İnkişafın əsas amili və ya “mahiyyətə varmaq qabiliyyətsizliyi”
Onlar öz qabiliyyətlərini şişirtməyə meyllidirlər.
Onlar digərlərinin həqiqətən yüksək olan bacarıqlarını adekvat qiymətləndirmək gücündə deyillər.
Onlar öz cəhalətlərini tam dərinliyinə qədər dərk etmək gücündə deyillər.
Öyrədildikdən sonra öz cəhalətlərinin fərqinə vara bilirlər, hətta yenə də eyni səviyyədə qalsalar belə.
Bu yazıda mənə görə cəmiyyətin şüurunun inkişafının əsas göstəricilərinin nələr olmasını izah etməyə çalışacağam. İlk öncə onu qeyd edim ki, bu düşüncələr hansısa intellektual əzbərçilikdən deyil, praktiki şəkildə görüb yaşadığım və öz iradəmdən asılı olmadan şüuraltıma düşmüş, qanıma hopmuş düşüncələrdir. Bu baxımdan, mətni anlamaq üçün “tutuquşu” intellektuallığından uzaqlaşaraq bir qədər səmimi düşünmək lazım olacaq.
Bu mövzunu yazmaq uzun zamandır yığılıb qalan müşahidələrimdən irəli gəlir. Gündəlik həyatda çox şeylər – müəyyən münasibətlər, qarşılıqlı söhbətlər görürdüm, amma bütün bunların hamısında mənə qəribə gələn hansısa bir məqam var idi. Mən gündəlik yaşadıqlarımı sakitcə seyr edir, amma bütün bu yaşadıqlarımdakı həmin o müəəmmalı məqamı və ya köklü səbəbi tapa bilmirdim. Amma bir dəfə çox sadə bir təsadüf nəticəsində hər şeyi anladım.
Bir gün işdə yuxarıdan gələn tapşırıqla yalançı rəqəmlər yazılmalı olan hesabatı işləyən həmkarım 2-3 saat kağızlarla qurdalanıb cızmaqaralar etdikdən sonra qayıtdı ki, “Bu günlük bu qədər, yorulduq e, nə qədər işlədik bu gün, bəh-bəh”. Bu sözlər elə dəqiqliklə, elə səlis deyilmişdi ki, sanki məni narahat edən həmin məqamı tapmağa cavabdeh olan beynim donub qalmışdı və işə düşməsi üçün məhz bu sözləri gözləyirdi. İşə düşdü də… Və bu cümləni eşidən zaman təsadüfən Almaniyada texnologiya sahəsində əldə olunmuş bir nailiyyət barədə məqalə oxuyurdum. Özümə sual verdim: həmkarımın yerinə bir alman olsa idi, o da bu cümlələri deyərdimi? Yoxsa, ona bu cür saxtakarlığı dayayan bir sistemə etirazmı edərdi?
Cəmiyyət şüurunun inkişafı dedikdə, cəmiyyətin və onun təşkil olunduğu fərdlərin mədəni-sivil səviyyəsini nəzərdə tuturam və mənə görə hər bir şeyin – iqtisadi, siyasi, ictimai – açarı da məhz bundadır. Hər gün gördüyüm bir mənzərəyə əsasən belə nəticə çıxarmışam ki, şüur inkişafının əsas göstəricilərindən biri insanların iş üçün qəbul etdiyi “ölçü vahididir”. Yəni loru dildə desək, iş görmənin nə ilə ölçülməsi. Yəni cəmiyyət üzvləri hansı halda özlərinə “bu gün çox işlədim” deyə bilir və axşam evə gələndə “buna haqqım çatır” deyərcəsinə ayaqlarını uzadaraq öz kreslosunda əyləşib çayını qurtumladır?
Gördüklərimdən belə nəticəyə gəlmişəm ki, bizim cəmiyyətdə ölkədə bir insanın doğulandan ölənədək həyat yolunda dövlətin ona icbari olaraq “yapışdırdığı” bütün şeylərdə insanlar üçün işin ölçü vahidi “yorulmaqdır”. Nautilius-un mahnısında deyildiyi kimi “здесь мерилом работы считают усталость”. Bu sözlər hər zaman deyilib. Cəmiyyətimizin bütün dövrlərində bu sözlər deyilib və cəmiyyətimizin ayaq basdığı hər yeni mərhələdə bu sözlər daha da aktual olur. Kifayət qədər müxtəlif təbəqələrdən və müxtəlif düşüncələrdə olan adamları kənardan da olsa görmüşəm və onlarda olan bir şeyi sezmişəm: işin mahiyyəti üzərində düşünməmək və məsuliyyətsizlik.
Məsələn, bir nəfər üçün əsas odur ki, saat 9-da evdən çıxıb saat 6-da evə gəlirsə, deməli, işləyib, bu həmin adam üçün və əksəriyyət üçün onun faydalı biri olması anlamına gəlir. Amma bu 8 saat ərzində kağıza karandaşla gül şəkli çəkib, sonra pozanla onu silib durub evə gəlməsi, ya da heç bir əhəmiyyəti olmayan gerbli blanklara imza çəkməsi önəmli deyil. Əsas odur ki, 8 saat ərzində evdə olmayıb. Və bu kifayət edir ki, bu adam evə qayıdanda özünə və ətrafdakılara “bu gün o qədər işlədim ki” desin. Lap gül çəkmək olmasın, həqiqətən hansısa ciddi sənədlərlə iş olsun və ya kompüterdə hesabat yazmaq olsun. Son nəticə olaraq bu iş ədalətsiz bir şeyə xidmət edirsə və ya ədalətsiz bir “Şeyin” yaratdığı işdirsə, yenə də faydasızdır. Mən bunu “mahiyyətə varmaq qabiliyyətsizliyi” adlandırıram. Yəni adamlar gördükləri işin mahiyyətinə varmamaq bir kənara, heç mahiyyətin nə olduğunu anlamırlar.
İndi gəlin cəmiyyətimizdəki bütün digər sahələrə fikir verək. Təhsildə əsas məsələ uşağın universitetə daxil olmasıdır, orada nə öyrənməsi, oranın faydalı olub olmaması əhəmiyyətsiz şeylərdir. Bu məlumatları özümdən çıxarmıram. İnsanların dəfələrlə “Bir yerə düzəldək gedib gəlsin də” dediklərini eşitmişik. Bu elə həmkarımın “Bu gün nə qədər işlədik” deməsiylə eyni şey deyilmi? Bütün xalqlarda olduğu kimi Azərbaycan xalqının nümayəndələri arasında da çox ağıllı davranan, çətin vəziyyətlərdə soyuqqanlılığı itirməyən, özünə qadağalar qoyaraq ən düzgün və rasional seçimi edə bilən kifayət qədər insanlarla qarşılaşmışam və belə insanları görəndə, bu və ya digər xüsusiyyətinə görə məndən qat-qat üstün olduğunu dərk etmişəm. Belə hallar məni çox sevindirir. Amma bütün bunlar həmişə fərdi xarakter daşıyıb. Xalq olaraq, bir ümum olaraq hansısa işə girişdikdə isə bizlərdən ibarət həmin qrupda o xüsusiyyətlər olmur, yoxa çıxır. Məsələn, başqa bir xalq fərdi rasionallığını ümumi qrupa keçirə bilir, bizdə isə belə şey olmur. Doğru-düzgün adamlar belə, qrupda çox qeyri-adekvat olurlar və mahiyyətə varmaq xüsusiyyətini itirirlər.
Bütün bunlar sizə qəribə və skeptik gələ bilər, amma özümüzdən savayı hər kəs bunun fərqinə varır. İndi isə bəlkə də bu yazını oxuduqdan sonra danninq-krüger effekti yaşayan bir çoxu məni nədəsə ittiham etməyə çalışacaq, amma mən onlara başqa bir faktı göstərərək cavab vermək istərdim. Özü də elə bir faktı ki, onlara dəhşətli dərəcədə maraqlı gələ bilər.
Ermənistanın keçmiş prezidenti Robert Koçaryan, son illərdə çap etdirdiyi avtobioqrafik kitabı olan “Həyat və azadlıq” kitabında 1993-cü ilin sentyabrında Heydər Əliyevlə Moskvada təşkil olunmuş görüşünü təsvir edir. Koçaryan burada elə ağrılı məsələyə toxunur ki (bizim nöqteyi-nəzərdən ağrılı), adam həqiqətən də düşüncələrə qərq olur. O yazır ki, o dövrdə Azərbaycanda belə düşüncə var idi ki, ermənilər tərəfdən ruslar döyüşür, buna görə də Əliyev də məhz bu nöqteyi-nəzərə əsaslanaraq Koçaryandan bunu soruşur. O isə Rusiyanın bura heç bir aidiyyatı olmadığını bildirir. Cavabında Əliyev deyir ki, bəs onda sizdə bu qədər tank haradandır? Koçaryanın cavabı adamı dəhşətə gətirməyə bilməz: “qismən sovet ordusundan qalıb, bir qədəri Yerevandan, əksəriyyəti isə… sizdən. Əgər əmin olmaq istəyirsinizsə, o zaman sovet qoşunları çıxdıqdan sonra Azərbaycana qalan tanklar barədə, daha sonra isə hal-hazırda əlinizdə olan tanklar barədə həqiqi məlumat tələb edin. Aradakı fərq nə etsə, onların hamısı bizdədir”.
Daha sonra Əliyev bununla razılaşır və soruşur ki, bəs sizdə bu qədər peşəkar tankçılar haradandır? Koçaryanın bu suala verdiyi cavab isə mənim bu yazımın kökünü təşkil edir. Onun dediklərini olduğu kimi yazıram: “Siz öz hərbi komissarınızı çağırın və ondan soruşun ki, son 15-20 il ərzində hərbi xidmət üçün özlərininkiləri hara göndəriblər və bizimkiləri hara göndəriblər? Sizin hərbi komissarlıq Qarabağ ermənilərini ən çətin yerlərə, döyüş bölmələrinə, amma sizinkiləri isə “stroybatlara” göndərirdi. Bax tank və BMP üçün peşəkar ekipajımız buradandır. Bunun üçün Azərbaycan hərbi komissarlığına təşəkkür edirik ki, SSRİ dövründə bu cür keyfiyyətli və səfərbər olunmuş ehtiyat hazırlayıb”. (Роберт Кочарян – «Жизнь и свобода» – səh 107)
Bəli, bu sözləri Koçaryan deyir. Bəlkə də çoxları deyə bilər ki, o bizim düşmənimizdir və yalan danışır, amma onun dediklərini ölkəmizin bugünkü hərbi komissarlığı, gömrüyü, vergisi, statistikası ilə müqayisə etsək necə? Koçaryanın dediyi məhz mənim dediyim “mahiyyətə varmaq qabiliyyətsizliyi” deyilmi? Etdiyi işin mahiyyətinə varmadan bu gün üçün yalandan öz işində girlənib, əslində, bu işin sabah üçün çox böyük problemlər yaratdığını düşünməmək deyilmi?
Ölkə haqqında Statistika Komitəsi tərəfindən dərc edilən 4-5% işsizlik səviyyəsi, mövcud olmayan əhalinin sayı, mal-qaranın yalandan şişirdilmiş sayı da bunlara nümunə deyilmi?
Yuxarıların təzyiqi ilə bütün bunları hazırlayan insanlar, əgər düşünmürlərsə ki, iyirmi-otuz il sonrakı nəsillərin əlində bu gün haqqında həqiqi məlumat olmayacaq, onda bu edilənlər elə tankları ermənilərə verməklə eyni deyilmi?
Bütün bunlar özünü insanların ən kiçik davranışlarından tut, siyasi məsələlərə qədər hər yerdə göstərir. İqtidar siyasətçilərinin də, müxalifət siyasətçilərinin də simalarına düşən təbəssümü hopduraraq exolaliya simptomları kimi israrla “xalqımız çox müdrikdir, hər şeyi görür” söyləyərək xalqı feyziyab etməsi gələcəyi düşünmədən həmin anın yaxşı keçməsinə hesablanmış bir şey deyilmi? Özüdür ki, var. Biz müdrik deyilik, amma müdrikliyə doğru addımlaya bilərik. Bunun üçün isə şüurumuzdakı səhvləri aradan qaldırmalıyıq. Sonda isə yazını bu cümlə ilə bitirmək istərdim: “Həqiqətə qarşı prinsipiallıq sərgiləmək ən böyük prinsipsizlikdir!”.