Tərcüməçidən: Böyük ingilis filosofu Bertrand Russell özünün “Qərb Fəlsəfəsinin Tarixi” kitabında Qərb fikir tarixinə xüsusi konsepsiya ilə – tarixi ictimai-siyasi müstəvidə baxır. Kitabın 29-cu fəsli isə özü-özlüyündə mühüm tarixi dövrə – Roma İmperiyasına həsr olunub. Artıq 15 əsrdən çoxdur bəşəriyyətin Roma tarixinə dair azalmayan marağını, həmçinin daim buna ibrət dərsi kimi baxmasını nəzərə alaraq B.Russell’in Roma İmperiyasının mədəniyyətə təsirilə bağlı fikirlərinin Azlogos.Eu oxucularına maraqlı ola biləcəyini düşündük və bu mətni dilimizə qazandırmağa qərar verdik.
Bertrand Russell
“Roma İmperiyasında mədəniyyət”
(“Qərb Fəlsəfəsinin Tarixi” kitabından)
Roma İmperiyası mədəniyyət tarixinə müxtəlif şəkillərdə – az və çox olmaqla təsir göstərmişdi.
Birincisi: Romanın Ellinist (Yunan – tərc.) düşüncəyə birbaşa təsiridir: bu çox mühüm və dərin təsir olmayıb.
İkincisi: Yunanıstanın və İmperiyanın şərqinin qərb hissəsinə təsiri. Bu özündə xristian dinini də ehtiva etdiyindən dərin və davamiyyətli olmuşdu.
Üçüncüsü: mədəniyyətin yayılması və insanların vahid hakimiyyətlə assosiyasiya olunan vahid sivilizasiya ideyasına vərdiş etməsində uzun sürən Roma əmin-amanlığının mühümlüyü.
Dördüncüsü: Ellin sivilizasiyasının müsəlmanlara, onlardan isə nəticə etibarilə Qərbi Avropaya ötürülməsi.
Romanın bu təsirlərindən bəhs etmədən öncə siyasi tarix barədə qısa icmal yerinə düşərdi.
Makedoniyalı İsgəndərin yürüşləri Aralıq dənizinin qərb hissəsinə toxunmadı; e.ə. III əsrin əvvəllərində orada iki güclü şəhər dövlət – Karfagen və Sirakuza hökm sürürdü. Birinci (e.ə. 264-241) və İkinci (218-201) Pun Müharibələri zamanı Roma Sirakuza şəhərini zəbt etdi, Karfagenin isə əhəmiyyətini azaltdı. II əsrdə isə Makedon monarxiyasının idarəsi altında olan Misiri – Cleopatranın ölümünə (e.ə. 30) qədər vassal şəklində qalsa da – fəth etdi. İspaniya – Hanniballa müharibə zamanı, Fransa – e.ə. I əsrin ortalarında Sezar tərəfindən, İngiltərə isə təxminən bir əsr sonra fəth olundu. Özünün ən güclü zamanında İmperiya sərhədlərini Avropada Reyn və Dunay, Asiyada Fərat çayı, Şimali Afrikada isə səhralar təşkil edirdi.
Roma imperializmi, güman ki, özünü ən yüksək şəkildə Şimali Afrikada (Müqəddəs Kiprian və Müqəddəs Augustinin vətəni kimi xristian tarixinin mühüm ərazisi) nümayiş etdirmişdi. Orada Roma dövründən nə əvvəl, nə də sonra kultivasiya edilməmiş geniş ərazilər bərəkətli torpaqlara və sıx əhaliyə malik şəhərlərə çevrilmişdi. Roma İmperiyası Avqustun cülusundan (e.ə.30-cu il) III əsr fəlakətlərinədək iki yüz ildən artıq sabit və dinc bir məkan idi.
O ərəfələrdə Roma dövlətinin qanunları əhəmiyyətli dəyişikliklərə uğradı. İlk dövrlərdə Roma, Yunanıstandakılardan çox da fərqlənməyən, xüsusilə də xarici ticarətdən çox asılı olmadığına görə Spartaya bənzəyən kiçik şəhər-dövlət idi. Homer dövrü Yunanıstanındakı kimi krallar aristokratik respublika ilə əvəzlənmişdi. Senatda təcəssüm olunan aristokratik element öz gücünü saxlasa da, tədricən ona demokratik elementlər əlavə olunmuş; nəticədə əldə olunan kompromis stoik Panaetius (sonralar həm də Polybius və Cicero) tərəfindən monarxiya, aristokratiya və demokratiyanın ideal kombinasiyası kimi qəbul edilmişdi.
Amma fəthlər kövrək balansı pozdu; bu, senatorlara saysız-hesabsız, “cəngavərlər” adlanan üst orta sinifə isə azdan-çoxdan var-dövlət gətirdi.
Bir zamanlar kiçik fermerlərin ailə əməyi ilə taxıl becərdiyi italyan kənd təsərrüfatı Roma aristokrasiyasına aid, qul əməyi ilə üzüm və zeytun becərilən iri malikanələrə çevrildi. Bütün bunların nəticəsində, dövlətin maraqları və vətəndaşların rifahı nəzərə alınmadan ayrı-ayrı fərdlərin varlanmasında həyasızca istifadə olunan Senat faktiki qüdrətə çevrildi.
E.ə. II əsrin ikinci yarısında Gracchi tərəfindən başlanılan demokratik hərəkat ard-arda baş verən vətəndaş müharibələrinə, nəhayət – tez-tez Yunanıstanda baş verdiyi kimi – tiraniyanın bərqərar olunmasına yol açdı. Yunanıstanda kiçik ərazilərlə məhdudlaşan hadisələrin iri miqyasda təkrarını görmək diqqətəlayiqdir. Yuli Sezarın varisi və oğulluğu, e.ə. 30 – e.14 illər arasında hakimiyyətdə olmuş Avqust vətəndaş müharibəsinə və (kiçik istisnalarla) xarici fəthlərə son qoydu. Yunan mədəniyyətinin yaranmasından bəri ilk dəfə antik dünya sülh və təhlükəsizliyə qovuşdu.
Yunan siyasi sistemini iki şey məhv etmişdi: əvvəla, şəhərlərin mütləq suverenlik iddiası; ikincisi, əksər şəhərlərdə varlılarla kasıblar arasında acı və qanlı münaqişələr. Karfagen və Ellin dövlətlərinin fəthindən sonra insanların birinci səbəblə bağlı narahatlığı aradan qalxdı; çünki Romaya qarşı effektiv müqavimət mümkün deyildi. İkinci səbəb isə qalırdı. Vətəndaş müharibələrində generallardan biri özünü Senatın, o birisi xalqın müdafiəçisi elan edir; qələbə isə əsgərlərinə daha yüksək mükafat boyun olan tərəfin olurdu. Əsgərlər yalnız maaş və qənimət deyil, həm də torpaq payı istəyirdi; bu səbəbdən hər bir vətəndaş müharibəsi bir qayda olaraq qalib legionerlərə yer açılması üçün dövlətin nominal icarədarı sayılan torpaq sahiblərinin qanuni qovulması ilə başa çatırdı. Müharibə zamanı xərclər varlıların edamı və torpaqlarının müsadirəsi ilə qarşılanırdı. Bu qədər fəlakət gətirməsinə baxmayaraq bu ənənəni sonlandırmaq mümkün olmurdu; nəhayət, hər kəsin təəccübünə rəğmən Avqust elə bir mütləq qələbə çaldı ki, onun hakimiyyət iddiasına etiraz edə biləcək heç bir rəqib qalmadı.
Vətəndaş müharibələrinin sona çatması Roma aləmi üçün sürpriz oldu və Senatın bəzi üzvləri istisna olmaqla hər kəsi sevindirdi. Yerdə qalan hər kəs üçün, əvvəllər yunan və makedoniyalıların, həmçinin Avqusta qədər romalıların da nəticəsiz olaraq axtardığı, nəhayət onun başçılığı ilə əldə olunan stabillik və qayda-qanun hərtərəfli rahatlıq gətirdi. Rostovsev’ə (rus-amerikan tarixçisi, antik dövrün məşhur mütəxəssisi – tərc.) görə respublika dövrünün Roması Yunanıstana “kasıblıq, iflas və müstəqil siyasi fəaliyyətlərin dayandırılmasından başqa yeni bir şey təqdim etmirdi”.

Avqust’un hakimiyyəti Roma İmperiyasının xoşbəxtlik dövrü oldu. Nəhayət ki, əyalətlərin idarə edilməsi yalnız sırf soyğunçu sistemlə deyil, əhalinin rifahına görə tənzimlənirdi. Avqust ölümündən sonra rəsmən ilahiləşdirilsə də, bəzi əyalət şəhərlərində özü-özlüyündə tanrı kimi görülürdü. Şairlər ona tərif yağdırır, tacir sinfi ümumi sülhü əlverişli hesab edir, hətta onun yalnız zahiri hörmət göstərdiyi Senat belə onu şöhrətləndirmək və yeni məqamlara yüksəltmək şanslarını qaçırmırdı.
Amma ətrafda xoşbəxtliyin hökm sürməsinə baxmayaraq, macərapərəstliyə deyil, təhlükəsizliyə üstünlük verilməsi səbəbindən həyatın bəzi dadları qaçmışdı. Qədim zamanlarda hər bir azad yunanın macəra imkanı vardı; Filip və İsgəndər buna son qoydu və Ellin dünyasında anarxik azadlıqdan yalnız makedon xanədanları yararlana bildi. Yunan dünyası öz gəncliyini itirərək ya sinik, ya da dindara çevrilməyə başladı. İdealların yer üzü qurumlarında həyata keçməsinə ümidlər azaldı və beləcə, bacarıqlı insanların da buna marağı itdi. Cənnət, Sokrat üçün öz mübahisələrini davam etdirəcəyi yer idi; elə İsgəndərdən sonrakı filosoflar üçün isə ora yerdəki mövcudiyyətlərindən çox fərqlənməliydi.
Oxşar inkişaf Romada sonralar, həm də daha ağrısız halda baş verdi. Roma Yunanıstan kimi işğala məruz qalmadı, əksinə, uğurlu imperializmə stimul qazandı. Vətəndaş müharibələri zamanı iğtişaşların səbəbkarı romalılar özü idi. Yunanlar makedoniyalılara boyun əyərkən nə sülh, nə də qayda-qanun əldə etmədilər, amma Avqustun tabeçiliyində romalılar kimi onlar da bunun hər ikisiylə təmin olundu. Avqust romalı idi, romalıların əksəriyyəti də ona yalnız üstün gücünə görə deyil, həm də könüllü surətdə tabe oldu; bundan başqa o, öz hakimiyyətinin hərbi mənşəyini maskalamağa və bunu Senatın qərarları ilə əsaslandırmağa çalışırdı. Şübhəsiz, Senatın öygüləri əsasən qeyri-səmimi idi, amma senator sinfindən kənarda heç kimi özünü alçalmış hesab etmirdi.
Romalıların əhvalı eşq macəralarından sonra hesab-kitabla evlənmiş XIX əsr Fransasındakı jeune homme rangé (ağıllanmış gənc – tərc.) kimi idi. Bu əhval-ruhiyyə qaneedici olsa da, yaradıcı deyildi. Avqust dövrünün böyük şairləri çətin zamanlarda formalaşmışdı; Horasio Filippi döyüşündən qaçmış, Vergili kimi onun da fermaları qalib əsgərlərin xeyrinə müsadirə olunmuşdu. Avqust sabitlik naminə, bir az da qeyri-səmimiliklə qədim çağlardakı möminliyi bərpaya başlayır və buna görə də istər-istəməz azad fikrə qarşı kifayət qədər ədavətlə yanaşırdı. Roma dünyası stereotipli olmağa başladı və bu proses sonrakı imperatorların zamanında da davam etdi.
Avqustun varisləri senatorlara və hakimiyyətə mümkün rəqiblərinə qarşı qorxunc qəddarlıqla rəftar etdi. O dövrün zəif idarəçiliyi müəyyən dərəcədə əyalətlərə də yayıldı; amma Avqustun qurduğu inzibati mexanizm kifayət qədər yaxşı işləməyə davam edirdi.
Ən yaxşı dövr 98-ci ildə Trajan’ın taxta çıxmasından 180-ci ildə Marcus Aurelius’un ölümünə qədər davam etdi. Bu dövrdə imperiyanın idarəçiliyi bir despotik hakimiyyətin ola biləcəyi ən yaxşı şəkildə idi. III əsr isə əksinə dəhşətli fəlakətlərlə dolu oldu. Ordu öz gücünü anladı, pul və müharibəsiz həyat müqabilində bir imperatoru taxta əyləşdirib, o birini taxtdan saldı; əvəzində isə öz döyüş effektivliyini itirdi. Şimaldan və şərqdən gələn barbarlar Roma ərazilərini işğal və talan etdi. Başı şəxsi mənfəət və vətəndaş nifaqına qarışmış ordu müdafiə üçün səriştəsiz halda idi. Resursların hədsiz azalması, eyni zamanda uğursuz müharibələrə çəkilən xərclər və ordudakı rüşvətxorluq səbəbindən maliyyə sistemi tamamilə çökdü. Müharibələrlə yanaşı yayılan epidemiyalar əhali sayını azaltdı. İmperatorluğun çöküş ərəfəsində olduğu görünürdü.
Bunun qarşısı isə iki enerjili şəxs – Diocletian (286-305) və mübahisəsiz hakimiyyəti 312-ci ildən 337-ci ilə qədər davam edən Konstantin tərəfindən alındı. O zamana imperiya da təxminən müvafiq olaraq latındilli və yunandilli areallara uyğun olaraq şərq və qərb hissələrə bölündü. İmperiyanın şərq paytaxtı, Konstantin tərəfindən adı dəyişdirilərək Konstantinopol qoyulan Bizantium seçildi. Diocletian ordunun xarakterini dəyişərək bir müddətlik cilovlaya bildi; onun zamanından başlayaraq ən effektiv döyüş qüvvələri barbarlardan – əsasən də ordunun yüksək komandanlığına yolu açılan germanlardan təşkil olundu. Bu, açıq-aşkar təhlükəli fənd idi və V əsrin əvvələrində öz təbii nəticəsini göstərdi. Barbarlar isə qərara gəldi ki, öz xeyirləri üçün döyüşmək romalı ağaları uğrunda döyüşməkdən daha sərfəlidir. Amma bütün hallarda, ordu hələ bir əsrdən çox müddətdə öz vəzifəsinin öhdəsindən gələ bildi. Diocletian’ın islahatları qısa müddətli perspektivdə nə qədər uğurlu oldusa, uzun müddətli zaman müstəvisində bir o qədər fəlakət gətirdi. Roma sistemi idarəçiliyi və vergi yığılmasını şəhərlərin və yerli məmurların özünə buraxır, mərkəzi hakimiyyət isə sadəcə hər şəhərdən əvvəlcədən müəyyən olunmuş məbləğdə vergi tələb edirdi. Bu sistem firavan dövrlərdə kifayət qədər yaxşı işləyirdi, amma indi, imperiyanın zəiflədiyi zamanda tələb olunan gəlirlər, rahatlıqla ödənilə biləcəkdən daha çox idi. Şəhər rəhbərləri vergilərə görə şəxsən cavabdehlik daşıdığından, bunu ödəyə bilməyəndə qaçıb gizlənirdi. Diocletian imkanlı vətəndaşları şəhər idarəçiliyinə məcbur edərək qaçmağı qanunazidd elan etdi. Oxşar səbəblərə görə kənd əhalisini torpağa təhkim etdi və miqrasiyani qadağan etdi. Bu sistem növbəti imperatorların zamanında da qorundu.
Konstantinin ən mühüm yeniliyi xristianlığı dövlət dini elan etməsi oldu, görünür, bunun səbəbi əsgərlərin böyük qisminin xristian olmasında idi. Bunun nəticəsi olaraq, V əsrdə germanlar Qərbi Roma İmperiyasını süquta uğradanda prestij üçün xristianlığı qəbul etdiklərindən, Qərbi Avropada antik sivilizasiyanın izləri kilsənin mənimsəyə bildiyi miqdarda qoruna bildi.
İmperiyanın şərq yarısında isə hadisələrin inkişafı başqa axarda davam etdi. Şərqi Roma İmperiyası davamlı kiçilməyinə baxmayaraq (VI əsrdə Justinian’ın müvəqqəti fəthləri istisna olunmaqla) türklərin 1453-də Konstantinopolu fəthinə qədər varlığını sürdürdü. Amma Romanın şərq əyalətlərinin əksəriyyəti, o cümlədən qərb əyalətlərindən Afrika və İspaniya müsəlmanlaşdı. Ərəblər germanlardan fərqli olaraq məğlub etdiklərinin dinini yox, sivilizasiyasını qəbul etdi. Şərqi Roma İmperiyası sivilizasiya baxımından latın deyil, yunan idi; bu səbəbdən də VII əsrdən XI əsrə qədər latın sivilizasiyasından fərqli olaraq yunan ədəbiyyatı və ümumiyyətlə yunanlara aid bir çox şey ərəblər tərəfindən qorundu. XI əsrdən başlayaraq – ilk növbətə Məğribin (Əndəlüs Əmirliyi/Xilafəti – tərc.) sayəsində – qərb itirdiyi yunan irsini tədricən bərpa etməyə başladı.
İndi isə Roma İmperiyasının mədəniyyət tarixinə dörd cəhətlə etdiyi təsirə keçək.
Romanın Yunan təfəkkürünə etdiyi birbaşa təsir. Bu e.ə. II əsrdə, iki şəxslə – tarixçi Polybius və stoik filosof Panaetius’la başladı. Yunanların romalılara təbii münasibəti ikrah və qorxunun qarışığından ibarət idi; yunanlar özünü daha mədəni, amma siyasi olaraq gücsüz hiss edirdi: onların fikrincə əgər romalılar siyasi mənada güclü idisə, bu yalnız siyasətin nəcib məşğuliyyət olmamasını göstərirdi. E.ə. II əsrin orta statistik yunanı keyf axtarışında olan, hazırcavab, ticarətdə ağıllı və ümumiyyətlə hər işdə prinsipsiz biri idi. Əlbəttə, buna baxmayaraq fəlsəfi qabiliyyətli insanlar hələ də qalırdı. Onların bəziləri – xüsusilə də Carneades kimi skeptiklər – fərasətin ciddiyyət üzərində üstünlüyünü müdafiə edirdi. Bəziləri, epikürçülər və stoiklərin bir qismi isə bütövlükdə tənhalığa qapılmışdı. Çox az qismi – Aristotelin İsgəndərlə bağlı göstərdiyindən daha uzaqgörən olanlar – başa düşürdü ki, Roma öz qüdrətini yunanlarda olmayan müəyyən məziyyətlərə borcludur.
Tarixçi Polybius təxminən e.ə. 200-ci ildə Arkadiada doğulmuş, əsir kimi Romaya göndərilmiş və bəxti üzünə güldüyündən gənc Scipio’nun dostu olmuş, onu bir çox yürüşlərdə müşaiyət etmişdi. Təhsilli romalıların yunanca bilməsinə baxmayaraq, bir yunanın latınca bilməsi nadir hallardan idi; Polybius’un həyat şərtləri onun latın dilini dərindən öyrənməsinə səbəb oldu. O, yunanlar üçün, Romanın dünyanı tutmasına təkan verən Pun müharibələrinin tarixini yazdı. Onun heyranlıqla bəhs etdiyi Roma qanunları həmin dövrlərdə artıq köhnəlmişdi, amma yenə də öz stabilliyinə və effektivliyinə görə bir çox Yunan şəhərinin tez-tez dəyişən qanunlarından daha üstün idi. Romalılar onun yazdığı tarix kitabını təbii ki, məmnuniyyətlə oxuyurdu, amma yunanların bunu eyni məmnunluqla oxuyub-oxumaması şübhəlidir.
Stoik Panaetius barədə əvvəlki fəsildə bəhs etmişdik. O, Polybius’un dostu və onun kimi gənc Scipio’nun himayəsində idi. Scipio’nun sağlığında o, tez-tez Romada olur, amma e.ə.129-cu ildə Scipio’nun ölümündən sonra Afinada qalaraq Stoik məktəbinə rəhbərlik etdi. O dövrdə Yunanıstanın artıq itirdiyi siyasi aktivlik fürsəti ilə bağlı ümidlər Romada hələ də qalırdı. Bu səbəbdən Panaetiusun doktrinaları əsasən siyasi və əvvəlki stoiklərə siniklərdən daha çox yaxın idi. Güman ki, təhsilli romalıların Platona heyranlığını görməsi onun stoik sələflərinin doqmatik darlığından imtina etməsinə səbəb olmuşdu. Onun və xələfi Posidonius’un geniş təqdimatı səbəbindən stoisizm ciddi romalılara böyük təsir buraxmışdı.
Sonrakı dövrdə əslən yunan olan Epiktetus həyatının böyük hissəsini Romada keçirdi. Roma onu əsərlərində çəkdiyi nümunələrin əksəriyyəti ilə təmin edirdi; o, daim müdrik insanları imperatorun qarşısında əsməməyə çağırırdı. Epiktetus’un imperator Marcus Aurelius’a təsiri barədə məlumatlarımız var, amma onun yunanlara təsirinin olub-olmamasını öyrənmək müşküldür.
Plutarch (46-120) özünün “Salnamə”sində hər iki ölkənin görkəmli şəxsləri arasında paralellər aparır. O, Romada əhəmiyyətli zaman keçirmiş, imperatorlar Hadrian və Trajan tərəfindən mükafatlandırılmışdı. “Salnamə” əsərindən əlavə fəlsəfə, din, təbiətşünaslıq və əxlaq barədə də kitablar yazmışdı. Onun “Salnamə” əsəri açıq-aydın surətdə düşüncələrdə Yunanıstan və Romanı uzlaşdırmaq qayğısı ilə yazılmışdı.
Ümumilikdə isə, bu cür müstəsna şəxsləri çıxsaq, Roma, imperiyanın yunandilli hissəsinə zərər vurdu. Düşüncə də, sənət də tənəzzül etdi. II əsrin sonuna qədər imkanlı şəxslər üçün hələ ki, həyat xoş və rahat gedirdi; gərginliyə təşviq edəcək bir səbəb yox idi, hətta böyük nailiyyətlər üçün kiçik fürsətlər də ələ düşürdü. Tanınmış fəlsəfə məktəbləri – Akademiya, peripatetiklər, epikurçular və stoiklər 529-cu ildə xristianların böhtanları sayəsində Justinian tərəfindən bağlanana qədər fəaliyyət göstərdi. Amma bunların heç biri – növbəti fəsildə barələrində bəhs edəcəyimiz III əsr neoplatonistlərdən başqa – Marcus Aurelius zamanından sonra heç bir həyat işarələri göstərmədi; neoplatonistlərə isə Romanın elə bir təsiri yox idi. İmperiyanın “latın” və “yunan” yarımhissələri get-gedə bir-birlərindən daha çox fərqlənir; qərb hissəsində yunanca bilənlərə nadir hallarda rastlanır, şərq hissəsində isə Konstantindən sonra latın dili yalnız hüquq və orduda istifadə olunmağa davam edirdi.

Yunanıstanın və şərqin Romaya təsiri. Burda iki çox fərqli məsələ nəzərə alınmalıdır: birincisi Ellin sənəti, ədəbiyyatı və fəlsəfəsinin yüksək təhsilli romalılara təsiri; ikincisi, qeyri-Ellin din və mövhumatın qərb dünyasında yayılması.
(1) Romalılar yunanlarla ilk təmas zamanı özlərinin daha barbar və qaba olduqlarını dərk etdi. Yunanlar əksər sahədə onlardan müqayisəyəgəlməz dərəcədə yüksək idi: kənd təsərrüfatının texnikası və istehsalında; yaxşı məmurun bilməli olduğu məlumatlarda; söhbət etmək və həyatının dadını çıxarmaq bacarıqlarında; sənətdə, ədəbiyyatda və fəlsəfədə. Romalıların üstün olduğu sahələr isə yalnız hərbi taktika və sosial təşkilatlanma idi. Romalıların yunanlara münasibəti prussiyalıların fransızlara 1814-1815-dəki münasibətini xatırladırdı; amma sonuncu müvəqqəti hal idisə, digəri uzun zaman davam etmişdi. Pun müharibələrindən sonra gənc romalılar yunan heyranına çevrildi. Onlar yunan dili öyrənməyə, yunan memarlığının surətini çıxarmağa, yunan heykəltəraşlarını dəvət etməyə başladılar. Roma tanrıları yunan tanrılarına uyğunlaşdırıldı. Homer mifləri ilə bağlantı yaratmaq üçün romalıların Troya mənşəli olduğu uyduruldu. Latın şairləri yunan vəznlərini mənimsəməyə, latın filosofları yunan nəzəriyyələrini rəhbər tutmağa başladı. Roma axıra qədər Yunanıstanın mədəni paraziti oldu. Romalılar nə sənətdə yeni formalara, nə fəlsəfədə yeni sistemə, nə də elmi kəşflərə imza atdı. Onlar yaxşı yol çəkə, sistematik qanun məcələlləri yarada və effektiv ordu qura bilirdi; qalan hər şeydə Yunanıstana üz tuturdular.
Romanın ellinləşməsi özü ilə Yaşlı Cato’nun ikrah duyduğu müəyyən yumşaq davranışlar da gətirdi. Pun müharibələrinə qədər romalılar kəndli məziyyət və qəbahətlərinə malik çobanlar idi: sərt, zəhmətkeş, qəddar, inadkar və küt. Onların ailə həyatı stabil idi və bütövlükdə ata hökmranlığı əsasında qurulmuşdu; qadınlar və uşaqlar tamamilə tabeçilikdə idi. Qəfildən axan sərvət bütün bunları dəyişdi. Kiçik ailə təsərrüfatları tədricən yoxa çıxaraq kənd təsərrüfatının yeni elmi növlərinin tətbiqi üçün qul əməyindən istifadə edilən iri malikanələrlə əvəz olundu. Böyük tacir sinfi meydana çıxdı və xeyli insan XVIII əsr İngiltərəsindəki naboblar (nəvvablar – koloniyalarda şübhəli üsullarla varlananlar – tərc.) kimi soyğunçuluqla zənginləşdi. İsmətli qul olan qadınlar azad və pozğun oldu; boşanmalar adiləşdi; varlılar uşaq sahibi olmağı dayandırdı. Oxşar yolu əsrlər öncə keçmiş yunanlar öz nümunələri ilə tarixçilərin əxlaq tənəzzülü adlandırdığı şeyə təşviq edirdi. Amma hətta imperiyanın ən azğın zamanlarında belə orta statistik romalı Romanı dekadent yunan pozğunluğunun qarşısında saf əxlaq standartlarının müdafiəçisi olaraq görürdü.
Yunanıstanın Qərbi Roma İmperiyasına təsiri III əsrdən başlayaraq sürətlə azalmağa başlayırdı, bunun əsas səbəbi isə ümumiyyətlə gedən mədəni tənəzzül idi. Əslində bunun səbəbləri çox idi, amma biri mütləq qeyd olunmalıdır. Qərbi İmperiya özünün son dövrlərində əvvəlki dövrlərlə müqayisədə daha açıq-aşkar hərbi tiraniyaya çevrilmişdi, ordu daim uğurlu generallar arasından birini seçib imperator edirdi; ordunun isə hətta yüksək ranqları belə əvvəlki dövrlərdəki kimi təhsilli romalılardan deyil, ucqarlardakı yarı-barbarlardan təşkil olunmuşdu. Bu qaba hərbçilərin mədəniyyətdən başı çıxmır, mədəni vətəndaşlara isə istisnasız olaraq gəlir mənbəyi kimi baxırdılar. Ayrı-ayrı şəxslər təhsili dəstəkləmək üçün çox yoxsul idi, dövlət isə təhsili mənasız bir şey kimi görürdü. Nəticədə Qərbdə yalnız təkəmseyrək müstəsna savadlı şəxslər yunanca mütaliəni davam edirdi.
(2) Qeyri-Ellin dinlər və xürafatlar isə əksinə, get-gedə Qərbdə öz mövqelərini daha da möhkəmləndirirdi. Biz artıq bilirik ki, İsgəndərin yürüşləri yunanları Babil, İran və Misir inancları ilə necə tanış etmişdi. Eləcə də Roma fəthləri sayəsində qərb dünyası o təlimlərlə, o cümlədən yəhudilərin və xristianların dinləri ilə tanış olmuşdu. Sonrakı fəsillərdə yəhudilər və xristianlar barədə bəhs edəcəyimdən, indi mümkün qədər bütpərəst inancları üzərində dayanmağa çalışacam.
Romada hər bir təriqətin və hər bir peyğəmbərin təmsilçisi vardı və bəzən ən yüksək hökumət çevrələrinin lütfündən yararlanırdılar. Yaşının azlığına baxmayaraq sağlam skeptizm tərəfdarı olan Lucian, Paflaqoniyalı Alexander adlı peyğəmbər və ovsunçu barədə əsasən doğru olduğu qəbul edilən məzəli bir əhvalat nəql edir. Bu adam xəstələrə şəfa verir və bəzən də şantaja əl ataraq gələcəkdən xəbər verirmiş. Onun şöhrəti Dunay çayında markomanlarla döyüşən Marcus Aurelius’un da qulaqlarına çatır. İmperator qələbə çalmağın yolları ilə bağlı onunla məsləhətləşir və o, böyük qələbənin iki şiri Dunay çayına atmaqla əldə oluna biləcəyini söyləyir. İmperator ovsunçunun tövsiyyəsinə qulaq assa da, qələbə markomanların tərəfində olur. Bu uğursuzluğa baxmayaraq Alexander’in şöhrəti artmaqda davam edir. Konsul mənsəbində olan görkəmli romalı Rutilianus, onunla bir çox məsələ, o cümlədən arvad seçimi ilə bağlı məsləhətləşir. Sən demə Alexander’in də Endimion (Qədim Yunan miflərinin qəhrəmanı – tərc.) kimi Ayla izdivacdan bir qızı varmış və Rutilianus’a onu məsləhət görür. “O zaman 60 yaşı olan Rutilianus ilahi göstərişə dərhal əməl edir və evliliyini müqəddəs qaynanasının şərəfinə bütöv bir öküz sürüsünü qurban kəsməklə qeyd edir.”
Paflaqoniyalı Alexander’in əhvalatı, Suriyada Günəş məbədinin kahini olmuş və sonradan ordu tərəfindən imperator seçilmiş (218-22) Heliogabalus’un hakimiyyətinin yanında kölgədə qalır. Onun Suriyadan Romaya asta templə yürüşündən əvvəl Senata hədiyyə göndərilmiş portreti çatmışdı.”O, rəsmdə Midiya və Finikiya dəbində geniş, dalğalanan ipəkli-qızıllı kahin əbasında təsvir olunmuşdu; başını hündür dini tac, çoxlu yaxalıq və boyunbağılarını isə qiymətəgəlməz daş-qaşlar bəzəyirdi. Qaşlarına sürmə, yanaqlarına ağ və qırmızı rəngdə ənnik-kirşan çəkilmişdi. Ağırtaxta senatorlar ah çəkərək etiraf edirdi ki, öz həmyerlilərinin uzun sürən sərt tiraniyasından sonra, Roma nəhayət Şərq despotizminin nərmənazik dəbdəbəsi tərəfindən ram edilmişdi.” O, ordunun böyük qismi tərəfindən dəstək alaraq fanatik canfəşanlıqla Romanı şərq dini təlimlərilə tanış edirdi; Heliogabalus adı onun baş kahin olduğu Emesa şəhərində sitayiş olunan Günəş tanrısının adı idi. Əslində real hakimiyyəti əlinə keçirən anası, ya nənəsi onun bu işlərdə çox uzağa getdiyini düşündüyündən taxta onun daha mötədil şərq təmayüllü yegəni Alexander’i (222-35) çıxarır. Onun şəxsi məbədi həmin dövrə xas məzhəb həftəbecərliyini göstərir – orada İbrahimin də, Orfeyin də, Tyana Apollonunun da, Məsihin də heykəli qoyulmuşdu.
Xüsusilə də III əsrin ikinci yarısında xristianlığın əsas rəqibi İran mənşəli Mitraizm idi. Ordunu nəzarətdə saxlamaq üçün çarəsiz cəhdlər edən imperatorlar ehtiyac duyulan sabitlik üçün dinin çox əlverişli olduğunu hiss edirdi; amma bu, yeni dinlərdən biri olmalıdı idi, çünki əsgərlər bu dinlərə inanırdı. Mitraizmin Romada tətbiqinə başlanıldı; bu inancda hərbi zehniyyəti cəlb edəcək xeyli şey də vardı. Mitra da Günəş tanrısı idi; amma suriyalı həmkarı kimi nərmənazik deyil, savaşla – özü də İranda Zərdüşt zamanından başlayaraq etiqad olunan xeyir və şər arasındakı böyük savaşla məşğul olan tanrı idi. Almaniyanın Heddernheim şəhərində yeraltı ziyarətgahda tapılan, Mitraya ibadəti əks etdirən barelyefi təqdim edən Rostovtsev göstərir ki, yalnız şərqdə deyil, qərbdə də əsgərlər arasında bu təlimin xeyli ardıcılı mövcud imiş.
Konstantinin xristianlığı qəbul etdirməsi, özündən əvvəlkilərin yeni din tətbiq etməsi cəhdləri ilə müqayisədə siyasi mənada daha uğurlu oldu; amma hökumətin nöqteyi-nəzərindən bunlar bənzər cəhdlər idi. Onlar hamısı Romanın müsibətləri və yorğunluğu üzərində uğurlu ehtimal axtarırdı. Yunanıstan və Romanın ənənəvi inancları yer üzü ilə maraqlanan, yerdəki xoşbəxtliyə inanan insana uyğun idi. Asiya isə özünün uzun sürən ümidsizlik təcrübəsi ilə o dünya ilə bağlı ümidlər üçün daha təsirli dərmanlar yarada bilmişdi; bunların isə arasında təsəlli vermək baxımından ən effektivi xristianlıq idi. Amma xristianlıq dövlət dini olana qədər Yunanıstandan xeyli şeyi canına çəkmişdi və iudaizm elementləri ilə birgə onları da növbəti əsrlər üçün Qərbə ötürdü.
Hökumət və və mədəniyyətin bütövləşməsi. Biz Minoy mədəniyyətindən fərqli olaraq Yunanıstanın böyük çağlarındakı nailiyyətlərin yer üzündən silinmədiyi üçün əvvəla İsgəndərə, sonra isə Romaya borcluyuq. Əgər Çingiz xan kimi biri V əsrdə ortalığa çıxsaydı Ellin dünyası üçün əhəmiyyətli olan hər şeyi silib-süpürər; əgər Kserks azca da qüdrətli olsa və etdiyi hücumlar dəf edilməsəydi Yunan sivilizasiyasının sonrakı dövrünü xeyli zəiflədərdi. Esxildən Platona qədər dövrə baxın: o dövrdə görülən bütün işlər bir neçə ticarət şəhərində yaşayan azlıq tərəfindən edilib. Sonrakı dövrlərdə göründüyü kimi bu şəhərlər böyük xarici yürüşlərə qabil deyildi, amma bəxtlərinin fövqalə şəkildə gətirdiyindən onları fəth edən makedoniyalılar da, romalılar da bu mədəniyyətin heyranı idi və bu mədəniyyəti Kserks, ya da Karfagenin edə biləcəyi kimi məhv etmədi. Bu gün biz yunanların sənətdə, ədəbiyyatda və fəlsəfədə etdikləri ilə tanışıqsa, bu, qərbli fatehlərin öz idarələrində olan bu mədəniyyətə sağlam düşüncəli heyranlığı və əllərindən gələn qədər qoruduğuna görədir.
İsgəndərin və romalılıarın təsiri ilə yunanlar hansısa baxımdan – siyasi və etik mənada – müstəqil olduqları zamanlara nisbətən daha yaxşı fəlsəfə yarada bildi. Stoiklər bildiyimiz kimi insanların qardaşlığına inanır və öz rəğbətlərini yunanlarla məhdudlaşdırmırdı. Uzun sürən Roma hakimiyyəti insanları vahid hökumətin idarəsində vahid sivilizasiya ideyasına öyrəşdirdi. Dünyada Romaya tabe olmayan – xüsusilə Hindistan və Çin kimi əhəmiyyətli bölgələr olduğunun fərqindəyik. Amma romalılara elə gəlirdi ki, imperiyadan kənarda yalnız qeyri-müəyyən vəhşi tayfalar yaşayır, onları isə istədikləri zaman bir az səylə ram edə bilərlər. Romalıların düşündüyünə görə əslində və ideya baxımından imperiya ümumdünya miqyaslı idi. Bu konsepsiya sonra kilsəyə ötürüldü; hansı ki, buddizmdən, konfusianizmdən və (sonralar) islamdan fərqli olaraq “katolik” (yunanca “cahanşümul” – tərc.) idi. Kilsənin son stoiklərdən mənimsədiyi Securus judicat orbis terrarum (yer üzünün hökmünə güvən – tərc.) prinsipi öz cəlbediciliyini Roma İmperiyasının bariz cahanşümulluğuna borcludur. Böyük Karldan başlayaraq kilsə də, Müqəddəs Roma İmperiyası da öz ideyasına görə cahanşümul idi – baxmayaraq ki, əslində bunun o qədər də belə olmadığından hər kəs xəbərdardı. Vahid bəşər ailəsi, vahid katolik kilsəsi, vahid universal mədəniyyət və vahid dünya dövləti ideyası – bütün bu konsepsiyalar insanlığın düşüncəsini Romanın bunu təqribi reallaşdırmasından başlayaraq məşğul edib.
Sivilizasiyanın yayılmasında Roma olduqca böyük rol oynadı. Şimali İtaliya, İspaniya, Fransa və Qərbi Almaniyanın bir hissəsi Roma legionlarının istilası səbəbilə mədəniləşdi. Bütün bu bölgələr elə Romanın özü səviyyəsində yüksək mədəniyyətə qabil olduqlarını sübut etdilər. Qərbi İmperiyanın son günlərində Qalliya ən azından qədim sivilizasiyaların mövcud olduğu bölgələrdə yaşayan müasirlərinə bərabər insan yetişdirə bilirdi. Məhz Romanın mədəniyyəti yayması sayəsində barbarlar əbədi qaranlıq deyil, müvəqqəti qüruba səbəb ola bildilər. İddia etmək olar ki, sivilizasiyanın keyfiyyəti bir daha Perikles Afinasındakı səviyyəyə çatmadı; amma müharibələr və dağıntılar dünyasında, uzunmüddətli zaman kəsimində kəmiyyət demək olar ki, keyfiyyət qədər mühümdür; bu kəmiyyət isə Roma sayəsində əldə edildi.
Müsəlmanlar – Ellinizmin ötürücüləri kimi. VII əsrdə peyğəmbərin ardıcılları Suriyanı, Misiri və Şimali Afrikanı, növbəti əsrdə isə İspaniyanı fəth etdi. Onlar çox da döyüşmədən, asanlıqla qələbələr çalırdı. İlk illər istisna olmaqla, onlar o qədər də fanatik sayılmazdı; xristianlar və yəhudilər xərac verməklə rahat buraxılırdı. Çox tezliklə ərəblər Şərqi İmperiyanın mədəniyyətini mənimsədi; özü də bu tənəzzül yorğunluğu ilə deyil, yüksələn siyasi ümidlərlə baş verirdi. Onların savadlı şəxsləri yunanca oxuyur və şərhlər yazırdı. Aristotel onların sayəsində nüfuz qazandı; antik çağda o, nadir hallarda xatırlanır və Platon səviyyəsində sayğı görmürdü.
Ərəb dilindən qəbul etdiyimiz sözlər diqqətəlayiqdir: cəbr, alkohol, əlkimya, alambik, alkali, azimut, zenit. “Alkohol”u çıxsaq – ki, əslində o da içki deyil, kimyada istifadə olunan bir maddəni ifadə edirdi – bu sözlər bizim ərəblərə nələrə görə borclu olduğumuz barədə təsəvvür yaradar. Cəbr, İsgəndəriyyədəki yunanlar tərəfindən icad olunmuş, müsəlmanlar tərəfindən isə xeyli inkişaf etdirilmişdi. Əlkimya, alembik, alkali sözləri adi metalları qızıla çevirmək cəhdi ilə əlaqəlidir; bu cəhdləri ərəblər yunanlardan öyrənmiş və tətbiq etdikləri zaman da yunan fəlsəfəsinə istinad edirdilər. Azimut və zenit astronomik terminlər idi, ərəblər bunu əsasən astronomiya ilə əlaqəli istifadə edirdi.
Etimoloji metod Yunan fəlsəfəsinə dair biliklərimizə görə ərəblərə borcumuzu gizlədir, çünki bu sahə Avropada yenidən öyrəniləndə texniki terminlər yunanca və latıncadan götürüldü. Fəlsəfədə ərəblər daha çox yaxşı şərhçi idi, nəinki orijinal mütəfəkkir. Onların bizim üçün mühümlüyü ona görədir ki, Yunan ənənəsinin yalnız Şərqi İmperiyada yaşadılan qisminin birbaşa varisçiləri xristianlar deyil, onlar idi. Müsəlmanlarla İspaniyada, bir az da Siciliyada əlaqələr vasitəsilə Qərb Aristoteldən, ərəb rəqəmlərindən, cəbr və kimyadan xəbər tutdu. XI əsrdə elmin dirçəlişinə təkan verən və sonra sxolastik fəlsəfəyə gedən yol da bu əlaqələrin nəticəsi idi.
Yalnız sonralar, XIII əsrdən başlayaraq yunancanın öyrənilməsi sayəsində Platon, Aristotel və antik dövrün digər yunan müəlliflərinə birbaşa çıxış mümkün oldu. Amma bu ənənə ərəblər tərəfindən qorunmasaydı çətin ki, İntibah dövrünün adamları klassik elmin dirçəldilməsiylə nələr əldə edilməsinin mümkünlüyündən xəbər tutardı.
Tərcümə: Firudin Allahverdi