Dağlıq Qarabağ probleminin milli ordu tərəfindən həll edilməsi 2020-ci ilin oktyabr və noyabr aylarını Azərbaycan xalqı üçün çətin və şərəfli günlər kimi yaddaqalan etdi. 30 ilə yaxın müddət ərzində, Azərbaycanın cənub-qərb torpaqlarını işğal altında saxlamış Ermənistan, bu illərdə ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə aparılan danışıqları və həll prosesini bilərəkdən təxirə salır, 1994-cü il atəşkəs sazişindən sonra formalaşmış status-kvonu itirməməyə çalışırdı. Nəticədə, Azərbaycan istehsal potensialının çox böyük bir hissəsindən məhrum olmuş (1/5), 300.000 iş yeri itirilmiş, əhalisinin təxminən 12%-i köç etmək məcburiyyətində qalmışdı.
Şübhəsiz ki, torpaqların işğaldan azad edilməsi ilə Cənubi Qafqaz yeni bir dövrə qədəm qoydu. Azərbaycan, Rusiya və Ermənistanın imzaladıqları razılaşmada bəzi mübahisəli məsələlər olsa da, Azərbaycan xalqı bölgədə sülhün qorunacağına ümid edir. Nəhayət minlərlə qaçqın öz tarixi torpaqlarına geri qayıda biləcək. Bundan əlavə, torpaqların azad edilməsinin Azərbaycana iqtisadi inkişaf və çiçəklənmə gətirəcəyi də gözlənilir. Füzuli, Cəbrayıl, Qubadlı, Zəngilan, Xocavənd kimi bölgələrin, habelə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərinin azad edilməsinə nail olan Azərbaycan, imzalanan razılaşma ilə erməni hərbi birləşmələrinin daha üç bölgə – Ağdam, Kəlbəcər və Laçından çəkilməsinə də nail oldu. Bu məqalədə Azərbaycanda bazar iqtisadiyyatına keçid dövrü və azad edilmiş torpaqların ona təsiri müzakirə ediləcəkdir.
Əvvəlcə, Azərbaycanın ümumi iqtisadiyyatı ilə tanış olaq. Müstəqilliyin ilk illərində bazar iqtisadiyyatına rahat keçidin davam etdirilməsi məqsədilə islahatlara başlanmış, 1994-cü ildə ölkə Xəzər enerji mənbələrindən geniş istifadə etməyə qərar vermişdi. 2014-cü ilə qədər Azərbaycan dünyada sürətlə inkişaf edən iqtisadiyyatlardan biri olsa da, neftin qiymətlərindən asılılıq böyük olduğu üçün 2015-ci ildə ümumdaxili məhsulda birdən-birə azalma yaşanmışdı. Bəzi iqtisadi islahatların köməyi ilə 2019-cu ilə qədər artım əldə edilmiş və Azərbaycanda ÜDM 2019-cu ildə 48.05 milyard dollar həcminə yüksəlmişdir.
Azərbaycanın əsas makro iqtisadi göstəriciləri:
Bu tendensiya göstərir ki, Azərbaycan hökuməti Holland sindromunun (Dutch disease) əlamətlərini aradan qaldırmaq üçün iqtisadi şaxələndirmə üzərində daha çox işləməlidir. Azərbaycanın əsas makroiqtisadi üstünlükləri qiymət sabitliyi baxımından makroiqtisadi mühitin mövcudluğu, ümummilli məhsulda xarici borcun aşağı olması, sabit məzənnə, ucuz işçi qüvvəsinin mövcudluğudur (Süleymanov, Yusifov, 2014).
1990-cı illərdən bəri, Dağlıq Qarabağ münaqişəsi neftin qiymət dəyişikliyi ilə birgə ölkə iqtisadiyyatı üçün ciddi təhlükələrdən idi. Sərhədlər daxilində həll olunmamış problem qaldığı üçün xarici investorları ölkəyə cəlb etmək bir qədər çətinləşir və xüsusilə boru kəmərlərinin inşası ilə əlaqədar investisiyalar bölgənin şiddət və müharibəyə namizəd olması səbəbindən riskli hesab edilirdi. İndiki şərait investorların müharibədən sonrakı dövrdə ölkəyə investisiya yatırmaqda maraqlı olacağına güman yeri qoyur. Lakin hökumət Qərb auditoriyasındakı Azərbaycanla bağlı qərəzli məlumatları aradan qaldırmaq üçün bəzi ağlabatan addımlar da atmalıdır.
Bu günə qədər Azərbaycanda bazar iqtisadiyyatına keçid üçün bir sıra islahatlar aparılmışdır, lakin hələ də ölkənin bazar iqtisadiyyatı şəraitində tam fəaliyyət göstərməsinə imkan verməyən bir sıra problemlər var. Azərbaycanda bazar iqtisadiyyatına keçid haqqında danışmağa başlamazdan əvvəl, bazar iqtisadiyyatı anlayışı haqqında təsəvvür formalaşdırmalıyıq. Bazar iqtisadiyyatı liberallaşma, iqtisadi azadlıq, dinamik tələb- təklif və bazar infrastrukturunun genişlənməsinə əsaslanır. İqtisadi azadlıq, rəqabət qabiliyyəti bazar iqtisadiyyatının əhəmiyyətli hissələrindən biri kimi qəbul edilir. Bazar özü istehlakçı tələbinə əsasən nəyin, nə qədər və nə vaxt istehsal olunacağına qərar verir ki, bu da istehsalçının istehlakçı qarşısında üstünlüklərindən məhrum olması deməkdir. Bazar iqtisadiyyatı yüksək keyfiyyətli məhsul, səmərəli istehsal strukturu, çevik maliyyə siyasəti, zəruri dövlət ehtiyatları və əmtəə bazarının bolluğu şəraitində fəaliyyət göstərən iqtisadiyyatdır (Əliyev, Şəkərəliyev, 2002).
Bazar iqtisadiyyatına keçid üçün əsas islahatlar aşağıdakılar ola bilər:
– Bazar iqtisadiyyatının formalaşması
– Kiçik və orta sahibkarlığın inkişafı
– İqtisadiyyatın liberallaşdırılması
– Əhalinin və işsizliyin sosial müdafiəsinin tənzimlənməsi
– Milli valyutanın güclənməsi və anti-inflyasiya tədbirləri
Təəssüf ki, bütün keçid dövrü ölkələrində olduğu kimi, Azərbaycan da bəzi çətinliklərdən əziyyət çəkir: ümumdaxili məhsulun strukturunda istehsal sahələrinin az olması (xidmət sahəsinin yüksək payı), sahibkarlıq subyektlərinin sayının yüksək olmasına baxmayaraq istehsal həcmində artım tempinin aşağı olması, iqtisadiyyatın elmi və yüksək texnoloji sahələrinin aşağı inkişafı, ölkəyə cəlb olunan kapitalda qeyri-neft sektorunun az payı, bank sektorundakı ciddi büdcə məhdudiyyətləri. Bunları nəzərə alaraq demək olar ki, iqtisadi böyüməni və inkişafı qorumaq üçün dövlətin rolu böyükdür. Elmi araşdırmalar, sosial təminat və bəzi digər sahələr dövlətlər tərəfindən maliyyələşdirildiyi üçün onlar əsas maliyyə qurumları hesab olunurlar. Lakin sərbəst iqtisadi münasibətlər və sərbəst bazar iqtisadiyyatı yaratmaq üçün dövlətin müdaxiləsi minimum səviyyədə olmalıdır.
Tarix göstərir ki, dövlətlərin iqtisadiyyata nəzarət etmək cəhdləri iqtisadi durğunluğa gətirib çıxarır. Mükəmməl rəqabət yaratmaqla mükəmməl bazar iqtisadiyyatına nail olmaq mümkündür. Bu səbəbdən mükəmməl rəqabətin əksinə olan inhisar (monopoliya) iqtisadiyyatın ümumi səviyyəsinə mənfi təsir göstərdiyindən ona qarşı mübarizə sərbəst bazar iqtisadiyyatı yaratmaq istəyən ölkələrin vacib siyasəti olmalıdır. Bununla yanaşı, bazar iqtisadiyyatı cəmiyyətə bəzi mənfi təsirlər də göstərir, lakin onun müsbət təsirləri daha çoxdur. Məsələn, dəmir yollarının və ya magistral yolların tikintisi meşələrin qırılmasına ehtiyac duysa da və ya hidroelektrik stansiyasının tikintisi bəzi ərazilərdə daşqınlara səbəb olsa da, iqtisadi mənfəət də gətirir. Bu sektorlarda dövlətin rolu optimallığa nail olmağa kömək edir.
Tarixə nəzər salsaq görərik ki, dövlət tənzimləmə mexanizmi olmadan bazar iqtisadiyyatının səmərəli fəaliyyətini təmin etmək mümkün deyil. 1980-ci illərdə ABŞ-da və Avropada yüksək inflyasiya və işsizlik səviyyəsi təsirli pul siyasəti ilə aradan qaldırıldı. Müasir ölkələr bu cür problemləri aradan qaldırmaq üçün vergi, büdcə, kredit və pul siyasətlərindən səmərəli istifadə edirlər. Vergi və büdcə siyasəti, zəruri sahələrə xərclənməsi lazım olan gəlirin toplanmasına kömək edir. Pul və kredit siyasəti, pul təklifi və faiz nisbətlərinə təsir göstərmək imkanlarını yaradır. Bunun nəticəsində iqtisadi artım, istehsal səviyyəsi, məşğulluq səviyyəsi, qiymətlər və inflyasiyaya daha çox nəzarət oluna bilər. Bir çox ölkələr, istehsalın stimullaşdırılması üçün vergilərin azaldılması və ya investisiyaya ziyan vura biləcək dövlət xərclərinin azaldılması siyasətini yürüdür.
Azərbaycandakı mövcud vəziyyət də şaxələndirmə məqsədilə bu cür siyasət tələb edir. Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı kimi təşkilatlar hökumətin makroiqtisadi sabitliyi qorumaq siyasətini müsbət qiymətləndirsələr də, inhisar, qanunsuzluq, iqtisadiyyatda tarazlı sektoral inkişaf problemlərinin hələ də davam etdiyini bildirirlər.
Torpaqların azad edilməsi Azərbaycanın gələcəyi ilə bağlı bir çox müsbət düşüncə və suallar gətirdi. İşğal olunmuş torpaqlar bazar iqtisadiyyatına keçidin qarşısını alan əsas problemlərdən biri idi və bu torpaqların Azərbaycan iqtisadiyyatına yeni həyat gətirməsi üçün təsirli siyasətə ehtiyac vardır. Bütün çətinliklərə baxmayaraq, Azərbaycanın ərazi bütövlüyünün bərpası böyük iqtisadi əhəmiyyətə malik olacaqdır. Xarici investorlar tərəfindən qoyulan investisiya səviyyəsi, müharibə ilə bağlı gözləntilər üzündən təhlükə altında idi və hesablamalara görə 2012-ci ilədək ümumi investisiyaların 70% -nin xarici investorlardan, onların 30% -i isə qeyri-neft sektorundan olduğu təxmin edilir.
Müharibənin qısamüddətli olması və Azərbaycan hökumətinin təhlükəsizlik zəmanəti investorları sərmayə yatırmağa daha inamlı edir. Müharibədən dərhal sonra Azərbaycan şirkəti “Azerenerjinin” İtaliyanın “Ansaldo Energia” şirkəti ilə azad edilmiş torpaqlarda enerji infrastrukturunun yaradılması barədə müqavilə imzalaması buna misal ola bilər.
İşğal dövründə Dağlıq Qarabağ ətrafındakı yaşayış məntəqələri tamamilə dağıdıldığından bərpaya ehtiyac vardır. Üstəlik ərazinin minalardan təmizlənməsi bəzi hökumət mənbələrinə görə təxminən 10 il ərzində yekunlaşacaqdır.
Uzun illər boyunca bölgənin təbii sərvətlərindən istifadə edilmirdi və təxminən 1 milyon qaçqın dövlətdən aylıq yardım alırdı ki, bu da ölkənin büdcəsi üçün ciddi problem idi. Hazırda, təxminən 1,5 milyon hektar ərazi, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi üçün yararlıdır ki, bu da istehsal zəncirinin yaradılmasına gətirib çıxaracaq, vətəndaşlar yeni iş yerləri ilə təmin olacaqdır. Zəngin su ehtiyatları, su ehtiyatlarının çatışmazlığının əsas problem olduğu Azərbaycanın digər ərazilərinin (Aran) də sulanmasında kömək olacaqdır. Buna misal olaraq, Tərtər bölgəsində yerləşən Sərsəng su anbarını misal göstərmək olar ki, ümumi sahəsi 100 min hektar olan anbar suvarma suyu təmin etmək gücünə malikdir. Ölkənin su ehtiyatları məhdud olduğundan Sərsəng və digər su anbarları (Suqovuşan, Xudafərin) kənd təsərrüfatı istehsalını artırmaq üçün əhəmiyyətli rol oynayacaqdır.
Təbii qaynaqlara gəldikdə, işğala qədər 5 qızıl, 7 civə, 2 mis, 1 mis, qurğuşun və sink, 1 kömür və 11 mineral su yatağı kimi 163 fərqli mineral yatağımızın olduğu bilinirdi. 1997-ci ilin sentyabrında Ermənistan Kanadanın “First Dynasty Mines” şirkəti ilə müqavilə imzalayaraq Azərbaycan Respublikasının işğal olunmuş bölgələrinin təbii mineral ehtiyatlarının talan edilməsinə başladı. İndi Azərbaycan hökuməti ümumi ziyanı hesablamaq üçün beynəlxalq audit aparmaq və təzminat tələb etmək üçün beynəlxalq məhkəməyə müraciət etmək niyyətindədir. Təbii sərvətlərdən əlavə bölgə, turizmin inkişaf etdirilməsi üçün də böyük potensiala sahibdir. Dağlıq şəhərləri dünyanın hər yerindən turist cəlb etmək üçün fürsətlər verir. Bu, Holland sindromunun təsirlərini azaldılması və dövlət büdcəsinin artırılmasında müstəsna əhəmiyyətə malik ola bilər.
Kommunikasiyaların bərpası məqsədi ilə Prezident İlham Əliyev Bərdə-Ağdam dəmir yolunun dizaynı və inşası haqqında sərəncam imzalanmışdır. Sərəncama əsasən dəmir yolunun uzunluğu 45 km olacaq. Azərbaycan dəmir yollarına isə Prezidentin ehtiyat fondundan 5 milyon manat ayrılıb. Rabitə sisteminin bərpası ölkənin regional inkişafına faydalarını göstərəcək və Qarabağ bölgəsinin Azərbaycan iqtisadiyyatına inteqrasiyasını sürətləndirəcəkdir.
Üçtərəfli müqaviləyə görə, yaxın günlərdə Naxçıvana dəmir yolu və magistral yolunun inşasına başlanacağını da qeyd etmək lazımdır. Uzun müddət İran ərazisi insanların və malların daşınması üçün istifadə olunurdu ki, bu da səmərəliliyi və məhsuldarlığı aşağı salırdı. Naxçıvana dəmir yolu və magistral yol çəkildikdən sonra Azərbaycan malları Türkiyəyə və Avropa bazarına daha asanlıqla çatdırılacaqdır.
Nəticə olaraq demək olar ki, azad edilmiş torpaqlar ölkədə sərbəst bazar iqtisadiyyatının yaradılmasına böyük təsir göstərəcəkdir. Turizm sektorunun çiçəklənməsi, yeni iş yerlərinin açılması, ölkəyə investorların cəlb edilməsi üfüqdə görünən real fürsətlərdir. Lakin nəticələrin tezliklə görünməsi üçün şəffaflığın qorunması vacibdir. Korrupsiyaya qarşı mübarizə daha güclü olmalı, sahibkarlığa dövlət dəstəyi artırılmalıdır. Bazar iqtisadiyyatının əsas amili olan rəqabətin yaradılması ilə Azərbaycan bölgədəki nüfuzunu daha da artıra bilər.
Ədəbiyyat
Aliyev, Agil, and Shakaraliyev Arif (2002): Bazar iqtisadiyyatına keçid: Dövlətin iqtisadi siyasəti.
Suleymanov, Elchin and Yusifov, Sabuhi (2014): Problems Encountered during the Transition to Market Economy in Azerbaijan and Solution Attempts. Published in: Expert Journal of Economics , Vol. 2, No. 2 (17 July 2014): pp. 45-54.
Suleymanov, Elchin and Osman, Nuri (2016): Azərbaycan iqtisadiyyatı