Yayoi Kusama – müasir dövrün ən məşhur və bahalı rəssamlarından biridir. Onun əsərlərinin qiyməti yüzminlərlə, hərdən hətta milyon dollarla ölçülür. 88 yaşlı rəssam rəngli pariklər, çılğın geyimlər və böyük diqqət həvəskarıdır. Özü də həyatının 40 ilini dəlixanada keçirməsinə rəğmən…
Yayoi Kusama 1929-cu ildə Yaponiyada anadan olub, orda böyüyüb. 1957-ci ildə Nyu-Yorka köçən rəssam, amerikalı olmamasından, gender əlamətlərindən və psixi pozuntularından istifadə edərək parlaq, yaddaqalan bir obraz yaradıb və hər kəsin diqqətini özünə, yaradıcılığına cəlb edərək avanqard hərəkatın lideri statusunu qazanıb.
Onun əsərləri – minimalizmdən tutmuş seksual vurğulu psixodelə qədər ən müxtəlif janrların kaleydoskopudur. Feminizm, sürrealizm, pop-art, abstrakt ekspressionizm – bunlar və bir çox başqa istiqamətlər onun, əksəriyyəti avtobioqrafik motivli olan rəsmlərinin ayrılmaz hissəsinə çevrilib.
Bunun səbəbi isə rəssamın ağır keçən uşaqlığıdır. Sərt, hökmran və tələbkar ana tərəfindən böyüdülən Yayoi, ən xırda dəcəlliyə görə dəfələrlə cəzalandırılırdı. Nəticədə on yaşında onun psixikası artıq kifayər qədər pozulmuşdu. O, təkcə hallyusinasiyalardan əziyyət çəkmirdi, özünəqəsd cəhdləri də olurdu. Məhz, bu narahat vəziyyətini necəsə düzəltməkdən ötrü psixiatr ona rəsm çəkməyi tövsiyə eləmişdi…
Rəsm çəkmək və installasiyalar yaratmaqla yanaşı o, həm də şeir yazır, dizayner kimi fəaliyyət göstərir. Bir neçə il əvvəl “Louis Vuitton”la birgə geyim və aksessuarlar silsiləsi hazırlayıb.
Keçmiş şöhrətinin, tədricən, azalmasına, rəssamın artıq 40 ilə yaxındı ki, dəlixanada yaşamasına baxmayaraq, o, hələ də tamaşaçıları öz şedevrləri ilə sevindirir, əsərlərini ya dünyanın ən nüfuzlu muzeylərində sərgiləyir, ya da ağlasığmaz qiymətə bu tip sənətin həvəskarlarına satır. Yayoinin dediyinə görə, sənət, ilk növbədə zövq verməli və narahatlıqları əsrarəngiz “sonsuzluq meydanına” çevirərək ətrafdakıları sevindirməlidir.