İnsan təkamülü – çox yaxşı inkişaf etmiş elm sahəsidir. Hazırda, dəqiq elmlərin açdığı imkanlar sayəsində bu istiqamətdə elə incəlikləri öyrənmək imkanı qazanmışıq ki, yaxın keçmişə qədər bunu heç yuxumuzda da görə bilməzdik. Biz, demək olar ki, hər ay bu sahədə yeni nəsə kəşf edirik. Hər tapıntı, hər yenilik mətbuatın diqqətinə çatdırılır və qızğın müzakirələrə səbəb olur. Təəssüf ki, kütlənin şüuru, həmişəki kimi elmin nailiyyətlərini vaxtında həzm etməkdən geri qalır.
Beləliklə, gəlin insan təkamülü barədə kütlə arasında yayğın 12 mifi nəzərdən keçirək.
I mif – Antropoloqlar, əslində az sayda fraqmentar qalıqlar aşkar ediblər. Darvinistlər də bu yetərsiz sayda tapıntılar üzərində öz nəzəriyyələrini qururlar. İnsan təkamülünü sübut etmək üçün istifadə olunan tapıntıların hamısını bir tabut boyda yeşiyə sığdırmaq mümkündür.
Yeşik söhbətini ilk dəfə 1974-cü ildə rus pravoslav kilsəsinin ieromonaxı Serafim Rouz “Təkamülə pravoslav baxışı” kitabında işlədib. Amma hətta o zaman üçün, antropoloqların əlində neandertallar, pitekantroplar, heydelberq insanları, avstralopiteklər və bacarıqlı insana aid o qədər fosil var idi ki, onları nəinki bir qutu, heç böyük bir muzeyə də sığışdırmaq olmazdı.
II mif – tapıntıların böyük hissəsi saxtadır.
İnsan təkamülünə aid tapıntılar arasında saxta olanları həqiqətən də, var. Daha doğrusu, belə saxta fosil yalnız bir dənədi. Bu məşhur piltdaun kəlləsidir. Bu kəllə tapıldığı gündən antropoloqlar arasında fikir ayrılığına səbəb olmuşdu. Çoxu bu tapıntının üzə çıxdığı gündən onun həqiqiliyini şübhə altına almışdı, çünki bu kəllə, təkamülün ümumi ahəngindən kənara çıxırdı. 1953-cü ildə isə bu məsələyə əsaslı şəkildə son qoyuldu və o zamandan bəri heç bir ciddi antropoloji mənbədə piltdaun kəlləsinə istinad olnmur. Tapıntılar o qədər çoxdur ki, bu qalıq olmadan da çox rahat keçinmək mümkündü.
III mif – İnsan əcdadına məxsus sümüklərə uyğun xarici görünüşünün rekonstruksiyası – alimlərin “xəstə fantaziyalarının məhsuludur”.
Bu iddianı belə başa düşmək lazımdır: Mən rekonstruksiya barədə heç nə bilmirəm, bunun metodologiyasından anlayışım yoxdur, ona görə də bu boş söhbətdi.
Sümük qalıqlarına əsasən xarici görünüşün rekonstruksiyası metodları hələ XIX əsrdən işlənib, hazırlanır. Bu işlə antropoloqlarla yanaşı, heykəltaraşlar da məşğul olur. Müasir insan və meymunların sümüklərini araşdıran mütəxəssislər, sümüklərin forması ilə yumşaq toxumaların formalaşması arasında müəyyən qanunauyğunluğun olduğunu aşkarlıyıblar. Bu əsnada məlum olub ki, insanlarla şimpanzelərin sümüklərə uyğun yumşaq toxumalarının formalaşması qanunauyğunluğu arasında ciddi fərq yoxdur. Bundan çıxış edərək deyə bilərik ki, insanın əcdadlarının sümüklərinə uyğun yumşaq toxumaların yığılmasında da həmin qanunauyğunluqlar işləyəcək. Bu metodika çoxsaylı eksperimentlərlə öz effektivliyini sübut eləyib. Məsələn, xarici görünüşü əvvəlcədən eksperimentatorlara bəlli olan, rekonstruktordan isə gizlədilən meyitin sümükləri üzrə yığılan rekonstruksiya orijinaldan demək olar ki, seçilmir. Yeri gəlmişkən, bu metodlardan təkcə antropologiyada istifadə edilmir. Sümüyə görə rekonstruksiya uzun illərdir ki, kriminalistika da uğurla istifadə edilir.
IV mif – Qədim sümüklərin yaşı (milyon il söhbəti) çox şübhəli metodlarla, faktiki havadan təyin edilir.
Adətən, milyon illər söhbəti çıxanda o dəqiqə radiokarbon üsulu ilə tapıntının yaşının təyinindən danışırlar. Bu yanaşma kökündən yanlışdır. Radiokarbon üsulu ilə milyon illəri təyin etmək mümkün deyil. Bu üsul, adətən, daha cavan qalıqların yaşının təyinində istifadə edilir.
Son 50 ildə qədim sümük qalıqlarının yaşının təyininin bir çox üsulları işlənib, hazırlanıb. Onlardan bəzilərinin adını çəkək:
– Kalium-arqon üsulu (və onun modifikasiyası olan arqon-arqon üsulu)
– Uran-torium üsulu
– Uran seriyaları metodu
– Bölünmə trekləri metodu
– Termolüminisent üsulu
– Optik stimullaşan lüminisensiya üsulu
– Elektron-spin-rezonans metodu və sair.
Özü də aşkar olunan qalıqlar bu üsulların bir neçəsi ilə eyni zamanda yoxlanılır. Əgər nəticə bütün istifadə edilmiş üsullarla eyni olursa, yalnız o zaman tapıntının yaşı təsbit olunur.
V mif – Hər hansı insan əcdadı aşkar edilmiş bircə sümük qalığına görə təyin edilir. Bu isə yetərli sübut deyil.
Bu tezis “ilk kosmonavt effektinə” əsaslanır. Kosmosa ilk çıxan insanı hamı tanıyır. Bəs 5-cini? 10-cu kosmanavtı tanıyırsınızmı? “İlk kosmonavt effekti” antropologiyada da işləyir. Hamı ilk, mətbuatda ən çox səs-küyə səbəb olmuş tapıntını xatırlayır. Ondan sonrakıları isə yox.
Nəticədə, məsələn, avstralopiteklər barədə danışanda hamı Lüsi adlı hominid qalıqlarını tanıyır. Lüsi tapılmış ilk afrika avstralopiteklərdən idi. Onun qalıqları 1974-cü ildə aşkar ediləndə mediada böyük rezonansa səbəb olmuşdu. Bu günədək mövzuyla əlaqədar elmi-populyar filmlərdə məhz Lüsi misalından istifadə olunur. Amma Lüsidən başqa aşkar olunmuş avstralopitek qalıqları yüzlərlə ölçülür. Barəsində yalnız darıxdırıcı elmi ədəbiyyatda söz açılan yüzlərlə fosil.
VI mif – Çarls Darvin ömrünün sonunda “öz nəzəriyyəsindən imtina edib”.
Əgər müzakirə zamanı kimsə sizə bu şəhər əfsanəsi seriyasından olan arqumenti səsləndirsə və siz ondan istinad istəsəniz, böyük ehtimalla o adam heç bir əsaslı istinad gətirə bilməyəcək. Amma bu fikri ilk dəfə Darvinin ölümündən xeyli sonra – 1915-ci ildə yevangelist xanım Elizabet Houp səsləndirib. O iddia edirdi ki, ölümündən bir az əvvəl o məşhur təbiətşünası ziyarət etmiş və onun öz nəzəriyyəsindən imtina etdiyinin şahidi olmuşdu. Xanım Houpun bu hekayəti ilk dəfə Boston qəzetlərinin birində dərc olunur və sonra bütün dünyaya yayılır. Amma tezliklə bu fikirlər Darvinin qızı Henrietta tərəfindən inkar edildi. O bildirdi ki, atasının son nəfəsində yanında olub və nə o an, nə də ondan əvvəl Darvinin əvvəlki fikirlərinin hər hansındansa imtina etməsinin şahidi olmayıb. Bundan başqa, Darvinin qızı Henrietta Liçfild və oğlu Frensis Darvin dəfələrlə bildirmişdilər ki, Elizabet Houp onların ataları ilə heç zaman görüşməyib.
Bir də ki, Çarlz Darvin ölümündən bir az əvvəl qələmə aldığı xatirələrində də öz fikirlərində hər hansı tərəddüd barədə bir söz belə deməyib.
Əslində, Darvin ölüm yatağında öz nəzəriyyəsini inkar etsəydi belə, bu heç nəyi dəyişməyəcəkdi. Darvinin təkamül nəzəriyyəsi təkcə onun 5 il ərzində praktiki müşahidələri və növbəti 23 il ərizində apardığı tədqiqatların nəticəsi deyildi. Bu nəzəriyyə barədə ondan əvvəl də bir çox bioloqlar, təbiətşünaslar tədqiqatlar aparmışdı. Və ondan sonra da bu işlər davam etdi.
VII mif – İnsanın meymundan əmələ gəldiyini deyən alimlər, yalnız meymunla insanın zahiri oxşarlığına əsaslanırlar.
Heyvanların zahiri görünüşünə görə təsnif olunması təcrübəsi bir neçə əsr bundan qabaqların işidir. Belə təsnifatlara əsasən, əslində məməli olan balina da balıqlara aid edilirdi.
İnsanın insanabənzər meymunlardan (Diqqət! Bu çox vacibdir. Söhbət müasir meymunlardan yox, məhz qədim insanabənzər meymunlardan gedir) əmələ gəlməsini isə anatomik, embrioloji, biokimyavi, genetik, paleontoloji və davranış xüsusiyyətlərində təsbit olunan oxşarlıqlar sübut edir.
VIII mif – İnsan əcdadı kimi qələmə verilən tapıntılar, əslində, ya adi qədim meymunlardı, ya da qədim insanlardı. Heç bir ara keçid formalar mövcud deyil.
Formal olaraq, bu iddia əsaslıdı. Həqiqətən də, bizim əcdadlarımız nə vaxtsa insan yox, qədim meymun olublar. Bir dövrə qədər qədim meymunlar və qədim insanlar arasındakı fərq antropoloqlara da çox ciddi kimi görünürdü. Amma yeni tapıntılar aşkar olunduqca bu kəskinlik itməyə başladı.
Məsələn, sizə bu arqumenti əsas gətirən adama aşağıdakı şəkildəki bir-birini əvəzləmiş əcdadlarımızın kəllə sümükləri arasındakı fərqin hansı mərhələdə kəskinləşdiyini göstərməyi və fikrini əsaslandırmağı xahiş edin. Yəni ki, aşağıdakı kəllə nümunələrinin hansında kəskin meymundan adama keçidi ayırd etmək mümkündü? Analiz etmək qabiliyyəti olan adamı bu sual düşündürməlidir.
IX mif – İnsan əcdadının qalıqları kimi qələmə verilən tapıntılar, əslində müxtəlif dövrlərdə yaşamış adi deqradasiya etmiş insanlar olublar. İndi də kəllə qutusunun həcmi normadan kiçik olan anormal adamlar doğulur.
Buna inanmaq çox asandı. Bəli, insanın milyon illər ərizində meymundan tədricən əmələ gəldiyinə inanmaq çətin olsa da, insanın bir anda meymuna dönməsini görmək üçün bir toy məclisini axıra qədər müşahidə etmək kifayətdir.
Hər şey deyildiyi kimi olardı, əgər paleontologiyada xronologiya prinsipi olmasaydı. İş orasındadır ki, aşkarlanmış qalıqları onların aid olduqları dövrə uyğun qrafikə salanda görürük ki, deqradasiya söhbəti alınmır. Zaman keçdikcə, kəllə qutusunun həcmi artır tapıntılarda. Əlbəttə ki, kəllə qutusunun həcmi yeganə təkamül kriteriyası deyil, amma elə təkcə bu, mifi darmadağın etmək üçün kifayət edir.
X mif – Insanın əcdadı kimi qələmə verilən varlıqlar eyni zamanda yaşayıblar və bir-birini əvəzləməyiblər
Bu arqumenti gətirənlər, əsasən, bəzi bir-birinin əcdadı olan hominid qalıqlarının yaşının qismən üst-üstə düşməsinə istinad edirlər. Məsələn, məlumdur ki, Bacarıqlı insan (Homo habilis) İşləyən insanın (Homo ergaster) əcdadıdır. Bacarıqlı insan 2.3 milyon il bundan əvvəllə 1.5 milyon il bundan əvvəl diapozonunda yaşayıb. İşləyən insan isə 1.8 milyon il bundan əvvəl ortaya çıxıb. Deməli, hardasa 300 min il bu iki növ eyni dövrdə yaşayıblar. Bu həqiqətən də ola bilər və burda qəribə heç nə yoxdu. Əvvəla, təkamül adətən bir növün hansısa məhdud populyasiyası içində baş verir və heç zaman eyni zamanda bütün növü əhatə eləmir. Beləliklə, əcdad forma xələf forma ilə eyni dövrdə yaşayır və hətta eyni zamanda bir neçə xələf növə bölünür. Məsələn, Afar pitekantropu eyni zamanda bir neçə hominid növünün əcdadı sayılır.
Bu əsnada heç kimi nədənsə canavarlarla, itlərin eyni dövrdə yaşaması heç narahat etmir. Hərçənd, bu dəqiqdir ki, itlər məhz canavarlardan törəyiblər.
XI mif – Donuzlar insana genetik olaraq meymunlardan daha yaxındılar. Təsadüfi deyil ki, hətta bəzi donuz orqanlarını insana köçürmək də mümkündür.
Bu mülahizə kökündən yanlışdır. İnsan primat olmaqda qalır və cütdırnaqlılara aid deyil. Ona qalsa, insan həm genetik, həm də anatomik baxımdan donuzdan daha çox siçana yaxındı. Yeri gəlmişkən, məhz siçanın kök hüceyrələrindən süni insan dərisi almaq üçün istifadə edirlər.
Bəs onda, nə üçün orqan köçürməsində meymunlardan yox, donuzlardan istifadə olunur.
Əvvəla, gəlin etiraf edək ki, məsələ hələ ki, donuz ürək qapağı transplantasiyasından uzağa getməyib. Bütöv bir donuz orqanının insana köçürülməsi isə hələ ki, mümkün deyil. İkincisi, əlçatımılılıq məsələsi var. Elə təcrübələr üçün donor heyvanın yaxşı öyrənilmiş olması, tez artıb-çoxalma qabiliyyəti, uyğun ölçülərə malik olması, təcrübə üçün daha az problemli olması şərtdir. Bütün bu göstəricilərə görə donuz meymundan xeyli üstündür. İl ərizində bütün dünyada bir neçə yüz milyon donuz kəsilir. Gorillaların isə bütün dünyada ümumi sayı 100 min fərddən çox deyil. Şimpanzelər üçün bu rəqəm 300 mindir.
XII mif – Dünya alimlərinin əksəriyyəti insanın meymundan əmələ gəlmə nəzəriyyəsini çoxdandır ki, inkar ediblər.
Ümumiyyətlə alimlər kəlməsi çox mürəkkəb anlayışdır. Məsələn, bir ara türk kanallarının birində studiyanı coşduran Adnan Oktarın da öz “alimlər” komandası vardı. Onlar istənilən bioloji nəzəriyyəni bir dəqiqədə çürütməyə hazır idilər. Amma məsələ təkcə yalançı alimlərdə deyil. Həqiqi antropoloqlar, genetiklər, arxeoloqlar və primatoloqlar da insan təkamülü mövzusunda bəzi xüsusi məqamlarda bir-biri ilə razılaşmırlar. Müxtəlif bir-birinə zidd nəzəriyyələr irəli sürürlər. Amma heç bir ciddi elmi dərəcəsi olan alim, təkamülün ümumi gedişi məsələsini sual altına almır. Hamı təkamülün həqiqiliyi, insanın qədim insanabənzər meymunlardan törədiyi, ilk hominidlərin Afrikada yarandığı məsələlərində yekdildir.