Bizi tanı

Bu gün, Azərbaycan diasporası tək Avropada yox, Şərqdən Qərbə, dünyanın əksər aparıcı ölkələrində artıq bir fakta çevrilib. Diasporamızın arasında yaradıcı adamlar, ziyalılar, elm sahəsinin intellektualları var. Onlar xaricdə yaşasalar da, ölkələrini sevirlər, məsuliyyət hiss edirlər. Bunu bilirik.

Bəs biz neçə nəfərik? Biz, vətənimizdəki problemlər barədə nə düşünür, o problemlərin həlli üçün nələri təklif edirik? Biz, bütün imkanlarımızı kooperasiya etsək, bundan nə qazanarıq? Bunu bilmək üçün vətənimizdən kənarda yaşayan ziyalıların, elm və mədəniyyət adamlarının bir araya gəlməsinə, ortaq bir tribunaya sahib olmasına ehtiyac aydın hiss ediləcək dərəcədə çoxdur.

AzLogos-un məqsədi, intellektual diasporamızın nə etdiyi, nə düşündüyünü dilə gətirməkdir. Bu sayt, Azərbaycanda yaşayan soydaşlarımıza göstərəcək ki, Avropada kimlər var, nə edir, hansı uğurları qazanır, ölkləri ilə bağlı nələr düşünür və nə etmək istəyirlər. Müxtəlif sahələrdə uğur qazanmış azərbaycanlılar, soydaşları ilə bir platformada görüşəcəklər. Xaricdə yaşayan intellektual soydaşlarımız bir-birlərini tanıyacaq, bir şəbəkə yaradacaqlar. Bütün sahələrin peşəkarları əməkdaşlıq imkanı əldə edəcəklər. Bundan gözəl nə ola bilər? Axı biz, eyni zamanda gələcək nəsillərə nümunə olmalıyıq, onlara faydalı şeylər öyrətməliyik.

İstərdim ki, AzLogos-da ortaq və geniş müzakirələrə yer ayrılsın. Kültür, elm və ekologiya kimi günümüzün ən vacib mövzuları müzakirə olunsun. Siyasət barədə də müzakirələr vacibdir. Bu gün dünyada siyasət necə aparılır, hansı dünya məsələləri müzakirə edilir? Diskussiya tərzləri hansılardır? Məşhur danimarkalı jurnalist, Georg Brandes, yüz il əvvəl demişdi ki, istənilən cəmiyyət debatlar bazasında inkişaf edir. Debatlar mütləqdir, debatsız toplum məhv olmuş toplumdur. Odur ki, bizim saytımızda konstruktiv və dialoqa istiqamətlənmiş tənqid olacaq. Artıq ən mütərəqqi standartları əxz etməyin zamanıdır, siyasi xalq kimi azərbaycanlılar tərəqqipərvər olmalıdırlar. Dünyanı tanımalıdırlar, özlərini tanıtmalıdırlar.

AzLogos bizə öz üfüqlərimizi genişləndirmək imkanı verəcək. Dünyanın hər yerində yaşayan intellektualları, peşəkarları soraqlayacaq, bir araya gətirməyə, müzakirələrə, debatlara dəvət etməyə çalışacaq. Eyni zamanda, bu platforma gələcək üçün də vacib bir arxiv rolunu oynayacaq.

Bizimlə olduğunuza, bizi oxuduğunuza görə, hamınıza təşəkkür edirəm.

AzLogos-da qalın.

Hörmətlə

Məsud Aşina

Nevrologiya professoru, Danimarka Nevrologiya və Başağrısı mərkəzi, Kopenhagen Universiteti.

AzLogos platformasında dərc olunmaq istəyən publisistlər üçün prinsip və qaydalar

AzLogos, Azərbaycandan kənarda yaşayan diaspora nümayəndələrinin publisistikasına üstünlük versə də, bu, şərt deyil.

Bizə yazı göndərərkən, qısa tərcümeyi-halınızı əlavə etməyi unutmayın.

Məqsədimiz peşəkar, uğurlu azərbaycanlıların fikir mübadiləsi və tanıtma platfromasını yaratmaq olduğundan AzLogos, eksklyuzivlik dalınca qaçmır. Yenə də, yaxşı olardı ki, bizə orijinal yazılar göndərəsiniz.

Elm və texnologiyalar, siyasət, iqtisadiyyat, kültür, din, maliyyə – AzLogos-da mövzuların əhatə dairəsi genişdir.

Bir yazıda 4-5 min işarə həcmindən kənara çıxmamaq tövsiyə olunur. Bu qayda, elmi-kütləvi mövzularda yazılara, yaxud reportaj və müsahibələrə aid deyil.

AzLogos, video-bloqlarınızı da məmnuniyyətlə nəzərdən keçirməyə hazırdır.

AzLogos, yazıların və videoların dərcindən izahat vermədən imtina edə bilər.

Yazı, müsahibə və video-bloqlarda nələr qadağandır:

  • Oxucuların, yazarların, sayt idarəçilərinin, habelə şərəf və ləyaqəti Azərbaycan Respublikasının və yaxud başqa dövlətlərin qanunları ilə qorunan dövlət və hökümət rəhbərlərinin ünvanına təhqiramiz ifadələr; Azərbaycan Cinayət Məcəlləsində nəzərdə tutulmuş əməllərə çağırış;
  • Zəruriliyini əsaslandırmaq mümkün olmadıqda, vulqar leksikadan istifadə;
  • İrqi, dini, etnik, cinsi, sosial əlamət/fərqlərə görə ayrıseçkilik;
  • Qəsdən yalan məlumatın yayılması;
  • Separatizmin təbliği, Azərbaycan Respublikasının və hər hansı bir dövlətin ərazi bütövlüyünün sual altına alınması;
  • Vətəndaşların və ya təşkilatların işgüzar nüfuz və ləyaqətinin alçaldılması, gözdən salınması;
  • Siyasi təbliğatın aparılması, proqram və şüarların səsləndirilməsi.


Prof. Məsud Aşina
ideya, promouter

 


Ələkbər Əliyev
baş redaktor

 


Elmir Mirzəyev

şef redaktor

 


Aygün Aslanlı

incəsənət

 


Günel Mövlud

ədəbiyyat

 


Gündüz Ağayev

foto-qrafika

 


Hacı Hacıyev

elm

 


Camal Əli

texniki dəstək

Bizə sual və ya təklifiniz varsa yaza bilərsiniz.