Azərbaycanın siyasi arenasındakı durğunluq nəticəsində yerli ictimaiyyət digər ölkələrdə baş verən proseslərə daha böyük diqqət ayırır. Bu günlərdə Belarus hadisələri ilə bağlı baş verənlərə duyulan maraq kimi. Müvafiq olaraq cəmiyyətdə (ən azından onun aktiv təbəqəsində, sosial şəbəkələrdə) bu hadisələr ciddi müzakirə olunur. Bir çox hallarda hətta indiki Belarus hakimiyyəti dəstəklənir və s.
Bununla bağlı həmçinin çoxlu sayda müqayisələr də aparılır. İnsanların təsəvvüründə Belarus Azərbaycan ilə müqayisədə daha yaxşı yaşayan ölkə hesab olunurdu (hətta bu yaxınlarda sosial şəbəkədə kimsə yazmışdı ki, Belarusda intiharlar olmur. Reallıqda intiharların sayına görə dünyada 5-ci, Avropada isə 3-cü yeri tutur. Deyilənə görə bu ilin əvvəlindən 400-dən çox intihar hadisəsi baş verib). Ona görə də insanlar bir çox hallarda bu etirazların səbəbini yalnız siyasi müstəvidə görməyə çalışırlar. Baxmayaraq ki, reallıqda Belarusda iqtisadi problemlər də çoxdur (dövlət müəssisələrinin effektivliyi, istehsal məhsuldarlığı, Rusiyanın neft tranzitinə görə ödənişləri, dövlət borcu və s.). Ölkəmizdə isə Belarus haqqında oturuşmuş ümumi təsəvvür bir qədər başqadır. Bu təsəvvürü həmçinin orada yaşayan azərbaycanlılar da formalaşdırır. Onların sayı çox deyil (sonuncu məlumata görə 5-6 min və hər il 300-400 Azərbaycan vətəndaşı Belarusa gəlir) və nisbətən yaxşı yaşayırlar (şəxsən və tez-tez eşitmişəm).
Bu məqamda bir çox azərbaycanlı aktivist və tədqiqatçını bir sual düşündürür: “Bizdəki çoxsaylı iqtisadi problemlərə baxmayaraq, nəyə görə Azərbaycanda bu, baş vermir?”. Seçkilərdə aktivlik, etiraz aksiyalarının miqyası kimi mövzular da giley səbəbidir. Etirazlar, əlbəttə ki, boş yerdən yaranmır və ona gətirən səbəblər bir çox hallarda kompleks olur. İqtisadçı Rövşən Ağayev öz fb səhifəsində maraqlı məlumat paylaşmışdı. Onun sözlərinə görə, “Belarusda dəyişiklik istəyən etirazçıların avanqardı gənclərdir” (misal üçün, məşhur 3% memi məhz yerli, aparıcı internet-saytların birində keçirilmiş sorğu ilə bağlıdır. Burada isə əsasən gənclər iştirak edirdilər). Buna əsasən R. Ağayev bizi maraqlı bir faktla tanış edir:
“Belarusda hazırda 25-29 yaş qrupundan olan bütün gənclərin 42%-i əmək bazarına ali təhsil, 46%-i peşə və orta ixtisas diplomu, cəmi 12%-i orta və ibtidai təhsil pilləsinin şəhadətnaməsilə daxil olub. Müqayisə üçün: Azərbaycanda 25-29 yaşında əmək bazarına daxil olan bütün gənclərin cəmi 24%-nin ali, 16%-nin peşə və orta ixtisas məktəblərindən diplomu var”.
Yəni başqa sözlə Belarusda yüksək ixtisaslı kadrların çoxluğu da təsir edib. Müqayisə üçün, Belarusda 20-35 yaş arasında insan əhalinin 20%-ni təşkil edir və onların ümumi sayı 1,9 milyondur. Azərbaycanda eyni yaş qrupuna 2,5 milyon insan və ya 22,4% aiddir. Aşağı-yuxarı eyni rəqəm alınır, amma göründüyü kimi təhsil səviyyəsi tamamilə fərqlidir. Yeri gəlmişkən, eyni faktı əhali arasında da müşahidə etmək olar. Azərbaycanda rəsmi məlumata görə 15 yaşdan yuxarı olan insanlar arasında 1 milyon insan ali, 664 mini isə orta ixtisas təhsilinə malikdilər. Bu da müvafiq qrup üzrə 22,5% edir. Belarusda isə eyni yaş qrupuna aid insanlardan 1,5 milyonu ali təhsilə, 3 milyonu isə orta peşə və ixtisas təhsilinə malikdilər. Bu da müvafiq olaraq əhalinin 57%-ni təşkil edir. Göründüyü kimi fərq çox böyükdür. Əhalinin sayı və müvafiq yaş qruplarına aid olanların sayı müəyyən qədər bərabər olsa da, təhsil səviyyəsində çox ciddi fərqlər var.
Bəs, bu vəziyyət daim belə olub? Çünki Azərbaycan və Belarus vaxtilə SSRİ-nin tərkibində idilər. O zaman ölkənin bütün bölgələri nisbətən eyni səviyyədə inkişaf etməli idi. Çatışmazlıqlar adətən yerli xüsusiyyətlər və ya digər amillərlə bağlı idi. Bunu yoxlamaq üçün biz 1989-cu ildə Moskvada Dövlət Statistika Komitəsi tərəfindən dərc olunmuş “СССР и союзные республики в 1988 году” (“SSRİ və İttifaq respublikaları 1988-ci ildə”) adlı məcmuəyə müraciət edə bilərik.
İlk əvvəl qeyd etmək lazımdır ki, o zaman Azərbaycanın əhalisi 7 029 min nəfər, Belarusun əhalisi isə 10,2 milyon nəfər təşkil edirdi. Belarusda istehsal olunmuş məhsulların ümumi dəyəri (daha doğrusu milli gəlir. O zaman ÜDM istifadə olunmurdu) 26 milyard rubl təşkil etmişdi. Azərbaycanda isə eyni göstərici 11,7 milyard rubl idi.
Təhsil göstəricilərinə keçsək bu mənzərəni görə bilərik: müxtəlif təhsil müəssisələrində 4 milyon insan tədris olunurdu. Müvafiq yaşa aid uşaqların 76% (və ya 670 mini) uşaq bağçalarına gedirdi. Eyni zamanda birinci sinifə 90 min uşaq getmişdi. İl ərzində ali təhsil müəssisələri tərəfindən 30,6 min, orta ixtisas isə 44,3 min tələbə buraxmışdı. Eyni zamanda bu təhsil müəssisələrinə 39 və 48 min insan qəbul olunmuşdu.
Azərbaycanda eyni anda 2,3 milyon insan təhsil alırdı. Müvafiq yaşa aid uşaqların 21% (və ya 189 mini) uşaq bağçalarına gedirdi. Birinci sinifə ilk dəfə 67,7 min uşaq getmişdi. Ali təhsil müəssələrinə il ərzində 15,6 min qəbul olunub, 17,4 min buraxılmışdı. Orta ixtisas müəssisələrinə isə 19,5 min qəbul olunmuş və 25,1 min buraxılmışdı.
Müqayisə üçün deyə bilərik ki, 1988-ci ildə Belarusda 136 min, Azərbaycanda isə 133 min şəxs orta təhsil almışdı. Yəni müvafiq olaraq ali və orta ixtisas təhsil müəssisələrinə daxil olanları bu rəqəmdən çıxmaq lazımdır. Faktiki olaraq, Belarusda məktəbi bitirmiş şəxslər arasında 65,4% ali və orta təhsil müəssisələrinə qəbul olunmuşdu, Azərbaycanda isə eyni göstərici 26,3% təşkil edib. Hətta ən azı 4 il əvvəlki göstəricilər ilə müqayisədə Azərbaycanda qəbul azaldılmışdı. Başqa sözlə əgər biz 2019-cu il ilə müqayisə etsək görə bilərik ki, hər iki ölkədə vəziyyət demək olar ki, dəyişməyib. Belarusda sadəcə artım üçün çox da əsas yox idi (60%-dən yuxarı artmaq bir qədər çətindir), Azərbaycanda isə müvafiq məhdudiyyət olmamasına baxmayaraq artım baş verməyib. O zaman müvafiq müəssisələrə 26% daxil olurdusa, indi də vəziyyət çox dəyişməyib.
Düzdür son iki il ərzində ciddi artım baş verib. Misal üçün, 2018 və 2019-cu illərdə ali təhsil müəssisələrinə 38,5 və 42 min abituriyent daxil olub (əvvəllər bu göstərici 25-32 min arasında idi). Nəticə etibarilə nisbətən artım mövcuddur. Əgər biz ali, orta ixtisas və peşə məktəblərinə qəbulu ümumi məktəb buraxılışı ilə müqayisə etsək bizdə təxmini 60% alınacaq. Başqa sözlə buraxılan məktəblilərin 60%-i təhsilini davam edir. Amma bu son dövrlərin tendensiyasıdır. Bundan əvvəlki dövrdə təxmini 40% civarında idi. Eyni zamanda digər problem ilə qarşılaşırıq – qəbul olunmaq, hələ müvafiq təhsil müəssisənin bitirilməsi demək deyil. Yalnız son zamanlar ictimai kampaniyaların və iqtisadi böhranın təzyiqi altında dövlət pulsuz təhsil yerlərinin sayını artırmağa başladı. Amma ümumən təhsil əhali üçün kifayət qədər bahalıdır. Nəticə etibarilə SSRİ-nin suqutundan 30 il keçəndən sonra göstəriciləri müəyyən qədər dəyişə bildik.
Digər məqam isə onunla bağlıdır ki, Azərbaycanda ali təhsil almaq imkanın olsa belə, onun istifadəsi çətindir. Misal üçün, Belarusda 21 ali təhsil müəssisəsi informasiya texnologiyaları sahəsində fəaliyyət göstərir. İllik olaraq onlar 7 min tələbə buraxır. Azərbaycanda “texniki və texnoloji ixtisaslar qrupu” üzrə illik 9,3 min tələbə buraxılır. Amma Belarusda İT ÜDM-in 5% təşkil edir. Bəs Azərbaycanda? Azərbaycanda yerli İT olması barədə hətta Dövlət Statistika Komitəsi məlumatlı deyil (əsas xidmətlər daha çox rabitəyə aiddir). Yəni bizdə təhsil ilə bağlı qəbulda başlanan problemləri, deyək ki, müəyyən qədər həll edə bildik (daha çox ali məktəb açmaq, yerlərin sayını artırmaq (son illər edildiyi kimi)), lakin növbəti mərhələlərdə yaranacaq problemlərin həlli daha çox sistematik yanaşma tələb edəcək. Bunu isə biz, ümumiyyətlə görmürük.
Bəlkə elə bu səbəbdən bizdə Belarus hadisələrinin təkrarı mümkün deyil?