“O olmasın, bu olsun” filmində hadisələr 1910-cu ilin Bakısında baş verir. 50 yaşında olan baqqal Məşədi İbad pul gücünə 15 yaşındakı Gülnazı almaq istəyir. Bunun üçün Gülnazın atası Rüstəm bəyə 2000 manat ödəyir, əsas hadisələr də bundan sonra başlayır. Bəziləri bu filmi təhlil edərkən Məşədini mənfi, bəziləri isə müsbət qəhrəman hesab edir. Bu məqalədə mən Məşədinin xarakterini bütün çılpaqlığı ilə açıb, onun insani keyfiyyətlərini oxuculara təqdim etməyə çalışacağam.
“O olmasın, bu olsun” filmi 20-ci əsrin əvvəlindəki Bakını görmək üçün ideal materialdır. Bu filmdə o dövrün Bakısına aid olan demək olar ki, hər bir şey var; müflisləşmiş bəy, İrandan gəlmiş həmşərilər, fırıldaqçı vəkillər, yalançı intelligentlər, pistonun arxasına sığınmış qoçular və s.
1910-cu il o zaman idi ki, artıq Bakıda sənaye inqilabı baş verir, neft fontan vurur, dünənin kasıb insanları bir gecənin içində şəhərin milyonçusuna çevrilirdi. Həmin milyonçular öz milyonları hesabına Avropanı gəzir, oradakı binaların, kazinoların eynisini Bakıda tikdirirdilər. Rüstəm bəy də öz dövrünün kazinolar kralı idi. Lakin Rüstəm bəy birdən-birə böyük pullar uduzmağa başlayır və müflis olur. Son dəfə qumarda uduzan Rüstəm bəy bir bəy kimi söz verir: “Uduzduğum pulları yarım saat içində gətirərəm. Bir bəy kimi namusuma and içirəm”. Əli hər yerdən üzülmüş Rüstəm bəy qumarda uduzduğu pulları və əvvəlki ad-sanını geri qaytarmaq üçün çıxış yolunu Məşədi İbadda görür. O, 15 yaşlı qızı Gülnazı 2000 manat qarşılığında ərə verəcək və qumar borcunu qaytaracaqdı. Boş yerə deməyiblər ki, qumar borcu namus borcudur. Rüstəm bəy namusu olan qızını 2000 manata Məşədi İbada satır.
Məşədi İbad – 50 yaşında olsa da hələ də fiziki cəhətdən güclü, dişləri cağbacağ, saqqalı şəvə kimi qapqara olan İbad kişi dindardır, bundan əvvəl 3 arvad alıb, islam qaydalarına uyğun olaraq dördüncüsünə talibdir. Məşədi dürüst tacirdir, fars dilində təhsil alıb, baqqal dükanına gələn rus müstərilər sayəsində az-çox ruscanı da öyrənib. Gülnazla ilk görüş səhnəsində Məşədi papağı elə qoymağa çalışır ki, özü olsun, nə Gəncə qumarbazına, nə də Şamaxı lotusuna oxşasın. İbad kişi Gülnazı və qulluqçu sənəmi görən kimi ehtirasdan özünü itirir. Özünün də dediyi “heç hənanın yeridir” kimi boş söhbətlər etməyə başlayır. Məşədinin bu cür danışmağına səbəb ehtiraslanıb özünü itirməyi idi. Buna baxmayaq, o, ətrafı müşahidə edir və qulluqçu Sənəmin ona göz yetirdiyi nəzərindən qaçmır. Bir qədər sonra Məşədi üzünü Sənəmə tutub oxuyur:
Görürəm kim, mənə sən çox yetirirsən gözünü,
Qorxuram ki, sən axırda itirərsən özünü.
Sənəm də buna cavab olaraq, Məşədinin başına gətirəcəkləri oyunun öncədən anonsunu verir.
Qoca kaftar, sənə on beş yaş olan qız nə gərək?
Qorxmursan ki, sən axırda gələcək başa kələk?
Elə bu vaxt rejissor Məşədi İbadın heyrətlənmiş üzünü maral buynuzunun fonunda göstərir. Xalq arasında “buynuzlama” xəyanət etmək mənasında işlədilir. Doğrudan da Məşədi İbada hamı xəyanət edir; Rüstəm bəy də, Gülnaz da, ətrafdakı fırıldaqçılar da.
15 yaşındakı Gülnazın isə könlü student Sərvərdədir. Gülnaz uşaqlıqdan ana qayığısından məhrum böyüyüb. Onun tərbiyəsi ilə dul qalmış qulluqçu Sənəm məşğul olub. Filmin əvvəlində Sərvərlə Gülnaz Rüstəm bəyin evində oturub bir-birlərinə qəzəl oxuyurlar. İki aşiqin evdə tək oturub bir-birlərinə qəzəl deməyi doğrudan da komediyadır. Cavan oğlan və qızın boş bir otaqda sakitcə əyləşib qəzəl oxaması bir o qədər də məntiqi və ağlabatan deyil. Necə ola bilər yəni? Bəyəm Sərvər milli adət-ənənəni, hər tin başından boylanan bir lopabığ qoçunun hədəsini gözünün qabağına gətirib Rüstəm bəyin evinə ona görə gəlib ki, Gülnazla birgə Füzulidən qəzəl oxusun? Qəzəl oxumağa yermi yoxdur? Onda belə bir səhnə nəyə lazımdır? Bu səhnə Qeys ilə Leylinin məktəbdəki görüşünü xatırladır. Sərvər və Gülnaz eşq barəsində çoxlu şeir əzbərləmiş “məktəblilər” kimi davranırlar. “O olmasın, bu olsun” “Leyli və Məcnun”un komediyalaşmış variantıdır. Başqa bir sözlə, “Leyli və Məcnun”un parodiya olunmuş formasıdır.
“O olmasın, bu olsun” komediyasının “Məcnun”u Sərvər yox, Məşədi İbaddır. Qeysin el arasında “Məcnun”a çevrildiyi kimi, Məşədi İbad da “Meymun”a çevrilir. Məcnun səhraya düşür, Məşədi İbad hamama. Səhranın sonu ölümdür, hamamın sonu yataq otağı. Amma onu da deməliyəm ki, Məcnun səhraya yox, meşəyə düşsə idi çıxış yolu mütləq olacaqdı.
Rüstəm bəy əslində, Məşədini evinə qonaq çağırmaqla demək istəyirdi ki, “ay camaat baxın, mən qızımı bu meymuna vermək istəmirəm, amma məcburam”. Rüstəm bəyin evinə yığdığı insanlar kim idi?
İntelligent Həsən – “Hüquq işləri” ilə məşğul idi, fırıldaqçılıqla yuxarı dairələrə məktub yazar, hərədən 5-10 manat pul qoparıb özünü içkiyə verərdi. Bir növ İntelligent Həsən “Kefli İsgəndər”in şərəfsiz forması idi. Hər ikisi Fransada təhsil alıb ölkəsinə qayıtmışdı. Kefli İsgəndər xalqın avamlığına ağlayar, İntelligent Həsən isə xalqın avamlığından istifadə edib cibini doldurardı. Rüstəm bəyin evində keçirdiyi məclisdə də yerli-yersiz Platondan, Darvindən sitat çəkən İntelligent Həsən Məşədiyə “Meymun” deyir. Bununla da məclisdə böyük dava başlayır. Qeyd edim ki, Üzeyir bəy pyesi yazarkən məclisdəki davanı yazmamışdı. Dava səhnəsi rejissor Hüseyn Seyidzadənin hadisərin tempini artırmaq üçün istifadə etdiyi fənddir.
Rza bəy – indiki dil ilə desək reket jurnalist, yalançı xəbərlər tirajlayan qəzet redaktoru. Rza bəyin sənəti 5 manatlıq idi. 5 manatını ver, nə istəsən yazdır. Üzeyir Hacıbəyov Rza bəy obrazını yaradarkən “Zənbur” jurnalının baş redaktoru Rza bəy Səlimxanovu əsas götürüb. Çünki 20-ci əsrin əvvəllərində “Zənbur” jurnalında Üzeyir Hacıbəyov əleyhinə karikaturalar dərc edilirdi. Buna səbəb isə Üzeyir Hacıbəyovun artan şöhrəti, bəstəkarın Şuşa intelligensiyasına mənsub olması, Hacı Zeynalabdin Tağıyev və Əhməd Ağayev arasında baş vermiş münaqişədə Ağayevin tərəfini tutması idi.
Qeyd: “O olmasın, bu olsun” pyesində “Molla Nəsrəddin” jurnalının heyətinin obrazları yoxdur. Çünki həmin dövrdə “Molla Nəsrəddin” Bakıda yox, Tiflisdə fəaliyyət göstərirdi. Rejissor Hüseyn Seyidzadə bu səbəbdən Molla Nəsrəddinçiləri yaratmışdır ki, Sərvərə dəstək olsunlar. Çünki student Server təkbaşına Məşədi İbadla, Qoçu Əsgər və dəstəsi ilə başa çıxa bilməzdi.
Qoçu Əsgər – cibindəki pistona, yanındakı Baloğlanla güvənən “gədə”. Filmin bazar səhnəsində görürük: Qoçu əsgər ilə digər qoçu arasında atışma başlayır. Gizlənməyə yer tapmayan Qoçu əsgər qadın hamamına girir, qaçarkən əlinə qadın çarşabı keçir, onu başına bağlayır, aradan çıxır. Sərvəri dəstəsi ilə birgə öldürməyə gələn Qoçu əsgər studentlərin fit çalması ilə aradan çıxır. “Girdəvoy”dan qorxan Qoçunun gücü Sərvərə belə çatmır.
Rüstəm bəy bilərəkdən məhz bu adamları evinə yığır ki, aləmə gedib səs salsınlar, Məşədi İbad Gülnazın tayı deyil. Məclisdəki çox maraqlı detallardan biri də hamının şərab içdiyi yerdə, Məşədi İbad qıraqda tək oturub çay içirdi. Bu, Məşədi İbadın dindar olması, əqidəsinə sadiq olması ilə bağlı ciddi detaldır. Məclis bitdikdə isə, Məşədi İbad əli murdarlanmasın deyə, köynəyinin qolunu əlinə dolayıb məclisdəkilərdə sağollaşır.
Sərvər Rüstəm bəyi də inandırır ki, mənim planımla həm sənin Məşədidən aldığın pullar özündə qalacaq, həm də Gülnaz qoca Məşədiyə ərə getməyəcək. Sərvərin qadın libası geyinib Gülnazın yerində Məşədinin evində olması düyünün açılmasıdır. Saxta tapançanı Məşədinin başına dayayan Sərvər məcbur edir ki, Məşədi kağıza qol çəksin. Kağızda isə Məşədi öz əli ilə bu sözləri yazılmışdı: “Mən Məşədi İbad Kərbəlayi Xocaverdixan oğlu Rüstəm bəyin qızı Gülnazı almaq istəmirəm. Onun yerinə qulluqçu Sənəmi alıram”. Beləcə Məşədi İbad hərtərəfli fırıldaqçı Sərvərə uduzur. Məşədinin həm pulları getdi, həm də el arasında biabır oldu. Çünki İbad kişi qulluqçu Sənəmi almaq istəsəydi elə əvvəldən də alardı. Məşədi üçün dul arvad almaq nədir ki? Bir molla, bir kəllə qənd, 3 manat pul, vəssalam, şüttəmam!
Məşədi 3 dəfə evlənmiş, dördüncü evliliyi bildiyimiz səbəblərdən baş tutmamışdı. “O olmasın bu olsun” pyesində Məşədi İbadın dilindən deyilir: “Rəhmətlik Sonaya bir kərə necə yumruq vurdumsa, iki saat nəfəs ala bilmədi; o idi ki, məni görən kimi üzümə gülərdi. Rəhmətlik Pərzada günlərin bir günü bir şillə çəkdim ki, bir dişi sındı, o idi ki, sonra bir kərə olsun üzümə durmadı. Tək bircə mürtəd oğlunun qızı Gülxanıma ağacla elə çəkdim ki, o qaçan oldu!”
Əsərdə diqqətçəkən məqam Məşədinin yaşı çox olsa da, dul qadınla deyil, cavan qızla ailə qurmaq istəyidir. Belə qənaətə gəlmək olar ki, Məşədi İbadın aqressiyasına səbəb onun sonsuzluğu idi. Qadınları da ona görə döyürdü ki, övladının olmamasının günahını qadınlarda görürdü. Özünü sübut etmək üçün hər dəfə cavan qızla evlənirdi. Sonuncu şansını Gülnazda sınamaq istəyən Məşədi nəhayət öz taleyi ilə barışıb qulluqçu Sənəmlə ailə qurur. Əsərin müəllifi Üzeyir Hacıbəyovun da övladı olmayıb və onun heç bir əsərində uşaq obrazı yoxdur.
Məşədi İbad və Hambal məsələsi. Məşədi dürüst tacir idi. Verdiyi pulun qarşılığını almaq istəyirdi. Hamı kimi o da heç kimə boşuna pul verməzdi.
Elə hambal məsələsində də Məşədi söz verdiyi pulu Hambala verir. Hambal isə “belimi sındırdın” deyərək, Məşədidən daha bir abbası istəyir. Məşədi İbad əlbəttə bu pulu ona verməyəcəkdi. Çünki söz danışıqdan keçər, işini gördü və deyilən pulu aldı.
Doğrudanmı Hambalın beli sınmışdı? Əlbəttə ki, xeyr. Beli sınan, beli zədələnən adam nə qaça, nə də doğru-düzgün gəzə bilər. Əsərdə də, filmdə də Hambal bir neçə səhnədə iti addımlarla gəzir. Hambal yazıq idimi? Məşədinin bəy hamamında çimən, toyunda da yeyib-içən Hambal ən sonda yenə Məşədidən 1 abbası pul istəyir. Onun təkcə hamam pulu elə 1 abbasıdan çox edirdi.
Buradan belə nəticəyə gəlmək olar ki, insanların yazığı gəldiyi Hambal belə, əslində yazıq yox, digərləri kimi fırıldaqçı imiş. Filmdə yalnız bir dürüst qəhrəman var, o da heç kimə bənzəməyən, həmişə özü olan Məşədi İbad.
Məşədi İbad və Hacı Zeynalabdin Tağıyev oxşarlığı. İddiaya görə, Üzeyir Hacıbəyov “Məşədi İbad” obrazını yaradarkən, milyonçu Hacı Zeynalabdin Tağıyevin həyatını hədəf alıb.
Tağıyev Sona xanımla ailə qurarkən 73 yaşında olub. Sona xanımın isə onda 16 (bəzi mənbələrdə 21 və 30 qeyd olunub) yaşı vardı. (Məşədi İbadın arvadlarından birinin adı Sona idi, Gülnazla evlənmək istəyəndə Məşədinin 50, Gülnazın isə 15 yaşı vardı).
“O olmasın bu olsun” operettasında Gülnazla eşq yaşayan student Sərvər mühəndis idi. Real həyatda da Sona xanımın gənc mühəndis Lütfəli bəy Behbudovla münasibətdə olduğu bilinir. Məşədi İbad da Hacı Zeynalabdin Tağıyev kimi dindar idi. O, islam dininə uyğun olaraq 3 dəfə evlənmiş, dördünü dəfəsində isə Gülnaza talib olmuş, ancaq bu izdivac bildiyimiz səbəblərdən baş tutmamışdır.
Arxiv sənədlərdən də bəlli olur ki, Üzeyir Hacıbəyovun Tağıyevə münasibəti soyuq olub. Səbəblərdən biri kimi Tağıyevin Lütfəli bəy Behbudovu öz evində döydürməsi, mətbuatı satın alması (Tağıyev neft maqnatı olmaqla yanaşı, həm də media maqnatı idi), Molla Nəsrəddin qəzetinə qarşı təzyiqlər göstərməsi idi. Tağıyev və Behbudov mübahisəsini o dövrdə yalnız Molla Nəsrəddin jurnalı işıqlandırmışdı.
Hüseyn Seyidzadənin rejissorluq etdiyi “O olmasın bu olsun” filmində bu məsələyə daha geniş toxunulub. Qoçu Əsgər və dəstəsi Məşədi İbadın (Tağıyevin), Molla Nəsrəddinçilər isə Sərvərin (Lütfəli bəy Behbudovun) tərəfində idi.
Xülasə. Filmdə insanların yazığı gəldiyi Hambal belə, əslində yazıq yox, digərləri kimi fırıldaqçı imiş. Filmdə yalnız bir dürüst qəhrəman var, o da heç kimə bənzəməyən, həmişə özü olan Məşədi İbad.
Emil Hacıyev
İstifadə olunmuş ədəbiyyat:
- Aydın Talıbzadə. “Min maska və bir mən”, səhifə 53. Bakı-2015
- Üzeyir Hacıbəyov. “Seçilmiş əsərləri”, II cild, Bakı, “Şərq-Qərb” nəşriyyatı, Bakı-2015