Hindistan sentyabr ayında Aya bir kosmik gəmi göndərməyə çalışdı, ancaq uğursuz oldu. Kosmik gəminin düşmə zonasını artıq kosmosdan görüntüləmək mümkündür.
Ay orbitində xidmət aparan NASA’ya məxsus araşdırma gəmisi Lunar Reconnaissance Orbiter (LRO), Vikram adlı Hindistana məxsus bir kosmik vasitənin Ayın səthinə çırpıldığı ərazini tapdı. Hindistan Kosmik Tədqiqatlar Birliyi (ISRO) tərəfindən hazırlanan Vikram adlı vasitə, keçən sentyabr ayında Aya enməyə çalışdı, ancaq uğursuz oldu.
Vikram kosmik cihazı Ayın cənub qütbündən təxminən 600 kilometr məsafədə bir ərazidə aşkarlandı. LRO qrupunun yayımladığı fotolarda, təsir nəticəsində Ay səthində bəzi dəyişikliklər olduğu görünür. Yuxarıdakı fotoda yaşıl nöqtələr kosmik vasitənin hissələrini, mavi nöqtələr isə torpağın deqradasiyasını göstərir.
Bu fotoda kosmik cihazın qəzaya uğradığı ərazi daha aydın görünür.
Vikram eniş vasitəsi Hindistanın Chandrayaan-2 missiyasının bir hissəsi idi, dəyəri 150 milyon dollar idi. İyul ayında kosmosa göndərilən Chandrayaan-2 təxminən bir ay sonra 20 avqustda ayın orbitinə daxil oldu. Bundan qısa müddət sonra Vikram əsas kosmik gəmini tərk edərək səthə doğru irəliləməyə başladı. Vikramın eniş cəhdi uğursuz oldu, amma Hindistanın hələ də Ayın orbitində problemsiz işləyən kosmik bazası var. Beləliklə, Chandrayaan 2-ni tamamilə uğursuz kimi qəbul etmək düzgün olmaz.
Hindistan bu eniş cəhdində müvəffəq olsaydı, Aya enən dördüncü ölkə olaraq tarixə keçəcəkdi. Bugünədək yalnız ABŞ, Çin və Sovet İttifaqı kosmik gəmiləri ayın səthinə enməyi bacarıb.