“Bəstəkar yaşadığı dövrdən asılı olmayaraq, birinci başlıca mərhələni tam məsuliyyəti ilə və ən əsası — vicdanla keçməlidir.”
“…yaradıcılıqla məşğul olmaq Tanrınnı lütfü, taleyin uğuru olar, bundan təcrid olmaq, uzaqlaşmaq, “sözsüz” olmaq istəməzdim…”
“Musiqi, elə bir təsir gücünə malikdir ki, onu yalnız təbiətlə müqaisə etmək olar.”
“Meyar — intibah dövrü sənətinin qanunlarına əsasən tarixdə qalan sənət nümunələridir, meyar — klassisizm, romantizm və s. ənənəsini mükəmməl tərzdə əks etdirən müstəsna əsərlərdir.”
Aliyə Məmmədova, bəstəkar, musiqişünas və pedaqoq, 1971-ci ildə Bakı şəhərində anadan olub, 1987-ci ildə Bakı şəhəri 29 saylı orta məktəbi və 1 saylı Bakı İncəsənət məktəbini fortepiano ixtisası üzrə fərqlənmə ilə bitirib. 1991-ci ildə Asəf Zeynallı adına Bakı Orta İxtisas Musiqi Kollecini “Musiqi nəzəriyyəsi” ixtisası üzrə fərqlənmə diplomu ilə bitirib, burda Leonid Vaynşteylə bəstəkarlıq üzrə məşğul olub. 1996-cı ildə Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının bəstəkarlıq fakültəsini prof. Fərəc Qarayevin sinfində fərqlənmə diplomu ilə bitirmiş və assistent-stajorluğu keçmişdir (1998).
Simfonik, kamera-instrumental əsərlərin müəllifidir, yaradıcılığının forma və instrumental tərkib spektri genişdir. Burada Azərbaycan bəstəkarlıq məktəbi üçün heç də səciyyəvi olmayan solo gitara kimi heyətdən, böyük simfonik orkestrə qədər, qədim şərq alətləri ansamblından müasir kvartetlərə qədər kifayət qədər zəngin bir alət və tərkib kataloqu müşahidə edirik. Bəstəkarın əsərləri arasında klassik sonata, fuqa, kvartet, simfoniya kimi forma və janrlarla yanaşı sinkretik tərzdə yazılmış olanlar da mövcuddur.
2001-ci ildə Moskvada keçirilən P.Yurgenson adına I Beynəlxalq müsabiqədə II mükafata layiq görülmüşdür. Əsərləri Azərbaycan, Özbəkistan, Rusiya, Almaniya, Avstriya, Ukrayna və İsveçrədə keçirilən konsert və festivallarda ifa edilmiş, İsveçrənin “TRE MEDIA” nəşriyyatı tərəfindən nəşr olunmuşdur. “Müasir harmoniyada funksionallığın həlli yolları” metodik vəsaitinin də müəllifi, Bakı Musiqi Akademiyasının “Musiqi nəzəriyyəsi” şöbəsinin dosentidir.
Azərbaycan Bəstəkarlar İttifaqının üzvü (2007), 2012-2019-cu illər arasında bu qurumun Gənclər Bölməsinin katibi olmuş, 2014-də ABİ, Dövlət Neft şirkəti, Mədəniyyət və Turizm Nazirliyi və İctimai Televiziyanın birgə layihəsi olan “20 şanlı il” mövzusunda keçirilən müsabiqədə münsiflər heyətinin üzvü kimi iştirak etmişdir. Aliyə Məmmədova ölkəmizdə və xaricdə təhsil ocaqlarında (İstanbul Texniki Universitetinin Türk Musiqisi Dövlət Konservatoriyası) məruzələrlə çıxış etmişdir.
“Tərəqqi” medalı ilə təltif edilmişdir (2019).
— Aliyə xanım, özünüzü “musiqi məkanında” hal-hazırda necə hiss edirsiniz?
— Hazırda və çoxdandır özümü hiss etdiyim obraz – müəllimdir. Səmimi deyim ki, əsas fəaliyyətim olan müəllimlik peşəsi ilə iftixar duyuram. Tələbəlik dönəmindən arzuladığım fənni tədris edirəm və bundan zövq alıram. Gözəl müəllimlərim olub, onlarla fəxr edirəm. Ən əsası isə, çalışıram ki, bu zənciri layiqli davam etdirim.
— Qeyd etdiz ki, “musiqi məkanında” uzun zamandır özünüzü hiss etdiyiniz obraz müəllimdir. Bəs əsas sənətiniz olan bəstəkarlıq? Daima notlarla, səslərin sehri ilə təmasda olmaq, qısaca yaradıcılıq sizin üçün nəyi ifadə edir?
— Məncə yaradıcılıq böyük xoşbəxtlik və komfortdur. Bu isə hər zaman nəsib olmur. Əlbəttə, yaradıcılıqla məşğul olmaq Tanrınnı lütfü, taleyin uğuru olar, bundan təcrid olmaq, uzaqlaşmaq, “sözsüz” olmaq istəməzdim…
— Aliyə xanım, sizin yaradıcılığızda istər kamera musiqisi, istərsə də böyük formalar çox vacib əhəmiyyət daşıyır, eyni zamanda bu əsərlərin yazılma zamanı da maraqlıdır, məs., düz 20 il öncə, 2001-ci ildə Berlində, Konzerthausda premierası baş tutmuş məşhur tar və kamera ansamblı üçün “Səsləri səyahəti” əsəri sanki bir anda yazılmışdı, ondan fərqli olaraq 5 hissəli Simfoniyanızsa uzun illərin zəhməti kimi meydana çıxıb. İş prinsipiniz formalara görə fərqlənir, yoxsa burada ilham və başqa meyarlar yerini alır?
— “Səslərin səyahəti” əsəri “SoNoR” ansamblının bədii rəhbəri Elmir Mirzəyevin təklifinin nəticəsi kimi meydana çıxmışdı. Məhz premyerası olan səfərlə bağlı idi. Əsərin ilk ifası Avropanın məşhur festivallarından olan “Young.Euro.Classic” çərçivəsində “SoNoR”un “Konzerthaus” (Berlin, Almaniya, 19 avqust, 2001) səhnəsindəki triumfal konsertində gerçəkləşmişdi (tarda solist – Gülağa Zeynalov, dirijor – Volodimir Runçak).
Tar mənim üçün doğma alətdir. Bu alətin səsi ilə böyümüşəm desəm, azdır. Atamın ifasında hələ uşaqlıqdan eşitdiyim muğamlara heyranlıq hissi bu günədək davam etməkdədir. Əsrlər boyu nəsillərdən nəsillərə əsasən şifahi yolla ötürülən xalq sənəti incisinin yüksək professional quruluşu, qanunauyğun sistemi cəlb etməyə bilməzdi.
Niyə məhz “Səslərin səyahəti”? Solo tarın keçmişə səyahətinin “sükanı”nın tarixi ifadədə əldə olunmasına çalışmaq və eyni zamanda ifaçıların müəyyən məqamlarda sərbəst ifa tərzinə yol vermək – əsərin əsas qayəsi idi. Əsərdə tarın partiyası elə ilk ifaçısı olmuş istedadlı tarzən, gözəl qəlbli insan və ən mühümü muğamın dərin bilicisi Gülağa Zeynalova həvalə olunmuşdu. Sonralar ifaçılar danışırdı ki, premyera zamanı Gülağanın muğam solosu bütün dinləyici auditoriyasını riqqətə gətirmişdi… Əsəri sonralar tarzən Sahib Paşazadə də ifa etmişdir.

Heç şübhəsiz bu əsərdə müəllimim, prof. Fərəc Qarayevin musiqimizdə unikal hesab etdiyim “Xütbə. Muğam və Surə” (1997) əsərinin təsirindən “qurtulmamışdım”. Lakin zaman keçdikcə daha çox bunu da özüm üçün şərəf hesab edirəm.
5 hissəli “Xəyal” Simfoniysına gəldikdə isə uzun illər böyük orkestr üçün ikinci partitura üzərində iş davam etmiş, müxtəlif səbəblərdən təxirə salınmışdı. 2010-cu ildə görkəmil dirijorumuz Rauf Abdullayevin idarəsi altında Simfoniyadan Adagio Bakıda ifa olunsa da, əsər indiyədək tam şəkildə təqdimini tapmamışdır. Yeri gəlmiş, əsərin son redaksiyası lap yaxın zamanlarda tamamlandı.
— Aliyə xanım, madam ki, çoxhissəli, irihəcmli simfonik əsərlərinizə toxunduq, istərdim “Xəyal” simfoniyanız haqqda bir qədər geniş danışasız. Necə düşünürsüz, “Xəyal” hansı axtarış və ya düşüncələrin nəticəsi idi?
— İnstrumental musiqinin ən monumental janrı olan simfoniya klassisizmdə yaranmış və düşünürəm ki, bu günədək bəstəkar yaradıcılığında öz xüsusi yerini qoruyub saxlamışdır. Simfoniya mütəşəkkil quruluş, məntiqi sıralanma və ya ardıcıllığa əsaslanan hissələrin, bədii məzmunla, fərdi üslubla vəhdətindən yaranan mürəkkəb orqanizmdir.
Məhz simfonik janr müasir dövrədək ən çox yenilənən janrdır. Zənnimcə, Beethoven novatorluğu XIX əsrin bütövlükdə simfonik musiqinin inkişafında baş verəcək proseslərə başlanğıc olmuş, bu zaman ənənəvi model mahiyyətini itirməmişdir. Simfonik musiqinin bu anlamda ən parlaq janrı olan simfoniya bir növ səhnə əsərləri sırasında operanın prototipini yaratmış olur. Müasir dövrdə isə ənənəvi simfoniya daha geniş təfsirini əldə edib.
Məni uzun illər düşündürən məhz simfonik silsilənin bir növ akademik variantına nail olmaq idi. Müəyyən bir tərkibə belə musiqi yazıb simfoniya adlandırmaq, yaxud, bütöv bir hissəli əsəri də eyni adla təqdim etmək, bu, normaldır. Mən diplom işini yazanda müəllimim silsilənin “Orkestr üçün musiqi” adlandırmasını tövsiyə etdi. Məntiqi olaraq, bu həqiqətən də başa düşülən idi.
“Xəyal” simfoniyasına da gətirib çıxaran daxili tələbat da məhz bu, sadaladıqlarımdan doğmuşdu. Simfonik silsilə dramaturji mahiyyət daşımalı, geniş bədii obrazlar qarşıdurmasını yaratmalı və sonda məntiqi nəticəsini əldə etməlidir. Tarixi yaranışından daha çox məişət obrazlarını əks etdirsə də, zamanla daha geniş spektri əldə edir. Musiqi tarixinə simfonist bəstəkarlar kimi daxil olmuş sənətkarların yaradıcılığına nəzər salmaq kifayətdir.
Bu mənada, mənim üçün “Xəyal” – bir sıra fikir və düşüncələrin, gəldiyim nəticələrin üzvi əlaqəsi, gerçəklikdə yaratmaq istədiyim xəyalların musiqili obrazıdır.
— Sizə ilk uğur gətirən əsərləriniz haqqda danışmaq istərdim. Bu əsərlər necə meydana gəlmişdi?
İlk uğur gətirən əsərlər eyni zaman kəsiyinə aid “KOAN” və “Sükutla dialoq” “KOAN” 1993-cü ilin yayında, “Sükutla dialoq” isə 1994-cü ilin yayında yazılıb.
“KOAN” mənim seriya texnikasında yazdığım ilk pyesdir. Bas klarnet və gitara üçün nəzərdə tutulmuş bu əsər konkret olaraq indi mərhum ifaçılar – klarnetçi Nizami Zeynalov və gitaraçı Rövşən Məmmədov üçün yazılmışdı. Əsərə bu adı isə istedadlı pianoçu, yaxın dostum Samir Mirzəyev vermişdi.
Xatırlayıram ki, o vaxtki Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasında (indiki Bakı Musiqi Akademiyası) dərslər artıq bitmişdi. Artıq tətil olmasına baxmayaraq, konservatoriya açıq idi. Biz də tez-tez görüşür, müzakirələr edir, yeni-yeni əsərlərlə tanış olurduq. Nizami və Rövşən yazdığım yeni pyesin ifası üzərində çalışırdılar. Məşqlərin birində təsadüfdən Samir Mirzəyev də gəlib çıxdı. O, pyesi dinləyib dedi: “Bu ki “KOAN”dır!”… Vəssalam… Qeyd edim ki, “KOAN” – dzen buddizmdə müəllim-şagird münasibəti deməkdir. Sonralar bu pyes “SoNoR”un repertuarında uzun illər yer almışdır.
Təhsil aldığımız həmin dövrlərdə bizim dostluq əhatəmizdə rəssamlara xüsusi maraq, onların yaradıcılığına heyranlıqla yanaşma var idi. Məhz bu zamanda “Sükutla dialoq” əsəri yazılmışdı və ilk ifaçısı – Rövşən Məmmədov olmuşdu. Yadımdadır ki, o zaman 3-cü kursda oxuyurdum və konservatoriyanın böyük zalında Bəstəkarlıq kafedrasının hesabat konserti idi. Əslində mənim elə həmən tədris ilində yazdığım ilk Kvartetim səslənməli idi, lakin ifaçılarla “anlaşılmazlıq” yaşandı və onda situasiyanı Rövşən “xilas etdi”. Əsər konsertin son nömrəsi kimi ifa olunmuşdu.

Ardından “Sükutla dialoq”u isveçrəli gitara ifaçısı, “TaG” ansamblının solisti Christoph Jäggin ifa etdi, sonra, 1996-cı ildə bu əsər İsveçrənin TRE MEDİA nəşriyyatı tərəfindən nəşr olunmuşdu. Həmən illərdə TaG ansamblı İsveçrə, Rusiya və Bakıda musiqi festivalı keçirmişdi və festival da mənim əsərimin adı ilə “Sükutla dialoq” adlandırılmışdı. Əsərdə minimal yüksəklik imkanı ilə əldə olunan obraz, ifadə əksini tapır (3 hissəli əsər cəmi 6 eyni səsdən ibarətdir – a, h, c, d, e, fis).
— Söhbət əsnasında Simli Kvartetin adını hallandırdınız…
— Hə, növbəti uğuru mənə məhz 2 saylı Simli Kvartet gətirdi. Bu əsərlə bağlı izah edə bilməyəcəyim hisslər, emosiylar mövcud idi, sanki hiss edirdim ki, bu müəyyən zaman ardıcıllığının yekunu, hesabatıdır.
Kvartetdən sonra mənim özümü təəccübləndirən bir əsərim varsa da hələ səslənməyib… Baxmayaraq ki, 2004-də Vyananın “Reconsil Wien” ansamblının bədii rəhbəri və dirijoru Roland Freisitzer tərəfindən aldığım sifarişlə “Nurlu kədər” (Heitere Traurigkeit), ondan daha əvvəlsə “SoNoR” ansamblı üçün “Səslərin səyahəti” əsərləri meydana gəldi. Lakin Kvartet sanki ürəyimin bir parçasıdır.

“Nurlu kədər” isə bitirdikdə həqiqətən kədərləndiyim əsərimdir. Amma bu doğrudan da işıqlı hiss idi. Əsər yazılan ərəfədə xalq şairi Bəxtiyar Vahabzadənin məzmunca kədərin nurunu ifadə edən şeri məni valeh etmişdi. Şerdə müdrik qocanın həyatının qürub çağında bir çox xoşbətlikləri dadıb gəlmiş və ilham mənbəyini yenə də həzin kədərdə axtarması əks olunmuşdu. Beləcə əsər yarandı, “Nurlu kədər” ilk dəfə Vyanada, sonra isə Bakı və Kiyevdə ifa edildi.
90-cı illərdə adlarını çəkdiyim kamera əsərləri ilə yanaşı, diplom işi olan BSO üçün musiqi də vardı. Təəssüf ki, o dövrdə orkestr əsərlərinin ifası mümkünsüz idi. Müqaisə üçün deyim: bizim böyük müasirlərimizin, habelə, Qara Qarayev məktəbinin dönəmində diplom müdafiəsi canlı orkestr ifasıyla baş tuturdu. Həmçinin müasir dövrdə də bir sıra dövlət layihələri gənclərə dəstək çərçivəsində orkestr musiqisi ifaları reallaşır. 90-cı illərdə, müharibədən sonrakı dövrdə isə bu, mümkünsüz qədər çətin idi…
— Təbiət mövzusuna bəstəkarlar, rəssamlar çox müraciət edir, bəs siz? Sizcə oradakı nizam bilavasitə müxtəlif sahələrdən olan sənətkarların, o cümlədən, sizin də “əsərlərinizi” yaradır?
— Təbiətə müraciət etməyə gərək yoxdur, o, daxilimizdədir. İstəməzdim hansısa çeynənilmiş, təkrarlanan fikirlərin dəyişilmiş ifadəsini yazım, lakin: Təbiət, inancından və inancsızlığından asılı olmayaraq, hər kəsin həyat haqqında fikirlərini izah etmək üçün yönəldiyi başlıca subyektdi. Yəni hər bir hipotez də, nəzəriyyə də ondan başlayır. Uzatmayacağam..
Musiqi, elə bir təsir gücünə malikdir ki, onu yalnız təbiətlə müqaisə etmək olar: Məs., sən uca bir zirvədən seyr etdiyin təbii gözəlliyi hamılıqla qəbul edirsən, deyilmi? Bu, serial da, roman da deyil, bu mükəmməl yaranışdı, səndən və məndən asılı olmayaraq mövcud olan yaranış…
Musiqinin müstəsnalığını anlamaq üçün eyni duyğuları yaşayacaqsan, tamlığı ilə, ilk səslərdən duyacaqsan səni nə gözləyir, sən ona toxuna bilməyəcəksən, ətri, qoxusu da yoxdur, gözünlə də görmürsən. Lakin səni, uçurdur, isidir, həyəcanlandırır, vahiməyə salır, xoşbəxt edir, məyus edir.

— Qeyd etdiz ki, musiqini təkcə təbiətlə müqayisə etmək olar. O zaman təbiət səslərini musiqidə canlandırmağa çalışan müəlliflərə necə yanaşırsız?
— Tətbiqi. Təbiət səslərini musiqi alətlərində əks etdirməyə nail olmaq yüksək sənət nümunəsidir. Amma yenə də tətbiqi anlamdı, məncə, yenə də.
— Sizcə indi bəstəkarlar nə yazmalıdır, necə yazmalıdır? Yoxsa hər dövrdə aktual musiqi anlayışı artıq yoxdur?
— İndi aktual olan üslub göstəricisi, hansısa mexanizm, doqma yoxdur. İndi peşəkarlığın trend simbiozu baş verir, yəni illərlə əldə olunan peşəkarlıq sanki trend tətbiqini axtarır, dinləyici sayına görə yüksək reytinq əldə etmək niyyətini reallaşdırmağa çalışan sənət daha böyük aktuallıq əldə edir. Bəstəkara demək ki, necə yazmalıdır, bu ağılsızlıq olardı, hər kəs öz musiqisini yazır…
— Axı eyni zamanda akademik musiqi sanki dalana dirənib, necə deyərlər məhduddan da məhdud olub. Sizcə bu durum nə qədər davam edəcək?
— Məncə biz hal-hazırda akademik musiqidən yox, daha çox akademik hazırlılıqdan danışırıq. Bəstəkar yaşadığı dövrdən asılı olmayaraq, birinci başlıca mərhələni tam məsuliyyəti ilə və ən əsası — vicdanla keçməlidir. Bu, sözün əsl mənasında şəxsi keyfiyyət göstəricisi anlamına gəlir, yəni, klassisizm dövrü bəstəkarı öz sələfləri və müasirlərinin musiqi ənənəsinə nə dərəcədə bələd idisə, elmi bilikləri, bədii-ədəbi zövqü nəticəsində özünü ifadə etmək mədəniyyətinə yiyələnir, Musiqi — müəllifin özünü ifadəsinin təcəssümüdür. Впрочем, как и все искусство…
İndi isə bir anlıq düşünün, bu günün bəstəkarı nə yazmalıdır? Bu, sual olaraq mövcud deyil artıq. Amma bu günün bəstəkarı hansı hazırlıq səviyyəsində olmalıdır? Bax zənnimcə vacib olan budur.

— Necə düşünürsüz, bəstəkar özünü necə “korrektə” etməlidir? Bu daxili və əsərlərə süzülən vacib “təmizlənmə” necə aparılmalıdır? Yoxsa bu prosesi hansısa “qüvvə” idarə edir? Yəni sizi kim və nə korrektə edir? Bu bir insan da, hadisə də, hansısa güc də ola bilər…
— Dövrümüzün bəlkə də ən böyük nailiyyəti və ya uğursuzluğu hansısa “gücün” olmamasındadır, zaman o zaman deyil. Və bunun cavabını musiqi də axtarmaq lazım da deyil. O üzdən məhz başlıca şərtin akademik bilik və bacarıqların müasir nailiyyətlərlə vəhdətində olduğunu hesab edirəm. Bilirsiz, bu gün müasir insanı maraqlandıran elmi- texniki nailiyyətdir. Düşünmək ki, müasir dövrdə musiqi böyük bir kütləni arxasınca aparan qüvvədir, yanlışlıq olardı və belə bir şəraitdə incəsənətin ən zərif növü olan musiqidən “şedevr” gözləmək… asan iş deyil.
— Amma demədiniz sizi nə korrektə edir…?
— Korrektə sualınızın cavabı digər cavablarda gizlidir. Diqqətli oxucu həmən anlayacaq.. Müəllimimin bir sözü var, dərs prosesində deyib vaxtilə: «Проверяйте все горизонтали и вертикали» (bütün üfüqi və şaquli xəttləri yoxlayın)… Aydındır zənnimcə?
Bu hər zaman mövcuddur. Desəm ki, o sualın əsl cavabı vicdandır, bəlkə də mübaliğəli çıxacaq. O ki, qaldı prosesə, hansısa qüvvə vardır, heç şübhəsiz, və əsərin ilk dinləyicisi də müəllifidir. Bir hiss var, nə zaman ki, əsəri tamamlayırsan, onda qəribə bir kədər duyğusu yaşanır. Sanki ayrıldın nədənsə..
— Bu hətta hansısa əsərinizdən “razı qalmadıqda” da baş verir?
— Razı qalmadığım tamamlanmayıb. Sadəcə mənim üçün vicdan təkcə “mənəvi-tərbiyəvi əhəmiyyətli termin” deyil. O ki, qaldı meyar anlayışına, bu da daha geniş məna daşıyır mənə görə. Qısa izah: vaxtilə mövcud olan Qara Qarayev “yumruğu”. Bizi Qara Qarayevlə bağlayan tellər:
– onun yaradıcılıq irsi;
– qoyduğu məktəb;
Sıranı çox uzatmaq olar, bu heç kəsə yenilik deyil. Amma məhz bu iki vacib punkt meyar anlayışını daha dəqiq və geniş açıqlayır. Meyar — intibah dövrü sənətinin qanunlarına əsasən tarixdə qalan sənət nümunələridir, meyar — klassisizm, romantizm və s. ənənəsini mükəmməl tərzdə əks etdirən müstəsna əsərlərdir. Bu ardıcıllıqla davam etsək, təsəvvür edə bilərsiniz hansı zamanda ardıcıllıq qırılacaq?
— Aliyə xanım, qeyd etdiz ki, Qarayev ismi bizə meyarı izah edir. Bəs keçən əsrin 60-70-ci illər nəslinin “meyar”ını kim müəyyənləşdirir sizcə?

— Qarayev məktəbi zamanı üçün mövcud şəraiti qoruyub saxlamaq gücünü itirdi təəssüf ki… Bu gücün itirilməsi də meyarların itməsinə gətirib çıxardı.
Aqşin Əlizadə və Fərəc Qarayev. Düşünürəm məhz bu iki fiqur davamlı inkişafın başlanğıcında duran simalardır.
Onlar yaradıcılığı və fəaliyyətilə, nəinki müasirlərinin, həmçinin yetişməkdə olan nəslin inkişafına, formalaşmasına böyük təsir göstərmişlər. Eyni zamanda yaradıcılığı ilə heyrətləndirən, fərdiliyi ilə seçilən bəstəkarlardan biri də mənim üçün Fərhəng Hüseynovdur.
Bəstəkarlıq ixtisasına qəbul olduqda artıq hər bir tələbə kimin sinfində oxuyacağı qərarını da vermiş olur. Mənim arzum məhz Fərəc müəllimin şagirdi olmaq idi. Şübhəsiz bu istək intuitiv, eyni zamanda düşünülmüş olsa da, əsas meyarı məhz Fərəc Qarayev yaradıcılığına sonsuz maraq, onun pedaqoji üslubuna uyğunluq idi.
Şərq fəlsəfəsində belə bir anlayış mövcud olub: müəllimin yanına hazır gəl ki, öyrənəsən…burada aşkar-gizli həqiqət var. Məni müəllimimdə cəlb edən ən başlıca cəhət, ənənəvi forma və quruluşların, sistemlərin aşılanaraq, bazis yaratması idi. Yalnız mükəmməl strukturda müstəqil əsərlər yaratmaq olar. Bax, müəllimimin də başlıca prinsipi zənnimcə məhz bu idi.

— Sizinlə bir dövrdə, professional sənətə addımlamış, bəziləri ilə sıx dostluq münasibətiniz olan həmkarlarınız haqqda danışmaq istərdim. Sizin formalaşma və sənətə atılma dövrünüz ölkəmiz üçün çox ağır və mürəkkəb zaman kəsiyinə təsadüf etmişdi. Necə düşünürsüz, bu zaman kəsiyi sizi “yaratdı” yoxsa? Daha fərqli profildə bəstəkarlar ola bilərdiz?
— Belə düşünmürəm. Zənnimcə yaxın dalğalar bir sularda birləşir… Ən sıx zaman kəsiyində belə zamana və hadisələrə müxtəlif baxışlar və yanaşmalar mövcuddur. Bu baxışların, duyğuların gerçəkliyi qəbul etməyin yaxınlığı, oxşarlığı, sələflərə ehtiramın uyğunluğu və s. Məbadə bu intellektə bağlı deyil. Bir qədər uzaqlaşdım sualdan. Amma gəlib çıxacağam sualın cavabına.
Bir paralel gətirmək istərdim, zatən yeni fikir də deyil, lakin razılaşdığım fikirdir: Fransız burjua inqilabının nəticəsi romantizmin yaranmasına səbəb olan hadisələrdən başlıcası idi, düşüncəsi ilə razılaşmamaq mümkün deyil. Bu, bilavasitə bədii yanaşma anlamına gətirib çıxarır. Paralel olaraq, tədricən forma və janrların yeni təkamül prosesinə təkan verilir.
90-cı illərdə ölkəmizdə baş verən hadisələr bir növ oxşar bədiilik ifadəsi yaradır, yəni formalaşmaqda olan nəslin qarşısında olduqca çətin gerçəkliklər qoyur. Belə bir ağır dönəmdə təhsil, təlimdə fərdi yanaşma önə keçir, fikir, düşüncə həmrəyliyi olan insanlar bir araya gəlir. Bu baxımdan “SoNoR” bizi birləşdirən mühüm amil kimi qeyd olunmaya bilməz.
“SoNoR” müasirlərinin ümumi hiss və duyğularını, həyəcan və sevincini, özünüifadəsini təmsil edən, dövrünün ağrılı şirinli hekayətlərini səslərin sehri ilə təcəssüm etdirən obrazların simvolu idi. Əsasını möhtəşəm üçlük təşkil edən kollektivin ətrafında toplaşan musiqiçilər mütləq şəkildə ya özləri üçün azından nəsə yeni bir aləm kəşf etmiş, bu aləmdə qidalanmır olur, ya da öz təhtəlşüurunda dolaşan ən ağılasığmaz belə olan suallarını gerçəkləşdirməli olurdular.

Sənətə birgə addımladığımız həmkarlara gəldikdə isə Elmir Mirzəyev kimi müstəsna fiquru, həm də yaxın dostumu qeyd etmək istərdim. Onun musiqisinin fərdiliyi fəlsəfi düşüncələrinin, gerçəkliyin tarixi keçmişlə inikasının uzlaşmasındadır. Sanki özünü ifadə üçün mifoloji obraz yaradır, xülyalar qurur, musiqisinin səsləri bu məkanın təsvirini canlandırmağa çaışır və bu anda zaman məfhumu öz çərçivəsini itirmiş olur. Belə bir “zaman mücərrədliyi” sanki gah fəzada dolaşan kabusun, gah da mələyin obrazını canlandırır. Nəticədə onun musiqisinin hansısa mənada subyekti daxili aləmin mücərrəd aləmlə gizli təmasının simvolunu yaratmış olur.
Mən həmçinin həmkarım və müasirim, yaradıcılığına dərin rəğbət bəslədiyim bəstəkar Əli Əlizadəni xatırlamaq istərdim. Həmin dövrdə onun “Tənha çinar ağacının ağısı” (solo fleyta və maqnit lenti üçün, 1988) əsəri məni çox heyrətləndirmiş və marağıma səbəb olmuşdu. Bu əsəri bəstəkar təfəkkürünün təbiətlə özünəməxsus sintezi kimi diqqətəlayiq tapıntı hesab edirəm.
— Aliyə xanım, bayaq bir cavabınız diqqətimi cəlb etdi. Qeyd etdiz ki, hər kəs öz musiqisini yazır. Bu fikri aça bilərdiniz mi?
— İnsanın daxilində sistem olmalıdır və bu sanki suya bənzəyir. Su axır və o müəyyən bir qabın formasını alır. Qab nə qədər incə işlənibsə, nə dərəcədə fərqlidirsə, su da həmin quruluşu alacaq. Sənət incisi də belə yaranır. Onun sahibinin zəkası qaba bənzəyir. Unikallıq da buradadır.. Sanki çeşmədir və hər kəs öz qabı ilə yaxınlaşıb doldurur.
— Son illər istər Qərbdə yaradıcılıqda gender faktoru çox vacib bir faktora çevrilib, qadın-bəstəkarlar üçün xüsusi fondlar təqaüdlər ayırır, yalnız qadın-bəstəkarların iştirak edəcəyi müsabiqələr, konsertlər təşkil olunur, eyni proseslər ədəbiyyatda və digər sənət sahələrində baş verir. Sizcə bu həqiqətən vacibdirmi və bizdə də tətbiq edilməlidirmi?
— Zənnimcə düşünmək ki, əgər bu Qərb ənənəsi olaraq tətbiq olunursa bizdə də tətbiqini tapması vacibdir..? Mən belə düşünmürəm. Yaradıcılığın cinsi yoxdur və onu ayırmaq, daha da qabarıq şəkil vermək kökündə əsas məqsədə ziddir. Əksinə itməkdə olan janrları qoruyub saxlamaq, monumental əsərlərin meydana çıxmasına şərait yaratmaq, kreativ düşüncə tətbiqini əldə edən əsərlərin meydana gəlməsinə səbəb olacaq fəaliyyət sahələrini genişləndirmək daha vacib və gərəkli ola bilər.
Digər tərəfdən keçirilən bu müsabiqələr, məqsədyönlü tədbir və layihələrin arxasında qadının cəmiyyətdə rolu, özünü ifadənin heç də asan başa gəlməməsi kimi səbəbləri var, ilk əvvəl bu bəlkə də nəzərə çarpmır, lakin zaman keçdikcə, qayğılar, məsuliyyət ön plana keçir, çünki qadın ilk növbədə anadır, bu isə şərəfli olduğu qədər də məsuliyyətli və çətindir. Özün də hiss etmədən, ən böyük komfort və cavabdehlik gətirən peşəndən aralanmalı olursan, amma daima fikrin, xəyalların haradasa dolaşır və düşünürsən ki, mən yazmalıyam, yazmalıyam.. belə düşüncələr bəzən rahatlıq vermir… Bəlkə bu nöqteyi nəzərdən keçirilən hansısa layihələrin əhəmiyyəti ola bilər.

—Bildiyimə görə bir neçə dəfə Türkiyədə işləmək təklifləri almısız? Nədən qəbul etmədiniz?
— Bəli, olub təkliflər. İlk təklif 2012-ci ildə Dəclə Universitetindən gəlmişdi. Daha sonra Giresun Universiteti, sonuncu dəfə İstanbul Texniki Universitetinin Dövlət Konservatuarından təklif aldım. İlk ikisindən həmən imtina etmişdim. Sonuncu, daha inadkar təklif idi, o üzdən orada mühazirə apardım 2017-ci ildə, amma yenə də, tərəddüd etdim. Başlıca səbəb? Ümumiyyətlə köklü dəyişiklik etməyə çətin adamam, açığı deyim. Və ən böyük komfortum övladlarımın yanında olmaqdı.
—2012-2019-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqında katib olmusunuz. Bu haqda nəsə demək istərdiniz?
—Əlbəttə, bu təyinatı məmnuniyyətlə aldım və düşünürəm ki, o illər ərzində şərəflə öz işimi həyata keçirdim. Bir çox ideya və layihələrimi reallaşdırdım, yeni gənc ifaçıların, gənc bəstəkarların adlarının tanınmasında zəhmətim varsa, özümü xoşbəxt hiss edərəm, şübhəsiz ki, onları ilk əvvəl tələbələrim kimi tanıyıb , ittifaqa yönəltmişəm. Eyni zamanda orada böyük həyat məktəbi keçdim…
—Özünüzü həyatda kimlərə borclu hiss edirsiz?
—Valideynlərimə və müəllimlərinə. Atam peşəkar enerji mühəndisidir, anam isə kimya müəllimi. Eyni zamanda atam çox istedadlı şəxsdir, gözəl tar ifaçısı, onlarla mahnı müəllifidir. Məhz onun sayəsində muğamları, xalq musiqisini mənimsəmiş, uşaqlıqdan bir sıra görkəmli insanları görmüş və dinləmişəm. Təsəvvür edirsiz, Şövkət xanıma pianoda müşayət etmişəm. Gülağa Məmmədovun, Elxan Əhədzadənin ifalarının evimizdə canlı duymuşam. Atam 80-ci illərdə İsmayıl müəllimlə yaxından tanış idi və onunla tez-tez görüşürdü. Sonralar, artıq tələbə ikən İsmayıl Hacıbəyov mənim ən sevimli müəllimlərimdən biri idi. Polifoniyanın mükəmməl bilicisi olmaqla yanaşı, müstəsna şəxsiyyət, yüksək mədəni insan idi.

Habelə, sevimli müəllimlərimdən Afaq xanım Cəfərovanın zəhmətini, yüksək insanlığını, fədakarlığını həyatım boyu unuda bilmərəm. Məhz onun sayəsində 2-ci kursda yazdığım klarnet və fortepiano üçün Sonatanın səs yazısı reallaşmışdı. Əsərin ilk və yeganə ifaçıları istedadlı musiqiçilər Nizami Zeynalov və Samir Mirzəyev idi.
— Son illərdə yazdığınız əsərlərlə bağlı hansısa xatirələri bölüşmək istərdiniz? Aliyə xanım, istərdim ən son yaradıcılıq yeniliklərinizdən oxucuları xəbərdar edəsiniz.
— Yaddaqalan xatirələr çoxdur.. Məs., əvvəl solo violin üçün nəzərdə tutulmuş, sonra isə violin və piano üçün işlədiyim “Şövq” əsəri haqqda qeyd etmək istərdim… Bu pyes sevimli şagirdim, çox istedadlı ifaçı Elgün Ağazadə üçün yazılıb və ona həsr olunub. Əsəri Elgünün Köln konservatoriyasına qəbul olunması münasibətilə ona həsr etmişdim. Sonra bu əsəri violin və piano üçün işlədim və 2019-cü ildə Vyanada keçirilən festivalda Elgün Ağazadə və Samir Mirzəyev tərəfindən ifa olunmuşdu.
Doğrusu, hazırda məni cəlb edən böyük simfonik orkestrdir. Bu, cazibədən çox, sanki daxili ehtiyacdan doğur. Zənnimcə bunun başlıca səbəbi ifa məsələsidir. Elə hiss edirəm ki, sanki dinləsəm nəsə bir açılış hiss edəcəm daxilimdə və bunun intizarındayam.. Əlbəttə, ideyalar, arzular çoxdur, amma reallaşdırmaq? Bax, hünər bundadır. Qeyd etmək istərdim ki, digər bir partitura Böyük Qələbəmizə həsr olunub… Bu il igid əsgərlərimiz bizə olduqca misilsiz bir hədiyyə etdilər. Həmən böyük hörmət bəslədiyim həmkarlarım Gülağa Zeynalov və Nizami Zeynalov kimi istedadlı və əvəzsiz ifaçıları xatırladım.. Şuşada böyüyüb boya başa çatan bu insanların ruhları bu gün şaddır. Onların əziz xatirələri daima yaddaşımızda yaşayacaq. Kaş ki, onlar da bu günlərin şahidi olardılar.
Səbrsizliklə aktiv yaradıcı həyatımızın bərpa olunmasını gözləyirəm.
Söhbətləşdi: Günay Məhyəddinli (musiqişünas)