Ermənistanla Azərbaycan arasında baş verən son müharibə Ermənistan üçün məğlubiyyətdən dolayı şok effekti yaratdı. Ardınca elə hadisələrin şok təsiri ilə Ermənistanın özündə və dünya erməni icmasında məğlubiyyətin səbəb və nəticələri haqqında siyasi və ictimai müzakirələr başladı. Müxtəlif formatlarda, müxtəlif ictimai, siyasi və intellektual fiqurların qoşulduğu bu müzakirələri Ermənistanda son illərdə ən demokratik proses də adlandırmaq olar, ona görə ki, uzun müddətdən bu yana ilk dəfə ölkədə açıq ictimai-siyasi debatlar baş tutdu, bu müzakirələrdə fərqli fikirlər səsləndi, yeni ideyalar eşidildi.
İlk Qarabağ müharibəsində qalibiyyət eyforiyası dövrün erməni həbrçilərini siyasi gücə çevirmişdi. Döyüş meydanında və siyasətdə qalib gəlmiş qüvvə mütləq hakim idi. Bundan sonrakı dövrdə Ermənistanda siyasi fikir və ideologiyanı qələbə və qaliblər diktə etdi. Bu ideologiya son 30 ildə Ermənistanda sorğulanmasına icazə verilməyən, müzakirə edilməyən və fərqli fikrin yaxın buraxılmadığı tabu idi. O tabu reallığı, beynəlxalq hüququ, ölkənin potensialını görməyən qaliblərin özləri üçün yaratdığı və bu illər ərzində cəmiyyətə yeritidiyi əbədi arzular dünyası üzərində inşa edilmişdi. Qarabağ qələbəsi hekayəsi durduqca ideologiya da var olacaqdı, ona görə də belə çıxır ki, tabunun qırılması üçün məğlubiyyətdən başqa yol sadəcə yox imiş.
2020-ci il müharibəsindən sonra baş tutan müzakirələri əsas fərqləndirən cəhət odur ki, sonuncu müharibə ermənilərə indiyə qədər birinci Qarabağ müharibəsi qələbəsinin müzakirəsinə imkan vermədiyi mövzuların gündəmə gəlməsinə, o fikirlərin səsləndirilməsinə şərait yaratdı. Qələbənin boğduğu rasional səslər məğlubiyyətdən sonra daha çox eşidilməyə başladı. Bunlar həm də, son 30 ildir gizlədilən, basdırılan sadə Ermənistan həqiqətləridir və ona görə də onların ayrıca vurğulanmasına ehtiyac var.
İlk belə müzakirəni açan məğlubiyyətə görə ən çox günahlandırılan Ermənistan Baş naziri özü oldu. Hərbi əməliyyatları sonlandıran 3 tərəfli 10 noyabr razılaşmasından sonra ölkənin müxalif siyasi qüvvələri müharibədəki məğlubiyyəti indiki hökümətin buraxdığı səhvlərin nəticəsi kimi qələmə verməyə başladı. Özünə qarşı yönələn ittihamları cavablandıran açıqlamasında Paşinyan iddiaları rədd elədi və bildirdi ki reallığı dərindən analiz etməlidirlər. O, baş verənlərin bir neçə adamın, bir neçə illik səhvinin nəticəsi olduğunu düşünmür. Paşinyan deyir: “Biz reallıqla üzləşməli və deməliyik ki, biz illərcə səhv eləmişik. Bizim səhvlərimiz sistemli, konseptual və əsaslı xarakter daşıyıb. Və bütün bunlar hətta dövlət institutlarını təhdid edən nəticələrə gətirib çıxarıb”.
Paşinyan post-müharibə dövründə müraciətlərində çox şey haqqında açıq danışdı, erməni qürurunun zədələnməsindən tutmuş keçmiş rəhbərlik dövründə orduya köhnə, yararsız silahların alınmasına qədər. Ən maraqlısı isə onun beynəlxalq aləmin Qarabağ müharibəsinə yanaşması haqqında dedikləri idi. Paşinyan müharibə dövründə xeyli dünya liderlərinə çoxsaylı zənglərinin acı təcrübəsindən çıxış edərək deyir: “Biz beynəlxalq aləmi bu il Azərbaycanın Qarabağa qarşı aqressiyasını onun ərazi bütövlüyünü bərpa etməsi kimi qiymətləndirdiyi üçün günahlandırırıq”. Həqiqətən də.
Miçiqan universitetinin professoru, tarixçi və Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın keçmiş siyasi müşaviri Jirard Libaridiyan da müzakirələrdə fikirləri ən çox diqqət çəkənlərdəndir. Hələ müharibədən qabaq yazdığı məqaləsində o erməni düşüncə tərzini tənqid edirdi və müharibədən qaçmağın mümkünlüyündən danışırdı. İndi tarixlərinin son dərəcə ağır mərhələsindən keçdiklərini bildirən Libaridiyan “Bizim əsas problemimiz düşüncə tərzimizdir” deyir və bu fikri ilə sanki Paşinyanın sistemli və konseptual adlandırdığı səhvlərinin nədən qaynaqlandığını aydınlaşdırır. Libaridiyan deyir: Biz siyasi strategiyamızı öz arzularımız, bizə xoş olan şeylər əsasında qururuq”.
Libardiyan müharibədən sonra ermənilərin özgüvən və nikbinlikdən məhrum olduqlarını bildirir. Hətta demokratiyaya inamlarını da itirə biləcəklərini istisna etmir. O deyir: “Biz nə və niyə baş verdiyini qəbul etməyə qətiyyən hazır olmayan travmalı xalqıq”. Ancaq əlavə eliyir ki, “mütləq baş verənlərlə barışmalı və onları qəbul etməliyik”.
Bununla belə “biz diz çökmüşük” deyən Ermənistan prezidenti Armen Sarkisyan nə baş verdiyini qəbul etmiş kimi görünür. O dövlətin süqut etdiyini düşünür. “Biz xəyallarımızı reallıq kimi qələmə vermişik” deyir Sarkisyan və bununla da Libaridiyanın “bizim problemimiz danılmaz faktlara yox, xəyallara söykənən siyasi mədəniyyətimizdir” fikrini təkrar eləyir.
Sarkisyan indi ölkənin iqtisadi, siyasi, humanitar olmaqla bir çox böhranlar yaşadığını deyir və onlardan ikisini xüsusi olaraq erməni insanının emosional və psixoloji böhranı kimi qeyd eliyir. Maraqlıdır, bütün münaqişə illərində və xüsusilə müharibə dövründə Ermənistan tərəfində həmişə münaqişə ilə bağlı cəmiyyətin hər bir üzvünün həmrəy olduğu bildirilib, Qarabağ məsələsində fikir ayrılığının olmamasından danışılıb. Həqiqətən də 30 illik ictimai-siyasi fikirdə monopoliya, tək ideoloji propaqanda cəmiyyətdə fərqli fikirli insanların olmasına imkan verməyib. Hamı eyni cür düşünməyə vərdiş etdirilib və bu, bir milli vahid kimliyinə çevrilib. Bu mənada indi Ermənistan prezidenti müharibə sonrası böhran haqqında danışarkən “təkcə dövlətə yox, bütünlüklə erməni insanın imicinə zərbə endirilib, kimdir erməni?” deyəndə onun nəyi nəzərdə tutduğunu təxmin etmək olur.
Politoloq, siyasi araşdırmaçı və Amerikanın Lehigh Universitetinin müəllimi Arman Qriqoryan isə böyük erməni yanılmasının necə işlədiyini izah edir. O, Ermənistanda bütün siyasi və intellektual sahələrin mif və doqmalara qərq olduğunu bildirir. Siyasi araşdırmaçı Erməni məsələsi adlandırılan (Armenian cause) bu millətçi mifləri (“Böyük Ermənistan”, “Azərbaycanlılar axmaqdırlar”, “Ermənistan ordusu yenilməzdir” və s.) uzun illərdir güclü nəzarət altında olan media və televiziyaların təbliğ etdiyini deyir. Qriqoryanın fikrincə “media ideyalar rəqabəti mühiti yaratmayıb, o, miflərin yaradılması və qorunmasına xidmət edib. Nəticə isə onun gəldiyi qənaətə görə belədir: “Bizim siyasi diskursumuz pafoslu axmaqlıqlarla o qədər dolub ki, onlar rasional olan hər şeyi ictimai müzakirədən çıxarıb. Və bu məsələlərə qarşı çıxanlar da vətən xaini, satqın etiketi alıblar”.
Qriqoryan həmçinin diqqəti ora çəkir ki, “bu ideoloji və mədəni atmosfer hansısa hekayəyə intellektual və psixoloji bağlılıqdan yaranmır”, əksinə burada bəlli maraq yatır. “Bizdə bütöv intellektual və mədəni təbəqə var hansının ki, iqtisadi rifahı bu hekayənin stabilliyinə bağlıdır. Başqa sözlə, Erməni məsələsi bir biznesdir” deyə Qriqoryan bildirir.
Qriqoryanın dediyi biznesə gələndə isə, bu müzakirələrdən də məlum olduğu kimi, artıq o biznes də müflis olub. Bu hekayənin real dayağı hər zaman “Yenilməz erməni ordusu” mifi olub, indi isə o ordu dağıdılıb. Bunu o mifin və ordunun yaradıcısı və sülhü hər zaman bu ordu ilə təhdid etmiş keçmiş prezident Robert Koçaryanın öz etirafından öyrənirik.“İndi bütövlükdə Ermənistanın və Ermənistan ordusunun vəziyyəti ağlı başında olan heçkimə revanş haqqında düşünməyə imkan vermir”. Yəni ki, real olaraq da ölkə qarşısında başqa seçim yoxdur artıq.
Beləliklə, Ermənistandakı yeni müzakirələr 30 illik problemin erməni tərəfdən illərdir gizli qalan tarixi səbəb və nəticələrini açdı və ilk dəfə münaqişəyə Erməni tərəfindən rasional, obyektiv yanaşmanı üzə çıxardı. İlk dəfə Erməni ictimai-siyasi fikri miflərdən arınmış reallığını əks etdirdi. Bu mənada gələcəyə keçid olan indiki post-münaqişə dövrü bütün fəaliyyətin kökündə hazırki yeni reallıq durmalıdır və bütün tərəflər yanaşmalarını onun əsasında formalaşdırmalıdır. İlk növbədə Ermənistan bu reallıq əsasında köhnə səhifəni bağlamalı və yeni səhifə açmalıdır. Azərbaycan tərəfi Ermənistandakı köhnə mifçilərlə bitməyən faydasız müzakirələri dayandırmalıdır. Yeni diskursu nəzərə almaqla, sülh və dialoq cəhdlərini qarşı tərəfdəki yenicə eşidilməyə başlayan rasional fikirlərlə, o müzakirəni aparan adamlarla ünsiyyətə başlamaq və həmin diskursu dərinləşdirməklə qurmalıqıdır. Həmçinin Fransa, Almaniya, Kanada kimi ölkələr, yəni beynəlxalq aləm də gərək regiona və ölkələrarası münasibətlərə Ermənistan cəmiyyətinin özünün də imtina etdiyi köhnə erməni propoqanda və təbliğatı prizmasından yox, Ermənistan üçün faydalı olan yeni yanaşmalar perspektivindən baxsın.