Türkiyədə yaşayan iş adamı Mübariz Mənsimov son vaxtlarda fəal ictimai mövqe nümayiş etdirməklə diqqət çəkir. Mübariz Mənsimovu əksəriyyət tanıyır. O, illik dövriyyəsi 3 milyard dollar olan və dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri kimi göstərilən “Palmali” şirkətlər qrupunun rəhbəridir. Azərbaycanlılar Mənsimovu həm də xeyriyyəçi, messenat kimi tanıyırlar. O, bir çox adamın sağlamlığına qovuşmasında və təhsil almasında vasitəçi olub. Mən bundan artıq Mənsimovun fəaliyyətindən yazmayacağam. Çünki köklənməyə çalışdığım məsələ onun həyatı və işlərini əhatə etməyib.
Beləliklə, 6 avqust, 2019-cu il, Mübariz Mənsimova malik Azərbaycan Cümhuriyyətinin qurucusu Məhəmməd Əmin Rəsulzadənin adını daşıyan gəmi, Türkiyədə Mərmərə dənizinə buraxıldı. Qısa vaxtda Liberiya bayraqlı “Doric Warrior” gəmisi dayandığı yerdə Mənsimovun gəmisini vurdu. Gəmi batmasa da xəsarət gördü. Gəminin vurulmasının “sifarişli” olduğu şübhəsi var. Bu günlərdə, yəni, avqustun 24-ü Mübariz Mənsimov öz rəsmi facebook səhifəsində “Mammad Amin Resulzadeh” gəmisinin artıq təmir olunduğu ilə bağlı post paylaşdı. Həmin postu burda da olduğu kimi bölüşürəm:
Mübariz Mənsimovun Azərbaycan höküməti ilə son illər arası heç də isti deyil. Həmçinin o, fürsət düşdükcə azərbaycanlı məmurları ümumi olaraq tənqid edir.
Dünyada buna yaxın olan nümunələr az deyil. Hansısa iş adamı yüksəlişin oturuşmuş mərhələsində mənsub olduğu ölkəsindəki siyasət meydanına yaxınlaşmağa başlayır. O, ya özü belə qərara gəlir, ya da ona yaxın olan ağıllı şəxslərdən kimsə qulağına fısıldayır ki, “vaxtdır, hərəkətə keç.” Beləcə, həmin adam əvvəl ictimai mövqe göstərir, asta-asta fəallığın artırır, sonra da siyasət meydanına keçid alır. Ardınca da yaxşı reputasiya hesabına hakimiyyətə gəlir.
İndi hələlik Mənsimov məsələsinə “pauza” verib, başqa şey barədə fikirlərimi bölüşəcəyəm. Ancaq yazının sonunda niyə belə manevr sərgilədiyim aydın olacaq.
Jennifer Lawrence ən sevdiyim qadın aktrisadır. Hətta otağımda onun böyük maketi də var. Bu gənc qadının işıqlı təbəssümü maketdən də olsa mənə enerji və xoş aura verir. 1990-cı il təvəllüdlü amerikalı aktrisa canlandırdığı gözəl rollarla ilk vaxtdan diqqətimi çəkib. Cennifer elə sənətkarlardandır ki, onu hər dəfə fərqli obrazlarda, rolunu mükəmməl oynayan şəkildə görmək olur. O, oynadığı obrazı elə canlandırır ki, çox vaxt həmin rolun gerçəkliyinə inanmağa başlayıram (pafoslu çıxdı, bilirəm, arada lazımdır).
Deməli, Cennifer 2013-cü ildə “Silver Linings Playbook” filmindəki ifası ilə “ən yaxşı qadın” roluna görə Oskar mükafatı alıb. Mükafatı almaq üçün pilləkən ilə kürsüyə qalxanda sevimli aktrisam üzü üstə yerə yıxılır. O, bir neçə saniyə yıxıldığı pilləkanlarda qalır və özü-özünə gülür, sonra da ayağa durub səhnəyə qalxır. Cenniferə həmin vaxt yazığım gəldi, ancaq sonra ona olan sevgim daha da çoxaldı. O, əlində Oskar mükafatını tutub danışarkən həyəcan və xoş hisslər keçirəndə, sanki həmin anları mən də yaşayırdım (pafos yoxdur.) Hisslərimin bu cür qabarmasını onun yıxılıb pilləkan üzərində özü-özünə gülməsi ilə əlaqələndirirəm. O, andan sonra Cennifer mənə daha da əziz oldu.
Həqiqətən də ondan sonra Cenniferin nüfuzu film aləmində daha da artdı. Bu, sırf Oskarın gətirdiyi nüfuz deyildi. Onun məşhurluğunun miqyası yeni-yeni filmlərlə çoxalmağa başladı. Pərəstişkarları Cennifer barədə danışarkən onun filmlərindən çox xarakterindəki keyfiyyətlərdən söz açırdılar. Bu sayaq danışıqlar hər aktyor barədə olmur.
Əslində bu yazım sevimli aktrisam barədə deyil. Sual yarana bilər – əgər bu məqalə Cennifer barədə deyilsə, onun adı bu yazıda niyə və nə üçün bu qədər hallanır?
Müəyyən təfəkkür və təhlillərdən sonra Cenniferə artan sevginin səbəbini “pratfal effekti” ilə əlaqələndirdim.
Pratfal effekti nədir?
Sosial psixologiya fenomeni olan “Pratfal effekti” şəxsin qavranılan cəlbediciliyinin hər hansı bir səhv etməsi nəticəsində, artdığı və ya azaldığı anlamına gəlir. Təməl olaraq kim ki, heç səhv etmədən həyatına davam edirsə, həmin insanlar ətrafdakılar üçün daha az sevilən və daha az cəlbedici olurlar. Başqalarının önündə xəta etməniz və ya səhvinizi etiraf etməniz sizi başqalarına daha çox sevdirir.
Təxminən belə bir şey – əgər mükəmməl deyilsinizsə, insanlar sizi daha çox sevəcək.
Psixoloq Eliot Aranson bir qrup şəxsə imtahan zamanı sualları cavablandıran tələbə qruplarının audio səs yazılarını dinlədir. Tələbə qruplarından biri səs yazısı zamanı qəhvəni stola dağıdır. Araşdırmaçılar, dinləyənlərdən hansı tələbə qrupunu daha çox sevdiklərini soruşduqda, dinləyicilər qəhvəni dağıdan qrupu özlərinə daha yaxın hiss etmiş və həmin qrupa daha çox simpatiya ilə yanaşmışlar.
Xətalı olmaq problem deyil, hətta bəzən bu sizin başqalarının gözündə daha sevilən bir insan edə bilər. Pratfal effekti yaratmaq üçün bəzən məşhur insanların, dünya şöhrətli müğənnilərin, siyasətçilərin kamera qarşısında yıxılması və ya xırda səhvlər etməsi çox zaman düşünülmüş və qabaqcadan planlaşdırılmış olur.
Mən Cenniferin həmin gün bilərəkdən və ya bilmədən yıxıldığını deyə bilmərəm. Ancaq bütün hallarda bu faktdır ki, onun yıxılması pratfal effekti yaratdı.
Olanları təhlil etdikcə, insan psixologiyasının necə maraqlı olduğunun fərqini əminəm ki, siz də təsdiqləyirsiniz. Bu kimi şeyləri bilmək hadisələrə yanaşmalarımızı daha da obyektiv edir. Amma belə hallardan hali olmaq həm də hər şeyə skeptik yanaşmaya gətirib çıxara bilər.
İndi yenidən qayıdaq Mübariz Mənsimova. Mən təbiətcə skeptik biri deyiləm və indi necəsə iddia da etmirəm ki, Mənsimov yuxarıda vurğuladığım kimi hakimiyyət sevdasına düşüb. Bu məsələdə konkret fikir də irəli sürmək, qəti proqnoz vermək çətindir. Bu cür məsələlər barədə ekspert də deyiləm. Ona görə yazdıqlarım subyektiv fikirlərdir. İnternetdəki informasiyaların arasında Mənsimovun əleyhinə olan çoxsaylı xəbərlər var. Bu onun əleyhdarları tərəfindən sifariş olunan yazılardır. Sadəcə onun gəmisinin vurulması da “pratfal effekti” yaratdı. Düzdür, bu onun hansısa səhvi hesabına olmadı, əksinə, başqasının təsiri ilə baş verdi, ancaq ortada o da var ki, sıravi camaat Mənsimova dəstəyini virtual da olsa geniş şəkildə çatdırdı. Gəminin vurulma anının videosu var. Videoya gələn şərhlərdə adamlar gəminin bilərəkdən vurulduğunu vurğulayırdılar.
Hazırda biz kinoya baxan tamaşaçı kimi əlimizə pop-corn alıb, onu yeyə-yeyə ancaq müşahidəçi sıralarında ola bilərik. Allah məsələnin axırını xeyir eləsin. Sonda Oscar kimə çatacaq, hələ ki, bəlli deyil.
Hə, onu da bildirməliyəm ki, bədii filmlərə marağı olanlar Cenniferin filmlərini izləyə bilərlər. Xoş seyrlər!