3-cü yerin qalibi
1 hissə
Hər dərədə bir boynubükük dövlətcik qurmaq yerinə,
min dərədə bir böyük ədalətli dövlət qurmaq yey.
Ana Qorqud
Müxtəlif identifikasiyalar\mənsubluqlar\mənsubiyyətlər mövcuddur: ərazi, konfessional, professional, etnik, milli və s. “Etnik identifikasiya” və “milli identifikasiya” terminlər humanitar elmlərin sözgüləşdirmə meydanlarında, nəhayət, ayrı məvhumları təsvir etdikləri təsbir edilmişdi. Belə ki, modern çağda “etnos” dar, lokal, “milli” isə daha geniş, geostrateji anlamda işlədilməkdədir.
Adətən başqa müəyyənedici vasitələr yetmədiyində, etnik və gender identifikasiyalar işə salınır. Etnik mənsubiyyət — insanın özünü bəlli çevrəyə aid etməsinin ən qədim imkanıdır, nəsil-nəcabət, kök, etnos, milliyət əsasında özünü başqalarından ayırmaqdır. Etnik mənsubiyyətə dair müxtəlif konsepsiyalar mövcuddur. Məsələn, primordializm vəya essensializm. İlk dəfə bu termini Edvard Shils istifadə edərək, milli identifikasiyanın təbiətdən, qan qohumluğundan gəldiyini irəli sürmüşdü; adət-ənənələri vəana dilinin yaranmasını təbiət ilə izah etdiyinə görə, onu əzəli, dəyişilməz, mistik, irrasional, idarə edilməyən, qaçılmaz, hərəkətverici güc sayırdı.
Jack D.Eller və Reed M.Coughlan doğuşdan gələn hansısa milli əlaqənin olmadığını, etnosun sosiallaşma sürəcində yarandığını söyləyirdilər. Onlara görə, milli identifikasiya təqribən son iki yüz ildə — kapitalizm, demokratizm, urbanizasiya, sənayeləşmə ilə eyni zamanda inkişaf etmişdi. Başqa sözlə, milli mənsubiyyət, təbii və ya bioloji meyl deyil: siyasi məqsədlər naminə bəlli elitalar tərəfindən istənilən etnik qruplar formalaşdırmaq mümkündür. Etnik identifikasiya ictimai fikrin tənzimləyici aləti ola bilər. Başqa tanınmış modernistlər Ernest Qellner (1925-1995) və Benedikt Andersonun fikrincə də, millət və vətənpərvərlik — modern dövrün gətirdiyi anlayışlardır. Millətçilik, XIX əsr qərb sənayeləşməsinin nəticəsidir, qazet və s. kütləvi informasiya vasitələri ilə insanları birləşdirə bilir. Marksist tarixçi Erik Hepsbauma (1917-2012) görə, milli identifikasiya sinfi cəmiyyətlə bağlı amildir: millətçilik, uzun illər təkrarlanan ənənələrin nəticəsidir.
Etnik mənsubiyyətin quruluşuna dair iki məktəb mövcuddur. Birinci məktəb: etnos — koqnitiv, affektiv, davranış tərkiblərindən təşkil olunan üçbucaq kimi təsəvvür edilir.
Koqnitiv tərkib: etnodifferrensial cəhətlərin olmasıdır, yəni etnik mənsubiyyətimizlə bağlı biliklərimiz başqa etnoslardan fərqli olduğumuzu dərk etməyə yardım edir, və etnokonsolidasiya, yəni etnosu birləşdirən özünüdərkdir.
Affektiv tərkib: etnosa mənsubluqda şəxsi duyğuların dəyərləndirilməsidir (qürur, önəmlilik hissi, bəzən xoşagəlməz hal kimi də ola bilər).
Davranış (bihevioristik) tərkib. Mübahisəlidir. Aid olduğun etnosa uyğun davranma (adət-ənənələrə riayət və ya onlardan imtina.) Qarışıq etnik ailələrdə uşaqların nə hiss etdiyi araşdırılmış. Atamərkəzli kültürlərdə 48% uşaqlar özlərini atasının etnosuna aid bilirlər. 32% hər iki etnosa aid, 20% anasının etnosuna, 10% cavab verməyə çətinlik çəkmişdir.
Etnik mənsubiyyətin önəmi araşdırılarkən məlum olmuş ki, insan yaşlandıqca, monoetnik ailələrdə etnik amilin önəmi artır, yəni insan özünü daha tez-tez hansısa müəyyən etnosun nümayəndəsi kimi hiss edir. Fərqli etnos nümayəndələrinin qurduğu ailələrdə isə əksinə — etnik blok, tərkib zəifləyir, 10-11 yaşadək uşağa müəyyən dərəcədə maraqlı olsa da, sonralar tədricən arxa plana keçir. Ssəbəb — ağrılı məsələnin şüurun periferiyasına gizlədilməsidir.
Etnik mənsubiyyəti normal və qeyri-normal növlərə görə də təsnif edirlər. Normal: müəyyən etnosa mənsubluq ilə bağlı özünə hörmət duyğusu, digər etnoslara da hörmətlə yanaşmağa əngəl olmur. Əksər insanlarda özünü göstərən növdür. Qeyri-normal: a) hiperidentiklik — etnik fanatizm və aşırı vətənpərvərlik; b) hipoidentiklik — etnik mənsubiyyətə biganəlik.
Etnik mənsubiyyəti biçimləndirən başlıca faktor ailədir. Bu təsir formal və qeyri-formal ola bilər: a) formal xasiyyətli təsir – ailənin istifadə etdikləri əşyalar, qaydalar, davranışlar və s. b) qeyri-formal təsir, daha çox qarışıq etnoslardan qurulmuş ailələrdə özünü biruzə verir. Valideynlərdən birinin uşaq qarşısında nüfuzunun daha yüksək olması, etnik mənsubiyyətin qavranılmasına təsir edir, uşaq önəmli etnik komponentləri ondan mənimsəyir.
Dil də vacib komponentdir. Biz dil sistemi vasitəsilə düşünürük. Dil bilgisi düşüncə proseslərini öz arxasınca aparır. Dil, informasiya vasitəsi olmaqla topluma, qrupa etnik mənsubluğu nümayiş edir, bir növ öyrədir, təlqin, təbliğ edir. Maksimal şəkildə etnik mənsubiyyətə aid davranış komponentini mədəniyyət formalaşdırır.
Bir sözlə, etnik mənsubiyyətin formalaşması haqda əsasən iki nəzəriyyə mövcuddur. Birinci: etnik mənsubiyyət 10-11 yaşadək biçimlənir. İkinci: etnik mənsubiyyətin formalaşmasına yaş və zaman məhdudiyyəti yoxdur. Araşdırmaların önəmli nəticəsi budur ki, etnik mənsubiyyətə aid biliklərimizi formalaşdırmaq yetərli deyil. Bu biliklərə öz mövqemizi, dəyərləndirmələrimizi ifadə edə bilmiriksə, biliklərin önəmi sıfıra enir.
Son zamanlar, etnik xasiyyətlərə rəğmən, qlobalizasiyaya inteqrasiya olmağa canatma müşahidə edilir. Bu, bütöv bir dünyanın nümayəndəsi kimi özünü qəbul etmə tendensiyası ilə izah edilir.
2 hissə
“Biz həmişə ətrafımızda öz əqidəmizə uyğun reallıq yaradırıq.
Sənin əqidənin nədən ibarət olduğunu
bilmək istəyirsənsə, öz ətrafına boylan — görərsən.”
K.Tippinq
“Karma və radikal əfv”
Əksər insanlar üçün onların məxsus olduğu millət, etnos — ilk və ən fundamental amildir, bunu insanlar özləri dərk etsələr də, etməsələr də. Dünyanın əksər dövlətləri müxtəlif etnoslardan təşkil edildiyinə görə, cəmiyyətdə etnik identifikasiya yetərli olmur. Milli identifikasiya, insanın yaşadığı ölkənin keçmişinə, indisinə və gələcəyinə bağlı olmaqdır. Milli identifikasiyanı hərəkətə gətirən amil coğrafi və mədəni amillərdir. Onların ortaq nöqtələri olmazsa, xalqlararası münasibətlərdə yaranan boş sahələri istənilən siyasi qüvvələr öz xeyirlərinə manipulyasiya vasitəsi kimi istifadə edə bilər.
Xatırladaq: alimlərin qənaətinə görə, milli identifikasiya\mənsubiyyət anadangəlmə və daimi olmaya da bilər. Milli özünüdərk, mübahisələr, diskussiyalar əsnasında siyasi motivator kimi də yarana bilər. Milli mənsubiyyət formal və psixoloji olduğundan, onu siyasi situasiyaya uyğun olaraq təbliğat makinasının xüsusi üsul və metodlarıyla dəyişmək mümkündür. Hal-hazırda dünyada milli identifikasiyadan daha böyük sosial güc yoxdur.
Azərbaycanın indiki siyasi kimliyi demokratiya prinsiplərinə söykənir. Hər bir hakimiyyət, xalq həyatının ən dərin qaynaqlarından yaranır. İdealda hakimiyyət ən yaxşıların, seçilmiş şəxsiyyətlərin, boyunlarına böyük məhsuliyyətlər qoyulan, özləri də öz üzərlərinə böyük öhdəçiliklər götürənlərin əlində olmalıdır. İdealda.
Azərbaycanın indiki geosiyasi vəziyyətində hakimiyyət xalqın hal-hazırkı səviyyəsinə immanentdır. Demokratiya ideyasına alternativ və ya antitez kimi ancaq kamil fərdlərdən ibarət özünü idarə edən millət ideyası qoyula bilər. Bunun üçün xalqın hər bir nümayəndəsi, HƏR NÜMAYƏNDƏSİ (!) mənəvi, intellektual, professional cəhətdən kal yox, yetişkin vətəndaş olmalıdır. Yetişkinlik — insanın ardıcıl özünüdərk, özünütəhlil, öz mənəvi-psixoloji qüsurlarını tanıma və onlarla mübarizə, ümumiyyətlə —cəmiyyətin total qeştalt-terapiası hesabına başa gələ bilər. Bunun üçün insan ictimai, zahiri həyatın aşırı aktivliyindən, hay-həşirindən uzaqlaşıb özü ilə təkbaşına qalmağa can atmalı, özünə dalmağı öyrənməli, bacarmalıdır. Nə çoxdur psixotexnikalar!
Yoxsa Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoymaqla müdrik cəmiyyət, mükəmməl dövlət ömründə qurulmaz. Həmin o papağı hər kəs öz başına yox, öz qarşısına qoyub dərin-dərin fikirlərə getməlidir. Axı cəmiyyəyyətin daxili keyfiyyətləri, tək-tək vətəndaşların daxili şəxsi keyfiyyətlərinin cəmidir.
Bir quruluşu yıxıb-sürüyüb başqa quruluş quranları da, bir hakimiyyəti devirib başqa hakimiyyəti yuxarıbaşa keçirənləri də görüb bu başıbəlalı Azərbaycan. Görmədiyi bir şey var, o da öz əxlaqi-mənəvi dünyası ilə ciddi-cəhdlə, səmimi, sistematik məşğul olan insanı. Azərbaycanlılar dünya ilə əlləşir, siyasət ilə əlləşir, başqaları ilə əlləşir, keçmişlə əlləşir, gələcəklə əlləşir. Tək özlərinin indiki daxili halları ilə əlləşmirlər. Bu əməli, qeyrəti başqasından gözləyirlər. İçlərindəki mənəviyyat bataqlıqları ilə, zəka qaranlıqları ilə, vicdan uçurumları ilə, ağıl dayazlıqları ilə, sevgi qəbristanlıqları ilə əlləşmirlər Nəsimiyə, Nizamiyə, Axundova, Cavidə, Sabirə, Mirzə Cəlilə heykəl qoyan Azərbaycanlılar. Daşı ağırdı bu daşlaşmış ağsaqqalların, saqqalları yoxdur — sözləri keçmir Azərbaycanda. Keçsəydi — görünərdi.
“Ölülər”i əməlli-başlı, ayıq başa dərk edib diksinəndə oyanacaq, oyananda dirçələcək Azərbaycan. Özüm ölüm!
“Həqq mənəm, həqq məndədir”i hərə öz xeyrinə yozmayanda, hamıya haqq tanıyacaq Azərbaycan. İşıq haqqı!
“İblis”ə teatrlarda əl çalanda yox, öz iblisliyinə əl qatanda İblisin kim olduğunu anlayacaq Azərbaycan. İnsan haqqı!
İkidaş
Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.