Müharibənin getdiyi 44 gün ərzində həm Azərbaycan, həm Ermənistan ifaçıları hərbi vətənpərvərlik mövzusunda xeyli klip yayımladı. Əslində müharibəyə qədər də məlum mövzuda mahnılar yazılır, kliplər çəkilirdi. Lakin son üç ayda hər iki ölkənin müğənnilərinin repertuarında vətənpərvərlik, Qarabağ motivi daha da aktuallaşdı. Bu dəfəki yazımda erməni müğənnilərinin müharibə, Qarabağ yaradıcılığı haqda danışacam.
İkinci Qarabağ savaşından bu yana erməni müğənniləri coşqulu, döyüşə, qələbəyə səsləyən mahnılarla yanaşı məğlubiyyət acısından doğan hüznlü nəğmələr də səsləndirir.
Öncə deyim ki, erməni kompozisiyalarının yalnız bəzisinin tərcüməsini tapmaq mümkün oldu. Digərlərinin çevirməsi olmasa da, mahnının ideyasını, nəzərdə tutduğu fikri təsvirlərin məzmunundan, müğənnilərin intonasiya və jestlərindən anlamaq çətin deyil.
Erməni mahnılarının əsas qəhrəmanlarından biri Monte Melkonyandır. Ermənistanın Milli Qəhrəmanı adına layiq görülmüş Melkonyan Qarabağ müharibəsinin əsas simvollarından sayılır. Amerikada doğulan Melkonyan 1970-ci illərdə Livandakı vətəndaş müharibəsində, sağ xristian qüvvələrin tərəfində, həmçinin, türk ordusuna qarşı PKK sıralarında döyüşüb. 1990-cı illərin əvvəllərində isə Qarabağ döyüşlərində fəal iştirak edib və 1993-cü ildə, Ağdamın Mərzili kəndində Azərbaycan ordusu tərəfindən öldürülüb.
Melkonyana həsr olunmuş ən azı iki klipə rastladım. Digər kliplərdə isə onun obrazı epizodik keçir. Məsələ ondadır ki, bir çox sıravi erməni Melkonyanın sağ qalacağı təqdirdə İkinci Qarabağ savaşında onların xeyrinə həlledici rol oynaya biləcəyinə inanır. Beləliklə, Edvard Gevorqyanın Melkonyana həsr olunmuş “27 aravot” klipi onun müsahibəsinin yer aldığı sənədli kadrlarla başlayır. Bu hüznlü notlara köklənmiş mahnıdır və klip İkinci Qarabağ savaşında həlak olmuş erməni əsgərlərinin fotoları ilə müşayiət olunur. “Artsax güclüdür” titri isə 25-ci kadr kimi şüuraltıya təsir göstərmək məqsədini güdür. Mahnının ortasında Gevorqyanın ifa etdiyi şeirdə ittihamedici intonasiyada İlham Əliyev və Erdoğanın adları çəkilir. Sonda isə anladığım qədərilə müğənni türk millətinə nifrinlər yağdırır. Ümumiyyətlə, təkcə Gevorqyanın yox, digər erməni müğənnilərinin də mətnlərində qarşı tərəfə ittiham, nifrət tonu son dərəcə qabarıqdır.
Melkonyana mahnı həsr etmiş digər müğənni Ara Ayvazyandır. Bu klip də Melkonyanın sənədli kadrları ilə başlayır. Gevorqyandan fərqli olaraq, Ayvazyanın mahnısı ruhdan düşməməyə, qələbəyə səsləyir. O, erməni tamaşaçısına ruh yüksəkliyi aşılamaqdan ötrü Melkonyanın uşaqlığından tutmuş Qarabağdakı fəaliyyətinədək bütün bioqrafiyasını poetik dildə danışır. “Monte Melkonyan” adlnan mahnının əsas ideyası budur ki, “əgər biz Artsaxı itirsək, erməni xalqının tarxinin son səhifəsini qapadacağıq.” Final səhnəsi balaca uşaqların mahnıdan oxuduğu bir parça ilə bitir.
İkinci Qarabağ savaşı erməni mahnılarını yeni obrazlarla zənginləşdirdi. Misal üçün, Aşot Saroyanın “Evə dönüş” mahnısı Xocalı soyqırımının iştirakçısı olmuş Rüstəm Qasparyan və oğlu Murad Qasparyana həsr olunub. Rüstəm Qasparyan Qarabağda azərbaycanlılara qarşı vəhşiliklər törədən “Qara panter” adlı terror qruplaşmasının rəhbəri olub. O və oğlu 44 günlük müharibədə ordumuz tərəfindən məhv edilib. Ağı xarakterli klipdə ata-oğulun fotolarından və dokumental batal səhnələrdən istifadə olunub. Bir kadrda isə guya İsa Məsih Murad Qasparyanın başı üzərində qoruyucu mələk kimi təsvir edilib.
David Aghasinin “Albert De Zark Hretanin” klipinin ilk səhnəsində Şuşanın görüntüləri yer alır. İkinci Qarabağ savaşında ermənilərin simvoluna çevrilmiş Albert Ohanesyana həsr olunan klip döyüş səhnələri ilə zəngindir. Və Əlikram Bayramovun oxuduğu “Əsrin gözəli” mahnısı tərzinədir. Doğrusu, müğənninin üzündən anlaşılmır: o Albertin qəhrəmanlığını öyür, ya ölümünə kədərlənir və s. Ümumiyyətlə, əksər kliplərdə Albertlə bağlı kadrlar yer alır.
Belə başa düşdüm ki, parlaq ənlik kirşanlı Toma Arutyunyan ermənilərin Damla, Şəbnəm Tovuzlu səviyyəsində olan müğənnisidir. Onun “Mən Artsaxı tanıyıram, qorxu nədir bilmirəm” klipi sırf siyasi təbliğatdır və Ermənistanda müharibə müddətində Azərbaycana, Türkiyəyə qarşı keçirilən mitinqdən görüntülərlə zəngindir. Hərçənd, klipin məzmunu şən, yüngül toy mahnıları məzmununda olan mahnı ilə ziddiyyətdədir.
Artaşes Asatryanın “O Ter Astvats” lirik, həzin mahnısına vizuallaşdırılmış klip təbiət qoynunda, idillik ailə tablosunun təsviri ilə başlayır. Guya azərbaycanlıların başladığı dava bu cənnət tablosunu darmadağın edir. Ailə başçısı Birinci Qarabağ savaşında ölür. Və onun oğlu böyüyüb 44 günlük müharibəyə yollanır. Müharibədə o, gülləyə tuş gəlir və tamaşaçı onun öldüyünü güman edir. Amma rejissor əhvalatı nikbin sonluqla bitirir. Məlum olur ki, əsgər sadəcə yaralanıbmış. Beləcə, müəlliflər finaldakı yeni doğulmuş körpə uşaq, əsgərin sağ qalması ilə Qarabağı yenidən əldə etməyə, gələcəyə ümidlərini saxlayırlar. Ümumiyyətlə, Ermənistan istehsalı olan filmlərdə olduğu kimi kliplərdə də dini motiv, xaç, uşaq faktoru əsas seqmentlərdən biridir. Uşaq gələcəyin, mübarizə, müqavimət simvolu kimi, din tanrının məhz onların “ədalətli mücadiləsinin” yanında olması kimi üzə çıxır.
Artaşes Asatryan digər “Hayastan Artsak” mahnısı nağara ritmlərinə köklənib, niyyət görünür, xalqın ruh düşkünlüyünü aradan qaldırmaqdır. Müğənni “Azərbaycan hərbi cinayətlərdə günahkardır” plakatının fonunda oxuyur. İlk epziod Arayik Arutyunyanın müsahibəsi ilə başlayır, Paşinyanın nitqi ilə davam edir. Final səhnəsi isə müharibədə erməni tərəfinin simvoluna çevrilmiş Albert Ohanesyanın görüntüsü ilə bitir.
Tiqran Asatryanın “Hay Zinvor” hüznlü mahnısı isə müharibədə oğlunu itirən anadan danışır. Düzdür, ana nədənsə horror janrındakı filmlərdəki obrazlara xas qrimlənib. O, oğlunu müharbə gedən bölgədə axtaranda döyüşlərin içinə düşür. Və erməni əsgərləri onu atəşdən qoruyur, qadın burada hamının anasına çevrilir, yaralı əsgərlərin qayğısına qalır. “Erməni əsgəri” adlanan mahnıda güclü, qayğıkeş erməni ana obrazı yaradılır. Guya finalda Qarabağ savaşında onlar qalib gəlir və o oğlunu qələbə sevinci yaşandığı anlarda tapır.
Romik Avetisyanın “Hay u Ezdi axperner en” mahnısında müğənni əlində avtomat hücum mövqeyində görünür. Bu, son dərəcə aqressiv, nifrət dolu bəstədir.
“Heç nə bizə qalib gələ bilməz” layihəsi bir neçə müğənninin iştirakı ilə çəkilib. Düzdür, mahnıda məğlub edilməzlik motivi əsas olsa da, erməni acılarının, ümidsizliyinin hayqırtısı kimi üzə çıxır. Əsas məzmun ondan ibarətdir ki, tanrı erməniləri qoruyacaq, hətta əgər türk atəşi onları haqlasa belə, qələbə ermənilərlə olacaq, çünki ədalətli mübarizə onların taleyidir.
Sevak Xanaqyanın emosional gücü çox olan “Artsax”ı kədərin, məğlubiyyətin ifadəsidir. Bu, dinlədiklərim içərisində yeganə keyfiyyətli kompozisiya idi. Mahnı ilə təsvirlər də doğru sinxronlaşıb, montaj vurğuları dəqiq işlənib. Xanaqyan Ermənistanı 2018-ci ildə “Avroviziya”da təmsil etmişdi.