1992-ci ildən bəri 3 dekabr – dünyada beynəlxalq əlilliyi olan insanların günü kimi qeyd edilir. BMT Baş Məclisi tərəfindən bu günün təsis olunmasında məqsəd, fiziki məhdudiyyətli insanlara dövlətin və cəmiyyətin diqqətini artırmaq və ictimai həyatda fəal iştiraklarını təmin etməkdir.
Əlillik özü-özlüyündə heç bir cəmiyyətin qaça bilməyəcəyi sosial fenomendir. Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən dünyada yaşayan əhalinin 15 faizi əlilliyi olan şəxslərdir. Azərbaycanda isə 2018-ci ilin statistikasına əsasən 620 mindən çox əlilliyi olan adam var.
Əlillik sahəsi elə bir sahədir ki, burda işlədilən ifadələr çox vaxt klişe məna daşıyır. Əlbəttə ki, klişelərdən bəhs etmək istəməzdim, ancaq burdakı çox şey o qədər mürəkkəb və həssasdır ki, danışılanlar klişe şəkil almağa başlayır.
Bəs, əlillik nədir?
Əlillik – insan müxtəlifliyinin bir formasıdır. Əlillik – sağlamlıq məhdudiyyətli olmanın sosial nəticəsidir. Əslində əlillik məhz sosial, mədəni, iqtisadi və ətraf mühitlə bağlı maneələrlə əlverişsiz vəziyyət meydana çıxanda yaranır. Bəli, bəli, məhz ətraf mühitlə bağlı maneələr.
Sadə bir misal çəkim. Təsəvvür edin ki, hansısa bir otaqdasınız və yanınızda içində su olan stəkan var (bu, boş stəkan da ola bilər). Həmin stəkanı otaqdakı ən hündür yerə qoysaq və sizə “həmin stəkanı ordan götür” desək, nərdivan olmadığı halda stəkanı ordan götürə bilməzsiniz. Niyə? Çünki boyunuz imkan verməz ki, əl atıb stəkanı ordan götürə biləsiniz. Həmin an artıq siz əlilliyi olan biri sayılırsınız. Bunu aradan qaldırmağın yolu isə nərdivan qoyub, həmin stəkanı götürməkdir. Bax, elə mənim kimi əlil arabasından istifadə edən biri üçün də müəyyən məkanlara girib-çıxmaqdan ötrü standart panduslara ehtiyac var. Ordakı əlverişli şərait, pandus nərdivan rolunu oynayır. Yəni ki, əlilliyi yaradan əsas nüans ətraf mühitin əlverişsiz olmasıdır.
Dünyada əlillik problemlərinin tamamilə həll olunduğu bir təcrübə yoxdur. Cəmiyyət inkişaf etdikcə yeni tələblər, yeni texnologiyalar meydana çıxır və bunlara adaptasiya müəyyən vaxt tələb edir. İnkişafa meylli, sivil cəmiyyətlərdən ibarət olan ölkələr yeni tələblərlə uyğunlaşır. Həmin ölkələrdə əlilliyi olan insanlar ədalətli şəkildə bölünmüş mövcud resurslardan yararlana bilir. Onlar özlərini müstəqil fərd və azad vətəndaş kimi hiss edə bilir. Hökümət atdığı addımlarda, yaratdığı bütün infrastrukturlarda əlilliyi olan şəxslərin müəssərliyini və əlçatımlılığını prioritetə çevirir.
Bəhs etdiyim ölkələrdə qanunlar və normativ-hüquqi aktlar əlilliyi olan şəxslərin sosial müdafiəsi və hüquqlarının qorunmasına, onların ictimai həyatın bütün sahələrində iştirak etmək üçün başqa vətəndaşlarla bərabər imkanlar almasına, öz fərdi qabiliyyətlərinə və maraqlarına müvafiq surətdə dolğun həyat sürməsinə kömək göstərən lazımi şəraitin yaradılmasına təminat verir.
Azərbaycan isə hələ də sivil ölkələrlə ayaqlaşa bilmir. Çünki onun ayaqlarını amputasiya edib, bilərəkdən analoqsuz (yəni ayaqlarsız) məhdudiyyətli hala salıblar. Halbuki şanlı hökümətimiz BMT-nin əlilliyi olan şəxslərlə bağlı konvensiyaların hamısını ratifikasiya edib. Ancaq biz unuduruq ki, o hətta siyasi Alzheimerdən də əziyyət çəkir. Unudur ki, öhdəlik götürüb və bu fərz olan öhdəlikləri yerinə yetirmək lazımdır.
Əslində onun nə fiziki məhdudiyyəti nə də alzheimeri-filan yoxdur. Sadaladıqlarımız sadəcə imitasiya üçün istifadə olunur. Adətən filmlərdə olur e, kimsə özünü yalandan fiziki məhdudiyyətli kimi göstərir. Bu, ona müxtəlif məkrli məqsədlər üçün lazım olur. İndi bunlar da “biz hələ çox gənc Respublikayıq, problem hər yerdə var, yavaş-yavaş düzəldirik” təranələri ilə, imitasiyalarla camaatı analoqlarına dolayıb, yola verirlər.
O gün Bakıda otellərdən birində əlilliyi olan şəxslərin işə təşviq edilməsi ilə bağlı tədbirdə iştirak edirdim. Britaniyadan olan əlillik sahəsi üzrə mütəxəsis Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyi və nazirliyə bağlı qurumların bəzi nümayəndələrinə təlim keçirdi. Ümumiyyətlə bu yenilik deyil, xaricdən mütəxəsislər çağırılır, çoxlu pullar xərclənir və əlillik sahəsinə dair nəzəri təlimlər alınır. Təbii ki, bu əladır, sadəcə ölkəmizdə bunu çox peşəkar bilən mütəxəsislər də var. Nə isə, həmin tədbirdə ingilis mütəxəsislə bir xeyli söhbət də etdim, ölkədəki inkluziv sahəni, vəziyyəti müzakirə etdik. O da öz ictimai çıxışında vurğuladı ki, inkluziv sahəni əyani şəkildə elə əlilliyi olan şəxslərin təcrübəsi ilə öyrənə və təkmilləşdirə bilərsiniz. İştirak edən işçi qrupunun içində bir dənə də olsun əlilliyi olan kəs yox idi. Tədbirdən çıxanda nazirliyin işçilərindən biri mənə dedi ki, “bağışlayın ki, sizə layiqincə xidmət göstərə bilmirik”. Ona dedim ki, pafoslu çıxmasın, ordakı vəziyyəti elə biz özümüz düzəldəcəyik, darıxmayın.
Bu universal haldır və dünya təcrübəsi də göstərir ki, inkluziv sahənin inkişafı məhz əlilliyi olan şəxslərin öz fəallığı və təşəbbüsü ilə baş tutur. Ona görə üçüncü növ sayılan, inkişafı ləngiyən ölkənin vətəndaşı kimi vicdanı olan şəxslər belə vəziyyətləri adi hal kimi qəbul etməməli və gecə-gündüz oxumalı və özlərini inkişaf etdirməlidilər.
Ətrafı və mövcud vəziyyəti dəyişmək üçün ilk növbədə özünü dəyişmək lazımdır. Heç bir sehr və ya möcüzə baş verən deyil. Güc qəlbimizdədir. Ora baxmaq, ora müraciət etmək lazımdır. Belə anlarda ümumiyyətlə təslim olmaq, ümiddən düşmək qətiyyən olmaz! Sivil ölkələr də bu çətin illəri yaşayıblar, ancaq ordakı mübariz insanlar ruhdan düşməyib, istibdad və qaranlıqla vuruşublar.
Əslində maneələr bizi qüvvətləndirir. Bu özünətəsəlli deyil. Baş verənlər elə-belədən yaranmayıb. Olanları missiyanın bir hissəsi kimi qiymətləndirirəm. Çətin də olsa yaşamaq və məsuliyyətli olmağı öyrənməliyik. Əngəl olanlara qarşı əngəl olmağın yolu öyrənmək, çalışmaq və təslim olmamaqdan keçir. Bilirəm asan deyil. Əlilliyi olmayan adamların çoxunun motivasiyası yoxdur heç. Motivasiya kənarda deyil onsuz da. Özünə yazığın gəldisə, batdın. Ona görə dirçəlmək və dirəniş göstərmək və əngəlləri dağıtmaq labüddür.
Mübarizə əngəl tanımır.