“Kütlə hər şeyi və hər kəsi bağışlar,
bircə həqarət və lağın təzyiqi altında
dəyişməyən insanı bağışlamaz.”
Ayn Rand, “Mənbə”
Ötənlərdə diqqətçəkən hadisə baş verdi – Ermənistanın baş naziri Nikol Paşinyan Sünik bölgəsinə səfər etdi. Onun üçün ağır keçən bu günlərdə, bu bölgə onu xoş qarşılamadı, əhali onu boykota çıxdı, yerli kilsənin keşişi isə ona hətta əl verməkdən imtina etdi. Baş nazirin çevrilib kilsədən çıxmaqdan başqa çarəsi qalmamışdı.
Doğrusu, bilmirəm, üç kəlməsindən ikisi “bağışla və sev” olan İncildə belə bir şey varmı ki, hətta dərin günahkar olan bəndəni belə məbəddən qovmaq caizdir ya yox, bunu erməni monofizit sektasının ixtiyarına buraxaq. Bu işlərə qarışmayaq, çünki qəribə teoloji söhbətləri var onların: nə bilək ki, 451-ci ilin şərq kilsələrinin Xalkedon yığıncağındakı qərarın əleyhinə 862-ci ildə Şiravakan yığıncağındakı qərarda nə deyilib, aqnostik adamam, qədim yəhudi nağıllarına dərin hörmətim olsa da, onların şərhçilərinin motivasiyalarını təfsir edəcək dərəcədə deyil.
Çağdaş sosial fenomen kimi bu hadisə gərək bizi tamam başqa optikadan maraqlandırsın — bu həmin Nikol Vovayeviç Paşinyandır ki, cəmi 2,5 il öncə kütlələrin sevimlisi idi, tək rükzakı ilə gəlib 30 ilin qarabağlı mafiozu, sovet zamanı əmək kitabçasında qeyd edildiyi kimi по совместительству santexnik və qatil Serj Sarqsyana meydan oxuyurdu. Cəmi-cümlətanı 2,5 il əvvəl kütlələr ona küçədə kantatalar oxuyur, oratoriyalar bəstələyir, alqış deyirdi — sadə adamlar meydanlarda hoppanıb-düşürdü; qarabağ klanı heyrət, ruslar təşviş, gürcülər laqeydlik içindəydi, biz isə həsədlə baxırdıq; əjdahanın əjdahaları, 30 ildir “Qarabağ münaqişəsinin hərbi yolu yoxdur” deyən, hər şeyi bilən qərb ekspertləri “Ermənistan möcüzəsi”ndən danışırdılar.
Düz 2,5 il bundan əvvəl kütlənin istəyinə və ekstazına uyğun olaraq vəzifəyə gələn Nikol Vovayeviç indi həmin o kütlənin ən dərin nifrət obyektidir. Çünki daşnakların 200 illik “Böyük Ermənistan” xülyasına həqiqətən son qoyulub — bunu gərək ki, hamı artıq anlayıb, sübuta ehtiyacı olmayan aksiomadır.
Bəs, nədən belə oldu, taleyin üzü necə belə sərt döndü, Nikol harada səhv etdi?
Əslində onun heç bir səhvi yoxdur və olmayıb, Paşinyanın aqibəti istənilən kütlənin təqibçisinə dönən siyasətçinin tipik aqibətidir. Çünki kütlə pampersi taxılmamış balaca uşaq kimidir — dalını batıra-batıra daim panem et circenses (çörək və əyləncə) tələb edir, onun ardınca düşüb istəklərini təmin edən siyasətçi isə kütlənin arxasını təmizləməlidir. Kütlənin çiyinlərində hakimiyyətə gələn Nikol da kütlənin istəklisi statusunu qorumaqdan ötrü, uzun illər partiyasında fəaliyyət göstərdiyi Levon Ter-Petrosyan kimi xalqı soyuq məntiqə dəvət edə, qeyri-populyar müraciət və hərəkətlərə yol verə bilmədi.
Ölkəsini Qərbə inteqrasiya yolu ilə aparmaq istəyən Paşinyan bunun üçün Qarabağ iddiasından, daha doğrusu qonşu ölkənin işğalından əl çəkməli idi — bu, bütün regionu zəhərləyən konflikti həll etməyin və ölkəni faktiki “Rusiyanın forpostu” (Robik Koçaryan) statusundan çıxarıb mümkün sivil inkişaf yoluna qədəm qoymağın ilkin şərti idi. Lakin Nikolun bunu etməyə qətiyyəti və siyasi iradəsi çatmadı, bunların yerinə o, populist “Qarabağ — Ermənistandır və nöqtə” şüarını seçib yenidən kütlənin çəpiklərini qazanmaq yolunu seçdi.
Məhz kütlənin təqibçisi olduğu üçün ölkəsini ən ağır vəziyyətdə belə fəlakətin astanasından qurtarmağa cəsarəti çatmayan Nikol, faktiki cinayətdə bulundu — indi məlum olur ki, müharibənin artıq 4-cü günü ordu rəhbərliyi tərəfindən Ermənistanın məğlubiyyətə uğrayacağı məsələsi məruzə olunub, lakin hətta bu təhdid altında belə baş nazir sülh məramnaməsinə qol atmayıb, daha doğrusu buna cəsarət etməyib.
Əlavə edək ki, bunu istəsəydi belə, yenə də edə bilməzdi. Çünki 30 il miflərlə doyurulan kütlə eyforiyada idi — erməni mediasını, pablik və forumlarını izləyən hamı o günlər orada nələrin danışıldığını xatırlaya bilər,- Bərdəni, Gəncəni tutmaq barədə fikirlər səslənirdi. Belə bir vəziyyətdə, “məğlubedilməz erməni ruhunun” düşməni darmadağın edib yeni ərazilər “azad etməyə” can atdığı dönəmdə Nikol necə məğlubiyyət aktına qol ata bilərdi? Nəticədə, müharibə daha ay yarım uzandı və minlərlə erməni gəncinin həlak olmasına gətirdi. Sülh bəyanatı da yalnız erməni tərəfin fəlakət astanasında dayandığı anda imzalandı, əks halda Xankəndinin alınması artıq günlərin işi idi.
Ay yarımdan artıqdır küçələrə axışan, ona dərin nifrətini ifadə edən kütlə, artıq linç çağırışları səsləndirir. Alqışlar, kükrəmə arxasında ən primitiv instinktləri, ürəkbulandırıcı sentimental xülyaları, eynən miflərdə-nağıllardakı “qəfil xilas” illüziyaları gizlənən kütlənin, bunları “reallaşdırmağa“ cəhd edən siyasətçini məhz bu cəhdinə və qaçılmaz uğursuzluğuna görə ittiham etməsi, onu nifrətində boğması çoxdankı şakəridir. Kütlə arzularının sonda böyük faciələrə gətirəcəyini anlayan siyasətçilər belə, kütlənin istəklərinə uymağa məcbur qalır. Nikol da istisna olmadı və bu “onun taleyi” idi.
İndi erməni cəmiyyətinə kim və necə anlada bilər ki, əslində Paşinyanın heç bir suçu yoxdur? Onu bu əməllərə sövq edən erməni cəmiyyətindəki daşlaşmış miflər və paradiqmalar idi. Paşinyan heç bir vəchlə ölkəsinin qərbə inteqrasiyası naminə işğal və separatçılıqdan əl çəkə bilməzdi. Müharibəni də heç bir halda hərbi əməliyyatların 4-cü günü saxlaya bilməzdi — buna siyasət və praqmatizmdən tamamilə məhrum, arxetiplər diliylə danışan və ən aşağı instinklərlə hərəkət edən kütlənin istəkləri yol verməzdi. Nikol kütlənin istəklərinin ardınca getdiyi ilk gündən məğlub olmuşdu, bəlkə özü də bunu anlayıb.
Kütlə təqibçilərinin, onun alqışlarına möhtacların aqibəti başqa cür olmur. Bir zamanlar kütlənin sevimlisi, onun səthi şüarlarını tirajlayıb elə siyasətdə də onlara əməl etmək istəyən Paşinyan şübhəsiz ki, kütlə tərəfindən də “çarmıxa çəkiləcək”, hazırda ətrafında olan bütün iştirakçılar prosesin başa çatmasını gözləyir.
İncildəki hadisələri xatırladan bu rəvayət yalnız erməni cəmiyyətinə aid deyil, “kütlə və siyasət” mövzusunda universal bir hekayədir — aşağı-yuxarı bütün cəmiyyətlərə uyğun gəlir. Uzağa niyə gedək ki, eynən buna bənzəri bizdə 27 il öncə baş vermişdi.