Azlogos
  • Kimlər var
  • Bizi tanı

Bakirə intiharlar Xocalı qətliamı haqqında hər şey Qaralar üçün İsrail "Kitabi-Dədə Qorqud"un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər? Rəqəmsal konslager Liberalların çirkin siması
  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos
Nəticə yoxdur
Bütün nəticələri gör
Azlogos
Nəticə yoxdur
Bütün nəticələri gör

Almanların Azərbaycanda iqtisadi və humanitar fəaliyyəti

Şəhla CəlilzadəŞəhla Cəlilzadə
., Sərbəst
03 Fevral 2021

Almanların Azərbaycana köçü

Almaniyada 18-19-cu əsrlərdə Ştundizm (Stunde) adlanan dini təriqət yayılmağa başladı. Onun təsisçisi 1705-ci ildə vəfat etmiş Filipp-Yakov Şpoler hesab olunur. Xüsusilə Almaniyanın Vürtemberq bölgəsində bu təriqətin təmsilçiləri toplaşaraq dini görüşlər keçirirdilər. 1817-ci ildə təriqətin nümayəndələri fikirlərini yaymaq üçün Rusiya imperiyası ərazisinə köç etməyə başladılar (Velitsın, 1893, s. 24).

Azərbaycanlılarla almanların ilk təmasları da məhz bu dövrə, yəni 19-cu əsrin əvvəllərinə təsadüf edir. Rusiya İmperiyası Nazirlər Komitəsinin 7.9.1818 tarixli qərarı ilə Vürtemberqdən gələn ümumilikdə 2 min almanın Cənubi Qafqazda məskunlaşdırılması qərara alınmışdır. Onların buradakı əsas məskunlaşma arealı Yelizavetpol (Gəncə) quberniyasının Yelizavetpol (Gəncə) və Qazax uyezdləri, həmçinin Tiflis quberniyasının Tiflis və Borçalı uyezdləri olmuşdur (Dizendorf, 2006, s. 173).

german-kolonist-azerbaijan-6
Azərbaycanda alman icması üzvləri

Almanların Azərbaycanda qurduğu koloniyalar/kəndlər aşağıdakılardır:

Annenfeld (Annino) – 1818-ci ildə Vürtemberqdən gələn 67 alman ailəsi tərəfindən əsası qoyulub və böyük çariça Anna Pavlovnanın şərəfinə adlandırılıb. 1826-cı ildə Rusiya-İran müharibələri əsnasında fars və yerli azərbaycanlı əhalinin (ruslar tatar adlandırırdı) hücumları nəticəsində dağıdılıb. Güclü lixoradka (xəstəlik) səbəbilə (1818-1831-ci illərdə burada 185 nəfər doğulub, 479 nəfər ölüb) 1831-ci ildə əhalisi digər koloniyalara köçürülüb, lakin torpaqsızlıq səbəbilə 1836-da geri qayıdıblar. Bu kənd 1873-cü ildə 8 verst şimala köçürülüb. 1909-cu ildə burada alman kilsəsi inşa olunub. 1917-ci ilədək Yelizavetpol (Gəncə) quberniyasının Yelizavetpol (Gəncə) uyezdinə, Azərbaycan SSR dövründə Şamxor rayonuna aid olmuşdur. Bu kənd hazırda Azərbaycan Respublikasının Şəmkir rayonu ərazisində yerləşir. Burada almanlara aid 3890 desyatin torpaq sahəsi olmuş, əhali əsasən şərabçılıq və bağçılıqla məşğul olmuşdur. 1905-ci ildə “Soqlasiye” şərabçılıq birliyi qurulmuş, 1907-ci ildə likörçülük zavodu açılmışdır. Sovet höküməti qurulduqdan sonra burada orta məktəb, kooperativlər, Klara Setkin adına kolxoz fəaliyyətə başlamışdır. 1935-ci ildə Sovet höküməti Annenlefd və Yelenendorf koloniyalarında yaşayan 600 almanı “casusluq” səbəbi ilə Kareliyaya sürgün etmişdir. Almaniyanın SSRİ-yə hücum etməsi ilə Böyük Vətən Müharibəsi başlandıqdan sonra isə, 15-20 oktyabr 1941 tarixlərində koloniyanın geri qalan alman sakinləri də Qazaxıstana sürgün olunmuşlar. Əhali sayı: 277 nəfər (1818), 185 (1836), 183 (1843), 193 (1859), 199 (1869), 492 (437-si alman) (1886), 860 (665-i alman) (1897), 751 (1907), 780 (1913), 875 (1918), 956 (1921), 1189 (969-u alman) (1923), 2166 (1208-i alman) (1926) (Dizendorf, 2006, s. 35).

Annenfeld kənd birliyi (Amtsbezirk Annenfeld) – Yelizavetpol (Gəncə) quberniyası tərkibində yerləşən bu kənd birliyinə Annenfeld və Eygenfeld kəndləri daxil idi. 1907-ci ildə burada 800 nəfər, 1914-cü ildə isə 976 nəfər alman yaşamışdır (Dizendorf, 2006, s. 35).

Yelenendorf, yaxud Yelenino (1938-ci ildən etibarən Xanlar adlanır) – 1819-cu ildə Vürtembergdən gələn 118 alman ailəsi tərəfindən əsası qoyulub və böyük çariça Yelena Pavlovnanın şəfərinə adlandırılıb. Bu kənd 1917-ci ilədək Yelizavetpol (Gəncə) quberniyasının Yelizavetpol (Gəncə) uyezdinə, Azərbaycan SSR dövründə isə Xanlar (Nərimanovskiy/Yelenendorfskiy) rayonuna aid olmuşdur. Bu kənd hazırda Azərbaycan Respublikasının Göygöl rayonunun Göygöl şəhəri ərazisində yerləşir. 1826-cı ildə dağıdılmış və əhalisinin bir qismi qula çevrilmişdir. 1819-21-ci illərdə burada 88 nəfər doğulmuş, 214 nəfər ölmüş, 1829-30-cu illərdə bu rəqəmlər müvafiq olaraq 60 və 126 olmuşdur. 1855-ci ildə kənddə alman kilsəsi inşa olunmuşdur. 1913-cü ildə bu kənddəki torpaqların 6695 desyatini krala aid, 4200 desyatini isə almanlara məxsus şəxsi torpaqlar idi. Almanlar burada əsasən şərabçılıq, bağçılıq, heyvandarlıq, pendir istehsalı ilə məşğul olurdu. Kənddə 37 furqon tipli və 5 işçi emalatxanası, 12 keramika zavodu, 10 meyvə suyu zavodu fəaliyyət göstərirdi. Əsas gəlir sahəsi şərabçılıq və şərab satışı idi. Bu sahədə Forer və Hummellərin şirkətləri öndə idi. Forerlər burada 1868-ci ildə bütün Cənubi Qafqazda ilk pivə zaovdu, 1886-cı ildə isə mineral su zavodu açmışdılar. Almanlar həm də geoloji çalışmalar aparırdılar və beləliklə 1898-də Forerlər Daşkəsəndə dəmir, Annenfelddə isə qızıl yatağı kəşf edirlər. 1903-cü ildə qurulan “Yardım” birliyi 1905-də burada şərab zavodu və konyak fabriki təsis etmişdi. Həmçinin 1905-ci ildə “Yeyntraxt” şərabçılıq birliyi və 1908-ci ildə “Konkordiya” birliyi (1920-ci ildən sonra kooperativə çevrilmişdir) fəaaliyyətə başlamışdı. Burada iki su elektrik stansiyası, 8 su dəyirmanı, Forerlərin elektrik dəyirmanı, su kəməri quraşdırılmışdı. 1908-ci ildə burada qəssabxana açılmışdı. Həmçinin hərbi lazaret (xəstəxana), aptek, çuma-əleyhinə stansiya fəaliyyət göstərirdi. 1823-cü ildə burada ilk məktəb, 1907-ci ildə ticarət kolleci (1917-ci ildən gimnaziya) fəaliyyətə başlamışdı. 1917-ci ildə həm də Rusiyanın alman əslli vətəndaşları burada özlərinin real texnikumunu açmaq üçün izin ala bilmişdilər. 1893-cü ildə alman kişiləri cəmiyyəti qurulmuşdu və bu cəmiyyət kişilər üçün idman, oxucu və dinləyici zalları yaratmışdı. Gənclər cəmiyyəti də mövcud idi. 1913-cü ildə alman qadın ədəbi cəmiyyəti təsis olunmuşdu. Sovet höküməti qurulduqdan sonra buradakı alman təsərrüfatları kooperativlərə çevrildi. Sovet dövründə burada uşaq bağçası, 1926-cı ildən isə orta məktəb və klublar açıldı. 1924-də karlar üçün məktəb, “Konkordiya” kooperativinin bir hissəsində Ernst Telman adına kolxoz yaradıldı. 1935-ci ildə 600 alman (Annenfelddəki almanlarla birlikdə) “casusluq” səbəbilə Kareliyaya sürgün olundu. 20-25 oktyabr 1941 tarixlərində isə kəndin sakinləri Pavlodarsk və Akmolinsk oblastlarına sürgün olundular. Əhali sayı: 501 nəfər (1819), 745 (1836), 609 (1843), 792 (1859), 974 (1869), 1626 (1457 nəfəri alman) (1886), 2572 (1835 nəfəri alman) (1897), 3525 (2384 nəfəri alman) (1908), 2157 (1919), 2180 (1921), 3310 (2227 nəfəri alman) (1923), 3985 (2329 nəfəri alman) (1926), 2675 (1941) (Dizendorf, 2006, s. 166).

german-kolonist-azerbaijan-2

Georgsfeld (Georgiyevskoe, 1932-ci ildən etibarən isə adı Leninfeld/yaxud Lenino) – 1885-ci ildə Yelenendorf koloniyasından gələn 80 alman ailəsi tərəfindən əsası qoyulub və böyük knyaz Georgi Aleksandroviçin şərəfinə adlandırılıb. Bu kənd 1917-ci ilədək Yelizavetpol (Gəncə) quberniyasının Yelizavetpol (Gəncə) uyezdinə, Azərbaycan SSR dövründə isə Şamxor rayonuna aid olmuşdur. Bu kənd hazırda Azərbaycan Respublikasının Şəmkir rayonunun Çinarlı qəsəbəsi ərazisində yerləşir. Burada almanlara məxsus 2422 desyatin torpaq sahəsi olmuş, əhalinin əsas məşğuliyyəti şərabçılıq və bağçılıq idi. 1907-ci ildə kənddə şərab zavodu, 1910-da isə spirtayırma zavodu təsis edilmişdir. 1906-da “Hoffnung/Nadejda” şərabçılıq birliyi fəaliyyətə başlamış, 1913-cü ildə kənddə qəssabxana, çörək bişirən təsis, çayçı fəaliyyət göstərirdi. Sovet dövründə (1926) burada “Konkordiya” şərabçılıq kooperativinin bölməsi, orta məktəb, uşaq bağçası, klub açılmış, “Borba” adlı kolxoz və su elektrik stansiyası fəaliyyət göstərmişdir. Əhali sayı: 212 nəfər (1889), 596 (450-si alman) (1897), 637 (1903), 840 (1913), 811 (1918), 861 (1921), 936 (1928) (Dizendorf, 2006, s. 112).

Alekseyevka (Kirovka) – 1904-cü ildə Yelenendorf koloniyasından gələn almanlar tərəfindən əsası qoyulub. Bu kənd 1917-ci ilədək Yelizavetpol (Gəncə) quberniyasının Qazax uyezdinə, Azərbaycan SSR dövründə isə Ağstafa/Qazax rayonuna aid olmuşdur. Bu kənd hazırda Azərbaycan Respublikasının Ağstafa rayonu ərazisində yerləşir. Burada almanlara məxsus 350 desyatin torpaq sahəsi olmuş, əhalinin əsas məşğuliyyəti şərabçılıq olmuşdur. Sovet dövründə burada Lenin adına kolxozun “Konkordiya” şərabçılıq bölməsi fəaliyyət göstərmiş, məktəb və uşaq bağçası fəaliyyətə başlamışdı. Əhali sayı: 96 nəfər (1907), 260 (1913), 262 (1919), 365 (1921), 351 (1928) (Dizendorf, 2006, s. 25).

Eygenfeld (Petrovka, həmçinin Engelsfeld, Ermaşlı, İrmaşlı, Olginskiy adlanıb) – 1906-cı ildə Yelenendorfdan gələn almanlar tərəfindən əsası qoyulub. Bu kənd 1917-ci ilədək Yelizavetpol (Gəncə) quberniyasının Yelizavetpol (Gəncə) uyezdinə (Annenfeld kənd birliyinə), Azərbaycan SSR dövründə isə Şamxor rayonuna aid olmuşdur. Bu kənd hazırda Azərbaycan Respublikasının Şəmkir rayonu ərazisində yerləşir. Burada almanlara məxsus 615 desyatin torpaq sahəsi (1868-ci ildə) olmuşdur. Əhalinin əsas məşğuliyyəti şərabçılıq idi, Sovet dövrü burada “Konkordiya” kolxozuna aid şərabçılıq bölməsi fəaliyyət göstərmişdir. Əhali sayı: 49 nəfər (1907), 100 (1913), 196 (1928) (Dizendorf, 2006, s. 566).

Qrünfeld (Yaşıl Çəmən, yaxud Qrinfeld) – 1907-ci ildə Yelenendorf koloniyasından gələn almanlar tərəfindən əsası qoyulub. Bu kənd 1917-ci ilədək Yelizavetpol (Gəncə) quberniyasının Qazax uyezdinə, Azərbaycan SSR dövründə isə Ağstafa/Qazax rayonuna aid olmuşdur. Bu kənd hazırda Azərbaycan Respublikasının Ağstafa rayonu ərazisində, Vurğun qəsəbəsində yerləşir. Burada almanlara məxsus 740 desyatin torpaq sahəsi olmuşdur. 1909-da burda “Merkuri” (limonad, şərab və araq istehsal edən) birliyi təsis olunmuş, Sovet dövründə isə “Rote Fane” kolxozu (“Konkordiya” kolxozunun şərabçılıq bölməsi) fəaliyyət göstərmişdir. Sovet dövründə (1926) kənddə uşaq bağçası və orta məktəb də açılmışdır. Əhali sayı: 340 nəfər (1913), 468 (1921), 411 (1928) (Dizendorf, 2006, s. 139).

Qrünfeld kənd birliyi (Amtsbezirk Grünfeld) – Yelizavetpol quberniyasının Qazax uyezdində yerləşən bu kənd birliyinə Grünfeld və Yelizavetinka kəndləri daxil idi (Dizendorf, 2006, s. 139).

Traubenfeld (Şərab Sahəsi, həmçinin Tovuz adlanıb) – 1912-ci ildə Yelizavettal və Aleksandersdorf koloniyalarından gələn almanlar tərəfindən əsası qoyulub. Bu kənd 1917-ci ilədək Yelizavetpol (Gəncə) quberniyasının Qazax uyezdinə, Azərbaycan SSR dövründə isə Tovuz rayonuna aid olmuşdur. Bu kənd hazırda Azərbaycan Respublikasının Tovuz rayonu ərazisində yerləşir. Burada almanlara məxsus 440 desyatin torpaq sahəsi olmuşdur. Əhalisinin əsas məşğuliyyəti şərabçılıq və üzümçülük olub. 1926-cı ildə burda məktəb, uşaq bağçası fəaliyyətə başlayıb. Sovet dövründə burda “Sovetştern” adlı kolxoz fəaliyyət göstərib. Əhali sayı: 123 nəfər (1913), 306 (1921), 393 (1928) (Dizendorf, 2006, s. 490).

Yelizavetinka (Lüksemburq, həmçinin Ağstafa, Marksovka, Yelizateovka, Yelizavetli) – 1914-cü ildə Yelenendorf koloniyasından gələn almanlar tərəfindən əsası qoyulub. Bu kənd 1917-ci ilədək Yelizavetpol (Gəncə) quberniyasının Qazax uyezdinə (Qrünfeld kənd birliyinə), Azərbaycan SSR dövründə isə Ağstafa/Qazax rayonuna aid olmuşdur. Bu kənd hazırda Azərbaycan Respublikasının Ağstafa rayonu ərazisində yerləşir. Sovet dövründə burada “İnternasional” kolxozu yerləşmişdir. Əhali sayı: 50 nəfər (1918), 203 (1928) (Dizendorf, 2006, s. 168).

Ümumi olaraq Cənubi Qafqazda 1858-ci ildə 5,8 min alman yaşayırdı (ümumi əhalinin 0,1%-i), 1886-cı ildə bu rəqəm artaraq 9354 nəfər (ümumi əhalinin 0,2%-i), 1897-ci ildə isə 16669 nəfər (ümumi əhalinin 0,3%-i) olmuşdu. O cümlədən Bakı quberniyasında almanların sayı 1886-da 1721 nəfər (ümumi əhalinin 0,2%-i), 1897-də 3430 nəfər (ümumi əhalinin 0,4%-i), Yelizavetpol (Gəncə) quberniyasında isə müvafiq illərdə uyğun olaraq 1902 nəfər (ümumi əhalinin 0,3%-i) və 3194 nəfər (ümumi əhalinin 0,4%-i) olmuşdur. Azərbaycanda Sovet dövründə almanların sayı müvafiq illərdə aşağıdakı kimi olmuşdur: 1926-da 13149 nəfər (ümumi əhalinin 0,6%-i), 1939-da 23133 nəfər (ümumi əhalinin 0,7%-i), 1941-də 22841 nəfər, 1959-da 1492 nəfər (ümumi əhalinin 0,04%-i), 1970-də 1361 nəfər (ümumi əhalinin 0,03 %-i), 1979-da 1048 nəfər (ümumi əhalinin 0,02%-i), 1989-da 748 nəfər (ümumi əhalinin 0,01%-i). (Dizendorf, 2006, s. 173). Bu siyahıdan II Dünya Müharibəsi sonrası ölkədəki almanlarının sayının necə azaldığını izləmək olar.

Artıq bildiyimiz kimi Rusiya İmperiyasına köç edən almanlar ştundistlər idi. Ştundizm dini təriqət olaraq evangelist protestantizmin sələfi hesab edilə bilər. Onlara baptistlər də deyilə bilər. Alman əsilli ştunde qardaşlığı Rusiya İmperiyası quberniyalarında yerləşdikdən sonra burada yerli əhali arasında dini təriqəti yaymaqla məşğul olmuşlar. Azərbaycanda qurulan alman koloniyalarının əhalisi də ştundist idilər. Onlar ilk əvvəl öz dini təriqətlərini yalnız öz dairələrində icra edirdilər. 1855-ci ildə, artıq qeyd edildiyi kimi, Yelenendorfda müqəddəs İoannın şərəfinə ilk alman kilsəsinin əsası qoyulmuşdu. Daha sonra 1868-də Gədəbəydə, 1869-da Şamaxıda, 1885-də Yelizavetpolda (Gəncə şəhərində) 1909-da isə Annenfelddə alman lüteran kilsələri inşa edildi. 1896-1899-cu illərdə Bakıda müqəddəs Xilaskar Kilsəsi – Kirxa inşa olundu. Ümumiyyətlə Bakıda ilk baptist kilsəsinin əsası isə keçmiş molokan – V.V.İvanov tərəfindən 1880-ci ildə qoyulmuşdur. Sovet dövründə almanlara qarşı təqiblər başladıqdan sonra, 1936-dan etibarən Kirxa musiqi/orqan zalı olaraq fəaliyyət göstərmişdir.

103042Azərbaycanda baptistlərin öz təsirini yaydığı əsas əhali qrupu rus-molokanlar olmuşdur. Məsələn, 1852-ci ildə Yelizavetpol quberniyasının Novo-İvanovka kəndinin əsasını qoyan Vasiliy V. İvanov-Klışnikovun atası onu molokanlara uyğun dini tərbiyədə böyütməyə çalışsa da, 1866-da (20 yaşında) Bakıya səyahəti zamanı qarşılaşdığı insanlar onun dini görüşlərini dəyişməsinə, “həqiqət axtarışına çıxmasına” səbəb olmuş və nəhayət olaraq 25 yaşında o baptist olmaq qərarına gəlmişdir. O, Novo-İvanovkada – Rusiya İmperiyası ərazisində ikinci ən böyük rus baptist cəmiyyətini qurmuş, bir sıra kilsələrin inşasına rəhbərlik etmiş, 1890-cı ildən “Beseda” gizli mətbəəsində, 1907-ci ildən isə rəsmi “Baptist” jurnalında çalışmış, 1913-1914-cü illərdə onun baş redaktoru olmuşdur. 1900-1917-ci illər ərzində Bakıda yaşayan V.V. İvanov 1880-də əsasını qoyduğu alman kilsəsində dini fəaliyyət göstərmiş, təriqətini yaymışdır. Azərbaycanda Xalq Cumhuriyyəti qurulmasından az sonra İvanov ölkəni tərk etmiş, 1919-cu ildə isə vəfat etmişdir (Kovalenko, 2006, s. 57-59).

1930-cu illərdə alman cəmiyyətləri repressiyalara məruz qalmış, 1941-ci ildə isə almanların ümumi deportasiyası ilə birlikdə alman/lüteran kilsələrin/kirxalarının fəaliyyəti də dayandırılmışdır. Ümumilikdə Sovet dövründə Azərbaycanda alman dini təriqətləri üç formada mövcud olmuşdur: baptistlər, adventistlər və pyatidesyatniklər. Kirovabad (Gəncə), Sumqayıt, Xaçmaz, Cəlilabad, Lənkəran, Şamaxı, Vartaşen (indiki Oğuz), Gədəbəy, Fizuli və Nefçala rayonları ərazisində baptist kilsələr fəaliyyət göstərmişdir. 1961-ci ildən etibarən ölkədəki baptistlər gizli fəaliyyətə məcbur olmuşlar. Adventistlərin ilk qrupu Bakıda 1884-də ortaya çıxmış, lakin təqiblər səbəbilə şəhəri tərk etməli olmuşlar. 1906-da advent missioner Qaryaginə (indiki Fizuli) gəlmiş və burada dini təriqətini yaymağa başlamışdır. Digər adventist cəmiyyət Şəmkirdə qurulmuşdur – Kür kəndində. Sonrakı illərdə cəmiyyət təqiblərə məruz qalmış və gizli fəaliyyətə keçmişdir. Pyatidesyatnikilər isə Vıborqdan olan missionerlərin Birinci Dünya Müharibəsi illərində Bakıdakı fəaliyyəti nəticəsində qurulmuşdu. Sovet dövrü onlar gizli fəaliyyət göstərmişdir. Sovet dövrü sona çatdıqdan və Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1992-də Azərbaycan baptistləri Evangelist Xristian Birliyi yaratdı. 1993-cü ildə Bakıda “Böyük Lütfkar” azad evangelik kilsəsi peyda oldu. Bu kilsə Greater Grace World Outreach protestant hərakatının üzvüdür. Kilsə ziyarətçiləri ibadət üçün Kirxa binasından istifadə edirdilər. Azərbaycanda 2009-da qəbul edilən “Dini etiqad azadlığı haqqında” qanundan sonra qeydiyyatsız dini qurumlara qarşı başlanan təqiblər çərçivəsində “Böyük Lütfkar” kilsəsinin qeydiyyatsız olması səbəbilə fəaliyyəti (Kirxada dini tədbirlər keçirməsi) 2012-dən etibarən qadağan edilmişdir. Pew Araşdırma Mərkəzinin 2010-cu il hesabatına görə Azərbaycanda 20 min protestant yaşayır.

Almanların Azərbaycan iqtisadiyyatında rolu

Almanlar Azərbaycandakı ilk sərmayədarlardan olmuşlar. Belə ki, Azərbaycan torpaqları hələ Rusiya İmperiyasının tərkib hissəsi ikən alman sərmayədarları bura gəlmişdir. Onlar xüsusilə burada şərabçılığın inkişafına böyük töhfə vermişlər. Məhz Forer qardaşları və Hummel qardaşlarının səyi, əməksevərliyi və qurduqları şirkətlər vasitəsilə Azərbaycan Cənubi Qafqazın şərabçılıq mərkəzinə çevrilə bilmişdi (Dschafarli, 2003, s. 10).

1854-cü ildə Rusiya-Osmanlı müharibəsi dövründə teleqraf əlaqəsinə ehtiyac yaranmışdı. Buna görə Almaniyanın Walter və Werner von Siemens qardaşlarının təsis etdiyi Siemens şirkəti Qafqazda teleqraf xətti çəkilməsi ilə məşğul olmuşdur. 1863-də Siemens qardaşları ilk dəfə Gədəbəyin mis yataqlarına sərmayə qoyaraq Azərbaycanda fəaliyyətə başlamışdır. Şirkət 20-ci əsrin əvvəllərinə kimi bütün Qafqazdan əldə edilən misin 2/3 hissəsini burdan çıxarmışdır. Werner von Siemens öz xatirələrində Gədəbəy mis yataqlarının çox qədim, hətta miladdan öncəki tarixə qədər uzandığını qeyd edir. Bundan sonra Gədəbəydə ilk alman konsulluğu açılmışdır. Gədəbəyin konsulu həm də Almaniyanın Tiflisdəki səfiri William Bolton idi (Dornfeldt, 2015, s. 42). Səfir olaraq daim Tiflisdə qalmalı olduğu üçün o mərkəzə məktub yazaraq Gədəbəydəki konsul vəzifəsindən azad edilmək istəyini bildirsə də, istəyi 15 il sonra yerinə yetirilmiş və bundan sonra heç bir konsul təyinatı olmamışdır. 1879-cu ildə alman əslli Nobel qardaşları Azərbaycanın neft sektoruna girmiş, “Nafta (neft) İstehsalı Birliyi” təsis etmişlər. Bu dövrdə Almaniya öz neft ehtiyacının 20%-ni Azərbaycanın neft ehtiyatlarından təmin edirdi. Hətta Bavariyada Bakıdan göndərilən nefti emal etmək üçün təsis qurulmuşdu. 1886-cı ildə Almaniyanın İran səfiri Bakıya səfərindən sonra Almaniya imperatoruna məktub yazaraq bölgədə dəmir yolu tikintisi və digər sektorlara alman sərmayələrinin uğurlu nəticələrə səbəb ola biləcəyini qeyd etmişdir (Dornfeldt, 2015, s. 44).

2017040712263079889_1

Lakin Azərbaycanın neft zəngini olması həm də bəzi problemlərə səbəb olmaqda idi. Belə ki, Rusiya İmperiyası Bakını və Azərbaycanı öz təsiri dairəsindən kənara buraxmaq istəmir, digər böyük güclər isə, həmçinin Almaniya İmperiyası xüsusilə, Birinci Dünya Müharibəsi illərində burada öz təsirini qurmaq istəyirdi. İngilis “Near East” jurnalı 1918-ci ildə belə bir başlıqda məqalə yayımlamışdı: “Bakı dünyanın ən böyük neft mərkəzidir. Əgər kraliça neftdirsə, Bakı onun taxtıdır” (Tokarjevskiy, 1957, s. 34). Bu dövrdə Azərbaycanın neft sənayesində ən böyük pay sahibi Nobel qardaşları idi. Nobel qardaşları müharibədə iştirak edən bütün tərəflərə neft satmaq istəyirdilər. Lakin müharibənin nəticələrinə böyük təsir gücünə sahib olan neftə həddən artıq ehtiyac duyulduğu bir məqamda bu plan keçərli olmayacaqdı. Əksinə Rusiya İmperiyası tərəfindən şirkət malları müsadirə edilə bilərdi. Digər tərəfdən Osmanlı İmperiyası da müharibəyə girmiş və Bakı-Batum yolu ilə neft tədarükü dayanmışdı. Bu isə neftin qiymətinin bəhs edilən dövrdə hədsiz artmasına səbəb olmuşdu. 1911-1913-cü illərdə Bakı neftinin qiyməti 21,7 qəpikdən 44,1 qəpiyə yüksəlmişdi. Bolşevik inqilabı isə bütün planları dəyişdirmiş, Rusiya İmperiyası dağılmış, ölkədəki xarici şirkətlərə məxsus nə varsa, milliləşdirilmişdi. Beləliklə, Azərbaycanın neft sənayesində almanların fəaliyyətinə də son verilmişdi. Bu sırada neftin qiyməti 70 qəpiyə qalxmışdı (Gökçe, 2014, s. 941).

Almaniyanın müharibədə müttəfiqi olan Osmanlı 1918-ci ildə Azərbaycana daxil olmuşdu. Lakin bundan öncə almanlar türklərin Bakıya girə biləcəyinə əmin deyildilər. Odur ki, İstanbuldakı Almaniya konsulu belə bir məktub yazmışdı: “Bolşeviklərlə razılığa gələ bilsək Bakı nefti tam və güvənli şəkildə bizim əlimizə keçə bilər. Lakin bolşeviklərlə savaşa girsək, onlar məcbur qalıb mədənləri yandıracaq və nə biz, nə də türklər neft mədənlərini istifadə edə bilməyəcəyik”. Bakının hər hansı təcili bir vəziyyət yaranarsa yandırılacağı fikri 23 iyun 1918 tarixli Şaumyanın Leninə məktubunda qeyd edilmişdi. Beləliklə almanlarla bolşeviklər arasında 27 avqust 1918 tarixində Brest-Litovsk anlaşması imzalanır. Bu anlaşmanın gizli bəndinə görə almanlar Osmanlının Bakıya girməsini əngəlləməli, əvəzində isə Bakı neftinin bir qisminə sahib olmalı idi (Abutalıbov, 2008, s. 72). Lakin tüklərin irəliləyişinə əngəl ola bilmədiyinin fərqinə varan Bakı Kommunası bolşevikləri şəhəri qorumaq üçün ingilisləri dəvət etmək qərarına gəldilər. Bu halda Almaniya daha öncəki anlaşmadan imtina etdi və Bakının qurtuluşuna yardım etmək qərarına gəldi. General Hindenburq, Bakını ingilislərdən azad etmək üçün Osmanlı hökümətinə Cənubi Qafqaza iki alman ordu hissəsi göndərdiyini bildirdi. Lakin almanlar gəlmədən öncə Osmanlı ordusu 15 sentyabr 1918 tarixində Bakıya daxil oldu (Kadişev, 1960, s. 76).

Bundan bir gün sonra AXC paytaxtı Gəncədən Bakıya köçürdü. 1918-1920 illəri arasında Azərbaycan Xalq Cumhuriyyəti dövründə Azərbaycanda xarici şirkətlər, o cümlədən alman şirkətləri azad fəaliyyətlərinə davam edə bildilər. AXC dövründə Azərbaycandakı almanlar ölkə parlamentində bir deputatla təmsil olunurdular. Bu deputat Yelenendorfdan olan Lorens Yakov Kun idi. Kunun əsas hədəfləri sırasında Azərbaycandakı alman koloniyalarının və xüsusilə iş adamlarının mənafeyinin qorunması yer alırdı. Rəsmi icazə ilə 9 iyun 1919 tarixində Yelenendorf koloniyasının salınmasının 100-illiyi münasibətilə tədbir keçirilir. Hummel qardaşları Birliyinin aksionerlərindən olan Vilhelm Qurun rəhbərliyi və birçox alman iş adamlarının iştirakı ilə 1918-də Yelenendorfda gənclər təşkilatı “Allemaniya Kavkazika” təsis olunur. İyun 1919-da Gürcüstan və Azərbaycan arasında xarici (bolşevik) işğala qarşı hərbi ittifaq anlaşması imzalandıqdan sonra təşkil olunan hərbi qüvvələr arasında alman koloniyalarının nümayəndələrindən təşkil olunan hissə/polk vardı. Bu polka almanların cəlb olunmasında Yelenendorfdan olan Xristian G. Hummelin xüsusi rolu olmuşdur (Dschafarli, 2003, s. 12-13). Bolşeviklərin Azərbaycanda hakimiyyəti ələ keçirməsi ilə almanların ölkədəki azad iqtisadi fəaliyyəti 1991-ci ilədək sonlandırıldı.

16194695

Müasir dövrdə Azərbaycandakı alman sərmayesi

Bu gün Azərbaycan və Almaniya arasında iqtisadi münasibətlər ən yüksək həddə çatmışdır. Azərbaycanın ən çox ticarət dövriyyəsinə sahib olduğu ölkələrdən biri məhz Almaniyadır. Belə ki, Almaniya Azərbaycana ən çox məhsul ixrac edən 5 ölkədən biri, həmçinin Azərbaycanın neft-qaz məhsullarının əsas idxalatçılarından olmaqdadır. Statistika Komitəsinin hesabatına əsasən, iki ölkə arasında ən çox ticarət dövriyyəsinin həyata keçirildiyi il 2014 olmuşdur. Həmin ildə Azərbayan Almaniyadan 703,6 milyon dollar dəyərində məhsul idxal, Almaniyaya isə 1,9 milyard dollar dəyərində məhsul ixrac etmiş, iki ölkə arasında ticarət dövriyyəsi ümumilikdə 2,6 milyard dollar olmuşdur. Sonrakı illərdə bu rəqəm azalmış, ən son 2019-cu ilin məlumatlarına görə Azərbaycanın Almaniyaya ixracatı 931,8 milyon dollar, Almaniyadan idxalatı 710,4 milyon dollar, iki ölkə arasında ticarət dövriyyəsi isə 1,6 milyard dollar dəyərində gerçəkləşmişdir. Müqayisə üçün qeyd edim ki, Azərbaycanın müstəqillik qazanmasından və Almaniya tərəfindən rəsmi olaraq tanınmasından (iki ölkə arası diplomatik münasibətlər fevral 1992-də qurulduqdan) sonra 1992-ci ildə iki ölkə arasında ticarət əlaqələri çox daha aşağı səviyyədə idi. Belə ki, 1992-də Azərbaycan Almaniyaya sadəcə 12,9 milyon dollar dəyərində məhsul ixrac etmiş, Almaniyadan isə cəmi 9,6 milyon dollar dəyərində məhsul idxal etmişdir. Yəni, 1992-də iki ölkə arasında ticarət dövriyyəsi cəmi 22,5 milyon dollar olmuşdur. Göründüyü kimi, müstəqillik illərində (1992-2019 arasında) iki ölkə arasında ticarət dövriyyəsi 70 dəfədən çox artmışdır.

2012-ci ildə təsis olunan Almaniya-Azərbaycan Ticarət Palatası iki ölkə arasında ticarət və iqtisadi əlaqələrin təşviq edilməsi üçün çalışır. Lakin maraqlıdır ki, almanlar Azərbaycanın neft-qaz istehsalı sənayesində pay sahibi deyillər. Belə ki, 20 sentyabr 1994-də ingilis-amerikan təməlli şirkətlərin iştirakilə “Əsrin Müqaviləsi” imzalanarkən alman şirkətləri onların arasında deyildi. Daha sonra bu, Frankfurter Rundschau, Der Spiegel, vs. alman media orqanlarında peşmançılıqla ifadə edilmişdi. 1995-də öncə Almaniya Xarici İşlər Naziri Klaus Kinkel, daha sonra İqtisadi Əməkdaşlıq Naziri Karl Şprangerin Bakıya rəsmi səfərlərindən sonra 1997-ci ilin yanvarında Almaniyanın Deminex (hazırda Wintershall adlanır) şirkəti Azərbaycanın neft sektorunda, xüsusilə Lənkəran-dəniz və Talış-dəniz neft-qaz sahələrində 30%-lik payla araşdırma-istehsal işlərində çalışmağa başladı. Əlavə olaraq qeyd edim ki, bu ziyarət nəticəsində Almaniya Azərbaycanlı qaçqınlara yardım üçün 5 milyon alman markası, demokratik reformlar üçün 1,8 milyon marka, alman-Azərbaycan ortaq layihələrinin icrası üçün isə 13 milyon marka pul ayırdı (Zeynalova, 2008, s. 34).

1998-ci ildə qurulan Alman-Azərbaycan Assosiasiyası (DAWF) iki ölkə arasında iqtisadi əməkdaşlığın artırılmasına xidmət edir. Beləliklə, sonrakı illərdə digər alman şirkətləri də ölkənin neft-qaz sektoruna girdi. Lakin bununla belə, almanların Azərbaycanda neft-qaz istehsalı sahəsində iştirakları daha çox kəmərlərinin/borularının istehsalı, təhlükəsizliyi və texniki yoxlanışı/servisi ilə bağlıdır. Məsələn alman şirkəti Oil and Gas ProServis və SOCAR arasında imzalanan sazişə görə 2005-dən etibarən Azərbaycanın neft-qaz layihələri çərçivəsində boru xətlərinin texniki servisi almanlara verilmişdir. Sazişə görə, pay bölgüsü 25% Siemens, 45,1% Target Petrolium, %29,9 SOCAR olaraq müəyyən edilmişdir. Azərbaycan-Almaniya iqtisadi əlaqələrinin genişləndirilməsində mütəmadi görüşlər, konfranslar, iqtisadi forumlar böyük rol oynayır. Ümumiyyətlə almanlar qarşılıqlı faydalı əməkdaşlığa xidmət edəcək ünsiyyət qurulmasını sevir. 2005-ci il və ondan sonra keçirilən qarşılıqlı görüşlər, biznes forumlar, iqtisadi əməkdaşlıq konfransları öz bəhrəsini vermiş və iki ölkə arasında iqtisadi əməkdaşlığın artırılmasına xidmət etmişdir. 2005-ci ildə Berlindəki Alman-Azərbaycan iqtisadi konfransı da məhz DAWF-ın təşkilatçılığı ilə keçirilmişdi. Belə ki, məhz bu cür tədbirlərin ardından böyük həcmli (çox milyonluq) layihələr gündəmə gəlmiş, xüsusilə Azərbaycanın qeyri-neft sektoruna alman sərmayəsinin axını artmışdır. Məsələn, 1995-ci ildə Azərbaycanda Almaniya sərmayesinin həcmi 1,2 milyon dollar, 2004-də 2,1 milyon dollar idisə, 1 il sonra 2005-ci ildə bu rəqəm 21,5 milyon dollara yüksəlmişdi (Zeynalova, 2008, s. 45)

df

Dağlıq Qarabağ məsələsinə alman baxışı

Azərbaycanlılarla almanların ünsiyyəti 19-cu əsrin əvvəllərindən başlayıb, bu gün ən yüksək həddə çatsa da (belə ki, Azərbaycan Almaniyanın Cənubi Qafqazda ən böyük ticarət ortağıdır), Dağlıq Qarabağ məsələsində almanların Azərbaycan lehinə baxışının olduğunu tam rahatlıqla deyə bilmirik. Məsələn, EuroKaukasia və Humbolt Universitetinin birgə layihəsi çərçivəsində Almaniyanın bir sıra qəzet və junallarında 1988-ci ildən 2008-ədək Dağlıq Qarabağla bağlı yayımlanan məqalələr toplanmış və analiz edilmişdir (Auch, 2015, 5). Bu analiz nəticəsində almanların ermənilərin “ana vətənlə birləşmək haqqı”na önəm verdikləri, münaqişəni dini qarşıdurma olaraq qiymətləndirdikləri, münaqişəyə səbəb olan 1988-öncəsi hadisələrə (azərbaycanlıların Ermənistandan kütləvi qovulması, qarşılıqlı qırğınlarda erməni provakasiyaları vs.) yer verilmədiyi, ermənilərin Dağlıq Qarabağ ətrafındakı rayonları işğal etməsi (bu ərazilərin ermənilərin yaşayış arealı olmaması) haqda bilgilərin yer almadığı diqqətə çarpır. Almanlarla bu sahədə ünsiyyətin artırılmasının, qəzet və jurnallarında müvafiq həqiqətlərin, tarixi faktların dolğun çatdırılmasının bu məsələdə də faydalı ola biləcəyini düşünürəm.

İkinci Qarabağ müharibəsi zamanı alman mediası isə daha çox tərəfsiz görüntü sərgiləmiş, hər iki tərəfin arqumentlərini səsləndirmişdir. Hətta Almaniya Federal Xarici İşlər Ofisinin rəsmi nümayəndəsinin Dağlıq Qarabağın statusu (Azərbaycanın tərkib hissəsi olması) ilə bağlı qeyri-müəyyən tərzdə çıxışı da bunu sübut edir. Əslində, bir sıra Avropa ölkələrinin məhz erməni yönümlü tərz sərgiləyərkən Almaniyanın neytral mövqedə qalması da müsbət dəyərləndirilə bilər. Lakin bu, bir uğur deyil. Bu, bu gün Almaniyada yaşayan erməni və azərbaycanlıların sayı arasında ciddi fərqlərin olmaması ilə də bağlı ola bilər. Həmçinin, Almaniyada digər Avropa ölkələrindən fərqli olaraq erməni diasporası daha gec, 20-ci əsrdə (1915 hadisələrindən sonra) formalaşıb. Yəni, Fransa, İngiltərə və digər Avropa ölkələrindən fərqli olaraq erməni milli komitələrinin Almaniyada dərin (19-cu əsrə gedib çıxan) fəaliyyəti olmamışdır. Bununla belə, xüsusilə 1988-1990-cı illərin Sumqayıt-Bakı hadisələri alman mediasında geniş əks-səda tapmışdı. Əslində 1990-cı illərin əvvəllərində Azərbaycan-Almaniya münasibətlərinin zəif olması və erməni lobbisinin daha yaxşı çalışması da bu hadisələrin “erməni üzünün” Almaniyada tanıdılması və almanlarda azərbaycanlılara qarşı antipatiyanın yaranması ilə bağlı idi. Hətta 1986-da Sumqayıtla Ludwigshaven qardaşlaşmış şəhərlər elan edilsələr də, 2 il sonra yaşanan hadisələr nəticəsində şəhərlərarası münasibət soyuqlaşmışdı. Bu münasibət təkrar 21-ci əsrin əvvəlində düzəldilə bilmiş, 2002-ci ildə əməkdaşlığın inkişafı haqda ortaqlıq sazişi imzalanmış, Sumqayıt uşaq xəstəxanası üçün alman yardımları, vs. sosial layihələr həyata keçirilmişdir. Almaniya ilə Azərbaycanın digər qardaşlaşmış şəhərləri isə Bakı və Mainzdir (1984-də). Lakin Sovet hakimiyyəti dağıldıqdan və Azərbaycan Respublikası qurulduqdan sonra, xüsusilə ilk illərdə yaşanan hadisələr bu “qardaşlığın” davam etdirilməməsilə nəticələnmişdir. Mainzin meri Yens Boytel APA-ya müsahibəsində Ayaz Mütəllibov illərində yaşanan qeyri-demokratik hadisələrin (çox güman ermənilərə qarşı rəftarı nəzərdə tutur) şəhərlərarası əməkdaşlığın dayandırılmasına səbəb olduğunu bildirmişdi. Hazırda isə proses üçün çalışmalar davam edir. Bu cür “qardaşlıqların” yalnız sözdə qalmaması və həqiqi fəaliyyətlə mahiyyətinin daha da zənginləşdirilməsi iki ölkə və xalq arasında münasibətlərin inkişafına faydalı ola bilər. Bunun üçün almanlarla effektiv ünsiyyətin artırılması lazımdır. Bu ünsiyyət QHT sektorunu, iqtisadi layihələri və siyasi əməkdaşlığı, nəhayət Qarabağla bağlı aktiv tədbirləri əhatə edə bilər. Almanların xüsusilə qeyri-neft sektoruna yatırımlar etməyə həvəsli olduğunu nəzərə alaraq Qarabağın infrastruktur layihələrinə alman şirkətlərinin cəlb edilməsi, daha sonra Qarabağın hansısa şəhəri ilə Almaniyanın hər hansı bir şəhərinin “qardaşlaşması” (məsələn İkinci Dünya Müharibəsində bombardıman olunan Drezden və ən çox dağılan şəhərlərimizdən biri Ağdam, vəya Vürtemberqin mərkəzi şəhəri Ştutqart və Göygöl, vs.), məhz bu çərçivədə aktiv tanıtım və lobbiçilik fəaliyyətinin həyata keçirilməsi müstəsna roy oynaya bilər. Beləliklə, Dağlıq Qarabağla bağlı həqiqətlər alman cəmiyyətində daha anlaşılmış və Azərbaycana/azərbaycanlılara isti münasibət yaranmış olar.

İstifadə olunmuş mənbələr:

Abutalıbov, R. (2008). Azerbaydjanskaya Demokratiçeskaya Respublika: sbornik statyey, posvyaşenniy 90-letiyu Pervoy Respubliki. Bakı: Salam Press.

Auch, E. M. və Yıldırım, H. A. (2015). The Karabakh Conflict in Selected German Media, 1988-2008: A research paper, Berlin: Humboldt University.

Dizendorf, V.F. (2006). Nemtsı Rossii: Naselennıe Punktı i Mesta Poseleniya. Ensiklopediçeskiy Slovar, Moskva: ERN.

Dornfeldt, M. və Seewald, E. (2015). “Geschichte Der Deutsch-Aserbaidschanischen Beziehungen”, Frühjahr, 1(10).

Dschafarli, M. (2003). Politiçeskiy terror i sudbi azerbaydjanskix nemtsev, 2-oe izdanie, Bakı.

Gökçe, M. (2014). Birinci Dünya Savaşı Döneminde Hazar Petrolleri İçin Yaşanan Rekabet, İstanbul: Türk Dünyası Araştırmaları Vakfı Yayınları.

Kadişev, A.B. (1960). İntervensiya i grajdanskaya voyna v Zakavkazye, Moskva: Voyenizdat.

Kovalenko, L. (2006). Oblako svideteley Xristovıx (72 bioqrafii s fotoqrafiyami), Kiev: Sentr Xristianskoqo Sotrudniçestva.

Tokarjevskiy, E.A. (1957). İz istorii inostrannoy intervensii i grajdanskoy voynı v Azerbaydjane, Bakı: Azərbaycan SSR Elmlər Akademiyası.

Velitsın, A.A. (1893). Nemtsı v Rossii: Oçerki İstoriçeskoqo Razvitiya i Nastoyaşeqo Polojeniya Nemetskix koloniy na Uiqe i Vostoke Rossii, S. Peterburq: İzd. “Russkoqo Vestnika”.

Zeynalova, S. (2008). Azerbaydjano-Qermanskie Otnoşeniya v Kontekste İnteqratsii Azerbaydjana v Yevropeyskoe Soobşestvo, Bakı: Mütərcim.

Paylaş

Səhifəmizdə hər hansı səhv və ya qeyri-dəqiq məlumat gördükdə, həmin mətni seçib Ctrl+Enter düymələrini sıxaraq bu barədə bizə məlumat verməyinizi xahiş edirik.

Həftəlik yayımlanan yazılardan xəbərdar olmaq üçün bizə abunə olun.

Oxumağa dəyər

_117157217_sevilatakiiyeva
.

Bakirə intiharlar

27 Fevral 2021
1308428334_993221_41
.

Xocalı qətliamı haqqında hər şey

26 Fevral 2021
Qaralar üçün İsrail
.

Qaralar üçün İsrail

26 Fevral 2021
MyCollages (2)
.

“Kitabi-Dədə Qorqud”un ilk azərbaycanlı araşdırıcısını niyə güllələdilər?

25 Fevral 2021
t_23d99902bbd248dcbacb7ba37354a96f_name_mgt_scaled
.

Rəqəmsal konslager

25 Fevral 2021
Bildschirmfoto 2021-02-23 um 10.38.37
Sərbəst

Urbanizasiya və onun problemləri – 1

23 Fevral 2021

Redaktorun seçimi

Azərbaycan oxucusu nə istəyir?

Fundamental dizaynın əsas prinsipləri

Rədd olsun papaq!

Söyüş

Elm məbədindən zorakılıq ocağına

Supermen Rəşad

Zibilə dönən həyat

Svetlana Aleksiyeviç: “Faşizm – bayağı operetta, kommunizm – qorxunc təhlükədir”

Düşünmək üçün zaman – Abbas Atilay təqdim edir

Qonşu Rusiyada “Yeni gənc nazir” təcrübəsi

Yüngül atletika maneji əvəzinə “Zumray Palace”

«Çölçü» filmi niyə narahatlıq hissi verir?

Dövlətin sənəti qiymətləndirmə cədvəli

Kimdir Kim Ki-duk?

Norveçdə yazıçı olmaq

Prof. Aşina ilə ayaqüstü söhbət

Prof. Məsud Aşina: “Azərbaycan cilalanmaya ehtiyacı olan almazdır”

İsveçrə Səfirliyi “İlahi düzən”ə dəvət edir

İmperatorların həqiqi siması

Hər şey yaxşıdırmı?

Gizli nişan mərasimi

Avropa Liqası Bakıya pul gətiribmi?

SSRİ-nin 44 günlük virus əməliyyatı

Bibliyada təsvir olunan hadisələr uydurma imiş

Avtoritara boyun əymək

Kabuslarla sovurulanlar

Azərbaycanlıların şəxsi məlumatları

Avtoritar Kapitalizm?

6G texnologiyası smartfonlarıın axırına çıxacaq

“İnsanların təkamül yolu ilə seçimi baş verir”

FacebookYoutubeInstagramTwitter

az-ag

Dünya azərbaycanlılarının intellektual platformasıdır. Qayəmiz, harada yaşamasından asılı olmayaraq, azərbaycanlılar arasında dünyəvi ideyaları, yüksək zövqü, tənqidi düşüncəni yaymaq və dəstəkləməkdir.

Bölmələr

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Dizayn
  • FOTO QRAFİKA
  • COVID-19
  • Vətən müharibəsi
  • Video
  • Artlogos

Redaksiya

Təsisçi: Prof. Məsud Aşina

Baş redaktor: Ələkbər Əliyev

Şef redaktor: Elmir Mirzəyev

Redaktor: Aygün Aslanlı, Sevda Sultanova

Texniki direktor: Camal Əli

İncəsənət: Emin Əliyev

Elm: Hacı Hacıyev

Tarix: Tural Həmid

İqtisadiyyat: Dünya Sakit

Foto: Abbas Atilay

Qrafika: Gündüz Ağayev

Dizayn: Sahil Qənbərli

Tərcüməçilər: Rəvan Quluzadə, Fəxri Qocayev

azlogos.eu / azlogos.az / azlogos.ru
Dizayn və icra: Azlogos & JmlStudio /
E-mail: redaksiya@azlogos.eu

  • Mövqe
  • İntervü
  • Kültür
  • Elm
  • Sərbəst
  • Bazar
  • Gender
  • Video
  • Dizayn
  • Foto-qrafika
  • Kimlər var
  • Bizi tanı
  • TV
Nəticə yoxdur
Bütün nəticələri gör

Welcome Back!

Login to your account below

Forgotten Password?

Create New Account!

Fill the forms bellow to register

All fields are required. Log In

Retrieve your password

Please enter your username or email address to reset your password.

Log In

Add New Playlist

Səhv və ya qeyri dəqiq məlumatı bildir

GöndərCancel