VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkası İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuşdu. 3 gün boyunca 81 yerli və 22 ölkədən 40 xarici nəşriyyat, poliqrafiya müəssisəsi, kitab evləri, müxtəlif qurumlar öz nəşrlərini sərgiləyir, kitablarını satırdılar. Həmçinin sərgi çərçivəsində tanınmış şair-yazıçıların, elm adamlarının iştirakı ilə kitab təqdimatları, imza günləri kimi tədbirlər keçirilirdi.
İdman Oyunları Sarayında keçirilən VI Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasına daxil olanda çaşdım. Basməqəlib bir metaforayla ifadə etməli olsam, içəridə sözün həqiqi mənasında iynə atsaydın, yerə düşməzdi, o cür sıxlıq vardı yəni. Qulağıma gələn ilk ifadə də, bir qadının kütləni yarıb keçməyin mümkünsüzlüyünə dair şikayəti oldu.
Mən sərgiyə ikinci gün baş çəkmişdim. İlk dəfə idi Bakıda kitab yarmarkasında bu qədər qələbəlik görürdüm, ziyarətçilərin də əksəriyyəti gənclər, xüsusilə qızlar idi. Belə mənzərəni görmək sevindirici olmaya bilməzdi. Hər şey gözəl idi.
Amma.
Bizim rəsmi qurumların təşkil etdiyi tədbirlərdə nəsə gözəbatan bir cəhət olmaya bilməz axı, elə bir cəhət ki, ümumi mənzərəyə mütləq xələl gətirsin və nəhayətdə üzünə-gözünə bulaşdırma kimi yadda qalsın.
Mədəniyyət nazirliyinin təşkil etdiyi bir çox tədbirlərdə mütləq nəsə bir əndrəbadi vaqiə baş verir, kitab yarmarkası da bu mənada istisna deyildi. Məsələ budur ki, yarmarkada olduğum iki saata yaxın vaxt ərzində, bir dəstə hərbi paltarlı adam mikrofonda boğazlarını yırtarcasına elə hey qışqırdılar. Sərgi-yarmarkanı təşkil edən nazirlik şair və yazıçıların kitab təqdimatlarını ayrı-ayrı nəşriyyatların stendlərində keçirməyə icazə verdiyi halda, yarmarkanın açıq zalını nədənsə hərbiçilərə həvalə etmişdi.
Açıq zaldakı səhnəni çox sayda hərbi paltarlı gənc dövrələmişdi, mikrofonu silahla səhv salan adamlar isə odlu-alovlu militarist çıxışlar edir, hərbi mövzuda şeirlər deyir, hətta bir ara marş kimi xorla mahnı da oxudular. Yarmarkanın ortasında hərbi poliqon qurulmuşdu sanki, qələbəlik, tünlük və bu mərəkənin üzərində də səsgücləndiricilərin gur-gur guruldadığını, qulaqların batdığını təsəvvür edin, bilmək olmurdu, bura hərbi poliqondur, yoxsa kitab yarmarkası. Ətrafda ifrat ziddiyyətli mühit hökm sürürdü…
Birazdan öyrəndik ki, sən demə, mikrofonda ətrafdakılara qəlpələr yağdırırmışcasına qışqıran şəxs polkovnik Abdulla Qurbani imiş. Cənab polkovnik açıq zalda özünün müəllifi və ya tətrtibçisi olduğu, hərbi vətənpərvərlik mövzusunda nəşr edilmiş kitabların təqdimatını keçirirdi. Onun ətrafında nizamla toplanan gənc hərbiçilər də əksər dövlət tədbirlərində olduğu kimi hansısa birlikdən toplu halda gətirilənlərə bənzəyirdilər. Gənc hərbiçilər xam nəzərlərlə kitab stendlərinə, qucaqları kitabla dolu qızlara baxır, nəzərlərindən onların da nəsə bir uyuşmazlıq sezdikləri hiss olunurdu.
Sərgi-yarmarkada xarici ölkə nəşriyyatlarının da stendləri vardı, ətrafda ingiliscə, fransızca, farsca, rusca və sair əcnəbi dillərdə danışıqlar eşidilirdi. Bəlkə də mənə elə gəlir, amma militarizmlə kitab mühitinin bir-birinə qarışması sanki onlar üçün də bir yenilik idi, səs-küy onları da yormuş kimiydi. Deyəsən, bircə mikrofonda asıb-kəsən şəxslərlə, nazirliyin təşkilatçıları bunların fərqində deyildilər.
Səsgücləndiricilər yarmarka bağlanana qədər susmadı. Axır-axırda açıq zalın yanındakı stenddən yəhudi əsilli amerikalı yazıçı Philip Rothun kitabını alanda, kimsə əlimə ağır silahlarla yaraqlanmış əsgərlərin şəkilləri olan əlfəcin dəstəsi verdi. Kontrastdan sanki beynimdə qısaqapanma baş verdi, nə düşünəcəyimi bilmədim…
Qısaqapanma keçib beynimin normal fəaliyyəti bərpa olunanda isə, ağlımdan keçən ilk fikir bu oldu: kitabın, sənətin, elmin öz yeri, militarizmin, hərbiyyənin öz yeri olmalı deyilmi?
Cümlə cahana məlum olduğu kimi kitab sərgilərində adətən militarist yox, sənət, elm atmosferi hökm sürür, hansısa bir teatr səhnəciyi nümayiş etdirilir və ya zərif rəqs nümunələri göstərilir, hansısa tanınmış əcnəbi və ya yerli müəllif çıxış edir, sən də əlində bir qədəh şərab, ya da bir fincan qəhvəylə oturub tamaşa edirsən. Təbii olaraq insanın hərbi mərasimə gedərkən bir gözləntisi olur, kitab yarmarkasına gedərkən başqa bir gözləntisi. Kitab sərgisinə gedən insan adətən ya ədəbiyyatla, ya sənətlə, ya elmlə, ya da fərdi inkişaf kimi mövzularla maraqlanan birisi olur, onun belə bir yerdə militarist mühitlə rastlaşması ən azından bir kontrast, sürprizdir.
Qəribədir, bu cür standart məsələləri o boyda nazirliyin təşkilatçıları doğrudanmı bilmirlər? Yoxsa bilir, əhəmiyyətmi vermirlər, ya da daha yuxarıdan gələn əmrlərimi yerinə yetirirlər? Hər nədirsə, əcaib vəziyyətdir…
Buzlar əriyir artıq, kitab yarmarkalarına, sənət tədbirlərinə daha əvvəlki kimi qatı etinasızlıq yoxdur. İnsanlar dövlət orqanlarının göstərişi olmadan da, könüllü şəkildə yavaş-yavaş tədbirlərə, tamaşalara, sərgilərə, yarmarkalara gəlirlər. Bircə qalır, rəsmi qurumların da özlərində güc tapıb tədbirləri öz zövqlərinə, dünyagörüşlərinə uyğun deyil, standartlara cavab verəcək səviyyədə təşkil etməsi. Ümid edək ki, o günləri də nə vaxtsa görəcəyik deyib, keçək yazının növbəti hissəsinə.
***
Bakıda “Maiden Tower. To Be a Woman” beynəlxalq müasir incəsənət festivalı çərçivəsində içveçli rəssam Carolina Falkholt-un köhnə bir kombinatın üzərində yaratdığı qraffiti ətrafında mərəkə qopub. Deyilənə görə, kombinat üzərindəki şəkildən ətrafda yaşayan sakinlər narazılıq ediblər, onların tələbiylə də tabloya “əl gəzdirilib”. Carolina Falkholt-un müasir incəsənət təmsilçisi olduğu və qalmaqallı rəsmlərlə gündəmə gəldiyi bildirilir. Müasir incəsənət onsuz da Qərbin özündə belə çox zaman ziddiyətli fikirlərlə qarşılanır, insanlar var, contemporary art adı verilən bu incəsənət janrını cəfəngiyyat hesab edirlər. Carolina Falkholt-un öz ölkəsində sərgilənən əsərlərinə də oxşar reaksiyalar göstərilib, rəssam bir məktəb binasının divarına vagina şəkli çəkib, başqa bir binanın divarına isə ereksiya vəziyyətindəki penis şəkli. İsveç əhli də qayıdıb deyib ki, bu nədi axı?!
İsveç əhli belə reaksiya verirsə, kombinat üzərində çəkilən transgenderə bənzər rəsm də razılaşmaq olar ki, camaatımız üçün rahathulqum deyil, reaksiya hər mənada gözləniləndir.
Amma bu qraffiti ətrafında baş qaldıran qalmaqal zənnimcə, sənət hadisəsindən daha çox stereotiplərlə bağlıdır. Yəni, belə görünür, bu tablonu müdafiə edənlər, yerliləri geridəqalmışlıqda qınayanlar qraffitinin sənət əhəmiyyətindən daha çox, insanların reaksiyasına qıcıq olurlar. Çünki camaatımız sənətə olan tarixi münasibətiylə müəyyən qədər oxumuş, sənətsevər və ya sənəti sevməyə iddialı insanlar arasında özü haqqında stereotipik münasibət formalaşdırıb. Bizim oxumuş insanlarımıza görə, camaatımız sənətə, müasirliyə düşməndir, sənəti, müasirliyi qiymətləndirə bilmir, ona görə də camaatımızın sənətlə, müasirliklə bağlı istənilən mənfi reaksiyası bu təbəqədə qıcıq doğurur.
Bakıda xanım Carolinanın qraffitisi ətrafında qalmaqalın baş verdiyi günlərdə xoş bir təsadüflə Azərbaycanın ilk peşəkar aktyorlarından biri Hüseynqulu Sarabskinin xatirələrini oxuyurdum. “Bir aktyorun xatirələri” adlı kitabında aktyor 19-cu əsrin sonları, 20-ci əsrin əvvələrində azərbaycandilli teatr sənəti formalaşmağa başlayarkən, camaatın necə düşməncə reaksiya verməsindən bəhs edir. Sarabskinin yazdığına görə, həmişə səhnəyə çıxanda aktyorların içi-içini yeyərmiş ki, görəsən güllə ha tərəfdən gələcək?! Sarabski özünü və aktyorları camaatdan qorumaq üçün hətta tapancayla gəzərmiş, buna görə ona “artistlərin qoçusu” adını veriblərmiş. Aktyor xatirələrində yazır:
“Səhnədə qadın olmadığından qadınların azad olmaq məsələsi bizim birinci fikrimiz idi. Bir dəfə yığılıb çox söhbətdən sonra qət elədik afişalarda yazaq ki, xanımlara məxsus örtülü lojalar var. Qərarımızı birinci dəfə həyata keçirib, afişalarımıza yazdıq. Bunun üstündə Bakıda böyük bir qalmaqal düşdü. Bazara, küçəyə çıxa bilmirdik. Hər kəs rast gələrdi, başlardı: “Cavanlarımızı laməzhəb elədiniz, danışmadıq, indi də arvadlarımızı pozğun eləmək istəyirsiniz?” Bizdə sağ yer qoymazdılar. Elə söyüşlərlə bihörmət edərdilər ki, onu yazmaqdan həya edirəm…
Həmişə tamaşadan əvvəl teatrın nə olduğundan danışmaq üçün bir məruzəçi çıxarardıq. Yazıq məruzəçi pərdə qabağına çıxıb ağzını açmamış yerbəyerdən cürbəcür sözlər deyərdilər. Şəkki buraxıb masqara edərdilər. Biri deyərdi: “Oho!” Biri deyərdi: “Qazları nə elədin?” Biri deyərdi: “Aşını yeyim, ay dayı!” Biri deyərdi: “Bığına…!” Odur ki, hər kəsə deyərdik, “çıx məruzə elə!” Deyərdi nə iş deyirsiniz eləyim, məni ölümə göndərin, amma pərdə qabağına çıxarmayın. Nə isə, yalvar-yaxar bir xam adam tapdıq. Bilmirəm hansı müəllim idi. Səhnə qabağına çıxıb sözünü dedi. Camaatdan bir səs çıxmadı. Biz sevindik və fikir elədik ki, camaatımız teatra yavaş-yavaş alışır. Birdən bir mərəkə qopdu. Yazıq məruzəçinin sözü ağzında qaldı, üstümə yüyürdülər ki, zalda şuluqluqdur… Gedib gördüm polis, qabeldiner və camaat əlbayaxadır. Mən nə qədər çığırdım-bağırdım, sözümə qulaq asan olmadı…”
Bizdə qədimdən bəri sənət əhlinə hörmətin olduğuna dair rəsmi kitablarda yazılanların böyük əksəriyyəti əlbəttə, mifdir, əfsanədir. Əksər hallarda sənətkara bu coğrafiyada yuxarılar məddah, aşağılar isə mütrüb, təlxək gözüylə baxıblar. Ona görə də, yerlilərin sənətə, sənətkara baxışında təkcə yadelli amili rol oynamayıb, sənət yerli olsa belə, gözümçıxdıya salınıb. Hüseynqulu Sarabskinin xatirələrində buranın insanının sənətə münasibətini əks etdirən daha bir maraqlı məqam var:
“…Bir zaman var idi musiqi elə bir alçaq mövqe tuturdu ki, oxuyan-çalanları insan cərgəsinə qoymayırdılar. Toyda, qonaqlıqda keflənib mütrüb oynadıb onlara pul bağışlardılar. Süfrə düzələndə isə, onları özləri ilə deyil, başqa bir yerdə oturdardılar. Tar çalan həvəsli gənclərimiz öz çalmaqlarını gizlədərdilər. Bir dəfə mən dostlarımdan birinin evində qonaq idim. Orada bir nəfər var idi. Mən ona dedim: “Bir qədər tar çal, oxumaq istəyirəm!” O məndən inciyib acıq elədi, çıxıb məclisdən getdi. Bir neçə ay mənimlə danışmadı. Sonra mənə belə bir söz dedi: “Sənin üçün eyib deyilmi? Mən çalanam ki, o qədər camaatın arasında məni biyabır edib dedin tar çal?”
…Şamaxı qəzasında Eynal deyilən bir yer var. (Ora çox dik olduğundan çıxmaq çətindir). Yay fəsli idi. Oradan çıxıb Lahıca gedirdik. O dağın üstü yaylaqdır. Bir neçə alaçıq var idi. Bu mənzərə mənim çox xoşuma gəldi. İki ağız şikəstə oxudum. Alaçığın birindən bir qadın çıxıb dedi: “Ədə, ədə, eyib deyilmi burada oxuyursan? Bilmirsənmi burada arvad-uşaq var? Adam oğlu olan burda oxumaz!”
Mən o qadını taqsırlandırmayıram. Ruhanilər musiqini haram buyuraraq camaat arasında o qədər pisləmişdilər ki, qadınlarımız musiqinin bir günah və şeytan əməli hesab edirdilər”.
Sarabski Azərbaycanda sənətə, sənətkara nalayiq münasibətin yalnız sovetlərin kəskin mədəni siyasəti nəticəsində dəyişdiyini yazır…
“To be a woman” qraffitisinin ətrafında qalmaqal baş verəndə, cəbhənin “camaat” tərəfində vuruşanlar liberalları söyüb, təhqir edib, yamanlayıb soruşurdular ki, bunun nəyi sənətdir, nəyi müasirlikdir, nəyi Azərbaycan qadınını təmsil edir, ay…?!
Bu qəzəbli suallara veriləsi cavab budur ki, ola bilsin, həmin qraffiti sənət nümunəsi deyil, müasirlik əlaməti deyil, Azərbaycan qadınını da təmsil etmir, amma məsələ daha çox reaksiyadadır. Camaatın sənətə, sənətkara, müasirliyə tarixən elə münasibəti olub ki, müəyyən təbəqələrdə artıq daşlaşmış stereotiplər yaradıb, yəni, camaatımızın adı sənətə, müasirliyə münasibətdə bədnam çıxıb. Stereotiplərin aradan qalxması isə çox uzun zaman tələb edir. Ona görə də, insanlar özlərinə qarşı stereotiplərin aradan qalxması üçün dözümlü davranmağa çalışsaydılar, xeyli qabağa düşmüş olardılar, deyə düşünürəm. Belə ənənəvi, aqressiv və qəzəbli münasibətlə isə daşlaşmış stereotiplər çətin ki, tezliklə aradan qalxsın…