“Buker” mükafatı laureatı, “Qız, qadın, başqaları” kitabının müəllifi Bernardin Evaristo sənətin universal həqiqətləri analiz etməkdəki bənzərsiz gücüylə bağlı yazarkən, bütün ingilis vətəndaşlarının hekayələrini ön plana çıxara bilən, daha əhatəli bir ədəbi mədəniyyətdə toplaşmağa çağırış edir.
Bu ilin yanvar ayında, 90-cı illərdə eyni şeir çevrələrində olduğumuzdan bəri tanıdığım şair Rocer Robinson sonuncu şeir kitabı “Səyyar cənnət”lə İngiltərənin ən prestijli şeir mükafatı “T.S. Eliot poeziya mükafatı”nı qazandı. O, bu mükafatı qazanan ilk qaradərili ingilis, onu qazanan ikinci qaradərili və mükafatın verildiyi 1993-cü ildən bəri onu qazanan dördüncü bəyaz olmayan şəxsdir. Onun bu uğuru məni çox sevindirdi, bəzi cəhətlərini görə ötən il qazandığım “Buker” mükafatını da yenidən düşündürdü, ikimiz də on illərdir ədəbiyat komitetlərinin qapısına ayaq döyürük və bu mükafatlar birdən-birə bizim ədəbiyyatımızı ön plana çıxardı. Rocerin şeir kitabı əsl bizim ehtiyacımız olan növdədir, çünki ingilis cəmiyyəti “Black Lives Matter”[1] hərəkatının yenidən canlanmasıyla bu sahillərdə hakim olan bərabərsizliyin fərqinə varmağa məcbur oldu.
Rocerin mövzuları “Qrenfel Qülləsi yanğını”ndan[2] oğlunun erkən doğumuna qədər uzanır. Karib əsilli qaradərili bir ingilis kişisi olaraq daxili mənliyini bölüşərək onun humanistliyinə qoşulur və müdafiəsiz qalmaqlarını, dünyagörüşünü, təcrübələrini, həssaslığını və baxış bucağını başa düşə bilirik. Amerika Corc Floydun öldürülməsiylə yanğına düşdü və Afrikalı amerikalıların tarix boyunca de-humanizasiyasından qaynaqlanan sistematik irqçiliyin, polis zorakılığının zəhərli aysberqinə çevrildi. Transatlantik kölə ticarətinin başlanğıcına qədər geri getsək, tarix bizə göstərəcək ki, bir ideologiya kimi irqçilik Afrikadakı ticarəti Yeni Dünyaya haqlı çıxarmaq üçün inkişaf etdirilib. Əgər Afrikalılar sadəcə yarı-insan, insandan daha çox meymun olaraq qəbul edildisə, onda onları əsrlər boyu heç bir ödəniş etmədən yük heyvanı kimi işlətmək əxlaqi cinayət kimi sayıla bilməzdi. Əfsus ki, bu gün də rasist status-kvonu davam etdirənlərin ruhlarının dərinliyinə hopmuş, hətta bəlkə də çox da dərinə hopmamış bu ideologiyanın mirasıyla yaşayırıq.
Eynilə Rocer kimi mən də İngiltərədə kim olduğumuzu ifadə edən narrativləri genişlətməkdə həvəsliyəm. “Qız, qadın, başqaları” adlı romanım müəyyən mənada bir-birinə bağlı olan 19 və 93 yaşlarında 12 qaradərili qadını, onların bir-birlərindən fərqlənən cinsi kimliklərini, siniflərini, mədəni inkişaflarını, peşələrini, ailə münasibətlərini əhatə edir. Uzun müddətdir şüarım belədir: Heçə sayılanları görünən etmək. Qaradərili ingilis qadınlar mənə bu romanlar birlikdə “görüldük”lərini söylədilər, üstəgəl, hər cür fərqli insan mənə bəzi həyat hekayələrimiz və təcrübələrimizlə bağlı bilgi qazandıqlarını, o cümlədən, xarakterlərin duyğusunu bölüşdüklərini, hətta onlarla bağ qurduqlarını danışdılar.
Bunlar ədəbiyyatın bizi-birimizə bağlaya bilməsini, insanlığımızın ortaq cəhətlərini dəstəkləyə və ifadə edə biləcəyini başa düşməyimə yardımçı oldu. Bu ölkədəki təcrübələrimiz spesifik ola bilər, ancaq sənət vasitəsilə insan olmağın nə demək olduğuyla bağlı universal həqiqətləri analiz edə bilərik. Buna görə də sənətimizin, mədəniyyətimizin və cəmiyyətimizin hamını əhatə edən olması çox vacibdir. İngilislər üçün özlərini Amerikanın qlobal şəkildə gücləndirilmiş irqi dramlarının miqyası qarşısında əxlaqi olaraq üstün hiss etməsi və daha zərif formada qeyri-müəyyən olan, fəqət onlardan çox da geri qalmayan öz əyər-əskiklərini görməzdən gəlməkləri həmişə asan olub.
Mövcud “ikinci dalğa” bir az da “Black Lives Matter” hərəkatının nəticəsidir və burada, Birləşmiş Krallıqda öyrənmək üçün qaradərili yazıçıların kitablarını oxumaq arzusunu dilə gətirən bəyaz insanların əvvəllər heç vaxt olmamış dərəcədə cəmiyyət ruhunu anlamaq cəhdidir. Niyyətin dalınca əməl də gəlsə, qaradərili ingilis yazıçıların son kitablarından bəziləriylə kontakta girmək mütləq oxuculara təsir edəcək. Feminizmi Afrikalı baxış bucağından radikal bir gözlə analiz edən Minna Salaminin “Həssas bilgi” kitabını məsləhət görürəm. Digər məsləhət gördüyüm kitablar bunlardır: Derek Bardovelin yarış və idmanla bağlı yazdığı “Qalibsiz yarış”, Afua Hirşin irq, kimlik və aidlik məsələlərini araşdıran “Brit(ish)” kitabı, Conni Pitsin on il boyunca bizi qara Avropada səyahətə çıxaran “Afropean: Qara Avropadan qeydlər”i, Cefri Boakyinin qaradərili ingilis mədəniyyətinin əyləncəli leksik araşdırması olan “Black, Listed” kitabı, Çelsi Kvakye və Ore Oqunbiyinin birlikdə yazdıqları, bəyaz qadınların çoxluqda olduğu bəyaz universitetlərdəki təcrübələriylə bağlı tərtib edilmiş silsilə esserlərdən ibarət “Yer almaq: Qara qızın dəyişiklik manifesti” adlı kitab və Kevin Maksvelin yazdığı Britaniyada ədliyyəsində qara, homoseksual bir detektiv olaraq kariyerasının yeni və şok yaradan tərəflərini ifadə etdiyi “Forced Out” kitabı. Bunlar kimi çox kitab var, ancaq hamısını hesaba qatsaq belə, kitab bazarının çox cüzi hissəsi edir.
Əfsus ki, indi romanlar non-fikşn kitablardan geri qalır. Mənim “Buker”i qazanmağın və sayısı bir əlin barmaqlarını keçməyən başqa yazıçıların uğuru o demək deyil ki, savaşı qazanmışıq. Əksinə. Hər il qaradərili ingilis yazıçıların yazdığı romanlar ikixanalı rəqəmlərə güclə çatır. Bu, uzun müddətdir davam edən problemdir. Bədii ədəbiyyat oxuyanların empati qurmağa daha yatımlı olduğunu bilirik, çünki özlərindən fərqli olan ədəbi personajların dünyasına addım atmaqda daha təcrübəlidirlər. Bu o demək deiyl ki, romançılar insanları tərbiyə etmək üçün yazırlar, ancaq bunun yaradıcı cəhdlərimizin yan məhsul ola biləcəyini qəbul edirik. Biz romançılar xarakterlərimizin səmimi həqiqətlərini təsəvvür edir, kim olduqlarının mahiyyətini anlamağa çalışırıq, əsər boyunca böyüyən və dəyişən daxili güclərini test edirik. Ən yaxşı yazıçılar şəfqət və özünüdərk müstəvisində xarakterlər yaradırlar, çünki hamımız güclü-zəif cəhətləri olan və aradakı başqa şeylərə də sahib olan çoxtərəfli varlıqlarıq.
Buna görə də bədii ədəbiyyat insan psixologiyası və davranışlarını araşdırmağın inanılmaz dərəcədə təsirli yoludur, beləcə o, bir-birimizi dərindən başa düşməyimizə imkan yaradır. Vəziyyət belədirsə, demoqrafik həqiqətlərimizə xitab edən daha çox roman görməməyimiz çox üzücü və narahatlıq doğuran məsələdir. Digər tərəfdən, qaradərililiyin klişeləşmiş ifadəsinə, ya da basmaqəlib ağrı və məzlumluq məcazlarına yapışıb qalmağın da mənası yoxdur. Biz burada acınmaq, problematikləşdirilmək, patologiya sayılmaq üçün deyilik. Ədəbiyyat, xüsusilə də – bütün vizual sübutlar başqa cür olduğunu göstərsə də, ictimai sahələrdə qaradərili kişilər üçün təhlükəli cinayətkarlar, böyük ehtimalla oğrular şəklində – bəzi klişelərə söykənən ehtimallar qarşısında, insanlığımızı göstərmək və dərk edilən fərqlilikləri aşmaq gücünə sahibdir. Elə bilirəm, naşirlərin qaradərililərdən daha çox roman çap etməli olduğunu və bu mərhələdə bunun üçün müxtəliflik kampaniyalarına böyük lüzum qalmayacağını deməyə ehtiyac yoxdur. Üstəlik, sənaye bizdən artıq nə edilməli olduğunu soruşmamalı, digər qaradərili insanlarla yan-yana, qaradərililərlə dolu bir salona xitab edərək müxtəliflik panellərində oturmağımızı istəməməlidir, bunların heç bir sənayeni kənardan dəyişdirə bilməz. İyirmi ildir bu panellərdəyəm, amma artıq getmirəm. Müxtəlifliklə bağlı iqtisadi, mədəni, yaradıcı və əxlaqi mübahisəni uzun müddət əvvəl qazanmışıq. Dışlamaq anlayışını dəyişdirməli olanların ədəbiyyatın qapı güdənləri olması məlumdur və əksəriyyətimiz birbaşa subyekti olmasaq da, sistematik irqçiliyə qarşı bizdən çözüm istəyənlərdən bezmişik.
Müzakirəyə açığıq, amma niyə həmişə bu qədər təktərəfli olmalıdır? Bu, kiminsə qapını üzünüzə çırpandan sonra niyə dışlanmış hiss etdiyinizi ona izah etmək və “neyləmək olar?” mövzusunda danışmaq üçün poçt qutusunun deşiyindən içəri baxmağınızı xahiş etməsinə oxşayır. Tətbiq olunmağa dəyən hər hansı əməli plan sənayenin ədalətli görünmək tələsinə düşmədən cəmiyyətimizi əks etdirməyə nail olmaq üçün praktik addımlar təklif etməlidir. Yaxşı görünən bir mətbuat bülleteni çap etdirmək, ya da qəti reallaşmayacaq bir dəyişiklik vəd edən tvit yazmaq yetərli deyil. Qərar masasında sizə ayrılmış bircə stulda təkbaşına, yetərincə eşidilmək üçün çabalamağa məcbur qalmaqdan bezdik. Yuxarıdan aşağıya enən əhatəlilik və toplantı otağından zirzəmiyə qədər olan həqiqi inteqrasiya gediləsi yeganə yoldur.
Dürüst olsaq, kitabları nəşr olunan qaradərili yazıçıların əksəriyyəti indi qadın həmkarlarıyla eyni dərəcədə maraq doğurmur, onların uğurlarını təbrik etməli və sənətlərinin gözdən yayınmamasından əmin olmalıyıq. Pol Mendezin “Göyqurşağı südü” kitabı başlamaq üçün çox yaxşıdır: Londonda yaşamaq üçün Qaradərili Ölkəsindən, Yehova Şahidlərindən qaçan gənc, qaradərili, homoseksual bir kişi haqqında olduqca cəsur və zəngin bir yetkinliyə keçid romanıdır. Mən və Rocer Robinson kimi veteranlardan, Pol Mendez kimi blokdakı təzə uşaqlara qədər uzanan ədəbi kültürümüzü bütün vətəndaşların hekayələrini ön plana çıxarmağı bacaran bir mədəniyyətə çevirək. Yaxşı ədəbiyyat hamı üçün – hər kəsdən hər kəsə – sənayenin bələdçi prinsipi olmalıdır.
Tərcümə etdi: Qismət
[1] 2013-cü ildə yaradılmış, qaradərililərə qarşı irqçi davranışlara etiraz edən aktivist hərəkat.
[2] 2014-cü il, iyunun 14-də Londonda baş vermiş yanğın. 24 mərtəbəli binadakı yanğında əksəriyəti Afrikadan və Yaxın Şərqdən gələn 71 nəfər həlak olmuşdu.