XIX yüzilliyin ortalarından, xüsusilə, Mirzə Fətəli Axundzadənin cəhalət qaranlığında günəş kimi parlamasından sonra Azərbaycanda tarixi bir dalğa – aydınlıq (maariflənmə) hərəkatı başladı.
Xalqın mütləq hissəsinin savadsız və hüquqsuz olduğu, din, şəriət ehkamları ilə istismar edildiyi bir çağda onu qəflət yuxusundan oyandırmağa, mütərəqqi fikirlərlə bəsləməyə çalışmaq olduqca gərəkli, ancaq elə bir o qədər də təhlükəli missiya idi.
Mürtəce dünyagörüşə savaş açan insanlar bunun bədəlini həyatları ilə ödəyə biləcəklərindən xəbərsiz deyildilər. Ancaq başqa yol da yox idi: mənsub olduqları toplumun gözlərini açmaq, onları mövhumat, nadanlıq bataqlığından dartıb çıxarmaq qaçılmaza çevrilmişdi.
Bu gün həmin insanları sayğı ilə xatırlayarkən aydınlanma hərəkatımızın nə qədər dəhşətli, qorxunc yollardan keçdiyini unutmamaq, unutdurmamaq borcumuzdur.
“Maarifçilik tariximizin sui-qəsdləri” başlıqlı bu yazı seriyası da həmin mənəvi borcluluq duyğusundan yaranıb.
Bir də görk almaq, dərs çıxarmaq ehtiyacından – axı milləti silkələyib qəflət yuxusundan oyatmağa çalışanların həyat yolu elə indi də hamar deyil. Rafiq Tağı örnəyində yaşadığımız kimi…
Mirzə Cəlilin ölümlə cəngi
Azərbaycanın görkəmli yazıçısı Cəlil Məmmədquluzadə (Mirzə Cəlil) bir neçə dəfə ölüm təhlükəsi yaşayıb.
Bunlardan biri onun naşiri olduğu “Molla Nəsrəddin” dərgisinin 20 yanvar 1908-ci il tarixli sayında işıq üzü görən bir karikatura ilə bağlı idi. Həmin karikaturada Nəcəf müctəhidləri hədəf alınmışdı. Bu səbəbdən də ruhanilərin xüsusi qəzəbi ilə qarşılandı.
Mirzə Cəlilə qarşı təhqirlər və təhdidlər Nəcəf müctəhidlərinin onun haqqında ölüm fətvası imzalaması ilə nəticələndi. Fətvada böyük yazıçını öldürən şəxsə cənnət vəd olunurdu.
Bir nüsxəsi də Mirzə Cəlilin özünə göndərilən fətva nə onu, nə “Moolla Nəsrəddin”çiləri qorxutmadı.
Dərginin həmin ilin fevralında çap edilən ilk sayında bu dəfə Bakı mollaları hədəf seçilmişdi: təmsili molla Hacı Cavad məscidinin minbərində əyləşib, sağ əlində Quran, sol əlində isə murdar olduğu üçün barmaqlarının ucu ilə “Molla Nəsrəddin” jurnalı tutub və ağlaya-ağlaya onu buraxana lənət oxuyur, cəzalandırmağa çağırırdı.
Həmin karikaturadan sonra Bakı dindarlarının imzası ilə Qafqaz canişininə ərizə ünvanlandı: orada “Molla Nəsrəddin”in qapadılması, dinə sataşan məlunun isə haqq-hesaba çəkilməsi tələb olunurdu.
Elə həmin günlərdə Bakıdan Tiflisə üç nəfər göndərilmişdi. Onlara Mirzə Cəlili öldürmək tapşırılmışdı.
Qatillərdən öncə Tiflisə bu barədə xəbərdarlıq yetişdi. Görkəmli yazıçının Bakıdakı xeyirxahları məsələdən agah olan kimi ona ismarış yollamışdılar.
Çox keçmədən Tiflisin İrəvanski meydanı yaxınlığında, Sololak küçəsində üzərində üç tapança olan, yapıncıya bürünmüş bir nəfər şübhəli şəxs kimi saxlanılmış, məlum olmuşdu ki, Bakıdan göndərilən üç nəfərdən biri məhz odur.
Beləcə, Bakı ruhanilərinin niyyəti baş tutmadı.
Bunacan isə artıq Mirzə Cəlil özünü qorumaq məqsədilə silahla gəzməyə başlamışdı. Onun üzərində 371966 nömrəli kiçik tapança vardı.
Böyük maarifçinin həyat yoldaşı Həmidə xanım sonralar xatirələrində həmin silahı muzeyə verdiyini yazmışdı.
Yeri gəlmişkən, Mirzə Cəlil daha bir ölüm təhlükəsi ilə məhz Həmidə xanımla ailə qurarkən üzləşib.
Evlilik barədə eşidən Qarabağ bəyləri cin atına minmişdilər. Plana görə, Ağdam bazarında Mirzə Cəlilin olduğu faytonun qarşısı kəsilməli və o təhqiramiz şəkildə öldürülməli idi. Bu plan Həmidə xanımın əmisi oğlu İbiş bəyin səyi nəticəsində baş tutmur.
“Bu, həmin o İbiş bəy idi ki, dövlət qulluqçularının üzünə ağ olduğu üçün 12 il Sibirdə sürgündə olmuşdu” – Həmidə xanım xatirələrində yazır.
Qarabağ bəylərinin Mirzə Cəlilə nifrətinin kökündə də həm onun dinə münasibəti, həm də millətin qanına zəli kimi daraşan bəylərə qarşı kəskin tənqidləri, öldürücü lağlağıları dayanırdı.
Mirzə Cəlilin ölümlə cəngi bununla da bitmir: “Molla Nəsrəddin” dərgisində işıq üzü görən “Erməni və müsəlman övrətləri” adlı məqalə də (19 may 1907) böyük səs-küyə səbəb olmuş, yerli ruhanilərin təhriki ilə Bakının müsəlman əhalisi ayağa qalxmışdı. İş o yerə çatmışdı ki, görkəmli yazıçını öldürməyə açıq çağırışlar edilirdi. Yalnız başqa bir görkəmli maaarifpərvər, ilk “Molla Nəsrəddinçi”lərdən Ömər Faiq Nemanzadənin qəzəblənmiş kütlənin ayağına getməsi, onun qarşısında çıxış etməsi nəticəsində ara nisbətən sakitləşmişdi.
Üzeyir Hacıbəylini də öldürmək istəyiblərmiş…
Azərbaycanın böyük bəstəkarı və maarifçisi Üzeyir Hacıbəyliyə qarşı da sui-qəsd planı qurulub.
Buna səbəb isə ilk qadın opera müğənnimiz Şövkət Məmmədova olub. Daha doğrusu, onun Üzeyir bəyin yazdığı “Ər və arvad” operettasında çıxış etməsi…
Şövkət xanım 1897-ci ildə Tiflisdə kasıb pinəçi ailəsində anadan olmuşdu.
Atası Şövkətin musiqiyə qarşı olan istəyini hiss edib, milyonçu Hacı Zeynalabdin Tağıyevin köməkliyi ilə 1910-cu ildə onu Bakıya göndərir.
Ş.Məmmədova 1911-ci ildə Zeynalabdin Tağıyev və həyat yoldaşı Sona xanımın köməyi ilə İtaliyanın Milan şəhərində musiqi məktəbinə daxil olur.
Lakin bir müddət sonra maddi çətinliklər Şövkət xanımımn təhsilini davam etdirməsinə çətinlik yaradır. O, geri qayıtmalı olur.
Tanınmış teatr və kino aktyoru Mirzəağa Əliyev Üzeyir bəy haqqında qələmə aldığı bir məqalədə (1948-ci il) yazır: “1912-ci il aprelin 3-də Üzeyir Hacıbəyov mənimlə bərabər artistlərimizdən bir neçəsini evinə dəvət edib, Italiyanın Milan konservatoriyasında təhsil alan azərbaycanlı qızı Şövkət xanım Məmmədovanın Bakıya gəldiyini bildirdi və Şövkət xanımın İtaliyaya qayıdıb təhsilini davam etdirməsi üçün ona kömək etməyimizi xahiş elədi.
Üzeyir Hacıbəyovun təklifini hamılıqla qəbul edib, Şövkət xanım Məmmədovanın nəfinə «Ər və arvad» musiqili komediyasını oynamağı qət etdik. Aprelin 13-də axşam Tağıyev teatrında «Ər və arvad» musiqili komediyasının tamaşası qurtardıqdan sonra «konsert» şöbəsi başlandı.
Şövkət xanım Məmmədova səhnəyə çıxıb bir neçə hava oxudu. Bu bir çoxlarının xoşuna gəlmədi. Xüsusilə «millət-millət» deyib bar-bar bağıran ağalar ayağa qalxıb teatrı tərk etməyə başladılar..
Mən bu halı gördükdə tez səhnə arxasından Üzeyirin yanına gəlib xəbər verdim və nə etməli olduğumuzu ondan soruşdum. Üzeyir Hacıbəyov inadlı bir tərzdə: «Qoy gedən getsin, bizə qalanlar lazımdır» – dedi”…
Lakin məsələ bununla bitmir: Şövkət xanımın səhnəyə örtüksüz çıxmasına qəzəblənən ruhanilər və qoçular həm gənc müğənninin, həm də onu bu şəkildə səhnəyə çıxaran Üzeyir bəyin öldürülməsinə qərar verirlər.
Di gəl, açıqgörüşlü insanların müdaxiləsi nəticəsində qətl fərmanı sözdə qalır.
Üzeyir bəy bu hadisədən sonra 36, Şövkət xanım isə 70 il yaşayır.
Qasım bəy Zakirdən nə istəyirdilər?
O, Azərbaycan tənqidi realizminin yaradıcılarından sayılır.
Dövrünün açıqgörüşlü insanlarından biri idi. Həyatı cəhalətə qarşı mübarizədə keçib. Yaradıcılığı boyunca cəmiyyətdəki ədalətsizliklərin sərt satirta atəşinə tutub. Bunun cəzasını isə bir ömür çəkməli olub.
Söhbət Qasım bəy Zakirdən gedir.
1784-cü ildə Qarabağ mahalının Şuşa şəhərində tanınmış bəy ailəsində anadan olan Qasım bəy maarifçi satiramızın banisidir.
Xalqın aydın şəkildə başa düşəcəyi dildə şeirlər yazan, bu şeirləri ilə sonralar başda Mirzə Fətəli Axundzadə olmaqla, böyük maarifçilərimizi heyrətləndirən, onların rəğbətini qazanan Qasım bəyin hədəfində soyğunçu, talançı, qəddar ağalar, bəylər, camaatı aldadıb dini fanatizm, xürafat bataqlığına sürükləyərək öz qazancını güdən ruhanilər vardı.
Bu da görkəmli şairimzə çoxlu düşmənlər qazandırmışdı.
Həmin düşmənlər ondan qisas almaq, onu susdurmaq üçün var-yoxunu talan etmiş, mülkünü zorla əlindən almışdılar. Lakin Qasım bəy Zakirə qarşı hiddətləri bununla da soyumamışdı, odur ki, ona qarşı başqa təhlükəli planlar qurmaqda idilər. Bura Qasım bəyi aradan götürmək də daxil idi. Onun günləri ölüm qorxusu altında keçirdi.
Nəhayət, Qasım bəyi hökumətdən qaçaq düşən qardaşı oğlu Behbud bəy Cavanşiri evində gizlətməkdə suçlamağa başladılar. Təzyiqlər, təqiblər son həddə çatmışdı.
Bir müddət sonra Behbud bəyin qardaşı Rüstəm bəy gecə işdən qayıdarkən qaçaq adı ilə tutulur və həbsxanada edam edilir. Çar hakimiyyət orqanları qardaşının intiqamını alacağından qorxduqlarından Behbud bəyin axtarışını gücləndirirlər. 1849-cu ilin oktyabr ayında silahlı hökumət dəstəsi Zakirin yaşadığı Xındırıstan kəndinə hücum edir. Şair bu dəstənin Behbud bəyi axtarmaq üçün gəldiyini düşünür və oğlu Nəcəfqulu bəylə qardaşı oğlu İsgəndər bəyi dəstəni qarşılamağa göndərdi. Lakin hökumət adamları onları Behbud bəyə kömək etməkdə günahlandırıb Şuşa qalasındakı həbsxanaya göndərir.. Həmin gün Zakirin özünü də ailə üzvləri və yaxın qohumları ilə birlikdə həbs edib ora gətirirlər. Kənd isə qarət olunur. Bir müddət sonra Behbud bəy də həbs olunur və elə həbsdəcə güllələnir.
Həbsə atılan Qasım bəy hökumət dairələrinə dalbadal məktub yaaraq, qanunsuz tutulduğunu bildirir. Ancaq onun səsini eşidən olmur.
Şair bir ilə qədər Şuşa həbsxanasında qaldıqdan sonra heç bir mühakiməsiz-filan Bakıya sürgün edilir.
Nəcəfqulu bəylə qardaşı oğlu İsgəndər bəyi isə Tiflisə gətirib, oradan əvvəlcə Voronejə, Voronejdən də Kaluqaya sürgünə yollayırlar.
Şairin ailəsi isə Şuşada qalır.
Bakıya gətirildikdən sonra Qasım bəy dövlət idarələrində çalışan dostlarına – Mirzə Fətəli Axundzadəyə, İsmayıl bəy Qurtqaşınlıya məktub yazıb dərdini anladır.
Bir neçə aylıq məşəqqətdən sonra Axundzadənin, İsmayıl bəyin və onların hökumət dairələrindəki xeyirxah dostlarının səyi nəticəsində Qasım bəy Şuşaya qayıda bilir. Ancaq ömrünün sonunadək hökumət nümayəndələrinin nəzarəti altında yaşayır.
Nə qədər məhrumiyyətli keçsə də, həbs bəlkə də Qasım bəy üçün sağ qalmağın yeganə yolu idi. Azadlıqda qalardısa, nifrətini qazandığı adamların onu öldürmək planını həyata keçirməyəcəyinə kim təminat verə bilərdi?..
(Davam edəcək)