Bu gün kimi yadımdadır – 1994-cü ilin yayında, xalamın bağında istirahət edirdik. Unudulmaz, xatirəsi əziz nənəmiz N. nənə də, bizimlə idi.
Bağ – qonaq xoşlayır; gecənin dərinliyinə qədər oturmağı, deyib-gülməyi, yeyib-içməyi tələb edir. Təəccüblü deyil ki, hər axşam yan-yörədən kimlərsə qapımızı döyürdü. Şəhərdən gələnlər də olurdu.
Daimi, gündəlik qonağımız isə, qonşuluqdakı gənc (25-27 yaşlarında) üç uşaqlı, boşanmış, şən, çoxdanışan qadın idi. Bugünün leksikonu ilə «pozitiv qız». Tez-tez bizə baş çəkirdi, çox otururdu, çox danışırdı, əsasən də uğursuz evliliyi və yeni dostu haqqında danışmağı xoşlayırdı. Ən çox nənəmlə danışırdı, nənəm ona diqqətlə qulaq asmağı bacarırdı.
Beləliklə, uzun yay gecələrimiz nənəmə danışılan, nənəmin də maraqla dinlədiyi «əclaf ər» haqda qəmli hekayətlərlə keçirdi. Qadının əri şərrin, şovinizmin və əxlaqsızlığın mücəssiməsi olubmuş. Təzəsi isə mələk imiş – mehriban, rəhmdil, ehtiraslı; qadınına layiqli ər, uşaqlarına qayğıkeş ata olacaq əsl kişi kimi, kişi.
Bu etiraflar hardasa bir həftə davam etdi, nənəm də hər gün qadına bol-bol xoşbəxtlik, səadət arzuladı və zərrə qədər azalmayan maraqla, necə deyərlər könül qulağı ilə qadının danışdıqlarını dinlədi.
Qadın şəhərə qayıdan gün nənəm, peyğəmbəranə bir söz dedi: «Mən ölü, siz diri, o bunu almayacaq».
Elə də oldu. Bütün romantika, ümidlər, sevgi-məhəbbət iki ayın içində getdi işinin dalınca. Ümumiyyətlə, bizim Don Juan evli çıxdı. Geridə ikinci dəfə sınmış ürək, ağlamaqdan şişmiş gözlər qaldı.
Amma mənim nənəm, onu diqqətlə dinləmişdi, uğurlar diləmişdi, amma öz bildiyini də bilmiş, düşündüyünü düşünmüş, inandığına inanmışdı.
***
Başqa bir əhvalat isə, bir il öncəsinə – məşum 1993-ə aiddir.
Günlərin bir günü atam, özünə xas avantürizmlə, hardansa küçədən iki əfqan tələbəni – qız və oğlanı – dartıb evə gətirdi. Nənəm də həmin günlərdə bizdə qalırdı. Atam bu əfqanlıları əyləşdirdi yuxarı başa, bir dəqiqənin içində onlarla dostlaşdı, doğmalaşdı və qətiyyətlə bildirdi ki, onlara himayə, kömək lazımdır, canım sənə desin, qoy bir müddət bizdə yaşasınlar, qalmağa yerləri yoxdu. Bütün fitri skepsisinə baxmayaraq, anam da nə əcəbsə atama inandı və əfqanlılara qarşı isindi, doğmalaşdı.
Nənəm isə… nənəm birinci saniyədən onların favoriti olmuşdu. «Nənəmiz, nənəmiz» deyib, arvadın əllərini öpməkdən ötrü həlak idilər. Yazıq nənəm, heç öz uşaqlarından, nəvələrindən belə bir şey görməmişdi (Azərbaycanda əl öpülməməsi, azərbaycan xalqının böyük tarixi nailiyyətidir, hər kim əl öpməyin bizdə yayılmasının qarşısını alıbsa, Allah ondan razı olsun). Əfqanlılar az qala nənəmin ayaqlarına qapanırdılar.
Adı Əminə olan əfqan qızın performansı çox yüksək səviyyədə icra olunmuşdu. Əminə, elə nənəmi görən kimi özünə əl qatmışdı ki, «yox, evdə ağbirçək qadın var, mən qısaqol, başı açıq gəzə bilmərəm, mənə bir yaylıq verin, başımı bağlayım. Bizdə ağbirçək yanında belə gəzmək olmaz». Sonra cumdu nənəmin üstünə ki, bağışla məni, bağışla nənə! Dəqiq xatırlamıram, bəlkə də ağlamışdı bir-iki damcı.
N. nənə gözlərimizdə ucalırdı. Bütün bu seremoniyalar fonunda nənəmiz artıq əsl qədim nəslin «xanım ağa»sına çevrilmişdi. Əfqanlıların, xüsusən Əminənin canfəşanlıqla ehtiram nümayiş etdirməsinə nəvaziş və azərbaycanlı nənəyə məxsus istiliklə cavab verirdi.
Bir gün isə, nənəm bizə dedi: «Bu Əminə var e, bu qəhbədi».
***
Nənəmiz bizi tez-tez şoka salan nənələrdən deyildi, amma bu dəfə şoka yox, şokun dibinə salmışdı. Onunla uzun-uzadı mübahisə etdik. Dedik ki, bəs bu qız səndən ötrü az qalsın pəncərədən tullanırdı bayıra, başını bağlayırdı, utanırdı səndən, əllərini yalayırdı, sən isə belə söz deyirsən.
Nənə gözlərini qıyıb bizə baxdı, baxdı, amma cavab vermədi.
Gəl zaman, get zaman Əminə elə bir hərəkətə yol verdi ki, nənəmizin bizə yaşatdığı şok toya getməli oldu. Nənəmin onun haqqında verdiyi təyinatı Əminə nətəhər doğrultdusa, nətəhər doğrultdusa, mən ömrümdə bu sözün bu qədər yaraşdığı başqa bir Əminə, bir daha görmədim.
Bu hekayəni ona görə nəql etdim ki, hər cür xrestomatik dürüstlüyün, düzgünlüyün, prinsipiallığın, sterilliyin üzərində təcrübə və müdriklik adlı hakim var. Əslində nəyin necə, kimin nə olduğunu dəqiq bilən fövqəl mərtəbə. O, Allahın cızdığı qəza-qədərlə, tale ilə ziddiyyətdə deyil, əksinə – təsdiq edir dediyim həqiqəti.
Həyatda özümü çox qınamışam, bu gün də qınayıram ki, çox zaman özümü «ağıllı» göstərməklə; kiminsə çox bariz, parlaq, gözəbatan doğruluğunu, təmizliyini, səmimiliyini, möminliyini, uğur kimi göstərdiklərini şübhə altına almaqla haqsızlıq edirəm. Sonra haqlı çıxınca da eqomun şişməsindən utanıram. Haqlı çıxmaq hər zaman sevinc yaşatmır, medalın obiri üzü də var.
Əslində, sevinməyim haqlı çıxmağımdan, kiminsə fiaskosundan ötrü deyil.
Ona görə sevinirəm ki, ümumbəşəri təcrübə ilə təsbit olunmuş qanunlar işləyir və Tanrının insan barədə dedikləri – haqqdır.
***
N. nənəm diqqətlə dinləyirdi, uğurlar diləyirdi, amma öz bildiyini də bilirdi, düşündüyünü düşünürdü, inandığına inanırdı.