Azlogos
  • Qaydalar
  • Kimlər var

Məhəbbət üçün ürəkbulanma Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Bəstəkar Tahir İbişov: “Heç bir güc mənə çəpər ola bilməz.”

AzLogos AzLogos
., İntervü
10 Avqust 2020
WhatsApp Image 2019-04-09 at 10.28.50
Paylaş

Tahir İbişov 1986-cı ildə Ukraynanın Makeyevka şəhərində anadan olmuşdur, 2003-cü ildə Qara Qarayev adına №8 musiqi məktəbinin violin sinfini bitirmişdir. Daha sonra Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında violin ixtisası üzrə təhsil almağa başlasa da, 2005-ci ildən prof. X. Mirzəzadənin tapşırığı ilə bəstəkarlıq fakültəsində təhsilini davam etdirmişdir. 2015-19-cu illərdə Avstriyanın Qrats (Graz) Musiqi və Təsviri İncəsənət Universitetində ilk öncə bəstəkarlıq (prof. Beat Furrer), daha sonra bəstəkarlıq və musiqi nəzəriyyəsi pedaqogikası fakültəsində təhsil almışdır.

Tahir İbişov fərqli tərkiblər üçün yazılmış müxtəlif janrlı əsərlərin – “Poema-Ekzistensial”, “Şokoladlı Blyuz”, “Bənzəmələr”, “Halqa”, “Üç təfsir: Epos, Logos, Mifos”, “Abşeron ölçüləri”, “Einkleiner Abschnitt von Linie 1 und 7” , “Ensembele Stück/ Ansambl üçün bir nəsnə”, “Klavierstück/Piano üçün bir nəsnə”, “Şəbəkə”, “Rəqs edən dərvişin sezilməyən siluetləri”, “Sızma”, “Surətin xəttləri”, “İşıqdan Qopmuşlar” – müəllifidir.

2018-ci ildə N.Qoqolun eyniadlı komediyası əsasında hazırlanmış “Müfəttiş” tamaşasına musiqi yazmışdır (Avstriya; Gymnasium org Dachsberg). Bəstəkar respublika və beynəlxalq səviyyəli konsert, müsabiqə, festivalların iştirakçısı və laureatı olmuşdur.

____________________

– Avstriyada təhsil aldığın illərdə gələcəklə bağlı nə düşünürdün? Azərbaycana qayıdacam və?…

– Azərbaycana dönəcəyəm və anamın bişirdiyi ləziz milli yeməklərdən doyunca yeyəcəyəm… Doğrusu, nə Azərbaycana qayıdacağım, nə də Avstriyada qalacağım barədə düşünürdüm. Dərs yükü çox və ağır idi. Ona görə də öyrəndiklərimi yaxşı mənimsəyib, dərindən qavramaq mənim üçün prioritet idi. Həm də üzərimdə böyük məsuliyyətin olduğunu anlayırdım. Çünki ilk təhsilimi dövlət təqaüdü hesabına alırdım.

– Qara Qarayev imzası hər zaman brend olub, hətta onun ən son tələbəsi olduğunu mənəvi üstünlük kimi qeyd edənlər var. Beat Furreri seçməyinə səbəb bu gün onun da prestij sayılması oldu?

– Bu sözü heç xoşlamıram – “Brend”. Köynək-şalvar assosiasiyası yaradır. Aşıqlar dastana “Ustadnamə” ilə başlayır və mən də özümü müasir aşıq hesab etdiyim üçün ənənəyə sadiq qalaraq deməliyəm ki, Qara müəllimin adını hər şeydən üstün tuturam. Onun tələbəsi olduqlarını xüsusi qeyd edənləri də yaxşı başa düşürəm. Q.Qarayev kimi insanların işığı çox gur parlayır. Axı Q.Qarayev Üzeyir bəyin, sonra da Moskvada D.Şostakoviçin sinfində dərs almışdı. Mən Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasında da peşəkar bəstəkar-pedaqoqlardan –professor Xəyyam Mirzəzadə, Nazim Mirişli və b. dərs almışam. Dərs aldığım müəllimlərin bir çoxundan razıyam və onların adını həmişə uca tutmağa çalışıram.

Beat Furrerin sinfində oxumağıma isə bir hadisə səbəb oldu. 2009-cu ildə hərbi xidmətdən bir neçə gün idi ki, qayıtmışdım. Musiqi sənətindən, bəstəkarlıqdan bir il ayrı düşdüyüm üçün dostlarla görüşlərimizin birində yeni tanıdıqları bəstəkarlar, əsərlər barədə söhbətimiz oldu. Bu bəstəkarlardan birinin not yazılışı o qədər də mürəkkəb olmayan partiturasına rast gəldim, lakin musiqi səslənərkən nə baş verdiyini anlamadım. Tanıdığım orkestr alətləri tamamilə başqa boyalar alaraq, mənə tanış olmayan bir musiqi dilində danışırdılar. Bu əsər Beat Furrerin “Fortepiano və orkestr üçün Konsert”i idi. O zamandan bu bəstəkarın yaradıcılığını müntəzəm izləməyə başladım və 2011-ci ildə öyrəndim ki, İsveçrə əsilli bəstəkar, Avstriyanın Qrats şəhərində, İncəsənət Universitetində çalışır. O vaxt B.Furrerin sinfində oxumaq möcüzə kimi gəlirdi. Öz pedaqoji təcrübəmi də nəzərə alıb son olaraq deyərdim ki, bizim hər birimizin formalaşmasında hətta düşmənlərimizin də əməyi var. Amma müəllimlərimizə və valideynlərimizə ilk növbədə səmimi təşəkkür düşür.

Beat Furrer ve Tahir Ibishov - копия

– Bu gün Beat Furrer doğrudan böyük imzadır. Onun sinfini bitirmiş biri kimi sənə pedaqoji fəaliyyət göstərməyinlə bağlı təklif gəldimi?

– Məsələyə fərqli yanaşıram. Sənin təbirincə desəm, Beat Furrer kimi “böyük imza”ların heç də bütün tələbələri böyük imza sahibinə çevrilmir. Ona görə ki, B.Furrer kimi gur parlayan planetlərə ehtiyatsız yanaşdıqda onun kölgəsində qalmaq və ya işığında yanıb kül olmaq olar. Professorun sinfində kifayət qədər sıradan tələbə də oxuyur və bütün yaradıcılığı boyu yalnız onu təqlid edənlər də az deyil. Bu baxımdan bəxtim gətirib ki, professorun yanına təhsil almağa gedəndə həm yaşım az deyildi, həm də dörd ilə yaxın pedaqoji təcrübəm vardı. Ona görə kimin yanına və niyə getdiyimi çox gözəl anlayırdım. Mən master pilləsini 2017-ci ildə bitirdikdən sonra Bəstəkarlıq və musiqi nəzəriyyəsi pedaqogikası fakültəsinə qəbul oldum və öz hesabıma təhsil almağa çalışdım. Mənə Avstriyadakı təhsil metodları çox maraqlı idi və düşünürəm ki, bu sahədə kifayət qədər bilik və təcrübə qazanmışam. Sirr olaraq deyim ki, əslində musiqi təhsil sistemimiz heç də Avstriyadan geri qalmır, hətta bəzi məqamlarda onları qabaqlayır. Əminliklə deyə bilərəm ki, bizim sadəcə mütəxəssis problemimiz var.

Pedaqoji fəaliyyətlə bağlı təklif məsələsinə qaldıqda isə Avstriyadan qayıdanda gəlişimlə bağlı müvafiq rəsmi məlumat üçün Təhsil Nazirliyinə getdim. Eyni zamanda bir təklifim olduğunu və səlahiyyətli şəxslə görüşmək istədiyimi bildirdim. Mənə dedilər ki, hazırda musiqi və ümumiyyətlə, incəsənət bizim prioritet məsələmiz deyil. Halbuki, istənilən cəmiyyət insana bənzər orqanizmdir: səhiyyə sistemi fiziki, təhsil intellektual, incəsənət isə ruhi sağlamlığını təmin edir.

– Azərbaycandan Avstriya kimi bir ölkəyə getmək sənətinlə bağlı hansı tabularını yıxdı?

– Orada bəzi professorlar öz fənnlərini tədris etməkdən əlavə, həm də tələbələrin şüurlarının alt qatlarına təsir etməyə cəhd edirlər. Bu isə ona bənzəyir ki, zahirən hər cür bərbəzəklə dolu bir binanı hər tərəfdən zərif bir çəkiclə uzun müddət döyürsən və nəticədə üst qatını – rus dilində desək “облицовка”sını tökərək daxili strukturu aşkar edir, üzə çıxarırsan. Bu çox ağrılı prosesdir. Bu günə qədər yığıb-topladığın stereotiplərin mənasızlaşması və insanın boşluqlardan ibarət olduğunu qəbul etmək heç də asan deyil. “Mükəmməl boşluq, mükəmməl də forma yaradır…”  – V. Karqopolovun bu fikrini çox xoşlayıram.

Bir dəfə professor Gessler dərsdən sonra qəhvə içməyi təklif etdi və mən də məmnuniyyətlə qəbul etdim. Bərabər xeyli söhbət etdik: onlardan, bizdən… Sonda sağollaşanda “Arnold Schönberg harmoniya kitabını tələbələrinə ithaf edib” sözlərini elə bir məqamda, kontekstdə, söylədi ki, həmin an üzümdə soyuq, mənasız bir təbəssüm yarandı. Mən yalnız hadisədən bir müddət sonra (bəlkə də bir neçə ay) professorun bu fikri niyə dediyini anladım.

– Azərbaycana qayıtdıqdan sonra adaptasiya mərhələsini necə keçirdin? Sənətdə özünü tapmaq kimi böhran yaşadın?

– Mən Avstriyaya hansı otaqdan çıxıb getmişdimsə, həmin otağa qayıtdım. Bu otaqda bütün tələbəlik illərim keçib, kitablarım, partituralarım və sənətimə dair hər şey oradadır. İndi də günümün böyük hissəsini bu otaqda keçirirəm. Otaqda həm də böyük şəxsiyyətlər yaşayır: I.S.Bach, A.Webern, A.Çexov, Aristotel, N.Gəncəvi, H.Hesse, M.Müşfiq, Ü.Hacıbəyli və b. Hərdən onların otaqda mövcudluğunu hiss etmək şiddətli qorxu, ehtiram hissiylə müşayiət olunur və bu məni daima fresh saxlayır. Yəqin ki, bu atmosfer adaptasiya müddətini rahat keçirməyimə səbəbdir.

Sənətdə özümü tapmaq kimi böhran yaşamağa fürsətim olmadı çünki, qayıtdığım vaxt Almaniyanın paytaxtı Berlin şəhərində İmadəddin Nəsiminin 650 illiyinə həsr olunmuş “In Memoriam Nasimi – 650 Jahre Imadeddin Nasimi” adlı festivalda səslənəcək – “İşıqdan qopmuşlar” əsərimin yazılma prosesi başladı.

– Azərbaycanda olmadığın illərdə bəstəkarlıq ixtisası ilə bağlı çox “parlaq” iş imkanları yarandı. Televiziyaların Bədii Şuralarında diplomlu bəstəkarların təmsil olunmaları təklif edildi, daha sonra orta təhsil məktəblərində bəstəkarlar üçün nəğmə müəllimi vakansiyası yaradıldı. Gənc və perspektivli bəstəkar kimi seçim qarşısında qalsan, bu iş imkanlarından hansını seçərdin?

– Əlbəttə ki, pedoqoji fəaliyyət mənə daha yaxındır. Əgər pedaqoqun şagirdə və ya tələbəyə verəcəyi bilik onun formalaşmağına, tərəqqisinə töhfə olacaqsa, bu halda fərq etməz nəğmə dərsidir, fizika dərsidir yoxsa ki, əmək. Onsuz da bütün elmlər kitablardan öyrənilir. Pedaqoq funksional olaraq sıravi bilgi vermə maşını deyil. O, cəmiyyət üçün gərəkli fərdlər və şəxsiyyətlər yetişdirir.

Bədii Şura məsələsinə gəldikdə isə düşünürəm ki, yeni informasiya daşıyıcılarının meydana gəlməsindən sonra, yəni hər evdə televiziya, radio indi isə internetin olmasından xüsusilə ehtiyat etmək lazımdır. Bu, hər şeyi risk altına qoyur. Dünyanın elə bir ölkəsi yoxdur ki, bu növ informasiya daşıyıcılarının meydana gəlməsi hətta əhəmiyyətli dövlət strukturlarında dəyişikliyə səbəb olmasın. KİV-lərə qanun pozuntuları çox asan və zərərsiz əyləncə adı altında daxil olur. Əslində isə bu qanun pozuntuları ehmalca cəmiyyətin canına yeriyərək, dinməz-söyləməz insanların əxlaq və vərdişlərinə, oradan isə rahat şəkildə vətəndaşların işgüzar münasibətlərinə, hətta qanunun özünə təcavüz edir. Bütün bu proses elə əzəmətli bayağılıqla baş verir ki, sonda həm şəxsi, həm də ictimai həyatı alt-üst edir.

Ona görə, televiziyalarda Bədii Şuranın düzgün şəkildə qurulması da xüsusi biliklər və pedoqoji istedad tələb edir. Cəmiyyətdə hər peşənin funksional rolu olmalıdır. Yəni ölkə vətəndaşlarının ümumi sistemin elementləri, hər hansı bir bağlayıcı detalı olmasının tərəfdarıyam. Düşünürəm ki, yaradıcı insanlar cəmiyyətin pedaqoqlarıdır. Bu fikir N.Gəncəvi, T.Vecellio, L.Tolstoydan qoca, Ü.Hacıbəyli, S.Moemdən, J.Jarmushdan cavandır. Ümumiyyətlə, hər iş öz peşəkarına tapşırılmalıdır.

– Bəstəkarlar İttifaqının üzvü olmaq sənə hansı yaradıcılıq imkanları verir? Əksinə, açıq tənqid etməyinə, yaradıcı cəsarətinə çəpər deyil ki?

– Bəstəkarlar İttifaqına 2015-ci ildə müəllimlərimin təklifi ilə üzv olmuşam və bu üzvlük mənə istər yaradıcılıq, istərsə mənəvi baxımdan heç bir imkan, üstünlük vermir. Bir neçə dəfə Bəstəkarlar İttifaqının plenumunda əsərlərim səslənib, keçən il isə prezidentin göstərişi ilə Nəsimi festivalına ayrılan maliyyə hesabına Berlinə gedib konsert vermişik. Amma onu da qeyd edim ki, Gratsda təhsil aldığım illərdə Bəstəkarlar İttifaqından hər ay təqaüd alırdım. Bu simvolik məbləğ olsa da hesab edirəm ki, qeyd olunmalıdır.

Yaradıcı cəsarət insanın sənətində özünün sərhədlərini aşmasıdır ki, bu mövzuda nəinki Bəstəkarlar İttifaqı, heç bir güc mənə çəpər ola bilməz. Həmçinin açıq tənqid barədə… Azərbaycanda və Avropada aldığım təhsil mənə musiqi ilə bağlı istənilən mövzuda – mədəni siyasət, musiqi təhsil sistemi, dərs vəsaitləri, konsertlərin təşkili, bəstəkarlıq, dirijorluq, ifaçılıq, musiqi nəzəriyyəsi və s. – tənqidi fikir bildirmək imkanı və cəsarəti verir. Əgər bu gün peşəkar və davamlı şəkildə musiqi tənqidi ilə məşğul deyiləmsə, tamamilə yaradıcılıq planlarımla bağlıdır.

– Düşünmürsən ki, Bəstəkarlar İttifaqı, Rəssamlar İttifaqı, Yazıçılar Birliyi kimi qurumlar total senzura məqsədilə yaradılmış, sənətin təbiətinə zidd qurumlardır?

– Mən bu qurumların nizamnaməsində belə bir bəndin mövcud olduğunu bilmirəm. Yaradıcı insanların bir qurumda toplanıb hansısa yaradıcı prosesə qoşulması, konsertlərdə, festivallarda, plenumlarda görüşüb sənət müzakirələri etməsinin sənətin təbiətinə zidd olduğunu düşünmürəm. Bu qurumlar öz qeyri-kompetentlikləri sayəsində lazımı dərəcədə işlərini görə bilmirlərsə, burada sistemin günahı yoxdur. Bu, təxminən ona bənzəyir ki, elektrik cərəyanını düzgün istifadə edərsən gərəkli olar, səhv istifadə edərsən ziyan vurar.

Bu qurumların Sovet dövründə yaranması ilə bağlı müxtəlif fikirlər mövcuddur ki, biri də sənin sualda qoyduğun kimi səslənir. Əslində məqsəd yaradıcı birlikləri formalaşdırmaqla kommunizm prinsiplərinə uyğun olaraq kompakt şəkildə incəsənətin cəmiyyətdə mövcudluğunu düzgün təyin etmək və insanların asudəliklərini məşğul etməklə onların ruhi tələbatlarının strategiyasını qurmağa cəhd idi.

IMG-20190913-WA0020

Maliyyə-kapitalizmi (Financial capitalism) quruluşlu ölkələrdə insan yalnız işgüzar obyekt kimi qəbul olunur. Hesab olunur ki, görüləcək iş üçün sadəcə kifayət qədər maliyyə və muzdlu işçi lazımdır. Lakin onlar çox önəmli bir şeyi unudurlar ki, insan fiziki obyekt olmaqla yanaşı həm də, ruhi bir subyektdir. Buna görə Kommunizm dönəmində bütün zavod və fabriklərin özfəaliyyət dərnəkləri, klubları, kitabxanaları vardı. Rayonlarda, kəndlərdə Mədəniyyət Evlərinin olması, davamlı fəaliyyət göstərməsi mütləq idi. SSRİ qurulmamışdan əvvəl Rus çarizmi böyük mədəniyyəti olan xalqları müflis vəziyyətə gətirib çıxarmışdı. Ona görə də elmi-mədəni durumu tamamilə darmadağın olmuş xalqları hansısa yollarla müəyyən səviyyəyə çatdırmaq problemi qarşıda dururdu. Çünki əks halda cəmiyyətin intellektual balansı pozulacaq və bu da dərin çatlara səbəb olacaqdı. Bu baxımdan yaradıcı insanların “mən özümü ifadə edirəm” kimi abstraksiyalara qapılmaları adekvat addım kimi görünmürdü. Bu səbəbdən SSRİ D.Şostakoviç kimi bəstəkarlardan kosmik musiqi yox, bütün sovet vətəndaşlarına xitab edəcək, onların mədəni tərəqqisinə xidmət edəcək musiqi yazmasını istəyirdi və bunun üçün lazım olan münbit şəraiti də yaradırdı. Bəstəkar bu mədəni siyasətin prinsiplərini pozanda istər-istəməz ona senzura qoyurdular.

Sualın şaxələnərək bizi başqa sahillərə aparır. Son olaraq deyim ki, biz keçmişimizi inkar etmək yox, ondan dərs götürməyə can atmalıyıq.

– Məşhur fikir var ki, repressiv mühitdə yaxşı əsərlər yazılır. Bunu amerikalı dramaturq P.Chayefsky, danimarkalı rejissor L. von Trier kimi isimlər də təsdiq edir. Repressiya əslində bizə də yad söz deyil. Səncə, bu mühitdə yetəri qədər yaxşı əsər yazılıbmı və yazılırmı?

– Belə olsaydı, gərək bütün Nobel mükafatçıları Afrika ölkələrindən çıxardı. Ümumiyyətlə, repressiya hansı dövrdə, hansı məzmunda olursa olsun, yolverilməz və bağışlanılmaz haldır. Yaradıcı insanın maddi, mənəvi, psixoloji, fiziki terrora məruz qalması hansı yaxşı əsərin yaranmasına səbəb olar bilər ki?! Yaxşı əsərin yaranmasına səbəb olan amillərdən biri, hətta birincisi cəmiyyətdə yüksək səviyyəli təhsilin olmasıdır. Çünki yaxşı əsərlər kitabxanalarda yazılır, cəbhədə, həbs düşərgəsində yox. Mürəkkəb tarixi şəraitdə yazılmış hansısa istisna əsərlər var. Məsələn, D.Şostakoviçin “Leninqrad” adlı VII simfoniyası. Amma bu əsər daha çox kult və simvolik bir statusa malikdir və heç də D.Şostakoviçin ən yaxşı əsərlərindən deyil. Məncə bu məsələni çoxluq və azlıqla ölçmək lazımdır, istisnalarla deyil.

– Səncə çağdaş bəstəkar və çağdaş musiqi yazan bəstəkar hansı keyfiyyətlərinə görə fərqli anlayışlardır?

– Bu sualın cavabına Gustav Mahlerin məhşur bir sitatı ilə başlıq vermək istəyirəm: “Ənənə, sələflərinin külünə baş əymək deyil, onların közündə odunu yandırmaqdır”. Hansı dövrdə yaşayıb-yaratmağından asılı olmayaraq bəstəkar öz yaradıcılığı ilə çağdaş dövrün ictimai, siyasi, mədəni hadisələrinin episentrində olmalıdır. Əks halda hansı musiqini yazırsa yazsın, çağdaş hesab oluna bilməz. Yaradıcı insanın inzivaya çəkilməyə, özfəaliyyətlə məşğul olmağa, yaxud “Mən kosmik musiqi yazıram” deyərək cəmiyyətdən uzaqlaşmağa haqqı yoxdur.

Ümumiyyətlə, mən “Sənət, sənət üçündür” fikrini qismən qəbul edirəm. Bayaq dediyim kimi, hər bir yaradıcı insan cəmiyyətin pedaqoqudur. Elə bu gün müasir musiqinin dinləyici problemi yaşamasının da səbəbi məhz budur ki, bəstəkarlar müasir musiqi yazıram deyib həddən ziyadə abstraksiyaya qapılırlar. Beləliklə, insanlar müasir incəsənətdən sürətlə qopur.

Ötən əsrin ortalarında Platonun dövlətçilik ənənələrini yaxşı bilən kapitalist Qərb sivilizasiyası Sovet kommunist ideallarına qarşı incəsənət müstəvisində mübarizə aparırdı. 1946-cı ildə Darmştadt yay kurslarının açılması ABŞ tərəfindən maliyyələşdirilirdi. Həmçinin Parisdə “Ircam” elektron studiyasının açılışı, ümumiyyətlə, Qərbdə gedən ekstatik “müasir incəsənət orgiyaları” Sovet yaradıcı adamlarının ideallarına şiddətli zərbə idi. “Bilirsən orada nələr yazırlar?!” fikrinə qapılıb yaradıcı şəkk-şübhəyə uğramaq və depressiyaya düşmək isə artıq psixosomatik bir prosesdir.

Bu yaxınlarda Qərb kəşfiyyatı arxivlərinin üzə çıxardığı sənədlər müasir incəsənətin bəzi dırnaqarası təşkilatlar tərəfindən maliyyələşdirilməsini, o təşkilatların bilavasitə kəşfiyyat orqanları ilə əlaqələrini sübut etdi. Müasir incəsənət barədə B.Lukyanovun “Estetika dünyasında” kitabında aktual olan bir fikri yer alıb: “Bu gün heç kim incəsənətdən estetik zövq almağı gözləmir. Rafinə olunmuş elita, harınlamış mülkədarlar, snob və peşəkar avaralar yalnız qeyri-adi, sensasion, ekssentrik, hay-küylü şeylər istəyir. Mən də kubizmi yaradaraq, onlara istədiklərini “soxuşdurur” və bununla da tənqidçilərə yem vermiş olurdum. Onlar nə qədər mənim sənətimi anlamırdılarsa, bir o qədər heyrətlənirdilər. Beləliklə, bunun sayəsində mən məşhurlaşdım və varlandım”. Bu sözlər məşhur rəssam P.Picassoya aiddir.

– Bugün Azərbaycanda bəstəkarlar kastalara bölünüb: korifey, görkəmli, görkəmsiz, əvəzolunmaz, qismən əvəzolunan və s. İstedadlı, yüksək səviyyədə musiqi təhsili almış bir bəstəkar kimi özünü gələcəkdə hansı kastada görürsən?

– Bu çox ironik sualdır… Bölücü təfəkkürün bizim cəmiyyətdə formalaşmağı müsbət hal deyil. XX əsrin II yarısında Qərbdə bu ideyaya bənzər, lakin daha radikal formalı bir monopolist struktur mövcud idi. P.Boulez, K.Stockhausen, L.Berio, B.Ferneyhough və başqa bəstəkarlar gənclərlə bağlı “Ya mənim kimi yazmalısan, ya da heç kimsən” siyasətini yürüdürdülər. İndi isə bu monopoliyanın başında çox hörmət etdiyim H.Lachenmann dayanır. Baxmayaraq ki, mənəvi ustadı qatı kommunist Luigi Nono idi. Mən isə düşünürəm ki, bəstəkarın missiyası insanların incəsənətə, gözəlliyə, estetikaya olan münasibətindəki boşluqları qismən də olsa doldurmaq və gələcək üçün hərtərəfli inkişaf etmiş fərdlər yetişdirməkdir.

– Hansı bəstəkarı müasir akademik musiqimizin son 30 ilinin avanqardı hesab edirsən?

– Avanqard sözü ilkin etimoloji mənasını XX əsr incəsənət platformasında dəyişərək özünə məxsus attraktiv bir terminə çevrilib. Hərbdə öndə gedən mənasını verən, müasir incəsənətdə özündən öncəki dəyərləri inkar etmək, çərçivələri sındırmaq, qısası, heçdən yeni olan bir incəsənət hadisəsinə deyilir. Məsələn, Stravinski N.Rimski-Korsakov məktəbini keçmişdi və onun operalarından bəslənmişdi. Ənənəyə çox gözəl sahib idi. İ.Stravinski 1913-cü ildə “Müqəddəs bahar” baletini yazdı, dünya musiqisi dəyişdi. Tutaq ki, o, öndə gedən bəstəkarlardan, yəni avanqarddır. Sizi inandırıram ki, bu musiqinin elə bir yeri yoxdur ki, ənənəyə zidd olsun. Hər səhifəsi N.Rimski-Korsakovun qanunları çərçivəsindədir və heç bir çərçivə sınmağından söhbət gedə bilməz. Bu halda sual yaranır: bəs onda bunun nəyi avanqarddır və dəyişən nə oldu? İ.Stravinski özündən əvvəlkilərin qoyduğu qaydaları, çərçivələri sındırmadı, sadəcə onları daha da incələyərək növbəti mərhələyə keçirməyə müvəffəq oldu. Eyni misalı K.Stockhausenin “Gruppen” əsəri ilə bağlı demək olar. Eynən bu əsərdə də total serializmin qanunlarına zidd heç bir şey yoxdur. Sadəcə “Müqəddəs bahar”da olduğu kimi bu əsər də özündən əvvəlki qaydaları incəldərək, aşındıraraq musiqi tarixini yeni mərhələyə apardı. İndi hər iki əsər musiqi tarixinin klassikası kimi yaşayır və ifa olunur. Onda belə məlum olur ki, XX əsrin formalaşdırdığı “avanqard” çəkiclə vurub sındırmağa bərabərdir. Bir dəfə haradasa oxumuşdum ki, istənilən sistemi mükəmməlləşdirdikcə o qədər zərifləyir ki, qırılır. Bu halda Azərbaycanda avanqard bəstəkarlar yoxdur, sadəcə yaxşı bəstəkarlar var. Məsələn, Elmir Mirzəyev, Firudin Allahverdi, Türkər Qasımzadə, Ayaz Qəmbərli, Said Qəni və başqaları.

– “Halqa”, “Surətin xətləri”, “Rəqs edən dərvişin sezilməyən siluetləri”, “İşıqdan qopmuşlar”… Bu əsərlərin Şərq ədəbiyyatında, fəlsəfəsində olan axtarışlarındır, yoxsa artıq özünü orada tapmısan?

– Deməzdim ki, özümü orada və ya başqa bir yerdə tapmışam, çünki axtarışlar daim davam edir. İstədiyim zaman Qərb ədəbiyyatına, Georg Trakl, Osip Mandelştam kimi sevdiyim şairlərin poeziyasına, həmçinin yapon hokkularına da müraciət edəcəyəm.

Sadəcə mən şərqliyəm, Şərq, İslam mədəniyyətinə mənsubam və incəsənətdə də mədəniyyətinə mənsub olduğum dildə danışmağı düzgün və mütləq hesab edirəm. Bu qeyd olunan əsərlər bilavasitə İ.Nəsimi poeziyası, onun ideyaları ilə bağlıdır.

Nəsimi yaradıcılığının özüm üçün aşkar elədiyim bir xüsusiyyəti var: o, yüksək materiyadan söz açır və sən onun fəlsəfəsini ya qəbul edirsən, ya da o özü səni uzaqlaşdırır. Mən Nəsimi yaradıcılığı ilə özümə bir “dəhliz” yaratdım və bu dəhliz məni sonda Şərq fəlsəfəsinin əsaslarına gətirib çıxardı. Biz elə bərəkətli torpaqlarda doğulmuşuq ki, ətrafımızdakı fərqli mədəniyyətlər də zaman-zaman süzgəcdən keçərək buraya yığılıb. Bu səbəbdən kiçik ərazisi olan Azərbaycan unikal bir qaynaqdır. Məsələn, şimaldan cənuba gedənə qədər ən az 3 fərqli memarlıq üslubu ilə rastlaşırsan.

Ümumiyyətlə, Şərq bəstəkarı nə yazırsa yazsın, Avropa üçün hər zaman ekzotizmdir. Mən təhsil aldığım illərdə bunun bilavasitə şahidi oldum. Hətta bizə dərs deyən professorlar belə bu cür düşünürdü. Maraqlıdır ki, onlara görə əgər bir italyan bəstəkar hind raqalarına əsaslanan musiqi yazırsa, bu, “Avropa musiqisi” olur, amma hər hansı Şərq bəstəkarı müasir kompozisiya texnikaları ilə əsər yazırsa, bunu ekzotika qəbul edirlər. Avropada müasir bəstəkar kimi nüfuz qazandıqlarına inananlar reallıq hisslərini itrməməlidirlər. Çünki əsərlərindəki “müasir effektlər” onları “ekzotismus” olmaqdan xilas eləmir.

– Avstriyada təhsil aldığın illərdə tətbiqi musiqi təcrübən də oldu. Sifariş əsasında “Müfəttiş” tamaşasına musiqi yazdın. Maraqlıdır, Avropada rejissor-bəstəkar, sifarişçi-bəstəkar münasibətləri necə tənzimlənir? Məsələn, Azərbaycanda bəstəkarın qonorarını əsər səhnəyə qoyulandan 3 il sonra verirlər.

– Bu cür hallar ona görə baş verir ki, müvafiq yerlərdə hələ də qeyri-kompetent insanlar əyləşib və mən təəccüblənmirəm. Bir dəfə eşitmişdim ki, bir rayonun İşıq idarəsinin rəisini başqa rayonun Mədəniyyət şöbəsinə rəis təyin ediblər. Səhv etmirəmsə, bu mötəbər təyinat İmişlidən Ağstafaya olmuşdu.

Sifarişçi-bəstəkar münasibətlərinə gəldikdə isə Azərbaycandakı reallıqla müqayisədə çox qəribə səslənəcək amma mənə Qoqolun “Müfəttiş” tamaşasının musiqisinə görə müqavilədə qeyd olunan məbləğin iki qatını ödədilər. Tamaşadan sonra sifarişçi tərəf bildirdi ki, musiqi çox xoşlarına gəlib və biz hesab edirik ki, nəzərdə tutulan məbləğ azdır. Bəlkə də tələbə olmağımı nəzərə alıb bu nəzakətli addımı atmışdılar. Nə bilim… Hər halda təşəkkür məktubu da yazmışdılar.

– Son olaraq, yaradıcılıq planlarında nələr var?

– Ümumiyyətlə, gələcəklə bağlı planlarım, həyata keçirmək istədiklərim çoxdur. Son zamanlar Mikayıl Müşfiq poeziyası məni çox düşündürür və onun bir neçə şerinə, eləcə də “Neftçilər” oçerkinə musiqi yazıram. Bunlardan əlavə dostum, pianoçu Zakir Əsədova çoxdan söz verdiyim fortepiano konsertini bir sifariş əsasında yazmağı planlayıram. Gələcəklə bağlı planlarımda pedaqoji fəaliyyətlə məşğul olmaq əsas yer tutur. Çünki, davamlı olaraq şikayət etdiyimiz neqativ halların aradan qalxması, problemlərin həll olması üçün gələcək nəsillə interaktiv işləmək lazımdır. Ümumiyyətlə, musiqi təhsili sahəsində tədrisin təşkili yüksək səviyyədə qurulmasa, elmi yükü olan dərs vəsaitləri tərcümə olunmasa və bütün bu prosesə gənc, perspektivli, savadlı bəstəkar-musiqişünaslar qoşulmasa, bir neçə il sonra Azərbaycan musiqisi akademik simasını tamamilə itirə bilər. Ümidvaram ki, yaxın gələcəkdə qismən də olsa danışdığımız məsələlər öz həllini tapacaq.

Söhbətləşdi: Şəfaqət Məmmədova (musiqişünas)

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

IMG-20211231-WA0006
.

Məhəbbət üçün ürəkbulanma

03 Mart 2023
426483665_0_109_1960_1212_1920x0_80_0_0_d8b01a5e17123799826b9e849a39517f
.

Daşaltı əməliyyatı (1992)

30 Yanvar 2023
panorama_goroda_1
.

Xankəndinin (Kərkicahanın) işğalı (1992)

22 Yanvar 2023
IiT-Avoiding-Toxic-Positivity-1
.

Toksik pozitivlik

16 Yanvar 2023
xE8E16Rud2TJ4JQo0DgCsxyiAVx76n_original
.

Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu

16 Yanvar 2023
1599470667858_8S3E56PN
.

Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində

30 Dekabr 2022
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel