İstəyirəm məmur-oliqarx olum, yaxşı vəzifəm, çoxlu pulum, xarici maşın kolleksiyam, şəhərin üç-dörd yerində mənzillərim, Qubada villam, Şamaxıda malikanəm, Mərdəkanda imarətim, yeməyə ayı ətim, Novxanıda cah-cəlallı bağım, şadlıq evlərim, qızıl dükanlarım, canım sizə desin, katibəm (hətta katibələrim), sürücüm, mühafizəçim olsun, pulumu balta kəsməsin, səhər Havay adalarında “paxmel” eləyim, axşam İbiza adalarındakı kazinolarda şellənim, içib açarımı itirim, bahalı qol saatımı oğurlasınlar, filan yerimə də almayım.
Arada qohum-qonşu, dost-tanış zəng eləyib soruşsun ki, “Elnur müəllim, bizim balacaya xeyir iş eləmək istəyirik, sizə nə vaxt uyğundursa, sünnət toyunu həmin günə salaq”.
Hansı məclisə getsəm, yerbəyerdən başlasınlar ki, “Elnur müəllim, orda oturmayın, burda oturun, burda oturmayın, orda oturun”. Qanmadığım mövzularda bir ucdan üyüdüb-töküm, arabir yerdən qulağıma fısıltılar gəlsin: “Kişinin ağzından dürr tökülür”, “Özü filologiya qurtarıb, amma gör fizikanı neçə çırtlayır”, “Düz sözə nə deyəsən?”, “Halaldı, vallah, adam kəllədi də”, “Qazaxımızın fəxridi”, “Əşşi, havayı yerə bu qədər varı-halı yoxdu ki…”
Bu yerdə məclisdəkilərdən kimsə, “düt” deyincə içənlərdən biri ağzının qatığını dağıtsın, qayıtsın ki, “guya öz başı ilə qazanıb, rüşvətnən yığıb də”. Kimsə tez onun ağzından vursun: “Bacarana baş qurban… Elə fərasətin var, sən niyə rüşvət ala bilmirsən? Ona da ağıl, bacarıq lazımdı”. Bir başqası tezcə onun sözünə qüvvət versin: “Bizim xalq belədi də… Ölür irəli gedənin ayağından dartmaq üçün. Bu saat vəzifədə olan kim rüşvət almır ki? Kaş onların da hamısı Elnur müəllim kimi sadə, təvazöklar, elinə-obasına, qohum-əqrəbasına, dostuna-tanışına bağlı insanlar olsunlar”.
Mən də sanki bu deyilənlərdən heç birini eşitmirəmmiş kimi, tez-tez qalstukumu düzəldib, bir ucdan basıb-bağlamağa davam edim, fizikadan kimyaya, oradan tibbə hoppanım, tarixdən girib fəlsəfədən çıxım, ədədi analizlərin anasını ağladıb, qeyri-üzvi birləşmələrin atasını yandırım, tez-tez də xatırladım: “Bunların hamısı Quranda yazılıb, “prostı”, sonradan əxlaqsız avropalılar oğurlayıb öz adlarına çıxıblar”.
Məclisdə Kooperasiya Universitetinin professoru da olsun, arada əyilib yanındakının qulağına, ancaq mütləq mənim də eşidəcəyim səslə desin: “40 ildir elmin içindəyəm, dədəmin goru haqqı, bunları ilk dəfədir eşidirəm. Kişinin oğlu elm dəryasıdır, yüz akademikə dəyər!”
Ya da istəyirəm şair-deputat olum, bir tanınmış tənqidçi zəng eləsin ki, “məllim, salam, hələ yazmadığınız poemadan böyük bir məqalə yazmışam, bu həftə verəcəm saytlara”, sonra da qayıtsın ki, “məllim, nə oldu bizim o torpaq işi…”
Mən də deyim ki, “danışmışam Abşeron bələdiyyəsinin sədri ilə, həll olunmalıdı bu həftə”, sonra da qayıdım ki, “yazıya mütləq hakimiyyətin uğurlu daxili və xarici siyasəti ilə bağlı beş-altı cümlə salarsan, qarşıdan növbəti seçki gəlir, uşaq deyilsən ha, özün də bilirsən bu saat pis vaxtdı, adama badalaq vurmaq üçün bəhanə axtarırlar”. Lap axırda da deyim, “narahat olma, torpaq işi düzələn kimi, tapşırtdıracam, gətirib bir “kamaz” kubik də töksünlər”.
Toylarda bəylə gəlinin ata-anasından sonra sözü mənə versinlər, yerimdən qalxıb ağır addımlarla səhnəyə gəlim, uzun-uzadı xeyir-dua verim, axırda da əlimi cibimə atıb bir qalaq pulun içindən şax bir “yüzlük” çıxarım, musiqiçilərə uzadım, əzəmətli səslə “Mənim havamı çalın!” deyim, bəyin atası qaça-qaça gedib gitaraçalanın qulağına “Elnur müəllim ancaq “Heyvagülü”nə oynayır” desin. Qollarımı ağır-ağır qaldırıb oynamağa başlayım, toydakıların, azı yarısı yerindən qalxsın, gəlib məni dövrəyə alsınlar, alqış tutsunlar, növbə ilə aralarından biri çıxıb irişə-irişə qarşımda süzsün, keçsin yerinə.
Yas yerlərində mərhumun oğlu qoluma girib çadırın bu başından o başına aparsın, düz mollanın böyründə oturtsun. Molla bu dünyanın faniliyindən, halal-haram işlərindən, cənnət-cəhənnəm məsələlərindən danışsın, tez-tez də desin: “Elnur müəllim, bunları hamımızdan yaxşı bilir”, “Elnur müəllim kimi savadlı insanın yanında bunları danışmaq ayıbdı”, “Elnur müəllim də təsdiqləyər”…
Hansısa qatı müxalifət saytı “Şair-deputatın daha bir biznesi ortaya çıxdı” başlıqlı xəbər yaysın, sonra başqa bir saytdan zəng edib məndən bu xəbərə münasibət soruşsunlar, mən də qayıdıb deyim ki, “o şirkət mənim deyil, oğlumundu. Atası deputatdı deyə, oğlum binzeslə məşğul ola bilməz?!”
Lap axırda da qayıdım ki: “Bizim Qarabağ boyda dərdimiz var. Belə şeyləri yazanda nəzərə almaq lazımdı ki, onları ermənilər də oxuyur”.
Nə gizlədim, indi mənim bunlardan böyük, ülvi arzularım yoxdu.
Demokratiyadı, azadlıqdı, nə bilim, hüquqi dövlət, işıqlı gələcək-zaddı, hamısı boş-boş şeylərdi, Amerikanın oyunları, masonların işləridi.