Sosial şəbəkələr insanlara tanınmaq, özünü reklam etmək, pul qazanmaq imkanları verir və bu imkanlar insanları hər cürə təlxəkliyə, tərbiyəsizliyə, artistliyə vadar edir. AZ TV demişkən, uzağa getməyək, elə bu dəqiqə Azərbaycanda müxtəlif yaş qruplarına mənsub minlərlə, on minlərlə insan tanınmaq, özünü reklam etmək, pul qazanmaq üçün hər cür təlxəkliyə, tərbiyəsizliyə, artistliyə hazırdır.
Dövr haqqında danışmaq böyük məsuliyyətdir. Amma mənə elə gəlir ki, hazırkı dövrü rahatlıqla kütləvi təlxəklik, tərbiyəsizlik, artistlik dövrü adlandıra bilərik. Kütləvi təlxəklik, tərbiyəsizlik, artistlik dövründə sevgi, mərhəmət, ölüm, xəstəlik, hətta müharibə belə öz klassik mənasını itirib. Bu kütləvi məzhəkədə öz ləyaqətini, təmkinini, tərbiyəsini qoruyub saxlamaq çox az adama müyəssər olur. Beş-altı “like”, beş-altı abunəçi, tamaşaçı qazanmaq naminə yas yerlərindən canlı reportajların verildiyi, sağ adamlar haqqında qəsdən ölüm xəbərlərinin yayıldığı bir dövrdə yaşayırıq. Hərə əlinə bir kamera, bir telefon götürüb yas yerindən reportaj hazırlayır. Biri qəbirin için çəkir, biri mağarın için çəkir, biri qapağı qaldırıb tabutun için çəkir, biri ölü yiyəsini danışdırıb onu ağladır, ölü yiyəsinin gözündən bıldır-bıldır yaşlar axıdır.
Və bütün bu tərbiyəsiz hoqqalar “like”, abunəçi, tamaşaçı qazanmaq üçündür. Bu minvalla davam etsə, bir müddətdən sonra ölünün yuyulma prosesini də çəkəcəklər. Bəlkə də, ölünün yuyulma, kəfənlənmə prosesini artıq çəkənlər olub, sadəcə mənim xəbərim yoxdur. Jurnalistləri, blogerləri qoyaq bir kənara, elə ölü yiyələrinin özləri də faciədən xal, reytinq qazanmağa çalışırlar. Hamı qarğa-quzğun kimi tökülüşüb meyitdən öz payını götürmək istəyir.
Tanınmaq, reytinq yığmaq üçün bacı qardaşın, qardaş bacının, qardaş qardaşın, bacı bacının, valideyin övladının ölümündən maksimum, bacardığı qədər istifadə edir. Ona görə deyirəm ki, hazırkı dövr kütləvi təlxəklik, tərbiyəsizlik dövrüdür və bu dövrdə sevgi, mərhəmət, ölüm öz klassik mənasını itirib. Reytinq, pul, “like” qazanmaq yanğısı minlərlə, on minlərlə avara, müftəxor, tərbiyəsiz insanın gözünü tutub.
“Like”, tamaşaçı, abunəçi qazanmaq hərisliyinin insanları nə qədər azğınlaşdırıb pozduğunu Türkiyədə baş verən zəlzələdən sonra bütün hüceyrələrimlə hiss etdim.
“Yeddi gün dağıntılar altında qalan qız görün nə istədi”, “Oğlu ölən ata görün nə dedi” tərzində sərlövhələr qoyulmuş xəbərlər, reportajlar adamı sözün həqiqi mənasında hər şeydən iyrəndirirdi.
“Şəhid atası görün nə arzuladı”, “şəhid anası görün hara getdi” tərzində sərlövhələr qoyulmuş xəbərləri, reportajları görəndə axı adam yaşadığı dövrdən necə iyrənməsin?
Müharibə dörd ildir qurtarıb, müharibənin yaratdığı yaraların, zədələrin, faciələrin amansız istismarı isə hələ də davam edir və çox güman, uzun müddət davam edəcək. Heç olmasa həssas mövzularda, ağır günlərdə çox yox, bir az təmkin, tərbiyə göstərmək lazımdır. Amma yox, bu qətiyyən mümkün deyil. Reytinq, abunəçi, tamaşaçı, “like” qazanmaq hərisliyi hətta həssas, ağır günlərdə belə yarıminsanları hər cürə təlxəkliyə, tərbiyəsizliyə vadar edir. Əlbəttə, bütün bunlar hələ jurnaldır, əsl kino qabaqdadır. Mən mömin deyiləm, əgər mömin olsaydım, yəqin ki, bütün bu tərbiyəsizlikləri qiyamət gününün əlamətləri kimi görər, qiyamət gününün əlamətləri kimi qiymətləndirərdim…
***
Adlarını çəkmək istəmədiyim bir neçə bloger adını çəkmək istəmədiyim bir verilişdə bəzi abunəçilərindən əsəbi tonda xeyli şikayətləndilər. Veriliş bloger və abunəçi münasibətlərinə həsr olunmuşdu. Gəlin etiraf edək ki, dəhşətli dərəcədə vacib, mühüm mövzudur.
Verilişə dəvət olunmuş şəxslər “bloger və abunəçi münasibəti, əslində, necə olmalıdır?” mövzusunda zəvzəyirdilər. Daha doğrusu, abunəçilərinin onlara şəxsi suallar verməsindən, şəxsi həyatlarına qarışmasından möhkəm gileylənirdilər.
Onlardan biri, ümumiyyətlə, çox əsəbi görünürdü. Ona şəxsi həyatına aid suallar verən bəzi abunəçilərindən dayanmadan, nəfəs almadan şikayətlənirdi. İzah etməyə çalışırdı ki, abunəçi blogerə şəxsi həyatın aid suallar verə bilməz.
Doğrusu, onun əsəbiləşməyi, bəzi abunəçilərindən şikayətlənməyi böyük marağıma səbəb oldu. Görəsən, bu xanımı bəzi abunəçiləri hansı şəxsi suallarla əsəbiləşdiriblər? Ona hansı suallar veriblər ki, bu xanım belə möhkəm əsəbiləşib?
Vaxt itirmədən problemlə maraqlandım. Sən demə, bu xanım gedib anası evinə. Bir həftə, on gün anası evində qalıb. Bəzi abunəçilər də bundan soruşublar ki, niyə anangildə bir həftə, on gün qalırsan, bəyəm sənin öz xaraban yoxdur? Niyə öz xarabanda oturmursan? Ərin anangildə bir həftə, on gün qalmağına necə baxır, buna necə icazə verir, buna necə dözür?..
Bloger xanım olduqca əsəbi tonda izah etməyə çalışırdı ki, abunəçilərin blogerə belə şəxsi suallar verməyə haqqı yoxdur. Heç kim mənim şəxsi həyatıma qarışa bilməz. Mən özüm bilərəm harda neçə gün qalaram…
Ay müəllimə, ay xanım əgər sən beş-altı manat qazanmaq, reytinq yığmaq, tanınmaq üçün bütün günü evin içindən reportajlar verirsənsə, camaata nə aldığını, nə satdığını, nə bişirdiyini, nə geyindiyini, hara getdiyini, haradan gəldiyini, necə bəzəndiyini, hansı ətirlərdən, hansı kremlərdən istifadə etdiyini göstərirsənsə, sən camaatın hər cür sualına cavab verməyə də hazır olmalısan. Deməli, sən beş-üç manat pul qazanmaq, tanınmaq üçün bütün gün ailən, özün haqqında danışmalısan, bütün gün evin içindən reportajlar verməlisən və heç kim də sənə şəxsi suallar verməməlidir? Qətiyyən elə şey yoxdur. Atalar deyib ki, eşşək saxlayan, təpiyinə də dözməlidir.
Sən öz “fəaliyyətinlə” camaata şəxsi həyatına aid suallar vermək imkanı, şəraiti yaratmısan. Beş-üç manat pul qazanmaq, tanınmaq üçün əlinə kamera, telefon götürüb “bu gün bunu aldım, bu gün bunu bişirdim, bu gün qonaq getdik, bu gün bazara getdik, saçımın rəngini dəyişdim, makiajımda dəyişiklik etmək istəyirəm, kökəlmişəm, paltarım mənə dar gəldi, dieta saxlamalıyam…” janrında reportajlar verirsənsə, camaat da sənin şəxsi həyatına aid suallar verməlidir. Bu onların təbii hüququdur. Sən şəxsi həyatını ortaya qoyub pul qazanırsansa, camaat da sənin şəxsi həyatınla maraqlanmalıdır. Şəxsən mən sənə şəxsi həyatına aid suallar verən adamları dəstəkləyirəm və onları daha ağır, sanballı suallar verməyə səsləyirəm.
Ümumiyyətlə, sən hansı sifətlə, hansı üzlə efirə çıxıb tərbiyədən, hansısa münasibətlərdən, əxlaq qaydalarından, davranış normalarından-zaddan danışırsan? Beş-üç manat qazanmaq, tanınmaq naminə əlinə kamera, telefon götürüb bütün günü evini, ailəni, özünü qoyursan ortaya, bütün dünyaya şəxsi həyatın haqqında reportajlar hazırlayırsan hələ bir bundan sonra camaata tərbiyə, əxlaq, mənəviyyat dərsi vermək də istəyirsən? İnsanda həya yaxşı şeydir. Ev, dörd divar təkcə insanları soyuqdan, yağışdan, qardan qorumaq üçün deyil. Ev, dörd divar həm də ona görə lazımdır ki, orda baş verən bəzi hadisələr, bəzi proseslər, bəzi söhbətlər elə orda da qalsın.