Ondan yaxşı qardaş yox idi” povesti dünya nəsrinin ən yaxşı nümunələrindən biridi. Mənim, gözlənilmədən yaranan ondan nümunə götürmək arzumu qardaşım dərhal və qeyd-şərtsiz dəstəkləmişdi. Amma yazdıqlarımın çoxunu ideoloji baxımdan təqdir eləmirdi. İctimai davranışım isə ildən-ilə onu daha çox qıcıqlandırırdı…
Bunlar, bu günə qədər yazmağa macal tapdığım mətnin başlanğıcıdı – mən hələ də həyata vurğunam. Bildim ki, insanı bəyənən təkcə özü olmayanda səksən yaş o qədər də qorxulu deyil…
Fürsətdən istifadə eləyərək bu mətni görən hər kəsi Yeni il münasibətilə təbrik eləyirəm. Gənclərə uğurlar arzulayıram, yaşca böyük olanlara isə xatırladıram ki, qocalıq – hər kəsə nəsib olmayan bir məziyyətdi və ondan istifadə eləməyi bacarmaq lazımdı…
(Davamı üçüncü hissədə)
Ruscadan tərcümə: Aygün Aslanlı