Rejissor Todd Phillipsin 2019-cu ildə çəkdiyi “Joker” filmi psixoloji, həm də sosioloji dram əsəridir. Phillips bizə göstərir ki, kiçik, hətta unudulmuş sanılan psixoloji uşaqlıq travmaları bir nəfərin hesabına bütöv bir cəmiyyəti xaosa apara bilər.
Azərbaycan polisinin öz xalqı ilə xüsusi qəddarlıqla davranışı, mənəvi sərhəd tanımadan vətəndaşı yerlə sürüməsi, evindən alt paltarla çıxartması, yolda gedərkən başına-başına çırpmasının dərin kökləri var. Bunu “Joker” filminə baxanda yaxşı anlamaq olur.
1980-ci illərin Amerikası – filmin qəhrəmanı Artur, öz xəstə anası ilə yaşayır. O, muzdlu kloun işləyir. Artur hər addımda insanlardan kobudluq və təhqiredici davranış görür. Bütün bunlar bir gün şişib partlayır və Arturun, insanları öldürməyinə səbəb olur. İzləyici ilk səhnədən aşkar şəkildə hiss edir ki, qəhrəmanın həyatı ağır və ağrılıdır, hansı ki, Artur güzgü önündə qrim edib özünü kloun kimi bəzəyərkən gözündən yaş axır. Bütün bu atmosfer kino boyu ekrandan izləyicinin üzərinə çökür. Sonra məlum olur ki, bütün faciənin kökü Arturla anasının uşaqlıq çağında “gizlənibmiş.” Uşaqlıqda anasından gördüyü zorakılıqlar bu gün onu yetkin bir canavara çevirir. Arturun anası ilə olan münasibəti filmin əvvəlində çox isti görünür və qaranlıq, tədricən üzə çıxır. Bu təkamül gərginliyin artması ilə paralel şəkildə addımlayır.
Sevgi görməyən, hələ əlavə olaraq təhqir və zorakılıq görən uşaq, gələcəkdə bunun acığını başqalarından çıxır. Zorakılıqlarla yadda qalan Azərbaycan polisləri də uşaqlıqda döyülüb, söyülənlərdən olublar. Bunu onları yetişdirən valideynlər edib. Həmin valideynlər də uşaqlıqda oxşar kobudluq və qısnamalarla qarşılaşıblar.
“US News Report”un 2020-ci il araşdırmasına görə uşaq tərbiyəsi, yetişdirilməsi üzrə ən yaxşı və ən pis ölkələrin siyahısı hazırlanıb. Həmin indeksə görə uşaq dünyaya gətirmək üçün Azərbaycan ən pis ölkələr siyahısında 8-ci yeri tutur.
Bax bu indeks – faciəmizin atlasıdır. Sonra deyirlər ki, “bizim ölkə niyə inkişaf edə bilmir?!” Məsələ daxilidir və bunun bariz nümunəsi fərdlər arasında kütləvi savadsızlıqla birgə, özünəinamın, cəsarətin və bu kimi keyfiyyətlərin defisit şəkildə özünü göstərməsi ilə üzə çıxır. Uşaqlıqda çoxlu danlaq və kötək yeyən şəxslər cəsarətli ola bilmir. O, cəsarət ki, həmin adamların yaradıcı fəaliyyətini yüksəldir. Ortaya dağıdıcı “cəsarət” çıxa bilər ki, bu da başqalarını incitməyə, maxinasiyalara və s. bunun kimi xoşagəlməz qapıları açmağa səbəb olur.
İngilis yazıçısı və şairi Redyard Kiplinq “Something of Myself: For My Friends Known and Unknown” adlandırdığı avtobioqrafik kitabında yazırdı ki, “mənə uşağın həyatının ilk altı ili barədə danışın, qalanını özüm deyərəm.”
Kiplinq haqlıdır. Daha sonra bu barədə Ziqmund Freydin nəzəriyyələri məşhurluq tapacaqdı. Bir insanın şəxsiyyət kimi yetişməsində ən unikal yaş mərhələsi altı yaşa qədər olan dövrü əhatə edir. Bizdə altı yaşa qədər olan uşaqlarla olan təlim-tərbiyəni təsəvvür etmək çətin deyil. Arvadını çırpan despot kişilər, “bütün kişilər əclafdır” deyən qadınlar, “camaatı evindən alt paltarla çıxardın” əmrini verən məmurlar, bunu icra edən polis dəstəsinin hər bir üzvü altı yaşına kimi hər hansı bir şəkildə zorakılığın qurbanı olublar.
Sadaladıqlarım həmin adamların əməllərinə haqq qazandırmağa və məsuliyyətdən azad olmalarına dəstək verməyə hesablanmayıb. Psixoloji uşaqlıq travmaları sağalır. Vəziyyəti dərk etmək və birinci özünün, sonra da psixoterapevtlərin köməyi ilə müsbət dəyişikliklər əldə etmək olar.
“Joker” kloundur və bunun rəmzi mənası var. Ziqmund Freyd öz həmkarı Qustav Yunqa yazdığı məktubunda bildirirdi ki, insanlardakı “MƏN” şəxsiyyəti kloundur. O, həm təhlükəli, həm də qiymətlidir. Belə ki, həmin “MƏN”, həqiqətə, kompromisə, eyni zamanda yanlışlığa bağlıdır. Bu ziddiyyət onun ruhunun bütün hissələrini dəstəkləyə, həm də darmadağın edə bilər. Hər bir şəxsiyyətdə bu iki proses dövr etməkdədir.
Film boyu izləyci Jokerin biopolyar xarakterinin kəskin qalxma və enmələrini görəcək.
İzləyicinin qarşısında gözəl bir kino hazırlanıb gözoxşayan, dəbdəbəli bir süfrədə ona təqdim edilir. Biz onu iştaha və böyük ləzzətlə yeyirik. Bir şey var ki, yediyimiz şey bizim və ümumi bəşər övladının iztirabları ilə yoğurulub, ora bolluca qəddarlıq tozu səpilib və bu dadlı təam, əzab souzu ilə örtülüdür. Biz onu yedikcə qəhqəhə çəkib Joker kimi ürəkdən gülürük, ancaq eyni zamanda gözümüzdən yaş da gəlir. Yox, bu sevinc göz yaşları deyil, əksinə bizi ağladan acizlik və misginliyimizdir. Gülüş və ağlamanın paradoksu insanı az qala dəli etmək üzrədir.
Özümüzlə bacarmırıq. Axı bizə niyə əzab verirlər? Bu üzücü olay gülməyimizə səbəb olur. Doğrudan da məntiqsizdir. “Mənim ki, onlar da ölüb gedəcək və material heç nə apara bilməyəcəyik” düşüncələrinə dalırıq. Total kontrol ehtirası, hərisliklə var-dövlət uğrunda gedən savaşlar, məhrumiyyətlər, məhdudiyyətlər və mənimsəmə sevdası həm gülməli, həm də ağlamalı görünür.
Doğulanda yumruqlarımızı sıxaraq, əlimizdə sanki nəyisə tutmaq istəyirikmiş kimi dünyaya gəlişimiz ələkeçirmə eqomuzun ilk notlarıdır. Onda da ağlayırıq. Bəlkə də gələcəkdə necə bir hərisçi olmağımız həmin an bizə bəyan olur. Ancaq nə olur olsun öləndə avtomatik əllər boşalır. Bir zamanlar işğalçılığa vasitəçi olmuş ovuc, barmaqlar aralı şəkil alır. Yəni ehtiras əsirinə çevirilmiş hərisliyimiz, bütün bu çabalarımız əbəs imiş…