Xüsusi karantin rejimində hərbi vəziyyət çərçivəsində komendant saatı – Azərbaycanın yaşadığı indiki rejim tam olaraq belə adlanır. Bu yaxınlarda karantin rejimi dekabrın 1-ə kimi uzadıldı. Hərbi vəziyyət və komendant saatına dair isə hətta proqnozlarımız belə yoxdur. Karantinin uzadılması birbaşa COVİD-19 pandemiyasının genişlənməsi ilə bağlıdır. Ümümdünya Səhiyyə Təşkilatının məlumatına görə, hər gün yoluxma üzrə yeni rekordlar vurulur. Azərbaycan da bu trenddən kənar qalmır. TƏBİB-in məlumatına görə, müharibənin 10-cu günündə artıq 143 yoluxma faktı qeydə alınmışdı. O gündən başlayaraq yoluxma sayı 1242-ə kimi artıb (yalnız testlərin sayı azalanda yoluxma suni olaraq az göstərilirdi. Amma müsbət testlərin ümumi nəticəyə münasibəti sabit olaraq 9-11% səviyyəsində qalırdı) və artmağa davam edir.
Nəticədə oktyabr ayı yoluxma sayına görə birinci yerə çıxdı. Bundan əvvəl ən çox yoluxma sayı iyun və iyul aylarında qeydə alınmışdı – 12 və 14,3 min. Oktyabr ayı ərzində isə bu göstərici artıq 15 mini keçdi. Noyabrın 4-ə olan məlumata görə i isə, aktiv xəstələrin sayı 13 mini keçib. Müqayisə üçün deyək ki, hətta sərt karantin rejimi dövründə belə, Azərbaycanda rəsmi olaraq aktiv xəstələrin sayı 9 minə çatmırdı.
Qeyd: noyabr üzrə göstərici ayın yalnız ilk 4 gününə aiddir. Amma bu 4 günlük göstərici sentyabr və may üzrə aylıq göstəricilərə yaxındır.
Bəs yoluxmanın əsas səbəbi nədir? Bununla bağlı hansısa dəqiq məlumat vermək çətindir. Misal üçün, Gürcüstanda yerli epidemioloqlar artım tempini insanların müxtəlif qadağa və məhdudiyyətlərə laqeyd yanaşmaları ilə izah edirlər. Onların fikrincə, ölkədə həddindən artıq ciddi qadağalar tətbiq edilmişdi, amma ümumi yoluxma çox az olduğuna görə, virus insanlara nəsə rahat bir şey kimi gəlirdi. Nəticədə məhdudiyyətlər ləğv olunan kimi bölgələr arasında səyahətlər, tədbirlər və s. çoxaldı. Bu da virusun yayılmasına səbəb oldu (noyabrın 4-nə olan məlumata görə, gündəlik yoluxma 2,3 min, sağalma isə 2,5 min təşkil edib). Bəlkə, Azərbaycanda da yoluxmanın artmasının əsas səbəbi budur. Gürcüstandan yeganə fərqimiz odur ki, bizdə, ümumiyyətlə, tədbirlərin keçirilməsinə icazə verilməmişdi.
Rəsmi məlumatlara əsasən, biz virusun yalnız coğrafi yayılmasını müəyyən edə bilərik. Belə ki, Nazirlər Kabinetinin karantin məhdudiyyətlərinə dair qaydalarına, az qala, hər həftə hansısa dəyişiklik edilir. Hər bir dəyişikliklə tam qapalı bölgələrin sayı çoxalır. Sonuncu məlumata görə, operativ və xüsusi təyinatlı nəqliyyat vasitələrinin, habelə yükdaşıyan avtomobillərin hərəkəti istisna olmaqla, Sabirabad şəhərinə, Sabirabad rayonunun Cavad, Türkədi, Qalağayın və Kürkəndi kəndlərinə, Şəki şəhərinə və Kiş kəndinə, Lənkəran şəhərinə, Lənkəran rayonunun Şağlaküçə və Şıxəkəran kəndlərinə, Quba şəhərinə, Quba rayonunun Rustov və Zərdabi kəndlərinə, Mingəçevir şəhərinə, Ağstafa, Biləsuvar, Xaçmaz, İsmayıllı, Qax, Zaqatala, Cəlilabad, Masallı rayonlarına giriş-çıxış dayandırılıb. Məntiqi olaraq, bu bölgələrdə koronavirusla bağlı daha pis vəziyyətin müşahidə olduğunu fikirləşmək mümkündür. Bəs statistika nə deyir?
TƏBİB, virusun yayılmasına dair bölgələr üzrə statistikanı bizim tənqid etdiyimiz köhnə üsulla paylaşmağa davam edir. Hardasa həftədə bir dəfə koronavirusinfo.az saytında ayrıca pdf (bəzən pptx) formatında fayl yerləşdirilir. Orada cəmləşdirilmiş həftəlik məlumatlar və bölgələr üzrə yoluxanların ümumi bölgüsü dərc edilir. Bizdə oktyabr ayının 1-ə və 31-ə dair dəqiq məlumat yoxdur. Saytda yalnız oktyabr ayının 3-ə və 29-a olan məlumatlar yerləşdirilib. Amma biz bu məlumatlar əsasında hansı bölgələrdə daha çox yoluxma baş verdiyini müəyyənləşdirə bilərik.
Ümumi olaraq, bu dövrdə 12,6 min insan koronavirusa yoluxub. Onların yarısından bir qədər çoxu Bakıya aiddir (6,6 min). Bakı rayonları arasında yoluxma üzrə Binəqədi və Xətai rayonları liderlik edir. Bu dövr ərzində sözügedən rayonların hər birində rəsmi olaraq 1 min nəfər yoluxub. Amma nisbi olaraq ən yüksək artım Xəzər rayonunda qeydə alınıb (43,8%). Rayonda bu dövr ərzində 527 nəfər yoluxub (müqayisə üçün, epidemiyanın başladığı vaxtdan oktyabrın 3-ə kimi rayonda 1204 nəfər yoluxmuşdu). Ən aşağı artım isə Nizami rayonunda qeydə alınıb (21,9%).
Bakı ətrafındakı Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində vəziyyət aşağı-yuxarı eynidir. Hətta bu bölgədə artım Bakıda olduğundan azdır (25%). Statistikaya görə, ən yüksək artım Şəki-Zaqatala iqtisadi rayonunda baş verib. Burada yoluxanların sayı oktyabr ayı da daxil olmaqla, az qala, 2 dəfə (90%) artıb. İkinci yeri Quba-Xaçmaz bölgəsi, üçüncü və dördüncü yerləri isə Gəncə-Qazax və Dağlıq Şirvan bölgəsi tutur.
Maraqlıdır ki, qadağaların tətbiq edildiyi rayonların bəziləri Lənkəran və Aran iqtisadi bölgəsinə aiddir. Əgər Aranda yoluxanların nisbi artımı Bakıdan çoxdursa, Lənkəran iqtisadi rayonunda vəziyyət nisbətən daha rahatdır. Orada artım 24,8% təşkil edib. Ondan az yalnız “ölkə xarici” kateqoriyası və Naxçıvanda (orada faktiki olaraq, ümumiyyətlə, heç bir şey qeydə alınmayıb. Naxçıvan yenə də ölkə üçün qapalı məkan kimi fəaliyyət göstərir) qeydə alınıb.
Belə vəziyyətdə məntiqli bir sual yaranır: Nə edək? İndiki halda bu hansısa mənasız dairəyə çevrilir: yoluxma artır → məhdudiyyətlər tətbiq edilir →yoluxma azalır → məhdudiyyətlər aradan qalxır → yoluxma artır → məhdudiyyətlər tətbiq edilir.
Biz belə vəziyyətdə ömrümüzün sonuna kimi yaşaya bilərik. Koronavirusa qarşı vaksin və ya hansısa dərmanın hazırlanması uzun çəkə bilər və ya ümumiyyətlə, baş verməyə bilər (İspan qripi, Asiya qripi və s. qarşı nə vaksin, nə də dərman vardı).
Əslində, variantlar çoxdur. Sadəcə məsələ onlardan istifadə etmək olanda problemlə üzləşirik. Çünki hər bir halda bizə daha çox tibbi personal, tibbi infrastruktur və s. lazımdır. Müqayisə üçün, indi Slovakiya maraqlı eksperiment keçirir. (Yeri gəlmişkən, Çin və Cənubi Koreya da, təxminən, buna bənzər eksperiment reallaşdırmışdı). Belə ki, Slovakiya ümumölkə testləşdirməsi aparmağa başlayıb. Təkcə bir gün ərzində 828 min insan testdən keçib. Son məlumata görə, artıq ölkə əhalisinin 2/3-nə test edilib və onların arasında yoluxanların sayı 1%-dən bir qədər çox olub. Yeri gəlmişkən, Slovakiya bunu elan edəndə, ümumi dövr ərzində yoluxanların sayı Azərbaycanla bərabər idi (58-59 min). Amma gündəlik yoluxma artıq 3 minə qədər artmışdı. Test nəticəsində isə ümumi göstərici 100 minə yüksəldi. Bununla da ölkə ərazisi bütünlüklə yoxlanıldı. Testdən keçən insanlar üçün müxtəlif qadağaların ləğvi nəzərdə tutulur.
Fikrimcə, bu, ən effektiv addımlardan biridir. Ümumiyyətlə, koronavirusla mübarizədə ən vacib yollardan biri də onun müəyyən edilməsidir. Geniş yoluxma bir çox hallarda məhz virusun vaxtında müəyyən edilməməsi ilə bağlıdır. Virus nə qədər tez müəyyən olunsa, o qədər az yoluxma baş verəcək (insan tez bir zamanda izolyasiya olunacaq, ətrafla təması azalacaq və sağalma prosesi başlayacaq). Burada məsələ sadəcə resursdur. Bunu həyata keçirmək üçün Slovakiyaya 40 minə kimi işçi, 4 min tondan çox tibbi material və s. lazım oldu. Hətta qonşu ölkələrdən də əlavə tibbi personal dəstəyi aldılar. Ölkə əhalisi isə 5,5 milyon təşkil edir. Slovakiya ilə müqayisədə Azərbaycanda vəziyyət bir az çətindir. Amma biz bunu 2 ya 3 günə yox, 3-4 günə edə bilərik. Düzdür, müharibə dövründə bu, çətindir – kifayət qədər resurs cəbhəyə yönəlib. Amma başqa tərəfdən, epidemiya və müharibə fəsadlarını eyni zamanda həll etməkdənsə, birdəfəlik epidemiya ilə bağlı məsələni həll etmək olar. Bu da ölkə resurslarını yalnız bir istiqamətə yönəltməyə imkan verəcək. Mümkündürmü?