Müsahibimiz iranlı rejissor, “Kəpənəklər qarda ölür”, “Mənim evim buludludur” kimi maraqlı filmlərin müəllifi Kərim Əzimidir. K.Əzimi 6-9 noyabr tarixlərində baş tutmuş X Bakı Beynəlxalq Qısa Filmlər Festivalının beynəlxalq bölməsində münsiflər heyətinin üzvü olub.
Kərim bəy, söhbətimizə münsifi olduğunuz festivaldan başlayacağam. Dörd gün ərzində müxtəlif ölkələrdən göndərilmiş xeyli sayda film izləmisiniz. Təəssüratlarınızı bilmək istəyərdim.
X Bakı Beynəlxalq Qısa Filmlər festivalının beynəlxalq müsabiqəsində münsiflərin ixtiyarına verilən filmlərin hamısını izlədik. Təbii ki, hər film digərindən fərqlənirdi, münsiflər də hər filmə öz peşəkarlıqlarından, kinoya baxışlarından çıxış eləyərək münasibət bildirirdilər. Sonda müzakirələr oldu, hər kəs öz bəyəndiyi filmi dedi. Qalibləri seçmək çox asan oldu. Az festivallar olur ki, münsiflərin ixtiyarına bu cür gözəl filmlər verilir və işləmək rahat olur. Nədən? Çünki rejissorlar öz işlərini çox gözəl görmüşdülər. Məncə, həmin filmlər gələcəkdə başqa festivallarda da mükafatlar alıb tanınacaq. Çünki çox fərqli və gözəl işlər idi.
Siz çox festivallarda olursunuz, çoxlu filmlər izləyirsiniz, dünyanı gəzirsiniz. Hazırda müasir kinoda hansı tendensiyalar var, hansı mövzular daha çox diqqət çəkir?
Bu barədə gənc rejissorlarla da söhbətimiz oldu. Onlar da “biz necə film çəkək ki, festivallarda parıldasın, qəbul olunsun” sualını verdilər. Mən də cavab verdim ki, bir rejissor “mən necə film çəkim ki, festivallar bəyənsin” kimi şeylər düşünməməlidir. İndi hansı hekayə, hansı ssenari, hansı mövzu onu təşviq, narahat eləyirsə, onu çəkmək lazımdır. Və özünə aid, öz fərqli dünyasını göstərsin bizə. Yəni bir azərbaycanlının filmi bir italiyan rejissorunun filmindən fərqlənməlidir. Onun Azərbaycanda yaşadığı, Azərbaycan muğamlarının, şairlərinin, ata-anasının, küçələrin, keçmişin ona necə təsir elədiyi saniyə-saniyə filmin təsvirlərində bəlli olmalıdır. Ki, işi anlayan adam ona baxan kimi biləcək – bu, Azərbaycanda yaşayan insanın filmidir.
Haqlısınız, amma hərdən konkret bir üslub, bir yanaşma önə çıxır və məsələn, “neorealizm”, “yeni dalğa” kimi kino cərəyanları yaranır. Bu mənada müasir kinoda diqqət çəkən üslublar varmı?
Mənə elə gəlir ki, dünya ədəbiyyatında da, rəssamlığında da, kinosunda da bütün qalıcı, yaddan çıxmayan əsərlər o əsərlər olub ki, onları yaradan şəxs təkcə öz dünyasını fikirləşib, öz içində olanları, öz baxışlarını əsərinə gətirib. Heç vaxt deyə bilmərik ki, Van Qoq tablolarını çəkəndə “mən necə eləyim, necə çəkim ki, gələcəkdə tablomun milyardlarla qiyməti olsun, muzeylərdə asılsın, universitetlərdə tədris olunsun” düşünüb. O, bunların heç birini fikirləşməyib. Cərəyanları gözəl filmlər, gözəl əsərlər yaradır. Festivallarda gözəl film olmasa, o festivallar nə günə qalar? Problem olar. Yəni festivalları dəyərli eləyən də, cərəyanları yaradan da filmlərdir. Bir Luis Bunuel gəlir, “Əndəlus iti”ni çəkir və dünyada bir cərəyan yaranır, ona bənzəyən, onun kimi çəkən rejissorlar meydana çıxır. Amma hamısı o “Əndəlus iti”nə bağlıdır.
Bağlı olanlar da vardı, Bunueldən əvvəl gələnlər də, onunla paralel işləyənlər də. Və onlar özləri də ayrı-ayrılıqda böyük rejissorlardır, Renuar, Kokto, Jermen Dülak və indi adını xatırlaya bilmədiyim digərləri…
Düzdür, amma mən düşünürəm ki, bir insanın öz dünyasında doğub-yaratdığı şey hadisəyə, cərəyan çevrilə bilər. Bu, alver deyil, fikirləşəsən, bu işi nə cür eləyək ki, qazanaq. Sənət aləmində belə ola bilməz.
Mən qazanmaq anlamında soruşmadım.
Fərqi yoxdur, mənim nəzərimdə para uğrunda da, mükafat uğrunda da işləmək alver olur. Film özü qalıcı və gözəl olmalıdır, mükafat alıb-almayacağı heç önəmli deyil. Gələcəkdə, iyirmi, qırx, əlli ildən sonra o filmi tapacaqlar və hamı ona həvəslə baxacaq. Çox olub belə. Baxın, zamanında Frans Kafkanın məgər yeri var idi? Ədəbiyyatçılar onu məsxərəyə qoyurdular, gülürdülər ona. Məgər Van Qoqun tablolarını alan var idi? Bir çörəkçidə çörəklə dəyişib əsərini. Qardaşı başının üstündə olmasaydı, olan əsərləri də yanardı, yox olardı. Bunlar önəmli deyil. Önəmli olan odur ki, Van Qoq bir şey doğdu, bu aləmə, bu dünyaya bir şey bağışladı. İndi bizim həm dənizimiz var, həm dağımız var, həm ağacımız, həm gülümüz var, həm də Van Qoqun nəqşləri var. Mənə elə gəlir ki, gözəl əsərlər allahın yaradıcılığına bir şey artırır. Motsart bir şey artırıb bu aləmə, Van Qoq, Pikasso bir şey artırıb, Kurosava, Abbas Kiarüstəmi, Fellini – bunlar bir şey artırıblar dünyaya. Onların işləri kinodan daha böyükdür. Sadəcə mükafat almış bir filmdən, filmlərdən ibarət deyil. Yox. İranda rejissor var ki, yüz on dənə uzun film çəkib, heç kimin də xəbəri yoxdur, kim olduğunu iranlılar da unudublar. Amma ola bilər, kimsə bircə film çəkib və o filmi heç kim unutmur.
Bir neçə il əvvəl Abbas Kiarüstəmi, Möhsün Mahmalbaf, Məcid Məcidi kimi rejissorlar sayəsində İran kinosu fenomenə çevrilmişdi, bütün festivallarda məmnuniyyətlə qəbul olunurdu və hələ də olunur. Onları təqlid eləyirdilər, İran kinosu deyilən bir tərz yaranmışdı – minimalizm, sadəlik və s. Sizə elə gəlmir ki, bu tərz artıq öz aktuallığını itirib, hətta köhnəlib. Bu gün İran kinosu yeni üslublar axtarırmı, yoxsa artıq tapılıb?
Kino aləmi bir rejissora bağlı deyil. İranda ildə üç min beş yüz dənə qısa film çəkilir, ildə otuz-qırx festival keçirilir. Yəni hər üç min beş yüzün içindən hər il on rejissorun çıxması ehtmalı var. Dünya festivallarına baxsanız, hamısında mütləq bir İran filmi var. Rejissorlar ya münsif olurlar, ya da filmləri iştirak edir və mükafat alır.
Mənim izlədiyim İran filmlərində, əsasən, gənc rejissorların işlərində daha çox Kiarüstəminin, Mahmalbafın dəsti-xətti hiss olunur. İran filminə baxanda müəllifin adını oxumağa ehtiyac qalmır, dərhal bilirsən ki, bu, İran filmidir- çünki əslində Kiarüstəminin, Mahmalbafın, Məcidinin üslubunu görürük.
Düzdür, amma bunlar siz tanıdığınız rejissorlardır, İranda çox önəmli başqa rejissorlar da var, məsələn, Dariyuş Mehrcuyi. Fərqli filmləri var. Bir filmi Kann festivalında və çoxlu başqa festivallarda ödül alıb. İranda da rejissor deyiləndə həmişə birinci Dariyuş Mehrcuyinin və onun “İnək” filminin adı çəkilir. Ya da Əsgər Fərhadi… O da çox fərqli bir rejissordur, filmləri də fərqlidir, iki dənə də “Oskar” mükafatı var. Yox, təbii ki, Möhsün Mahmalbafın, bizim Cəfər Pənahinin təzində Kiarüstəminin kinosu ilə oxşarlıqlar var. Xüsusilə də, Cəfər Pənahinin. Çünki Kiarüstəminin assistenti və şagirdlərindən olub. Amma ümumilikdə, bizim çox fərqli rejissorlarımız var. Ki, yemək kimi hər birinin dadı da, təsiri də fərqlidir, özləri də İranda da, dünyada da tanınırlar.
Festivala göndərilən filmlərin bir qismini mən də izləmişdim və onların əksəriyyəti sanki, məhz, festivallarda qəbul olunmaq üçün çəkilmişdi, trend mövzular, klişelər… Niyə gənclər konyukturaya çox meyl eləməyə başlayıblar?
Belə şeylər insanın özüylə bağlıdır. O kimdir? Bu ticarət işini kim aparır, bu kino işini kim yapır? Kimlik çox önəmlidir. Məncə, bir rejissor, ya da sənət aləmində çalışan hər kəs şəxsiyyətini böyütməlidir, kimliyini formalaşdırmalıdır, keçmişini, ədəbiyyatını tanımalıdır, məmləkətində nələr olduğunu bilməlidir. Yəni ola bilməz ki, elə bir festivaldan çıxıb o birinə gedə, film çəkməkdən başqa heç nə eləməyə. Bütün filmlər bizə ayna kimi həyatdan bir şeylər göstərir. Bu rejissor yaşamasa, bizə nə göstərəcək? Filmləri, kitabları film eləyib göstərəcək? Özü qaibdir, özü yoxdur, özü yaşamayıb. Məncə, özü yaşamayan insanın əsəri də qalıcı ola bilməz.
Amma festivallar da günümüzün gerçəkliklərindəndi.
Onlar da lazımdır. Festivallara daha geniş baxışla baxsaq – iştirak eləmək, filmləri izləmək və s – bunların hamısı rejissora bir cür köməkdir. Ancaq hər nəyin varsa, ordan su içə, hər şeyi festival üçün eləyəsən, gedəsən, oturasan bir otaqda, dünyanın yaxşı filmlərinə baxıb, çıxıb bir film çəkəsən – bu, problemdir. Mən deyirəm ki, rejissor kinonu anlasın, məktəbə də getsin, bilsin, kitab da oxusun, ancaq bunların hamısından çox yaşasın. Dünyanı yaşasın. Öz kimliyini, hürriyətini, uşaqlığını, cavanlığını yaşasın, sonra bizə o aləmdən gözəl-gözəl filmlər çəksin. Öz baxdığı dünyanı öz gördüyü kimi göstərsin bizə, bizi də o dünyaya şərik eləsin, biz də onun kimi baxa bilək.
İki il əvvəl İranda azərbaycandilli kino yaranmağa başlayırdı, Ərdəbildə, Urmiyada rejissorlar filmlərini öz dillərində çəkirdilər. İndi vəziyyət necədi? Davam edirmi, dövlət tərəfindən dəstək verilirmi belə təşəbbüslərə?
İran dövləti kinonu dəstəkləyir. Həm maddi baxımdan, həm festivalların qurulmasında köməklik edir, həm mükafatlarla kömək olur. Bu da bir cür dəstəkdir. Ona görə rejissor çoxalıb İranda. Bu dəstək olmasaydı, ildə üç min beş yüz film çəkilə bilməzdi. Dünyada çox az ölkə var ki, hər il yarışmalara bu qədər film göndərilə bilir.
Təzə başlayan gənclərə necə kömək edilir?
Təzə başlayan gənclər bir mirasa sahibdilər. İndi İranda çoxlu yaxşı rejissor, çoxlu festivallar var, gənclər doyunca filmlərə tamaşa edə, rahat-rahat işlərini görə bilirlər. Keçmiş zamanlarda bu məsələlər bir az problem idi. Hətta yaxşı bir film tapıb baxmaq da çətin idi. İndi isə hər şey rahat olub. Bir tərəfdən də digital video gəlib, hər kəs istədiyi filmi internetdən yükləyə bilir, kinoteatrlarda da filmlər var. Və indi hər şey o qədər rahat olub ki, öz cib telefonları ilə filmlər çəkirlər, festivallara göndərirlər. Yəni gözəl iş yaratmaq üçün heç bir xüsusi şərait lazım deyil. Amma hər kəs necə film çəkmək istədiyini özü seçir.
Bəs əvvəlki məhdudiyyətlər varmı?
Belə şeylər hər məmləkətdə var. Ki, kino aləmində çalışanlar onlara riayət eləməlidilər. Bu, hər yerdə var.
Gənc, tanınmayan rejissor filmini festivallara öz təşəbbüsü ilə göndərəndə filmin qəbul olunmaq ehtimalı daha çox olur, yoxsa prodüserlə işləyəndə? Və prodüseri hardan, necə tapmalıdılar?
Rejissorun film çəkməzdən əvvəl “mən necə film çəkim ki, festivallara düşsün” fikirləşməyi ciddi problemdir.
Bizim məmləkətdə də bir çox rejissorlar var ki, festivallarda seçilə biləcək mövzularda çəkirlər, mükafatlar da alırlar. Onlar üçün təşviqat aparılır, reklam olunurlar. Amma kino bu deyil. Kino onun üçün deyil ki, rejissor mükafat ala və o mükafatın keyfini çəkə. Kino bunun üçün çəkilmir. Bu, ona bənzəyir ki, bir qadın ana olmaq istəyir və fikirləşir ki, mən mühəndis doğum, yoxsa həkim. Bu absurddur. Ana körpənin ürəyinin döyünməsindən mutlu olur. Onu görmək üçün gözünün yaşını tökür, o, salamat olsun deyə gecələr yatmır və öz canında ona pərvəriş verir. O körpə doktor, ya da idmançı olsun, onu maraqlandırmır.
Əsl rejissoru da filminin hansısa festivalda mükafat alması maraqlandırmır. Çünki o film canından ayrılıb və onu doğandan sonra da öz həyatını yaşayır. Çoxlu böyük filmlər, rejissorlar var ki, az mükafat alıbar. Məsələn, İranda ortabab bir rejissor o qədər mükafat alıb ki?! Heç kim də tanımır. Qayıdıram suala. Necə film çəkək ki, festivallara çıxsın? Qəşəng filmlər festivalları dünyaya gətirdilər, məcbur etdilər festival olsun. Filmlər festivalları dəyərli eləyir, festivallar filmləri yox. Dünyada çoxlu-çoxlu rejissorlar, filmlər var. Sən o ana kimi öz filmini doğ. Gedib yad insanların cocuqlarını götürüb özünə cocuq eləmə. Çoxlu rejissorlar var ki, min dənə filmin içinə girirlər və çölə öz bir filmləriylə çıxırlar. Amma o filmdə öz ayaqlarının rəddi yoxdur, özünə bənzəmir. Özü sarı çöhrəlidir, cocuğu qara çöhrəli. Çoxu hətta öz “uşağını” anlaya bilmir. Odu ki, mənim cavabım belədi: öz filminizi çəkin. Nəqşlər, qaydalar, festivallar, “necə eləyim, film mükafat alsın”, “necə eləyim, festivala düşsün”… Ana bunların heç birini fikirləşmədiyi kimi siz də ananın bildiklərini bilin. Rejissorluğu öyrənin, bilin, kameranı bilin, mizansəhnəni bilin, işığı bilin, ssenarini bilin. Bir söz də deyim. Əgər çəkdiyin filmdən sənin dünyanı çıxsalar və orda boşluq yaranmasa, deməli, o filmdə problem var. Mənim bir çapqın dostum vardı, bahalı maşın sürürdü. Bir rəfiqəsi ondan küsmüşdü. Bir dəfə yağış yağmışdı, maşının şüşələri palçıq olmuşdu. Səhər qız maşının şüşəsində “Söhrab – BMV = 0” yazmışdı. Hər kəs gedib kamera, hərəkət, işıq, mizansəhnə öyrənə bilər. Bunları iki il, üç il, dörd ilə öyrənmək mümkündür. Ancaq kino təkcə bunlardan ibarət deyil. Bizə rejissorun hadisəyə, əhvalata baxışı maraqlıdır. Bəzi rejissorlar festivallara gedəndə o festival fərəhlənir, reklam eləyir – bizim festivalda Reyqadas olacaq, bizim festivalda Abbas Kiarüstəmi olub. Festivala rejissor dəyər qatır. Odu ki, hər şeydən önəmli olan yaxşı film çəkməkdir.
Söhbətləşdi: Aygün Aslanlı