Ötən gün iştirak etdiyim konfransda avropalı sənət adamları dövlətin sənətə qayğısından şikayətlənirdilər. Özünütəcrid yaşam tərzi dövlətin sənətə münasibətini bütün dünyada bir daha aktuallaşdırdı. “Xalq – dövlət – sənət” üçbucağı yenidən özünə suallar yağdırmağa başladı və bu suallardan ən vacibi ortaya çıxdı: “Dövlətə incəsənət lazımdırmı?”
Dövlət və sənət əlaqələri, sənətin siyasəti, iqtisadiyyatı bu günə qədər bizim üçün də qapalı qalan məsələlərdən olub. Bu problemə dair, hansısa bir araşdırma yazısına, kitaba rast gəlmək çətin məsələdir. Beynəlxalq araşdırmaların isə çox vaxt bizim kimi üçüncü dünya ölkələrinə aidiyyatı olmur. Ən optimal variantı isə bizə yaxın olan ölkələrdən Türkiyə misalında tapmaq olar ki, Saci Hadi Akdede belə özünün “Devlet Sanat İlişkisi” kitabında xüsusilə qeyd edir ki, araşdırmamın avtoritar rejimlərə ümumiyyətlə aidiyyatı yoxdur.
Belə olduğu halda bizim alternativ variantımız qalmır. Çünki, biz heç kimə oxşamırıq, unikalıq.
Mədəniyyət Naziri Əbülfəz Qarayevin işdən azad olması, bu nazirlikdə keçirilən əməliyyat isə Azərbaycan üçün bu problemi daha da önəmli etdi.
Belə ki, jurnalistlərimiz xarici ölkələrlə bizi müqayisə etməyə çalışdılar. Bir jurnalist ABŞ-da nazirliyin ümumiyyətlə olmasını qabardaraq, bu ölkənin mədəniyyət sistemi ilə Azərbaycanın mədəniyyət sistemini müqayisə etdi. Burada xalqın sənəti “saxladığını” şiddətlə qeyd etdi. Amma müəllif yaddan çıxardı ki, Azərbaycan və Amerika xalqı bir-birindən çox fərqlənir. Fonoqramla bir saat xalq mahnısı oxuyan müğənniyə 5-6 min manat verən kütlə ilə, Metropolitan Opera Teatrına təmənnasız ianələr keçirən kütlə eyni ola bilməz. Bu barədə daha geniş xalq və sənət əlaqələri kontekstində yazacağam. Hələlik isə dövlətin sənətə münasibəti daha önəmlidir.
Dünyada dövlət-sənət sistemini misal gətirərək burada önəmli bir hadisəni qeyd etmək lazımdır: UNESCO 1980-ci illərdən bəri üzv ölkələrə hər il büdcələrinin 1 faizini mədəniyyət və incəsənət xidmətlərinə ayırmasını tövsiyyə edir. Bunu qəbul edərək təsdiqləyən yeganə iki dövlət Fransa və İtaliyadır. Türkiyədə isə bu rəqəm son illərdə 0,4-ə çatıb. Akdede yazır ki, təkcə arxeoloji qazıntılar və muzeylərimizin xərcləri bundan qat-qat yuxarıdır. Amerikada isə kapitalist sistemin əvvəldən bərqərar olması burada Mədəniyyət nazirliyi kimi bir qurumun var olmasına ehtiyac yaratmayıb.
1980-ci illərdə Amerikada Reyqan, Böyük Britaniyada isə Tetçer idarəçiliyində olan iqtidarlar mədəniyyətə ayrılan büdcəni məhdudlaşdırıb bu sahədə özəl sektorun payının çoxaldılmasına çalışıblar.
Azərbaycanda isə Əbülfəz Qarayev son üç-dörd ildə incəsənət sahəsində özəl sektorun payının artırılması, müəssisələrin özəlləşməsi xəbərini tez-tez versə də ortada heç bir nəticəyə rast gəlmədik.
Türkiyədə Cümhuriyyətin ilk illərində qərbləşmə siyasəti aparılarkən incəsənət anlayışı da qərb modelindən nümunə götürülürdü. İlk illər Ankaranın yaşam tərzində bu özünü əks etdirirdi: belə ki, bürokratiya teatrlara ayaq açır, simfonik musiqi dinləməyə yönəlirdi. Əslində onlar bunu sevməsədə də ətrafın “təzyiqi” nəticəsində getməyə məcbur olurdular.
Mədəniyyət siyasəti ədəbiyyatında 4 əsas iqtisadi model bilinməkdədir (Ulldemolins Arostequi, 2013). Bunlar Qitə Avropası modeli, Şimali Avropa ölkələri modeli və Anqlo-Sakson modeli və Ağdəniz ölkələri modelidir.
Qitə Avropası modeli daha çox ierarxik, mərkəzçi model kimi tanınmaqdadır. Burada mərkəzi idarə orqanı digər orqanlara siyasəti diqtə edir və bu qurumlardan mükəmməl məhsullar istehsal etməsini tələb edir. Bu modelin ən yaxşı misalı Fransadır.
Şimali Avropa ölkələri modelində əsasən Skandinaviya ölkələri yer alır. Bu ölkələrdə adətən sosial demokrat rifah dövlətinin bərabər və bəşəri quruluşuna uyğun olaraq mədəni fəaliyyətdə dövlət baş rol oynayır. Bu sistemdə mərkəzi idarəetmə orqanının digər qurumlar üzərində normativ basqısı görülmür. Başqa sözlə mərkəzi orqanla digər qurumlar arasında heç bir ierarxik bağ yoxdur. Qurumlar müstəqil çalışmağa üstünlük verirlər.
Üçüncü model Anqlo-Sakson modeli – yəni iqtisadi cəhətdən liberal modeldir. Bu modeldə dövlətin rolu çox azdır. Mədəni xidmətlər qeyri-hökumət təşkilatları (non-profit) tərəfindən yerinə yetirilir. Bu qurumlar özəl şirkətdən daha çox dərnək və ya fond kimi xeyir güdməyən qurumlar formasında fəaliyyət göstərir və onlar həm özəl şirkətlərdən, həm də dövlət qurumu olan Sənət Konsulluğundan (Art Council) maliyyələşə, dəstək ala bilərlər. Bu modeldə dövlətin sənəti dəstəkləmə rolu daha azdır və buna ən yaxşı misal Böyük Britaniyadır.
Dördüncü model olan Aralıq dənizi ölkələri modeli Qitə Avropası modelinə daha yaxındır. Buraya da mərkəzdən gələn əmrlər və digər qurumları da həmin vahid əmrlərlə idarə etmək xasdır. Bununla yanaşı, həm də Aralıq dənizi modelində dəqiq bilinən quruluş, yazılmış qanunlar və şəffaf kriteriyalar yoxdur. Burada lobbiçilik daha yayılmış üsuldur.
İndi isə bəzi Avropa ölkələrində dövlətin sənəti necə dəstəklədiyini bir-neçə cümlə ilə açıqlayaq. Şimali Avropa ölkələrində sənətçi birlikləri böyük önəm daşıyır. Sənəti və sənətçiləri dəstəkləmə modeli qısa olaraq belədir: keyfiyyət qaynaqların paylanmasında böyük önəm daşıyır. Bu keyfiyyətə və həmin qaynaqların paylanmasına isə bəddi şura nəzarət edir. Həmin bu qurum maliyyə bölünməsində qərarverici orqandır. Misal üçün, Norveç və İsveçdə bu şura sənətçilərin seçdikləri şəxslərdən qurulur, Danimarka və Finlandiyada isə sənətçilərlə yanaşı bu şurada mədəni təşkilatların sədrləri və siyasi partiya üzvləri də olur.
Qeyd etdiyim bu modellər Avropanın öndə gedən ölkələrinin mədəni həyatını tənzimləyən quruluşlardır. Azərbaycan isə Qitə Avropası modelinə daha yaxındır. Yəni, vahidmərkəzli quruluşla idarə olunan mədəniyyət sektoruna. Buna görə də Azərbaycanı Amerika ilə yox Avropa ölkələri ilə müqayisə etsək daha çox şey əldə etmiş olarıq.
Azərbaycanın SSRİ idarəetmə sisteminin şinelindən çıxması onu bu məqamda irəli ata bilərdi. Yəni, intellektual toplumun yararı burada sənətə daha çox dəyə bilərdi, biz Amerika sisteminə keçə bilərdik. Lakin, müstəqillik əldə etdikdən sonra cəmiyyət kütləvi zövqsüzlük sindromuna məruz qaldı. Sənət ikinci plana keçdi, hər şey yerindən oynadı.
Yuxarıdakı mədəni modellərdən də göründüyü kimi kütlə istəsə də, istəməsə də dövlətlər sənətə maliyyə ayırırlar. Bu maliyyənin bölünməsi üçün də başqa bir sistem formalaşdırırlar. Azərbaycanda da bilinən budur ki, dövlət hər il mədəniyyət sahəsinə müəyyən qədər maliyyə ayırır. Lakin, bunun necə bölündüyü, haralara xərcləndiyi açıqlanmır. Əgər bu açıqlansaydı düşünürəm ki, bir çox məsələlər aydınlığa çıxardı.
Ədəbiyyat:
Akdede, S.H. (2014) Devlet Sanat İlişkisi.
Ulldemolins, J.R. and Arturo Rubio Arostegui, A.R.(2013) “The governance of national cultural organisations: comparative studyof performance contracts with the main cultural”.