Fransanın Ermənistan-Azərbaycan münaqişəsinə münasibətini müəyyənləşdirən faktorlar
Fransa dünyada demokratiya və insan haqlarının beşiyi olaraq görülür. Onlar üçün bu iki məsələ xüsusi önəm kəsb edir. Xüsusilə, özününkülərin, yəni onlardan olduqlarını hesab etdikləri insanların haqlarının qorunması məsələsində Fransaya tay tapmaq olmaz. Təbii ki, fransız müstəmləkəçiliyinin uzandığı Vyetnam, Əlcəzair, Suriya, Livan, digər Afrika və Asiya insanlarının haqlarını nəzərdə tutmuruq. Onları fransızlar özününkü hesab etmir, ona görə də orada insan haqları pozuntuları, xüsusilə, fransızların özləri tərəfindən həyata keçirilən pozuntular önəm daşımır. Bəs fransızların Dağlıq Qarabağ münaqişəsi fonunda daha çox üzə çıxan və aydın görünən erməni simpatiyası, ermənilərin haqlarını qorumağa çalışmaları nədən qaynaqlanır?! Yoxsa fransızlar erməniləri özününkü hesab edirlər?! Bəlkə ermənilər sadəcə fransızların siyasi-iqtisadi maraqlarının həyata keçirilməsində bir vasitədir?!
Fransa-Ermənistan münasibətləri
Ermənilərin fransızlarla ilkin təmasları orta əsrlərə təsadüf edir. Roma imperiyasının tərkibində yaşayan franklar öz dövlətləri uğrunda romalılarla uzun müharibələr aparıblar. Qədim Ermənistanın bir hissəsi Roma imperiyasına daxil olduğu üçün ermənilər də romalıların tərkibində franklara qarşı savaşıblar. 476-cı ildə Roma imperiyası dağılıb, franklar isə Qərbi Avropada bir sıra dövlətlər qurublar. Roma Katolik Kilsəsi tərəfindən təşkil olunan və XI-XIII əsrləri əhatə edən Xaç (Səlib) yürüşlərinin əsasını o vaxt frank adlandırılan fransızlar təşkil edirdilər. Maraqlıdır ki, orta əsrlərdə iranlılar (farslar) frankların dövlətini Firəngistan adlandırırdılar. Bu dövrdə Anadoluda türklər tərəfindən Səlcuq dövləti qurulmuş və burada yaşayan müxtəlif etnik qruplar türklər tərəfindən tabe edilmişdilər.
XI əsrdə səlibçilərin yardımı ilə Cənubi Anadolunun ermənilər yaşayan Kilikiya bölgəsində (bugünkü Çukurova: Mersin, Adana, Osmaniye və Hatay illərini (rayonlarını) əhatə edən iqtisadi-mədəni bölgə) Kilikiya krallığı (1080-1198-ci illərdə bəylik, 1198-1375-ci illərdə krallıq) yaradılmışdı. Bu “dövlət”, səlibçilərin müsəlman dünyası önündəki son qalası idi və yürüşlər zamanı bu ərazidən istifadə edilirdi. XI-XIII əsrlərdə ermənilər və franklar arasındakı münasibətlər o qədər yüksək həddə çatır ki, Kilikiyanı idarə edən son kral VI Leo frank (fransız) əsilli Lüzinyan sülaləsinin nümayəndəsi olur. Məhz bu səbəblə Kilikiya Səlcuqlar tərəfindən tutulandan sonra sonuncu kral, Fransaya qaçmış, ölümündən sonra isə orada, digər fransız krallarının yanında dəfn olunmuşdu. Müasir Ermənistan dövlətinin bayrağının Kilikiya Krallığının bayrağı (frank əsilli Lüzinyanlar tərəfindən idarə olunarkən qəbul edilmiş bayraq) ilə, demək olar, eyni olması da təsadüfi deyil. Odur ki, fransızlar və ermənilər arasındakı müasir siyasi-iqtisadi və mədəni münasibətlərin kökündə tarixi bağlar olduğunu deyə bilərik.
Beləliklə, ermənilərin fransızlarla ilkin münasibətləri orta əsrlərdə başlayıb. Xüsusilə, səlib yürüşləri dövründə franklar və ermənilər arasında münasibətlər dərinləşmiş, Kilikiya krallığının frank (fransız) əsilli sonuncu kralının qovulması və bölgədə erməni idarəçiliyinin sona çatmasından sonra bəzi erməni tacirləri Fransaya köçmüşdülər. Lakin bu köçlər az saylı idi. Belə ki, 1680-ci ildə Fransada sadəcə 300-400 erməni yaşayırdı. XIX-XX əsrlərdə isə Osmanlı dövlətində yaşayan ermənilərin Fransaya mühacirəti kütləvi hal almışdı. Xüsusilə, XIX əsrin sonunda ermənilərin millətçi təşkilatları yaranmağa başlamışdı, məsələn, Armenakan (1885), Hunçak (1887), Erməni İnqilabi Federasiyası – başqa adı Daşnaksütun (1890), Yeni Hunçak (1896), Ramkavar (1907). Bu təşkilatların əsas məqsədi Osmanlı dövlətinin dağıdılması, ermənilər yaşayan bölgələrdə azad erməni dövlətinin qurulması, əsas fəaliyyəti isə terror və yerli erməni üsyanlarının təşkili idi. Bu təşkilatlar dünyanın müxtəlif ölkələrinə yayılaraq fəaliyyət göstərirdi. Həmçinin Fransada da bir sıra erməni millətçi təşkilatları təşəkkül tapmışdı. Məsələn, 1885-ci ildə yaradılan Armenakan təşkilatı həm Vanda, həm Marseldə fəaliyyət göstərirdi. Eyni ildə həm də Parisdə Patriotik Erməni İttifaqı fəaliyyətə başlamışdı (digərlərindən fərqli olaraq bu qurumun fəaliyyəti zəif idi).
Bu təşkilatlar ilk vaxtlarda fransız xarici siyasətinə ciddi təsir gücünə malik deyildilər, çünki Fransanın o dövrdə Osmanlıda müstəsna iqtisadi maraqları vardı. Hələ Sultan Süleyman Qanuni dövründə (1520-ci illərin ortalarında) Habsburqlara qarşı Fransa ilə ittifaqa girən Osmanlıda XVI əsrdən etibarən fransızlar çox sayda kapitulyasiyalar (ticari güzəşt və üstünlüklər təqdim edən sazişlər) əldə etməyə başlamışdılar. XVIII əsrdə Osmanlı ticarətinin yarıdan çoxu Fransa ilə aparılır, 1863-də qurulan Osmanlı Bankı 80% fransız bankları tərəfindən idarə olunur, Osmanlının xarici borclarının 70%-ə qədəri fransız sərmayədarları tərəfindən təmin olunurdu və nəqliyyat (quru, dəmir yolu, dəniz) sahəsində əsas sərmayədarlar fransızlar idi. Fransa tərəfindən göndərilən missionerlər Osmanlı ərazisində dövlətin iznilə katolikliyi yaymaqla məşğul olur (xüsusilə, xristian ərəb, yunan, erməni və bulqar kimi qeyri-katolik xristian separatçıların dini bağlarının zəiflədilməsi və katolikləşməsi siyasəti Osmanlıya da sərf edirdi), Osmanlıda Fransa dəyərlərini yayan, Fransaya loyallıq aşılayan çox sayda fransız məktəbi fəaliyyət göstərirdi (bu məktəblərdə oxuyanlar, əsasən, Osmanlının xristian təbəələri və digər dinlərin nümayəndələri idi, müsəlmanlar isə bu məktəblərdə sadəcə 5% təşkil edirdilər). Lakin bu siyasət sonralar Fransanın Osmanlıya qarşı separatizm siyasətini həyata keçirməsində bir vasitəyə çevriləcəkdi. 1913-cü ildə (I Dünya Müharibəsindən az əvvəl) Fransanın Osmanlıya silah satması, müharibə olarsa, Osmanlı ilə fərqli bloklarda yer almayacaqlarını, fransızlarla türklərin savaşmaq niyyətinin olmadığını göstərir. Odur ki, XIX əsrin sonlarından etibarən Fransa bəslədiyi separatçıların, xüsusilə, ermənilərin (onların əsas dəstəkçiləri ruslar və ingilislər idi) təkliflərini soyuq qarşılasa da, I Dünya Müharibəsi ərəfəsində bu separatçıların fəaliyyətindən istifadə etməyə başlamışdı.
Məsələn, 1862-ci ildə ermənilərin birinci Zeytun üsyanı və 1878-ci ildə növbəti Zeytun üsyanı zamanı fransızlar ermənilərin müdaxilə xahişlərini cavabsız qoymuş, hətta rəsmi raportlarında qarşılıqlı qırğınlarda ermənilərin öldürülməsi ilə nəticələnən bu hadisələrin məsuliyyətinin məhz onların üzərində olmasını yazaraq, gerçəklərin ermənilər tərəfindən şişirdildiyini qeyd etmişdilər. II Ədbülhəmidin islahatları, ermənilərə geniş azadlıqların verilməsi, loyal ermənilərin yüksək rütbələrə cəlb edilməsi (məsələn, Mikael Portakalyanın Osmanlı Maliyyə naziri, Artin Dadyanın Xarici İşlər Nazirliyi baş katibi təyin olunması) belə onları öz niyyətlərindən döndərməmiş, hətta Osmanlıya loyal erməni rütbəlilər çox zaman millətçi təşkilatların nümayəndələri tərəfindən təqib olunub öldürülmüşdü.
Fransızlar, Həmidi qətliamları adı alan və ermənilərin kütləvi öldürülməsi ilə nəticələnən 1894-1896-cı illərin hadisələrində artıq nə Osmanlı, nə də erməni tərəfində durmayıb, hadisələrin qabarmasında hər iki tərəfi təqsirləndirirdilər. Maraqlıdır ki, 1896-cı ildə Daşnakların Osmanlı Bankına basqınından sonra bankın əməkdaşlarından bəziləri (daşnaklarla əlaqəli olan) Parisə qaçmışdı. Fransız XİN-i İstanbuldakı səfirliyə məktubunda erməniləri qorumaq lazım gəldiyini, lakin gerçəkdə daşnakların heç bir simpatiyaya layiq olmadıqlarını yazırdı. 1890-cı illərdə Arçag Çobanyan Fransada erməni lobbiçiliyi ilə məşğul olmaq üçün rəsmi nümayəndə qismində göndərilsə də, hələ ki uğurlu nəticə əldə edilə bilməmişdi. Sadəcə 1896-1898-ci illər arasında sağçı və solçular öz mübarizələrində fransız hökumətinin başçısı olan, ideologi olaraq mərkəziyyətçi Melineyə qarşı ölkədəki erməni faktorundan istifadə etməyə çalışmışdılar (bu gün Fransada seçkilər ərəfəsində erməni diasporunun gücündən istifadə etmək ənənəsi o dövrdən qalır), 1897-ci ildə Fransız-Erməni Komitəsi yaradılmışdı. Lakin bu dönəmdə gündəmə gələn Dreyfus qalmaqalı, İngiltərə ilə anlaşmazlıqlar fransızları iqtisadi-siyasi maraqlarını ön plana çəkməyə və Osmanlı ilə daha ehtiyatlı davranmağa məcbur edir. Buna baxmayaraq, Fransada erməniyönümlü təşkilatlar və media-yayım orqanları (qəzet və jurnallar) çap olunmaqda davam edir, hətta 1902-1908-ci illərdə (Osmanlıda “Gənc Türklər” inqilabına qədər) Parisdə Daşnaksyütunun “Pro-Armenia” qəzeti çap olunur.

Başqa ifadə ilə, Fransa Osmanlının daxilindəki potensial separatçı qüvvələrə gizli dəstək versə də, üzdə Osmanlı ilə əlaqələrini qorumaq üçün hər şeyi edirdi. Hətta 1909-cu ildə Adanada baş verən erməni qətliamları da bu münasibəti dəyişə bilmir. Ta ki, I Dünya Müharibəsinə qədər.
Osmanlını parçalamağa çalışan Rusiya təhlükəsi səbəbilə, türklər “Antanta” (Rusiya, Fransa, İngiltərə üçlü ittifaqı) gücləri ilə savaşan Almaniya tərəfində müharibəyə qatıldıqdan sonra Fransanın ermənilərlə əməkdaşlığı yeni mərhələyə keçir. Xüsusilə, Osmanlı daxilindəki separatizmi önləmək və törətdikləri qırğınları sonlandırmaq üçün ermənilər, yaşadıqları yerlərdən sürgün olunmağa başlayır. 1915-ci il hadisələri (ermənilər bunu soyqırım adlandırır) ermənilərin Fransaya çoxsaylı köçlərinə səbəb olur. Məhz bu ermənilərin iştirakı ilə yaradılan fransız-erməni legionu I Dünya Müharibəsi dövründə Osmanlı dövlətinə, daha sonra Türkiyə Cumhuriyyətinə qarşı savaşmış və çox saylı terror və qırğınlar törətmişdi. XX əsr boyu siyasi-mədəni səbəblərlə Türkiyə, Livan, Suriya, Misir, İran, Dağlıq Qarabağ müharibəsindən sonra isə həm də Azərbaycanda yaşayan ermənilər, həmçinin iqtisadi səbəblərlə Ermənistan erməniləri dünyaya yayılırlar və onların yayıldıqları areal arasında Fransa xüsusi yer tutur. Bu gün Fransada 250-750 min arası erməninin yaşadığı iddia olunur.
Qəribə deyil ki, fransızlar ermənilər üçün “mənəvi önəm kəsb edən” bütün məsələlərdə onları dəstəkləyirlər. Məsələn, “erməni soyqırımı”nı qınayan fikirlər ilk dəfə 1987-ci ildə Strasburqda səsləndirilmiş, 2001-ci ildə bu “soyqırım” Fransa tərəfindən rəsmi olaraq tanınmış, 2006, 2012-ci illərdə “erməni soyqırımını inkar edənlərə qarşı cəza” qanunu Fransa parlamentində gündəmə gətirilmiş, 2016-cı ildə bu qanun, nəhayət ki, qəbul edilmişdi və 1 il həbs və ya 45 min avro maddi cəza tədbirlərini nəzərdə tutmuşdu. Lakin kəskin etirazlar nəticəsində Makronun prezidentliyi dövründə, daha dəqiq desək, 2017-ci ilin may ayında sözügedən qanun ləğv edilmişdi.
Fransanın Ermənistanla tarixi-siyasi bağları həm də iqtisadi maraqlarıyla üst-üstə düşür. Fransa, Rusiyadan sonra Ermənistana investisiya yatıran ikinci ölkədir. UNCTAD-ın illik hesabatına görə, 2019-cu ildə Ermənistana daxil olan birbaşa investisiyaların ümumi həcmi 254 milyon dollar olub. Müqayisə üçün qeyd edək ki, eyni ildə Azərbaycana daxil olan birbaşa investisiyaların həcmi 1 milyard 504 milyon dollar idi. Xüsusilə, Ermənistanın 1988-ci ildən etibarən texniki səbəblərlə bağladığı atom enerji stansiyasının bərpası və yenidən fəaliyyətə başlamasında fransızların xüsusi rolu qeyd edilə bilər. 2014-cü il məlumatına görə, iki ölkə arasında ticarətin toplam həcmi 62,1 milyon avro olub. Bunun 48,3 milyonunu Fransadan Ermənistana ixrac olunan məhsullar təşkil edib. Müqayisə üçün qeyd edək ki, eyni ildə Fransadan Azərbaycana ixrac 180 milyon avro, Azərbaycandan idxal (əsasən neft-qaz) 1,2 milyard avro idi. Göründüyü kimi, Ermənistanla müqayisədə Azərbaycan Fransa üçün daha böyük iqtisadi əhəmiyyət kəsb etməlidir. Lakin buna baxmayaraq, fransızların erməni simpatiyası davam edir və bu onların siyasi səhnədə erməniyönümlü qərarlarında özünü göstərir. Bu yanaşma, təbii olaraq, gələcək illərdə Azərbaycanda fransız iqtisadi maraqlarının və fəaliyyətinin sıxışdırılmasına gətirib çıxara bilər.
Fransa-Azərbaycan münasibətləri
Azərbaycan XX əsrdə iki dəfə müstəqillik əldə edib. Maraqlıdır ki, fransız hökuməti hələ 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cumhuriyyətinə skeptik yanaşmış, məhz fransız hökuməti azərbaycanlı nümayəndə heyətinin Paris Sülh Konfransına gəlməsinə izn vermək istəməmişdi. Bu məsələdə Fransadakı ermənilərin böyük təsiri olmuş, lakin ABŞ və İngiltərənin tələbi ilə Azərbaycan nümayəndə heyətinin Parisə gəlməsinə izn verilmişdi. Birinci Azərbaycan dövlətinin müstəqilliyini dünya dövlətləri 11 yanvar 1920-ci il tarixində Paris Sülh Konfransında de-fakto şəkildə tanıdıqdan 4 gün sonra – 15 yanvarda Topçubaşovun rəhbərliyi altında Azərbaycanın Parisdəki rəsmi nümayəndə heyəti Fransa Xarici İşlər Nazirliyinə çağırılaraq onlara dövlətin tanınması (həmçinin Fransa tərəfindən tanınması) haqqında məlumat verilmişdi. Lakin cəmi 23 ay yaşayan AXC-nin 27 aprel 1920-ci ildə hakimiyyəti bolşeviklərə təhvil verməsi ilə Azərbaycanın müstəqil varlığı sona çatmışdı.
Azərbaycanda 70 il davam edən Sovet hakimiyyəti 1991-ci ildə SSRİ-nin dağılması ilə sona çatmış, 18 oktyabr 1991-də müstəqilliyini elan edən Azərbaycan Respublikası 3 yanvar 1992 tarixində Fransa tərəfindən tanınmışdı. Lakin Azərbaycan-Fransa münasibətləri Heydər Əliyevin vaxtına qədər soyuq olaraq qalmışdı. Fransız hökuməti bu arada erməniləri dəstəkləməklə kifayətlənməmiş, hətta Türkiyə hökumətinə Ermənistana humanitar yardım etməsi üçün təzyiqlər etmişdi. Belə ki, Türkiyə Xocalı faciəsindən sonra Ermənistana humanitar yardımı, həmçinin xaricdən gələn humanitar yardım konvoylarının öz ərazisisindən keçməsini dayandırmışdı.
“Azərbaycan” qəzetinin 28 aprel 1993-cü il tarixli 79 nömrəli sayında verilən məlumata görə, ATƏM-in (hələ ATƏT adlandırılmırdı) Dağlıq Qarabağla bağlı yaratdığı işçi qrupunda ermənilərin işğalçı fəaliyyətini pisləyən qətnamənin qəbul edilməsi ehtimalı olduqca az idi, çünki Fransa və Rusiya, belə bir qərar qəbul edilərsə, onu veto edəcəklərini bildirmişdilər.
Lakin Heydər Əliyev hakimiyyətə gəldikdən sonra Fransa ilə münasibətlər yaxşılaşmağa başlayır. Heydər Əliyevin ilk xarici ölkə səfəri 21-23 dekabr 1993 tarixlərində Fransaya olur (qeyd edim ki, İlham Əliyevin də prezident olaraq səfər etdiyi ilk xarici ölkə də Fransa idi). Bu səfər zamanı iki ölkə arasında dostluq haqqında saziş imzalanmış, həmçinin “Əsrin Müqaviləsi”ndə yer almayan fransızlara Azərbaycanın neft və qaz layihələrinə qatılmaq imkanı təqdim edilmiş, məhz bundan sonra Fransanın enerji şirkətləri Azərbaycana gəlmiş və Fransa Ermənistan əleyhinə olan və onun Azərbaycan torpaqlarını işğal etməsini qınayan qətnamələrə qatılmışdı.
İmperialist maraqları olan dövlətlərin müasir dövrdə ərazi uğrunda yox, daha çox iqtisadi maraqlar uğrunda savaşdığını görə bilərik. Odur ki, Fransa da Azərbaycandakı iqtisadi maraqları uğruna Dağlıq Qarabağ məsələsində Azərbaycanın haqlı mövqeyini rəsmi şəkildə dəstəkləmək qərarı almışdı. Bu, BMT TŞ-nin 1993-cü ildə qəbul etdiyi erməni işğalını qınayan qətnamələrinə fransızların da “hə” deməsində, azərbaycanlı qaçqın və məcburi köçkünlər üçün müəyyən humanitar yardımlar (əsasən, qida və geyim) göndərməsində özünü göstərir. Lakin bütün bunlar fransızların erməni simpatiyasını öldürməyib. İkinci Qarabağ müharibəsində xarici vətəndaşların ermənilər tərəfində vuruşduğunu hamımız gördük. Maraqlı məqam odur ki, həm birinci, həm də ikinci Qarabağ müharibələrində ermənilər tərəfində döyüşən xaricilər arasında Fransadan gələn xeyli sayda adam (həmçinin fransız əsilli) vardı.
Ümumiyyətlə, Fransanın, İran və Qazaxıstanın Xəzərdəki enerji layihələrindəki iştirakı ilə müqayisədə Azərbaycanın enerji sektorundakı fəaliyyətinin daha aşağı səviyyəli olub, onun üçün Azərbaycan lehinə siyasi qərarlar almasına səbəb olacaq qədər prioritet təşkil etmədiyini deyə bilərik. Bununla belə, Fransa Azərbaycandakı 10 əsas xarici investor ölkə arasında yer alır. Xüsusilə, nəqliyyat və telekommunikasiya sahəsində iki ölkə arasındakı əməkdaşlıq, Azərbaycanın ilk peykinin fransız şirkətləri tərəfindən hazırlanması və 7 fevral 2013-də Fransız Qvineyasından fəzaya qaldırılması, 2014-cü ildən etibarən Azərbaycan-Fransa Ticarət və Sənaye Palatasının fəaliyyətə başlaması, 2014-cü ilin oktyabrında imzalanan müqavilə ilə yeni metro tunellərinin tikintisinin fransız şirkətinə verilməsi iki ölkənin iqtisadi sahədə əməkdaşlığına nümunə təşkil edir. Buna baxmayaraq, daşnakların və erməni lobbisinin Fransada hələ də aktiv fəaliyyətdə olması, fransızların Azərbaycan torpaqlarını işğal edən ermənilərə hərtərəfli dəstək verməsi, birinci Qarabağ müharibəsi zamanı ermənilər tərəfindən işğal edilən torpaqlarımızda fransız şirkətlərinin iqtisadi fəaliyyətləri Azərbaycan və Fransa arasında iqtisadi və siyasi münasibətlərin daha yüksək səviyyəyə qaldırılmasına əngəl təşkil edir. 27 sentyabr-9 noyabr 2020 tarixləri arasında davam edən 44 günlük ikinci Qarabağ müharibəsi fransız şirkətlərinin Dağlıq Qarabağda və ətraf rayonlardakı qanunsuz fəaliyyəti sonlandırdı. Maraqlıdır ki, məhz bundan sonra Fransa Parlamenti Dağlıq Qarabağda yaradılan qondarma “Arsax Respublikası”nı tanıdığını bəyan etdi. Çox güman ki, Fransa və ondan sonra fransızların təsiri altında olan Belçika və Hollandiya kimi ölkələrin məlum parlament qərarları, ümumi ifadə etsək, Azərbaycana qarşı qəzərli mövqeləri bu kimi ölkələrin Azərbaycanda gələcəkdə icra ediləcək layihələrdən uzaq qalmalarına səbəb olacaq.
Nəticə
Fransa imperialist maraqları olan dövlətdir. Fransızlar nə qədər ermənipərəst olsalar da (çox güman ki, hər zaman elə olacaqlar), onlar üçün öz iqtisadi maraqlarının təmin olunması ermənilərin milli maraqlarının qorunmasından daha vacib olub və olacaq. Məhz bu səbəblə fransızlar I Dünya Müharibəsinə qədər erməni millətçi-terrorist təşkilatlarının yaranmasına izin versə də, onların “böyük Ermənistan” yaratmaq arzularını gerçəkləşdirmələrinə izin vermədi. Hətta I Dünya Müharibəsində zaman-zaman Fransada Osmanlı dövlətinin parçalanmasına mane olaraq ordakı iqtisadi maraqlarını qorumağın vacib olduğu fikirləri səsləndirilib. Lakin ikibaşlı siyasət, nəhayət, Osmanlının Fransadan üz döndərməsinə gətirib çıxarmışdı. 1896-cı ildə Fransanın Maraşdakı vitse-konsulu təyin olunan Ferdinand Viet öz qeydlərində bildirirdi: “Ermənilərin 1895-1896-cı il hadisələrindən sonra bir daha müstəqillik xəyalına düşmələri sadəlövh olardı. Osmanlını dağıtmağa yönəlmiş hər hansı cəhd ermənilər üçün fatal nəticələrə gətirib çıxarar və onlar özləri də imperiyanın dağıntılarının ağırlığı altında qalıb məhv olarlar”.
Təxminən, belə də oldu. Əslində, ermənilərin millətçi və terrorçu qrupların inisiativi ilə həyata keçirilən separatçılıq siyasəti nəticə etibarilə dinc əhalinin məhvinə və yaşadıqları yerlərdən qovulmasına gətirib çıxardı. Əslində, sadə, loyal ermənilərin başına gələcəklər həmin ideya müəlliflərinin heç zaman vecinə olmayıb. Məsələn, Daşnaksütyun partiyasından olan Osmanlı deputat Arçak Vramyan bu haqda belə deyirdi: “Ermənilərin öldürülməsinin heç bir fərqi yoxdur! Biz, illərdir təxirə saldığımız inqilabı başladacağıq; öldürülən hər bir erməninin əvəzinə on nəfəri öldürəcəyik. Lazım olarsa, dövləti idarə edən valiləri, nazirləri və hətta sultanın özünü də məhv edəcəyik”. Bənzər fikirləri Dağlıq Qarabağ ermənilərinin dilindən də eşitmişik. Qorbaçovla görüşündə Silva Kaputikyan və Zori Balayanın səsləndirdikləri fikirlər, demək olar, bunun eynisidir: “Biz, Bakıda yaşayan 207 min erməninin taleyi barədə nəyə görə düşünməliyik ki?!”
Bu xəstə ideologiyanı dəstəkləyən və həyata keçirilməsinə yardım edən ermənilər isə məhz bu siyasətlərinin qurbanı olublar. Onlarda dərin ağıl və uzaqgörən dövlətçilik siyasəti çatışmır. Buna görə də, onlar hər zaman siyasətin subyekti deyil, obyekti olublar. Bu səbəbdəndir ki, fransızlar məhz iqtisadi maraqları naminə ermənilərin əleyhinə qətnamələrə qol çəkdilər. Bunda, təbii ki, Heydər Əliyevin şəxsi təşəbbüslərinin də rolu olub. İndi biz qərar verməliyik: Günümüzdə Dağlıq Qarabağ məsələsinə və ermənilərə münasibəti fonunda Fransadan üz döndərməliyik, ya yox? Fransa gələcəkdə bizə lazımdır, ya yox? Fransa ilə gələcəkdə əməkdaşlığımızı davam etdirmək istəyiriksə, onların bizim lehimizə, ermənilərin əleyhinə qərarlara qol çəkmələrini istəyiriksə, o zaman iqtisadi tamahlarını qabartmaq lazımdır. Axı, hələ Dağlıq Qarabağın son statusu müəyyən olunmayıb. Bu prosesdə BMT TŞ-nin 5 üzvündən biri olan Fransanın mövqeyi hələ bizə lazım olacaq. Fransa parlamentinin bu gün erməniləri dəstəkləyən mövqe sərgiləməsi hökumətin də bu mövqeyə uyğun addımlar atacağı anlamına gəlmir. Unutmaq lazım deyil ki, nəsillər və hökumətlər dəyişir, amma dövlət əbədi yaşayır. Məsələn, ABŞ və İran ilk dəfə 1850-ci ildə diplomatik münasibətlər qurmuş, dostluq və ticarət haqda anlaşma imzalamışdılar.
Bu gün isə ABŞ və İran münasibətlərinin hansı səviyyədə olduğunu hamımız bilirik. Dövlətlərarası münasibətlərin səviyyəsi dövründə hökumətlərin həyata keçirdiyi siyasətlə paralel şəkildə inkişaf edə və ya geriləyə bilər. Bu münasibətlər əbədi deyil. Dediyim kimi, əbədi olan dövlətdir (ən azından, bu əbədiliyi təmin etmək dövrünün hökumətinin işidir). Odur ki, dövlət maraqlarımızın təmin olunması üçün fransız höküməti ilə danışıqlar aparıla, onların fikirlərində lehimizə dəyişikliklər edilməsinə səbəb olacaq təkliflər edə bilərik. Heydər Əliyevin 1993-cü ildə etdiyi kimi.