Problemin qoyuluşu
Səhv etmirəmsə, Freud deyib ki, «mədəniyyət tabulardan doğulub». Yəni nizam-intizam və məhdudiyyətdən. “Olar”lardan çox, “olmaz”lardan. Bu gün isə əcaib bir zamanda yaşayırıq – adam özünə, öz azad iradəsi ilə “olmaz” deyir, hər yandan aqressiv “olar”lar ona hücum edir.
Bir ay öncə, spirtli içkini məqsədsiz və mübaliğəli qəbul etməyə son qoymaq qərarına gəldim. Maşallah, bir ay ərzində yarım bokal şərab, bir bokal pivə içmişəm, ya içməmişəm. Vəssalam. Nə qədər yeyib-içən oğlan olsam; dost-tanış, qohum əqraba ilə masa arxasında uzun-uzadı oturub, pənco-pənco vurub söhbət eləməyi sevsəm də, – içkinin həyatımda destruktiv rolunu açıq-aydın görürəm, dayanmağın vacibliyi şübhəsizdir, bu səbəblə də içki qəbulunu kəskin surətdə azaltmaqda qərarlıyam.
Bu vaxta qədər içki mənə maraqlı, zövqlü ünsiyyət; xoş, sevinc dolu anlar, günlər bəxş edibsə də, həm də məni məhv edib – qaraciyərimi əməllicə zəiflədib, dərimi qocaldıb, ən pisi isə – psixikamı pozub, məni əsəbi, səbrsiz, iradəsiz edib, az qalsın həyata küstürüb. Özümü nə qədər aldatmağa çalışsam da, – “bunların səbəbi içki yox, başqa amillərdir, məsələn ekologiya… qəbul etdiyim qida… işimdən narazı olmağım… ” – axır-əvvəl reallıq üzümə çırpıldı.
Sən demə məni məhv edən, həyatımın mənasını əlimdən alan, həyatımın keyfiyyətini aşağı salan səbəb, mənə həmçinin zövqlü və maraqlı anlar yaşadan butulka və onun ətrafında toplaşmış dost-tanış, qohum-əqraba imiş. Ən sevdiyim istirahət növü, – içki və ən əziz bildiyim, hər zaman ünsiyyətdə olmaq üçün can atdığlm insanlar –, sən demə əsl qənimim olublarmış.
Bunları birmənalı şəkildə dərk edəndən sonra iradəmi toplamalı və içkini də, ehtiyac olsa hətta yaxın adamları da tərk etməli, ünsiyyəti minimuma endirməliydim. Ağrılı olsa da, özümü nələrdənsə məhrum olmuş kimi hiss etsəm də, bu addımı atmalıydım. Atdım da.
Paho! Bir konsert başladı, gəl görəsən.
Qəlblərin jandarmları
Eşidib-gördüklərimin hamısını qələmə almayacam, sadəcə iki hadisəni nəql edəcəm.
İçkili bir dostum, gecənin ortasında mənə dalbadal whatsapp-dan mesajlar göndərir. Təxmini məzmunu da belədir ki, “sən özünü məhv edirsən, həyatını yaşa, istədiyin kimi yaşa, niyə özünə qəsd edirsən, niyə həyatından zövqləri yox edirsən – ye, iç, kefini çək… Yox sənin başında nəsə var, mən səni tanıyıram, sən “xərəbləmisən”, mən səni çox istəyirəm, heç kəs səni mənim qədər çox istəmir…”
Duyğulandım. Gör nətəhər qardaş, dost qayğısı ilə əhatə olunmuşam, xəbərim yoxdur. Dostum mənim xeyrimi istəyir, məni səhv addımdan çəkindirir. Axırda isə deyir: “Bilirsən nə var! İnsan özündən qaça bilməz. Sən busan, belə də qalacaqsan, gic-gic danışma – ay nə bilim içmirəm, ay səhərlər qaçıram… içəcəksən, o…n g…ə tövbə yoxdu!”
Mesajın məzmununun, məna yükünün təhlilini buraxıram oxucunun öhdəliyinə. Sadəcə, bu kiçik “etüd” məni bir məsələ haqda düşündürdü.
Buradakı əsas mesaj, nə qədər qəribə də olsa – sevgi etirafıdır. Mən sevilirəm, mənim qayğıma qalırlar. Nə olsun ki, dəyişikliyə olan ümidim oğurlanır, mənə “özün ol” deyirlər? Yəni alkaş ol, aldığın qəpik-quruşu içkiyə xərclə, sənə zövq verən, amma eyni zamanda məhv edən vərdişlərinə sadiq qal. Uzun sözün qısası – özün ol ki, məhv olasan.
Növbəti misal, “seksbaz” bir dostumla yaşadığım təcrübədəndir. Bu dostumu əminliklə “seksoqolik” də adlandırmaq olar.
Əvvəl, zəruri bir qeyd. Bizim adamlar sərhəd tanımırlar, “bazlıq” mövzularının rahat danışıla biləcəyinə inanırlar deyə, öz əhvalatlarını harda gəldi, kiminlə gəldi bölüşürlər, lovğalanırlar, daha nələr. Halbuki şəxsi intim sfera, heç bir halda və heç kimlə söhbət mövzusu ola bilməz. Bunu da marker hesab etmək olar – seksual qəhrəmanlıqları haqda danışan kişi ilə münasibəti dərhal bitirsəniz yaxşıdır. Niyə vurğunu kişilərə edirəm, çünki qadınlar yatdıqları partnyorlar haqda çox danışmağa həvəsli deyillər. Kişilər arasında isə, xüsusilə Azərbaycanda, vəziyyət başqadır.
Nə isə, qayıdaq seksoqolik dostuma. Salam verəndən sonra, dərhal seks haqqında danışdığını demişdim. Ümumi mənada “yaxşı oğlan”dır deyə, bu qüsurunu ona bağışlayıram. Nəinki bağışlayıram, hətta arada empatiyanın ağını çıxarıb özüm də ona qoşuluram, qızışdırıram. Çəkməyən adamın dumana düşməsi kimi, bir də görürsən “dirty talks”un təşəbbüskarı özüm olmuşam. Başlayırıq abırsız, əxlaqsız söhbətlər eləməyə. Amma onunki söhbətlə məhdud qalsaydı, dərdimiz nəydi?
Dostum evlidir, uşağı da var. Onun əyyaşlığı, bazlığı yoldaşı ilə münasibətlərinə, ailə büdcəsinə çox ciddi ziyan vurur. Bazlıq lağlağılarına qoşulub günaha batsam da, məsuliyyətimi dərk edir, onu tez-tez haqq-ədalət, əxlaq yoluna da səsləyirəm. Atasını, anasını, hətta ögey anasını ağlar qoyduğunu gördükcə, ürəyim dözmür. Ağzıma gələni deyirəm: “Bir özünə kənardan bax, gör nə hörmətsiz gündəsən. Bu nə yaşayışdır, nə güzarandır, nə münasibətdir? Nə özünə, nə ailənə hörmət qoyursan, dallarıyca düşdüyün qadınların da heç hörməti yoxdur sənə…”
Əlbəttə, belə demirəm. Daha doğrusu, ona dediklərimin çoxunu özümə də aid edirəm, “biz” deyib malalayıram. İndi nə edək ki, Allah-Təala ikimizdən yalnız mənə qəlb və şüur verib. Doğrudan da, çevrəmdə mənim qədər özünə, həyat tərzinə tənqidi yanaşan, mütəmadi refleksiya ilə məşğul olan adam tanımıram. Narsizm öz yerində, amma məndə belə şeylər də var. Deyəsən, bircə mən hamıdan tez “qələt elədiyimi”, yaxud da “qələt elədiyimizi” görüb utanıram. İradəmin zəifiyinə baxmayaraq, mənə utanc gətirən əməllərdən imkan daxilində çəkinməyə çalışıram.
Dedim bu indeyski fikirlərimi dostumla da bölüşüm, məni təhqir etmədiyi qaldı. “Sənsən mənə ağıl öyrədən? Sən deyildin o dəfə…” ilə başlayan cümlənin qurulması, mənim ağzımı açmağımdan əvvəl baş verir, əksər hallarda. “Sən də o gün elə getdin, belə dedin, onu belə elədin, sənin də canında az yoxdur…” kimi şeyləri üzümə vurub, məni mənəvi iflic vəziyyətinə salır.
Nəticə
İki dostumun timsalında, iki ciddi problemin qoyuluşuna cəhd etdim. Birincisi, mənim sevə-sevə içdiyim, amma tərgitmək istədiyim içkiyə davam etməyimi tələb edir, mübarizəmi lağa qoyur, guya məni “özümə” qaytarır, “qayğıma qalır”. İkincisi isə, haqlı sözlərimi lağa qoyur, məni susdurur, “özümün əməl etmədiyimi” əsas gətirərək, məsləhətlərimi qulaq ardına vurur.
Birinci hal mənə müasir meynstrim olan “liberal yanaşma”nı xatırladır – zövq aldığın hər şeyi edə bilərsən. Aşkar, ya gizli mənfi nəticələri olsa da, başqalarına yox, özünə aid olduqca, problem deyil – kefini çək. Zövq və həzz – bir halda ki, bunları əldə etmək üçün heç kimə ziyan vurmursan, doğacaq mənfi nəticələr sənin şəxsi problemindir.
“Ye, iç, kefini çək” – bu ifadə artıq elə ucadan səslənir ki, sanki minlərlə fişəng partlayır. “Ciyər çatışmazlığı, təzyiq, ürək aritmiyası, depressiya, iş qabiliyyətinin aşağı düşməsi” kimi zövqün, kefin, eyş-işrətin “yol yoldaşları” isə, heç kimin vecinə deyil.
“Mən səni çox istəyirəm” dostum deyir. Çox istədiyi üçün də, özümə nəzarət etməyimdən, özümü nizama salmağımdan narazıdır, narahatdır. Mən, özümü onun məni istədiyi kimi istəyəsi olsam, gərək qurduğum sədləri, nəzarət məntəqələrini həyatımdan söküb atam. Məşhur şüardır – həqiqi sevgi–nizam tanımır. Nizam olmayan yerdə isə təmkin olmaz, özünüidarə olmaz, özünü məhdudlaşdırma olmaz. Bir tək həvəs və onun həyata keçirilməsinin yaşatdığı zövq olar.
“O…n g…ə tövbə yoxdur” – bizim adamların öz zərərli vərdişlərinə, günahlarına davam etmələrinin əsas istinadı, təsəllisi və şizofreniyası. Məqsəd – səni ruhdan salmaq, “həyatın qaçılmaz əyləncələrinə” zəncirlə bağlamaqdır. Yeyib-içməyi, eyş-işrəti həyatda yeganə məqsəd kimi beyninə yeridirlər. Ümidsizlik, seçimsizlikdən həyatını sənə zövq, həzz yaşadan, çox zaman zərərli şeylərin üzərində qurmalısan ki, səndən razı qalsınlar.
Digər dostuma və həyat pozisiyasına gəldikdə isə, burada da cəmiyyətimizə xas, ciddi bir problemdən danışa bilərik – insan “ağıllanmağa” qərar verən kimi, ondan mənəvi qüsursuzluq tələb olunur. Qüsursuzluq təbiətdə mövcud olmadığına görə də, insanın öz səhvinə, ya da başqasının səhvinə işarə etməsi mümkünsüz olur. “Sən deyildin…?”-lə başlayan sual cümlələrini deyirəm. Hə, mən idim. Çünki mən yox, başqası olsaydı, bunun pis bir əməl olduğunu bilməzdim. Özüm də indi bildim, sənə də indi deyirəm ki, ziyanın yarısından qayıdasan.
Dünən içib açarını itirən də mən idim, bu gün isə səhər qaçışı üçün yuxudan qalxıram.
Dünən hamıya vedrə bağlayırdım, qeybət edirdim, bu gün isə insanlarda yalnız müsbətləri görmək istəyirəm.
Yox, siz nə danışırsınız. Bunlar sənə müsbətə doğru dəyişməyə imkan verərlərmi? Ən yaxınların belə, sənin gününü qara eləməyə hazır gözləyirlər.
Sənin öz səhvlərini etiraf etməyini, onları düzəltməyini ona görə istəmirlər ki, sən təqsirli, günahkar qaldıqca, onlar özlərinə bəraət qazandıra bilsinlər. Sən “düzəlsən”, onlar da ağıllanmalı olacaqlar. Bu isə, sərf eləmir.
Didaktikadan, pafosdan uzaq olmağa çalışdım. Bacardımsa, əhsən mənə. Alınmadısa, keçin günahımdan.