Hindistanda baş vermiş bir qalmaqal bütün dəyərlərə kölgə salıb. Belə ki, Tereza ananın xeyriyyə fondunun missionerləri tərəfindən himayə olunan iki internat, uşaq alverində ittiham olunur. Hökumətin, internatların dərhal yoxlanılması ilə bağlı “təcili” qrifli sərəncamı artıq yerinə çatdırılıb.
Hindistanın Qadın və Uşaqların İnkişafı İşləri üzrə naziri Maneka Qandi tələb eləyib ki, həqiqət – bu sahədə səlahiyyətdən sui-istifadə halı olub, ya yox? – bir ayın içində üzə çıxarılsın.
Beləliklə, dolayı da olsa, Tereza ananın adı yenə zərbə altında qalıb və bu, birinci dəfə deyil. Ümumiyyətlə, bir vaxtlar bütün dünyanı valeh eləmiş qadının hekayəsi o qədər də bəsit deyil…
***
Çox illər əvvəl Tereza ana SSRİ-yə təşrif buyurmuşdu və onun bu səfəri böyük maraq doğurmuşdu. Hərçənd, o, həmişə maraq obyekti olub: mavu zolaqlı ağ baş örtüyü geyinən, canlı, ağıllı, çevik gözlərə sahib xırdaca qadın. O, xeyirxahlığın, mərhəmətin, təvazökarlığın elə bir təcəssümü idi ki, adama elə gəlirdi, onun olduğu səviyyəyə qalxmaq qeyri-mümkündü. Onun, yenidənqurmaya qədər əhalisinin çox hissəsi “inanc” barədə düşünməyən SSRİ-də peyda olması möcüzə təsiri bağışlayırdı – katolik, rahibə də olsa, yenə də bu fani dünyada, az qala, müqəddəslik həddində idi o…
Beləcə, Tereza ana hələ sağlığında brendə çevrilmişdi və o biri dünyaya müqəddəslik haləsi ilə köç etdi.
Dərhal da onun kanonizasiyası prosesi başladı -əvvəlcə, Tereza ananı müqəddəslər sırasına daxil elədilər, sonra da, ümumiyyətlə, müqəddəsləşdirdilər.
Ancaq sonra dünya ikiyə bölündü: ona yeni müqəddəs kimi ehtiram göstərənlərə və Tereza ananı, həyatının ən böyük məyusluğu kimi xatırlayanlara. Zira məlum oldu ki, onun əməllərində bir damcı da müqəddəslik əlaməti yox imiş.
Əhvalatın gerisi daha da maraqlıdı. Hələ Tereza ananın sağlığında təsis olunmuş xeyriyyə fondunun şöbələri dəfələrlə ictimai diqqət hədəfinə çevrildi. Üstəlik, müqəddəs adın altında gizlənib işləmək çoxlarının xoşuna gəlirdi – Tereza artıq sağ olmasa da, sadəcə xatirələrilə belə, toxunduğu hər şeyi sanki müqəddəs suya çəkirdi, hətta ölümündən sonra da.
Və budu – növbəti, həm də iyrənc bir qalmaqal. Odu ki, Tereza ananın niyə çoxları tərəfindən XX əsrin ən əsas miflərindən biri hesab olunduğunu aydınlaşdırmaq qərarına gəldik.
***
Aqnes Qonce Boyadjiu 1910-cu il, avqustun 26-da anadan olmuşdu. Alban katolikləri olan Boyadjiu ailəsi, ailə başçısı Nikolanı itirəndə Aqnesin 9 yaşı vardı. Nikola qatı millətçi idi. Onu siyasi mövqeyinə görə öldürmüşdülər – Nikola sevimli şəhəri Skopyenin slavyanlardan (serblər, makedonlar və bolqarlar) təmizlənməsi və şəhərin Albaniyaya birləşdirilməsi uğrunda mübarizə aparırdı.
Aqnes, gimnaziyanı bitirəndən sonra İrlandiyaya yollanır, orda “Loreto bacıları” adlı rahib ordeninə üzv olur. Və ondan sonra bir də heç vaxt doğma alban dilində danışmır. 1931-ci ildə rahibəliyi qəbul eləyir, on beş il sonra isə İsa Məsihin ona bəyan olduğunu və məktəbdə dərs deməyi buraxıb kasıblara kömək eləməyi buyurduğunu elan eləyir.
Zamanla Tereza bu əhvalatı fərqli formalarda danışırdı: hərdən deyirdi ki, İsa onun qarşısında tez-tez peyda olur.
İki ildən sonra Kəlkuttədəki Kali ilahəsinin məbədinə rəhbərliyi Terezaya həvalə eləyirlər. Orda “Ölüm ayağında olanlar üçün ev” açılır və “Missioner sevgi bacıları”nın rahibələri şəhərin yoxsul əhalisinə xidmət göstərirlər.
Tədricən, Tereza ana bütün dünyada tanınmağa başlayır, 1979-cu ildə ona “Əzab çəkən insana yardım fəaliyyətinə” görə Nobel mükafatı da verilir.
1997-ci ildə Tereza ana, mərhəmət ordeninin rəhbəri vəzifəsini tərk eləyir, elə həmin ilin sentyabrında dünyasını dəyişir.
2016-cı ildə Roma Papası Fransisk, Tereza anaya müqəddəs statusu verir.
***
…Bir qayda olaraq, bundan sonra müqəddəsin fani dünyadakı hekayəsinə son nöqtə qoyulur, amma Tereza ana ilə hər şey tam tərsinə olur. Ölümündən dərhal sonra onun haqqındakı mif dağılmağa başlayır. Hələ sağlığında Terezanın metodlarına qarşı çıxan xeyli insan, onun ölümündən sonra daha da ucadan danışmağa başlayır.
***
Mərhəmət, şəfqət hissi ən çox hospislərdə üzə çıxır. O yerdə ki, ölümcül xəstə insanların son günlərini qəlbin hərarəti ilə isidirlər, onların xeyirxahlığın, əsl sevginin əhatəsində o biri dünyaya köçməsinə şərait yaradırlar, dəhşətli ağrılarını, əzablarını, ümidsizliklərini azaldırlar… Ancaq məlum olur ki, Terezanın mərhəməti bu qəbildən deyilmiş. O, yardım və şəfqət lazım olan hər yerdə peyda olub, adı hər zaman mərhəmətlə assosiasiya edilib. Ancaq, sən demə, əslində Tereza ana həqiqətən yardım göstərmirmiş. Müasir dillə desək, o, sadəcə başqalarının əzabları fonunda “selfi” edirmiş.
Hərçənd çox da ağ eləməyək: ondan yardım görənlər də vardı. Ancaq dünyaya təqdim olunduğu şəkildə və miqyasda yox. Şahidlərin sözlərinə görə, Tereza ana “kamera qarşısında” mərhəmətli olub, ondan kənarda isə konslager “rejiminə” bərabər metodlar tətbiq eləyib…
Şahidlərin dediklərinə görə, onun hospislərində xəstələr son dərəcə pis şərtlərdə – döşəməyə sərilmiş matrasların üzərində və səliqəsiz halda yatırmışlar. Onların ağrılarını azaltmaq üçün yalnız aspirindən (başqa güclü preparatlar verilmirmiş) istifadə olunurmuş, bitlənməsinlər deyə hamını bir nəfər kimi keçəl eləyirlərmiş. Ki, məsələn, hindli qadınlar üçün bu, rüsvayçılıq deməkdi. Tibb alətləri dəfələrlə istifadə olunurmuş, antisanitariya baş alıb-gedirmiş. Bir sözlə, Tereza ananın “insanların aliləşdirildiyi və bəzədildiyi yer” adlandırdığı iztirab və kədər yuvası…
O, insanlara ağrıkəsici vurmağı yasaqlayırdı və bunu onunla əsaslandırırdı ki, kasıblar çarmıxa çəkilmiş İsa kimi əzab çəkirlər. Sözügedən mərhəmət evlərinə peşəkar həkimlər dəvət olunmurmuş, həqiqəti danışmaq istəyənləri isə susdururmuşlar: Tereza ananın obrazı toxunulmaz idi.
Tereza mümkün qədər çox insanı katolikə çevirməyi özünün əsas məqsədi hesab eləyirdi. Xəstələr özlərinin icazəsi olmadan, necə deyərlər, əlüstü xaç suyuna çəkilirdi.
Doğma şəhəri Skopyedə zəlzələ olanda Tereza ana, həmvətənlərinə kömək üçün özünün artıq kifayət qədər zəngin olan fondundan bir qəpik də ayırmamış, amma şəhərə yardım göstərən amerikan xeyriyyə cəmiyyətinə xeyir-dua vermişdi. İnsanlar onun arxasından “Ana bir az simicdi” deyə pıçıldaşırdılar.
Tereza ananın fondunun fəaliyyətini araşdıranlardan birinin tapdığı yazışmalarda rahibə min insana yemək verdiklərini iddia eləsə də, əslində sadəcə 100-ə yaxın insana qida çatdığı müəyyənləşdirilib. Qeyri-xristiyanlar hətta acından ölsələr belə, fondun nümayəndələri onlara bir tikə çörək belə vermirdilər. Tereza ananın mərhəməti seçici idi.
İnternat uşaqları ilə bağlı məsələ də böyük qalmaqal çevrilmiş, internatdakı uşaqların satıldığı barədə dəhşətli sənədlər üzə çıxmışdı. Lakin tezliklə bu əhavalat ört-basdır edilmişdi.
Yeri gəlmişkən, fondun maşınları məzlum və yoxsulları yox, rahibələri gəzdirmək üçün istifadə olunurdu. Tereza ananın özü isə biznes-klassda və özəl təyyarələrlə uçmağa üstünlük verirdi. Elə zəlzələdən sarsılmış Spitaka da belə gəlmişdi. Həmin vaxt onun bu səfəri mətbuatda xeyli işıqlandırılsa da, zərərçəkənlərə yardımı barədə bir kəlmə də deyilməmişdi. 1993-cü ildə zəlzələ nəticəsində 8 min insanını itirən Hindistanın Latur əyaləti də Terezadan bir qəpik də almamışdı. Evsiz-eşiksiz qalan insanlar üçün evləri adları heç yerdə çəkilməyən təşkilatlar tikirdilər, amma şəkillərdə Tereza ana görünürdü.
Halbuki onun fondu kifayət qədər varlı idi. Haiti prezidenti, diktator Dyüvalye rahibənin fonduna milyon dollar köçürmüşdü. Nəticə: Tereza Haitidə sadə əhalinin necə pis şəraitdə yaşadığını “görməmiş” və hökuməti tərifləyərək xalqa yaxın olduğunu demişdi. İndira Qandi ilə dostluq isə ona heç xəyalına belə gətirmədiyi bir hədiyyə bəxş eləmişdi – fondu təftişlərdən azad olunmuşdu.
Terezanın ölümünə az qalmış məlum olmuşdu ki, bütün xeyriyyə ianələrinin cəmi 7%-i xeyriyyə məqsədilə xərclənir, qalan məbləğsə Roma kilsəsinin ehtiyacları üçün Vatikanın bankına köçürülür. Hesablamalara görə, Tereza ana katolik kilsəsi üçün 3-5 milyard dollar “qazanıb”.
Tereza ana həyatı boyu bir katolik rahibəsi üçün dualist sayılacaq mövqe sərgiləyib. Məsələn, o, əsl katolik kimi abortların qadağan olunmasını təbliğ eləyirdi. Bununla belə, İndira Qandi yoxsulların məcburi sterilaziyasının aparılması təşəbbüsünü irəli sürəndə onu dəstəkləmişdi. O, boşanmaların da əleyhinə idi, ancaq şahzadə Diana ilə Çarlzın boşanmasına xeyir-dua vermişdi.
Yeri gəlmişkən, yaşlanandan sonra sağlamlıq problemləri ilə üzləşən Tereza ana heç vaxt öz mərkəzlərində müalicə almayıb, həmişə ABŞ və İtaliyadakı xəstəxanalara müraciət edib. Əməliyyat olunanda isə ona narkoz veriblər, o, İsa kimi əzab çəkmək istəməyib.
Zamanla onun göstərdiyi möcüzələr barədə gəzən əfsanələr də ifşa edilir: Tereza ananın, guya üzərinə medalyonunu qoyaraq bədənindəki şişi yox elədiyi xəstənin, əslində, kistadan əziyyət çəkdiyi və həkimlərin sayəsində sağaldığı məlum olub. Hərçənd onun duaları sayəsində beyin xərçənginin sağalması ilə bağlı möcüzəni hələ də heç kim təkzib eləyə bilmir – bu fakt qeydə alınıb və kanonizasiya üçün əsas götürülüb. Ki, insan möcüzə göstərməyəndə onun kanonizasiyası mümkün sayılmır.
Deyirlər ki, vəfat etmiş insanlar haqqında ya yaxşı danışmaq lazımdı, ya da heç danışmamaq. Tereza ana çoxdan dünyasını dəyişib, amma əməlləri hələ də davam eləyir: fond da, onun çoxsaylı filialları da işləyir. Amma bəşəriyyətin dahi xilaskarı haqqında hekayətlər birmənalı olmayan söz-söhbətlər yaradır. Nə vaxtsa ciddi bir araşdırma hər şeyi yerbəyer eləyəcək, hələliksə onun fəaliyyətinin ən qalmaqallı detalı ilə Hindistanın istintaq orqanları məşğul olur. Od olmayan yerdən tüstü çıxmaz və internat uşaqları ilə bağlı hadisə də şübhə zəncirinin növbəti halqasıdı.
Olqa Kuzmina
vm.ru