1987-ci ildə Gipsy Kings eyni adlı albomla beynəlxalq musiqi səhnəsinə çıxanda bomba effekti yaşandı. Albomdakı Bamboleo, Djobi-Djoba və s. kimi indiyədək təravətini itirməyən odlu-alovlu mahnılar dünya musiqisinin heç vaxt silinməyəcək səhifələrinə qeyd olundu. Hər bir partlayışın yığılmış enerjidən qaynaqlandığını nəzərə alsaq Gipsy Kings partlayışının əsas səbəbini qaraçı musiqisinin əsrlərlə yığılmış enerjisindən doğulduğunu güman edə bilərik. Qaraçı əslli Reyes və Baliardo qardaşlarından ibarət qrup öz xalqlarının Hindistandan Avropaya doğru yüzillər sürən səyahəti zamanı müxtəlif xalqlardan yığdığı musiqi ideyalarını nəhayət yenidən bütün planetlə paylaşdılar. Bəlkə bu səbəbdən onların yuxarıda adları çəkilən və digər mahnılarını planetin xalq mahnıları adlandıra bilərik.
Qrupun musiqisi və ifaçıların enerjisi o qədər yetərlidir ki, dinləyicilər o mahnılarda nədən söz açıldığından xəbərsiz olmalarından da narahat deyil. Məsələ burasındadır ki, Fransada yaşayan qrupun oxuduğu dil ispan, katalon, qaraçı və fransız dillərinin özünəməxsus qarışığıdır. Yəni maraqlanan olanda da tez-tez heç bir lüğətdə rastlanmayan sözlərlə rastlaşmışır.
Reyes və Baliardo qardaşlarının musiqiyə gəlişi səbəbsiz deyildi. Onsuz da qaraçıların musiqi istedadı əsrlərdir ki, mübahisəsiz bir gerçəklik kimi qəbul olunur. Hətta əfsanəyə görə qaraçı xalqının yaranması belə baş verib: Hind padşahı İran padşahına hədiyyə olaraq orkestr yollayır, orkestr yolu azır və beləlikə qaraçı xalqı yaranır. Qeydə dəyər faktdır ki, qaraçı xalqına genetik olaraq ən yaxın icmalardan biri, Hindistandakı dom adlanan subetnosun adı da zərb aləti (ifaçısı) mənasına gəlir. Yaxın Şərqdəki bəzi qaraçı icmalarının özlərini dom, Avropadakıların bəzilərinin özlərini rom (rrom) adlandırması da yəqin ki, təsadüf deyil. Başqa bir qaraçı ənənəsinə görə öləcəyini bilən musiqiçi bir hamilə qadın tapıb, üzünü ona tutaraq oxuyur (və ya alətdə ifa edir), beləcə öz istedadını növbəti nəslə ötürür.
Reyes qardaşlarının atası Jose Reyes də öz coğrafiyasının məşhur flamenko müğənnisi idi. Bu ailə özü 1936-cı ildə İspaniyada vətəndaş müharibəsi zamanı Kataloniyadan Fransaya köçmüş, Fransanın cənubunda, Camargue deyilən ərazidə məskunlaşmış özləri kimi ispandilli olan qaraçı soydaşlarına (özlərinə gitan deyirlər) qoşulmuşlar. Ailəsi ilə Arles şəhərinin ətrafında məskunlaşan Jose Reyes Montpelier şəhərində yaşayan qohumu, məşhur gitarist Manitas de Plata (Ricardo Baliardo) ilə duet şəklində çıxışlar etməyə başlayır. O ərazidəki qaraçıların demək olar heç bir mühüm bayramı, məclisi onlarsız ötüşmür. Duet Fransa bomondunun istirahət mərkəzi olan bu regiona gələn məşhurların da sevimlisinə çevrilir. Manitas de Platanın ifasına valeh olan məşhur rəssam Picasso “bu adamın gördüyü iş mən görəndən daha qiymətlidir” deyir, Jose Reyeslə ailəvi dostluq edir; Jean Cocteau onlarla məktublaşır; Charli Chaplin onları öz məclislərinə dəvət edir; məşhur fotoqraf Lucien Clergue onların fotolarını çəkir və s. Duetin karyerasının pik nöqtəsi isə şübhəsiz ABŞ turneləri və məşhur Carnegie Hall-da konsertləridir. Turnelərdən birinin sonunda duet BMT-nin səhnəsində məşhur rəssam Salvador Dali ilə performance icra edir: onlar çalıb oxuyur, musiqidən ilhamlanan Dali isə səhnədəki tablosunda at rəsmi çəkir..
Manitas de Plata və Jose Reyes’in Carnegie Hall konsertlərinin birindən səsyazısı.
1970-lərin ortasında Jose və Manitas yollarını ayırır. Jose öz oğlanları Paul, Canut, Patchai, Nicolas (oxunuşu: Nikolya) və kürəkəni Chico ilə “Jose Reyes & Los Reyes” (Jose Reyes və Reyes’lər) adlı qrupla çıxışlarına başlayır. Əslən mərakeşli Chico’nun əsil adı Jahloul Buchikhi’dir. Uşaq vaxtından qaraçılarla oturub-duran, onlarla çalıb-çağıran, nəhayət Jose’nin qızı Martha ilə evlənən Chico’ya bu ləqəbi də elə qaraçı dostları qoyub. Onun menecerlik və diplomatik qabiliyyətinin qrupa daim xeyri dəyirdi – Jose Reyes özü də onun bu bacarığını yüksək qiymətləndirib.
Jose Reyes & Los Reyes TV konsertdə
Günlərin birində onların ifasını eşidən baronessa Jacqueline Rothschild qrupun musiqisinə heyran olur və onun əlaqələri vasitəsilə yuxarı kəsimin məclislərinə, həmçinin İsveçrə restoranlarına yollar açılır. Bir dəfə restoran sahiblərindən biri onlara axşam da gəlmələrini tapşırır – Charli Chaplin’in ailəsi qarşısında çlxış etmək üçün. Bundan narahat olan Canut “o ki, özü küçədə yaşayır, bizə nə pul verəcək” deyir. Qrupun bioqrafı Francois Mattei’nin “parce que nous sommes Gitans” (Çünki biz qaraçıyıq) kitabında həmin axşam barədə Chico’nun maraqlı xatirəsi var. Kədərli qaraçı mahnılarından təsirlənən qoca Chaplin’in gözündən yaş axdığını görən Chico həmin günü xatırlarkən o axşam “bütün dünyanı güldürən adamı ağlatmağı bacardıqsa, demək bütün dünyanı ağlada biləcəyik” düşündüyünü deyir. (Xatırlatmaq yerinə düşər ki, Chaplin’in özünün qaraçı əsilli olması barədə kifayət qədər inandırıcı söz-söhbətlər mövcuddur.) Həmin illərdə onlar İsveçrədə iki albom da çıxarır: Gitan Poete (Qaraçı şair, 1977) və L’Amour D’un Jour (Bir günün eşqi, 1978). Albomlar əsasən İsveçrə və Almaniya bazarında satılır.

O dövrlərdə qrupun tanış olduğu növbəti məşhur Brigitte Bardot olur. Onun villasında məclisə dəvət alan qrup məşhur aktrisadan honorar götürməkdən imtina edir, hətta onun şərəfinə La Dona (Xanım) adlı gözəl bir mahnı bəstələyir. Onların dostluğu uzun illər boyu davam edir.
1981-ci ildə Jose Reyes vəfat edir. Elə həmin ərəfələrdə, adəti üzrə yay mövsümünü məşhur Saint-Tropez çimərliklərində ifa etməklə ilə keçirən qrup orada ifa edən uzaq qohumları – Manitas de Platanın qardaşı uşaqları olan Baliardo qardaşları: Tonino, Paco və Diego ilə tanış olur. Onlar vahid qrup şəklində çıxış etmək qərarına gəlir. Zaman göstərir ki, kifayət qədər yaxşı gitar çalsalar da, əsasən oxumağa üstünlük verən Reyes qardaşlarının virtuoz gitarçı Baliardo qardaşları ilə birləşməsi ağıllı qərar olur. Xüsusilə çox istedadlı, fantaziyası aşıb-daşan Tonino Baliardo’nun zövqlü soloları, akkordları və kompozisiyaları qrupun repertuarını daha rəngarəng və gözəl edir. Deyilənlərə görə çimərlik “konsertləri”nin birində bir amerikalı qadın turist Reyeslərdən soyadlarının mənasını soruşur, “kings” (krallar) cavabı alan qadın “you are true gipsy kings” (siz doğrudan da qaraçı krallarısız) deyir. Zatən artıq yalnız Reyeslərdən ibarət olmayan qrup adını Gipsy Kings qoymaq qərarına gəlir.

Elə həmin vaxtlarda qrupun həyatına növbəti Jacqueline girir. Sara Music adlı kiçik musiqi biznesi olan Jacqueline Tarta qrupun iki albomunu – “Allegria” (Şənlik, 1982) və “Luna de Fuega”nı (Odlu Ay, 1983) çıxarır. Hər iki albom “unplugged”, yəni akustikdir: gitarlar, vokal və palmasdan (flamenco musiqisinin məşhur əlçalma qaydası) başqa heç nə yoxdur. Gələcəkdə məşhur olacaq Djobi-Djoba, Un amor (Bir sevgi) və s. kimi hitlər, Galaxia, Pharaon və Allegria kimi məşhur instrumental kompozisiyalar artıq bu albomlarda səslənir. Amma albomların satışını o qədər də uğurlu saymaq olmaz – nüsxələr əsasən elə Fransanın cənubunda və İspaniyanın şimalında dinlənilir. Paytaxt Parisin musiqi industriyasındakı açar şəxslər gah qrupun adının ingiliscə olmasına, gah fotolardakı geyimlərinə irad tutur; nəhayətdə ölkə ərazisində böyük yayımı alınmır. Halbuki hər iki albomda çox qiymətli musiqi nümunələri mövcuddur. “Allegria” albomundakı gözəl melodiyalar paradı olan Tristessa (Kədər), “Luna de Fuego”dakı Amor d’un Dia, Calaverada, Viento del Arena (Qum küləyi) xüsusi qeyd olunmalı mahnılardır. Gələcəkdə, qrup məşhurlaşandan sonra bu iki albomun mahnıları (bəziləri istisna olunmaqla) vahid “Allegria” adı altında ABŞ-da çıxarılacaq və qrupun dünya şöhrəti dalğasının fonunda yaxşı satılacaqdı…
Qrupun musiqi üslubu Rumba-Flamenco və ya Rumba-Catalana adlanır. Məsələ burasındadır ki, əsasında qaraçı və Yaxın Şərq musiqisinin təsiri ilə yaranmış flamenko duran ispan musiqisi okeanı keçib Kubada Afrika ritmləri ilə birləşərək rumbanı yaratmış, sonuncu isə öz növbəsində yenidən Avropaya qayıdaraq flamenkonun həmmüəllifl qaraçıların süzgəcindən keçərək adı çəkilən üsluba yön vermişdir.
1986-cı ildə tale qrupu parisli prodüser Claude Martinez ilə görüşdürür. Qrupun potensialını, ifaçıların istedadını başa düşən prodüser onlarla albom üzərində işləmək qərarına gəlir. Qrupun akustik səslənməsinin üzərinə pop alətlər – bass gitar, zərb qurğusu, sintezator və s. əlavə olunur, mahnıların forması üzərində işlənilir və “Gipsy Kings” albomu işıq üzü görür. Bu albomda o qədər hit mahnılar var ki, gələcəkdə çoxları bunu yığma albom kimi biləcək..
Yuxarıda adını bir neçə dəfə çəkdiyim Bambole, Un Amor və Djobi-Djobi’dən başqa bu albomda başqa hitlər – Bem Bem Maria, A Mi Manera (My way), o cümlədən artıq gitar ifaçılığının klassikasına çevrilmiş Moorea (Sent-Tropez sahilində Gipsy Kingsin bir zamanlar ifa etdiyi məşhur çimərliklərdən birinin adı) və İnspiration kimi kompozisiyalar var. Başqa bir gözəl mahnı Tu Queres Volver’i (Dönmək istəyirsən) isə Gipsy Kings’dən başqa Sara Brightman’ın fenomenal ifasında da dinləmək tövsiyə olunandır.
Qrupun növbəti albomu – “Mosaique” 1989-cu ildə çıxır. Albomun əsas hitləri – Vamos a Bailar (Gəl rəqs edək) və Gipsy Kings’in vizit kartına çevrilmiş nömrələrdən italyan mahnısı Volare sayılsa da, düşünürəm ki, Yaxın Şərq ətri duyulan Viento del Arena (populyarlıqdan əvvəl, “Luna de Fuego” albomunda akustik versiyası mövcud olan mahnı, bu albomdakı pop ansambl ifasında daha da cazibədar və mistik hava qazanıb), tutqun lirik və çox təsirli, ikinci bəndində solist Nicolas Reyes’in heyrətamiz vokal imkanlarını nümayiş etdirdiyi Trista Pena (Kədərli ağrı), ehtiraslı və həyəcanlı Serana mahnıları da çox qiymətli musiqi nümunələridir. İnstrumental kompozisiyalarda da Tonino Baliardo həmişəki kimi bir-birindən maraqlı işlərlə çıxış edir – alboma adını vermiş fusion-sayağı Mosaique, çox həssas mətləblərdən söhbət açılan Passion, kontrastlardan ibarət Liberte.. Ümumiyyətlə Toninonun kompozisiyalarını həm formasına, həm də musiqi məlahətinə görə sözsüz mahnılar adlandırmaq olar. Albomun Avropa və Şimali Amerikadakı variantları fərqlənir: Amerika variantında instrumental Bossamba əvəzinə Nina Morena mahnısı yerləşdirilib.
O illərdə qrup planet boyunca konsertlərlə çıxış edir: onların ikisinin – 1989-cu ildə Londondakı Royal Albert Hall’da və 90-cı ildə ABŞ turundakı konsertlərinin videoyazıları kifayət qədər məşhurdur. Qeydə dəyər faktdır ki, 1989-cu ildəki ABŞ turundan sonra ata George Bush’un andiçmə mərasiminin konsertinə dəvət almış qrup mərasimə qatılmır, cənubi Fransadakı evlərinə qayıdıb istirahət etmək qərarına gəlir.
“Mosaique” albomundan sonra qrupun heyətində kifayət qədər ciddi dəyişiklik baş verir: indiyədək qrupun qeyri-rəsmi meneceri olan Chico qrupdan ayrılır – deyilənlərə görə prodüser Claude Martinez’lə onun fikirləri üst-üstə düşmür – əvəzinə Canut Reyes gəlir. Chico özünə yeni qrup – Chico & Gipsies qurur və karyerasını kifayət qədər uğurla davam edir: Marina adlı beynəlxalq hitə imza atır, UNESCO-nun sülhməramlı səfiri seçilir və s.
1991-ci ildə buraxılmış Este Mundo (Bu dünya) albomu yəqin ki, qrupun ən maraqlı albomlarından biridir. Janrının klassikasına çevrilmiş Baila Me (Mənimlə rəqs et) ilə başlayan albom, daha tünd çalarlı rumba-catalana Sin Ella (Onsuz), sonra həzin və səmimi Habla Me (Mənimlə danış) ilə davam edir. Albomun birinci instrumentalı, bəzi melodiyaları bir neçə il sonra türk müğənnisi Çelik’in oxuyacağı Nazına Ölüyorum’a bənzəyən Lagrimas (Göz yaşları) Tonino’nun ustalıqla yazdığı kompozisiyalardan sayılmalıdır. Növbəti Oy mahnısında qrupa bu albomdan qoşulmuş Canut Reyes’in və Reyes’lərin kiçik qardaşı Andre’nin də solo vokallarını eşidirik. Növbəti, Latın Jazz ətri duyulan Mi Vida (Mənim həyatım) mahnısında qrupun növbəti albomlarda içinə daha dərin girəcəyi Latın Amerikası musiqisinin siqnalını eşidirik. Bundan sonra gələn El Mauro (Mavr) albomun kulminasiyası hesab etmək olar. Xüsusilə ikinci bənddəki dramatizmə nəinki Gipsy Kings’in, ümumiyyətlə çox az pop qrupun və ya ifaçının yaradıcılığında rast gəlmək olar. Nəhayət, albomun mirvarilərindən biri – No Volvere (Geri dönməyəcək) Yaxın Şərqdə indiyədək Amor mio adı ilə populyardır. Nəfəskəsici lirizmə, sonsuz kədərə malik bu mahnının enerjisi o qədər güclüdür ki, haradasa səslənəndə diqqəti ona yönləndirməmək mümkünsüzdür. Albomdakı növbəti parçalar flamenkoya xas motivlərlə zəngin Furia (Hirs/həvəs) instrumental kompozisiyası, digər nömrələrlə müqayisədə bir az bəsit görünən Oh Mai mahnısı və bizi sanki albomun çox qiymətli final mahnısı – Este Mundoya hazırlayan Ternuras instrumentalıdır. Nəhayət alboma adını verən final parça Este Mundo. Mahnıdakı vokal texnikalarından, albomun sonunda edilən təşəkkürdən və Youtube’dakı bir video fraqmentdən bəlli olduğu kimi mahnı böyük Pakistan müğənnisi Fateh Əli Xanla işlənilib. Üstündən 30 il keçməsinə baxmayaraq – yəqin ki, maraqlı vokal xəttə və gözlənilməz modal dəyişikliklərə malik olduğundan – mahnı hələ də təravətini itirməyib.
1992-ci ildə Live (Canlı) albomu buraxılır. Albomdakı mahnılar əsasən Este Mundo albomuna dəstək üçün Avropa turunda konsertlər zamanı yazılmış nömrələrdir. Gipsy Kings fanatlarının bəzilərinin fikrincə məhz bu albomda qrupun əsas xarakteri – bayram/festival xarakteri var. Zalla bir yerdə oxunan Bamboleo’nu ən yaxşı Bamboleo hesab edən xiridarlar da mövcuddur. Albomdakı ən xüsusi nömrə isə fikrimcə iki qardaş Nicolas və Canut’un növbə ilə oxuduqları, Toninonun virtuozluqla müşaiyət etdiyi flamenkoya xas, muğamvari Fandangodur.
1993-cü ildə işıq üzü görən Love & Liberte (Eşq və Azadlıq) albomu da qrupun bir-birindən fərqli, maraqlı və gözəl işlərini özündə birləşdirib. Albomun əsas beynəlxalq hiti Escucha Me (Dinlə məni) oldu. Reggae üslublu bu mahnı qrupun Karib dənizi musiqisi ilə marağından doğub. Sonralar da onlar məşhur Bob Marley’nin oğlu Ziggy ilə One Love mahnısını oxuyacaqlar. Albomda həm Escucha Me, həm də başqa mahnılarda xüsusilə Canut’un oxuduğu Montana (Dağlar) incə səs rejissorluğu işi hiss olunur. Albomun səs yazıları üzərində iş Fransa, İngiltərə və ABŞ-da gerçəkləşdirilib. Navidad (Yeni İl) mahnısında kasıb uşaqlara oyuncaq alıb onları sevindirməkdən, Madre Mia (Anam) mahnısında Müqəddəs Məryəmdən bəhs olunur. Albomdakı No Vivire (Yaşaya bilmərəm) mahnısı türk müğənnisi Nilufər’in pərəstişkarlarına tanış gələr, çünki bu onun Yeniden sev mahnısıdır. Doğrusu mən əvvəllər elə bilirdim Nilufer Gipsy Kings’i “cover” edib: çünki Yaxın Şərq ölkələrində Gipsy Kings mahnılarını oxumaq həmişə yayğın hal olub. Amma sonralar, artıq internetin yayıldığı 2000-lərin əvvəllərində aydın oldu ki, Gipsy Kings’in albomunda mahnının müəllifi kimi türkiyəli məşhur bəstəkar, 80-90-lar Türkiyə popunun böyük hitlərinin müəllifi Onno Tunç göstərilib.
Albomdakı başqa bir mahnı, qaraçıların Allaha duasından bəhs olunan Campana (Kilsə zəngi) mahnısı isə yəqin Azərbaycan popunu dinləyənlərə tanış gələr.. Albomdakı instrumental kompozisiyalardan danışarkən ilk üçü: Ritmo de la noche (Gecənin ritmi), Michael, Guitarra negra (Qara gitara) zatən Toninodan gözlənilən ustalığa, incəliyə malik olsa da, alboma adını verən Love & Liberte xüsusi qeyd olunmalıdır. Qaraçı xalqının mahnılarında əbədi mövzu olan eşq və azadlıq mövzusu bu instrumental kompozisiyada çox həssaslıq və ehtirasla göstərilib.
1994-cü ildə son 5 albomdan seçilən mahnılar məşhur sarı üzlü Greatest Hits yığmasında işıq üzü görür. 90-ların ikinci yarısı bu albom bütün dünyada, o cümlədən Bakıdakı musiqi dükanlarının ən görünən yerində nəzərə çarpırdı.
Gipsy Kings’in 1995-ci ildə çıxan Estrellas (Ulduzlar) albomunu qrupun pop standartlara uyğun səslənən son albomu hesab eləmək olar. Albom 1 il sonra ABŞ-da Tierra Gitana (Qaraçı torpağı) adı ilə və playlistdə bir mahnı fərqi ilə çıxır; belə ki, Estrellas’dakı Forever instrumentalının yerinə Tierra Gitana’da Los Peces En El Rio (Çaydakı balıqlar) əlavə edilib.
Ənənəvi ritmik rumbalardan La rumba de Nicolas nisbi populyarlıq qazansa da hesab edirəm ki, fleyta solosunun gözəllik qatdığı Siempre Acaba Tu Vida (Həyat həmişə bitir) və xüsusilə qiyasında dramatik çalarlara malik İgual Se Entonces (Onda mən bilirəm) daha dəyərli nömrələrdir. Albomdakı incilərdən biri isə sözsüz ki, simli kvartetin müşaiyəti ilə oxunan Mi Corazondur (Qəlbim). Tonino’nun zövqlü soloları ilə zəngin, bir-birindən gözəl instrumental kompozisiyalar: Cataluna, alboma ad və gözəl sonluq vermiş Estrellas, ABŞ versiyasına adını vermiş Tierra Gitana da mütləq dinlənilməli parçalardır.
Bu albomda Nicolas Reyes’in səsinin artıq “yorulduğu”nu da təəssüflə qeyd etməyə bilmirik. Növbəti albomlarda bu “yorğunluq” get-gedə artacaq.. Görünür ki, gəncliyində atası böyük Jose Reyes’in onun səsini qorumağa diqqət etməməsi ilə bağlı iradları haqlı imiş..
1997-ci ildə çıxan Compas albomunda tamamilə yeni səslənmə eşidilir. Əvvəlki albomlardakı pop-standart səslənməsi yoxa çıxır və bir də heç vaxt eşidilmir: elektro-bas – ya akustik basla əvəzlənir, ya da digər elektron alətlər və zərb qurğusu (drum kit) kimi arxa plana atılır, əvəzində daha ənənəvi, daha “akustik”-sayağı səslənmə ön plana çıxır. Bu albomun ingilis prodüser tərəfindən istehsalı və səs mühəndisliyinin İngiltərədə olması, səslənmədə Britaniya səsyazılarına məxsus tutqunluqda da özünü göstərir.
Albomdakı tipik qaraçı halayı A Mi Wa Wa, Yaxın Şərq havalı Mira La İtana Mora (Qarçın qaraçı qıza bax) qrupun sanki köklərə qayıtmağa başlamasının əsas göstəricisidir. Canut’un ustalıqla oxuduğu əsl qaraçı balladası Amor Gitano (Qaraçı məhəbbəti) qrupun bu niyyətdə qərarlı olduğunu sanki bir daha sübut edir. Digər, mütləq qeyd olunmalı ballada isə şübhəsiz səmimiyyət dolu Sueno de Nochedir (Gecə röyası).
“Compas”dakı instrumentallarda nəzərə çarpan yenilik Tonino’nun öz sahəsini başqa alətlərlə bölüşməsidir: belə ki, Recuerdo Apasionadada o solo violinlə, Obsesion de Amorda isə jazz saksofonla dialoqa girir. Albomu da çox vaxt olduğu kimi Tonino, gecədən söz açsa da gözəl və işıqlı Salsa de Noche ilə bitirir.
XX əsrə Gipsy Kings 2001-ci ildə “Somos Gitanos” (Biz qaraçılar) deyərək girir. Artıq ən yaşlı üzvü – Paul’un 51, ən gənc – Andrenin 34 yaşı olan qrup bu albomu yenidən Claude Martinezlə buraxsa, yəni bir əvvəlki albomun ingilis tutqunluğu yerini yenidən fransız pardaqlığına versə də, hər halda ilk albomlardakı pop standartları səslənməsindən söhbət gedə bilməz. Albomdakı lirik mahnılar Quiero Libertad (Azadlıq istəyirəm), Como Un Silencio (Sükut kimi) xüsusi qeyd olunmalıdır. Hər ikisində və albomun sonuna yaxın Mi Fandangoda Nicolas’nın mahnılara bütün qəlbiylə yanaşdığı hiss olunur. Andre’nin oxuduğu, blues notları da bulunan Poquito a Poco (Bala-bala) və həmyerliləri Manolo’dan “cover” etdiyi “Solo, Solo Dire” də aşağı-yuxarı maraqlı alınan mahnılardandı. Qaraçı və Yaxın Şərq motivlərinin qarışdığı, gözəl ney frazaları ilə dolu Majiwi mahnısını da dinləməyə dəyər hesab etmək olar. Görünür o dövrlərdə ilk solo albomunu buraxdığına görədir ki, Tonino yalnız iki özünəxas lirik-düşündürücü instrumental kompozisiya ilə – Felices Dias (Xoşbəxt günlər) və Flamencos en El Aire (Havadakı flamenko) ilə çıxış edir. Albom nəqəratı ingiliscə saxlanılan, bəndləri ispanca oxunan reggae klassikası One Lovela bitir.
2003-cü ildə çıxan “Rare & Unpluged” bilinən mahnıların indiyədək eşidilməyən variantlarından (studiya, konsert və ya akustik) ibarətdir.
Yaşlaşdıqca köklərə qayıtmaqda israrll olan qrupun 2004-cü ildə buraxdığı albom belə də adlanır – “Roots” (Köklər). Elektron alətlərdən tamamilə imtina edilmiş və cənubi Fransadakı bağ evində qurulan studiyada yazılmış albomda yalnız akustik alətlərdən, o cümlədən bas funksiyasını həll etmək üçün kontrabasdan istifadə olunub. Studiyanın təbiət qoynunda olması musiqi parçalarındakı ifalarda rahatlıqdan da hiss olunur.
Albom boyu artıq pop musiqi qrupu Gipsy Kings deyil, qaraçı flamenkosu ifaçıları olan Gipsy Kings dinləməkdə olduğumuzu demək olar unutmuruq. Bu hissi xüsusilə də birini Patchai, o birisini Nicolas oxumaqla 2 Fandango, Rhytmic adlı mahnı və Canut’un oxuduğu Legende, instrumentallardan Tarantas parçaları xüsusilə möhkəmləndirir. İnstrumentallardan danışmışkən, onlardan biri – Nuegonun məşhur fransız qaraçı jazz gitaristi Django Reinhardt’a aid olması da diqqətçəkən məqamdır. Digər iki instrumental – virtuoz Bolerias və tipik Tonino lirikası Tampa da dinlənilməyə dəyər parçalardır. Gözəl balladalardan Como Siento Yo (Hiss etdiyim kimi) və [nə qədər açıq-aydın özünütəkrar olsa da] Canut’un Soledadı təsirlidir. Alboma xüsusi rəngarənglik qatan səmimiyyətlə dolu iki şən mahnı da xüsusi qeyd olunmalıdır: Boogie və işıqlı melodiyaya malik Petite Noya.
2006-cı ildə çıxan, “Pasajero” (Sərnişin) yəqin qrupun ən latınamerikanca səslənən albomudur. Albomun ən maraqlı mahnıları kimi Andre’nin oxuduğu Amor, Nicolas’nın La tounga, Canut’un Sol y Luna (Günəş və Ay) mahnılarını göstərmək olar. İnstrumental kompozisiyalardan Guaranga digər ikisinə nisbətdə daha yaddaqalandır.
Qrupun növbəti albomu “Savor Flamenco” (Flamenko ətri) düz 7 il sonra, 2013-cü ildə işıq üzü görür. Müsbət auralı xeyirxah yaşlıların musiqisi atmosferi ilə dolu bu albomda ikisi instrumental (Tiempo del sol və Fairies melody), ikisi sözlü olmaqla (Corazon və Sueno) dörd kompozisiya xüsusi gözəlliyə və atmosferə malikdir. Ələlxüsus adı çəkilən sonuncu parçanın albomun bonus-tracki şəklində Francis Cabrel’lə ifasını mütləq dinləməyə dəyər.
Əvvəllər 7 dəfə nominant olduqları Grammy mükafatının həmin vaxt ən yaşlısının 64, ən gəncinin 47 yaşı olduğu qrupa bu alboma görə verilməsini isə daha çox fəxri Grammy kimi başa düşmək olar. Bundan başqa bəzi müsahibələrdən və bəzi internet kataloqlarından məlum olur ki, qrup 2018-ci ildə Evidence adlı yalnız rəqəmsal yayımı nəzərdə tutulan bir albom da buraxıb, amma göstərdiyim bütün cəhdlərə baxmayaraq təəssüf ki, o albomu heç bir platformada tapmaq mümkün olmadı.
Hazırda – görünür ki, hələ də böyük tələb olduğuna görə – Gipsy Kings azı 4 qrup şəklində fəaliyyət göstərir. Bunlar: sonuncu albomun artıq həm də prodüseri kimi göstərilən – aparıcı vokalist və solo gitarçı Nicolas Reyes və Tonino Baliardonun Gipsy Kings’i, Andre Reyes’in Gipsy Kings’i, Paco Baliardo’nun Gipsy Kings’i və Reyeslərin üç böyük qardaşı – Paul, Canut və Patchai’ın “yeznə Chico” ilə yenindən birləşərək yaratdığı qruplardır. Göstərilən hər dörd qrupda Reyes və Baliardo ailələrinin – deyilənlərə görə danışmaqdan əvvəl gitar çalmaq öyrənən – gənc üzvləri fəaliyyət göstərir. Ehtimal etmək olar ki, indi bu qruplarda püxtələşən gənclər gələcəkdə növbəti “qaraçı partlayışı”nın səbəbinə çevrilsin.
P.S. Artıq uzun onilliklərdi dünyada qaraçı xalqının necə adlanması barədə müzakirələr gedir. İngiliscədəki gipsy sözünün yanlışlıqlardan doğduğu (orta əsrlər Avropasında qaraçıların Misir əsilli olduğu güman edildiyindən onlara egyptian sözünün təhrif olunmuş şəklində – gypsy deyilib) və həm də mənfi çalarlara malik olduğu səbəbilə roma/rroma/romani deyilməsi təklif olunur. Həm bu müzakirələri tamamlanmış hesab etmədiyimdən, eyni zamanda bu müzakirələrin ölkəmizdə aktual olmadığı üçün azərbaycanlı oxuculara söhbətin kimlərdən getməsi ilə bağlı qaranlıq məqamlar qalmasını istəmədiyimdən, həm də xəmirləri musiqi ilə yoğrulmuş, böyük simpatiya bəslədiyim qaraçı xalqına və onların istənilən etnoniminə mənfi çalar qatmaq niyyətini ağlımdan keçirmədiyimdən yazı boyu onların azərbaycancada qəbul olunmuş adından istifadə etməyə qərar verdim. Zatən qrupun adında da indi “bəyənilməyən” gipsy sözü durur.