AzLogos saytının İdentifikasiya axtarışında: siyasi kimlik və milli ideya mövzusunda keçirdiyi yazı müsabiqəsinin 3-cü yer qalibi.
1 hissə
Hər dərədə bir boynubükük dövlətcik qurmaq yerinə,
min dərədə bir böyük ədalətli dövlət qurmaq yey.
Ana Qorqud
Müxtəlif identifikasiyalar\mənsubluqlar\mənsubiyyətlər mövcuddur: ərazi, konfessional, professional, etnik, milli və s. “Etnik identifikasiya” və “milli identifikasiya” terminlərin humanitar elmlərin sözgüləşdirmə meydanlarında, nəhayət, ayrı-ayrı məvhumları təsvir etdikləri müəyyən edilmişdir. Belə ki, modern çağda “etnos” sözü — dar, lokal anlamda, “milli” sözü isə daha geniş, geostrateji anlamda işlədilməkdədir.
Adətən başqa müəyyənedici vasitələr yetməyəndə, etnik və gender identifikasiyalar işə salınır. Etnik mənsubiyyət — insanın özünü bəlli çevrəyə aid etməsinin ən qədim imkanıdır, nəsil-nəcabət, kök, etnos, milliyyət əsasında özünü başqalarından ayırmaqdır.
Etnik mənsubiyyətə dair müxtəlif konsepsiyalar mövcuddur. Məsələn, primordializm və ya essensializm. Bu termini ilk dəfə Edvard Shils istifadə edərək, milli identifikasiyanın təbiətdən və qan qohumluğundan gəldiyini irəli sürmüşdü. Adət-ənənələrin və ana dilinin yaranmasını təbiət ilə izah etdiyinə görə, etnik mənsubiyyəti əzəli, dəyişilməz, mistik, irrasional, idarə edilməyən, qaçılmaz, hərəkətverici güc sayırdı.
Jack D.Eller və Reed M.Coughlan isə doğuşdan gələn hansısa milli əlaqənin olmadığını, etnosun sosiallaşma sürəcində yarandığını söyləyirdilər. Onlara görə, milli identifikasiya təqribən son iki yüz ildə — kapitalizm, demokratizm, urbanizasiya, sənayeləşmə ilə eyni zamanda inkişaf etmişdi. Başqa sözlə, milli mənsubiyyət – təbii və ya bioloji meyl deyil. Belə ki, siyasi məqsədlər naminə bəlli elitalar tərəfindən istənilən etnik qruplar formalaşdırmaq mümkündür. Etnik identifikasiya ictimai fikrin tənzimləyici aləti ola bilər.
Başqa tanınmış modernistlər Ernest Qellner və Benedikt Andersonun fikrincə də, millət və vətənpərvərlik — modern dövrün gətirdiyi anlayışlardır. Millətçilik, XIX əsr qərb sənayeləşməsinin nəticəsidir, qazet və s. kütləvi informasiya vasitələri ilə insanları birləşdirə bilir.
Marksist tarixçi Erik Hepsbauma görə, milli identifikasiya sinfi cəmiyyətlə bağlı amildir: millətçilik, uzun illər təkrarlanan ənənələrin nəticəsidir.
Etnik mənsubiyyətin quruluşuna dair iki məktəb mövcuddur. Birinci məktəb: etnos — koqnitiv, affektiv, davranış tərkiblərindən təşkil olunan üçbucaq kimi təsəvvür edilir.
Koqnitiv tərkib: etnodifferrensial cəhətlərin olmasıdır, yəni öz etnik mənsubiyyətimizlə bağlı biliklərimiz başqa etnoslardan fərqli olduğumuzu dərk etməyə yardım edir, və etnokonsolidasiya, yəni etnosu birləşdirən özünüdərkdir.
Affektiv tərkib: etnosa mənsubluqda şəxsi duyğuların dəyərləndirilməsidir (qürur, önəmlilik hissi, bəzən xoşagəlməz hal kimi də ola bilər).
Davranış (bihevioristik) tərkib mübahisəlidir. Aid olduğun etnosa uyğun davranış (adət-ənənələrə riayət etmə və ya onlardan imtina.)
Qarışıq etnik ailələrdə uşaqların nə hiss etdiyi araşdırılmış. Atamərkəzli kültürlərdə 48% uşaqlar özlərini atanın etnosuna aid bilirlər. 32% hər iki etnosa aid, 20% ananın etnosuna, 10% cavab verməyə çətinlik çəkmişdi.
Etnik mənsubiyyətin önəmi araşdırılarkən məlum olmuş ki, insan yaşlandıqca monoetnik ailələrdə etnik amilin önəmi artır, yəni insan özünü daha tez-tez hansısa müəyyən etnosun nümayəndəsi kimi hiss edir. Fərqli etnos nümayəndələrinin qurduğu ailələrdə isə əksinə — etnik blok, tərkib zəifləyir, 10-11 yaşadək uşağa müəyyən dərəcədə maraqlı olsa da, sonralar tədricən arxa plana keçir. Səbəb — ağrılı məsələnin şüurun periferiyasında, kənarında gizlədilməsidir.
Etnik mənsubiyyəti normal və qeyri-normal növlərə görə də təsnif edirlər. Normal: müəyyən etnosa mənsubluq ilə bağlı özünə hörmət duyğusu digər etnoslara da hörmətlə yanaşmağa əngəl olmur. Əksər insanlarda özünü göstərən növdür. Qeyri-normal: a) hiperidentiklik — etnik fanatizm və aşırı vətənpərvərlik; b) hipoidentiklik — etnik mənsubiyyətə biganəlik.
Etnik mənsubiyyəti biçimləndirən başlıca faktor ailədir. Bu təsir formal və qeyri-formal ola bilər: a) formal xasiyyətli təsir – ailənin istifadə etdikləri əşyalar, qaydalar, davranışlar və s. b) qeyri-formal təsir — daha çox qarışıq etnoslardan qurulmuş ailələrdə özünü biruzə verir. Valideynlərdən birinin uşaq qarşısında nüfuzunun daha yüksək olması, etnik mənsubiyyətin qavranılmasına təsir edir, uşaq önəmli etnik komponentləri ondan mənimsəyir.
Dil də vacib komponentdir. Biz dil sistemi vasitəsilə düşünürük. Dil bilgisi düşüncə proseslərini öz arxasınca aparır. Dil, informasiya vasitəsi kimi topluma, qrupa etnik mənsubluğu nümayiş edir, bir növ öyrədir, təlqin və təbliğ edir. Maksimal şəkildə etnik mənsubiyyətə aid davranış komponentini mədəniyyət formalaşdırır.
Bir sözlə, etnik mənsubiyyətin formalaşması haqda əsasən iki nəzəriyyə mövcuddur. Birinci: etnik mənsubiyyət 10-11 yaşadək biçimlənir. İkinci: etnik mənsubiyyətin formalaşmasına yaş və zaman məhdudiyyəti yoxdur. Araşdırmaların önəmli nəticəsi budur ki, etnik mənsubiyyətə aid biliklərimizi formalaşdırmaq yetərli deyil. Biz bu biliklərə öz mövqemizi, öz dəyərləndirmələrimizi ifadə edə bilmiriksə, biliklərin önəmi sıfıra enir.
Son zamanlar, etnik xasiyyətlərə rəğmən, qlobalizasiyaya inteqrasiya meylləri müşahidə edilir. Bu, bütöv bir dünyanın nümayəndəsi kimi özünü qəbul etmə tendensiyası ilə izah edilir.
2 hissə
“Biz həmişə ətrafımızda öz əqidəmizə uyğun reallıq yaradırıq.
Sənin əqidənin nədən ibarət olduğunu
bilmək istəyirsənsə, öz ətrafına boylan — görəcəksən.”
K.Tippinq
“Karma və radikal əfv” kitabından
Əksər insanlar üçün onların məxsus olduğu millət, etnos — ilk və ən fundamental amildir, bunu insanlar özləri dərk etsələr də, etməsələr də. Dünyanın əksər dövlətləri müxtəlif etnoslardan təşkil edildiyinə görə, cəmiyyətdə etnik identifikasiya yetərli olmur. Milli identifikasiya — insanın yaşadığı ölkənin keçmişinə, indisinə və gələcəyinə bağlı olmasıdır. Milli identifikasiyanı hərəkətə gətirən – coğrafi və mədəni amillərdir. Onların ortaq nöqtələri olmasa, xalqlararası münasibətlərdə yaranan boş sahələri istənilən siyasi qüvvələr öz xeyirlərinə manipulyasiya vasitəsi kimi istifadə edə bilərlər.
Xatırladaq: alimlərin qənaətinə görə, milli identifikasiya\mənsubiyyət anadangəlmə və daimi olmaya da bilər. Milli mübahisələr və diskussiyalar əsnasında milli özünüdərk siyasi motivator kimi də yarana bilər. Milli mənsubiyyət formal və psixolojidir. Siyasi situasiyaya uyğun olaraq onu təbliğat makinasının xüsusi üsul və metodlarıyla dəyişmək mümkündür. Hal-hazırda dünyada milli identifikasiyadan daha böyük sosial güc yoxdur.
Azərbaycanın indiki siyasi kimliyi demokratiya prinsiplərinə söykənir. Hər bir hakimiyyət – xalq həyatının ən dərin qaynaqlarından yaranır. İdealda hakimiyyət – ən yaxşıların, seçilmiş şəxsiyyətlərin, boyunlarına böyük məhsuliyyətlər qoyulan, özləri də öz üzərlərinə böyük öhdəliklər götürənlərin əlində olmalıdır. İdealda.
Azərbaycanın indiki geosiyasi vəziyyətində hakimiyyət xalqın hal-hazırkı səviyyəsinə immanentdır. Demokratiya ideyasına alternativ və ya antitez kimi ancaq kamil fərdlərdən ibarət özünü idarə edən millət ideyası qoyula bilər. Bunun üçün xalqın hər bir nümayəndəsi, HƏR NÜMAYƏNDƏSİ (!) mənəvi, intellektual, professional cəhətdən kal yox, yetkin vətəndaş olmalıdır. Mənəvi-psixoloji yetkin insan öz şəxsiyyətini daima təkmilləşdirir, kamilləşdirir — ardıcıl özünüdərk, özünütəhlil, öz nöqsanlarını tanıma və onlarla ardıcıl mübarizə yolu ilə. Millətin ruhani dirçəlməsi üçün hər bir şəxsin total qeştalt-terapiyaya ehtiyacı var. İnsan özünü yenidən yaratmalı, yetişdirməlidir. İctimai, zahiri həyatın aşırı aktivliyindən, şöhrət, nəfs hay-həşirindən uzaqlaşıb, özü ilə tək qalmağa can atmalı, şüurunun gizli qatlarına dalmağı öyrənməli, bacarmalıdır. Nə çoxdur psixotexnikalar!
Yoxsa Əlinin papağını Vəlinin başına, Vəlinin papağını Əlinin başına qoymaqla müdrik cəmiyyət, mükəmməl dövlət ömründə qurulmaz. Əksinə, Azərbaycan Əli aşından da, Vəli aşından da olar. Həmin o papağı hər kəs öz qarşısına qoyub dərin-dərin fikirləşsə yaxşıdı. Axı xalqın keyfiyyəti, tək-tək vətəndaşların daxili şəxsi keyfiyyətlərinin cəmidir.
Bir siyasi quruluşu yıxıb-sürüyüb başqasını quranları da, bir hakimiyyəti devirib başqasını yuxarıbaşa keçirənləri də görüb bu başıbəlalı Vətən. Görmədiyi bir şey var — o da öz əxlaqi dünyaları ilə ciddi-cəhdlə, səmimi, sistematik məşğul olan insanları. Azərbaycanlılar dünya ilə əlləşir, siyasət ilə əlləşir, başqaları ilə əlləşir, keçmişlə əlləşir, gələcəklə əlləşir. Tək özlərinin indiki daxili halları ilə əlləşmirlər. Bu əməli, qeyrəti başqasından gözləyirlər. İçlərindəki mənəviyyat bataqlıqları ilə, zəka qaranlıqları ilə, vicdan uçurumları ilə, ağıl dayazlıqları ilə, sevgi qəbristanlıqları ilə əlləşmirlər Nəsimiyə, Nizamiyə, Axundova, Cavidə, Sabirə, Mirzə Cəlilə heykəl qoyan Azərbaycanlılar. Daşları ağırdı bu daşlaşmış ağsaqqallarımızın, saqqalları yoxdur — sözləri keçmir Azərbaycanda. Keçsəydi — görünərdi.
“Ölülər”i əməlli-başlı, ayıq başa dərk edib diksinəndə – oyanacaq, oyananda dirçələcək Azərbaycan milləti. Özüm ölüm!
“Həqq mənəm, həqq məndədir”i hərə öz xeyrinə yozmayanda, hamıya haqq tanıyacaq Azərbaycan milləti. İşıq haqqı!
“İblis”ə teatrlarda əl çalanda yox, öz iblisliyinə əl qatanda İblisin kim olduğunu anlayacaq Azərbaycan milləti. İnsan haqqı!