Qayana cəngəlliklərində gizlənmiş Constaun icmasının ərazisi, sözün hərfi mənasında, cəsədlərlə örtülmüşdü. Onların hamısı – yaşlılar, gənclər, hətta körpələr, kişilər və qadınlar, ağlar və qaralar – “Xalqlar məbədi” adlı dini təriqətin üzvləri idilər. 1978-ci il noyabrın 18-də 900 amerikalı dini liderləri Cim Consun bir çağırışı ilə könüllü şəkildə həyatdan getmişdi. Sağ qalmaq xoşbəxtliyinə nail olanlarsa orda baş verənləri kütləvi qətl adlandırırdılar.
QƏRİBƏ OĞLAN
“Tələsin, övladlarım, tələsin!” – Cons zəhər içən ardıcıllarını diqqətlə izləyə-izləyə deyirdi. Onlar əvvəlcə kalium-sianidi şprislə öz uşaqlarının ağzına tökmüşdülər, indi də özləri içinə zəhər və başqa sedativ preparatlar qatışdırılmış meyvə şirəsi dolu stəkanları bölüşdürürdülər. İnsanlar, Consun gözləri önündə, onun çağırışı ilə, onun ideyası uğrunda bir-bir ölürdülər. Cons bunu “bu amansız dünyaya protest olaraq edilən inqilabi suisid aktı” adlandırırdı. Hərçənd indi onu destruktiv bir təriqətin yaradıcısı, əsl qatil kimi xatırlayırlar.
“O, tamamilə fərqli insanları cəzb etmək sənətinə ustalıqla yiyələnmiş bir yırtıcı idi”, – uzun illər sonra icmanı vaxtında tərk etməyi bacarmış ardıcılları Cim Cons haqqında belə deyəcəkdilər.
Gələcək müridin uşaqlıq və gənclik illəri digər minlərlə amerikalının həyatından fərqlənmədiyinə baxmayaraq, çox güman ki, onun qəddarlığının, çılğın ideyalarının kökləri, məhz, həmin illərdə gizlənir.
Cons, 1931-ci ilin mayında İndiana ştatında yerləşən Krit adlı yerdə anadan olmuşdu. Böyük Depressiya dövründəki iqtisadi problemlər ucbatında ailə Linn şəhərinə köçmüş, Cons kanalizasiyası belə olmayan daxmada böyümüşdü. Onun anası fasiləsiz işləyirdi, I Dünya Müharibəsi veteranı olan atası isə əyyaş-rasist idi və bu səbəbdən oğlu uzun illər onunla ünsiyyəti kəsmişdi.

Consun yaşıdları onu qəribə hesab edirdilər. Onların sözlərinə görə, Cons daim diqqət mərkəzində olmaq istəyirdi, dinə və ölümə vurğun idi. Yaşıdları deyirdilər ki, balaca Cim tez-tez heyvanlar üçün dəfn mərasimləri təşkil eləyirmiş, hətta guya bir dəfə özü bir pişiyin başını kəsibmiş. Bunlardan əlavə, o, sosializmlə maraqlanırmış və Adolf Hitlerin əməllərinə, seçdiyi ölümə heyranlıq duyurmuş.
Sonralar Cons özünü çıxdaş olunmuş kimi hiss elədiyini söyləyirdi: onu heç vaxt heç yerdə qəbul etmirmişlər, kifayət qədər sevgi almırmış. Hətta buna görə, o, vilayətdəki əllincilərin toplaşdığı, hər kəsin nifrətlə baxdığı kilsəyə gedib və heç gözləmədiyi halda orda onu mehribanlıqla qarşılayıblar.
Cim Cons məktəbi 1948-ci ildə fərqlənmə ilə bitirir, bir il sonra tibb bacısı ilə evlənir, İndianapolisdə daimi məskən salana qədər bir neçə dəfə yer dəyişir. Sonuncu məskənində ABŞ Kommunist Partiyasının iclaslarına getməyə başlayır, eyni zamanda kilsə mərasimlərində iştirakını da davam etdirir.
Öz dediyinə görə, Cons həmişə özünü amerikan cəmiyyətinin yox, başqa bir şeyin parçası kimi hiss edirmiş, qaradərililərin problemlərinə kifayət qədər erkən yaşlarında həssaslıq göstərməyə başlayıbmış: “Bir insanın digərindən daha çox şeyə sahib olması məni dəhşətə salırdı. Mən kapitalizmi heç cür qəbul edə bilmirdim. (…) Öz marksizmimi necə göstərə biləcəyim barədə düşünməyə başladım. Ağlıma kilsəyə sızmaq ideyası gəldi”, – C.Cons çıxışlarının birində deyirdi.
Kommunist baxışlarına baxmayaraq, 1952-ci ildə metodistlərin kilsəsində onun keşiş təhsili almasına icazə verirlər. O, vaizlik eləməyə başlayır, ancaq bir müddət sonra metodistlərdən ayrılır: Cimin bərabərlik haqqında nitqləri onların heç ürəyinə yatmır. 1956-cı ildə, “Tanrı assambleyası”nın üzvləri olan əllincilər, səkkiz il sonra isə sıx ünsiyyətdə olduğu protestant “İsa Məsih kilsəsi” onu öz sıralarına qəbul edir.
Eyni dövrdə Cons və həyat yoldaşı Marselin ideal, öz sözləriylə desək, “rəngarəng” ailələrini qurmağa başlayırlar. Cütlük ard-arda, aralarında koreya, hindu mənşəlisi də olan altı uşağı övladlığa götürür. Üstəlik, onlar İndianada qaradərili oğlanı övladlığa götürən ilk ailə olur. Uşağı atalığının şərəfinə kiçik Cim Cons adlandırırlar. Consların ailəsindəki uşaqlardan yalnız biri – Stefan doğma övlad idi. Cütlük özünü əslində olmalı olan dünyanın aynası hesab eləyirdi.
Cons özünün dini hərəkatını hələ ruhani adını almazdan əvvəl yaratmışdı. Bir neçə ad dəyişən hərəkat sonda “Xalqlar məbədi” (Peoples Temple) adında bərqərar olmuşdu.
Bu hərəkat amerikalılar üçün tamamilə yeni, qeyri-adi bir şey idi, orda hər kəsi – qaraları da, ağları da, hinduları da, asiyalıları da qəbul eləyirdilər. Cim xristianlıqla kommunizm və sosializm ideyalarının sintezindən ibarət bir şeyi təbliğ edirdi, ancaq nitqlərində sosial ədalətliliyi xüsusilə vurğulayırdı.
“Ali başlanğıc. Tam bərabərlik. Hər şeyin ümumi olduğu, kasıbların və varlıların, irqlərin olmadığı bir cəmiyyət”, – onun kilsəsinin devizi beləydi.

Şahidlər danışırdılar ki, “Xalqlar məbədi”ndə insanları cəlb eləyən mənəvi vəhdət duyğusu idi. Orda qaradərililər, ya da kasıblar özlərini rədd olunmuş hiss etmirdilər. Çünki Cons hər kəsdən kilsəyə ən sadə, çox da diqqət çəkməyən paltarlarda gəlməyi xahiş eləyirdi. Kilsəylə yanaşı o, narkotik asılılığı olanlar üçün reabilitasiya mərkəzi, qocalar evi yaratmış, evsiz-eşiksiz insanlara kömək eləməyə başlamışdı: onları yedirdir, uşaqlarına baxmağa kömək edir, tibbi yardım göstərirdilər.
Ancaq “Xalqlar məbədi” kilsəsinin keçmiş ziyarətçiləri bir şeyi də qeyd etməyi unutmurlar: Consun hər zaman hökm sahibi olmaqdan, xüsusilə də, insanların keşişləri dinləmələrindən xoşu gəlirdi. Bəziləri hesab eləyirlər ki, Cons, kilsəyə daha çox insan cəlb etməyin daha çox pul almaq demək olduğunu lap əvvəldən bilirdi. Onların sözlərinə görə, ətrafındakılar ondan həmişə öz eşitmək istədiklərini eşidirdilər, Consun özündə isə iki əks qütb uzlaşırdı: “İnsanları cəlb etmək üçün xeyir və onları idarə etmək üçün şər”.
AMANSIZ YIRTICI
“Xalqlar məbədi” yavaş-yavaş genişlənir, Cons isə paralel olaraq ştatda irqi inteqrasiya ilə məşğul olurdu və buna görə, fəal şəkildə tənqid edilirdi. Tədricən, o öz moizələrində Allahdan daha az danışmağa, sosiumun transformasiyasına daha çox diqqət ayırmağa başlayır. Ara-sıra da deyirdi ki, əgər birdən hakimiyyət diktatorun əlinə keçsə, köçmək lazım gələcək, iddia eləyirdi ki, kilsənin üzvlərini proqressiv baxışlarına görə həbs eləyə bilərlər. “Mənim övladlarımdan heç biri ömrünü konsentrasiya düşərgələrində başa vurmayacaq. Əvvəlcə onlar hamımızı öldürməli olacaqlar”, – Cons bəyan eləyirdi.
1960-cı illərin başlanğıcında onun nitqlərində qiyamət notları peyda olmağa başlayır: C.Cons, ardıcıllarını Armageddona, nüvə müharibəsinə hazırlaşmağa səsləyirdi. Həmin vaxt “Esquire” jurnalında dərc olunmuş, nüvə müharibəsi başlayacağı təqdirdə dünyanın ən təhlükəsiz doqquz məkanını təsvir eləyən məqalə Consa xeyli təsir eləmişdi. Adı çəkilən yerlərin arasında Braziliya da vardı və Cons “Məbəd”i ilə birlikdə ora köçmək barədə fikirləşirdi, hətta ailəsi ilə Braziliyaya kəşfiyyat xarakterli səfərə çıxmış, il yarımdan çox səfərdə olmuş, qonşu Qayanaya da baş çəkmiş, ancaq sonra geri qayıtmağa məcbur qalmışdı.
1965-ci ildə Cons, ən sadiq 150 ardıcılını güvənlik naminə özüylə birlikdə İndianadan Kaliforniyaya köçməyə razı salır- bu ştatın şimalı “Esquire” jurnalındakı məqalədə birinci yerdə yazılmışdı.
Cons və ardıcılları Yer üzündəki yeni sosialist cənnətini Redvud vadisində qurmaq qərarına gəlmişdilər. Əkinçilik, ümumi təsərrüfat, gəlirlərin bərabər bölünməsi insanları cəlb eləyir, artıq böyük şəhərdə mühazirələr oxumağa başlamış Consun xarizması və sosial gündəmi çoxlarının xoşuna gəlirdi. 70-ci illərin əvvəllərində əsas fəaliyyətini San-Fransiskoya köçürəndə Consun ardıcıllarının sayı beş minə çatmışdı.

Təxminən, eyni dövrdə o, “din vasitəsilə şəfa tapmaq” ideyasını təbliğ etməyə başlamışdı və çıxışlarını səhnələşdirirdi: insanlardan özlərini xəstəliyə vurmağı xahiş eləyir, sonra da onları sadəcə sözlərlə “sağaldırdı”. Bu, mənəvi lider statusunu möhkəmlətmək, eyni zamanda da daha çox insan və pul cəlb etmək üçün çox yaxşı üsul idi. Ardıcılları, vaizin, həqiqətən, ilahi vergiyə sahib olduğunu, hətta suyun üstündə gəzməyi bacardığını düşünürdülər. “Mən onun sağalda bildiyinə inanırdım, çünki insanların necə sağaldıqlarını görmüşdüm və gördüklərimi gerçək hesab eləyirdim”, – Consun ardıcıllarından biri deyirdi.
O vaxtlar “Xalqlar məbədi”nin üzvləri Consu xeyirxah, səxavətli adlandırır, ona Ata deyirdilər. “Bəziləri mənə allah kimi baxırlar. Onlar məndə İsa Məsihi görürlər”, – keşiş özü haqqında söyləyirdi.
San-Fransiskoda Cons get-gedə siyasətə daha çox aludə olmağa başlayır, onunla həm yerli elitaların nümayəndələri, həm də Vaşinqtondan gələnlər görüşürdülər. Tədricən, “Xalqlar məbədi” C.Cons üçün siyasi alətə çevrilir: məsələn, o, seçkilərə, ya da hansısa kütləvi aksiyalara asanlıqla lazımi qədər insan toplaya bilirdi. “Mənim hökmüm hər kəsdən daha çoxdur, ancaq mənim gücüm sizin inancınızdan və xidmətə hazır olmağınızdan asılıdır”,- Cons deyirdi.
Belə böyük hakimiyyət tezliklə sürü üzərində total nəzarətə gətirib çıxardı. Consun ardıcıllarının evlərində qanunsuz axtarışlar aparılır, bank hesabları yoxlanılır, insanlar tamamilə boş blankları imzalamağa məcbur edilirdilər. Sonra həmin blanklarda ən müxtəlif cinayət etirafları çap oluna bilirdi: guya onlar oğru və pedofildilər, öz uşaqlarına işgəncə verirlər. Bütün bunlar kilsədən uzaqlaşmaq istəyən üzvlərin manipulyasiyası və şantajı məqsədilə edilirdi.
Yavaş-yavaş Cons moizələrində seksdən söz açmağa, öz macəralarından danışmağa başlamışdı. O, Yer üzündəki yeganə biseksual olduğunu bəyan eləyir və deyirdi ki, “sosializm uğrunda” həm kişilərlə, həm də qadlnlarla yatmağa məcbur olur. Beləcə, bir müddət sonra ardıcıllarının təkcə beyinləri yox, bədənləri də onun nəzarətinə keçir. İnsanlar “Cons Atanın şəxsən özünün” göstərdiyi diqqətdən imtina eləyə bilmirdilər. O isə bundan məmnuniyyətlə istifadə eləyirdi.

“Xalqlar məbədi”nin başçısı cəza sistemi də tətqbiq etmişdi. Sistem, onlarla səhifə üzrxahlıq yazmaqdan başlayıb fiziki cəzalara qədər dəyişirdi: cəza alan şəxsləri moizəyə toplaşmış insanların arasından çağırıb hər kəsin gözü önündə döyürdülər.
O illərdən qalan səs yazılarında Consun belə cəzalandırma mərasimlərində necə hırıldadığı, hətta açıq-aşkar güldüyü aydın eşidilir.
Təbii ki, Cim Cons, kilsənin ucdantutma bütün üzvlərinin beyinlərini yumağı bacarmamışdı. Bir neçə nəfər, onun bərabərlik haqqında dediklərinin əməlləri ilə uzlaşmadığına diqqət yetirmişdilər: keşişin ən yaxın çevrəsi yalnız ağdərililərdən ibarət idi. Gözləri açılanlar başqa uyğunsuzluqları da toplayıb hər kəsin yanında dilə gətirəndə keşiş özündən çıxmışdı. Artıq qaydalardan narazı qalan insanlar kilsəni tərk etməyə başlamışdılar. Onlar ətraf aləmə “Məbədin” divarları arxasında baş verənləri danışırdıqları üçün geridə qalanlar tərəfindən satqın kimi damğalanırdılar. Digər tərəfdən isə bütün bunlar Consda paranoyanın yaranmasına səbəb olmuşdu. O, hər kəsdə qorxu hissini gücləndirir, FTB və MKİ-nin kilsəni izlədiyini, ona qarşı sui-qəsd planları hazırlandığını, aqressiv kampaniya aparıldığını deyirdi.
1973-cü ildə Cons diqqət çəkmək vasitəsi kimi ilk dəfə intihardan danışmağa başlayır: “Sosializm naminə, kommunizm naminə, qaradərililərin azadlığı naminə, əzilənlərin azadlığı naminə və kapitalizm əleyhinə protest kimi”.
Bu mövzu kilsə üzvlərini əvvəlcə şoka salsa da, yavaş-yavaş alışırlar və bu tip remarkaları dəxilsiz fikirlər kimi qəbul edirlər.
Cons öz köməkçiləri ilə qəribə bir ayin keçirirdi: hamıya içki paylayır, sonra isə mayenin zəhərli olduğunu, hər kəsin bir saatlıq ömrü qaldığını söyləyirdi. Axırda isə zarafat elədiyini və köməkçilərinin sınaqdan keçdiklərini, kilsənin ideyası uğrunda ölməyə hazır olduqlarını bildirirdi. Heç kimin ağlına belə gəlmirdi ki, Ata, həqiqətən, çox pis bir şey eləməyə hazırlaşır.
“Onun davranışları tamamilə irrasional idi, siz isə qorxudan axınla üzməyə başlayırdınız. Sizi, kilsədən ayrılsanız, nələrin baş verəcəyi, bayırda gözləyən təhlükələr qorxudurdu, – üzvlərdən biri danışırdı. – O, yırtıcı olmağı bacarmışdı, amma eyni zamanda da sizə yaşamaq üçün lazım olan hər şeyi verirdi”.
Ardıcılları, həyatlarında nəyi dəyişməli olduqlarını düşündükləri vaxt keşiş, “Məbəd” üzərindəki hüdudsuz hakimiyyətindən həzz alır, insanları biri-birinə qarşı qoyur, ailələri dağıdırdı. Həmin vaxt Cons artıq çoxdan və ciddi şəkildə narkotiklərdən asılı hala düşmüşdü.

İTİRİLMİŞ CƏNNƏT
1974-cü ildə “Xalqlar məbədi”nin rəhbəri Qayana hökumətindən cəngəlliklərin ortasında 15 kvadrat kilometrdən çox torpaq sahəsi icarəyə götürür. O, kilsəsi üçün arzuladığı utopik sosialist icmanı, məhz, orda qura bilərcəyini artıq özü üçün dəqiqləşdirmişdi.
1976-cı ildə kiçik bir dəstə, yaradıcısının şərəfinə Constaun adı verilmiş kommunanın inşasına başlayır. İsti iqlimə və bölgənin keçilməzliyinə baxmayaraq, öz arzularını həyata keçirmək kilsə üzvlərinin çox xoşlarına gəlirdi. Onlar entuziazmla işləyir və özlərini xoşbəxt hiss edirdilər. Qayanada evlərlə yanaşı ümumi toplantılar üçün pavilyon, əkin sahələri, donuzxana və hinlər, həmiçinin xəstəxana və uşaq bağçası da tikilmişdi. Tez-tez ABŞ-a icmanın Qayanadakı firavan həyatı barədə təbliğat xarakterli videolar göndərilirdi. Consun təbiətlə vəhdətdə olmaq, təbii qidalar, balıq ovu, tərtəmiz suda çimməyin gözəlliyindən danışdığı çarxlar bazar günləri kilsədə nümayiş olunurdu. Lakin onların çoxu qurma idi: məsələn, videolarda göstərilən “öz bananlarımız”ın üzərində istehsalçıların yarlıqları görünürdü, yəni onların hamısı alınma idi. Əslində isə icma hamıya çatacaq qədər qida istehsal edə bilmirdi.
1977-ci ilə qədər kilsəni tərk etməyə macal tapmış insanlar “Xalqlar məbədi”ndə təhlükəli nələrinsə baş verdiyindən ehtiyatlanmağa başlamışdılar və nəticədə jurnalistlərə müraciət etmək qərarına gəlmişdilər. Təşkilatın ABŞ-dakı fəaliyyəti get-gedə daha çox diqqət çəkir, kilsə liderinin qəddarlığı haqqında əhvalatlar aktiv şəkildə işıqlandırılırdı. Bütün bunlar ardıcılların Qayanaya köçürülməsi ilə bağlı qərar verilməsi ilə nəticələnir. Onları icmaya müxtəlif zamanlarda, fərqli şəhərlərdə yerləşən hava limanlarından yola salırlar. Constauna ən böyük insan axını 1977-ci illin iyul-avqust aylarına təsadüf etmişdi – 500 nəfər. Bir ildən sonra onların sayı 900-ə çatır.
Ancaq gələnlər çox tezliklə heç də onlara vəd olunan cənnətə yox, plantasiyalara, fəhlə konslagerinə düşdüklərini anlayırdılar. Constaunun düz girişində silahlı gözətçilərin dayandığı qüllə vardı, icmaya çatandan sonra hər kəsin pulu və pasportu əlindən alınırdı. Çox isti havalarda belə, hər kəs gündə, ən azı, 16 saat çalışırdı. İnsanlar azacıq da olsa, fasilə verməkdən ötrü “təsadüfən” yaralanmağa da hazır idilər: məsələn, digərlərindən, onların barmaqlarını çəkiclə əzmələrini xahiş edirdilər.

Onlar ətraf aləmdən tamamilə təcrid olunmuşdular, heç radioları belə yox idi, Constaunda baş verənləri balivasitə icmanın başçısından öyrənirdilər. Onun səsi daima səsgücləndiricilər vasitəsilə yayımlanırdı. Cons ardıcıllarına özündən uydurduğu xəbərlər verirdi.
Get-gedə keşiş daha dəlisov ideyalar səsləndirir, icma isə təriqəti xatırlatmağa başlayırdı. Həmişə əlində mikrofonla gəzən Cons kommunanın sərhədlərindən kənarda həyat olmadığından, hətta qida uğrunda belə silahlı mübarizə getdiyindən danışır, “Məbəd”ə qarşı sui-qəsd hazırlandığını xəbər verirdi. Ümumi iclaslarda kimsə nədənsə narazılıq eləyəndə həmin adama narkotik maddələr verib digərlərindən təcrid edirdilər. İnsanlara öz ailələri ilə birlikdə yemək yemək, doğmaları ilə danışmaq, başqalarının gözünə baxmaq, ünsiyyət qurmaq qadağan edilmişdi.
Bir qədər sonra isə mütəmadi hal alan, təkcə gündüz yox, gecələr də davam eləyən təlimlər başlayır. Qəflətən səsgücləndiricilərdən, icmaya silahlı adamların hücum etdiyi, uşaqları aparıb işgəncə verəcəkləri barədə xəbər səsləndirilirdi. Sakinlər bunu eşidən kimi silahlarını götürüb perimetr boyu düzülərək müdafiə xəti qurmalıydılar.
Cons isə kütləvi “inqilabi intihar” ideyasının fəal şəkildə təbliğini davam etdirirdi. O iddia eləyirdi ki, düşmən hücumu zamanı icma uğrunda can vermək – normaldır. Ərazidə ağ gecələr adlı qayda tətbiq olunurdu: gecəyarısı insanları oyadıb pavilyona yığır, onlara “zəhərli” içkilər verib intihar etməli olduqlarını deyirdilər. Əgər birinci ümumi səsvermədə Consun bu ideyasını yalnız iki ən yaxın adamı dəstəkləmişdisə, sonrakı iclaslarda get-gedə daha çox insan kütləvi intihara vəziyyətdən ən məqbul çıxış yolu kimi baxmağa başlamışdı. İcma sakinləri yavaş-yavaş “sınırdılar”: onlar həm fiziki, həm də mənəvi baxımdan tükənmişdilər.
O ki qaldı Consun özünə, o, kondisionerli, içində hər zaman sərin “Pepsi” şüşələri olan kiçik soyuduculu bir evdə yaşayırdı. İnsanlar onun əlindən konfet almaqdan ötrü hər kəsi satmağa hazırıydılar, Constaunda kökələn yeganə adam Cim Cons idi.

UĞURSUZLUQLAR ZOLAĞI
Cons Qayanada öz icmasını sıxışdırdığı vaxt San-Fransiskoda “Məbədin” keçmiş üzvləri ilə bağlı əhvalatlar yayılmağa davam edirdi. Eyni zamanda Constauna getmiş insanların ailələri də narazılıq dalğası yaradırdılar: onlar doğmaları ilə əlaqə qura bilmədiklərinə görə, ətrafdan kömək istəməyə başlamışdılar.
Beləcə, kilsənin fəaliyyəti barədə xəbərlər, cəngəllikdə keçən ağır həyatla bağlı şayiələr Konqressin nümayəndələr palatasının üzvü, demokrat Leo Rayana da çatır. Rayan cəmiyyətdə digər qanunvericilərin burunlarını soxmağa cəsarət etmədikləri yerlərə getməyi ilə məşhur idi. Məsələn, bir dəfə saxlanma şərtlərini yoxlamaq məqsədilə səkkiz gün könüllü şəkildə həbsxanada qalmışdı. O, yenə də eyni şey eləmək – Constaundakı vəziyyəti öz gözləriylə görməkdən ötrü ora yollanmaq qərarına gəlir.
1978-ci ilin noyabrında Leo Rayan kiçik bir təyyarə ilə Qayanaya gəlir. Komandasının üzvləri, bir neçə jurnalist və narahat qohumlar da ona yoldaşlıq edirlər. Təyyarə, Port Kaitum şəhərciyinin uçuş xəttində yerə enir, çünki bura icmaya ən yaxın yer idi (təxminən, səkkiz kilometr məsafədə yerləşirdi).
Constaunda konqressmenə ərazini göstərirlər, o, sakinlərlə ünsiyyətdə olur. Hər kəs, az qala, bir-birinin sözünü kəsə-kəsə çox gözəl yaşadıqlarını, xoşbəxt olduqlarını deyir. Heyəti yedizdirirlər, onların şəfərinə konsert də təşkil olunur. Konsertdən sonra çıxış eləyən Rayan, icmadakı insanların, həqiqətən, həyatlarından razı olduqlarını, burda qorxulu bir şey olmadığını deyir. Onun nitqi sürəkli alqışlarla müşayiət olunur.

Lakin həmin vaxt gizlincə jurnalistlərdən birinə Constaundan çıxmaq arzusu yazılmış kağız ötürülür.
“Mən kağıza baxır və “İlahi, hər şey doğru imiş. Bizim qorxduğumuz hər şey gerçəkdir” deyə düşünürdüm”, – sonralar konqressmenin köməkçisi Ceki Speyer danışırdı.
Məktubu Consa da göstərirlər, onu tər basır, həyəcanlanır, insanların həddindən çox yalan danışdıqlarını deyir və icmanı rahat buraxmalarını istəyir. Amma məktub açıqlanandan sonra ABŞ-a qayıtmaq istəyən insanlar nümayəndə heyətinə yaxınlaşmağa başlayırlar. “Məbəd”in rəhbəri onları yola gətirməyə çalışır, lakin sonra getmələrinə icazə verdiyini deyir. Ancaq çox güman ki, ardıcıllarının bu arzusunu ürəyində onların xəyanəti və özünün məğlubiyyəti kimi görür. Ona görə də, heyət Constaunu tərk eləyəndən sonra Cim Cons gözətçilərini onların ardınca göndərir və uçmalarına imkan verməməyi tapşırır.
Əgər heyət Port-Kaitumda ikinci təyyarəni gözləməli olmasaydı, bəlkə də hər şey baş cür ola bilərdi. Belə ki, birinci təyyarədə geri qayıtmaq istəyən altı nəfərə yer çatmadığından ABŞ səfirliyi vasitəsilə ikinci təyyarənin göndərilməsi istənilir. Təyyarə gəlib minik başlayanda uçuş xəttində qoşqulu bir traktor görünür. Traktordan silahlı üç adam düşür, bir neçə əlisilahlı da təyyarənin arxasından çıxır və atışma başlayır. Qurbanlardan bəziləri kolluqlarda gizlənməyə macal tapır, digərlərinin isə bəxti gətirmir.
Leo Rayan öldürülür (onun bədənində 20 güllə yarası saymışdılar), onunla birlikdə üç jurnalist və “fərarilərdən” bir qadın həlak olur. Ondan çox insan yaralanır, onlardan bəziləri möcüzə nəticəsində sağ qalır.
“Konqressmen öldü. Satqınlar öldülər. (…) Elə bilirsiniz, onlar bizim sudan quru çıxmağımıza imkan verəcəklər?” – Cons həmin vaxt öz ardıcıllarına bunu deyirdi.
Nümayəndə heyətini belə asanlıqla qətlə yetirib rahatca adi həyata qayıtmaq mümkün görünmədiyindən təklif olunan və artıq dəfələrlə məşq edilmiş çıxış yolu ən sadə çarə olur: “Əgər bu dünyada rahat yaşaya bilmiriksə, onda gəlin, rahat ölək”.

İcmaya çoxdan sırınan bu qərara yalnız bir qadın etiraz eləyir: o, heç cür başa düşmürdü ki, öz seçimini eləyib gedən bir neçə adama görə, niyə mütləq ölmək lazımdır? Qadına Cons yox, “Xalqlar məbədi”nin digər üzvləri cavab verirlər. Onların sözlərinə görə, “öz həyatım” deyilən bir şey yox idi və onların hər biri bu günə qədər sadəcə rəhbərlərinin sayəsində sağ qalıblarmış.
Qərar verilmişdi. Toplantı evi silahlı adamlar tərəfindən mühasirəyə alınır. Cons çəlləyi gətirməyi əmr edir. Onun içində sedativ preparatlar və kalium-sianid qarışdırılmış meyvə şirəsi (“Kool-Aid”) vardı. Zəhər əvvəlcə uşaqlara verilir, ardınca isə böyüklər stəkanları paylaşmağa başlayırlar…
Cons, təbbəələri son nəfəslərini verənə qədər gözləyir və öz payını içir. Amma o, zəhərli şirədən yox, güllədən ölür. Constaunda 900-dən çox cəsəd qalır. Daha beş nəfər də Qayananın paytaxtında, icmanın mülkiyyəti olan Corctaun şəhərində intihar eləyir.
Amma bu hadisədən, uçuş xəttində xilas olanlardan əlavə də sağ çıxanlar vardı. Belə ki, icma sakinlərindən biri çarpayının altında gizlənmişdi. Gizləndiyi yerdə yuxuya gedən qadın oyananda ətrafının cəsədlərlə dolu olduğu görmüşdü.
Bir dəstə gənc, o cümlədən Cim Consun iki oğlu – doğma oğlu Stefan və qaradərili kiçik Cim Cons da sağ qalanların arasındaydı. Həmin gün onlar üzvü olduqları basketbol komandası ilə Qayananın paytaxtında oyunda idilər, atalarının inqilabi qərarından xəbər tutanda isə elə yerindəcə əmri yerinə yetirmək əvəzinə evə qayıtmağa cəhd eləmişdilər. Sağ qalanlardan bəziləri də həmin vaxt iş dalınca başqa yerə göndərilənlər idilər. Məsələn, Tim Karteri, məhz, sonuncu ümumi toplantıdan az əvvəl təcili tapşırıqla başqa yerə yollamışdılar. Karterin dediyinə görə, Consun köməkçisi ona içi pul dolu çanta verərək Corctaundakı SSRİ səfirliyinə çatdırmağı tapşırmışdı: düşünürmüş ki, konqressmen Rayanın qətlindən sonra ruslar “Məbədin” üzvlərinə sığınacaq verə bilərlər.
***
İstənilən faciə kimi Constaunda baş verənlər də konspiroloji nəzəriyyələrdən, fərziyyələrdən kənarda qalmayıb. Belə hesab olunur ki, təriqətçilərin bəziləri zəhər içmək yerinə özlərinə ölümcül iynələr vurublar, çünki cəsədlərin bəzilərində iynə izləri tapılmışdı. Lakin elə bu fakt hadisəni qətl hesab etmək imkanı verir: o insanlara zorla zəhər verilməsi ehtimalı ağlabatandır, ancaq faciədən sonra bir neçə gün tropik istilərdə qalmış cəsədlər, demək olar ki, tədqiq edilməmişdi.
Başqa bir fərziyyəyə görə, baş verənlər heç də kütləvi intihar deyilmiş. Guya SSRİ səfirliyindən sığınacaq istədiklərinə görə, ABŞ-ın xüsusi xidmət orqanları, kommunanın üzvlərindən qurtulmaq qərarına gəlibmiş.
Vaxtilə Constaunun yerləşdiyi ərazi indi cəngəlliklərlə örtülüb. Orda bircə girişdəki köhnə lövhəni tapmaq mümkündür. Faciədən sonra ordakı evləri əvvəlcə qaçqınlara vermək istəyiblər, sonra yerli əhali onları qarət eləyib, ancaq mövhumat ucbatından heç kim o evlərdə yaşamaq istəməyib. 1980-ci ildə çıxan yanğın ərazidəki bütün tikililəri məhv edib.
Constaun faciəsi amerikalıların beynində o qədər dərin iz buraxmışdı ki, onlar ideal icmanın inşası ilə bağlı istənilən ideyanı etirazla qarşılayırdılar. 1980-ci ildə ABŞ-a köçən hindli quru Oşo da eyni reaksiya ilə üzləşmişdi. Amma dəhşətli hadisələr də, onlarla bağlı xatirələr də zamanla silinib gedir. Qalan bircə dolayı dəlil-sübutlar olur. Məsələn, ümumişlək olmuş “drink the Kool-Aid” ifadəsi kimi… İndi bu ifadə “kor-koranə inanmaq, ideyaların arxasınca getmək” anlamında istifadə olunur.
Yekaterina Pervışeva
Lenta.ru
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.
Ən yeni yazılar