Azlogos
  • Qaydalar
  • Kimlər var

Məhəbbət üçün ürəkbulanma Daşaltı əməliyyatı (1992) Xankəndinin (Kərkicahanın) işğalı (1992) Toksik pozitivlik Andrey Tarkovski pafosu və yaxud kinonun Xlestakovu Doğum evinin həyətində məni və itim Mumunu narahat edən ağır suallar barəsində
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Azər Ağalarov: “Yan Qusla Nəsimi eyni ildə anadan olublar”

Azər Ağalarov Azər Ağalarov
İntervü
01 Yanvar 2021
WhatsApp Image 2020-12-27 at 19.12.25

Azər Ağalarov

Paylaş

Qəhrəmanım 1959-cu ildə, Bakıda dünyaya gəlib. Neyrocərrah ata və bioloq ananın oğlu olan Azər, dörd il Bülbül adına musiqi məktəbində təhsil alandan sonra, səhhəti ucbatından məktəbi tərk edib, 160 saylı məktəbə keçməli olur və burda öz şair təbiətini kəşf edir.

Azər Ağalarov rejissor olmaq, ya da MDU-nun jurnalistika fakültəsinə qəbul olunmaq, heç olmasa, hər hansı bir dil üzrəsə ali təhsil almaq arzusunda idi. Amma atası, Əliqulu Ağalarov — Azərbaycanda neyrocərrahi xidmətin banisi, Azərbaycan Dövlət Tibb İnstitutunun kafedra rəhbəri, oğlunun tibbi təhsil almasında israrlı idi.

Nəticədə, 1976-cı ildə o, institutun Müalicə işi fakültəsinə daxil olur. Ali təhsilini bitirdikdən sonra, Bakıda o zamanların ən narahat nöqtələrindən birində, Bayıldakı Bakı şəhər Təcili Yardım Stansiyasında həkim, daha sonra operativ şöbənin həkimi işləyir. 1992-ci ildə Almaniyaya köçənə qədər, Bakıdakı 5 saylı Xəstəxananın qastroenteroloji mərkəzində 4 il işləməyə də macal tapır.

Almaniya və Çexiyada Azadlıq Radiosunda, Mirzə Xəzərin rəhbərliyi altında, jurnalist kimi işləyir. Almaniyada 14 illik tibb təcrübəsinə sahib olur. Hazırda İspaniyada laquna və dənizin arasından uzanan, musiqi beşiyi hesab edilən və çox ispansayağı ada (La Manga del Mar Menor) malik “qum hörüyü”ndə yaşayır.

Azər Ağalarovun dörd övladı var. Böyük qızı Nərgiz universitet bitirib, uşaqlarını böyüdür. Oğlu Alek rəqqasdır, Avropa şou-biznesində kifayət qədər məşhur adamdır, rəqslərin quruluşu ilə məşğuldur. Oğlu Mixael Münhen Universitetinin hüquq fakültəsini bitirir. Qızı İzabel-Dəniz Lamborgini avtokonserni nəzdindəki menecer məktəbində təhsil almağa başlayıb.

Biz həkim, jurnalist, şair, yazıçı, musiqiçi və nəhayət rejissor Azər Ağalarovla onun yeni filmi “Divarın arxasında” haqda danışdıq.

WhatsApp Image 2020-12-27 at 19.20.19

– “Divarın arxasında” filmi “Yağmur” adlı hekayəniz əsasında çəkdiyiniz ilk ekran işinizdir. Özü də hekayə yazılandan 30-40 il sonra çəkmisiniz…

– Bəli, tamamilə doğrudur.

– Bu, necə baş verdi?

– Qoy başdan başlayım. Bu mənim, faktiki olaraq, ikinci hekayəmdir. Birinci hekayə “Spektr” adlanırdı, qısa fasilədən sonra da “Yağmur”u yazmışdım. Əslində, bunlara hekayə demək də olmaz, təxminən, iki-üç səhifəlik miniatür etüdlərdir. Amma məhz “Yağmur” hekayəsi hamının xoşuna gəlmişdi, indiyə qədər də bəyənilir. Bilmirəm, oxuyanları nəyin cəlb etdiyini demək çətindir. “Yağmur” tənhalıq, mənəvi əzablar haqqındadır. Hadisələr 70-ci illərdə baş verir.

Bu hekayəni ekranlaşdırmaq qərarına necə gəldim? Sizə demişdim ki, mən əslində kinematoqrafiya ilə məşğul olmaq, ya ÜDKİ-də (ВГИК), ya da başqa bir yerdə rejissorluq oxumaq istəyirdim, amma alınmadı. Alınmadığına görə də bu mövzunu bağladım. Bildiyiniz kimi, 2014-cü ildən İspaniyada yaşayıram. Bir gecə oyandım, başımda melodiya səslənirdi. Bilirsiniz ki, mən bir az da musiqiçiyəm. Musiqiçi böyük səslənir, rok-n-rolçuyam, klavişli alətlərdə çalıram. Deməli, beynimdə səslənən melodiyanı çalmağa başladım. Çünki bilirdim ki, əks halda səhər yadımdan çıxacaq. Bu hadisə mənim 60-illiyim öncəsi olmuşdu. Səhər həmin melodiyaya yenidən qulaq asdım, qaydaya saldım, mobil telefona yazdım və Salman Qəmbərova göndərdim. Biz Salmanla Bülbüldə eyni sinifdə oxumuşuq. Xahiş elədim ki, onu mənim üçün aranjeman eləsin. O melodiyanı özümdə saxlamaq istəyirdim, çünki mənə yuxuda gəlmişdi. Adını “Gecə mələyi” qoydum. Bax, beləcə melodiya yarandı.

WhatsApp Image 2020-12-27 at 19.16.07

Bir müddət sonra isə ona söz yazdırıb mahnıya çevirmək qərarına gəldim. Uzun müddət internetdə, orda-burda şair axtardım, Leyla Bəyimin şeirlərini tapdım. Çox zərif, emosional şeirlər idi. Müəllifə yazdım, dedi ki, niyə də yox, melodiyanı göndərin. Göndərdim, xoşuna gəldi, ona şeir yazdı və beləcə mahnı alındı. Sonra o mahnını oxuyacaq birini axtardıq. Paralel olaraq Leylaya öz hekayələrimi göndərdim, oxudu. Onun da “Yağmur”dan xoşu gəldi. Təklif elədi ki, gəl, bunu səhnələşdirək. Onun təcrübəsi var, dramatirgiyada kifayət qədər yaxşıdı, bir neçə pyes yazıb. Bakıda bu gün də onun Qarabağdan bəhs edən “Xəyal edən oğlanlar” adlı pyesinin tamaşası göstərilir. Onun təklifi ilə razılaşdım, telefonda müzakirələrə başladıq. Amma heç nə alınmırdı. Yəni əhvalat vardı, amma onu proyektor vasitəsilə səhnəyə proyeksiya eləmək lazım idi. Dedim ki, hekayə onsuz da qısadı, onun da 70%-i ekranda baş verir. Bax, beləcə, hekayəni filmə çevirmək ideyası yarandı.

– Özünüz kamera arxasına keçməyə qərar verdiniz…

– Mənim bu sahədə təcrübəm yox idi, amma filmlərə baxmağı sevirəm, kinonu yaxşı bilirəm, Andrey Tarkovski, Devid Linç, Vudi Allen, Cuzeppe Tarnatore kimi rejissorları sevirəm. Ondan sonra filmlərə başqa gözlə baxmağa başladım. Necə çəkildiklərinə diqqət yetirirdim, internetdə rejissor ssenarisinin necə yazıldığını da araşdırdım.

Əvvəl qərara gəldim ki, rejissoru Bakıdan tapacam. Təəssüf ki, Bakıdakı rejissorlarla danışmağa başlayanda başa düşdüm ki, özüm çəksəm, yaxşıdır. Çünki mən onların işinə müdaxilə eləyə bilməyəcəm, onlar da mənim gördüyüm kimi görmürlər. Beləcə, Leylayla birlikdə ssenarini yazdıq. Ssenari hazır olandan sonra dedim ki, filmi özüm çəkəcəm və rejissor ssenarisini hazırladım. Qalan komandamız azərbaycanlı gənclərdən ibarət çox istedadlı, möhtəşəm uşaqlar idi. Onlar məni Bakıda gözləyirdilər. Gəlməzdən əvvəl rejissor ssenarisini operatora və montaj rejissoruna göndərdim. Bakıya gələndən sonra filmi üç gün ərzində çəkib bitirmək lazım idi. Ssenariyə görə, filmdə yağış olmalıydı. Yəni həmin üç gün içində yağış yağmalıydı. Bakıda isə yağış da yağa bilər, günəş də parıldaya bilər. Bizə yalnız ümid eləmək qalırdı.

WhatsApp Image 2020-12-27 at 20.03.08
Leyla Bəyim

Çəkilişə fevral ayında başladıq. Nəsə alınacaq, yoxsa yox, bilmirdim. Amma filmi özüm maliyyələşdirdiyimə görə, fikirləşirdim ki, alınmaz, alınmaz da. Çəkiliş başlayandan sonra mən yavaş-yavaş o ab-havaya düşdüm, uşaqlarla da dil tapdıq. Çünki ideya onların da xoşuna gəlmişdi – 70-ci illərin Bakısında yaşayan qəhrəmanın keçmişi və bu günü. Bu, Leylanın ideyası idi. Yəni keçmiş və gələcək. Aktyorları seçdik. Türkay Cəfərli – çox yaxşı siması var və peşəkar aktyordur – yaş etibarilə də əsas qəhrəmana uyğun gəlirdi. Sonra onun gələcəyini seçmək lazım idi. Axtarmağa başladıq.

WhatsApp Image 2020-12-27 at 19.17.16
Elçin və Türkay. Sanki əkizlər.

Bir axşam, yaxın neyrocərrah olan dostumla oturub qəhvə içirdik, ordan-burdan söhbət eləyirdik. Mən diqqətlə onu izləyirdim və gördüm ki, bu adam Türkayın əkizi kimidir. Həmin vaxt o, işləmirdi. Dedim ki, sabah çəkilişə gəl. Çox uzatmayacam, elə alındı ki, dostum Elçin Cəbrailbəyli ilk rolunu oynadı və çox möhtəşəm oynadı.

– Hə, ilk dəfə üçün çox yaxşı oynayır.

– Ona demişdim ki, özünü oyna, hər şey alınacaq. Elə də oldu. Çəkiliş prosesinin özü də çox maraqlı idi. Çox güclü bir adrenalin idi. Ona görə ki, əhvalat mənə məxsus idi, amma Leyla da onu hiss etmişdi. Çəkilişə son səhnələrdən başlamışdıq. Məkanlardan biri rəssam Əli Şəmsinin İşərişəhərdəki emalatxanası oldu. Sonra MUM-un yanında Kafemafe adlı bir kafedə çəkiliş etdik, orada əsl 70-cilər atmosferi hökm sürür. Alber Kamyunun afişalarından tutmuş o dövrə aid kitablara qədər… Divarda Çarli Çaplinin şəkli də asılıb. Şükürlər olsun ki, bizim camaat almanlar kimi deyil, hər şeyə görə sənəd istəmirlər. Mən ofisiant qızdan xahiş elədim, o da müdirlərinə zəng vurdu və razılığını aldı. Müdir dedi ki, qoy tezdən, müştəri olmayanda gəlib işlərini görsünlər. Ödəniş barədə soruşdum, dedi ki, heç nə lazım deyil, qoy çəksinlər.

Nəhayət, yağış səhnəsi gəldi. Və qəflətən Bakı küləyi başladı. Bəxtimiz gətirdi. Elə külək əsirdi ki, yer yerindən oynayırdı. Biz Dübəndiyə getdik, orada böyük qayalar var. Külək kameranı da, bizi də yıxmağa çalışırdı. Asan olmadı, xüsusən də aktyor üçün. Başdan-ayağa islanmışdı, amma bacardıq, həmin səhnəni də çəkdik. Çəkilişlər bitəndən sonra da on gün montajla məşğul olduq. Bizim montaj rejissorumuz kifayət qədər istedadlı insandı. Özü qarajda yaşayır, amma işinin ustasıdır. Mən çoxdan Qərbdə yaşayıram, burada necə işlədiklərini bilirəm. Bizim montaj rejissorumuz Firdovsi Nəbiyev hər şeyi yarımsözdən başa düşən peşəkar idi. Ümumiyyətlə, komanda işimiz çox yaxşı alındı. Çünki onlar da entuziazmla işləyirdilər. Yəni sadəcə pul qazanmağa gəlməmişdilər, ssenarini hiss eləyirdilər.

Bir şeyi də demək istəyirəm. Film elə çəkilib ki, orda poeziya da var, musiqi də var, rəqs də var. Mənim böyük oğlum və həyat yoldaşı peşəkar xoreoqrafdırlar. Kölndə yaşayırlar. Onlardan xahiş elədim, yuxunun xoreoqrafiyasını qurdular. İlk kadrlarda – 70-ci illərin sənədli kadrlarında səslənən mahnını Nata Solo Cəbizadə oxuyur. Onu mənə Salman məsləhət görmüşdü. Çox gözəl vokalı var, həm ingiliscə, həm də rusca oxuyur. İkinci-instrumental variant da Salmana məxsusdur. Bir yerdə Cəmil Əmirovun “Ariya” adlı çox gözəl bir kompozisiyasından istifadə etmişik. Xarabalıqlar olan səhnəyə həddindən artıq uyğun gəlirdi. Sonda da yenə “Gecə mələyi” səslənir. Burada argentinalı musiqiçi bir dostum var, musiqini Pink Floyd tərzində aranjeman eləmişdi. Filmin musiqisi belə tərtib olunmuşdu. Bilirsiniz ki, mən öz yazdıqlarımı “təsviri-musiqili ədəbiyyat” adlandırıram. Filmi də eynilə belə çəkmişdim. Sadəcə buna bir də rəqs əlavə etdik.

– Bəlkə özüm mətn əhli olduğuma görədir, mənə hekayənin özü daha atmosferli təsir bağışlamışdı. Ona görə yox ki, mətnin ekranizasiyası yaxşı alınmayıb. Sadəcə mən mətnə daha çox dəyər verirəm. Yəqin, ona görə ki, yazmaqdan başqa heç nə bacarmıram. Siz indi bir növ kino sənətinə yeni başlayanlara, gənclərə – istər həvəskar olsun, istər peşəkar təhsil almış – addımbaadım təlimat verdiniz. Yəni hər kəs kino çəkə bilər. Öz şəxsi təcrübənizi bütün təffərrüatlarına qədər bölüşdünüz. Bu, çox vacibdir. Xüsusən də, nəzərə alsaq ki, indi Azərbaycanda gənclərin kinosu inkişaf edir…

– Bilirsiniz, siz də ədəbiyyat üzrə təhsil almamısınız, mən də. Nə Qorkini, nə başqa yeri bitirməmişəm. Amma yazıram. Yəni belə daha yaxşıdır, çünki yaradıcılıq elə şeydir ki, sən öz ruhunu ifadə eləməlisən. Əgər sənə onu necə ifadə eləməyi öyrədirlərsə, hər şeyi korlaya bilərsən. Problem bundadır. Texniki tərəfləri öyrətmək lazımdır. Məsələn, rejissor ssenarisi belə yazılır, kadrlaşdırmanı belə aparırsan, mütləq bütün detalları çəkməlisən, çünki bu, montajda lazım olur və s. amma necə çəkməyi öyrənmək mümkün deyil. Operator kadrı görməlidir. Eyni şey rejissora da aiddir. Mən çəkiliş vaxtı yerindəcə improvizasiya eləyirdim, bunu çək, onu çək, dizüstə çək, gələn dalğanı çək və s. Bildiyiniz kimi, ixtisasca həkiməm. İlk professorum demişdi ki, mən sənə necə müalicə etməyi öyrədə bilərəm, bunu öyrətmək mümkündür. Amma mən nə səni, nə də başqa birini həkimə çevirə bilmərəm. Həkim doğulmaq lazımdır, insanları sevməlisən. Yaradıcılıqda da eyni şeydir. Sən hiss eləməlisən, əgər söhbət kinodan gedirsə, daxili aləmini bu dəfə səhifəyə yox, təsvirə köçürməlisən. Hətta bu, daha asandır.

Təbii ki, çəkməyi hamı bacarar. Amma məsələ necə çəkməkdir. Bizim gördüklərimizi çoxları görmür. Ən əsası isə qaydalar yoxdu. Yəni mən belə düşünürəm. Düzdür, düz deyil, amma mən belə fikirləşirəm: heç bir qayda yoxdur. Daha doğrusu, bircə qayda var: hər insan invidual olduğu kimi, hər insan yaradıcılığını individual şəkildə ifadə eləyə bilər. Onda maraqlı bir şey alınır. Kimsə oturub sosialist realizmindən, ya da film çəkməyin qaydalarından danışanda, belə eləmək, elə yazmaq lazımdır deyəndə həm istedad məhv olur, həm də dahilik. Buna görə də gənclərə deyirəm ki, cəsarətli olun, çəkin, yeganə qayda siz özünüzsünüz. Əgər siz, məsələn, Bakını sırf sovet atmosferində görürsünüzsə, onda onu, başqalarının təsvir elədiyi kimi yox, öz gördüyünüz kimi çəkin. Bəlkə siz Bakıda başqalarının görmədiyi tərəfləri görürsünüz?!

Musiqidə də belədir. Musiqiçi bir akkordu eşidəndə onun kimə məxsus olduğunu bilir. Devid Linçin filmlərində üç saniyədən sonra mən rejissoru tanıyıram. Ya da Vudi Allen olsun. Ancaq elə rejissorlar da var ki, pis çəkmirlər, amma filmləri ortababdır, sıradandır. Baxırsan və unudursan. Sabah həmin tərzdə bir şeyə baxanda kimin çəkdiyini seçə bilmirsən. Elələrinə sadəcə film çəkməyi öyrədiblər, vəssalam. Təkrar eləyirəm: təkcə texniki tərəfləri öyrətmək mümkündür.

– Bilirsiniz, filmi izləyəndə nə barədə fikirləşdim? İncəsənətin həkk etmək gücü, imkanları haqqında. Şablon bir örnək göstərim: məsələn, 60-cı illərin Parisi… Barrikadasız… Lap elə barrikadalı olsun. Öz romantikası, öz atmosferi var – barlar, Sena, balaca küçələr, musiqi və s. Amma bu günkü Parisdə bunların heç biri yoxdur. Mən qəsdən bir neçə dəfə ora getmişdim ki, nəsə hiss eləyim, o atmosferi tutum, amma alınmadı. Tək də getmişəm, ailəmlə də… Ancaq heç vaxt məşhur müəlliflərin filmlərində gördüyüm, kitablarında oxuduğum atmosferi hiss eləməmişəm. Bəs, siz, keçmiş Bakının atmosferini gələcək nəsillərə ötürməyi hədəfləmisinizmi? Yəni film kimin üçün çəkilib? Sizin nəsil üçün, nostalgiya yaşamaq üçün, yoxsa indiki nəsil də filmdə gördüklərini anlayacaq və hiss eləyəcək?

– Biz bu filmi Leylayla xeyli müzakirə eləmişik, çünki son dərəcə genişmiqyaslı çəkmək istəyirdik. Orda hər bir detal müəyyən bir informasiya daşıyır, alleqoriyadır. Yəni hər kadrı fərqli şəkildə interpretasiya etmək mümkündür. Bunu eləmək asan deyildi, amma alınmasını istəyirdim və istədiyimə də nail oldum. Filmin ilk təqdimatını Bakıda dostlarımız üçün keçirmişdik. Nümayişdən sonra hər kəs öz fikrini bildirdi və heç kimin fikri bir-birilə üst-üstə düşmədi. Hətta sonda rejissor Vaqif Əsədov düz bir saat danışdı, filmi əvvəldən axıra qədər təhlil elədi. Sadəcə ən axırda məndən “divarın arxasında” nə olduğunu soruşdu. Cavab verdim ki, bunu heç kim bilmir. Dedi ki, elə mən də belə fikirləşirdim.

Çoxları elə düşünür ki, bu film, köhnə Bakı üçün nostalgiyadır. Amma yox. Biz eyni şəkildə məkan kimi köhnə Madridi və bugünkü Madiridi də çəkə bilərdik. Ya da məsələn, Toledonu. Bu film tənhalıq haqqındadır. “Yağmur” hekayəsində necədir? Qəhrəman sevib, sevgilisi ilə ya ayrılıb, ya da aralarında başqa bir şey baş verib. Filmdəki xarabalıqlar, bağlı pəncərələr qəhrəmanın sevdiyi qadını itirməsinin simvoludur. Yəni Bakının dəyişməyinin yox, itkinin obrazıdır. Və sonra bugünkü Bakını göstəririk. O Bakını ki, qəhrəman orda öz gəncliyi ilə qarşılaşır, sevgilisi ilə görüşdüyü yerə gedir və keçmişi xatırlayır. Yəni bu, sənətkarın tənhalığı, onun axtarışlarıdır. Hətta ola bilər ki, o qadın heç olmayıb, qəhrəman ömrü boyu onu axtarıb, rəsmlər çəkib, amma axıra qədər tək qalıb. Prinsipcə, bu, hər bir sənətkarın taleyidir. Heç birimiz bu taledən qaça bilmərik. Biz müxtəlif hadisələr, insanlar haqda fikirləşirik, fərqli dünyalar uydururuq, heç nə alınmayanda məyus oluruq. Çünki biz daha həssasıq və daha dərin hiss edirik, biz yazıçı, uydurmaçıyıq. Bizi də uydurublar. Bizim hamımızı uydurublar, yaradıblar. Bəlkə də, yuxarıda kimsə bizim haqqımızda yazır, bilmirəm.

– Hə, bu, tamamilə mümkündür.

– O ki qaldı Bakıya… Siz deyən kimi də yozmaq olar… 70-ci illərin Bakısı, bizim nəsil, gəncliyimiz, bulvarda konsertlər, rok-n-roll… Hər şeydən əlavə, bu bizim gəncliyimizdir. Gənclik isə həmişə gözəldir. Mən bunu bu gün də göstərirəm – yaşlanmış və özünü itirmiş rəssamın vasitəsilə. Bu, o demək deyil ki, müasir Bakı daha pisdir. O, fərqlidir. Artıq yeni bir nəsil gəlib. Vudi Allenin “Gecəyarısı Parisdə” filmindəki kimi – Heminquey, Dali, Stayn və digərləri oturub köhnə Parisdən danışırlar. Yəni bu, həmişə belə olub və normal yanaşmadır. Çünki bizim yaşadığımız dünya daima dəyişir. İnanın ki, bu gün Bakının mərkəzindəki göydələnlər ən azından məni heç sevindirmir. Amma bu, aksioma deyil. 50 ildən sonra onlar yenə o göydələnlərdə oturacaqlar, göydə hansısa bir aparat uçacaq, onlar da bunu başa düşmədiklərini deyəcəklər. Bu da mümkündür. Demək istədiyim odur ki, şəhərlə bağlı belə bir yozum var, amma ən əsası, daxili dərketmə dünyasıdır, yaradıcı insanın daxili aləmidir.

WhatsApp Image 2020-12-27 at 19.18.28Çoxları soruşur ki, filmdə keçmişi niyə ağ-qara göstərməmişəm. Çünki mən mümkün qədər şablonlardan uzaq dayanmağa çalışmışam, şablonlarla məşğul olmaq istəmirəm. Axı, biz öz keçmişimizi ağ-qara görmürük, yuxularımız rəngli olur. Odur ki, mən də onları rəngli göstərmişəm. Tamaşaçıya bir əsəri “mən məhz bunu demək istəyirdim” kimi təqdim etmək doğru deyil. Mən tapmaca vermirəm. Tamaşaçı o fikrə özü çatmalıdır. Uzun sözün qısası, filmin çoxlu yozumları vardı, Roma festivalında da çox yaxşı rəy aldı. Baxın, əcnəbilər… Onlar Bakıda böyüməyiblər, axı.. Yazırdılar ki, bu filmi heç bir janra aid etmək mümkün deyil, o qədər unikaldır. Film rəqsin, musiqinin və kinematoqrafiyanın kəsişməsindədir. Müəllif bunu o qədər incə göstərir ki, biz onun dünyasına daxil ola bilirik. Bu, versiya da var. Bir ispan dostum bütün film boyu yazırdı. O da tamamilə fərqli şəkildə başa düşmüşdü. Onda Leylaya zəng elədim və dedim ki, film alınıb, biz istədiyimizi eləmişik. Bu, nostalgiya deyil, bizim həyatımızdır. Həyat da hərtərəflidir. Kimsə musiqi dinləmədən yaşayıb, pulu var, hər şeyi var, onun üçün hər şey qaydasındadır. Amma bəziləri də üsyan eləyir. Bəziləri asket həyatı sürür. Dördüncülər həyatda başqa nəsə axtarır. Film də belədir. Bizi də hər kəs fərqli başa düşür. Kimin üçünsə biz yadıq, kimin üçünsə dəliyik, kimin üçünsə doğmayıq. Sənət də belədir. Mən belə bir film çəkmək istəyirdim. Özümü tərifləmək istəmirəm, amma istədiyimi elədim. Təbii ki, Leyla ilə birlikdə. Buna görə də, ona minnətdaram. Bizim çox yaxşı tandemimiz alınmışdı, fikir mübadiləsi edə bilirdik.

– Filmdə gödəkcəli qəhrəmanın qəfildən yaxasında “Sülh və müharibə” yazısı ilə peyda oması səhnəsi var. Sanki müharibənin başlayacağını xəbər verirsiniz.

– Elə çıxır. Müharibə başlayanda film artıq çəkilmişdi, festivalları gəzirdi. Çox təəssüf ki, bu konflikt müharibəyə qədər uzandı. Təbii ki, bizim yox, qarşı tərəfin günahı ucbatından. Hər şeyi müharibəsiz də həll etmək olardı. Amma belə alındı. Xoşbəxtlikdən bu gün münaqişə bitib, qarşıda bizi sülh gözləyir. Başqa variant yoxdur.

– İlham Əliyev də “biz bu səhifəni çevirdik” deyir. Razısınız onunla…

– Bəli, doğrudur. O səhifə çevrildi, artıq sülh olacaq. İnsanlar sülh şəraitində yaşamalıdırlar, bir parça torpağa görə bir-birilərini öldürməməlidilər, başqasının evinə girib onu qəsb etməməlidilər. Gəldin, yedin-içdin, qayıt öz evinə. 70-ci illər dinc illər olub axı… bir tərəfdən artıq stalinizm yox idi, insanlara azadlıq verilmişdi. Digər tərəfdən isə hələ SSRİ-nin dağılmağa başladığı, qıtlığın yarandığı an gəlməmişdi. 70-ci illər qızıl dövr idi. 60 və 70-ci illər… Yumşalma, ardınca da rok-n-roll. O illərdə insanların ürəyində dinclik vardı. Düzdü, indiki kimi böyük maşınlar yox idi, amma heç lazım da deyildi. Bizim filmdə də keçmişlə gələcək görüşür və hər ikisində də o “peace”, sülh var. Bu, o deməkdir ki, ürəyi hələ də üsyankar olsa da, özü sülh, dinclik içində yaşayır. İnşallah, tezliklə biz də həmin o dincliyi, sülhü görəcəyik.

Yəni gödəkcənin yaxasında o rəmzə fokus edilməsi düşünülmüş bir şey idi, amma qeyri-şüuri düşünülmüşdü. Bayaq dedim: bu film həm alleqoriyadır, həm sürrealizmdir, həm də simvolizm. Orda hər şey bir-birinə qarışıb. Musiqi və rəqslə bunların hamısı güclənir. Üstəgəl zamanların qarışması, indi, gələcək, incəsənət, reallıq, qəhrəmanın düşüncələri… hər şey belə düşünülmüşdü. Hekayə daha sadə idi. Orda sırf Bakı vardı. 70-ci illərin Bakısı, Qəhrəman “Gülüstan”a gedir, orda sevdiyini xatırlayır, sonra bulvarda gəzir və s.

– Bu sualı sizə bir dəfə vermişdim. Bəlkə indi filmdən sonra başqa cür cavab verərsiniz. Belə yaxşı nəsr yazmağı bacarmaq və yazmamaq… Səbəbi nədir? Niyə daha yazmırsınız? Yoxsa azərbaycanlı oxucudan razı deyilsiniz?

– Mən indi film çəkirəm. Bu kabus sizə də tanışdır. Səhər oyanırsan, ideyan var, yazmaq istəyirsən, amma yazmırsan. Məndə səbəb heç bu da deyil. Yazı tərzim o qədər də çox oxunmur deməzdim, amma… ədəbi agent lazımdır ki, ardını o gətirsin. Tutaq ki, yazdım, oxumaq üçün dostlarıma verdim, sonra? Məni yazmaq bacarığım, şövqüm içimdə qalırdı. Sadəcə artıq özümü ifadə eləməyin başqa yolunu tapmışam. Özümüzü ifadə etmək bizə hava-su kimi lazımdır, əks halda məhv olarıq. İstənilən yaradıcı insan mənim nə demək istədiyimi anlayar. Biz həkim kimi işləyə bilərik, biznesmen kimi işləyə bilərik, amma bu, heç nəyi dəyişməyəcək, çünki yaradıcı kimi doğulmuşuq.

WhatsApp Image 2020-12-27 at 20.06.31

O ki qaldı bizim xalqa… Filmdə birlikdə işlədiyimiz uşaqlar yeni nəsildir, tamamilə başqa cəmiyyətdə yetişiblər və s. Amma çox gözəldirlər. Bizim dövrümüzdə də eynilə indiki kimi idi. Bizim gənc ölkəmiz gözlərini açmağa macal tapmamış müharibə başladı, tez-tez çevrilişlər oldu. Hər şey az-maz yoluna düşürdü, yenə eyni şeylər təkrarlandı. Zaman lazımdır. Hər şeyi anlayacaq bir təbəqə var. Buna görə də, öz millətinə ilişib qalmaq, məsələn, təkcə sovet dövründən, Abşerondakı bağ evindən, ya da Naxçıvandakı kəndindən yazmaq istənilən yaradıcı insanı heçliyə aparan yoldur. Bu olmasın deyə, belə şeylərin fövqünə qalxmaq, ümumbəşəri yazmaq lazımdır. Məhz buna görə də filmi ispanlar da başa düşür, italyanlar da. Ona görə yox ki, azərbaycan filmidir. Təbii ki, orda hər şey Azərbaycanla bağlıdı, əhvalat Bakıda baş verir. Amma hər yerdə başa düşülür, çünki insani şeylərdən bəhs edir. İnsan hər yerdə insandır. Hamımızın eyni problemləri var, hamımız emosionalıq, həssasıq, sevirik, tənhalıqdan əziyyət çəkirik, amma fərqli formalarda. Xüsusən, cənub xalqları bizi daha yaxşı anlayır. Çünki biz emosionalıq. İspanlar bizi çox yaxşı başa düşürlər, italyanlar çox yaxşı başa düşürlər. Hərçənd film Nyu-Yorkda da, Los-Ancelesdə də uğurla nümayiş olunmuşdu, amma oralarda jürilər yığma komandadır, mütləq hər yerdə italyanlar, yəhudilər var. Onlar da şərq xalqıdır…

Buna görə də, dediyiniz şeylərin fövqündə olmaq lazımdır. Onsuz da, millilikdən qaçmaq mümkün deyil. Nə yazsaq, nə çəksək, orda həmişə milli bir element olacaq. Məsələn, filmdə Bakı var, sizdə də mütləq hansısa milli bir şey olacaq. Amma bunda ilişib qalmaq olmaz. Hər şeyə yuxarıdan, ümumbəşəri rakursdan baxmaq lazımdır, onda alınacaq. Vaxtilə SSRİ-də mənim əsərlərimi çap eləmək istəmirdilər, yazıldığı dilə ilişirdilər, deyirdilər ki, kim bu tərzdə yazır, axı? Necə yəni kim yazır? Kortasar yazır. Alber Kamyu belə yazırdı. Mənimlə onlar arasında kosmos qədər məsafə var, mən gücdən danışıram. O vaxt özümə dedim ki, mən yazacam, amma burada yox. Ona görə də, çıxıb getdim və xaricdə çap olundum.

Artıq zəmanə dəyişib, istədiyini yaza bilərsən. Təbii ki, heç kimi təhqir etmədən yazmaq lazımdır. Hətta İspaniyada da təhqir eləməyə başlasan, qulağından tutub dərsini verəcəklər. Amma belə, buyur, istədiyini yaza bilərsən. Kimsə səni anlayacaq, kimsə anlamayacaq. Kiminsə çox geniş auditoriyası var, kiminsə auditoriyası balacadı. Məsələn, bu film də hamı üçün deyil. Bir nəfər baxdı, baxdı, axırda dedi ki, heç nə anlamadım, bir kişi oturub içir… İş ondadır ki, onun düşünmək tərzi fərqlidir. Detektiv yazsan, səni yüzminlərlə insan oxuyacaq. Amma nəyimə lazımdı? Detektiv janrının ustaları var. Ondansa mən iki-üç şey yazım, amma öz istədiyim şeylər olsun. Bir də, kim sizə deyib ki, mütləq sağ ikən tanınmaq lazımdı? Necə olacağını heç kim dəqiq bilmir, bizim taleyimiz belədir. Yazmamağı da bacarmırıq. Mən sakitcə oturub qəhvəmi içə, idmanımla məşğul ola, ora-bura səfər eləyə, heç nə çəkməyə də bilərdim. Amma yox. Bu filmi mütləq çəkməliydim. Bu, mənim üçün elə bir adrenalin idi ki… İstənilən yaradıcılıq növündə insan başqa bir aləmə düşür. Bu, xoşbəxtlikdir. Məncə, istənilən yaradıcılıq Allahla ünsiyyətdir. O musiqi mənə niyə yuxuda gəldi? Niyə? Mən hesab eləyirəm ki, heç nə təsadüfən olmur. Sənin əlindən tutub aparırlar. Əgər aparırlarsa, deməli, bu işi görmək lazımdır. Odur ki, sizə də dayanmağı tövsiyə eləmirəm.

– Hə, çox güman ki, elədir.

– Yeri gəlmişkən, filmi tamamlayandan sonra onu göstərməyə çalışdım. Çünki film baxılmaq üçün çəkilir. Özün çəkib özün baxmayacaqsan ki?! Hər şeydən əvvəl mənə başqalarının rəyi maraqlı idi. O rəy isə festivallarda verilir. Və o, uğur qazandı. Düzdü, mən fikirləşirdim, yəqin ki, onu hardasa qəbul eləyəcəklər. Amma elə ilk festivalda – Vankuverdə birinci yerə layiq görüləndə çox təəccübləndim. Yeri gəlmişkən, orada da başqa bir interpretasiya oldu. Onlar filmi sənədli kimi qəbul elədilər. Baxmayaraq ki, ilk kadrlar istisna olunmaqla orda sənədli filmdən əsər-əlamət yoxdur. Amma Vankuverdə onu sənədli kimi anladılar. Sonra isə festival həyatı davam elədi, Vankuverdən sonra Böyük Britaniyada nümayiş olundu. Orda “ən yaxşı montaj” işinə görə nominant olduq. Britaniyada da film haqqında həddindən artıq müsbət resenziya yazılmışdı. Sonra Florensiya festivalı gəldi, finala qədər getdik. Əfsus ki, ordan o yana keçə bilmədik. Bu, çox böyük qələbə idi, çox sevinirdik. Ardınca Çikaqoda da yarımfinala qədər getdik. Nyu-Yorkda isə “ən yaxşı müzikl” nominasiyasında qalib gəldik. Bax, onda başa düşdüm ki, film alınıb. Hər festivalın öz janrı var. Los-Anceles fesitvalı bizə qısametrajlı kimi mükafat verdi, Kaliforniyadakı festivalların birində “ən yaxşı mahnı (xarici ve amerikali kompozitor)” nominasiyasında yarımfinala qədər çatdıq. Axırıncı dəfə isə Los-Ancelesdə “ən yaxşı konsepsiya”, “ən yaxşı ideyaya görə” mükafat aldıq. Deməli, maraq doğurur. Deməli, alınıb!

WhatsApp Image 2020-12-27 at 19.17.18Bir şey də deyim. Mən, seçildiyimiz festivalların iştirakçılarının siyahılarına baxıram. MDB-dən heç kim yoxdu, təkcə Azərbaycan. İkicə dəfə gözümə Rusiyanın adı dəymişdi. Bu, çox yaxşıdı, sevindirici haldı. Xüsusən də, indiki vəziyyətdə. Bəzi ölkələrin bizə qarşı qərəzli mövqe tutduğu zamanda… Bütün bunları 90-cı illərin əvvəllərində yaşamışıq artıq. Bizi döyürdülər, bizim haqqımızı alırdılar, amma günahkar da biz olurduq. Odur ki, son festivaldakı uğurumuzla qələbəmizə kiçik də olsa, töhvəmizi verdik. Çünki onlar da xəbərlərə baxırdılar da.. Bax belə. Festivallar hələ də davam eləyir. Bu film Leyla ilə birgə layihəmizin bir hissəsidir. Birinci musiqi, sonra mahnı, sonra ideya və s. Təbii ki, uşaqlar da çox sağ olsunlar. Onların köməyi olmadan çətin olardı. Və onlar bugünün Bakısında böyüyüblər.. yəni yaxşı gənclik var. Azdı, amma var.

– Bəli, var.

– Məncə, onların çoxalması üçün, tv-lərdəki dingildəyən müğənniləri ləğv eləmək lazımdır. Bizim insanları öyrətmək asandır. Belə primitiv situasiyada böyümək onların təqsiri deyil. Gəlin, onları məktəbdən öyrətməyə başlayaq.

– Elitanın repressiya eləmək haqqı var. Sadəcə bizim elita çox humanistdir, repressiyalarla məşğul olmaq istəmir. Hansısa siyasi məqamlarda bəli, amma təəssüf ki, mədəni radikal addımlar görmürük. Halbuki özləri də hər şeyi çox yaxşı başa düşürlər…

– Repressiyaya ehtiyac yoxdur, sadəcə təhsil vermək lazımdı. Təbii ki, əgər müəllim uşaqları məhv eləyirsə, onu işdən çıxartmaq lazımdır. Əgər həkim xəstəni müalicə eləyə bilmirsə, lisenziyasını əlindən almaq lazımdır. Başqa variant yoxdur. Bu, dünyanın hər yerində belə həll olunur. Sən uşaqlara yanlış təhsil verirsənsə, sonra elə o uşaqlar səni müalicə eləyəcəklər, sənin uşaqlarına dərs deyəcəklər, mühakimə eləyəcəklər… Beləcə, hər şey çox pis olacaq. Yəni məsələnin kökü təhsildir. Mən o insanlarla söhbət eləmişəm, onları görmüşəm. Onlar üçün maraqlıdır, həvəslə baxırlar. Sadəcə bizim burada sahib olduqlarımıza əlləri çatmır. Amma həddindən artıq primitiv təfəkkürlü, filmə baxıb “bu nədi belə?” deyənlər də var. Neynəmək olar.. 

– Düzdür, amma özünüz də çox gözəl başa düşürsünüz ki, sizin filminizi onların çox az faizi anlaya, ya da məmnuniyyətlə baxa, düşünə, müzakirə edə bilər.

– Təəssüf ki, bilirəm. Amma eybi yox. Düzdür, burada – indi olduğum yerdə daha çox insan başa düşər onu, amma hamı yox. Bu film emosiyalar üzərində qurulub. O, şüuraltı səviyyəyə təsir edir. Emosiyaların bir qədər sönük olduğu yerdə isə, təbii ki, heç nə anlamayacaqsan.

– Gələcək planlarınız barədə ənənəvi sualı səsləndirim?

– Əlbəttə, o barədə də danışaq. Bilirsinizmi… bir kitabı yazıb bitirəndə nə baş verir? Mən də daxil olmaqla hamımızda eyni şey..

– Adam boşluğa düşür?

– Elə bil özümü yaxşı hiss elədiyim bir dünyadan çıxmışam… o mənim qurduğum bir dünya idi və bitdi, öz həyatını yaşamağa başladı, mən isə tənha qaldım. Film layihəsini də işlədiyimiz müddətdə çox çoşqulu idim… Leyla da mənim kimi. Biz söhbət eləyirdik, fikir mübadiləsi aparırdıq, dalaşırdıq, festivallara görə sevinirdik. Hər qələbə böyük sevinc idi. Bu, qəbul olunmaq deməkdir. Məsələ o təltiflərdə, ya da göndərdikləri heykəlciklərdə deyil. Əsas o idi ki, bizi anlayırlar. Bunun özü çox dəyərlidir. Bizi bütün dünyada başa düşürlər. Deməli, biz istədiyimizə nail olmuşduq. Belə deyək də, Allahın yanına qalxmışdıq. Bu film sırf Azərbaycan filmi deyil və heç belə olmamalıdır da. Məsələn, Kortasar, ya da Markes (ja da  Borxes) latın-amerikalı yazıçılardır. Amma bizə təsir eləyirlər. Yapon Kobo Abeni oxuyanda bizə təsir eləyir. Çünki bu, ədəbiyyatdır. Ədəbiyyat məhz belə olmalıdır. Başqa cür folklor olur.

O ki qaldı planlara… təbii ki, planlarımız var. Leylanın çox gözəl bir librettosu var. Onun barəsində hələ filmdən əvvəl danışmışdıq. Düzünü desəm, başlanğıcda mən o qədər də anlamamışdım. Çünki dramaturgiyanı elə də yaxşı bilmirəm, mənim düşüncə tərzim bir az fərqlidir. Dramaturgiyanın içinə daxil ola, söhbətin nədən getdiyini anlaya bilmirəm. Mənə ədəbiyyat ən azı, sinopsisi oxumaq lazımdı. Ona görə də, Leylaya dedim ki, gəl, filmi bitirək, ona sonra baxarıq. Daha sonra dərindən baxanda başa düşdüm ki, o da sanki bu gün baş verənlər barədədir. Libretto imolati – “Qurbanvermə” adlanır. Deməli, Leyla, təsadüfən, Yan Qusla Nəsiminin eyni ildə anadan olduqlarına diqqət yetirib. Hər ikisi protestant olub- biri xristian protestantı, digəri müsəlman protestantı. Və Leylanın dərhal libretto yazmaq istəyi yaranıb. Bu yaxınlarda onu təkrar oxudum və dahiyanə olduğunu anladım. O vaxt qərara gəlmişdik ki, bu librettonu rok-opera kimi səhnələşdirəcəyik. Paralel olaraq Qara Qarayevin tələbəsi, eyni zamanda rok-n-rolçu Elxan Məmmədova da verdim oxusun. O da oxuyandan sonra dahiyanə olduğunu dedi və düz bir il boyunca həmin librettoya musiqi yazdı.

İdeya belədir ki, Praqada yaşayan kor yazıçı kitab yazır. Süjet belə başlayır. Orda zaman məsələsi, din barədə dialoqlar var və paralel olaraq Yan Qusla Nəsiminin başına gələnlər göstərilir. Əsas xətt isə ondan ibarətdir ki, onların hər ikisi bir-birindən xəbərsiz qoyduqları bir kodu axtarırlar. Sonda isə məlum olur ki, həmin kod on ehkamdır. Yəni bütün librettonun ideyası ondan ibarətdir ki, əgər insanlar həmin on ehkama riayət eləsələr, onlara başqa heç nə lazım deyil. Nə dua, nə də başqa bir şey. Sadəcə on ehkama riayət eləmək lazımdır. Onda heç bir problem qalmayacaq. Torpaq üstündə davalar da olmayacaq, çünki o, bizə yox, allaha məxsusdur. Biz nəyi bölüşdürürük, axı?! Biz bura gəlmişik və bir neçə ildən sonra da çıxıb gedəcəyik. Hara gedəcəyimizi də heç kim bilmir. Leyla tolerantlıq barədə yazır. Tolerantlıq – yeri gəlmişkən, bu sözü sevmirəm – dözmək deməkdir. Amma dözmək lazım deyil. Sən ya sevməlisən, ya da hörmət eləməlisən.

– Hə, mən də o sözə nifrət eləyirəm. Liberal-pederastsayağı sözdür.

– Film bədii formada ölkəmizin multikultural dialoq meylini əks etdirəcək. Çünki bizdə həm sinaqoqlar var, həm kilsələr var, həm məscidlər, atəşpərəst məbədi də var. Bu millət dünyada mövcud olan bütün dinlərdən keçib. Buna görə də, bu vaxta qədər qarşı tərəfin eləmək istədiyi alınmadı. Bu, dini müharibə deyil, dinlə heç bir əlaqəsi yoxdur. Amma burada Avropada,  Amerikada filmi səfirliklərin köməyi ilə nümayiş etdirə bilsək, anşlaq olacaq. İdeyası möhtəşəmdir, Elxan möhtəşəm bir musiqi yazıb. Biz bu operanı səhnələşdirmək yox, film eləmək istəyirik. Çünki truppa ilə nə qədər səfər eləyə bilərsən? Amma filmi asanlıqla hər yerə aparmaq, göstərmək mümkündür. Və o filmin titrlərində “Azərbaycanda çəkilib” yazılacaq. Bu da bizim simamızdır.

Söhbətləşdi: Ələkbər Əliyev

 

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

elmir-mirzeyev
.

Elmir Mirzəyev: “Həyatın özü bir xülya teatrıdır”

17 Oktyabr 2022
06fa4d_8411639fb7b24c268bb0471bec1dffa7_mv2
.

Hoqqabazlarla mübarizədə necə sağ qalaq?

23 Sentyabr 2021
maxresdefault
.

Azad İsazadə: “Namusuma sataşıblarsa, mən də öldürərəm”

19 Sentyabr 2021
Remini20210607203050635
.

Əli Əlizadə: “Mən həmişə öz yolumu tapmağa çalışırdım”

13 İyul 2021
201804452_179370987466961_7802629467343768302_n
.

Ələkbər Əliyev: “İnsanlar apriori pisdir, yaxşı insan yoxdur”

03 İyul 2021
mariya rufet
.

Oğurlanan layihə. Qarabağla bağlı Mədəniyyət Nazirliyinin təxirə saldığı film…

30 İyun 2021
Facebook Youtube Instagram Twitter Telegram

az

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

 

 

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
7dce91c5fe34bb353d8aa1ad47ab89c1

Dizayn və icra: Arcod Technology /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

Göndər Cancel