Anam mənə laylay oxuyur. O laylay oxuyanda çox xoşuma gəlir. Yarıyuxulu halda onun səsini eşitməyi sevirəm. O, artıq yuxuya getdiyimi fikirləşir və get-gedə daha asta səslə oxuyur. Qalxır. Gözlərimi açıram. Bir az da oxumasını xahiş eləyirəm.
Bağlı qapı döyülür. Pilləkənlərlə aşağı. Eninə-uzununa mələfələr asılmış kiçik həyət. Mələfələr uzun taxtalara bərkidilmiş iplərdən asılıb. Taxtanın bir ucu haçalanıb, digər ucu isə yerə dirənib. Adətən, həyətdə çox insan olur: uşaqlar top oynayır, qadınlar öz övladları ilə məşğul olur, kişilər siqaret çəkir, nərd oynayırlar. İndi isə heç kim yoxdu. Hamı küçəyə qaçıb – orada maşın qəzaya uğrayıb. Yüksək sürətlə gələrək ağaca çırpılıb. Atamın maşını. Ayağımın altında şüşə qırıntıları var. Milis insanları hadisə yerindən uzaqlaşdırır. Bircə yaxına getmə! Bircə yaxınlaşma!
– Dəhşət! Onların ikisi də ölüb!
– Bəlkə sağ qalarlar?
– Yox əşşi… Ölüblər… Görmürsən, həkimlər çıxıb gedirlər. Həkim deyir, çox güman ki, sükan arxasında infarkt keçirib.
– Bu, onların oğludu. Dayan! Qaçma!
***
Niyəsə aptekə girdim. Sən bilmirsən, mən nə almalıyam? Heç mən də bilmirəm. Vitrinin qarşısında dayanıb adları oxuyuram: öskürək dərmanı, sidikqovucu, hamiləliyə qarşı. Aptekə niyə girmişəm, axı? Belə də ki, nə fərqi var? Guya səndə belə şey olmayıb: mağaza, yaxud aptekin yanından keçəndə içəri girirsən. Heç nə almayacağını əvvəlcədən bilə-bilə. Amma bu qarı ona nə lazım olduğunu bilir… Ya da bu fırtıqlı dördgöz. O, mütləq soyuqdəyməyə qarşı nəsə alacaq. Qalın, qara bığları alt çənəsinə qədər uzanmış, dəri gödəkcəli oğlan. O, əllərini yellədir. Hər əlində bir qatıq şüşəsi var. Oğlan ciyildəyir. Yəqin lal-kardı. Şüşələr, əlləriylə göstərməyinə mane olur. O, satıcıya ciyildəməyi dayandırmadan onları şüşə vitrinin üstünə qoyur. Satıcı – sivilcəli qız- ona başa salır ki, oyuncaq (a-a-a, ona oyuncaq lazım imiş. Buna görə ciyildəyəndə həm də ağzını şappıldadır) yalnız tənzif, termometr və hansısa dərmanla birlikdə satılır. Lal-kar hər iki qatıq şüşəsini qaldıraraq bərkdən vitrinin üstünə qoyur (məncə, vitrin qırılmadı) və bununla etirazını bildirir. Satıcı qəzəblənir… yox, qəzəblənmir. Sadəcə oyuncağı əlavələrsiz satmayacağını deyir. Lal-kar, əsəbi jestlər edir, ağzını şappıldadır, ciyildəyir, azca da tullanır. Avaralar, lal-karın müdafiəsinə qalxır, oyuncağın komplektsiz satılmasını tələb eləyirlər. Satıcı isə cavab verir ki, əgər hər kəsə bu şəkildə satsa… Onun nə dediyinin nə fərqi var ki… Qoy mən də nəsə alım. Məsələn, yuxu dərmanı. Hə, bir-iki qutu yuxu dərmanı.
Duman daha çəkilmir. Amma yaxınlıqda kimsə hərəkət eləyir, söhbətləşir, sevir. Mən Səni əməlli-başlı bezdirdim. Ancaq səndən başqa kiminlə danışım? Toxunma papaq Sənə çox yaraşır. Yəqin, Sən indi kitab oxuyursan, ya da işləyirsən, mənsə öz fikirlərimlə əl çəkmirəm. Ah! Lənət şeytana, az qala, kiminləsə toqquşacaqdım. Lənətə gəlmiş duman! Bağışla, amma səninlə ünsiyyətimi kəsə bilmərəm. Niyəsini soruşursan? Bəlkə də soruşmursan. Onsuz da nə cavab verəcəyimi bilmirəm.
Bu da mənim qapım. Açılanda çox iyrənc şəkildə cırıldayır. Yağlamaq lazımdır. Görəsən, bu ifadəni neçənci dəfədi. təkrarlayıram? «How did you know I was living here?» – gökdəkçəmidəhlizdəkistulunüstünəatıram. «Leave me alone!» – ayaqyoluna girirəm. Təəccüblənmə, mən ingilis dilini belə öyrənirəm. Evin hər yerinə ingiliscə cümlələr yazılmış vərəqlər yapışdırıram, bir həftədən sonra isə dəyişirəm. Bilirsən, bu kömək edir. «Well maybe I’ll do that now». Mətbəxdəki plakatı qopardıram. «Do you want to come?» – bu dəfə yataq otağındakıdı. Ardından digərlərini də. Əlimdə kağız-kuğuzla pilləkən meydançasına çıxıram, siçovulların dırmaşmağı sevdiyi zibil borusunun qapağını açıram. Siçovulları görəndə ətim ürpəşir.
Bir dəfə qabları yuyanda qaz plitəsinin arxasından siçovul çıxdı. Nədənsə boz yox, qəhvəyi idi. Arxasında naqilə bənzər çirkli quyruğu uzanırdı. Dayandı, qara-düymə gözləri ilə mənə baxdı və tələsmədən geri qayıtdı. Sən demə, plitənin arxasında deşik eşib, oradan mənzilimə səyahətə çıxırmış. Deşiyi sementlədim və yerimə uzandım. Səhər gördüm ki, boş yerə əziyyət çəkmişəm.
Deşik ilkin şəklində idi. Siçovul bütün günü gah şkafın, gah soyuducunun arxasında səs saldı. Üstəlik masamın üstünə də sıçdı. Yəqin, onun şəxsi həyatına qarışdığım üçün məni cəzalandırırdı. Halbuki əslində o mənim şəxsi həyatımı zəhərləyirdi. Tələ alıb deşiyin ağzına yerləşdirdim. Yem olaraq tələyə kolbasa tikəsi qoydum. Kolbasanı yedi, amma tələ bir işə yaramadı. Siçovul məni ələ salırdı. Döşəməsilən taxtanı götürüb bütün ev boyu onu qovdum. Siçovul şkafdan çiynimə atıldı. Özünə təkan verərək yerə uçdu (məhz elə uçdu) və qaçmağa başladı. Onun ardınca qaçdım. Döşəməsilən taxtanı ona atdım, ancaq sadəcə güldanı qırdım. Siçovul isə, deyəsən, müvəffəqiyyətlə yuvasında gizləndi. Güldanın qırıqları da onun ardınca yuvaya getdilər. Siçovulun yuvasını şüşə ilə doldurmaq qərarına gəlmişdim. Görək, şüşələri necə gəmirəcək. Çaxır şüşəsini sındırıb parçalarını deşiyə doldurdum. Onlar da eyni uğurla boşluqda yoxa çıxdılar. Eyvandan daha bir neçə şüşə gətirdim. Eyni şeyi bir də təkrarladım. Nəticə dəyişmədi. Nəhayət deşikdə on beş şüşənin qırıntıları yox olandan sonra deşiyin ağzı doldu. Divarı sementləməyə başladım… amma qəfildən şkafın arxasından xışıltı eşitdim. İlahi, yox! Siçovul yuvasında deyildi!
Onda çox dəhşətli bir edam fikirləşdim! Bir çubuğa naqil doladım, naqilin bir ucunu soydum, digər ucunu isə şəbəkəyə birləşdirdim. Siçovul üçün “elektrik stulu”, ya da, daha doğrusu, “elektrik dəyənəyi” hazır idi.
Bir saat mətbəxdə siçovulun ardınca qaçdım. Siçovul gah stolun üstünə çıxırdı, gah da şkafa hoppanırdı. Mən şkafa yaxınlaşanda o, artıq məni soyuducunun arxasından izləyirdi, bir neçə saniyə sonra isə yenə stolun üstündə qaçırdı. Axır ki, yoruldu (elə mən də) və qaz plitəsinin arxasına soxuldu. Amma daha yuvasına girə bilmədi. Elə orda, plitə ilə divarın arasında donub qaldı. Belə… Amma orda öz elektrik dəyənəyimlə ona heç nə eləyə bilmirdim. Qaynayan çaydanı götürdüm. Qaynar suyu siçovulun üstünə tökmək olar olar, o zaman öləcək: sadəcə çaydanı əymək kifayətdi. Dayandım, çaydanı yerinə qoydum və dərindən nəfəs aldım. Siçovul mənə baxdı və qaçdı.
Siçovulu öldürdüm… Mən onun ölümünə səbəb oldum. Eyvana qaçdı və oradan aşağı düşdü. Hərçənd həyətə düşəndə onun cəsədini görmədim. Bəlkə də ölməyib. Nə isə. Təsəvvür eləyirsən, siçovul eyvandan aşağı düşəndə dil açır, özü də ingiliscə danışmağa başlayır! Çox gülməli olardı. Cümlələr yazılmış vərəqləri zibil borusuna dürtürəm və qapağını bağlayıram. Mənzilə qayıdıram. Duşdan sonra dünəndən qalmış kotlet-kartofla şam eləyirəm. Bir şüşə çaxır da açmışam. Maqnitofonu qoşuram. Sən Jan Lyuk Pontini sevirsən? Mən ölürəm Lyuk Pontidən ötrü. Xüsusilə onun “İlğım”ı üçün. Yuxu dərmanını çıxarıram, bütün həbləri jurnal masasının üzərinə boşaldıram. Xırda, rəngbərəng, cəzbedici həb təpəciyi. Təzyiqlə axan su stəkanın dibində köpüklənir, kənarlarından daşır. Stəkanı həblərin yanına qoyuram. Məncə, bütün həbləri içmək üçün bir stəkan su kifayət edər. Əvvəlcə başım hərlənəcək, hər şeyi qalın şüşəli eynəkdən baxırmış kimi görəcəm. Sonra qaranlıq çökəcək… Bəlkə də qaranlıq yox, sadəcə yuxu… Mən tez-tez yuxu görürəm. Bu, sonsuz yuxu olacaq. Yaxşı, bəsdi… Eeee! Yenə nə cingildəyir?! Telefon! Telefonun və zəngli saatın səsinə nifrət eləyirəm! Nif-rət e-lə-yi-rəm!
Su stəkanı telefona sarı uçur. Dəydi. Stəkan yerə düşüb qırılır. Telefon isə zəng çalmağa davam edir.
Doqquz, on, on bir zəng…
Ağ, plastik top, siqaret tüstüsü basmış tennis otağında torun üstündən o baş-bu başa uçurdu. Damağında siqaret olan oyunçu raketka ilə jonqlyorluq eləyirdi. Şap! Top yerə düşürdü. Oyunçu ucadan gülürdü. Gülə-gülə Eliki topun dalınca göndərirdi. O da topu gətirirdi. Topu itirən oyunçu yenə baş hərəkəti ilə Elikin onun arxasınca göndərirdi.
– Niyə belə eləyirsən? – mən soruşdum.
– Uduzub, pulumu vermir. Deyir, yoxudu. Ona görə də, qoy işləsin. Sənə nə dəxli var ki? Mənə niyə belə baxırsan?
Şap! Oyunçu yenə topu qaçırdı, o yerə düşdü. Elik topu qaldırmaq üçün əyildi. Oyunçu hiyləgərcəsinə mənə baxaraq ona təpik vurdu. Elik tennis stolunun yanında yerə sərildi və ağladı. Mən tennis stolunun üstünə atılaraq oyunçunun üzünə təpik vurdum. O, başını tutub yerə yıxıldı. Barmaqlarının arasından qan süzülməyə başladı. Sonra dostları üstümə cumdular. Elə oyunçu da özünə gələn kimi bıçaqla üstümə şığıdı. Qəfildən milis peyda oldu. Hamı dağılışdı. Mən üst-başımı düzəldib küçəyə adımladım. Elik ardımca gəlir və gülümsəyirdi…
On iki, on üç, on dörd, on beş zəng…
Həmin yay Bakı xüsusilə isti idi. Mən, ötüb keçənləri öz mərhəmətli kölgələri ilə xilas eləyən binaların yanı ilə yeriməyə çalışaraq işdən qayıdırdım. İdman ayaqqabılarım əriyən asfalta axan qumdakı kimi batırdı. Mümkün qədər az hərəkət eləmək üçün yavaş getməyə çalışırdım. Hər hərəkətimdə köynəyim yaş bədənimə yapışırdı.
Axşam yeddinin yarısıdı. Çimərliyə gedib Xəzərə baş vurmaq imkanı yoxdu. Belə havada həzzi də, qurtuluşu da bircə orda tapmaq olar. Bəxtəvər insanlar mavi-yaşıl suda oturur, oynayır, suya baş vururdular. Başımı kondisionerin altına tutdum –soyuq hava axını məni əhatə elədi. Təbii ki, bu, suyun altında köpük buraxmaqla müqayisə oluna bilməz, deyil, amma yenə də pis deyil.
Elik otağa daxil oldu – giriş qapısını bağlamağı unutmuşam.
– Qapını bağladın?
– Hə.
O oturdu. Özümə və ona çay süzdüm. Elik tavana baxaraq dedi: “Zavodda işə düzəldim. Orda soyuducu düzəldirlər. Sənə soyuducu hədiyyə eləmək istəyirəm. Onu zavoddan hissə-hissə çıxaracağam, sonra sənin evində yığacağam. Axı, mən artıq ustayam. Bax, birinci hissəni gətirmişəm”.
O, cibindən dəmir “Xəzər” yazısını çıxartdı.
Dəmiri jurnal masasının üstünə qoydum və dedim ki, elə mənim də ikinci soyuducuya ehtiyacım var. Elik tavana baxa-baxa gülümsəyirdi.
On altı, on yeddi, on səkkiz, on doqquz zəng…
Yox, dincəlməyəcək. Dəstəyi götürürəm və öyrənirəm ki, Elik evimə gəlmək istəyir, çünki tramvay parkında işləyən qıza vurulub. Onunla evlənmək istəyir. Məsləhətə ehtiyacı var. Cavabında nəsə qışqırıb dəstəyi asıram. Stəkanın qırıqlarını süpürürəm. Elikə zəng vururam. Anası, onun evdə olmadığını deyir. Eybi yox, yenə zəng vuracaq.
Teymuru yatızdırmalıyam. Bu, elə də asan iş deyil. Samirə də, mən də bayquşuq, gec yatırıq. Vərdişimiz Timaya da keçib. Amma uşaq gecə ikiyə qədər oyaq qala bilməz, axı.
Ona görə də, yenə ulduzların yanına uçmalıyıq. Tima qapalı gözləri ilə yataqda uzanıb şirin-şirin gülümsəyir. Radionu açıram. Radio fit çalır, xışıldayır. Bizim kosmik gəmimiz planetə enir. Mən uçuş və eniş haqda danışıram. Tima gözlərini açıb ekzotik sakinlərə baxmaq istəyir, ancaq yadına düşür ki, uçuşun şərtlərindən biri də yuxudu – ən maraqlı hadisələr orda cərəyan eləyəcək – və dərindən köks ötürür. Samirə yataq otağına boylanır, nəsə demək istəyir, mən əlimi yellədirəm, o, başını tərpədib çıxır.
Tima yuxuya gedir. Mən ədyalı onun üstünə salıram, radionu söndürürəm, arxamca qapını bağlayıram. Samirə televizora baxır. Hansı filmin getdiyini soruşuram, pis film olmadığını, amma artıq bitdiyini deyir. Siqaret yandırıram. Samirədən çay süzməsini xahiş eləyirəm. O, çayı gətirəndə qapının zəngi çalınır.
– Bu saatda kim ola bilər? – Samirə soruşaraq kresloya əyləşir.
– Bilmirəm, – çiynimi çəkirəm, siqareti külqabına qoyaraq qapını açmağa gedirəm.
Üst mərtəbəki qonşudu. O, güclü küləyin, eyvana sərdiyi koftasını uçurduğunu deyir və bizim eyvana düşüb-düşmədiyini soruşur. Mən hələ düşmədiyini, amma bu dəqiqələrdə gözlədiyimizi deyirəm. Qadın gülür.
Film bitib. Özümə, əlbəttə ki, soyuq çay süzdüm. Çaydanı plitənin üstünə qoymaq lazımdır. Külqabındakı siqaret də yanıb qutarıb. Ondan ancaq kül və yarım yanmış filtr qalıb… Başqa siqaret yandırıram, eyvana çıxıram. Həqiqətən, güclü külək əsir. Küləyin təsiri altında dəmir dam örtüyü uğuldayır, köməksiz qovaqlar əyilir. Ulduzlar buludların qalın pərdəsi arxasında gizlənib.
Artıq çox gecdi. Həyətdə heç kim yoxdu. Hərçənd bir nəfər tələsik həyətdən keçərək binaya daxil olur. Sonra biri də. Amma o, pijamada, küləyin təsirindən əyilə-əyilə üzbəüz binanın damında çətinliklə gəzir. Somnambula. Nəsə eləmək lazımdır! Qışqırım? Ancaq o, eşitməyəcək. Kimisə çağırım? Bəlkə yanğınsöndürənləri çağırım? Somnambula damın kənarına çatır və aşağı uçur.
Kökündən qopmuş qovaq ağacı kiminsə maşınının üstünə aşır. Bu da maşının sahibi. O qovağa doğru qaçır, onu təpikləyir, aşan ağacı daşa basır. Siqaretin kötüyünü aşağı atıram…
Yuxuya getdiyim vaxt dəhlizdə tappıltı eşidilir. Çılpaq ayaq tappıltısı sürətlənir. Heç bilmirəm, bu, nə ola bilər… Lampanı yandırıb gözləyirəm.
Qapı açılır, altıayaqlı varlıq otağa qaçır. O çətin nəfəs alır, eyni zamanda qorxunc şəkildə mırıldayır. Ağzı əntər ağzına oxşayır, amma uzun dişləri var. Ağzından köpüklü tüpürcək axır. Qəzəbli, davakar baxışları var. Əzələli bədəni kürən-qara tüklərlə örtülüb. Pəncələrində qurumuş qan ləkələri olan çirkli caynaqları var.
O deyir: “Mən çox cəldəm! Sənin tutmaq mənim üçün su içmək kimi asandı!”
Pəncəsini qaldırır, sərt şəkildə parketə çırpır və dırnaqları ilə döşəməni cızmağa başlayır.
– Sən hardan çıxdın? – soruşuram. Varlıq bitlərini çıxara-çıxara çənəsini qaşıyır.
– Sənə nə fərqi var? Bu, nə axmaq suallardı! Elə bu, sübut eləyir ki, siz bu həyatda heç nə başa düşmürsünüz. Bütün həyatım, mənim kimilərinin həyatı həyatı ağır və keşməkeşli işdir. Və ov! Bunu ov adlandıra bilərsən. Bütün bunlar asan deyil. Amma mənim vəzifəm xüsusilə vacibdi. Sən də axmaq suallar verirsən!
-Kimin ovuna çıxmısan?
-Gəl, onları siçanlar adlandıraq.
-Niyə məhz siçanlar?
-Başqa cür də adlandırmaq olar. Sadəcə tələffüzü asandır. S-İ-Ç-A-N-N-N! Yaxşı səslənir, hə? Bax, mən onları ovlayıram.
-Sən onları yeyirsən?
-Yox, qətiyyən. Bilirsən, məsələ necədi? Mən sadəcə onların mahiyyətlərinə düzəliş eləyirəm. Onlarda bizə mane olan çoxlu amillər var. (Başa düşürsən də, mən tək deyiləm). Əvvəlcə gözlərini çıxarıram, sonra digər orqanlarını, axırda da vicdan orqanlarını… Qısası, çox mürəkkəb manipulyasiyadı. Sonra hər şey yenidən bərpa olur. Görmə də qayıdır. Təbii ki, uyğun hisslər də. Siçanlar itaətkar və xoşbəxt olurlar. Əsl harmoniya yaranır. Başa düşürsən?! Bizim dünyanın düzəni belədi. Və yalnız o, düzgündü. Qalan hər şey əsl cəfəngiyyatdı! Elə buna da uyğunlaşmaq lazımdı.
– Doğru deyil! Onlar əzab çəkirlər! Üzdən xoşbəxt görünürlər sadəcə. Onlar qorxurlar-həqiqət budur. Amma qorxu sevgi deyil. Qorxu…
– Əşşi! Sevgi nədi? Ayıl! Ətrafa bax! Hərçənd, gör, mən kiminlə danışıram?! Bax, sən elə bilirsən ki, sənə rahatlıq verməyən o rəsm – həkimlər olan, sənin sözlərinlə desək, iyrəncliyi artan rəsm – elə-belədi? Mən elə mənim dediyim şeydi. Mənim ovum elə budu. Mən sənə kömək eləmək üçün bu əhvalatı qəsdən uydurdum. QORXU! Sonra isə itaət. Mən sadist deyiləm. Sən isə seçilmişdin. Mən səni bizlərdən biri kimi yetişdirmək istəyirdim. Biz hökmdarlarıq. Hər şeyə biz qərar veririk. Amma sən heç cür təslim olmurdun. Səni uşaqlıqdan izləyirəm. Sənin gücünü hiss eləyirdim. Böyük ümidlər vəd edirdin. Amma bu güc lazım olan yerə yönəlmədi. Buna çox cəhd elədim, inan mənə. Hamısı da sənin yersiz tərsliyinə görə! Of! İşin öhdəsindən gəlmədiyimə görə məni cəzalandıracaqlar… Amma belə nadir nümunələrlə bacarmaq çox-çox çətindir.
-Başa düşmədim, yəni bütün bunlar… diaqnoz, həkimlər… olmayıb?
-Necə yəni olmayıb? Olub, amma istədiyim kimi alınmadı. Məsələ ondadı ki, bu üsul səni yola gətirməliydi. Ancaq işə yaramadı. O, daha mənə lazım deyil. Miskin mövcudiyyətini sürməyə davam elə!
-Deməli, mən yaşayacağam?
Məxluq mırıldayıb seliyini axıda-axıda eyvana cumur, aşağı tullanır, sağ-salamat dörd ayağı üzərinə düşür və gülür. Bu soyuqda niyə üşümür? B-r-r-r! Dözümlü məxluqdu.
Mən ulduzlarla görüşmək üçün zirvəyə qalxmaq qərarına gəlmişdim. Həm də içimdə onlara qovuşmaq kimi qeyri-adi bir arzu vardı. Mənim sirli, sevimli ulduzlarıma! Məni çılpaq, diş-diş qayalı dağlar qarşıladı. Qırmızı, narıncı, məxməri, gözqamaşdıran ağ rəngli dağlar… Günəş amansızcasına yandırırdı və mən cığırı tapana qədər tər içində,var-gücümlə yuxarı dırmaşırdım. Gecələr yatmırdım, bulaq suyu və balla qidalanırdım. Dağlar mənim sevgimə eyni qarşılıqla cavab verdilər – otdan xalça sərdilər, yaşıl libas geyindilər.
Mən ağacların kölgəsi ilə addımlayırdım. Bülbüllər mənim üçün oxuyurdular. Mən şəffaf arxın doğuluşuna şahidlik elədim. Arx yetərincə güclənəndə soyundum və suya girdim. Arx coşğun çaya çevrildi, amma su, təəssüf ki, daha əvvəlki kimi şəffaf deyildi. Çayla birlikdə mən də sahilə çırpılırdım. Arzuladığım yolu açmağa çalışırdım. Amma sahillər çox möhkəm idi – məni öz istədiyi kimi yönləndirirdi. Mən sahilə çıxdım və yaxınlıqda buz kimi suyu olan dağ gölünü gördüm.
Gölün hamar səthində ulduzlar əks olunurdular. Mənim sevimli ulduzlarım! Onlar mənə bir az kədərli görünürdülər. Mən hündür dağın ətəyində dayanmışam. Dağ səmaya qədər uzanır. Dağ kosmosa qədər uzanır. Bax, mən də ora qalxmalıyam. Bilirəm ki, əgər bacarsam, ən böyük arzum yerinə yetəcək. Bunu bilirəm, ona görə də xoşbəxtəm.