Müsahibimiz “Mən evə qayıdıram”, “Üçüncü günün adamı”, “Mənim qardaşım” vəs. kimi filmlərdə görüb-tanıdığımız, son vaxtlar sosial şəbəkələrdə populyarlıq qazanmış “Ədəbiniyyət” layihəsinin müəllifi, aktyor Kamran Ağabalayevdi.
– Kamran, əksər aktyorlarımızdan tərzinizlə fərqlənirsiniz. Necə deyərlər, “cool” oğlan tərzindəsiniz həmişə – sırğa, idman üslübunda geyimlər, bandana vəs. Bu, hansısa çərçivələri qırmaq cəhdidi, yoxsa içinizdən gələn bir şeydi?
– İçimdən gələn bir şeydi, baxmayaraq ki, Mirzağa Əliyev 57-də doğulmuşam, düz Sovetskinin göbəyində. Gözümü elə insanların əhatəsində açmışam ki… “Finka” ilə bayıra çıxmaq nə demək idi?! Amma indi məni qəbul eləyiblər. Mən də onlardan biri olduğumu danmıram, sadəcə hər kəsin öz seçimi var. Mənim üçün başqalarının haqqımda nə düşündüyü hər zaman ən son sırada olub. Kimsə mənim haqqımda danışmağa vaxt sərf elədiyi müddətdə mən xeyli iş görürəm.
– Sovetskinin göbəyindən bu tərzə necə gəlib çıxmısınız?
– Onu bilmirəm, nədən sonra belə geyinməyə başladığımı xatırlamıram. Amma həmişə deyirdim ki, çayxana tipindən çıxmaq lazımdı. Hərçənd illərlə çayxanada meyxana demişəm, ancaq bu tərzdə və bu geyimdə. Onda bircə sırğa taxmırdım. Hamı da bunu normal qəbul eləyirdi. İndi də telekanallardan dəvət alanda başdan xəbərdarlıq eləyirəm ki, məndən dress-kod istəməyin, belə gələcəyəm. Tərzim ucbatından radioda işdən çıxmışam. Şortiklə işə gəlirsən, sənə deyirlər ki, şortiklə işə gəlmək olmaz. Dedim, nə dəxli var, bəyəm məni görürlər ki? Yenə “olmaz” dedilər, dedim, mən sadəcə maraq xatirinə soruşdum, çünki artıq işdən çıxmışam. Mənim azadlığımı heç kim çərçivəyə sala bilməz.
– Bu “cool” tərzinizə görə, sizi daha çox əsgər, zabit, polis, mafiozi tipli rollara dəvət eləyirlər? Bildiyim qədərilə, Türkiyədə də ancaq bu tip rollara dəvət alırsınız.
– Bəli. “Tərk edilmiş” filmində pəzəvəng (sutenyor) rolundaydım, “Qız qaçıran”da alfons. “Atçalı kəl Mehmet”dəki rolum tarixi personajdı, amma mənfi qəhrəmandı. “Mənim qardaşım”da polisi oynayıram. Yeri gəlmişkən, o filmə dəvət alanda maraqlı bir hadisə oldu. Zəng vurub gürcü dilini bilib-bilmədiyimi soruşdular, “hə, tərtəmiz” dedim, halbuki “qamarcoba”dan başqa heç nə bilmirəm. Belə bir xəstəliyim var –istədiyim rol olanda heç nəyə “yox” demirəm. Amma onlar məndən ağıllı çıxdılar və mətni göndərdilər ki, bunu gürcü dilində oyna, çək, bizə göndər. Bircə onu bilirdim ki, səsim uyğun gəlir. Üç-dörd dostumu toplayıb hərəsinə bir söz verdim. Uşaqlar elə dayanmışdılar ki, üzündən oxuduğum hiss olunmurdu. Qəbul elədilər, amma Türkiyədə beş gün gürcü dilində mətnlə məşq eləməyimi istədilər. Elə oldu ki, orda çox yaxşı bir insan çıxdı qarşıma – Osman Şeyhoğlu. Ona dedim ki, mən gürcü dilini bilmirəm, elə elə ki, beş günə mətni gürcücə əzbərləyim. Onun köməyilə mətni öyrəndim.
– Bəs əsgər-zabit, “bərkgedən” oğlan ampluasından çıxmaq istəyərdiniz? Ya da hansı tip personajlar sizə daha maraqlıdı?
– Zabit-əsgər silsiləsindən bircə Çingiz xanı oynamaq istəyərdim. Mənə görə, ən “cool” qaqaş Çingiz xandı. Haqqında oxuduğum andan Çingiz xana aşiq olmuşam. Ondan əlavə çox fərqli, psixoloji problemləri olan bir obraz oynamaq istəyərdim. Məsələn, panik atakları olan birini, ya da şizofreni. Belə insanları çox görmüşəm. “Tərk edilmiş” filmindəki roluma hazırlaşanda, təxminən, bir həftə-doqquz gün belə insanların arasında olmuşam, çox böyük təcrübəm var. Gecələr oturub onlarla söhbət eləyirdim. Aralarında bilgə insanlar da vardı. Lap türk seriallarında olduğu kimi. Sadəcə özü anlayır ki, müəyyən məqamlarda kiməsə ziyan vura bilər.
– Amma deyəsən, seriallara çəkilmirsiniz.
– İyirmiyə yaxın yerli seriala “yox” demişəm. Bircə “Döngələr” adlı televiziya filmində çəkilmişəm. Seriallara çəkilmək istəmirəm, çünki… Sonra şərhlər yazırlar ha… Mən kiminsə nifrət obyekti olmaq istəmirəm. Prodüserin, rejissorun səhvi aktyorun başında çatlayır. Mən “pulu az verirlər, o da bunu oynayır” fikriylə razı deyiləm, belə şey yoxdu. Sən ya oynamağı bacarırsan, ya da yox. “Çox ver, yaxşı oynayım” – yanlış bir yanaşmadı. Sadəcə mən “A” nöqtəmdən “B” nöqtəmə gedən yolu bilmək istəyirəm. Yəni sabah Fatmanisə, Tükəzban “bu oğlan yaxşıdı” yazdığına görə ssenaridə mənim rolumu uzadacaqlarsa, ya da əksinə, azaldacaqlarsa, belə işdə olmaq istəmirəm. Eyni situasiya Türkiyə üçün də keçərlidi. Personaj reytinq gətirsə, serialda qalırsan, gətirməsə, yox. Türk serialları bunun üzərində qurulub. Amma mən başdan sonumun necə olacağını bilmək istəyirəm.
– Kamran, Sevdayla sizin barənizdə danışırdıq, Sevda dedi ki, hələ sizi aktyor kimi, yaxşı mənada “sındıran” rejissorla qarşılaşmamısınız.
– Artıq qarşılaşmışam – Elvin Adıgözəl. Rejissor aktyorda necə bir özünəinam hissi yarada bilərmiş?! Bu vaxta qədər 26-27 filmdə çəkilsəm də, bunu ilk dəfə Elvin Adıgözəllə işləyəndə gördüm. Mənə dedi ki, balaca bir rol var, gəl, onu sən oyna. Mən “rolun böyüyü-kiçiyi yoxdu” söhbətinə inanmıram, mənim üçün var. Üçüncü planda tindən keçən adamı oynamaq istəmirəm, amma Elvinə “yox” deyə bilmədim. Getdim çəkilişin aparıldığı Masallı rayonuna. Beş gün qaldım və mənim personajım filmin əsas qəhrəmanlarından birinə çevrildi. Elvinlə işləmək möhtəşəm bir hissdi. Çox maraqlı tərzi var. Situasiyanı mənə “motor” sözünü deməyə üç dəqiqə qalmış başa saldı, sonra da dedi ki, indi istəyirsən, on dəqiqə hazırlaş, istəyirsən on saat, mən gözləyərəm. Bizim aktyorlar işə gələndə metroya, avtobusa minirlər, məişət, cəmiyyət- hər şeyi görürlər, istər-istəməz bunların hamısı öz təsirini qoyur, düşünə-düşünə gedirsən, konsentrasiyan tamamilə itir, sənə nəsə tapşırıq veriləndə yüzdə qırxını göstərə bilsən, böyük şeydi. Elvin isə diqqətini işə cəmləmək üçün şərait yaradır, səninlə söhbət eləyir, hər şey çəkilişə hazır olandan sonra da tapşırığını verir. Ondan sonra hər şey sönür, oturub, ancaq rolunu düşünürsən. Elvin aktyorla işləyəndə non-aktinqə üstünlük verir, yəni heç bir halda oyun olmamalıdı. Mən İranda Əkbər Əbdidən bunun dərsini almışam. Onun dərslərində başa düşdüm ki, non-aktinq düşündüyümdən ağır bir şeydi, xüsusən də, peşəkar aktyor üçün. Stella Adleri, Li Srtrasberqi oxuyursan və birdən sənə deyirlər ki, indiyə qədər oxuduqlarının hamısını cır, tulla. Bunu bir anın içində eləmək mümkün deyil. Özünü uzun illər boyu oynamağa proqramlaşdırmış adama qəflətən “oynama” demək, oynamağın səhv olduğunu demək… Elvin məni bütünlüklə sındırdı. Onunla personajın yerişinə qədər hər şeyi saatlarla müzakirə eləyirdik. Çox adam deyir ki, Elvinlə işləmək çətindi. Halbuki bu həyatda onunla işləməkdən rahat heç nə yoxdu. Adam özü aktyordu, möhtəşəm plastikası var, çox orqanikdi. Bəzən olurdu ki, deyirdim, sən bunu necə oynayardın, göstər baxım, göstərirdi. Çoxlarından fərqli olaraq, mən bacarmayanda bunu boynuma ala bilirəm. İnsanlar sual verməyə, nəyisə anlamadıqlarını etiraf eləməyə qorxurlar. Başa düşmürlər ki, əsas işin keyfiyyətidi.
– Kamran, bir sözünüz diqqətimi çəkdi. Elvindən danışanda dediniz ki, məni özümə inandırdı. Düzü, heç də özünə inanmayan adam təsiri bağışlamırsınız.
– Elvinin filmi Əkbər Əbdinin dərslərindən sonra çəkildiyim ilk film idi, Masallıya gedəndə düşünürdüm ki, vəssalam, hazıram. Amma gəlib çatırsan və məlum olur ki, sən ümumiyyətlə, nə oynayacağını bilmirsən. Çıxırsan kameranın qarşısına, ikinci dubldan sonra deyir ki, istədiyim tam bu idi. Onda deyirsən ki, gəl bir də çəkək, mən bunu daha yaxşı eləyə bilərəm. Deyir, yox, mənə bəsdi. Ancaq bilirsən ki, bunu sənə elətdirəcək. Sadəcə endorfin bədənə yayılır, adrenalin qalxır və sən özün deyirsən ki, daha yaxşı eləyə bilərəm. Və bu situasiya ən yaxşı dublu çəkənə qədər davam eləyir, Elvin istədiyini almayana qədər əl çəkmir. Onunla işləməkdən böyük zövq aldım.
– Xeyli müddətdi, şeir qiraəti ilə məşğulsunuz, hətta bunu davamlı və kifayət qədər populyar bir layihəyə çevirmisiniz, sponsoru da var. “Ədəbiniyyət” layihəsinin ideyası necə yarandı?
– Desəm ki, ömrüm boyu şeir sevmişəm, xeyr, elə deyil. Lap əvvəldən bu mənim üçün etüd xarakteri daşıyır. Həm formada qalmaq üsullarımdan biridi, həm də reklamdı. Bu il oktyabrın 4-də rejissoru olduğum “Ağacdələn” filminin premyerası olacaq. Mən də o vaxta qədər “Ədəbiniyyət” layihəsi ilə özümü tanıdıram. Yəni bu layihə “Ağacdələn” filminin və mənim marketinqim kimi nəzərdə tutulub. Daha doğrusu, istəyirəm, insanlara poetik, mənəvi zövq verərək simamı tanıdım. “Razenni” də bu layihəni dəstəkləməyə razı oldu. Mən “Ağacdələn”in davamını çəkmək istəyirəm. Bu şeir videolarından sonra gündə, ən azı, beş-on nəfər yazır ki, filmin treylerini görmüşdük, özünü nə vaxt izləyə bilərik?
– Yəni şeir qiraəti tamaşaçı toplamaq cəhdidi?
– Həm tamaşaçı toplamaq, həm də o tamaşaçıların poetik zövqünün formalaşmasına yardımçı olmaq cəhdidi. İlk dəfə R.Cəfər, Q.İsmayılov və digər aktyorlarla bilrikdə buna bənzər bir layihədə Qismət Rüstəmovun şeirini demişdim, xeyli adam paylaşmışdı. Sonra “Ağacdələn” üçün marketinq planı barədə düşünməyə başladım. Filmin tizerini sosial şəbəkələrdə paylaşdım, on sayt yazdı, premyeraya da on sayt gələcək, müsahibə alacaq və bununla da bizim piar bitəcək. “Ağacdələn” mənim üçün hobbidi, pis də olsa, çəkəcəyəm, yaxşı da olsa. Çünki bu proses mənə maraqlıdı. İndi hələlik premyeraya qədər sosial şəbəkələrdə çoxlu izləyici toplamağa çalışıram. Mən filmə milyonlar xərcləməmişəm, 90 manata çəkmişəm, amma baxılmasını istəyirəm. Odu ki, münasib vaxtı gözləyə bilərəm. Çünki görürük də, sosial şəbəkələrdə hamı “nə oldu, film nə vaxt çıxır” yazır, ancaq film kinoteatrda göstəriləndə millətin işi çıxır. Sonra da oturub yutubu gözləyirlər. Mən isə rejissor kimi ilk təcrübəmdən pul qazanmaq istəyirəm. Niyə də yox?!
– Elə hesab eləyirsiniz ki, kifayət qədər tanınmırsınız?
– Əslində çox tanınmaq kimi istəyim yoxdu. Bu, sırf “Ağacdələn” filmi üçündü. Ondan sonra tanımasalar da, olar. Mən bütün hallarda peşəmi sevirəm.
– Türkiyəyə ən çox dəvət olunan aktyorlardan birisiniz. Orda aktyorlarla iş sistemi, azərbaycanlı aktyorlara münasibət barədə bir az ətraflı danışa bilərsiniz?
– “Mənim qardaşım” filminə çəkilməyə gedəndə şok olmuşdum. Çanakkalaya təyyarə yox idi, maşınla gedirdik. Bütün yol boyu assistent məndən qalacağım yerə görə üzr istədi. Mən də fikirləşdim ki, görəsən, harda qalacağam ki, məndən qırx dəfə üzr istədilər. Gəldik çıxdıq dəniz qırağında yerləşən çox böyük bir otelin beşinci mərtəbəsinə, baxdım ki, normal otaqdı. Axşam yeməyində assistendən niyə üzr istəyidiyini soruşdum. Dedi ki, digər aktyorların hamısı ayrı-ayrı bunqalolarda qalırlar, boş yer yoxdu, ona görə məcburən sizə oteldə yer tutduq. Ya da, məsələn, orda çəkiliş meydançasında “aktyor koçu” deyilən bir şəxs var. Türkiyəyə ilk dəfə dəvət olunanda gəlib dedi ki, bütün həyatını mənə danış. Səbəbini soruşdum, dedi, mən dramatik səhnələrdə sənin hansı damarına basmalı olduğumu bilməliyəm. Çox vaxt rejissor tapşırığını aktyora yox, həmin koça verir. O da, məsələn, deyir ki, mən bu adamın potensialına bələdəm, bu səhnəni bir saat sonra çəkə bilərik və gəlib səni səhnəyə hazırlayır.
Səhnələrdə davamlılığa nəzarət eləyən assistenlər var. Hər səhnədə nələr elədiyinizi yazırlar və dubldan əvvəl xatırladırlar. Biz burda davamlılığımızı həmişə özümüz tuturuq, buna məcburuq. Əslində bu, aktyorun konsentrasiyasını pozan bir şeydi. Məşhur aktyorlarda isə bu assistentlərin sayı-hesabı yoxdu. “Mənim qardaşım” filminin çəkiliş meydançasına Burak Özсivit 41, Murat Boz isə 44 assistentlə gəlmişdi. Biri əlində güzü tutur, biri saçını düzəldir, biri maillərinə baxır və s. Orda Burak Özсivitlə bir söhbətimiz oldu. Dağın başında çəkiliş elədiyimiz zaman bir uşaq onunla şəkil çəkdirmək istədi, imkan vermədilər. Sonra səbəbini soruşanda dedi ki, bəzən əlimiz-qolumuz bağlı olur, mən ancaq əynimdə mavi cins, ya da saçımı reklam elədiyim şampunla yuyanda şəkil çəkdirə bilərəm, buna görə pul alıram. Bu referens Hollivudda da var. Sən özünü satmağı da bacarmalısan. “Tərk edilmiş” filmində mənə balaca bir epizod vermişdilər. Dedim ki, mən epizodda oynamıram, Çirkin rolunu istəyirəm. Cavab verdilər ki, o rola aktyor təsdiqlənib. Səhər getdim, özüm sınaq çəkilişi elədim – audition deyirlər – göndərdim rejissora. Rejissor mənə dedi ki, niyə anlamırsan, o rol təsdiqlənib. Cavab verdim ki, mən sadəcə sona qədər getdiyimi bilmək istəyirəm, sən istəsən, baxarsan, istəməsən, yox. Necəsə razı salmışdılar, baxmışdı. Sonra prodüser zəng elədi və müqavilə bağlamaq üçün çağırdı. Onda axıra qədər getdiyimə görə özümlə fəxr elədim. Rolu kiminsə əlindən aldığım vecimə də deyildi. Bəli, aldım, haqq eləyirdim ki, aldım. Mən də o qədər rədd cavabı almışam ki! “Eşkiya dünyaya hökmdar olmaz” serialından tutmuş “Ayla” filminə qədər.. “Eşkiya”da sınaq çəkilişlərində axıra iki nəfər qalmışdıq. Mən düşünürdüm ki, o biri aktyordan daha yaxşı oynayıram, seçilməməyim mümkün deyil. Amma onu təsdiqlədilər, hərçənd ikinci seriyada reytinq vermədiyinə görə öldürdülər. Pavel Lunginlə iki saat söhbət eləmişdik, onun filmində əfqan rolunu oynamalıydım. Bir müddətdən sonra dedi ki, yox, müsəlman qəhrəmanı bu qədər qəddar göstərmək istəmirəm, səndə çox qəddar alınır. İlk vaxtlar “yox” cavabları çox təsir eləyirdi mənə.
Sonradan anladım ki, işimin bir hissəsi “yox” eşitməkdi. Bizim aktyorların əksəriyyəti evindən çıxmır, sonra da deyir ki, məni çəkmirlər. Necə çəksinlər, gəlib qapını döyüb yalvarmalıdılar? Mən özümü öldürürdüm, fotosessiyalarımı, portfoliomu Türkiyədə göndərmədiyim agentlik qalmamışdı. “Yox” cavabı alanda fikirləşirdim ki, ən azı, bazalarında varam, nə vaxtsa “hə” cavabı da olacaq. Menecerlə işləməyə başlayandan sonra bir az rahatlaşdım. Menecerim deyir ki, İstanbula köç, burda sənin üçün həmişə iş olacaq. Sadəcə mən İstanbulu sevmirəm, başqa şəhərlər də uzaqdı. Demək istədiyim odu ki, hər şey istəyə, zəhmətə bağlıdı. “Mənim qardaşım” filmi sənət əsəri deyil, amma o filmə Türkiyədə 3 milyon 200 nəfər baxıb və məni görüb. Bu mənim portfoliom üçündü. Burda kimdənsə “show-reel” (aktyorun istedadını nümayiş etdirdiyi iki dəqiqəlik video – red.) istəyəndə dayanıb üzünə baxır ki, o nədi? Bir də görürsən, deyirlər ki, mənə 20 dənə “headshot” göndər – yəni ancaq üzün iri planı. Desən ki, sabah çəkdirib göndərərəm, o dəqiqə səninlə əlaqəni kəsəcəklər, səni peşəkar saymayacaqlar. Çayxanada oturub rol gözləməklə deyil. Heç kim səy göstərmək istəmir, amma qarşılığını istəyir. Zəhmətsiz heç nə olmur. Bir az da şansın olmalıdı. Şans da deyir ki, həmişə güclünün bəxti gətirir, bir şeyi istədiyini göstərməlisən.
– Aktyorun menecerlə işləməsi sistemi bizdə niyə aktual deyil?
– Çünki bizdə hamı bir-birini tanıyır. Kamranın menecerinə “Kamran bu qiymətə oynayar?” deməkdənsə, birbaşa Kamrana zəng vurmaq daha sərfəlidi.
– Siz kinoda, ümumiyyətlə, mədəniyyət və incəsənət sahəsində gedən proseslərə aktiv reaksiya verənlərdən birisiniz. Necə fikirləşirsiniz, prezidentin xüsusi sərəncamı ilə kinomuza ayrılan beş milyon necə istifadə olunmalıdı?
– O beş milyona əlli film çəkilməlidi. Hətta bəzi filmləri 50 minə də çəkmək olar.
– İki-üç il əvvələ qədər kinoya bundan daha çox pul ayrılırdı, özü də davamlı olaraq, amma bir faydası olmadı. Bu beş milyonun da davamı olub-olmayacağı bəlli deyil. Sizcə, hər il aldıqları altı milyona eləyə bilmədiklərini indi bu beş milyona eləyəcəklər?
– Çox inanıram. Düzdü, o zaman çoxlu Biləcəridən o tərəfə keçməyən filmlər çəkilmişdi – tarixi filmlər, bioqrafiyalar və s. Onlar milyonluq büdcə ilə Biləcərini keçə bilməyəndə Elvin Adıgözəllə Rüfət Həsənov, cəmi 7 minlik büdcəsi olan filmlə Lokarnoya getdilər. Teymur Hacıyev öz hesabına çəkdiyi filmlərlə “Palm Springs”, Rotterdam kimi festivallara düşdü. Elmar İmanov Rotterdamda FİPRESSİ-nin mükafatını aldı. Kinomuzun başında oturanlar da gördülər ki, belə də olur. Ona görə də düşünürəm ki, artıq o pul sınanmış adamlara veriləcək. Başqa variantı yoxdu. Çünki sabah o beş milyonun hesabatını tələb eləyəcəklər.
– Kamran, siz kinodan nə istəyirsiniz?
– Kinodan nə istəyirəm? Ən azından, mənim onu sevdiyim qədər o da məni sevsin. Bu sevgi qarşılıqlı olsa, əl-ələ tutub çox uzağa gedə bilərik. Bilərik yox, gedəcəyik. Məsələn, mən Rasim Cəfərin fanatı idim, bu günsə onunla eyni filmdə çiyin-çiyinə oynayıram. Ən əsası isə, bu sevgidən usanmamalısan, “yox” cavablarından yorulmamalısan. Bircə maraqlı şey var. “Yox” cavabı aldığım filmlərə baxmıram. İstər-istəməz kimisə qınamağa, özümlə müqayisə eləməyə başlayacağam. Ki, bu da mənim tərəfimdən haqsız qınaq olardı. Ümumiyyətlə isə, niyə dirəşmişik ki, bizdə mütləq kino olmalıdı? Olmaya da bilər. Muğamımız var, musiqimiz var. Olan şeyə var deyə bilirsən. Bəzi şeylər olmaya da bilər. Futbolumuz yoxdu, özümüzü öldürməliyik? “Qarabağ”la müəyyən bir pilləyə qədər qalxdıq, çox sağ olsun. Bizim muğam ustası gedib hansısa müabiqədə üçüncü yerə çıxsa, onu qınaya bilərik, çünki muğamın vətənindən çıxıb. Amma kinomuz Rotterdama qədər gedib, mükafat da alıb. Bizim kimi ölkə üçün Rotterdama, Lokarnoya getmək böyük uğurdu. Kiçik uğurlara görə “sağ ol” deməyi bacarmalıyıq. Məsələn, gürcünün “Əsgər atası” var, universitetlərdə dərslik kimi göstərilir, Georgi Daneliyası, İoselianisi, Abuladzesi var. Bəs kino sahəsində bizim dünya çapında kimimiz var? Kim bizi tanıyır? Bu onu sübut eləyir ki, Azərbaycanda kinonun olması vacib deyil.
– Düşündürücü fikirdi…
Söhbətləşdi: Aygün Aslanlı